Vulkan
ömrü
Bir hissə
Xəlil Rza Ulutürk xatirələrə
sığmır. Mənə elə gəlirdi ki, onun
haqqında xatirə yazmaq mənim üçün ən asan
işlərdən biridir. Çünki 35 il
fasiləsiz olaraq onunla oturub-durmuş, səfərlər
etmiş, görüşlər keçirmiş və bir yerdə
olmuşuq. Düzdür, bu müddətin 10 ilini mən ancaq
Azərbaycana məzuniyyətə gələrkən onunla
görüşər və bir yerdə olardıq, qalan
vaxtlarda isə onunla ardıcıl məktublaşar, telefon əlaqələri
saxlayar və mənəvi baxımdan bir yerdə olardıq.
Lakin yanılmışdım. Xəlil Rza haqqında
xatirə yazmaq çox çətinmiş. Bu bəlkə ona görədir ki, Xəlil Rza hələ
mənim qəlbimdə xatirəyə dönməmişdir.
Vəfatından iyirmi yeddi il keçsə
də Xəlil mənim üçün canlıdır,
diridir, ölməmişdir. Onun
ölümünə inana bilmirəm. Mənə
belə gəlir ki, o, harasa uzaq bir ezamiyyətə getmişdir
və haçansa qayıdacaqdır.
Bir də onun yazdıqları, görüb getdiyi işlər
və apardığı mübarizələr hər gün
bizimlədir.
Çiyin yoldaşı kimi ("çiyindaş kimi", - Xəlil
belə deyərdi) bizimlə birgə Azərbaycanın
müstəqilliyinin möhkəmlənməsi uğrunda,
işğal olunmuş torpaqlarımızın azad olunması
uğrunda, simasızlığa, qorxaqlığa,
yaltaqlığa və mövqesizliyə qarşı
amansızcasına və qəhrəman kimi mübarizə
aparır...
Bununla belə, Xəlil haqqında xatirə yazmaq
lazımdır. Bu, müşkül bir işdir.
Tanışlıq
1959-cu ilin
payızı idi. Mən, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunun 3-cu kursunda oxuyurdum. Şeir
yazdığıma, ictimaiyyətçi və fəal
olduğuma görə institutda tez-tez şairlər,
yazıçılar, elm, mədəniyyət və incəsənət
xadimləri ilə görüşlər keçirərdik.
Belə görüşlərdən birini dediyim
payızda Xəlil Rza, Nəriman Həsənzadə, Cabir
Novruz və bir dəstə digər şairlərlə
keçirirdik. Bu şairlər arasında
orta boylu, cəngavər görkəmli, qıvrım
saçlı və gözləri günəş kimi yanan
şair diqqətimi daha çox cəlb etdi. Onun gözləri adamı özünə ahənrüba
kimi çəkirdi. Tanışlıq zamanı məlum
oldu ki, bu, Xəlil Rzadır...
Xəlil
Rzadan onun ev ünvanını aldım və
bir həftədən sonra təzə şeirlərimlə
onunla görüşmək üçün icazə istədim.
Tərəddüd etmədən ev
ünvanını mənə verdi.
O, indiki
Azadlıq (keçmiş Lenin) prospektində öz həyat
yoldaşı, gözəl Firəngiz xanımla birotaqlı mənzildə
yaşayırdı. Xəlil öz qonaqpərvərliyi ilə
məni elə qarşıladı ki, sanki biz lap çoxdan tanış idik. Bu məni
çox utandırdı və özümü itirdim. Lakin "təzə şeirlərimi gətirmişəm",
- deyəndə, onun günəş gözləri sanki
alovlandı. "Oxu!", - dedi. Mən birnəfəsə
on beş təzə şeirimi ona oxudum.
Bu tanışlıqdan sonra mən mənən bir
gün də Xəlil Rzadan ayrılmadım.
Ayrısı...
1962-ci ildə Tibb İnstitutunu bitirdikdən sonra məni
SSRİ Silahlı Qüvvələrinə tibb xidməti zabiti
olaraq, zorla, ömürlük hərbi xidmətə
çağırdılar. Mən bütün
arzularımdan, Azərbaycan poeziyasından, dilindən,
muğamatından, mədəniyyətindən və
torpağından illərlə ayrı düşdüm.
Bütün arzularım puç oldu. Çünki mən Tibb İnstitutunu bitirdikdən
sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini
qiyabi bitirib sırf ədəbi yaradıcılıqla məşğul
olmaq arzusunda idim. Lakin orduya
çağırılmağımla bütün istəklərimə
son qoyuldu...
On il ərzində demək olar ki, mən hər həftə
yalnız Xəlil Rza vasitəsilə Azərbaycan ədəbiyyatından
və burada baş verənlərdən xəbər tuturdum.
Qeyd
edım ki, 1962-1971-ci illər ərzində yazdığım
əsərlərimi mən telefonla böyük insan, unudulmaz
dost Xəlil Rzaya oxumuşam.
1971-ci ildə xidmət yerimi Belarusiya Hərbi Dairəsindən
Zaqafqaziya Hərbi Dairəsinə dəyişə bildim və
Neftçalanın Şimali Şərqi Bankə qəsəbəsindəki
"N" saylı hərbi hissənin tibb xidməti rəisi
təyin edildim. O, ata yurdu Salyana tez-tez gəlirdi və mən onunla
görüşürdüm. Elə bu zamanlar mən Xəlil
Rzanın böyük və çox mehriban ailəsi ilə -
böyük təbiətli və geniş ürəkli
Xanım ana ilə, qardaşları Tofiq, Fərhad, Rüstəm
və Məhəmmədlə tanış oldum, onların
evini öz evim bildim. Artıq Azərbaycanım
üçün, Azərbaycan ədəbi mühiti
üçün darıxmır və ciddi şəkildə ədəbi
yaradıcılıqla məşğul olurdum. Xəlil bəy isə məni nəzarətdə
saxlayır və yaradıcılığımı izləyirdi.
Günlərin birində qardaşı Fərhad bəy mənə
qalın bir dəftərxana kitabı gətirdi və dedi:
"Bunu Xəlil göndərib və deyib ki, "Ramiz
gündəlik yazsın". Mən o vaxtdan gündəlik
yazmağa başladım...
1973-cü ilin aprelində xidmət yerimi Bakıya dəyişdim. AZTV-də
"Hünər" proqramının daimi
aparıcısı və müəlliflərindən biri
oldum. Bu əməkdaşlıq 17 il
davam etdi.
Mən artıq böyük şair, ictimai siyasi xadim Xəlil
Rza ilə çiyin-çiyinə dayanmışdım. Onunla
keçirilən bütün görüşlərdə
iştirak edirdim, yaradıcılığı haqqında məruzələr
edirdim. XX əsrin 80-ci illərinin
sonlarında millətçi-şovinist qaraçı-erməni
faşistləri Azərbaycana qarşı ərazi iddiaları
ilə çıxış edəndə SSRİ prezidenti,
Sov. İKP MK-nın Baş katibi, mənfur
M.S.Qorbaçov onları haqsız olaraq müdafiə edəndə,
Azərbaycan türkləri qədim ata-baba torpaqlarından
zülmlə çıxarılanda Xəlil Rza Azərbaycan
ziyalıları arasında birinci olaraq etiraz səsini
qaldırdı və 20 Yanvar şəhidlərinin yeddisi
günü Şəhidlər xiyabanında hayqırdı:
Daz
başında qaralan kor xalına tüpürüm,
Zəncirdə saxladığın Arutyunyana
tüpürüm.
Zəncirsiz
saxladığın Vəziryana tüpürüm!
Xalqıma
qəddar yağı,
Alçaqların
alçağı!
26 yanvar
gününün həmin axşamı DTK xəfiyyələri
Xəlil Rzanı vəhşicəsinə həbs etdilər və
xüsusu təyyarə reysiylə Moskvaya, Lefortovo zindanına
apardılar.
Xəlil Rza 8 ay 17 gün Lefortovo zindanında yatdı. Bu aylar ərzində
bütün xalqımız onun müdafiəsinə qalxdı.
Azərbaycan Yazıçılar
İttifaqının nəzdində Xəlil Rzanı Müdafiə
Komitəsi yaradıldı. Xalq
yazıçısı İsmayıl Şıxlı və
hüquqşünas Hümmət Süleymanlı Komitənin
həmsədrləri, mən isə katibi şeçildilər.
Mən
may ayının 12-də "Xəlil, hey" şeirimi
yazdım. Şeir "Günaydın" qəzetində
dərc edildi və rəğbətlə
qarşılandı.
1990-cı ilin mayında Xəlil Rzanın kiçik
qardaşı Məhəmməd Xəlilbəyli ilə "Gənclik"
nəşriyyatında "Xəlil, hey" kitabını nəşr
etdirdik.
Müdafiə
Komitəsinin qərarı ilə Xəlil Rzanın Bakı
Şəhər Məhkəməsində 1990-cı il
noyabrın 22-də keçiriləcək açıq məhkəməsi
ərəfəsində Xalq şairləri Qabil və Qasım
Qasımzadə və Xəlil Rzanın ictimai müdafiəçiləri,
eyni zamanda ictimai vəkilləri təyin edildilər və bu
barədə Bakı Şəhər Məhkəməsinin sədri
qarşısında vəsatət qaldırıldı. Həmin tarixdə hakim İlqar Abbasovun sədrliyi ilə
keçirilən məhkəmə iclasında Xəlil Rza
Ulutürk məhkəmə zalından azadlığa
buraxıldı.
Həmin gün Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda şairlə keçirilən
görüşdə iynə atsan yerə düşməzdi.
Lefortovo zindanından azad olduqdan sonra X.R.Ulutürkün
istər ədəbi yaradıcılığının, istərsə
də milli müstəqilliyimizin möhkəmlənməsi
uğrunda ictimai-siyasi mübarizəsinin yeni intibah
dövrü başladı. O, məktəblərdə,
zavodlarda, fabriklərdə, müəssisələrdə, rayonlarda
saysız-hesabsız görüşlər keçirir, xalq məhəbbətinin
tükənməzliyini duyduqca yeni ədəbi üfüqlər
fəth edirdi.
X.R.Ulutürk bu illərdə misli görünməmiş
ədəbi məhsuldarlıq nimayiş etdirdi. O, "Davam edir 37"
("Gənclik," 1992), "Ayla Günəş
arasında" ("Yazıçı", 1992), "Turan
çələngi" ("Elm", 1992), "Uzun sürən
Gənclik" ("Azərnəşr" 1994) və "Mən
Şərqəm" ("Elm", 1994, ölümündən
azca sonra çapdan çıxdı) kitablarını nəşr
etdirdi. 3 il ərzində 170 çap vərəqi
həcmində poeziya (orijinal və tərcümə çap
etdirmək ədəbi hünər, ədəbi qəhrəmanlıq
və ədəbi cəngavərlik idi.
Amansız şəkər xəstəliyi öz işini
görməkdə və yeni-yeni fəsadlar verməkdə idi. Artıq Xəlildə
kardiopatiya (ürək fəaliyyətinin pozulması),
angiopatiya (arterial damarların fəaliyyətinin pozulması) və
nefropatiyanın (böyrəklərin fəaliyyətinin
pozulması) əlamətləri açıq-aydın
görünürdü. Demək olar ki,
böyrəkləri fəaliyyətdən qalmışdı,
işləmirdi. Aşağı ətrafları
kösöyə oxşayırdı (kömürləşirdi).
Xəlil Rza Vətən və xalq məhəbbəti
hesabına yaşayır və yazı makinasının
arxasından durmurdu.
Ulu
Öndər onu Türkiyəyə və Almaniyaya müalicəyə
göndərdi, özüylə Fransaya rəsmi dövlət
səfərinə apardı...
Qayıtdıqdan sonra öz yaşayış tərzindən
əl çəkmədi və günlərinin çoxunu
Türkandakı bağında keçirir,
yaradıcılığını davam etdirirdi.
...Lefortovo
zindanı (bu barədə yuxarıda bəhs etdim). Lefortovo zindanı onu sarsıda bilmədi. Lakin 1991-ci ilin fevralında böyük oğlu Təbriz
Xəlilbəylinin Birinci Qarabağ müharibəsində
Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə
həlak olması onu sarsıtdı. Onun Təbriz
bəyin dəfn mərasimindəki heyrətamiz tarixi
çıxışı Xəlil Rza Ulutürk nəhəngliyinin
boy göstəricisi idi. O, Təbrizin Vətən
uğrunda həlak olması ilə əlqədar Təbrizin
anası Firəngiz xanıma və Təbrizin həyat
yoldaşı Sevinc xanıma gözaydınlığı verdi, onları təbrik etdi. Tariximizdə
belə şey olmamışdır. Mənə
belə gəlir ki, Ulutürkün bu
çıxışını ədəbiyyat və tarix dərsliklərinə
daxil etmək lazımdır. Mütləq
lazımdır! O, heç nəyi üzə vurmurdu. Hər şeyi içində çəkirdi. Özü də qəhrəman kimi çəkirdi.
Amansız şəkər xəstəliyi isə
öz işini görür, onu əridirdi.
İyunun
22-də Ulutürk əbədiyyətə qovuşdu...
...Yazımın
sonunda bir coğrafi, təbiət həqiqətini deyim:
Böyük vulkanlar sönmür.
Xəlil Rza Ulutürk ömrü və
yaradıcılığı da böyük vulkandır. O, zaman- zaman oyanacaq, tarixlə,
bəşəriyyətlə addımlayacaq, haqq-ədalət
və azadlıq uğrunda mübarizəsini davam etdirəcəkdir.
Bakı,
20 iyun 2021
Ramiz DUYĞUN
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 28.