Nizami
Gəncəvi: "Heç bir hünər ədalətdən
gözəl deyildir"
Dünya ədəbiyyatının
korifeyləri sırasında şərəfli yer tutan dahi Azərbaycan
şairi və mütəfəkkiri Nizami Gəncəvinin hikmət,
fəlsəfi fikirlər və elmi biliklərlə zəngin xəzinəsi
- bəşər ədəbiyyatı tarixinin ilk "Xəmsə"si
Yaxın və Orta Şərq xalqları ilə yanaşı,
Avropa xalqları ədəbiyyatlarının da ideya, mövzu,
süjet və motiv istiqamətlərinin müəyyənləşməsində,
sənətkarlıq xüsusiyyətlərinin zənginləşməsində,
bədii-estetik və fəlsəfi fikrinin inkişafında
mühüm rol oynamışdır. Şairin insan
dühası və zəkasının fövqündə
dayanan ölməz əsərlərinə yüzlərlə
nəzirə və cavablar yazılmış, fars,
türk, ərəb, urdu, kürd, pəncab, gürcü, erməni
və puştu dillərində Nizami mövzularında orijinal
sənət nümunələri yaranmışdır. Ölməz yaradıcılığı ilə
bütün bəşəriyyətə məxsus olan Azərbaycan
şairinin ədəbi əsərləri təkcə misilsiz
sənətkarlıqla qələmə alınmış bədii
örnəklər deyil, həmçinin zəngin elmi, tarixi
biliklərin bir araya toplandığı qiymətli mənbələrdir.
Nizami Gəncəvinin dünya ədəbiyyatındakı
yeri yalnız onun əsərlərinin yayıldığı
coğrafi arealın genişliyi ilə
ölçülmür. Şairin əsərlərindəki qəhrəmanlara
nəzər saldıqda orada ən müxtəlif xalqların və
millətlərin, ən müxtəlif inancların nümayəndələrini
görürük. Ümumiyyətlə,
şairin yaradıcılığında bütün inanclara,
bütün millət və xalqlara böyük hörmət və
ehtiram vardır. Təsadüfi deyildir ki, tədqiqatçılar
yazırlar ki, Nizaminin vətəni dünya, milləti
insanlıqdır. Nizami heç bir dinə,
heç bir millətə yuxarıdan baxmır. Şair dilindən, dinindən və millətindən
asılı olmayaraq ədalətsizliyi, zorakılıq və
zülmkarlığı, qəddarlığı, kələkbazlığı,
yalançılığı, kibri, hiyləgərliyi və
insanın uca əxlaqına yaraşmayan başqa xasiyyətləri
rədd edir.
Nizami Gəncəvi
yaradıcılığının bəşəriliyini, onun
bütövlükdə dünya və insanlar
üçün çalışdığını,
qayğılandığını göstərmək
üçün şairin ən məşhur beytlərindən
birinə müraciət edək:
Çalış xəlqin (xilqətin, xəlq
olunmuşların, yaradılmışların, insanların)
işinə yarayasan, / Ta ki, yaradıcılığınla
(işinlə) dünyanı bəzəyəsən.
Nizamiyə görə, insan öz insanlıq borcunu bəşəriyyətə,
insanlığa xidmət etməkdə görməlidir. Alman şairi Höte də
Nizami yaradıcılığının məhz bu keyfiyyətini
- "heç bir dini-etnik fərq qoymadan bütün bəşəriyyət
üçün ağrıyıb-acıması, narahatlıq
keçirməsi"ni (Abdulla Kamal. Həpimiz bir günəşin zərrəsiyik.
// Azərbaycan multikulturalizminin ədəbi-bədii
qaynaqları. I kitab. Bakı, Mütərcim,
2016, səh.3.) yüksək qiymətləndirmişdir.
Dövrünün
ədəbi-bədii hadisələri kimi, ictimai-siyasi durumuna
da biganə qalmayan sənətkarı düşündürən
problemlərdən biri də dövlətin, cəmiyyətin,
adi insani əlaqələrdən tutmuş, yüksək ali məqamlaradək qarşılıqlı
münasibətlərin bütün məqamlarında ədalət
prinsipinin gözlənilməsi, bunun bir əxlaqi normaya
çevrilməsi və bu istiqamətdə təsiredici vasitələrin
- ilk növbədə eşqin, sevginin, hikmətli
sözün gücündən istifadənin vacibliyi idi. Nizaminin bütün
yaradıcılığının əsas xəttini təşkil
edən bu problemlə bağlı lirik ricətlərdə nəzəri
baxımdan irəli sürülən fikirlər şairin
illüstrativ hekayələrində əyani əksini taparaq həyati
misallarla əsaslandırılır.
Nizamiyə görə, insanlığın ümumi məskəni
olan yer üzü ancaq ədalətin ətəyində
çiçək aça bilər. Şair "İskəndərnamə"
poemasında Bərdənin keçmiş cah-calalını təsvir
edərkən deyir:
O cür ki, o gözəl bitkilər
Ki, toxumdan yox, bəlkə ədalətin ətəyində
bitərdi.
Şairin əsərlərinin bu
prizmadan öyrənilməsi göstərir ki, Nizaminin hələ
XII əsrdə utopik şəkildə də olsa, təsvir
etdiyi azad cəmiyyət, onun idarəetmə prinsipləri,
sosial ədalət, hökmdar-rəiyyət münasibətləri
müasir baxışlar və görüşlərlə bir
çox məqamlarda üst-üstə düşür. Şairə görə, müstəqil, güclü
və uzunömürlü dövlətin möhkəmliyinin
başlıca şərti onu idarə edənlərin
uzaqgörənliyindən və ədalətindən
asılıdır. Akademik Teymur Kərimlinin
də qeyd etdiyi kimi, "Nizami, bir siyasi-ictimai institut kimi
dövlətin rolunu çox yüksək qiymətləndirirdi
və xüsusən onun başçısının şəxsi
kefiyyətlərinə böyük əhəmiyyət
verirdi" (Kərimli Teymur. Nizami və
tarix. Bakı, Elm, 2002, səh. 24.).
Bir məqamı xüsusi olaraq vurğulamaq istərdik
ki, Nizami Gəncəvi üçün ədalət və
humanizm prinsiplərinə uyğun idarə edilən dövlət
məhz Türklərin dövlət quruluşu idi. Şair Səlcuq
sultanlığını nəzərdə tutaraq
yazdığı aşağıdakı beytdə bunu
açıq şəkildə ifadə edir:
Türklərin
dövləti ucalanda,
Məmləkətdə ədalət hakim oldu.
Ancaq
Nizami dünyanı geniş anlamda götürdüyü
üçün, "vətənim dünya, millətim
insanlıq" dünyagörüşünə sahib bir
mütəfəkkir olduğu üçün ədalətin
bərqərar olduğu məkan coğrafi mövqeyindən,
kimlərə məxsusluğundan, dini-irqi mənsubiyyətindən
asılı olmayaraq şairin mədh obyekti ola
bilirdi. Məsələn, Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında
"Xosrovun ova çıxması və oradan kəndlinin evinə
getməsi" hissəsində atəşpərəst
Hörmüzün dünyaya səs salan ədaləti
şairin qələmində əbədiləşdirilir: Ov
zamanı sərxoş olan və hökmdar atasının
qoyduğu qaydaları pozan şahzadə cəzalandırılır:
Xosrov - şah oğlu olmasına rəğmən, adi bir rəiyyət
kimi etdiyi hərəkətin bədəlini ödəyir.
Nizami Hörmüzün ədalətini alqışlayarkən
açıq-aşkar onun bir atəşpərəst
olduğunu yazır və keçmiş zamanların ədalətinin
müasiri olduğu dövrdə yoxa çıxmasından kədərlənir:
Bax gör (şahlar) bundan əvvəl
yadları deyil,
Öz dürdanələrini (də) necə tənbeh
edirdilər.
O ədalət
və insaf harada qaldı?
Övladla belə rəftar indi hanı?
İndi
yüz məzlum qanı axıdılsa,
Heç bir damcı su da bənddən kənara
axıdılmaz.
Əsəri
üçün bədii obraz kimi seçdiyi şəxsiyyətlərin
tarixdə daha çox hansı keyfiyyət və özəllikləri
ilə qaldıqlarından yaradıcı şəkildə
istifadə edən şair bu sahədə də təxəyyülünün
sonsuz imkanlarını sərgiləmişdir. Məsələn, Adil Nuşirəvan haqqında hər
kəsə məlum olan Nuşirəvan və
bayquşların söhbəti əhvalatını
xatırlayaq. Nizami bayquşların söhbətindən
təsirlənib nəticə çıxaran və ölkədaxili
siyasətini kökündən dəyişən, bütün
fəaliyyətini xalqın rifahı istiqamətinə yönəldən
hökmdarın adının tarixdə "ədalətli"
padşah kimi qalmasını özünəməxsus şəkildə
izah edir:
Pak qəlblər ölkəsində
onun adı
Sikkədə "ədalətli" yazıldı.
Onun aqibəti
yaxşılıqla qurtardı,
Ədalət
qapısını döyənlərin
hamısına
bu ad nəsib oldu.
Nə
üçün cəmiyyətə ədalət
lazımdır? Nizamidə bu sualın çoxsaylı
cavabları vardır: hər şeydən əvvəl,
hansı cəmiyyətdə ədalət bərqərar
olarsa, fitnə-fəsad o yeri tərk edər, bəla, kədər
oradan uzaq olar. "Xosrov və Şirin"də Qızıl
Arslanın mədhi hissəsində oxuyuruq:
O
zülmü dövrandan kəsənin qorxusundan,
Fitnə doğulsa da, ildırım kimi ölər.
...Bu
tuş gəlmənin zərərindən
biz
nə üçün qorxaq ki,
Allah adil, padşah rəhmlidir.
O tuş
gəlmədə ki, belə bir ədalət var,
Fal yeldən vurulub, demək ki, yeldir.
Nizami Gəncəvi
özünəməxsus bir dahiyanəliklə oxucusuna
çatdırmaq istədiyi fikirləri ümumiləşdirə
və fərdiləşdirə bilir. Yəni
şairin ideyaları eyni zamanda həm qlobal, həm də lokal
olaraq dərk və izah edilə bilir.
"Sirlər xəzinəsi" məsnəvisində
"Ədaləti qorumaq və insafa riayət etməyə
dair" ikinci məqalatı şair "əqli, idrakı ilə
bütün canlıların şahı olan insan"a
müraciətlə başlayır. Elə ilk misralarda Nizami bütün
yaradıcılığı boyu inadla davam və inkişaf
etdirdiyi, əsərlərinin əsas ideya leytmotivini təşkil
edən ən mühüm tezisini ortaya qoyur: ədalət və
insanpərvərlik. Şairə görə, "heç bir
hünər ədalətdən gözəl deyildir!". AMEA-nın müxbir üzvü R.Azadə
də "Sirlər xəzinəsi" məsnəvisindən
danışarkən əsərdə qoyulan əsas problemin
dövlətin və xalqın ədalətlə idarəsi
olduğunu xüsusi qeyd etmişdir (R.Azadə. Nizami Gəncəvi
(həyatı və sənəti). Bakı,
"Elm" nəşriyyatı, 1979, səh.48). Nizami Gəncəvi hökmdarın ilk vəzifələri
sırasında ölkənin, məmləkətin
abadlaşdırılmasını qeyd edir. Şairin fikrincə, hökmdarın ədaləti,
yürütdüyü düzgün daxili və xarici siyasət
xarabalığa çevrilmiş dünyanı yenidən
abadlığa döndərər.
Əgər
sən şahsansa, şahlıq mülkünü abad et,
Əgər
gövhərsənsə, ilahi tacını abad et.
Göründüyü kimi, şair ümumiyyətlə,
insana, "Yer üzünün şahına" müraciət
edir. Ancaq bu misraları eyni zamanda həm də konkret bir məmləkətin
hökmdarına aid etmək mümkündür. Şair
üzünü sosial durumundan, cəmiyyətdə tutduğu
mövqedən asılı olmayaraq, "Tanrı nurunun feyzindən
daha çox pay alan" bütün bəşər
övladına tutur: sinəni gər, iftixar et
ki, bütün dünyada nə varsa, sinəsini gərib sənə
xidmət etməkdədir.
Dövləti ədalətlə idarə etmək, eyni
zamanda, xalqın qayğısına qalmaq deməkdir. Yalnız bu yolla xalqın dəstəyini
qazanmaq, onun tənəsindən xilas olmaq mümkündür:
Adillik xeyirxahlıq güdməkdir,
Bu, xalqdan xilas olmaq üçün böyük sənətdir.
Ədaləti
"padşahlığın əsas şərti" hesab edən
Nizami -
Bu evdə hər kim
bir gecə xeyirxahlıq etsə,
O, öz
sabahkı evini abad etmiş olur,
- deyir.
"Padşahın əsl düşməni zülm edən
ədalətsiz məmurlardır. Xalq zülm edəndən
üz çevirər", - deyən Nizami Gəncəvi
dövlətin möhkəmliyi və sabitliyi üçün
hökmdarla, iqtidarla xalqın birliyinə çox böyük
əhəmiyyət verirdi. Şairə
görə, əbədi dövlətə nail olmaq
üçün ölkədən, məmləkətdən
zülmün, sitəmin ayağını kəsmək,
xalqı incitməmək lazımdır. Məhəmməd
Əmin Rəsulzadə də qeyd edir ki, "Nizamiyə
görə, dövlət anlayışı ilə zülm
anlayışı bir araya sığa bilməz" (Rəsulzadə
Məhəmməd Əmin. Azərbaycan
şairi Nizami. Bakı, "Çıraq"
nəşriyyatı, 2008, səh. 250).
Yalnız bu zaman dövlətin gələcəyi haqqında
düşünmək olar.
Şair
dönə-dönə vurğulayır ki, zülm və sitəmlə
xalqın rəğbətini qazanmaq, hörmət və ehtiram
əldə etmək mümkün deyildir, bütün
qapıların açarı yalnız ədalət və
xeyirxahlıqdır! "Ölkə (məmləkət)
yalnız ədalətlə qüdrətli (əbədi) ola bilər" - deyən şairin ədalətə
necə böyük önəm verdiyi bu mövzu ilə
bağlı işlətdiyi təşbihlərdən də məlum
olur. O, ədaləti - "dünyanı şadlandıran
böyük əmirə", "məmləkəti abad eləyən
bir zəhmətkeşə" bənzədir.
Zülm etmək bəyənilən əməl
deyil, (çünki bu)
Öz
üzünün suyunu (abrını)
və
xalqın qanını tökmək (deməkdir).
Nizami
çox incə şəkildə dövrünün hakimlərinə
çatdırır ki, zülm edilən xalqdan qorxmaq
lazımdır! Şair Sultan Mahmudun aqibətini nümunə gətirir:
Bir-iki
kişinin incimiş himməti
Gör Mahmudun bədənini (nə günə)
saldı.
Məlumdur ki, Sultan
Mahmud Qəznəvi (999-1030) Hindistanı fəth edəndən
sonra hind kahin və yoqları öz maqnetizmi (himməti) vasitəsilə
Mahmudu dəhşətli xəstəliyə mübtəla
edirlər. Təbiblər onu müalicə
etməkdə aciz qalırlar. Bu zaman Mahmuda
xəbər çatır ki, onun xəstəliyinin səbəbi
kahin və yoqların dua və ibadətidir. Mahmud onları məcbur edir ki, ona şəfa
duası oxusunlar və bundan sonra o sağalır.
Prof.
Rüstəm Əliyev yazır ki, yuxarıdakı "beytdə
əsas məqsəd zülmkar şah və hakimləri məzlumların
ah-naləsi, bəddua və qarğışları ilə
qorxudub, zülmkarlıqdan saqındırmaqdır..."
(Nizami Gəncəvi. Sirlər xəzinəsi.
Filoloji tərcümə prof. Rüstəm
Əliyevindir. Bakı, Qanun Nəşriyyatı, 2014, səh.280).
Akademik Həmid Araslının da qeyd etdiyi kimi, dahi
şair, ümumiyyətlə "ədalət problemi ilə
bağlı dövlətin idarəsinə ağıllı, təcrübəli
adamların cəlb edilməsi, nəhayət, zülmə
dözməməyə çağırış,
zalımın ədalətsizliklərini üzünə
qorxmadan demək, haqsızlıqlarla mübarizə kimi öz
aktuallığını əbədi saxlayan ictimai-siyasi əhəmiyyətli
mülahizələr söyləmişdir" (Araslı Həmid. Şairin
dünya şöhrəti. // H.Araslı. Azərbaycan ədəbiyyatı:
tarixi və problemləri. Bakı, "Gənclik", 1998, səh.
236).
Nizaminin əsərlərində hökmdarın ədaləti
şəxsiyyətin və türk cəmiyyətində, ailəsində
xüsusi dəyərə malik olan qadının şərəf
və ləyaqəti ilə müqayisə olunur. Şahın ədaləti
qadınlıq, müqəddəslik və ən əsası
toxunulmazlıq rəmzi olan örpəklə
qarşılaşdırılır.
Bu
zülmə həvəslə baxanlar
Mənim
örtüyümü, sənin isə
ədalətini
biabır edirlər.
Nizami Gəncəvi
zülmə qarşı mübarizədə sözün tərbiyəedici
gücünə, bu nəsihətlərin zalımlara dərin
təsir bağışlayacağına, onları zülm,
istibdaddan əl çəkməyə vadar edəcəyinə
inanır və özünəməxsus bir müdrikliklə
bütün insanlara, ilk növbədə isə dövlət
başında dayananlara, ixtiyar, güc sahibi olanlara müraciət
edir:
Şair
"Ədalətli Nuşirəvan və vəzirin hekayəsi"ndə
də bir daha vurğulayır ki, "zülmün hasili
göz yaşından başqa bir şey ola bilməz!".
Öz zəmanəsində
ədalətdən əsər-əlamət
qalmadığından, onun "dağlara qaçıb əfsanəvi
Simurq quşunun qanadları altında özünə
sığınacaq tapdığından" şikayətlənən
şair ədaləti bərpa etməyin yollarını da
özünəməxsus şəkildə tövsiyə edir:
Sən ondan ötrü şahsan ki,
zülmü azaldasan,
Başqaları
xəstə olarsa,
sən
onlara dərman verəsən.
Zəiflərin
adəti sənə naz eləmək (ərk etmək) olar,
Sən isə gərək onlara nəvaziş göstərəsən.
Zavallı
nəfəslərin hörmətini saxla,
Küncə
qısılmış iki-üç zəifi qoru!
Nizami Gəncəvinin
ictimai görüşlərindən bəhs edən professor Cəfər
Xəndan şairin insan hüquqları haqqındakı fikirlərinə
toxunarkən yazır: "Nizamiyə görə,
yaranmışların ən şərəflisi insandır. O,
öz hüququnu almalı, insan kimi yaşamalıdır"
(Cəfər Xəndan. Nizami Gəncəvi. // Cəfər Xəndan.
Seçilmiş əsərləri. 3 cilddə. 1-ci cild. Şeirlər, poemalar, ədəbi-tənqidi məqalələr.
Bakı, "Çaşıoğlu", 2010, səh. 142).
Beləliklə, Nizami Gəncəvi arzu etdiyi ictimai
quruluşun necə və hansı vasitələrlə bərqərar
olmasını dəqiq müəyyənləşdirmişdir. "Onun
fikrincə, xoşbəxt cəmiyyətdə rəiyyətlə
hökmdar bir vəhdət təşkil etməli, şah -
hakim böyük bir ailədən ibarət olan bütün
elin başçısı, onun qəyyumu və rəhbəri
olmalıdır. Belə bir quruluşda
bütün ölkə hökmdara tabe olur. Lakin hökmdar hakimi-mütləq olmur. O, hər
bir addımını onun ətrafında olan alimlərin,
filosofların, vəzirlərin və dünya
görmüş qocaların məsləhəti ilə
atır. Belə hökmdarların ümdə
qayğısı rəiyyətin rifahı
olmalıdır" (M.Mübariz. Böyük
demokrat. // Nizami. Üçüncü
kitab. Bakı, Azərnəşr, 1941, səh.14).
Nizami Gəncəvinin
ədalətli cəmiyyət necə olmalıdır probleminə
dair görüşlərini aşağıdakı kimi
ümumiləşdirmək olar:
- hökmdar (dövlət
başçısı) ilk növbədə məmləkəti
abad etməlidir ("Əgər sən şahsansa,
şahlıq mülkünü abad et");
- məmləkətin hər bir vətəndaşı
dövlətin sabitliyi və möhkəmliyi üçün
birləşməli və hökmdar da məmləkətin
(dövlətin) hər bir vətəndaşının taleyi
üçün cavabdehlik daşımalıdır ("Sinəni
gər, bunlar hamısı sinələrini səninçün
gəriblər");
- hökmdar-xalq münasibətlərinin möhkəmliyi
üçün yerlərdə ixtiyar sahibi olan məmurlar
öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər;
- qoşunun (ordunun) qayğısına qalmaq
(Ölkənin və qoşunun xeyirxahı olsan, / bütün
ölkə və qoşun da sənə yaxşılıq diləyəcəkdir);
- zülmün kökünü kəsmək (Məmləkətin
evini yıxan sitəmkarlıqdır / Əbədi dövlət
xalqı az incitməkdən hasil olur);
- xalq malına göz dikməmək (Elə bil zəiflərin
malını ələ keçirdin, ...Onda qiyamət
günündə mühakimə başlayanda /
Utanmayacaqsanmı?..);
- ədalətli olmaq (Ölkəni yalnız ədalətlə
almaq olar. Ədalət məmləkəti abad edən
bir zəhmətkeşdir. Məmləkət yalnız ədalətlə
əbədi qüdrətli ola bilər) və
sair.
Sonda bir məqamı
da qeyd edək ki, Avropa ədəbiyyatında Nizami Gəncəvinin
hələ uzun əsrlər əvvəl ədəbiyyata gətirdiyi
və bədii həllini verdiyi ictimai, siyasi və sosial məsələlərin
- dövlətin idarə olunması, hökmdar və xalq
münasibətləri, ədalətin bərpası, insanın
mənəvi kamilliyə can atması, şəxsiyyətin
fiziki və düşüncə azadlığı, insan əməyinin
qiymətləndirilməsi, sevmək və sevilmək
hüququ və s. - sanki davam və inkişafını
açıq-aydın görmək olur. Bunun dəqiq ifadəsini
görkəmli tədqiqatçı Əkbər Ağayev
aşağıdakı mülahizələrində aydın
şərh edir: "Nizaminin yaradıcılığı XII əsrdə
Azərbaycanı humanizmin vətəninə
çevirmişdir, halbuki həmin dövrdə Qərbi Avropa
ölkələrində intibah dövrünün fikir və
ideyaları hələ rüşeym halında idi. Buna görə də qətiyyətlə demək olar
ki, Nizami ümumdünya tarixində intibah dövrünün
yetişdirmiş olduğu görkəmli sənətkarların
ən qüdrətli sələflərindən biridir"
(Ağayev Ə. Nizami və dünya ədəbiyyatı.
Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1964, səh.64).
Təhminə
BƏDƏLOVA
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 24-25.