Səadət
anı
Bu müharibədən qabaq mən elə
xoşlayırdım ki, qaranlıq səmada şimşək
çaxmasını. Belə hallarda balaca evimizin kiçik
açıq eyvanına çıxıb, masa arxasına
düzülmüş kətillərin birinə əyləşib
səmaya baxırdım - şimşək
çaxırdı, ildırım guruldayırdı. Sanki göylər səadət anı
yaşayırdı. Sonra leysan yağışı
yağırdı - üzüm, saçlarım
islanırdı...
İndi şimşək çaxmasından qorxuram. Elə bilirəm
ki, yenə düşmən bomba atır vətənimə.
Mənə elə gəlir ki, indi bomba səsini
eşidən bütün qadınlar mənim kimi qorxurlar, lakin
bombalar altında mərdi-mərdanə ölümü
qorxaqlıqla yaşamaqdan üstün tuturlar.
Mən müəllimə Brilliant Nağıyevanı
gözlərim önünə gətirirəm. 44 günlük müharibədə
şəhid oğlu haqqında deyir: - Mən Raufa dedim ki, ay bala, bu körpə
uşaqlarını başsız qoyub hara gedirsən? - Şəhid olmağa, ana.
Söhbət şəhid Hacı Raufdan gedir.
Brilliant
müəllimə: - Bir söz deyin, Nüşabə
xanım. Bir... söz... deyin.
- Balan
torpağı vətən eyləyən oğullardandır.
Yadıma düşür ki, Birinci Qarabağ müharibəsində
Brilliant müəllimə yaralılara, şəhid ailələrinə,
qaçqın və köçkün ailələrinə nə
qədər kömək edirdi. Evinin təzə,
işlənməmiş əşyalarını ehtiyacı
olan, evləri itirilən, həyatları tarı-mar olmuş
insanlara paylayırdı.
Sonra İlqar Bürcəliyevi xatırlayıram. Babası və nənəsi
respublikanın Xalq artistləri Məmməd Bürcəliyev və
Sədayə Mustafayeva, əmisi tanınmış
teatrşünas Anar Bürcəliyev...
İlqarın 19 yaşı vardı. Ordudan tərxis olunmasına
lap az qalmışdı, bəlkə də
44 gün qalmışdı... Ancaq müharibədə
düşmən gülləsi ondan yan keçib dostuna dəydi.
İlqar özünü yıxılan dostunun
üstünə atdı, qucağına aldı ki, ona kömək
eləsin, o, ölməsin. Növbəti
cnayper gülləsi İlqarı yıxdı. Dəfn mərasimində
nənəsi Məleykə xanım əllərini
başına, dizinə çırpırdı: - Ölüm
mənim idi, bala, - deyirdi.
Mənimlə üzbəüz əyləşən,
mavi gözləri elə bil boşluğa zillənən cavan
bir qız Məleykə xanımın qabağında diz
çökdü.
- Bax,
özünü döymə, çırpma özünü,
mən də özümü çırpa bilərəm. Ancaq dözürəm. Qoy balamın ruhu narahat
olmasın...
Şəhid İlqarın anası idi bu mavi gözlü
gənc qadın.
İnzibati orqanlarda çalışan gənc Yüksəl
Əlizadəni xatırlamamaq olmur. Bu yaraşıqlı
hüquqşünas oğlanı irəlidə böyük
karyera, irəliləyiş gözləyirdi. Ancaq o da torpağımızı öz qanı ilə
suvardı.
Gəncəyə bombalar atılanda, ölənlər
içində anası erməni olan Artur adlı bir məktəbli
də vardı. O, atasını körpəlikdə itirmişdi. Uşaq atasının valideynləri ilə
qalırdı. Gəncədə 29
saylı məktəbdə oxuyurdu. Onun
ölümünü eşidən anası son dəfə
oğlunu görə bilmədi. Elə
yaşadığı yerdən bütün dünyaya car
çəkdi ki, balası erməni bombasından həlak oldu.
Bu, bütün dünyaya çağırış idi ki, Ermənistanı
ram etsinlər.
Bu 44 günlük Vətən müharibəsində yeni
bir termin yarandı - nurüzlü general. Heç bir dünya
müharibəsində heç bir generalın üzündən
nur yağmayıb -ancaq bizim Polad Həşimov haqqında
danışılanda deyilir: - Nurüzlü generalımız. Polad Həşimov müharibədə göstərdiyi
rəşadətə, qəhrəmanlığa rəğmən,
əsgərlərlə özünü bərabər
hüquqlu aparırdı. Hətta əsgərlərdən
biri danışırdı ki, kazarmanın yeməkxanasında
hamıya yemək və kompot veriblər. Ancaq
ona kompot çatmayıb. Polad Həşimov
əsgərə yaxınlaşıb soruşub ki, nə
lazımdır.
- Cənab
mayor, mənə kompot gətirməyiblər.
General gedib öz masasının üstünə
qoyulmuş bir stəkan kompotu gətirib əsgərin
qabağına qoydu.
- Tərxis
olunandan sonra dostlarına deyərsən ki, general özü mənə
kompot gətirdi.
Polad Həşimov həmişə əsgərlərlə
birgə yemək yeyirdi. Onun ölümü vətən dərdindən
xali olan min-min cismən sağ, ruhən ölü olan
insanları oyatdı, vətən uğrunda müqəddəs
savaşa qaldırdı. Azərbaycanın bu müharibədə
3 mindən artıq şəhidi oldu, onlar öz qanları ilə
30 ildir, isğal altında olan torpaqlarımızı
suvardılar ki, bu torpaqlar əbədi vətənimiz olsun. Bu üç min insan müxtəlif peşə
sahibləri idi, lakin onlar şəhidlik
qardaşlığında birləşdilər. Onların hamısının bir adı var,
bütün adlardan uca - Şəhid.
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğandan soruşdular ki,
Türkiyəni dağılmaqdan kim xilas
etdi. - Atatürk və şəhidlər, - dedi.
Mən
onun sözlərini perifraz edib deyirəm ki, bizə bu möhtəşəm,
hətta 100 illərlə ölçülən tariximizə
qızıl hərflərlə yazılan bu qələbəni
Ali Baş Komandan, Prezident İlham Əliyev və şəhidlərimiz
bağışladı.
...Müharibədən
artıq 7 ay keçir. Mən indi qaranlıq səmada
şimşək çaxmasından qorxuram. Biixtiyar qulaqlarımı tuturam. Bəlkə
də, qaranlıq səmanın səadət anını -
şimşək çaxmasını bir də görmədim.
Ancaq mən, görünür, Allahın istədiyi
insanlardanam - mənə böyük səadət anı - 44
günlük müharibədə qələbəmizi göstərdi.
Nüşabə
Əsəd MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 25.