Bir dünya Anar...
Tarixin ən qədim-qayım köşəsindən
yol başlayıb əsrlərin əks-sədası
kimi günümüzə
çatan müasirlərimiz
var. Heç fikir verdinizmi əks-sədanın
zamansızlığına? Üzünü
dağa tutub ünvanladığın səsin
əks-sədası elə
gələr ki, sanki həm gözlə qaş arasında - lap yaxınındadır,
həm də ta əsrlərin, qərinələrin o tayından
bəri gəlib çatmayan uzağında...
Yazıçı Anar mənim üçün məhz belə bir tarixi
əks-sədadır. Zaman rakursundan baqi, ruhi baxımdan yaxın olduğu qədər də əlçatmaz bir ucalıq... Amma həm də bu ucalıqda hamıya öz yanında yer eləməyə hazır
olan sadə və insani bir mənəvi ünvan...
Arxadan kürəyinə atılan
daşlar heç yuxarıya çatmadı,
çünki hər yerindən qalxıb ona "daş atanlar" o qədər
"aşağı"da idilər ki, "atılan daşlar" da Anarın ayağı altında toplanıb onun lap uzaqdan da bütün
mənəvi əzəməti
ilə görünməsinə
xidmət edib. Həmin "daş atanlar", dürlü-dürlü
səbəblərlə onu
günahlandıranlar əslində,
Anarın bir epoxanın yazıçısı,
Azərbaycan ədəbiyyatının
milli kimliyi olduğunu həzm edə bilməyənlərdir:
onlar özləri də bilmədən atdıqları
daşlarla ona bir pilləkən düzəltdiklərinin fərqində
belə deyillər. Anar zirvəyə qalxmayıb,
Anar olduğu yeri zirvə edəndir, o öz mahiyyəti ilə bir zirvədir.
Sözün hər mənasında
"Qobustan" qədimliyindən
üzübəri yol başlayıb çoxunun
nəinki yüksələ,
hətta heç ucalığını sezə
bilmədiyi "Beşmərtəbəli
evin altıncı mərtəbəsi"ndə əbədi
qərar tutmuşluğu
ilə Anar müasir Azərbaycan ədəbiyyatının sərkərdəsidir.
Yerini və zamanını bildiyin sükut qədər böyük mənəvi güc yoxdur bəlkə də... Fəaliyyət göstərdiyim dəqiq elmlər sahəsindən yanaşıb
elə fizika termini ilə desək, cismin sükunət enerjisi onun kütləsi
ilə mütənasibdir.
Bu fikri çox sevdiyim ədəbi müstəviyə transfer etsək,
Anar öz mənəvi çəkisi
qədər yazmışlığı
ilə, lazımi yerdə danışmışlığı
ilə, həm də elə o sanballı çəkisi qədər də cahillərlə mübahisəyə
girməyəcək sükunəti
ilə böyük bir enerji daşıyıcısıdır.
Yerində və zamanında
istedadlı sükutu da yalnız Anar olan bacarar.
Mövlana Cəlaləddin Rumidən
soruşmuşlar bir gün: O qədər yazıb-oxuyursan, nə bilirsən?
Mövlana cavab vermiş ki, həddimi bilirəm!
Anar həddini
bilməyənlərin qarşısında
öz mənəvi çəkisini gözləmişliyi,
həddini bilmişliyi
ilə böyükdür
həm də.
Bu yerdə mövzumuza
aid edə biləcəyim
rəmzi misalla kiçik bir haşiyə çıxmaq
istərdim. Azərbaycan Texniki Universitetində hazırda rəhbərlik etdiyim "Metrologiya və standartlaşdırma"
kafedrası üçün
hələ bir neçə il öncə səylərimiz nəticəsində dünya metrologiyasının lideri
hesab edilən
"Hexagon Metrology" şirkətindən
"Hexagon Tigo SF" 3D koordinat
ölçmə maşını
alıb, dünya standartına uyğun yeni laboratoriya yaratdıq. Sadə dildə desək,
bu avadanlıq hazırda dünyada ən mükəmməl ölçü cihazlarından
hesab olunur və bir növ
sahəsi üzrə dövrümüzün ölçü
standartı və milli etalonumuzdur. Bunu təsadüfi xatırlatmadım.
Məhz bu simvolikadan çıxış etsək,
Anar yazıb-yaratdıqları,
milli ədəbiyyatımıza
xidməti ilə bütövlükdə xalqımız
üçün mənəvi
Hexagondur, məhək
daşı misalında
mükəmməl ölçü
standartı və etalonudur.
Anarın böyüklüyü həm
də ondadır ki, onun heç
bir halda haqqında yazılan bu kimi kəlmələrə
ehtiyacı yoxdur. Ancaq insanın
içindəki vəfa
borcu hissi bunları təkcə özüm-özümə pıçıldamağa
yox, hamıya, sözün bütün mənalarında Anarı bilənlərə və bilməyənlərə çatdırmağa
vadar edir. Bu vəfa borcu müasir Azərbaycan ədəbiyyatının milli
pasportu sayılan bir yazıçının
bütövlükdə hamımız
üçün yaratdığı
ədəbi dəyərlərə
görədir: "Macal"
tapıb "Ağ liman"ın şıltaq
sahilindən "Dantenin
yubileyi"nə aparıb
çıxaran yoldur...
Dünyanın ən çəkilməz mənəvi
iztirablarından biri olan "Anlamaq dərdi"nin qəlbimizə dağ kimi basılan milli kədərinin dadıdır... "Sizsiz"liyin
verdiyi ağrının
mənə dünyadakı
ən böyük və ən doğma itkilərimi - 28 illik Şuşasızlığımın,
Cıdır düzüsüzlüyümün,
Xarıbülbülsüzlüyümün,
uşaqlıq yaddaşımın
ən şirin nağılının - Qəmər
nənəmin, atam
Barat kişinin fiziki yoxluğunu xatırladan ədəbi ifadəsidir...
"Otel otağı"nın
"Vahimə"si ilə
"Şəhərin yay
günləri"nin
"Əlaqə"sindən yaranan ədəbi, kinematoqrafik vəhdətin
mənə verdiyi ali zövqdür... "Ağ qoç qara qoç"lu dünyada "Yaxşı
padşahın nağılı"na
inanacaq qədər saf uşaqlıq və gənclik dövrümün
nostaljisidir... "Mən,
sən, o və telefon" yalnızlığının
"Gün keçdi"
faniliyinə aparan kövrəkliyidir...
Nəinki mənim gəncliyimin,
elə indiki gəncliyin də ən favorit məhəbbət əsəri
olan "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndə
qərar tutan imkansız sevgilərin sözün bütün
mənalarında görünməzliyinə, əlçatmazlığına
bəslədiyim hissin sözlə ifadə olunmayacaq tərzidir...
Bütün bu sadaladıqlarım
bir Azərbaycan aliminin, bir ədəbiyyat
sevdalısının sözün hər mənasında
sayılan əsərləri ilə dünyanın hər
yerindən görünməyi bacaran ədəbi idealına -
Anara olan vəfa borcunun sevgi hissi ilə birləşmiş
müstəsna halıdır!
Yazını yazdığım sırada
maraqlı bir fakt da yaddaşımı
cırmaqladı. Azərbaycanda Anar adını
daşıyan ilk şəxs yazıçı Anardır.
Azərbaycanda
ondan sonra Anar adı daşıyanlar getdikcə
çoxaldı. Bu çoxluğun fonunda da Anar birdir, bir
dünyadır... Ədəbiyyata və mənəviyyata xidmətləri
ilə!
Ən azından, peşəkar oxucu kimi bütün
səmimiyyətim və
cəsarətimlə deyə
bilərəm ki, Anar bütün yaradıcılığı ilə
təkcə Azərbaycan
və türk dünyasının deyil, bütövlükdə dünya
yazıçısıdır. Və bunu təkcə
kitabları xarici dillərə tərcümə
edilmiş, əsərləri
ilə dünyada tanınan bir yazıçının məşhurluğu mənasında
demirəm. O, həm də mənəvi mənada dünyanın anarıdır - bir dünya Anar... Anar sözü semantik anlamda həm də xatırlamaq, yada salmaq mənalarını
özündə ehtiva
edir. Bütün
bunlardan sonra bir dünya Anar - mənasının elə hər çalarında özü
bütöv bir dünya Anar anlamındadır...
05.03.2021
Elçin İSGƏNDƏRZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 6
mart.- S.13.