Sandıq
“Yurd
yerinin əlifbası” silsiləsindən
Uşaqlıq yaddaşımın günc-bucağında
sıxışıb qalmış
elə obrazlar və detallar var ki, mənə
rahatlıq vermirdi. Onlardan qurtulmaq üçün əlifba sırası ilə (A-dan Z-ya) yığcam, cəmi 2-3 səhifəlik
mətnlərdən ibarət
"Yurd yerinin əlifbası"nı yazmalı oldum - nəticədə 32 mətn
alındı. Sevimli
"Ədəbiyyat qəzeti"nin
səhifələrində həmin
yazılardan bir neçəsi ("Qapımızın
alın yazısı",
"Cığır", "Taykeş çarığın
nağılı", "Gecə öyküsü")
işıq üzü
görüb. "Sandıq"
həmin silsilədəndir...
(Müəllifdən)
"Vəli: - Arabada iki böyük sandıq var ki,
heç tərpətmək
olmaz. Sən, Tarverdi,
tez oları sındır, içinin şeyini bir yerə yığ..."
M.F.Axundzadə.
"Hekayəti - xırs-quldurbasan"
Yasəmən kollarının qara çəpərlərdən əyilən,
boz hasarlardan boylanan vaxtıydı.
Göy üzünün
qaranquşlara, yer üzünün qarışqalara
sevinən vaxtıydı.
Göyçə arvadın nəvəsi sinifdəki qızların
gözünə əl
güzgüsü ilə
şüa salırdı.
Məktəbin xadimələri divarboyu düzülüb özlərini
günə verirdilər. Əjdər
müəllim hərbi
təlim dərsində
meydançada yuxarı
sinif şagirdlərini
sıra yerişinə
düzmüşdü və
hərdən qışqırırdı:
"Ay qız, başın
batsın, sol ayağınla
sağ ayağını
seçə bilmirsən?"
Məktəbin direktoru Sabir
müəllim ona tapşırdı ki, dərsi dayandırsın,
uşaqları da akt zalına yığsın.
Kənd məktəbi faşizm üzərində qələbənin
30 illiyinə hazırlaşırdı. Tədbirə müharibə veteranı kimi babam Həmid
kişini çağırmışdılar
ki, uşaqlara sovet xalqının qəhrəmanlığından və özünün səngər xatirələrini
danışsın. Axşamdan
kişiyə ismarıc
göndərmişdilər ki, bir yana tərpənməsin,
məktəbdə tədbir
olacaq.
Onun dalınca
cavan tarix müəllimin özü
gedəsi oldu.
Həmid
kişi çəliklərini divara
söykəyib, kilimli
taxtın üstündə
güllü mütəkkəyə
dirsəklənmişdi, mürgü
vururdu.
Müəllim qapının ağzından
kişini salamlayıb:
- Həmid əmi, hazırlaş gedək, uşaqlar bizi gözləyir, - dedi.
- Gedə bilməyəcəm,
a bala, - Həmid kişi sakitcə
cavab verdi.
Tarix müəllimi duruxdu:
- Necə yəni gedə bilməyəcəm?
Səni özüm qırmızı
"Jiquli"mdə aparıb-gətirəcəm.
Müharibədə kontuziya almış bu köntöy, əsəbi kişini yola gətirmək üçün dilinin şirin yerinə saldı.
- Bəy kostyumun hardadır? - dedi və paltar dolabına doğru yönəldi.
Həmid
kişi:
- Boşuna özünə əziyyət vermə. Mənim cehizim bax o sandıqdadır, - dedi və otağın
küncündə, qapağı
xana-xana naxışlı,
üstü qoşa xoruz şəkilli, metal döyməli sandığı
göstərdi, ağzından
qara, balaca qıfıl asılmışdı.
Sandıq ər evindən
küsüb atası evinə qayıtmış
gəlin kimi dinməzcə dururdu.
- Açarı bəri ver, səni bəy kimi bəzəndirəcəm,
- tarix müəllimi dedi.
- Məndə açar nə gəzir? Açar arvaddadır...
Tarix müəllimi zarafata saldı:
- İpi Güllər bibimin əlinə veribsən ha! - dedi. - Gedim çağırım,
yəqin bağın içindədi.
- Evdə yoxdu, ağlaşmaya gedib. Gəlinin atası bu gecə
keçinib.
- İndi bəs
neyləyək?
Həmid
kişi arvadının qarasınca
deyindi:
- Pensiyamızı başa düşdüm, ay rəhmətliyin
qızı, mənim andır dəmir-dümürlərimi
niyə sandıqda saxlayırsan? - Həmid kişi "dəmir-dümur" deyəndə
orden-medallarını nəzərdə
tuturdu. Ömründə bir dəfə
də olsun onları taxmamışdı.
Bu otuz ilin başında bir dəfə adam
yerinə qoyub məclisə dəvət
edirlər, onda da sandıq qıfıllanıb, açar
da arvadda...
Tarix müəllimi söhbəti
xoş ovqatda saxlamaq üçün:
- Rəhmətlik cijim də beləydi. Əlinə keçəni - tut-zoğal
qurusunu, Allahın taxta peçenyelərini, nanəli konfetini, mixək-darçını sandığa
yığırdı. Dağdan gətirdiyi bir qom yovşanı da sandıqda saxlamışdı.
Sandığın qapağını açanda evi ətir götürürdü.
Sandıqdan cənnət qoxusu
gəlirdi. Vallah,
bin-bərəkət də
elə sandıqlarda idi, - dedi. Və
bir də onu dedi ki,
cijim öləndən
sonra arvad sandığı çardağın
altına tulladı, içində kürt toyuq yatızdırır...
İkisi də susdu və
qəribə bir məhrəmliklə sandığa
baxdılar. Bu məhrəm baxışlar altında dəmir sandıq xəcalət çəkən
adam kimi
sıxıldı.
- Ay müəllim, düş aşağıdan baltadan-zaddan
bir şey gətir.
- Həmid əmi, baltanı neynirsən? - tarix müəllimi
təəccübləndi.
- Bəs sandığı nə təhər açaq? Qıfılı
sındırmalıyıq ki,
medallarımı götürüm...
Tarix müəllimi
anladı ki, veteranı bu amansız, sərt niyyətindən çəkindirmək
çətin olacaq, ona görə də sarı simlərə toxunmaq qərarına gəldi.
- Bu sandıq sizin cavanlığınızın yadigarıdı.
Güllər bibimin gəlinlik
cehizidi, heç bu gözəllikdə sandığı da sındırmaq olar? Güllər
bibimi kəl arabasında bu sandıqla gətirdiyin günləri yadına salmırsan? Rəhmətlik cijim deyirdi ki,
o zaman sandığı
subay qızın bəxtinin açılması
üçün alınırdı.
- Onsuz da biz öləndən
sonra gəlin onu zibilliyə atacaq, - Həmid kişi dedi.
- Yeri, sən dediyimə əməl eylə.
- Sən atanın goru, Həmid əmi, məni Güllər bibimin dilində-ağzında qoyma.
Məni günaha batırma.
- Medalsız-ordensiz müharibə
veteranımı olar? Qələbə günüdü,
camaat qabağına çıxıram...
- Demək, qismət beləymiş, bu dəfə medalsız da ötüşərik. Bütün kənd bilir ki, müharibə
iştirakçısı olubsan,
qan tökübsən,
can qoyubsan bizim yolumuzda - dedi tarixi müəllimi və düşündü:
"Rəhmətliyin oğlu,
şikəst ayağın
bunun sübutu deyilmi?".
Yenə sandığa tərəf
baxışdılar. Sandıq da
günahkar kimi susurdu.
Həmid
kişi dedi:
- Ay müəllim, sandığı
bəri sürütdə.
Tarix müəllimi
kişinin qətiyyətli,
kal səsinin hipnozuna düşüb, sandığı taxta tərəf çəkdi. Kişi əlini
divara söykəyib dikəldi, topal ayağının belindən
qatlanmış şalvar
balağı yelləndi.
Kişi çəliyini
götürüb qıfıla
dalbadal zərbə endirə-endirə "səni
lənətə gələsən",
- dedi.
Sandıq bu qəfil zərbədən
diksindi. Qıfıl əsəbi-əsəbi yırğalandı, amma ağrıya dözdü.
- Ay kişi, neynirsən?
- tarix müəllimi
həyəcanlandı, qollarından
yapışdı və
çəliyi əlindən
aldı.
Kişi bərk hirslənmişdi,
sarıyanız olduğundan
üzündə qırmızımtıl
xal-xal ləkələr
aydınca bilinirdi. "Səni..." - söymək
istədi, amma müəllimin yanında sözünün dalını
gətirmədi.
Cavan tarix müəllimi kişini kor höcətindən döndərə bilməyəcəyini
anladı. Saatına baxdı.
- Baho, tədbirə gecikdim. Bütün işimiz pozuldu, - dedi və deyinə-deyinə,
hinduşkaların tərbiyəsiz
xorunun müşayiəti
ilə həyətdən
çıxdı...
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2021.- 6
mart.- S.7.