Bəktaşi dərvişi,
filosof, professor, nazir,
millət vəkili - kədər
şairi Rza Tofiq
"Kürsüdə konfransçı, çılpaq
rəsmlərində pəhləvan, təkkədə rind, məqalələrində
əllamə və bunların hamısına imza atarkən bir
filosof". (H.S.Gezgin).
Mason
olduğunu iddia edənlər, masonluğa xəyanət etdiyi
üçün lojadan qovulduğunu söyləyənlər
də var.
Əhməd Həmdi Tanpınara görə o, bəktaşidir.
1907-ci ildə İttihad və Tərəqqi
sıralarına qatılıb.
İstanbul Universitetinin ilk fəlsəfə professorudur.
Məclisi-məbusanda millət vəkili.
Osmanlı
dövlətinin Təhsil naziri...
Dövlət
Şurasının sədri...
Özü isə Türkiyədə
turançılıqla bağlı cərəyan
yaratdığını və bunu sözdə və nəzəriyyə
ilə deyil, əməldə gerçəkləşdirdiyini
iddia edir.
Şair idi. Heca və əruzda eyni vüsətlə,
ustalıqla və ilhamla yazırdı.
Əli bəy
Hüseynzadənin dostu, Hüseyn Cavidin fəlsəfə
müəllimi, Məhəmməd Hadinin xeyirxahı...
Türk poeziyasının milliləşmə hərəkatının
və cərəyanının episentrində "şair
bütün varlığın ahəng və mənasını
sezən ruh olmalıdır" deyən Rza Tofiqin nəzəri
fikirləri və dəstəyi dayanırdı.
"Türkçülüyün tarixi"ində
Akçura da elə bunu nəzərdə tutaraq: "Rza Tofiq
türkçülük ədəbiyyatının teorisiyenlərinə
başçılıq edir" demişdi. 1901-ci ildə
Türkiyənin ilk milli şairi Mehmet Emin Yurdaqul ilk fəlsəfi
şeirini ona ithafən yazır, o isə Yurdaqula səslənir:
"Əməl qütbünün yolunu siz kəşf
etdiniz... Anlamışsınız ki, yalnız əruz vəznini
və ya ərəbcə kəlmələri, yaxud əski təşbeh
və təsəvvürlərlə bərabər onları bəlirtməyə,
söyləməyə vasitə olan vəsf tərkiblərini
və digər tərkibləri buraxmaqla iş bitməyəcək;
anlamışsınız ki, türkcə şeir yazmaq bu
yabançılıqların hamısından qələmini
xilas etmək, zehnini təmizləməklə bərabər
türklüyün fikir özəlliklərinə, yüksək
mənasına, zövqünə, keyfinə, ehtiyacına,
inancına görə yazmaqdır. Fazla olaraq o
kimi özəlliklərdən bir türk qövmünün bu
milli yaradılışını sevmək, həm səmimi
olaraq sevməkdir. İştə
yaradılışınızda olan şairlik
bacarığınız, çətin şeyləri asan
qılmağa yönəlik şəxsi qüdrətiniz bir yana, sizin böyük başarınız bu qədər
ağır, bu qədər çeşidli səbəblərə
meyil etmənizlə bağlıdır... Öylə
parlaq, öylə böyük mənzumələrlə
davanın əksini isbat etdiniz ki, altı yüzillik ədəbiyyatımızda
bir örnək göstərmək asan deyil deməkdən
çəkinmirəm".
Rza Tofiqin bu yazısını Hilmi Ziya Ülken yeni ədəbi
hərəkatın manifesti kimi səciyyələndirirdi.
Təkcə şeirdə deyil, Rza Tofiq sənətin
bütün qollarında millilik amilinin qaynaqlarını tədqiq
edir, hətta türk rəqslərində belə türk mənəviyyatının
cizgilərini, bu rəqslərin milli mənasını
araşdırırdı.
Fəlsəfədə qərbçi, şeirdə
xalqçıydı.
Rza Tofiq XX yüzil türk poeziyasında milliyyətçi
ruhu təsəvvüf düşüncəsiylə, hələ
üstəlik, təsəvvüfü fəlsəfə ilə
qovuşduran ilk şair idi.
Həm də "Yazdığı şeirlərinin səmimiyyəti
etibarilə ölməz nəfəsləri, şami-qəribanları
üzündən Anadolunun təhkiyəçiləri, təsəvvüf
salikləri onu "Mövlana Rza", "Dərviş
Rza" və ya "Rza baba" deyə tanıyır və
mürşid sanırlar" (H. Zeynallı).
Türk ictimai fikrində Kamil İnsanla Fövqəlinsanı
fərqləndirən ilk filosof da Rza Tofiqdir. İstanbul Universitetində
"Vəhdəti-vücud" müəllifi Ömər Fərid
Kam kimi sufi professorlar olsa da, Qərbi və
Şərqi mükəmməl bilən Rza Tofiq bu baxımdan bənzərsiz
idi. XX yüzilin əvvəllərində Türkiyənin elmi
çevrələrində Kamil İnsanla Üstinsan nəzəriyyəsinə
onun qədər aşina olan, bu iki aspekti onun qədər incələyən
və bu barədə onun qədər yazan ikinci bir mütəfəkkir
yox idi: "Avropa fəlsəfəsiylə aşina olanlar
bilirlər ki, keçənlərdə vəfat etmiş olan
alman filosofu Fridrix Nitsşe "Kamil insan" nəzəriyyəsini
Avropada təbliğ etmişdi. Bu mütəfəkkir
xəyalpərəstin fikrincə, hazırkı tərəqqinin
təbii davamı ilə gələcəkdə insanlar əxlaq
baxımından fövqəladə təkamülə
qovuşacaq, fövqəlbəşər bir insan olacaqlar.
İndi insanlara nisbətlə meymunlar, bu gün
hansı dərrakədə qalmışlarsa, bizlər daha gələcəyin
o fövqəlbəşər insanları ilə müqayisədə
o mənzilədə görünəcəyik. Nitsşenin bu nəzəriyyəsinin təfsilatına
varmaq niyyətində deyiləm. Amma onu
söyləyim ki, alman filosofunun fövqəlbəşər
dediyi nümunəvi insan nəzəriyyəsiylə, təsəvvüfün
Kamil İnsanı arasında zahiri bənzərliklərinə
rəğmən, heç bir vəchlə münasibət
yoxdur. Zahirə baxıb aldanmayın.
Nitsşenin bu təsəvvürü aristokratiya hissinin... bir az da təkamül fəlsəfəsinə
bürünməsindən doğmuşdur. O yüksək
insan, amal və hərəkətində bildiyimiz əxlaq
ehkamına riayət etməyə məhkum deyildir. Sair adi insanları istədiyi kimi təsərrüf
edər, heyvandan istifadə edirmişcəsinə istifadə
edər. Nə etsə, məsul deyildir.
Görünür, müstəmləkə idarə
edənlərin istibdadını bu nəzəriyyə, sadəcə,
mümkün deyil, məqbul və zəruri hesab edir. Təsəvvüf ilə bunun qətiyyən
münasibəti yoxdur".
Rza Tofiq
Türkiyədə 1914-cü ildə nəşr olunmuş ilk
"Fəlsəfə dərsləri"nin
müəllifidir. Dünya fəlsəfi fikri barədə
ilk bilgilər türk ictimai fikrinə onun bu kitabı ilə
daxil olur. "Türkiyədə Berqsonu ilk
tanıdanlardandır... Türkiyədə fəlsəfəni
tədris halına gətirən ilk insandır"
(H.Z.Ülken). Fəlsəfi istilahların,
terminlərin, bir sözlə, türk fəlsəfə dilinin
yaranmasında birinci amil Rza Tofiqdir. XX yüzilin əvvəllərində
Əli bəy Hüseynzadə Hartmanın pessimizmi barədə
yazarkən, təəssüf hissilə qeyd edirdi ki,
"dilimiz fəlsəfi istilahlar cəhətindən naqis və
kasıb olduğu üçün bu barədə
danışmaq asan deyil" və örnək olaraq "yenə
Osmanlı şivəsi ilə böylə bir bəhsə
girişmək olur və İstanbul alimlərindən filosof
Rza Tofiq əfəndi böylə bəhslərdə dil cəhətdən
əsla zəhmət çəkməyir. Lakin
bizim Azərbaycan şivəsilə fəlsəfədən dəm
vurmaq çox çətindir!" - deyirdi.
Hüseyn Cavidin İstanbul dövrünü yazarkən,
diqqətimi cəlb edən və məni dərindən
düşündürən əsas məqam bu oldu ki, necə
oldu, Cavid 1906-cı ildə İstanbula çatan kimi, Rza Tofiqlə
qarşılaşdı? Naxçıvandan İstanbula gələn bir gəncin
Rza Tofiqlə bağlantısı necə baş verdi? Onun 1906-cı ildə İstanbuldan Qurbanəli
Şərifzadəyə yazdığı ilk məktubda belə
bir qeyd var: "Şeyx əfəndi ki, qabil və zabitəli
və ezvai-ruzgara xəbərdar bir müəllim və ədibdir,
gündə üç saət kəndi əfkarımca təhsil
edim". Belə anlaşılır ki, Cavid hələlik
Şeyx əfəndinin kimliyini bilmir. İki il sonra, 1908-ci ildə yazdığı məktubda
isə artıq Şeyx əfəndi yoxdur. Rza Tofiq var:
"Hürriyyət alınar-alınmaz Rıza Tofiq bəy
Ədirnə məbusu intixab edildi. Bəzi
asari-nafiə nəşrinə başladı,
darülfünunun ədəbiyyat şöbəsinə
professor təyin edildi. İttihad-tərəqqi
cəmiyyəti tərəfindən millət vəkalətinə
namizəd oldu. Xülasə, iş iş üstündən
aşdı-daşdı, bizə vaqt qalmadı". Hüseyn
Cavid Rza Tofiq məsələsinə bir də 1938-ci ilin 10
noyabr tarixli istintaq dindirilməsində müstəntiqin
sualını cavablandırarkən qayıdır:
"Türkiyəyə təhsil almaq üçün
getmişdim. Görkəmli şair Rza Tofiqin yanında oxudum...
Bir ildən sonra isə ədəbiyyat fakültəsinə
qəbul olundum.
- Necə
oldu ki, sizi fakültəyə qəbul etdilər?
- Həmin
il Rza Tofiq özü həmin fakültədə
dərs deyirdi. Universitetə onun təqdimatıyla
qəbul edildim.
- Rza Tofiq sizi hardan tanıyırdı?
- Mən
İstanbulda olarkən Rza Tofiqin yanında oxuyan Abdulla Məmmədzadə
adlı bir kirovabadlıyla tanış
olmuşdum. Məni ona Abdulla təqdim etdi...".
Qəribədir,
niyə Cavid Rza Tofiqlə tanışlığının səbəbi
kimi Abdulla Suru nişan verirdi? Müstəntiq bunun belə olduğunu hardan bilsin,
yaxud necə araşdırsın? Axı yeganə
şahid kirovabadlı Abdulla Məmmədzadə - Abdulla Sur
dünyasını çoxdan dəyişmişdi... Və doğrudanmı, onu Rza Tofiqə gəncəli
Abdulla Sur təqdim edib? Axı İstanbula ikisi də eyni
vaxtda gəlmişdi... Cavidin 24, Abdulla Surun 23 yaşı
vardı. Rza Tofiqin də, Hüseyn Cavidin də,
Abdulla Surun da, bəlkə hətta ötən yüzilin əvvəllərində
Azərbaycan-Türkiyə münasibətlərinin də sirli
qalan, araşdırılmayan tərəfi budur. Bu faktın gerçək mahiyyətinin
aşkarlanması Azərbaycan fikir tarixinin daha dərindən
bilinməsinə təkan verir. "Cavidnamə"
kitabımda bu barədə ətraflı yazmışam...
1927-ci ilin sentyabrında Rza Tofiq, Ammandan dostu Rza Turquta
yazdığı məktubunda həmin sirri ikinci şəxsin
dilindən danışaraq özü açır:
"...Məşrutiyyətin
elanından xeyli zaman əvvəl (1908) Feyləsof Rza Tofiq
bütün türk aləmini oyandırmaq fikir və himmətində
bulunmuş. Sultan Hamidin ən vahiməli zamanlarında Rusiyadan
məşhur milliyyətpərvər yazıçı
İsmayıl Qaspirinski üç digər arkadaşıyla bərabər
tanınmamaq üçün qiyafəsini dəyişərək
İstanbula gəlmiş və öncə Feyləsuf Rzayı
sormuş və onun əski məktəb arkadaşı və
dostu olan kafkasyalı doktor Hüseynzadə Əli bəy vasitəsiylə
Rza Tofiqlə görüşmüş və
Kadıköyündə Cevizlikdəki köşkündə
üç gecə müsafir qalaraq türklərin
oyandırılması haqqında bu adamlar o Feyləsofdan rəy
və məlumat almışlar... Hətta - söyləməyi
unutdum! - məşrutiyyətdən
çox əvvəl Qasprinskinin rica və iltiması üzərinə
Rusiyadan göndəriləcək tatar-türk gənclərinə
rızaən göndərilən on bir türk və tatar və
azərbaycanlı gənclərə, Feyləsof kimsəyə
sezdirmədən, kəndi evində... büsbütün
xüsusi və sırf yeni mədəniyyətə yönəli
və zehinlərini açmaq üçün dərs
vermiş. Sonra bunların hər biri kəndi məmləkətlərinə
gedərək böyük adamlar olmuşlar, bir qismi də Feyləsofdan
ayrılmayaraq İstanbulda qalmış və elani-məşrutiyyətdə
(1908-də) onun yanında bulunmuşlar... Demək oluyor ki, Məşrutiyyətdən
çox əvvəl... turançılığın əsasını
yenə Feyləsof qurmuş və... Türk aləmində
bir cərəyan açmış... sonra on dörd kişini
iki sənə tərbiyə edib məmləkətlərinə
mürşid olaraq göndərmişdir".
Gördünüzmü? Cavid əvvəlcə
evində dərs aldığı Şeyxdən
danışır. 30 il sonra istintaqa
"məni Rza Tofiqlə kirovabadlı Abdulla Sur tanış
etdi" deyir. Rza Tofiq isə azərbaycanlı gənclərə,
kimsəyə sezdirmədən, kəndi evində iki sənə
dərs verməyindən və sonra da onları məmləkətlərinə
bir mürşid olaraq yola salmağından danışır.
Deməli, məsələ belə
çözülüb. İsmayıl bəy
Qaspıralı Rza Tofiqin universitet dostu Əli bəy
Hüseynzadənin vasitəsilə onunla görüşür
və filosofun Cevizlikdəki köşkündə üç
gecə qonaq olur və Rza Tofiq də Rusiyadan göndəriləcək
tatar-türk gənclərinə Qaspralının ricası ilə
kimsəyə sezdirmədən, kəndi evində iki sənə
dərs verir. Sonra da o insanları məmləkətlərinə
bir mürşid olaraq yola salır. O adamlardan hələlik
dördü bəllidir. Rza Tofiqlə bir yerdə şəkilləri
də var: Hüseyn Cavid, Abdulla Sur, Bəkir Çobanzadə və
özbək Əbdül Əziz.
Rza Tofiqin
1920-ci illərdə Azərbaycanda çox
dartışılmış bir şeiri var. Hənəfi
Zeynallı bu şeiri nəzərdə tutaraq Cavidlə
bağlı "Rza Tofiq kimi dinsiz bir sufi
şairin əfsununa düşən bir gənc içində
nə mübarizələr ola bilməz?" - deyirdi. Amma:
Feyləsof
Rzayam, dinsiz anlama,
Dini bən öyrətdim kəndi babama.
Hər
ipdə oynadım, cambazam, amma
Sırat köprüsünü keçəməm,
xocam.
Bu mətndə filosof, şair və akrobatın ekssentrik
qovuşuğu var. Doğrudan da, akrobat idi. Həm də
dinsiz deyildi, hətta öz atasına belə, dini özü
öyrətmişdi. Pəhləvanlığıyla,
gimnastik təlimləriylə də Spenserin fəlsəfəsinə
bağlıydı ki, "Sağlam baş sağlam bədəndə
olur". Amma daha önəmli olan
akrobatın Sırat körpüsündən keçməsi
idi. "Sırat köprüsünü
keçəməm, xocam".
...Onun bir
də Tofiq Fikrət sevgisi var. Mən də onu ilk dəfə
"Rübabi-şikəstə"nin son səhifəsində
dərc olunmuş "Tofiq Fikrətin nəcib ruhuna" ithafən
yazdığı şeirlə sevmişdim.
Dedilər
ki, ıssız qalan türbəndə
Vəhşi
güllər açmış!.. Görməyə
gəldim;
O
hücra cənnətin xakinə bən də
Həsrətlə yüzümü sürməyə gəldim.
Dedilər
ki, sənə əməl bağlayan
Qəbrində
diz çöküb, bir dəm ağlayan
Bərmürad
olurmuş!.. Bən də bir zaman
Ağlayıb mürada erməyə gəldim.
Şu
hicran yılının son baharında,
Jalələr
titrərkən çəmənzarında,
Gün
doğmazdan əvvəl, bən məzarında
Matəm çiçəkləri dərməyə gəldim.
Səni
andım bütün qəm çəkənlərlə,
Eşqi-haqq
uğruna yaş tökənlərlə,
Sarı
qöncə verən şu dikənlərlə
Daşına bir çələng hörməyə gəldim.
Yadın
- ölüm kimi - bir sırri-mübhəm!..
Nəşeyi
sevdamı bu hissi ələm?!..
Ruhumu nə füsun eylədin, bilməm?
Bu gün
sənə könül verməyə gəldim!
Rza Tofiq Fikrəti antik Zenonla, dekadans Bodlerlə
qiyaslandırır. Tofiq Fikrətin şeirlərini fəlsəfə
və incəsənətin subyektivizm, klassizm, naturalizm,
romantizm, spiritualizm, simvolizm, impressionizm, sentimentalizm,
intellektualizm əyarları ilə dəyərləndirir.
Onu "Tarixi-qədim"in opponentlərindən qorumaq
üçün pozitivizmində din duyğusunu kəşf
edir.
...Rza Turquta yazdığı məktubda
"Turançılığın əsasını Feyləsof
qurmuş" deyərkən Rza Tofiq nələri nəzərdə
tuturdu, bəllidir. Onun fəlsəfəsinə görə,
kamil insanı yetişdirmək üçün xalqa irq
duyğusu və qüruru üzərinə qurulmuş milliyyət
hissi verilməliydi. Rza Tofiq "Türk və Turan cərəyanı
bunun nəticəsidir" - deyir. "Quranın
türkcəyə çevrilməsi, duaların türkcə
olması lazım. Lakin bununla da kifayətlənməməli,
xalqa vətənin nə olduğu öyrədilməlidir".
Göstərdiyi örnək də maraqlıydı:
"Ərəblər bir-birini tanımayan qəbilələr
halında idi. İslamiyyət onları birləşdirdi.
Bu birlik nədir? Bu,
yalnız dil işi deyildir. İrq işi də
deyildir. Çünki fərqli irqləri də
birləşdirmişdir. Bu bir inanc və
qayə birliyidir".
Rza Tofiqin Azərbaycan aydınlarına təsir dairəsi,
yuxarıda da dediyim kimi, çox geniş olub.
Məhəmməd Hadi də onun həvarilərindəndir. 1910-cu ildə
Bakıdan İstanbula gedən Hadini də Rza Tofiq himayə
etmiş və "Tanin" qəzetində işə düzəlməsinə
yardımçı olmuşdu. Hadi hələ
İstanbuldaykən Azərbaycan mətbuatına içəriyindən
əksər hallarda Rza Tofiqin adının keçdiyi
yazılar göndərirdi... 1914-cü ildə isə
"Türklərin yeganə filosofu Rza Tofiq həzrətlərinə"
adlı bir şeir yazdı: "Ey mərifətin, fəlsəfənin
mənbəyi-nuru..." misrası ilə başlayan bu
şeir Rza Tofiqə xitabən yazılmış yeganə
poetik örnək deyil, əvvəllər Tofiq Fikrət biricik
filosofumuz adlandırdığı Rza Tofiqə "Həqiqətin
yıldızı", Mehmet Emin Yurdaqul filosof Rza Tofiq bəyə
"Ölü kafası" adlı şeirlər həsr
etmişdilər. Tofiq Fikrət Gümülcinədə
daş-qalağa məruz qalan Rza Tofiqi "ona hər zərbə
şəfa, hər acı söz bir müjdə" deyə,
az qala, qutsallaşdırmış, Yurdaqul
"Ölü kafası" şeiri ilə hecada fəlsəfi
məzmunlu şeir yazmağın mümkünlüyünü
o dövrün türk ədəbi camiasına
isbatlamışdı. Azərbaycanda isə Hadi elmin pak
çöhrəsinə - Rza Tofiqə səslənirdi:
Əqlin
də, kamalın da,
fünunun
da zəbundur,
İnsan
hələ məcnun,
cahan
səhni-cünundur...
İştə
mədəniyyət deyiriz, vəhşəti-əkməl,
İnsanda təkamül bumu?
Ey zati-mükəmməl!
Bunu isə Əli Nəzminin
"Keçmiş günlər"indən oxumuşam:
"1918-ci ildə Gəncədə Əli Nəzminin evində
Məhəmməd Hadi Salman Mümtaza İstanbul xatirələrini
anladarkən məlum olur ki, onun da İstanbuldakı
mürşidi Rza Tofiq imiş:
Hadi
İstanbuldan edirdi söhbət,
Heç kəsdən görməmiş orada hörmət.
Ancaq Rza
Tofiq filosof, müdam
Etmişdi Hadiyə artıq ehtiram.
"Uyğunsuzluqları"
atmış keçmişə,
Hadini düzəltmiş yüngül bir işə.
Həm də
müdafiə etmişdir daim,
Bunu ondan
başqa etməmiş heç kim.
Hadi
sitayişlə bəhs edir ondan
- Təkdir İstanbulda, - derdi, - bu insan!"
Əziz
Mirəhmədov "Məhəmməd Hadi" əsərində
yuxarıda adıkeçən şeirin yalnız ilk iki
misrasını ("Hadi İstanbuldan edirdi söhbət, //
Heç kəsdən görməmiş orada hörmət")
xatırlatmaqla kifayətlənib. Rza Tofiqlə bağlı
misraları "unudub", əvəzində Hadinin
sitayişlə bəhs etdiyi Rza Tofiq haqqında absurd və
heç bir əsası olmayan məlumatlar verib: "Rza Tofiq
jandarm idarəsində işə girib, inqilabçı fəhlələri
döydürürdü". Bu qədər...
Uçun,
quşlar, uçun, doğduğum yerə,
Şimdi
dağlarında mor sünbül vardır.
Ormanlar
qoynunda bir sərin dərə,
Dikənlər içində sarı gül vardır.
O
çay ağır axar, yorğunmu, bilməm,
Mehtabı
xəstəmi, solğunmu, bilməm,
Yaslı
gəlin gibi məhzunmu, bilməm,
Yücə dağ başında siyah tül vardır.
Orda
keçdi bənim güzəl günlərim
O dəmləri
anıb bu gün inlərim
Dastani-ömrümü
oxur dinlərim
İçimdə oralı bir bülbül vardır.
Uçun
quşlar uçun, burda vəfa yox,
Öylə
axar sular, öylə hava yox,
Fəryadıma
qarşı əksi-səda yox,
Bu yanğın yerində soyuq kül vardır.
Hey
Rıza kədərin başından aşqın,
Bitib tükənmiyor ələmi-aşqın.
Səndə
dərya gibi daima daşqın,
Daima çalxanır bir könül vardır.
Hər halıyla Əhməd Cavadın nəfəsini
yansıdan "Uçun, quşlar" Rza Tofiqin şeiridir. Hətta bu nəfəs
eyniyyəti Əli Nazimin də diqqətindən
yayınmamış, Əhməd Cavadın Rza Tofiq təsirində
olmasını yazılarının birində o da ayrıca
vurğulamışdı. Cavad özü
də bunu etiraf edirdi.
Fikir adamının, düşüncə
mürşidinin, ən başlıcası isə kədəri
başından aşqın bir şairin siyasətdə nə
işi? Tərcümeyi-halında ömrünün sonunacan
onu incidən, varlığını dərbədər edən
uğursuz bir məqam var. Siyasətlə bağlıdır.
O barədə yazmaq istəmirəm. Çünki
yazmağa əlim gəlmir. Gəlməsə də... Sevr Anlaşmasına imza atdığı
üçün Rza Tofiq 1922-ci ildə Türkiyədən
sürgün olunur. Amma ona sürgün
taleyi yaşadan bu imza bir şair imzası deyildi. Nazir
imzasıydı... Rza Tofiqin şair imzası Türkiyəni
heç vaxt tərk etmədi...
Rza Tofiq bir müddət
Nyu-Yorkda - övladlarının yanında yaşayıb.
Məkkədə həcc ziyarətində olub.
Vətənə 1943-cü ildə qayıdıb... 1949-cu ildə
isə haqqa qovuşub...
4 mart 2021
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.4-5.