Səni amansızca sevməyin
dadın çıxarmaq istəyirəm...
Sonuncu avtobus Bakının hay-küyün aparır evinə.
Gecə növbəsində Aydı
qəşəngim.
Kaş,
sabah da
dura Günəşin yerinə.
Dinməzcə durmuşam hüznlü gecənin qarşısında.
Səni amansızca sevməyin dadın çıxarmaq istəyirəm.
Bəxtini boğazıma bağlayıb
düyünləmişəm.
Hərdən qəhər gəlib açmaq istəyir.
pərt olub qayıdır geriyə.
Axı...
Mən indi ac küçə iti də tapa bilmirəm.
Tapa bilmirəm ki,
Cəsarətimin üstünə hürə.
Mən indi əclaf adam da tapa bilmirəm.
Tapa bilmirəm ki,
Cəsarətimi təhqir edə.
Səni amansızca sevməyin dadın çıxarmaq istəyirəm.
Sonuncu siqaretin külün çırpıb sonra bir "ah"
yandırıram...
Bir az gözlə.
Hə, hə...
Nəfəsin əsməyə başladı.
Ürəyimə sancdığın yaylığı
dalğalandırır.
Pəncərədən yıxılan baxışların
durub üstümə yüyürürlər.
Mən də götürüb öpüb
qoyuram gözümün üstünə.
Səni görürəm.
Səni
görürəm...
Səni
görürəm!
***
Torpağın altında minalar da ümidlə
yaşayır.
Əllərimi minanın üstə qoyub partlatmaq istəyirəm.
Vicdanımın üstə sığal çəkməyə bir şey
tapılmasın.
İndi mənə qırıq skripka lazımdır.
Açıb simlərin mənə bağlasınlar.
Mənim Qəmlərimi skripkaya.
Onsuz da bütün insan skeletləri
bir-birinə oxşayır.
Xoşbəxt, gülərüz...
Sən, nə deyirsən, bu bəzəkli
ağrıya?
***
Vallah darıxıram, narahat olma.
Olur da, arada and da içirəm.
Kəsilib özümün sən
yarısından,
Qırçınlı ömrünə tam biçilirəm.
Çevrilib
dumanlı beynindən tapır,
Göyərçin gözlərin gətirir sülhü.
Söz yuyur beyninin divarlarını.
sürüşür, tuturam təbəssümünü.
Kündə-kündə
bölünəndə həyatdan
Tapılarsan gözün qızarmışında.
Qarasında gizlənməyə nə
var ki,
Düşər səadət də
səninci qatdan,
Gülümsəyib deyərsən, nə gəzirsən
Sənsən saçlarımın ağarmışında?!
Anar ADİL
Ədəbiyyat qəzeti.- 2021.-
26 iyun.- S.31.