Elmi düşüncənin vüsəti

 

Yaşar müəllim XX əsr Azərbaycan ədəbi-nəzəri estetik fikrinin zirvə məqamı olan kitabını "Tarix: yaxından uzaqdan" adlandırmışdı. Bu kitab haqqında çox yazılıb, mötəbər kürsülərdən ona yüksək dəyər verilib. Yaşar müəllimin yaxın dostu, mənim əziz müəllimim, akademik Tofiq Hacıyevin bir deyimini həmişə xatırlayıram: "Azərbaycan ədəbiyyatşünaslığı XXI əsrə Yaşarın "Tarix: yaxından uzaqdan" kitabı ilə qədəm qoyur".

Yaşar müəllim XX əsr ədəbiyyatşünaslığı, sənətşünaslığı, ümumən nəzəri fikir tariximizdə yeni mərhələni bərqərar etdi, müasir ədəbiyyatşünas nəsli yetişdirdi. Milli ictimai fikrimizdə, elmi vicdan əxlaqımızda öz yeri olan, yüksək ziyalı ünsiyyəti, bənzərsiz intellekti ilə dərhal seçilən Yaşar Qarayev fenomeni hələ uzun illər öyrəniləcək, adı özünə layiq əbədiləşdiriləcəkdir. Yaxından ünsiyyətdə olduğum, dostluq etdiyim iki alimin, təvazökarlıq mücəssəməsi olan iki şəxsiyyətin - Yaşar Qarayevin Mahmud Kərimovun elmi-ictimai mühitdə istənilən kimi "dərk olunmaması" məni həmişə düşündürür, içimi yandırır. Yaşadıqları dövrün əxlaq vicdan meyarları, "ölçüləri" onların boyuna biçilməmişdi. Onların yüksək mədəniyyəti, təvazökarlığı bəzən "zəiflik" kimi qələmə verilirdi. Onların elm təşkilatçılıq sahəsindəki demokratizmi, humanizmi indi hava su kimi çatışmır. Yaşar müəllim ədəbi-ictimai fikri zaman məkan hüdudlarında dəyərləndirir, tarixin müasir milli ictimai düşüncədə iştirakı rolunu filosof fəhmi ilə şərh edirdi.

Yaşar müəllimin 80 illiyi ərəfəsində professor Qəzənfər Paşayevin ənənəvi dəstəyi ilə nəşr etdiyim kitabı yenidən nəzərdən keçirdim. Böyük elm sənət adamlarının ürəkdən yazılmış elmi məqalə xatirələrindəki dərin səmimiyyət hissi Yaşar müəllimin təlqin etdiyi əxlaq, mənəviyyat dərslərindən gəlir.

Dostum Azər Turan Yaşar müəllimin 85 illiyi ilə bağlı yazı istəyərkən beş ilin necə keçdiyinə inanmadım. Yaşar müəllimin 80 illiyi ərəfəsində nəşr etdiyim beşcildliyi mənə böyük təskinlikdi. Bu ağır işdə mənə yaxından yardımçı olmuş hörmətli tələbəm, dosent Aygün Bağırlı ilə çox çalışdıq ki, Yaşar müəllimin heç bir əsəri kənarda qalmasın. Professor Cəlal Qasımovun bir-birindən dəyərli kitablarını nəzərdən keçirərkən, onun "Repressiyadan deportasiyaya doğru" kitabına Yaşar müəllimin yazdığı müqəddimə bu böyük alimin intellektinin vüsətinə, dərin fəlsəfi tutumuna bir daha heyran oldum. Adətən gözəl bir şeiri dəfələrlə oxumaqdan həzz alırsan, yaşına ovqatına həmahəng yeni estetik qatlar tapırsan. Poetik sözün bitib-tükənməyən imkanlarının şahidi olursan. Şişirtmədən onu deyə bilərəm ki, Yaşar müəllimin bir çox məqalə kitablarını hər dəfə oxuduqca estetik düşüncənin yeni məna hüdudları ilə qarşılaşır, elmi ümumiləşdirmələrin obrazlı ifadəsinin bədii fəlsəfi tutumu qarşısında heyrətlənirsən.

Oxuculara təqdim etdiyim bu məqalə Yaşar Qarayev istedadının, elmi təfəkkürünün bitib-tükənməyən imkanlarını bir daha təcəssüm etdirir. Bir kitaba yazılmış müqəddimə 20-30-cu illər ədəbi-ictimai fikrinin mahiyyətini yenidən dərk etməyin nəzəri-metodoloji düsturu səviyyəsində mənalıdır. "Əvvəl sözlər azadlığını itirir, sonra adamlar, lap axırda torpaq. mənəviyyat itkiləri həmişə ərazi itkilərini qabaqlayır. Əvvəl yaddaş parçalanır, sonra torpaq".

Bu məqalə ədəbi-fəlsəfi essedir. Ötən əsrin ictimai-siyasi ədəbi gedişatını yenidən dəyərləndirməyin parlaq nümunəsidir. "Yaradıcılıq meydanına iyirminci otuzuncu illərdə atılanlar atalarından çox, zamanlarına bənzəməyə başladılar". 20-30-cu illər ədəbi prosesinin ideya-poetik ziddiyyətlərini bundan sərrast ifadə etmək olarmı? Faktın, sənədin obrazlı ümumiləşdirilməsi onun müdrikliyinin, filosofluğunun göstəricisi idi.

Ədəbi mühitdə Yaşar Qarayev sözünə susamışıq. Onun hər yazısına yenidən qayıtmaq, çox mətləblər haqqında yenidən düşünmək məqamıdır.

 

Şirindil Alışanlı

Filologiya elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.8.