Yaşar Qarayev - şəxsiyyət
zamanı
İllər
öncə Nizami Gəncəvi adına
Ədəbiyyat Muzeyində Yaşar Qarayevin xatirəsinə həsr
olunmuş tədbirdə ədəbiyyatşünas alim Azadə
Rüstəmovanın səsləndirdiyi bir fikri hər zaman
xatırlayıram: "Savadlı olmadan savadlı kimi
görünmək mümkündür, ağıllı olmadan
ağıllı kimi də görünmək olar, ancaq
ziyalılıq elə bir şeydir ki, ziyalı olmadan
ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi".
İndi,
getdikcə bozlaşan, əqidə və inam
bütövlüyünün azaldığı, mənəviyyatsızlıq
sindromu yaşayan dünyamızda bəlkə daha çox buna
ehtiyac var. Böyük ziyalı və ziyalılığa! Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi
özəllik ilk növbədə, bənzərsiz zəkaya,
fərqli düşüncə mədəniyyətinə qadir
olması ilə bərabər öz ziyalılıq mədəniyyətinin
bütün çalarlarını ədəbiyyatımıza
ötürə bilməsi ilə ölçülməlidir.
O, içinin ədəbiyyat sevdası sayəsində tədqiqata
cəlb etdiyi məsələləri, ədəbiyyat tariximizdə
hər birinin məzmun yükü olan problemləri yeni əsaslar
üzərində təşəkkül tapan ümumi
düşüncə sistemimizin nəinki mühüm tərkib
hissəsinə çevirə bildi, həmçinin ən yeni
milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl
düşüncədən qidalanan özəl üslub,
qanadlı romantikaya bürünmüş fikrin ifadə tərzindəki
elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş
etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində
bütün yaradıcılığı boyu Yaşar Qarayev bədii-estetik
fikri pozitiv ədəbi meyl və axtarışlarla zənginləşdirdi.
Yaşar Qarayevin vardığı düşüncə
hüdudları, qeyri-adi fəhminin gücü ona təqib
qıldığı məsələlərə vüsətli
məqamlardan - hadisələrin üfüqündən, pik
nöqtəsindən nəzər yetirməyə imkan
vermişdir.
"Faciə və qəhrəman", "Səhnəmiz və
müasirlərimiz", "Tənqid: problemlər, portretlər",
"Realizm: sənət və həqiqət", "Ədəbi
üfüqlər", "Meyar-şəxsiyyətdir" və
s. kimi əlvan spektrli, müxtəlif mövzulu tədqiqat
istiqamətlərini ehtiva edən bu kitablarda Yaşar Qarayev
dramdan danışanda dramaturgiyanın, tənqiddən bəhs
edəndə tənqidin problemlərini yüksək elmi-nəzəri-metodoloji
mövqedən təhlilə çəkdi, realizmin estetik
prinsiplərindən, "renessans romantizminin
varlığından" (N.Konrad) milli ədəbi-mədəni
şüurun spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan ol,
öncə insan olmağı bacar - aksiomasını təlim,
platforma səviyyəsində ədəbiyyata, humanitar elmə
gətirib şəxsiyyəti meyar elan edən də Yaşar
Qarayev oldu... Bəlkə ona görə ki, bir
çox başqa nəsnələr kimi uca
Yaradanımızın seçilmişlərdən
saydığı alimlik missiyasının da ilk öncə,
insani sevgidən mayalandığını dərk etmişdir.
"Kim ki, insanı sevər, aşıqi hürriyyət
olur. Bəli, insanlıq olan yerdə də hürriyyət
olur" - Sabirin insanlıq fəlsəfəsindən
yoğrulmuş bu misralarının Yaşar Qarayevin
yaradıcı milli dühasının hər hüceyrəsinə
hakim kəsildiyini duymaq çətin deyildi. Alimin
1996-cı ildə nəşr olunan "Tarix:yaxından
və uzaqdan" fundamental toplusu bu fikirlərin ən bariz
sübutudur. Bu kitab yalnız ədəbiyyatın tarixini deyil,
həm də insanlığın tarixini, onun mənəvi-ədəbi
irsdə kodlaşan
dəyərlərini milli sərvət kimi
reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına
xidmət edirdi. Diqqət etsək, alimin son
yazılarının, məruzə mətnlərinin, hətta
müsahibələrinin məğzinin belə bu ritmə, insan dəyərlərinin
önə çəkilməsinə kökləndiyini görərik.
Bu, ədəbiyyatımızın hər zaman
qayəsi olmuş insanşünaslıq,
xalqşünaslıq kimi mənəvi keyfiyyətlərin təbliği
istiqamətinin yeni modifikasiyada təqdimi deyildi. Bu,
subardinasiyası pozulmuş cəmiyyətin, yeni başlanan
postmodern epoxasının və qloballaşma nəhrinin dəhşətləri
önündə heyrətdə qalan ruhun huzur, dinclik naminə etdiyi çabaların peyğəmbərsayağı ifadəsi idi.
Hans-Ulrix
Humbrextin fikridir: "Tarixi nöqteyi-nəzərdən
keçmiş adlandırılan şey - bizim arxada
qoyduğumuzun ölçüsüdür, o şeydir ki,
İndi ilə kəsişmir, ona müdaxilə etmir və məhz
bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o
şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb,
İndi, bu dəm Gələcəyə yönəli qərarlar
verir, fəaliyyətimizi qururuq". Deməli,
"bütün həyatımız boyu bizim "indi"dən
başqa heç nəyimiz yoxdur" (Artur Şopenhauer).
Amma bu günkü "indi" sabah
üçün keçmişə dönəcək
(keçmiş elə gələcəkdədir) və bizdən
yaşanan bu gün-indi üçün hesabat sorulacaq. Yaşar Qarayev tarixin indi adlanan zaman kəsimindən
dünəninə, uzaq keçmişinə rakurs etdi. "...qədimdən indiyə qədər, mifdən,
folklordan müasir günlərə qədər Azərbaycan
xalqı dünya ədəbi-bədii fikrinə hansı
yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii
dəyər və sərvətlərlə onu zənginləşdirib?"
kimi suallara cavab aramaq məqsədi ilə bədii-mədəni
keçmişimizin bütün dövrlərini tədqiqat
obyektinə çevirdi. Tarix yalnız
yaddaşa və idraka çökəndə (yalnız onda!)
şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün
olur, "ərazinin bütövlüyü də, hər
şeydən əvvəl, yaddaşın
böyüklüyü, qədimliyi və
bütövlüyü ilə qorunur". Yaşar
Qarayevin yaradıcı milli dühasında zaman kökünə
və bütövlüyünə boylanaraq dildə
daşlaşan və yaddaşlaşan tarixə döndü.
1990-cı illərin xaotik prosesləri önündə çaşqın
qalmış humanitar elmə Yaşaq Qarayevin gətirdiyi yeni
konsepsiya - Yaddaş konsepsiyası bir sillə kimi səsləndi,
alim başımıza açılan
bütün fəci və gərgin olayların nədənini
yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib
çıxış yolu kimi
nicatı da elə ona - yaddaşa dönüşdə
gördü.
Yaşar Qarayev 1990-cı illərin aydınlanan ədəbi
mənzərəsində məfkurə məsələsinə
konseptual yanaşan azsaylı alimlərdən oldu. Onun Əli bəy Hüseynzadənin,
Əhməd Cavadın, Hüseyn Cavidin, Məhəmməd
Hadinin, Cəfər Cabbarlının
yaradıcılığına yanaşmada sərgilədiyi
münasibət bu baxımdan çox
düşündürücüdür. Təhlillərində
kökləndiyi məsələlər ancaq bu şəxsiyyətlərin
yaradıcılığındakı vətən, hürr
duyğuları, məfkurəyə xidmətin
çalarlarını üzə çıxartmaq olmuşdur.
Bu, Yaşar Qarayevin həqiqətlərə
yaxşı bələdliyinin, özü də bunları
sovet dövründə bilib, içində bəsləmə
narahatlığının nəticəsi idi.
Dövrün ruporuna çevrilib adı keçən şəxsiyyətlərə
iftira atmaq, onları az qala "düşmən"
cəbhəsindən dəyərləndirmək onluq deyildi.
Sovet dövrünün irəli sürdüyü
"materialist", "idealist", "mürtəce"
kimi anlayışların acı təcrübəsini görən
alim, əks qütbdə dayanıb zamanı bütöv
müstəvidə almağın zəruriliyini daha vacib bildi: "Əgər
Zaman - tarixi və estetik özünüdərkin faktına və
hadisəsinə çevrilmirsə, demək, idrakla və
yaddaşla Zaman arasında təmas baş vermir". Bu mənada, dövr dəyişən kimi onun
müstəqillik iqliminə asan oturuşu təəccüb
doğurmur. Həm də bu şəkildə: Yaşar
Qarayev az zaman kəsimində Əlibəyşünas,
Cavadşünas, Hadişünas olaraq çıxdı
meydana. Sovet rejiminin buxovunda deyilə bilinməyən
ədəbi-estetik hadisələr Yaşar Qarayevin təfsirində
obyektiv elmi-nəzəri qiymətini, akademik
ölçüsünü tapdı.
Məsələn,
poetik siqlət, milli oyanış və məfkurə
ideyalarının dolğunluğu baxımından fərqli
proses olan Məhəmməd Hadi
yaradıcılığını Yaşar Qarayev ədəbi-tarixi gedişatın
öz inkişaf məntiqindən doğan gerçəklik
adlandırırdı və haqlı olaraq, Hadi romantizminin mənşəyini
türk romantizminə
bağlayırdı: "XIX-XX yüzillərin böyük
Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud
Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd
Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu...
demək olar ki, birlikdə yaratmışlar. Məhz
onların bir sənətkar, ideoloq və mütəfəkkir
xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən
və Rusiyadan (MY.Lermontov) sonra ikinci klassik intibahı
Asiya-İslam, Şərq dalğası
yaranmışdır".
Yaxud
"Cavid kimi Hadinin də vətəni Azərbaycan, milliyyəti
türk, zehniyyəti islam və təsəvvüf olub... Təsadüfi
deyil ki, öz vətənlərində Hadi və Cavid uzun illər
qadağan olunmuş şairlər sırasına məhz
"pantürkist" və "panislamist" damğaları
ilə düşmüşlər...", - kimi fikirlərlə
əsrin həqiqi varlığına ayna tutur, gerçək ədəbiyyat
ruhunu ifadə edirdi.
Tarix nəinki "müəllim olmaqdan qalır"
(Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə
bu dərsi dəfələrlə təkrar etmiş olur. Hər halda XX
əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və
proseslərin adekvat səslənişi və oxşar təzahürü
sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs
götürməməsi bizi yaşanmışları bir də
yaşamağa, görülmüşləri bir də görməyə
vadar edir. Və yenə də bir halda ki,
tarixin dərslərindən ibrət götürməyəndə
günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis
stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən
təmizləmək lazımdır. Yaşar Qarayev əsaslandırdı
ki, indi təfəkkürdə məhz belə
katarsis işinə ehtiyac var, milli ruhun yenidən bərqərar
olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi
üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər
işlənib hazırlamaq zamanın tələbidir. Bunun üçün onun meyara çevirdiyi şəxsiyyətlərdən
biri Əli bəy Hüseynzadənin çoxyönlü
yaradıcılığı oldu. 1994-cü
ildə "Kökünə və bütövlüyünə
boylanan yaddaş - Əli bəy Hüseynzadə" məqaləsində
yazırdı ki, "1998-ci ildə "Siyasəti-fürusət"in
90 illiyini bir yubiley kimi qeyd etmək olar. Lakin bu "doxsan
il" "Siyasəti-fürusət" ətrafında
sükutun doxsan ilidir".
Bəli, doxsan illik sükut buzunu qırmaq, vulqar sosioloji ədəbiyyatşünaslıq
yanaşmalarını, rejimin ifşa və lənət
kompaniyasını yerlə yeksan edib meydana gerçək bir
Əli bəy Hüseynzadə obrazı çıxarmaq o qədər
də asan məsələ deyildi. Çünki Əli bəyin
ifadə və təmsil etdiyi ədəbi missiyanın
yükü ağır idi, bunu etiraf etmək çətin
olduğu kimi, həzm edilməsi məsələsi də
vardı. Baxın, Yaşar Qarayev bu dahinin - böyük
ideoloq, miqyaslı düşüncə sahibi, milli məfkurə
adamı olan Əli bəyin xidmətini necə dürüst
ifadə edir: "Bayrağımızdakı üç rəngin
üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun
"türkləşmək, islamlaşmaq, avropalaşmaq"
- düsturunun rəngdə ifadəsindən başqa bir
şey deyildir. Şübhəsiz, söhbət yalnız
boyadan və kətandan getmir, həm də təməldən,
bünövrə daşından, dəmir özüldən
gedir: Əli bəy Azərbaycanda yox, bütün
türklük miqyasında qövmi özünüdərkin,
istiqlal düşüncəsinin təkcə rəssamı
deyil, həm də memarıdır... Məhz bu mənada nəinki
Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik,
Ziya Göyalp və Kamal Atatürk də Əli bəy
Hüseynzadədən başlayır".
Əli bəy Hüseynzadə Yaşar Qarayevin müstəqillik
illərində ürəklə, geniş bəhs etdiyi şəxsiyyətlərdən
olmuşdur. Xüsusilə onun ermənilərə qarşı
güzəştsiz milli mövqe sərgiləməsi,
bütün istiqamətlərdə bütöv, qayəli və
konseptual xidməti ustad ədəbiyyatşünasın nəzərlərindən
yayınmamışdır. Əlbəttə,
Əli bəy Hüseynzadənin erməni məkrinin tarixinə
münasibət barədə indi də öz nəzəri və
metodoloji əhəmiyyətini qoruyub hifz edən müdrik
müşahidələrinə biganə yanaşmaq
mümkün deyil. Məntiq, ağıl,
rasional yanaşma, tarixi faktlara istinadən əsaslı dəlillərlə
meydana çıxmaq Əli bəyin təkrarsız
üslubunun əsas çalarları idi. Yaşar
Qarayev haqlı olaraq yazırdı ki, "1905-1918-ci illərdə
türk əleyhinə çevrilən milli qırğın və
genosid aktlarının təhlilindən Əli bəyin irsi
yarandı. 1937, 1948-52, 1988-95-ci il
hadisələrinə qarşı isə siyasi-ideoloji reaksiya
kimi bu sanbalda və siqlətdə ədəbi və fəlsəfi-irs
yaranmadı. Odur ki, Qafqazda və Azərbaycanda
real gerçəklikdə və ideologiyada erməni genosidinin
mahiyyətinə və ənənəsinə qarşı
çevrilmiş Əli bəy irsini öyrənmək Vətənimizdə
baş verən müasir eksponizmin də psixologiyasını,
ideya qaynaqlarını və tarixi köklərini öyrənmək
deməkdir".
Böyük alman filosofu Hegelə görə
"mütləq ideya" özünü dindən və fəlsəfədən
əvvəl sənətdə dərk edir. İctimai
şüur özü də sənətdən güc
alır. Sənətin nəyi təlqin edib-etməməsinin
şüura böyük və əvəzsiz təsiri var. Bədii-estetik
düşüncənin, onun elmi-tənqidi dərkinin
meyarlarının əsaslı təbəddülata məruz
qaldığı keçid dövrü kimi xarakterizə
olunan 90-cı illərdə Yaşar Qarayevin təlqin etdiyi
konsepsiyanın keyfiyyət göstəriciləri elmi-nəzəri
fikrin potensial imkanlarının real və əyani təzahürü,
ondakı hərəkətin, yeni elmi-estetik əməldə
dirçəlişin təsdiqi kimi mənalana bildi. O,
böyük bir imperiyanın çökümündən şaşıran ədəbiyyatşünaslıq
elminin sütunlarının çökməsinə imkan vermədi.
Çiyinlərini çox ağır yüklər
altına verməyin sizif əzabı isə onunla sonuclandı
ki, bizdə həm milli bədii təcrübənin
imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən
milli elmi-nəzəri fikrin qənaətlərinə,
mühakimə tutumluluğuna inamsızlığı aradan
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət
etdi.
Elnarə
AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.6-7.