Yazıçı
sözü və yazıçının özü
Tofiq Qəhrəmanovun
75 illiyinə ithaf
Gözəl nasir, publisist, vətəndaş ziyalı, ədəbiyyat
cəfakeşi Tofiq Qəhrəmanov (1946-2000) ötən əsrin
ikinci yarısında başıbəlalı sovet dönəmində
yaşamış, çox qısa ömründə müstəqilliyin
də dadını görmüşdür. Bugün Tofiq
Qəhrəmanovu yad edənlər xatirə yazılarında bəzən
böyük təəssüf və ağrı ilə
yarımçıq kəsilmiş ömürdən
danışırlar. Amma
yazıçını yaxından tanıyanlara o da bəllidir
ki, Tofiq Qəhrəmanov öz istədiyi həyatı
yaşamışdır həmişə; ağrıları və
sevincləri, çətinlikləri və xoş anları,
problemləri və mübarizə əzmi ilə birgə,
güzəştsiz, tərəddüdsüz, bütöv.
Zatən buna şahid də lazım deyil, bunu bizə
yazıçının əsərləri danışır,
aydın, dürüst, məqsədyönlü həyat və
yaradıcılıq yolu xəbər verir.
Tofiq Qəhrəmanov əqidəli ömür
yaşamış, həyatının mənasını ədəbiyyat
vasitəsilə xalqına, millətinə, insanlığa
xidmətdə görmüşdür. Bugünkü
miqyaslarla baxanda yaradıcılığı çox da
geniş görünmür. Povest və hekayələrini
topladığı "Bahara lap az qalır" (Bakı,
"Yazıçı, 1986), "Gecə lampası"
(Bakı, "Yazıçı", 1989), "Cavab"
(Bakı, "Günəş" nəşriyyatı, 1999)
kitabları, müdhiş 20 yanvar gecəsinin
ağırlığını saatbasaat, dəqiqə-dəqiqə
sətirlərə köçürən "Cəlladımız
zalım idi" (1997) ağı-salnaməsi; xeyirxahı,
kitablarının naşiri İsmayıl Öməroğluya
həsr etdiyi "Ömrün ziyalı cavabdehliyi" (2001)
monoqrafiyası; "Azərbaycan sovet nəsri ədəbi tənqiddə
(1965-1985)" mövzusunda müdafiə etdiyi filoloji elmlər
namizədliyi dissertasiyası (1989) və ədəbi mətbuata
səpəli onlarla tənqid məqaləsi. Amma yada salanda ki,
bugünkü azad-sərbəst-müstəqillik şəraiti
əvəzinə sovet dönəmində sərbəst-müstəqil
yaradıcılığın qarşısını hər
növ kəsən senzura mühiti hökmran idi, Tofiq Qəhrəmanovun
yazıb-yaratdıqları heç də az görünmür;
yazdıqlarının daxili gücü və enerjisi hələ
nə qədər də yazılmamışlardan,
yarımçıq qalmış, yarı(n)da qalmış əlyazmalardan
da bizə xəbər verir.
Sovet rejiminin 60-cıları kəskin tənqidindən
sonra 1970-1980-ci illərdə ədəbiyyata gələnlərin
senzura müşküllərinin daha da artması bəllidir. Tofiq Qəhrəmanovun da
qismətinə 70-cilərdən olmaq
düşmüşdü; böyük çətinliklə
ilk mətbu əsəri "Bahara lap az qalır" povestindən
("Ulduz" jurnalı, 1975, ¹ 4) sonra bir daha 70-ci illərin
sonu, 80-lərin əvvəlində "Qonşular" əsəri
Əkrəm Əylislinin "Azərbaycan" jurnalında
çap olunmuş, növbəti hər əsəri də
oxucularına gedən yolda baryerlərlə üzləşmişdi.
Həm də təkcə rəsmi dövlət senzurası
yox, üstəlik o dövrdə ədəbi mühitə
hakim elə öz yazıçı həmkarlarının da
iddia və basqıları şəraitində; hərçənd
o zamanlar ictimai-siyasi və ədəbi senzuranın sərhədlərini
ayırd etmək də asan deyildi, kim kimin
adından danışırdı çox vaxt bilmək olmurdu.
Axı ilk baxışda Tofiq Qəhrəmanovun əsərlərində
rejimə müxalif nələrsə yox kimi
görünür. Hələ əksinə, o zamanlar rəsmən sovet
ictimaiyyəti yazıçıdan fəal həyat mövqeyi,
fəal mübariz qəhrəmanlar istəyirdi ki, bu da T.Qəhrəmanovun
əsərlərində var. Povestlərinə diqqət etsək:
gənc həkim Nail ("Bahara lap az qalır"), gənc
jurnalist İqbal ("Gecə lampası"), gənc doktor
Nicat ("Görmə sahəsi") məgər hər biri
müəyyən sferada cəmiyyətin özünə total
bir mənəvi savaş açmamışlarmı?! Bəlkə elə bu idi rejimi narazı salan; dildə
"fəallıq" tələb eləsə də T.Qəhrəmanovun
gənc qəhrəmanlarının ictimai ətrafla
barışmazlığı, məhz "fəal həyat
mövqeyi" idi xoşuna getməyən? O "ətrafla"
ki, elə rejimin özünün təzahürləri, təfərrüatları,
nəticəsi idi...
O ki
qaldı ədəbi həmkarlarına, Tofiq Qəhrəmanov
professional idi, yazdıqlarında iddialı idi, kəlməsinə
belə toxunmağa izn verməzdi. Yadımdadır "Azərbaycan"
jurnalında, guya çapına kömək niyyətilə, o
vaxt çox yuxarıdan gedən bir "kənd
yazıçısı"nın (jurnalda şöbə
müdirinin), redaktəsi ilə T.Qəhrəmanovun "şəhər
qəhrəmanları"nı bərbad günə
qoyması hadisəsi (sözsüz ki, "kənd",
"şəhər" bölgüsünü həmişəki
kimi şərti işlədirəm); əsərini jurnaldan
geri götürməklə Tofiq Qəhrəmanov baş
redaktora elə bir sənət dərsi verəsi məktub
yazdı ki... Öz yanğısı isə heç cür
soyumaq bilmir, ədəbi mühitdən aldığı
növbəti zərbənin "sevincləri"ni bölüşməyə qələm-kağız
axtarırdı...
Deyə bilərik ki, həmişə belə olubdur, təzə
sənət özünə əngəllərlə yol
açıbdır. İkiqat senzura şəraiti (ictimai-siyasi
və ədəbi-estetik) o illərdə elə bir həddə
çatmışdı ki, hələ 1960-cı illərdə
oyanmış, 60-cılardan gələn ədəbi enerjini
tutub-saxlamaq olmur, harasa ötürmək lazım gəlirdi.
O vaxtlar paytaxt mətbuatı ilə yanaşı, rayon qəzetlərinin,
sahə qəzetlərinin nəzdində, klublarda, kitabxanalarda
həvəskar yazarlar üçün olan ədəbiyyat dərnəkləri
daha da güclənmiş, bugün çoxsaylı xatirə-yazılarından
da oxuyub-görürük ki, professional şair və
yazıçıların rəhbərliyi sayəsində əməlli-başlı
"dərnək hərəkatı" irəli gəlmişdi.
Bir növ rəsmi ədəbi mühitlə
yanaşı, indi "andeqraund" dediyimiz prosesə bənzər
bir şey yaranmışdı. Yazılarını ədəbi
mətbuata çıxara bilməyən, sənət yolunun
düzgünlüyünə də heç şübhə
etməyən Tofiq Qəhrəmanov yaradıcılıq
enerjisinin bir xeylisini də "dərnək hərəkatı"na xərcləyənlərdən olmuşdur.
Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU)
filologiya fakültəsini əla qiymətlərlə bitirən
(1964-1969) Tofiq Qəhrəmanov bir müddət təyinat
üzrə Sabirabad rayonunda kənd müəllimliyi
etmişdi. Bu da sosial quruluşun "kənd-şəhər"
mübadiləsində daha bir qəribə kazusu idi; bugün
pisləmək də olar, müəyyən
üstünlüklərini etiraf etmək də. Bilmirəm, ilk ədəbiyyat dərnəyini Tofiq
oralarda yaratmışdımı, amma yaxşı müəllimliyinə
şübhə yeri yoxdur; bunu tələbələrinin xatirələrində
də oxuyuruq, izlərini əsərlərində də
görürük (Bəzi hekayələrini,
"Sağlıq axşamı"ndakı qrammatika
zarafatlarını yada salmaq olar). Tofiq Qəhrəmanov
girişdiyi hər bir görəvə cəfakeşliklə,
vətəndaş yanğısı və məsuliyyəti ilə,
vicdan işi kimi yanaşırdı ("Gecə
lampası"ndakı İqbalı anmaq kifayətdir). Bunu mən uzun zaman, şəxsi dostluğumuz boyu da
müşahidə etmiş, görmüşəm. Girişdiyi hər görəv isə mütləq,
birbaşa ya dolayısı ədəbiyyatla bağlı, ədəbiyyat
işiydi; Tofiq Qəhrəmanovun ədəbiyyatdan ayrı həyatı
yox idi.
Tofiq Qəhrəmanovun yaratdığı, rəhbərlik
etdiyi ilk ədəbiyyat dərnəyi, mənə məlum
olan qədəri, Bakıxanov qəsəbəsində (o
zamanlar Razin qəsəbəsi) Leninneft neft-qaz çıxarma
idarəsinin mədəniyyət sarayındakı
kitabxananın nəzdində olmuşdu (1973-1975). Sovet ölkəsində
maarif işi heç də pis qurulmamışdı; fəhlə-kəndli
hökuməti sayılırdı, möhkəm təhsil
sistemi ilə yanaşı, mərkəzdən ucqarlara qədər
ölkəni tüm kitabxanalar bürümüşdü.
Tofiqin dərnəyinə kimlər gəlmirdi: ədəbiyyat
həvəskarı olan hər yaşda fəhlələr, istedadlı
gənclər, ali məktəb tələbələri,
elmi işçilər, hər növ kitabsevərlər (bir
çoxlarına sonralar da elmi-mədəni mühitdə rast
gəldim)... Az bir zamanda ədəbiyyat
maraqları ətrafında: şeir, hekayə təhlilləri,
roman müzakirələri, sənət söhbətləri,
qızğın polemika, canlı diskussiya mühiti maqnit sahəsi
kimi könlündə ədəbiyyat sevgisi, həyat amalı
olan hər kəsi bura çəkib gətirirdi. Onu da deyim ki,
həmin mədəniyyət sarayının (hazırkı
Şəhriyar sarayının eyni olan) möhkəm və
möhtəşəm binası bir neçə il öncə nə səbəbəsə yerlə
yeksan edildisə də, şəxsən mənim
yaddaşımda yeri hələ də diridir; və qismət
olarsa, ayrıca yazı istəyir. Ədəbiyyat
aşiqliyi hələ məktəbli ikən məni də
Tofiq Qəhrəmanovun mərkəzdən uzaq bir neft qəsəbəsində
yaratdığı həmin dərnəyin
işığına gətirmiş, aramızda
yaranmış müəllim-tələbə ülfəti
sonralar da davam edərək möhkəmlənmiş, əqidə
dostluğuna çevrilmişdi.
Tofiq Qəhrəmanovun
"dərnək fəaliyyəti" barədə
yazıçı Azad Qaradərəli də, professor Zakir Məmmədəli
də xatirə-yazısında söz açır; bu
artıq başqa bir zamanın, 1970-ci illərin sonlarında
Tofiq Qəhrəmanovun Azərbaycan Pedaqoji İnstitutunun
(hazırkı ADPU) "Gənc müəllim" qəzetində
yaratdığı ədəbiyyat mühitinin söhbətidir
(1975-1979). Həmin mühitdən çıxmış,
bugün elmdə, ədəbiyyatda, sənətdə
imzası olan daha da neçə adları xatırlatmaq olar
(Rahid Ulusel, Şamil Vəliyev, Arif Kərimov, Bahar Bərdəli,
Fərzux Seyidbəyli, Şöhrət Qaraoğlu, Əhməd
Oğuz, Avdı Qoşqar və b.-ları); və ona da əminəm
ki, dinləsən, bu şəxslərin hər biri də əlavə
çizgilərlə Tofiq Qəhrəmanovun ehtiraslı sənət
bilicisi və ədəbiyyat cəfakeşi portretini tamamlaya, təsdiq
edə bilərdi.
Kitablarımdan
birini ("Azərbaycan yeni nəsri", Bakı, Elm, 1999) belə
bir epiqrafla başlayıram: "Ədəbiyyat təsəvvürlərimin
təşəkkülündə əsaslı rol
oynamış 60-cı illər nasirlərinə, məxsusən
yazıçı Anara və bir də bu ünvanı, bu yolu
mənə tanıtmış ilk müəllimim Tofiq Qəhrəmanova
ithaf edirəm". Başqa xatirələr də eynisini deyir;
Tofiq Qəhrəmanov dövrün sosrealizm ədəbiyyatından
qopub əsl ədəbiyyat yoluna çıxmaqda, Anarı,
Əkrəm Əylislini, İsa Hüseynovu, Sabir Əhmədlini,
ümumən 60-cıları, modern şeiri, Rəsul Rzanı
və şeirdə yenilikçiləri, Ramiz Rövşəni
və dövrün digər (gənc) sənət mücadiləçilərini,
bütövlükdə müasir ədəbiyyat mənzərələrini
tanımaqda, bilməkdə çoxumuza bələdçilik
edibdir. O, ədəbiyyatın əlifbasından
başladıb səni söhbətləri-təlqinləri-tövsiyələri,
dialoq və polemikaları ilə bu yolda tədricən sənətin
yüksəklərinə çəkib-apara bilir, öyrətdiyi,
öyrədə bildiyi qədər də bu işdən həzz
alırdı.
Tofiq Qəhrəmanov
özü bir yenilikçi idi; nəinki dünya ədəbiyyatında
gedən proseslərdən, tendensiyalardan hali idi, eyni zamanda
bütünlükdə XX əsr sənətində - musiqidə,
rəssamlıqda, teatr və kinoda modern təzahürlərdən
hamıdan qabaq xəbər tutmağa çalışır,
özü bildiyi qədər də həmkarları ilə, gənc
dərnəkçilərlə bölüşməkdən
heç qızırqalanmırdı. "Gecə
lampası" povestində İqbalın plagiatçı gəncə
vurduğu möhkəm həyat şapalağı heç
boşuna olmayıb, yazıçının bioqrafisindən gəlir
və sadəcə ədəbiyyat oğrularına deyil, hər
cür sənət dəllallarına qarşıydı.
Bu sillə həyat yolunu azdırıb ədəbiyyatla
qarışdıran hələ çoxlarına
çırpılacaq, bir çoxlarını da
ağrıdacaqdı...
Tofiq Qəhrəmanovun andeqraund mühit jestlərindən
daha birini, razıyam ki, Yuxarı Dağlıq 87
ünvanında yerləşən dar, lakin daxilən
hüdudsuz mənzilində aramaq olar. Maraqlıdır ki, bu
ünvan da Bakı şəhərində artıq yoxdur, amma ədəbiyyatda
var; Tofiq Qəhrəmanovun əsərlərində, bir də
bu mənzilədə haçansa olmuş-oluşmuş ədəbiyyat-sənət
mühitində obrazı var və yaşamaqda da davam edir.
Rəsmən belə bir dərnək, təbii ki, mövcud
deyildi, amma zaman-zaman Tofiq Qəhrəmanovun həyat xəlbirindən
süzülüb-keçmiş ədəbiyyat
adamlarının bu xəlvətgahdan da gəlib-keçmələri,
təkrar-təkrar, hər dəfə yenidən özü bir
hərəkət yaradırdı. Fb-də "Belə"
silsiləsindən bir dəfə belə bir status
yazmışdım: "Belə. Tofiq qəhrəmanovun
Ədəbiyyatda Kələfləri. Azad Qaradərəli.
Rahid Ulusel. Tehran Əlişanoğlu. Etibar
Kərimov. Elşad Məmmədzadə... Aça
bilsəniz. perpetium-mobile" (Tənqid.net
jurnalı, ¹ 12, s. 500). Əlbəttə, Kələfi
xələflər açmağa cəhd etmişdi. Zatən
Tofiq Qəhrəmanovla fikir, məslək, ürək
sirdaşı olub, bu yaxınlıqdan uzaq düşmək,
qopmaq da mümkünsüz idi...
Tofiq Qəhrəmanovun dövranla müxalifliyində,
barışmazlıq ruhunda ekzistensial səbəblər
axtaranlar, güman ki, haqlıdırlar. Amma bəzi
yazılanlarda görürəm boyaları
qatılaşdırıb, israrla bu məqama "ictimai-siyasi hərəkat"
rəngi verməyə cəhdlər var;
razılaşmıram. Tofiq Qəhrəmanovun
müxaliflik söhbəti sosial quruluşla məhdudlaşmayıb,
ictimai-siyasi konteksdən daha dərin idi; İnsan və
qeyri-insani mühit, İnsanlıq və hər növ
insansızlıq, İnsansevərlik və əhatəsinin
İnsana tərs-mütənasibliyi mətləblərini
ehtiva edirdi. Dərnəkçilər yəqin ki, Tofiqin
Füzuli ölçüsü, Füzuli meyarı, Məhəmməd
Füzuli aşiqliyini xatırlayırlar; bu təqribən
Füzulinin dövranla müxalifliyi qəlibində bir xassə,
münasibət, ekzistensiya idi...
Əsərlərini
yada salsaq, Tofiq Qəhrəmanovun tüm (İnsan) obrazları
sosial mündəricəsindən, mövqeyindən, statusundan
asılı olmayaraq gedişatdan narazıdırlar; həm də
yazıçı bu "narazılığı" hər
növ ictimai-siyasi baryerlərdə qurtarmayıb, İnsani
nöqtələrə, hədlərə, iç istəklərinə
(ekzistensiyasına) qədər gətirir. Bir anlıq T.Qəhrəmanovun
ictimai mənşəcə ən yaramaz qəhrəmanı Qənbər
Qənbərlini ("Qulbeçə")
düşünün; həyatını yelə verib sonda
Allahına nəyin şikayətini edir: "Axı, mən
kiməm ki?! Fəqət, ya xudaya-xudavənda, mənə də
bir söylə görüm, axı, bu nə qismət, bu nə
tale idi yazmışdın alnıma?! Bu qisməti,
bu taleyi alnıma silinməz-pozulmaz yazı təki
möhürləyərkən, məni bəndə adı ilə
özümdən xəbərsiz, rəyimi bilmədən,
soruşmadan bu işıqlı və zülmət dünyaya
varid edərkən, məqsədin, məramın nə
idi?!" Hər kəs də beləcə; zəmanəsindən
bir başqa cür şikayətçi olub, hər kəs də
öz babında, Füzuli təbirilə desək: öz
"mərtəbəsi"ndə, öz həyat
şövqünü yaşamaqda davam edir...
Odur ki,
Tofiq Qəhrəmanovun həyat və
yaradıcılığını anıb,
yazıçının sovet rejimi ilə
barışmazlığından da, müstəqillik
yollarında ürəklə, böyük ehtirasla
çarpışmalarından da hər cür danışmaq
olar; amma zamanlar, sosial quruluşlar gəlib-gedir, İnsan,
insanlıq mücadiləsi isə həmişə qalır. Tofiq Qəhrəmanovun dövranla müxalifliyinin ruhu
başlıca olaraq sənət mübarizəsində, Sənət
idealında ifadəsini tapırdı.
Tofiq Qəhrəmanovun
sənət idealı: ideal Sənət, sırf saf Sənət
konsepsiyasında fokuslanmışdı. Bu o demək
deyildi ki, ideal bildiyini realda da tam gerçəkləşdirə
bilirdi. Başa
çatdırmadığı, son nöqtəsini
qoymadığı, ürəyincə bişkin olmayan nə qədər
də əsərinin əlyazmada qaldığını bilirəm;
mükəmməl bildiyini isə çapa vermişdi. Adətən öz əsərlərindən
çox da danışmazdı, çap olunmuşları barədə
isə hər növ, məxsusən də tənqidi fikrə
son dərəcə həssasdı, sanki gözləntilərini,
yazdıqlarının effektini yoxlamaq istəyirdi. O
vaxtlar çox qəribə gəlirdi mənə Tofiq müəllimin
sənət söhbətlərində özünü
müsahibləri ilə tən aparması, bərabərhüquqlu
bilməsi, heç də yuxarıdan biçməməsi, hər
kəlmə başı: "Mültəfit olursan?" deyə
məhrəmlik axtarması. Axı necə də olsa sənətin
sirlərini məhz ondan eşitmişdik, bilmişdik...
Tofiq Qəhrəmanovun Sənət mübahisələri
başqa aləm idi. Ən çox da dartışmamız "Bədii əsərdə
əsas olan nədir: "nə"yi deməsi, ya "necə"
deməsi?" üstündə olurdu. Təzə başlayan ədəbiyyatçı
kimi də, oxucu kimi də sual bir az mənə
ritorik görünürdü; "necə" deməsi sənətin
özlüyündə təbiətidir, əlbəttə,
vacib olanı "nə" deyilmidir?! Tofiq Qəhrəmanovu
isə həmişə "necə" məsələsi məşğul
edirdi, diqqətimizi də israrla bura yönəldirdi.
Bugün Tofiq Qəhrəmanovun özünün də əsərlərini
oxuyarkən, görürük: "necə" necə də
vacibmiş! Yazmaq istədiyi, yazacağı "nə"lər,
nəsnələr həmişə Tofiqlə idi, Tofiqin
içində, Tofiq Qəhrəmanov da həmin nəsnələr
içində idi; yazıçı olaraq bunu Sənət
müstəvisinə çıxarmağın çəmini-üsulunu
("necə"sini) düşünürdü...
Tofiq Qəhrəmanovun Sənət konsepsiyasında daha
bir prinsipial məqam da elə buradan doğurdu. Təhkiyə,
yoxsa təsvir? O, bədii nəsrdə müəllif təhkiyəsindənsə
(o buna "danışmaq" deyirdi) "göstərmə"yə
üstünlük verirdi; yazıçı
danışmamalıdır, göstərməlidir - deyirdi.
Çün "danışanda" istər-istəməz
buna ideologiya, münasibət, o zaman deyildiyi kimi:
"tendensiyalılıq" qarışır, əsl sənət
isə tendensiyasız olmalıdır, sadəcə göstərməlidir;
qoy nəticəni oxucu özü çıxarsın. Əlbəttə, bu anlayışlarda bir şərtilik
vardı. Bədii nəsr - təhkiyə sənətidir,
hekayəsiz, süjetsiz, nəqletməsiz keçinə bilməz;
bunu Tofiq də bilirdi, sadəcə söhbət təhkiyə
texnikasından gedirdi. O zamanlar modern nəsr həyatın
təsvirində ənənəvi müəllif təhkiyəsindən
fərqli yeni-yeni üsullar tapmağa cəhd edirdi, güman
ki, Tofiq Qəhrəmanov da bunun peşində idi. Əslində,
Tofiq müəllimin "göstərmə" dediyi də
primitiv "təsvir" anlamından uzaq olub, daha çox
"təqdimetmə": bədii obraz, detal,
görüntü, hadisə-epizod, fakt-informasiya, vasitəsiz
nitq, düşüncə, daxili səs və s. mahiyyəti
daşıyırdı.
Əlbəttə, Sənət mükəmməlliyindən
dərs almaqda Tofiq Qəhrəmanovun M.Füzulidən
müasir dünya nəsrinəcən mənimsəməli zəngin
arsenalı vardı; buna biz sənət söhbətlərindən
şahid idik.
Amma mühiti yazmaqda birbaşa yaxın sələflərindən:
Anardan, Əkrəm Əylislidən, ümumən 60-cılardan
təkan almışdı; bunu da dolayısı öz dilindən
eşidirdik. Ən çox da Anardan təkanlanmışdı.
Diqqət etsək, Anar nəsrindəki başlıca iki istiqaməti
Tofiq Qəhrəmanovun əsərlərində də izləyə
bilərik: 1) Qəhrəman və mühit münasibətləri
üzərində olan əsərlər ("Bahara lap az
qalır", "Sağlıq axşamı", "Gecə
lampası", "Simfonik muğam", "Görmə sahəsi",
bir çox hekayələri); 2) Birbaşa mühitin analizinə
yönəlik satirik istiqamət ("Qonşular",
"Qulbeçə", "Təntənə uyğunaməsi",
bir sıra hekayələri).
Təbii ki, polemik məzmunda. 60-cılar nəsrini o qədər
örnək göstərmişdi ki, Tofiq Qəhrəmanovun
öz əsərlərinə də çox vaxt bu
işıqda baxır, sosial mühitin təfərrüatlı
analizini (nə, nədən, niyə?) görməyəndə,
hardasa sınıq, dolğun olmayan realistik mənzərələr
kimi gəlirdi bizə. Halbuki dedik, Tofiq Qəhrəmanov
təkrarçılığı sevmirdi, sənətin
gücünü yeniliyində görürdü, əsərləri
də realistik deyildi. Uzun zaman (sovet dönəmi)
özgələşməsindən sonra Mirzə Cəlilin
milli mühitini 60-cılar ədəbiyyata qaytarmış,
realistik (neo-realist) analizini də vermişdilər. Tofiq Qəhrəmanov Anar nəsrinin
dayandığı yerdən başlayır; görsənən
kəndə nə bələd amacıynan oxucunun da artıq
yaxşı bildiyi bu mühitdə boğulan, sıxılan ən
müxtəlif səsləri (obrazları, qəhrəmanları,
insanları) dinşəyib, öz nəsrinin gücü ilə
eşitdirməyə can atırdı. Bugün
"avanqard nəsr" deyirlər, hələ
sağlığında yazdığım bir məqalədə
məhz realizmdən fərqləndirmək üçün
Tofiq Qəhrəmanovun nəsrini Qərb modernistik cərəyanlarından
biri - ekspressionizmə qiyas etmiş, bu məxrəcdə
yozmuşdum. Tofiq Qəhrəmanov nəsrinin predmeti
heç də birbaşa sosial gerçəklərin təsviri
deyil (bir qayda, gerçəklər: fonda,
detallarda, təfərrüatlarda gizlənir), gerçəklərin
doğurduğu səslərdir, reaksiyalardır,
ekspressiyadır. Bu nəsr: "niyə belədir" yox,
axı niyə belə olur... - sualına cavab
axtarışı üzərindədir. Məhz sənətin
gücüdür ki, bir zamanların boğulan, boğuq səslərini
bugün də, daha gur eşidirik...
Hər bir modernist yazıçı kimi Tofiq Qəhrəmanov
da öz Yoknapatofasını (məşhur Uilyam Folknerin
adı ilə bağlı məlum anlayış) yaratmaq
arsusunda idi. Əkrəm Əylislinin Buzbulağı, Anarın
şəhər mühiti kimi. Yaratmışdır
da. Yuxarı Dağlıq, bəzən yozulduğu kimi,
Tofiq Qəhrəmanovun əsərlərində, eləcə məxsusi
fərqli şivə ilə danışan qəhrəmanlarının,
obrazlarının, tüm personajlarının sakin
olduğu, Bakının
bayır şəhərində yuxarı məhəllələrdən
birinin adı olmaqla qalmır; bunlar yazıçının
içəri dünyasını gerçək, doğma,
doğulduğu və yaşadığı ünvana
bağlayan sadəcə realistik təfərrüatlardır.
Yuxarı Dağlıq küçəsi, onunla kəsişmədə
1 May, bir az aşağıda Aşağı Dağlıq
küçələri, bir az yuxarıda Sovetski, Cənubi
Sovet döngəsi, bir az aralıda N.Nərimanovun heykəli...
- axtarsan, T.Qəhrəmanovun əsərlərində
Yuxarı Dağlıq coğrafiyasının hədlərini
belə tapmaq çətindir, hətta yazıçı
adını çəkdiyi yerləri də müstəqimlikdən
çox rəmzi detallar kimi mənalandırırdı.
Yuxarı
Dağlıq - Tofiq Qəhrəmanovun mövcud reallıqda
yaratmaq istədiyi üst-reallıqdır: Cəmiyyət,
İnsan təsəvvürlərini, ideya və istəklərini,
həyat və anti-həyat duyğularını bura
köçürürdü. Fərqinə varsaq:
"Qonşular"da həyat insanların dar
"qonşuluğ"undan çıxıb, bir yandan
"sovet cəmiyyəti"nin dərininə,
II Dünya müharibəsinə qədər enib-qayıtmaqla,
digər tərəfdən geninə, cəmiyyətin sosial
quruluşuna baş vurub yenə özünə-oturuşmaqla
nə qədər də İnsan müxtəlifliklərinə
açılır. "Gecə
lampası"nda həyat hər gün İqballa birgə
Yuxarı Dağlıqdan cəmiyyət gerçəklərinə
çıxır, sosiumun damarlarında gəzir-gəzişir,
hər dəfə daha da qalib, romantik gecələrinə
qayıdır. "Simfonik muğam"da Yuxarı
Dağlıq bir az özgələşmiş,
"qarışmış, bulanmış" Kamil(liy)in
nəfəsini artıq yaxın buraxmaq istəmir.
"Qulbeçə"də yazıçı Yuxarı
Dağlığı ümumən realist-coğrafi müəyyənlikdən
çıxarıb Cəmiyyət modelinə transfer edir.
"Kitabi-Dədəm Qorqud"un şəhər
mühitinə stilizəsi və parodiyası üzərində
qurulmuş əsər gerçək cəmiyyət
quruluşunun anatomiyasını qapsamaqla yanaşı; onu da əminliklə
deyirəm ki, sonrakı modern və postmodern nəsrdəki
dekonstruksiya və rekonstruksiyaların da birincisi olur...
Tofiq Qəhrəmanov dünyaya deyiləsi Sözü
olan yazıçı idi və yazıçı
sözünü, yazıçı mövqeyini İlahi
missiya bilirdi.
Müstəqilliyimizin sevinclərini bir vətəndaş
kimi, millətsevər ziyalı kimi ürəkdolusu
qarşılamış, yükünü-məsuliyyətini
bir yazıçı kimi daşımağa həmişə
müntəzir olmuşdur. 20 yanvar 1990-cı il hadisəsinin
isti-isti iziylə "Cəlladımız zalım idi"
ağı-salnaməsini qələmə almağa
başlamış, gecəsini gündüzünə qataraq
(1990-1995-ci illər) onlarla qəzet-jurnal, KİV-məlumatı,
canlı şahidlərin dilindən bir qanlı Bakı gecəsinin
tünd qara boyalarda gerçək tablosunu yaratmağa nail
olmuşdu. Halbuki bu zaman üçün Tofiq Qəhrəmanov
fiziki olaraq artıq görmə qabiliyyətini tam itirmiş,
köməkçisinin (xanımının) yardımı ilə
yazılarını ərsəyə gətirirdi. Bu, vətəndaş-yazıçının əsl
hünər işi və amansız dövrana bir daha
böyük protestosu idi.
1990-cı illərdə Tofiq Qəhrəmanov bir sıra
hekayələr yazıb, müstəqilliyindən ürəyincə
barına bilməyən milli insanın maddi-mənəvi
çətinliklərini də qələmə aldı,
"Ədəbiyyat qəzeti"ndə, hekayələrini
topladığı "Cavab" kitabında çap etdirdi. Ən nəhayət,
sərrast qələmlə yazıya aldığı Mirzə
Cəlillə dialoqlarını - "Təntənə"
uyğunaməsini ortaya qoydu. Tofiq Qəhrəmanov
kəskin ironik-publisist yanaşma ilə XX yüzilin əvvəllərinə
cavab, əsrin sonunun acı Molla Nəsrəddin gerçəklərini
əsərdə yanaşı gətirirdi. Neyləmək
olar, hayana can atsaq da, bir ucu Dədəm Qorquda
gedib-çıxırsa, digəri Cəlil Məmmədquluzadə
həqiqətlərinə gəlib dirənir; biz axı həm
də Molla Nəsrəddinin xalqıyıq...
Tofiq Qəhrəmanov öz əsrini tərk etmək istəməyib,
2000-ci ilin 8 martında canına qəsd etdi. Bir çox
yozumlar bu ölüm aktını yazıçının
maddi çıxılmazlıq durumu ilə bağlayır.
Amma zənnimcə, bu, həqiqətin
bütünü deyildir. Mənimcə,
Tofiq Qəhrəmanovun ölümü həm də əsrin
bir çox modernist yazıçılarına xas xarakiri
aktı ilə eyniləşdirilməlidir. Vurğulandığı kimi, Tofiq Qəhrəmanov
yaradıcılıqda yenilikçiliyə, durmadan gəlişmələrə
son dərəcə həssas idi; bu isə həm də
yazıçının maddi-mənəvi həyatının
təminatını istəyirdi. Sovet
dövründə hər növ güzəranın
fövqündə durmağı bacarmış Tofiq Qəhrəmanov
yeni dönəmdə getdikcə ağırlaşan təvazökar
həyatı ilə birgə, yaradıcılıq enerjisinin də
tükənişini duyur, barışa bilmirdi. Doğrudur, XX əsrə son hökmünü verən
"Nekroloq" əsərini ilk olaraq o yazmışdı (sonralar
ədəbiyyatımızda bu adda daha iki əsər
yarandı), "Qürub" povestində
qaçqınlıq problemini Yuxarı Dağlıq
dünyasının içindən çözməyə
çalışmışdı; amma təzə əsərlərinin
estetik təravətinin heç də əvvəlki
olmadığını özü də hiss edirdi. Tofiq
Qəhrəmanov yarım-tən və yarım-tonla yeni əsrə
girmək istəmədi; bu, yazıçının cismən
və ruhən dövrana son protestosu idi...
Tofiq Qəhrəmanov təbliğatı sevmirdi; amma
usanmaz maarifçi idi. Maarif niyyətilə biz dostları, tələbələri
yazıçının əsərlərinin latın
qrafikası ilə ilk dəfə olaraq nəşrinə qərar
verdik. "Aydın oxunan ömür"
kitabının çapına görə Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anara, "Görmə sahəsi"
kitabının çapında yardımına görə
Rasim Qaracaya minnətdarlığımızı bildiririk.
Tofiq Qəhrəmanov əsərləri ilə, əsərlərində
zatən XXI əsrdədir.
Tehran
ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 22-23.