Varislər
Nəsrimizin
anası... Ya da “Yad et məni”
Nəsrimizin
unudulmaz anası
1921-ci ilin
qışında Bakıda anadan olmuşdu. Orta təhsilini paytaxtda başa vurduqdan sonra teatr
texnikumunda, daha sonra ikiillik müəllimlik kursunda oxumuş,
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini
ekstern bitirmişdi.
Onun həyatı kitabların, tarixi sənədlərin,
elmi əsərlərin vərəqləri arasında
ötüşür, dincliyini, rahatlığını
doğma yazı masası arxasına keçib qara üzlü
çap makinası ilə baş-başa qalanda, hisslərini,
düşüncələrini bozumtul kağızlara
köçürəndə tapırdı. Bir də tələbələri
vardı... Hər birinə doğma ana kimi
qayğı göstərdiyi, ədəbiyyatı sevdirə
bildiyi tələbələri.
Bu gün qələmə aldığı gözəl
tarixi romanları, bir-birindən maraqlı bədii nəsr
nümunələri ilə yaddaşlarımızda
özünə əbədiyyət taxtı qurmuş mehriban
insandan, Xalq yazıçısı Əzizə xanım Cəfərzadədən
danışacağıq.
- Turan bəy,
Əzizə xanım uzun illər ədəbiyyatımızda
ana missiyasını öz üzərinə götürə
bildi və təəssüf ki, bu gün onun qədər
çəkili, intellektual yazar qadınımız yoxdur. Bu gün onun şəxsi əşyaları ilə
qarşı-qarşıya olduğum vaxtlarda qəribə hisslər
yaşadım, mənə elə gəlir, bu anlarda ruhu da
yanımızdadır. Əzizə xanımın
uşaqlığı, gəncliyi çətin dövrlərə
təsadüf etmişdi...
- Bəzi
sənədlərdə onun Şamaxıda anadan olduğu
yazılıb, amma Bakıda anadan olmuşdu, ola
bilər doğum sənədini kimsə almağa gedib və
yanlışlıq elə orada baş verib. Onun anası 1902-ci
il Şamaxı zəlzələsində
17 günün uşağı olub və elə o zəlzələdən
sonra Bakıya köçüblər. Özü
də, qardaşları da burada anadan olublar. 5-6 yaşına qədər Bakıda yaşayıb
və əsasən, anası ilə nənəsinin himayəsində
böyüyüb.
Türklər
gəlir
1918-ci ildə 26 Bakı
komissarları paytaxtda türk ordusuna qarşı
döyüşmək üçün səfərbərlik
elan ediblər, atası Məmməd kişi bu səfərbərlikdən
imtina edib və Şamaxıya - Udulu kəndinə
qayıdıb, nənəmiz onunla getməyib, bir müddətdən
sonra kənddə yenidən ailə qurub. 1926-cı ildə gəlib
Bakıda ailəsi ilə görüşüb, bu ölkədə
qalıb yaşaya bilmədiyini deyib, sonra
xanımlarının ikisini də, bacı dediyi
qayınanası Rübabə xanımı və 5
yaşlı Əzizə xanımı da götürüb,
bacısı Şərəfnisənin yanına, İranın
Məşhəd şəhərinə gedib. Bacısı
1918-ci il Bakıda erməni-müsəlman
davasından sonra Məşhədə
köçmüşdü. Əzizə ana
İran həyatını gözəl bilirdi. 1928-ci ildə təzədən Bakıya
qayıtmışdılar və burada orta məktəbə
getmişdi. 1990-cı ildə yenidən
İrana gedəndə artıq qohumların əksəriyyəti
dünyasını dəyişmiş, ya da müxtəlif
ölkələrə mühacirət etmişdilər, nisbətən
sonra dünyaya gələnlərlə, bəzi qohumlarla
görüşə bilmişdi.
- Əzizə xanım ədəbiyyata
"Əzrayıl"la gəlib. 1937-ci ildə
"Ədəbiyyat və incəsənət" qəzetində
çap olunan bu hekayə birmənalı qarşılanmayıb,
deyirdilər, guya Əzrayıl Stalin imiş.
"Əzrayıl"dan
sonra
- Təəssüf
ki, "Ədəbiyyat və incəsənət" qəzetinin
həmin sayını tapa bilmədik, amma o dövrdə
haqqında yazılanları tapdıq. Hekayənin
iki əlyazması Əzizə ananın şəxsi arxivində
qorunur. Sadəcə, redaktə fərqləri
var. Əzizə ananın əsərlərinin
külliyyatını çapa hazırlayanda həmin hekayəni
8-ci cildə daxil eləmişəm. Külliyyata
onun 109 hekayəsi daxil edilib. Bu hekayələrin
bir qismi onun heç bir kitabında yoxdur, çünki 1948-ci
ildə çap olunan kitabı
yığışdırılaraq məhv edilmişdi və həmin
hadisədən sonra Əzizə ananın çap
olunmasında böyük fasilə yaranmışdı. Yəqin, çap qadağası və təqiblər
müəyyən qovluqların kəndə gedib
çıxmasına səbəb olmuşdu, Azərbaycan
Dövlət Televiziyası anam haqqında film çəkəndə
qardaşı oğlu Aydın Cəfərzadə bizə onun
kənddəki qovluqlarını təqdim etdi və xeyli
çap olunmayan yazısı üzə çıxdı.
"Əzrayıl"ın bir nüsxəsi də
orada idi, üstəlik, çap olunmayan bir-neçə
povestini də o qovluqlarda tapdım. Onların
çap olunmamasının bir səbəbi də 1948-ci ildən
sonrakı dövrdə elmi işlə məşğul
olması, namizədlik dissertasiyası üzərində
işləməsi olmuşdu.
1953-cü ildə özündən 8 yaş kiçik
qardaşı Əhməd Stalin əleyhinə şeirlər
yazdığı üçün həbs olunub Sibirə
sürgünə göndərilmişdi. Əzizə
ana deyirdi ki, Məmməd qardaşım məndən 5 yaş
kiçik olsa da, onu atam kimi təsəvvür eləyirəm,
amma Əhmədi övladım kimi. Əhməd
böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin
cəza çəkdiyi düşərgədə - Nijniy
Novqorodun Suxobezvodnıy düşərgəsində cəza
çəkib.
Çəmənzəminlinin
son günləri
Əhməd Cəfərzadənin çox maraqlı bir
xatirəsi var. Ayda bir dəfə onları nəzarətçinin
yanına məktub yazmağa aparırdılar. Növbəti
dəfə nəzarətçi rus qadın onun kimi cavan
birinin nə səbəbdən sürgün olduğunu xəbər
alır, o da siyasi şeirlər yazdığına görə
deyir. Haralı olduğuyla maraqlanıb,
bakılı olduğunu biləndə deyib ki, yəqin, Vəzirovu
da tanıyırsan. Axı orda hamı sənədlə
tanınırdı. Məlum olub ki,
söhbət Yusif Vəzirdən gedir. Nəzarətçi
qadın Yusif Vəzirin həyatının son günlərini
Əhməd dayıya danışır. Demə,
bu qadının əri də həmin həbsxanada işləyirmiş,
birdən fransız dili öyrənmək fikrinə
düşüb və müəllim kimi Yusif Vəzirdən
yaxşı namizəd tapılmayıb, çünki hamı
onun altı dildə sərbəst yazıb-oxuya bildiyindən
danışırmış. Bu, həm də
Yusif Vəzirin ağır düşərgə işlərindən
qurtulması olur. Onu ailəyə məişət
işlərində köməkçi kimi yazdırıblar və
Yusif Vəzir nəzarətçinin ərinə fransız
dili dərsləri keçib. Qadın deyib
ki, yazıçı bir neçə qovluqluq əlyazmasını
da onlara saxlamaq üçün verib, həmin əlyazmaları
bir müddət qoruyub saxlayıblar, amma bayırdakı anbarda
qaldığı üçün kağızlar müəyyən
qədər korlanıb, həm də qorxduqları
üçün onları yandırıblar. Qadın, hətta
Çəmənzəminlinin məzarının yerini də
ona nişan veribmiş. Amma
sonradan çayda suyun səviyyəsi artdığına
görə başqa qəbirlərlə bərabər onun da məzarı
su altında qalıb.
"Əli
və Nino"
Çəmənzəminlinindir
Söhbət Yusif Vəzirdən
düşmüşkən, ana o vaxt "Əli və
Nino"nu oxuyan kimi əminliklə müəllifinin Yusif Vəzir
olduğunu dedi. Betti Bleyer Yusif Vəzirin
maraqlı tədqiqatçılarından biridir və o, məşhur
"Əli və Nino"nun müəllifinin Çəmənzəminli
olduğunu sübut etməyə çalışır və
bu yöndə çox böyük işlər görüb.
Betti Bleyer anamla söhbətlərində Əhməd
dayımla da maraqlandı. Mən ona 1947-1948-ci
illərin "Ədəbiyyat və incəsənət" qəzetlərini
verdim, həmin qəzetləri diqqətlə təqdid etməyə
başladı və bu əməkdaşlıqdan maraqlı
işlər ərsəyə gəldi. Anamın
ingilis dilində "Yandırdığım kitablar"
adlı maraqlı məqaləsi çap olundu. Orada qeyd edirdi ki, sovet quruluşunun ilk dövrlərində
hökuməti təmsil edən adamlar həyətlərə
girib evdəki kitabları tələb edirdilər. Kimin evində nə qədər qiymətli tarixi,
astronomiya, tibb və başqa kitablar vardısa
hamısını yığıb məhv edirdilər. Əlbəttə, bu, bizim minillik tariximizi məhv etmək
üçün nəzərdə tutulmuşdu və sovet
hakimiyyəti bu coğrafiyada hər şeyin rus tarixi ilə
başlandığını təbliğ edirdi.
"Yandırdığım
kitablar"
Əhməd Cəfərzadə sürgündən gələndə
özüylə xeyli yazı gətirib - həm xatirələr,
gündəliklər, həm də topladığı folklor
nümunələrini. Dustaqların qoşduğu
bayatıları yığıb. Dəftərində
bayatını deyən dustaq haqqında bəzi şəxsi məlumatları
da qeyd edib.
"Uzaq
ölkə Sibirdi,
Orda olmaq səbirdi.
Gedən
çox, qayıdan yox,
Yoxsa ora qəbirdi?".
Bu bayatılar ingiliscəyə
də tərcümə olundu, çap edildi, sonra mən onun
öz kitabını hazırladım, bu bayatıları oraya
da daxil elədim. Kitaba onun həbs edilərkən
müsadirə olunan şeirlərini də saldıq. Oğlu sağ olsun, DTK-nın arxivindəki cinayət
işindən götürmüşdü, indi həmin dəftərlər
məndədir.
- İctimai işləri, elmi araşdırmaları,
müəllimlik və təbii ki, yazıçılıq...
amma həm də ən böyük bir missiyası vardı
onun - nəslin anası. Bütün bunlara, məncə, 24 saat çatmaz... Yəqin, bu qara makina onun hisslərinə daha
çox bələddir.
Sevgilim -
qara üzlü
çap
makinası
- Hə,
bu makinaya sevgilim deyirdi. Çox möhkəm və
etibarlı makinadır. Ana yazmağa başlayanda dörd
ağ vərəqin arasına surətköçürən
qara kağız qoyub yazırdı. Yəni
birbaşa bura yazırdı və günə 25 səhifə
yazmaq normaydı. Uzun illər bu makinada
yazdı, amma 1995-ci ildən sonra qollarında, barmaqlarında
problemlər yarandı, çox işləyə bilmirdi, 97-dən
sonra, ümumiyyətlə, yaza bilmədi və onun
üçün makinaçı tutduq, amma qəribəydi,
makinaçı yanında olanda fikri dağılırdı,
ona görə makinaçıdan imtina elədik. Başqa variant fikirləşdik - diktofon.
Ömrünün son 5-6 ilində nə yazdısa diktofona dedi,
onları təzədən kağıza köçürmək
nə qədər çətin olsa da, biz bunu elədik. İndi son əsərlərinin həm də səs
yazısı var.
Məhəmməd
Füzuli və Sultan Süleyman Mühibbi
Məsəlçün,
Füzuli və Mühibbi təxəllüsü ilə
gözəl lirik şeirlər yazmış Sultan Süleyman
Qanuninin həyatına həsr etdiyi sonuncu "Eşq
sultanı" romanı diktofona yazılıb. Təəssüf,
ana onun kitab halında çap olunduğunu görə bilmədi.
Romanın ilk oxucularından biri rəhmətlik Tofiq Hacıyev
oldu, dedi ki, üç gün bütün işlərimi təxirə
salıb, romanı həvəslə oxudum. Diktofona
deyilmiş əsərlərini dinləyəndə qəribə
hisslər keçirirəm, onun yoxluğuna inanmaq çətindir,
sanki harasa səfərə gedib və qayıdacaq. Bəzi yazılarında emosiyaları, obrazların
psixi vəziyyətini də verib, axı teatr texnikumunu da
bitirmişdi o, obrazların içini öz səsində
yüksək peşəkarlıqla verib.
Cəmiyyətdə bəzən Əzizə ana ancaq
yazıçı kimi qəbul edilir, amma o, həm də ədəbiyyatçı
alimdir və xeyli elmi əsəri, monoqrafiyası var.
"Aşıq və şair qadınlar" çox
maraqlı elmi araşdırmadır. Onun 900 səhifəlik "Vaqif ədəbi
məktəbi" adlı doktorluq dissertasiyası var ki,
müdafiə prosesində xəyanətlə vurulub və
sonradan buna görə anadan üzr istəsələr belə,
fakt odur ki, ana tamam başqa mövzuda yenidən doktorluq işi
yazıb və bir neçə il gecikmə ilə haqqı
olan adı qazanıb.
Kitablarına
olan qadağalar
Üstəlik, həm 1948-ci ildə vurulan kitabına, həm
də qardaşının sürgünə göndərilməsinə
görə də ana müəyyən məhrumiyyətlər
yaşayıb.
Təxminən 15 ilə qədər çap
oluna bilməyib, doğrudur, yaradıcılıq davam edib, amma
insan çap olunmadıqca həvəsdən düşür
axı. Çap imkanı qazanandan sonra da
seçim qarşısında qalıb, çünki ildə
bir kitab çap etdirə bilərdi, o da elmi işlərinin
çapını bədii yazılarından irəli
buraxıb. Cəmi bir il Bakıda,
Rusiyada və Qazaxıstanda olmaqla üç kitabı
çıxıb və həmin il aldığı qonorarla
sonradan dəfn olunduğu Udulu kənddə öz hesabına məktəb
tikdirib.
- Əzizə xanımın ədəbi mövzusu tarix
idi, daha çox tarixi romanlar müəllifi kimi
xatırlanır. Bəzən mənə elə gəlir ki, müasir
mövzular onu çox az
maraqlandırıb.
Tarix və o tarixin izi ilə
- Əslində, bəlkə də
biz onu elə görürük, amma oxucular 12 cildlik əsərləri
ilə tanış olduqda onun müasir həyatdan
yazdığı maraqlı povestləri, hekayələri ilə
də qarşılaşacaqlar.
-
Külliyyatı çapa verəndə özünün
vaxtında bəyənməyib çap olunmasını istəmədiyi
hər hansısa əsərini 12 cildliyə əlavə eləmisiniz?
İstənilən müəllifin alınmayan əsəri
olur və illər sonra ona qayıdacağını
düşünüb çapını saxlayır.
- Birinci
cildə daxil olan "Qobustan çökəklərində"
heç vaxt çap olunmamışdı, amma
külliyyatı çapa hazırlayanda mən və
zövqünə əmin olduğum bir neçə nəfər
əsəri oxuyub bəyəndi, amma bir vaxtlar nəşriyyatda
üstündən "Əzizə xanım, bu olmadı
da!" yazıb geri qaytarmışdılar, məncə, səbəb
əsərdə erməni məsələsinə toxunması
idi, görünür, bu mövzu kimlərinsə həssas yeri
olub.
Ailənin
baş senzoru
Onun
"Manar sahillərində" romanında Hindistan həyatından,
Mahatma Qandi sui-qəsdindən bəsh
edilir. İyirmi yaşım olandan sonra ailədə
baş senzor vəzifəsini mənə həvalə eləmişdi,
deyirdi, müəllimlərim yaşlaşandan sonra elə
şeylər yazdılar ki, utandıq, məni elə şeylərdən
uzaqlaşdır. "Manar sahilləri"
də və başqa iki əsərinin çapını mənim
təklifimlə saxlamışdı. Bayaq dedim,
ömrünün son günlərinə qədər işlədi,
son iki il ərzində 200-ə yaxın məqaləsi,
müsahibəsi, öz yazıları çap olundu. Adam yorulmaq bilmədən işləyirdi. Deyirdi, "xalqdan topladıqlarımı ona
qaytarmalıyam".
- O, xeyli ədəbiyyat
adamının sevimli müəllimi idi həm də...
- Lap əvvəldə
orta məktəb şagirdlərinin sevimli müəllimi olub,
Ağsuda kənd məktəbində dərs hissə
müdiri, məktəb direktoru olub. Sonra Mirzə
İbrahimov Maarif naziri olanda ananı geri
çağırtdırır və Bakı Teatr Texnikumuna
direktor təyin edir. Sonra kinostudiyada Ssenari
şöbəsinin müdiri olub. Sonradan
BDU-nun Filologiya fakültəsinə daxil olub. Birinci kursun
təxminən 2-ci ayında əlində Tofiq Fikrətin
şeirlər kitabını tutub, ali məktəbdən
xaric ediblər. Yenə Mirzə İbrahimov nazir
kimi kömək edib, universitetə bərpa olunub. Bir professor onun başını sığallamaq istəyəndə
mürəkkəbi üstünə sıçradıb,
"bura başımı sığallatmağa gəlməmişəm",
deyib. Yenə qalmaqal, amma o ərəfədə
həmin professor kiminləsə dalaşıb, universitetdən
xaric edilib və məsələ qapanıb.
Universitetdə
qalmaqal
Üçüncü
dəfə yenə nəsə qalmaqal yarananda Məhəmməd
Hadinin bacısı oğlu olub, müəllim, anaya deyib ki, ay
qızım, bu dilli-dilavərliklə sənə çətin
olacaq, ekstern imtahanlar başlayıb, sən də
hazırlıqlısan, get imtahanı ver, bitir universiteti.
Divarda tarixi məzun albomu var, oradakı məşhurlar beş il, ana isə bir il oxuyandan sonra diplom
alıb.
- Mən
belə başa düşdüm ki, universitet Əzizə
xanımı başından eləmək istəyib
(gülürük).
- Amma
başdan eləmirlər, savadlı olduğunu nəzərə
alıb aspiranturada saxlayırlar. O imtahanda müharibədən
yeni qayıtmış İsmayıl Şıxlı da
iştirak edir, əynində kitellə. İsmayıl
Şıxlı bu haqda "Mənim rəqibim" adlı
povest yazıb. Ananın balı
üstün olsa da, imtiha edib və rayona gedib. Müəllimləri
Əli Sultanlı bununla razılaşmayıb, əlavə bir
yer də açdırıb, ananı rayondan geri
çağırtdırıb və ana qısa müddətdən
sonra namizədlik işini müdafiə edib.
Alimin
yaradıcılığından alim olanlar
Amma Əzizə ananın yaradıcığılı
ilə bağlı elmi işlər yazanlar da var, bir-neçəsini
deyə bilərəm. "Əzizə Cəfərzadənin bədii
yaradıcılığı" bir, "Əzizə Cəfərzadə
yaradıcılığında tarixi və bədii gerçəklərin
inikası" başqa bir namizədlik işidir. Murad
Deger adlı türk araşdırmaçısı
"Türk və Azərbaycan ədəbiyyatında tarixi
roman: Semihe Ayverdi və Əzizə Cəfərzadə
yaradıcılığı əsasında". Semihe xanım anadan, haradasa, 15 yaş böyük
idi, məktublaşırdılar, münasibətləri
vardı. Gülüsüm Hasilova adlı
bir xanım da "Əzizə Cəfərzadə və
folklor" mövzusunda namizədlik işi müdafiə edib.
-
Yazıçı, alim, qadınlar şurasının sədri...
və ailəsi olan ana. İnsan
üçün əsas dayaq yeri ailədir, amma qadınlar,
analar çox şeyi ailədə tapırlar. Bir az ana Əzizədən danışaq.
Onun təyyarəçi
sevgilisi
- Əlbəttə, onun üçün ən rahat yer
ailəsinin yanı idi. Bütün işlərin arasında
mütləq ailəyə vaxt ayırmağı özünə
borc bilirdi. Doğrudur, ev işlərinə
kömək edən olurdu, amma nə olur-olsun, yeməyi
özü bişirirdi və bu işə qətiyyən tələskənliklə
vaxt sərf eləməzdi. Bütün ədəvalarla
yanaşı, həm də öz sevgisini qatırdı yeməyə
və dadından doymaq olmurdu. Atam Məmməd
müəllim təyyarəçiydi, olurdu gecə saat 3-də
işə gedirdi, ana mütləq onunçün isti yemək
hazırlamalıydı, çayını verib, sonra yola
salmalıydı.
-
Maraqlıdır, Əzizə xanım öz gələcək
təyyarəçi həyat yoldaşı ilə necə tanış olmuşdu?
- Onlar lap
gənclik dövrlərindən tanıyıblar bir-birini. Aviatorlar dərnəyinə gediblər, anam da təyyarəçi
olmaq istəyirdi axı, sadəcə, boyu 2 santimetr normaya
uyğun gəlməyib.
- Yaxşı
ki, çatmayıb, bəlkə də göylərin
romantikası yazıçı Əzizə Cəfərzadəni
əlimizdən alardı. Amma deyəsən, nəsildə Məmmədlər
çox oldu axı...
- Hə,
həm ana babamızın adı, həm dayımızın
adı, həm atanın adı və bir də
qayınatamın adı Məmməddir və bəzən bu
adları qarışdırırlar. Ailədən
danışırdıq: qonaq qarşılamaq mədəniyyətini,
süfrə açmaq, yeməyi sevgi ilə bişirməyi
ailələrimiz ondan öyrənib.
Doğmalar...
doğmalar...
- Gözəl. Allah rəhmət eləsin,
bacınız Kəmalə xanımı tanıyırdım,
bir yerdə işləyirdik, indi də sizinlə tanış
oldum və çox möhtəşəm təəssüratlarım
var, amma mən bu sualı verəcəyəm, siz Əzizə
xanımın qardaşının övladlarısınız,
məncə, onun öz övladı yox idi.
- Biz bunu
heç vaxt hiss eləməmişik axı. Əzizə ana
da, atamız Məmməd kişi də
bizi rəsmi şəkildə öz himayələrinə
övladlığa götürmüşdülər. Hətta
mənim öz genetik valideynlərim ailədə uşaq
çox olduğundan bir ara heç mənim
dünyaya gəlməyimi istəməyiblər, amma atam - yəni
Məmməd İbrahimov deyib ki, biz böyüdərik,
uşağı tələf eləməyin. O məni boynuna
mindirib pilləkənə qaldırırdı,
başımız ağrıyanda gözünə yuxu getmirdi,
uğurlarımıza sevinirdilər, yəni biz heç vaxt
doğmalıq, qeyri-doğmalıq nədir bilməmişik.
Əlbəttə, mən də, bacım Kəmalə
xanım da genetik valideynlərimizin kim
olduğunu bilirdik, onlara da hörmət və sevgi vardı,
amma bizim ailəmiz burda idi - Əzizə Cəfərzadə ilə
Məmməd İbrahimovun evində. Onların
bir övladı körpə ikən tələf olmuşdu və
Əzizə ana uzun illər bunun travmasını
yaşadı.
Məni
Afrikaya aparmadılar
Çox həssas qadın idi axı, mələk kimi
insan idi. O məni
məktəbə aparıb, o məni evləndirib, bir evdə,
bir otaqda yaşamışıq. İki
yaşıma qədər, yəni necə deyirlər, süddən
kəsilənə qədər kənddə qalmışam,
sonra Bakıya gəlmişəm. Atam
Afrikada işləyirdi, ana onun yanına gedəndə məni
də aparacaqdı, hər şey hazır idi, son məqamda ata
xəbər göndərib ki, burda xəstəliklər
baş alıb gedir, uşağı gətirmə. Yenə 5-6 aylığa kəndə
qayıtmışam. Bilirsiniz necədir,
ana nəslin rəisi idi. Evimizə çox adam gəlib-gedirdi, Məmməd Aslan bir gün
dedi ki, mən uzun illərdir bu evə gəlib-gedirəm, amma
bilmədim, kim hansının uşağıdır. Əslində, elə idi, çünki hamısı
ona ana deyirdi, kənddə hamı ona bibi deyirdi, hamı
mehriban idi, qəti dayıuşağı-bibiuşağı
söhbəti yox idi, biz hamımız bacı-qardaş idik və
böyüklərin təməlini qoyduğu o doğma
münasibətləri biz bu gün də qoruyub saxlamağa
çalışırıq. Qayınatamın çox
yaxşı bir sözü var, deyir, mən 30 ildir bu ailəyə
gəlib-gedirəm, lap əvvəldə kim
vardısa, həmin adamlar yenə burdadır.
- Məclislərdə
ən çox istinad etdiyi şeir parçası
vardımı?
"Ey rəqibim, çox
yaşa..."
-
Çox idi, lap çox, ən çox sevdiyi farsca bir şeir
vardı tacik şairi Gülruxsardan "Ey rəqibim, çox
yaşa ki, ömrüm mənasız olmasın". Sonra başqa bir məqamı deyim.
Şuşada Vaqifin məqbərəsinin
açılışı... Prezident İlham
Əliyev Şuşada olanda həmin kadrları göstərdilər,
ana da orada idi. Sonra ziyafətdə Həsən
Həsənov anaya deyib ki, sən dur bir söz de. Durub
yenə farsca bir şeir deyib: "Anam gecələri yuxusuz
qalıb, mənə yatmaq öyrədib. Anam əlimdən
tutub mənə yerimək öyrədib...".
Bunu eşidən ulu öndərimiz təklif
edib ki, bu gözəl misralara görə Əzizə
xanımı ayaq üstə alqışlamaq lazımdır.
Şeir yaddaşı çox zəngin idi.
- Gözəl
söhbətə görə çox sağ
olun. Bu ilin dekabrında Əzizə
xanımın 100 illik yubileyi olacaq və əgər
ömür vəfa edərsə, mən bu mövzuya mütləq
bir də qayıdacağam.
Turan İbrahimov
Söhbətləşdi:
Əyyub QİYAS
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 16-17.