Xatirə tufanı qopmayan yerdə...
Çingiz Əlioğlunun
şeirləri üzərinə
"Xatirə tufanı oyatmayaq heç..."
Bu, görkəmli şair
Çingiz Əlioğlunun
34 yaşının yaşantısıdır. İndi 2021-ci ildir. Çingiz müəllim mübarək
qoşa rəqəmin,
yəni 77-nin içindədir.
Həmin
misranın yazıldığı
vaxtdan 43 illik vaxt, zaman məsafəsi
ayırır bizi.
Əslində, "Xatirə tufanı oyatmayaq heç" yaşantısı onun ötüb-keçənlərə qarşı loyal davranışının
şəkillənməsi yox,
bütün halıyla,
ağrı-acısı, təəssüfü,
nisgili, üsyankarlığı
ilə bir arada "altında közüm var, külümə dəymə"
harayının ifadəsiydi. "Açma sən pərdəni, hər pərdədə var yüz əsrar" xəbərdarlığıydı.
Yazıldığı vaxtdan 43 il keçib.
Və ən maraqlı cəhət odur ki, bu unudulmaz
misra indi oxucu düşüncəsində
daha çox xatirə tufanı oyatmağa, xatirə tufanı qoparmağa çəkilən kibrit çöpü effekti doğurur. O səbəbdən
ki, çağdaş
həyatımızın daha
çox yaddaşlarda
xatirə tufanları oyatmağa ehtiyacı var. Ruhu diksindirən, qəlbi titrədən, adamı özünə qaytara bilən xatirə tufanı acıyıq indi; hər cür biganəlikdən, unutqanlıqdan
qurtulmaq naminə...
Qəribə təzaddı ki, əli "Xatirə tufanı oyatmayaq heç" yazan Çingiz Əlioğlunun
qəlbi, ruhu, yaddaşı bütün
ömrü boyu boynu bükük olub xatirələrə. Bir əli
"Xatirə tufanı
oyatmayaq heç" yazan şairin o biri əli (deməli, qəlbi, ruhu, yaddaşı) elə həmin illərdə "Yığış,
qonaq gedək yağan yağışa"
istəyinin rəsmini
çəkirdi. Əslində, o yağış elə o xatirə tufanının bəlli ünvanıydı.
O yer idi. Şair daha çox o yerdə yaşayırdı.
Orda,
"Yaşıl orman
arası, yaşıl
kənddən aşağı,
hamının unutduğu"
bir nəğmə yaşanan yerdə. O
yerdə ki:
Kimdisə o nəğməni
Oxuyub getmişdi, bax, -
Ya dünən axşam çağı,
Ya da bir əsr
qabaq...
Çingizin bütün yaradıcılığında,
əslində, o gözəl
nəğməni haçansa,
bir vaxt oxuyub, sonra da
qeyb olmuş bir gənc adamın
ağrısı ürpərir...
Onun
"Xatirə tufanı
oyatmayaq heç" düşüncəsi heç
vəchlə unutqanlığa
götürmür adamı.
Daha çox o təəssüfü, ağrını
yaşadır ki:
"Unuda-unuda gəlmişik...
Ərənlərin daş qoyduğu
ilk yurdu, O yerin ilkin adını, ibtidasını, Ucalıq
sözünün ilk mənasını
unuda-unuda gəlmişik.
Unutmadığımız çox
az şey
qalıb. Köhnə nağıllartək, əfsanələrtək, Sirli,
möcüzəli hadisələrtək
atalar-analar unudulurlar".
Təkcə adlarıdı yaddaşda
qalan,
Unuda-unuda
gedirik nə var...
Unutmadığımız
Çox
az şey
qalıb -
İşimiz-gücümüz, çörəyin
adı,
Körpə təbəssümü, öpüşün dadı
Və bəzi
bu kimi bir
sıra şeylər.
Torpağın rəngini, suyun
rəngini,
Ağacın, böcəyin daşın
rəngini,
Kirpiyin rəngini, qaşın rəngini
Unuda-unuda
gedirik elə...
Uzaqlaşdıqca yaxın olmağımızın
gərəkliyini yaddaşa
yansıdan vacib fikir axınlarıdı bu deyilənlər. Uzaqlaşdıqca yaxın olmağımızın
vacibliyini anladan "Ataş kişi, a tufaqın dağılsın,
Bu dağları yetim qoyub getmə sən!" - vəfadarlığına yol
burdan başlayır, iz burdan keçir.
Bu yerdən yaddaşın
hücrələrinə "köz düşür, közərir köhnə
yaralar":
Unuda bilmirəm... sevə bilmirəm...
Sənsiz darıxıram.
Sənlə tənhayam.
Belə
anlaşılmaz,
Belə
barışmaz
Tənhalıq içində qalıbdır
yaxam.
...Unuda bilmirəm... sevə bilmirəm...
Ağlaya
bilmirəm,
Gülə bilmirəm.
Bu sənli dünyada,
Neyləyim, sənsiz
Yaşaya
bilmirəm, ölə
bilmirəm...
Çingiz Əlioğlu poeziyamıza
irrasional və rasional düşüncə,
yeni baxış tərzinin poetik ifadələrini gətirən,
bu texnologiyanın sintezini özünəməxsus
ustalıqla tətbiq edə bilən ilklərdəndir. O, çağdaş
ədəbi həyatımızda
sürrealizm, abstraksionizm,
avanqardizm, modern və
başqa fikir axını müxtəlifliyinin
nəfəsini dərindən
hiss edən nadir şairlərimizdəndi.
Alliterasiya, istiarə, bədii
təzad, epifora, litota kimi nəzəri
anlayışlardan sıx
istifadə etməsi Ç.Əlioğlu üslubunun
özünəməxsus mənzərəsini
şəkilləyən başlıca
məziyyətlərdi. Bunun belə olmasını bilmək üçün
onun "Qobustan ritmləri" poeması daxil olmaqla, çoxsaylı şeirlərinin
saya-hesaba gəlməz
misralarına göz yetirməlisən. Eyni zamanda
bilməlisən ki, Çingiz Əlioğlu çağdaş dünya
poeziyasına, fərqli
ədəbi-bədii fikir
axınlarının nədənliyinə,
fərqli üslub və texnologiyalara yaxından bələd olan, bu barədə
mötəbər fikir
yürüdə bilən
seçilmişlərdəndir. Bu sahədə onun ancaq ardıcılları ola bilər.
Görkəmli türkoloq alim,
akademik Tofiq Hacıyevin qeyd etdiyi kimi, "Çingiz öz şeirlərinin səs dalğalarında oxucusunu bugünün orbitindən
çıxarıb, türkün
qoç doğduğu
dövrə apara bilən" söz adamıdı. "Çingizin yenilikçiliyi
ancaq itonasiyada, forma və bəzi yekcinsliyindən uzaq olmasında deyil, onun yeniliyi şeir
deyilən yaradıcılığın
müxtəlif tərkib
hissələrində görünür.
Bu iş söz və ifadə sistemini də, hətta adicə qafiyə quruculuğunu da ifadə edir"...
Görkəmli alimin bu dəqiq müşahidələrini
professor Nizaməddin Şəmsizadənin
fikirləri izləyir
ki: "Çingiz Əlioğlu ekstravaqant şairdir. O, poeziyada eksperiment aparmağı və eksperimentdən vaxtından ayrılmağı
da bacarır... Çingiz ən yaxın sələfi Ə.Kərim kimi poeziyaya ağılla yüksəlmiş sözün
poetik gözəlliyini
gətirdi... Çingizin
şeirlərində məğlub
edilmiş milli yaddaşın tragik harayı var...".
Və Çingiz
Əlioğlu bu tragik harayın hər bir qapalı
hücrəsinə məhz
xatirə gözlüklərindən,
nəfəsciklərindən nəzər yetirir, onu eşidir.
Elə filmlər
var ki, sən
ona ömrün-günün
ən fərqli məqamlarında dönüb-dönüb
yenidən baxırsan. Kadrları sonsuz
maraqla izləyirsən.
Və yalnız ən son kadrda başa düşürsən, anlayırsan
ki, bu, sənin
öncələrdən dönə-dönə
izlədiyin köhnə
bir filmmiş.
Çingizin şeirləri məhz o filmlər kimidir. Hər dəfə
yeni bir ovqatıyla çəkir diqqətini. Sənə yeni,
təptəzə bir ömür yaşadır.
İllər öncənin tanışlığı
üzə çıxana
qədər fərq edirsən ki, yepyeni, gözlənilməz
duyğularla, səs çalarları, üslub
bənzərsizliyilə süslənmiş
bir şeir oxuyursan. Onun şeirləri hər
dəfə təptəzə,
yeni ovqatıyla açılan səhər
kimidir. Və bu yeni səhər izləyicilərini
daha çox xatirə, yaddaş tufanı oyatmağa götürür. Ötənlərə
vəfalı bir şair kimi, onun şeirləri özünün iç dünyasında bütün
keçdiyi yerlərə
pünhan şəkildə
götürdüyü Çingizləri
bir-bir göz önünə gətirir.
Bu qərib, bir-birindən
ayrı düşmüş,
dünyanın fərqli
guşələrinə səpələnmiş,
bir-birindən xəbərsiz
Çingizləri bir araya gətirməyə cəhd edir. Bu Çingizlərsiz yaşamaq adama ağır gəlir.
Bu Çingizlərin haqqını, yerini, varlığını heç
cür, heç vəchlə unutmaq istəmirsən. Milyon etmək,
min eləmək, yer üzünə səpələmək,
çoxaltmaq istəyi
keçir könlündən.
Bilirsən ki, bu Çingizlərin oyadacağı xatirə tufanlarında həyat, mübarizə, yaxşılıq
və istedad aydınlığı var...
Unudulmaz
"Köhnə daxmaların
tirləri kimi bir azca köntöydü
xasiyyətimiz " misralarını xatırlayıram.
"Kənd uşaqları"nın
özünəməxsus xarakterini
belə təqdim edirdi Ç.Əlioğlu...
Ancaq mən tanışlığımızın
ilk anlarından yönü
bəri Çingiz Əlioğluda belə bir "köntöylük"
görmədim. Ağayana, aristokrat
görkəmi və davranışı, bu gözəlim dünyada məhz ona məxsus
olan ifadəyəgəlməz
təbəssümü, şair-sənətkar
ədası, qayğıkeşliyilə
əziz oldu ətrafına. Ən böyük
mənaları səslər
arasında aradı.
Ən gözəl mətləbləri
səssizliyin dililə
anlatdı. Sözsüz şeirlərin dilini bildi. Yəni həmişə şeirin,
sənətin yanında
oldu... Heç unutmuram, ədəbi
tədbirlərin birində
tanınmış bir
şairin davranışından
çox rəncidə
oldu. Sıxıldı. Fasilə zamanı
mən ona həmin şairin şeirlərini oxudum.
Nadir itiyini tapıbmış
kimi sevindi. "Sərvaz, topla
o şeirləri, gətir,
kitab halında özüm çap etdirəcəm. Seçimi
sənə tapşırıram"
- dedi. Bir anın içində unutdu sıxıntısını...
Sonra o, Balakən rayonu ərazisinin ən hündür guşəsində salınmış
parka aparan bütün
pilləkənləri dayanmadan
öz ağayana addımlarıyla sonacan qalxdı, qalxdı...
Ömrü boyu axına, üzü küləyə
qarşı gedə bilən qalib bir sənətkarın yerişi, qalxınışıydı
bu! Qürurla baxırdım və ürəyimdən doğma
duyğular keçirdi:
"Dayan, bu an necəsənsə!".
Sərvaz HÜSEYNOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 15.