Ölü evin diriləri
"Vəziyyət
ruscadır"
XIX
yüzil rus nəsrinin "yox yerdən" yaranıb,
inkişaf edib zirvəyə ucalması və əslində,
sonrakı daha "müasir" əsrlərdə
öz-özünü ötüb keçə bilməməsi
çox müzakirə olunur. Brend tənqidçilərdən
sadə oxuculara kimi çoxları - axı ənənə
olmayan yerdə bu cür ədəbiyyat necə əmələ
gələ bilərdi, - deyə çaşbaş qalırlar. Əlbəttə, indi
ovcunda telefon olan hər kəs "İqor Polku
dastanı", ya da "Zavallı Liza"da Puşkin,
Lermontov, Tolstoy motivlərini tapıb çıxara bilər... Əşşi, ölüb gediblər,
kim kimədi e? Hə, bəd
ayaqda ağır ensiklopediyalardan beş-üç qəliz
ifadə guppuldatmaq da elə böyük problem olmaz. Amma vallah, mənim niyyətim dastan açmaq, ya da məsələni
qəlizə çəkmək deyil. Sadəcə,
bu dövrün nəsri ilə ardıcıl məşğul
olduqca bir ciddi məqamı dərk edirəm. Bu elə bir zamandı ki, gerçək ədəbiyyatın
yaranması və inkişaf etməsi üçün
böyük üçlük - yazıçı-tənqidçi-oxucu
eyni gəmidədir. Hər yeni əsəri
oxucu maraqla gözləyir, tənqidin səviyyəsi ədəbiyyatın
səviyyəsindən qətiyyən geri qalmır. Puşkin günəşdir, bəli, amma yüz illər
keçəndən sonra Belinskinin məqalələrini də
oxuyub görürsən ki, bu mətnlər böyük
günəşin yanında sönük deyil. Əksinə, sənətin cövhərini, dərinliyini,
qeyri-adiliyini bəlkə elə müəllifin özü
üçün də açan tənqiddir. Elə oxucu da peşəkar tənqidin
sözünü, dəyərləndirməsini gözləyir
və burda əsas olan güzəştsizlikdir. Şəxsi münasibətlər, qədəh, ya da
maraq toqquşmaları, cəbhə fərqləri meyar deyil.
Kimsənin tanımadığı biri mətni
ilə yuxarı başa keçirilə bilər, məşhur
və sevilən yazıçı növbəti zəif əsərinə
görə kəskin tənqid olunar. Məhz
Dostoyevski nümunəsində bu tezis öz təsdiqini
tapır.
Bəli,
kimsənin tanımadığı kasıb bir adam, əyyaş
bir atanın oğlu - Fyodor "Bədbəxt adamlar"
yazanda tənqid də, oxucular da onu ucaldıb yeni imza, fenomen
kimi təsdiqlədilər. Sonralar "Yazıçı
gündəliyi"ndə Belinskidən aldığı rəyi
belə xatırlayırdı Dostoyevski: "Sizin
üçün bir sənətkar olaraq həqiqət
açılmışdır, onu vergi kimi, hədiyyə kimi
qiymətləndirin və ona sadiq qalın; böyük bir
yazıçı olacaqsınız!".
Yazıçı bu qiyməti aldığı anı
ömrümün ən gözəl məqamı sayır və
deyir ki, sonralar katorqada da həmin sözləri yada salıb
ruhlanırmış. Beləliklə, romanı ilə ən
ciddi sənət dairələrinə daxil olan, Nekrasovun
"Yeni Qoqol" tərifini qazanan gənc başını
itirməyə bilməzdi. Bir yandan da gendən gələn
"oyunçuluq", əyləncə və içki aludəçiliyi...
Nəticə isə başdan aşan borc və
"Bədbəxt adamlar"ı aşmayan mətnlər.
"Dvoynik"i də heç kəs başa düşmədi...
Hələ üstəgəl, Fyodorun xasiyyətinin
qəlizliyi, gah Turgenev, gah Nekrasov, gah elə Belinskinin
özü ilə mübahisələri yaxşı yerə
aparmırdı. Amma istənilən halda
istedadı onu Mixail Petraşevski "cümə"lərinə
gətirib çıxardı. Məşhur
dərnəkdə müxtəlif əsərlər oxunur, ədəbi
söhbətlər edilirdi. Elə Dostoyevskinin həbsi,
ölüm hökmü və sürgünü də bu
"mütaliə"lərdən birinin nəticəsində
baş verdi. Belə ki, o
zaman Qoqolun "Dostlarla yazışmalardan seçmələr"i
çap olunanda Belinski ona cavab verir. "Müfəttiş"
və "Ölü canlar" müəllifinin xalqı tənqid
etməsi, onun xeyrinə olmayan fikirlərə düşməsi
Belinskini hiddətləndirir. Və bu
yaradıcı adamlar arasındakı mübahisə əslində,
elə mövcud rejimin eybəcərliyini ifadə etmiş
olur. Petraşevskiçilər isə, həmçinin
də Dostoyevski Belinskinin cavabını proqram məqalə
kimi oxuyub təhlil edirlər. Nəticədə
hamı bir nəfər kimi tutulur və onlara ölüm
hökmü verilir. Yazdığını yazıb,
yaşadığını yaşamış adam
üçün bu dəhşətli son özü də elə
sənət əsərini xatırladır; edam anına bircə
addım qalmış qərarın dəyişdirilməsindən
petraşevskiçilərdən birinin başına hava gəlir,
hətta. Bəli, son məqamda ölüm
hökmü Omskda katorqa cəzası ilə əvəz olunur
və yazıçı kəsilmiş cəzanın dörd
ilini burda yaşayır. Doğrusu, bu
faktın özü, sadəcə bir məqalənin
oxunuşuna görə ölüm hökmü verilməsi
rejimin yazılan və yazılmayan qanunları haqda
düşündürür. Bir də
"oxucularını" işə salan Belinskiyə cəza
kəsilməməsi qəribədi. Sən
demə, "çılğın Vissarionu" (Belinskini belə
adlandırırdılar) xəstəlik -vərəm "xilas
edibmiş". Gah alman, gah fransız həkimlərin
əlində qalmış tənqidçini heç kəs
sağalda bilmirdi, bir yandan da Çarın ideoloji-siyasi məsələlərlə
məşğul olan III bölməsi məşəl
ayağına çəkib söhbət edirdi onunla. Amma
hər halda xəstəlik III bölmədən güclü
çıxdı, öldürdü tənqidçini... Yusif
Səmədoğlunun "Qətl günü" əsərinin
Xəstəsini necə xatırlamayasan axı; Ölüm
döşəyini "oraların sorğu-sualından"
daha rahat bilən adam xəstələndiyi
üçün sevinir. Görünür, elə 37-ci il də "tarixi ənənənin"
davamı imiş... Həm görünən, həm də
görünməyən, gizlin ovqatlar baxımından!
Hər nə
isə, Dostoyevskinin ölümünə çox vardı hələ...
Bu məqamı, ölümdən
dönüşü, katorqa cəzasını Dostoyevskinin
yazıçı kimi, doğuluşu kimi dəyərləndirmək
olar. Amma burda başqa bir ovqat da var, sanki... Ömrünü başa vurduğuna inanan insanın
sıfırdan, özü də o cür bir yerdə, yenidən
hər şeyə başlaması. Yaradıcı adam üçün bundan çətin nə
isə ola bilməz. Sanki itirdiyin yazını
yenidən bərpa etmək kimidir. Söz
sarıdan korluğun yox, ideyanı və mövzunu da
yaxşı bilirsən, amma təzədən yazmaq, bitmiş
saydığını təkrarlamaq həvəsi yoxdur.
Soyuq almaz kimi kəsir, qaydalar sərt, şərait
dözülməz və sən yaşamalısan, sağ
qalmalısan. Yazıçı
üçün isə yeganə xilas yolu bütün
yaşananları yazıb azad olmaqdı. Çünki
real məhbəsdən, gerçək katorqadan daha dəhşətli
olan xatirələrdir... Müddətin bitdi və
çıxdın, bəs yaddaşı nə edəcəksən,
axı bütün azadlıqları mənasız edən
düşüncədir. Fikrin orda qalıbsa, cismin də
azad deyil demək! İnsan üçün cənnət
də, cəhənnəm də xatirələridir. O ki ola dahi üçün...
Həm də Dostoyevski katorqadan sonra bir neçə əsər
yazsa da, o qədər ciddi hadisə olmamışdı
yazdıqları. Elə bir əsər ortaya qoymalı idi
ki, "Bədbəxt adamlar"ı kölgədə qoysun.
Və belə əsər "Ölü evdən qeydlər"dir...
Omskda -katorqada olduğu 4 il müddətində
müşahidə etdiyi məhbuslar, yaşam şəraiti, həbsxana
qanunları bu əsərdə öz əksini tapıb. Təməl
Sibirdir... Soyuq yerdə yaşamaq məcburiyyəti
sadə məsələ deyil. Amma Dostoyevski yazır ki,
burda "hava soyuq, xidmət istidir"...
"Təkcə xidməti deyil, bir çox digər
baxımdan Sibirdə kef çəkmək olar. İqlimi gözəldir,
çoxlu zəngin və qonaqpərvər tacirləri var,
müxtəlif xalqların nümayəndələri son dərəcə
firavan yaşayır, cavan qızlar qızılgül kimi
çiçəklənir və son dərəcə mənəviyyatlıdırlar;
küçələrdə ov quşları uçuşur və
ovçuya özləri tuş gəlirlər; şampan şərabı
ifrat dərəcədə çox içilir; kürüyə
söz ola bilməz; məhsul bəzi yerlərdə
birə-on beş olur... Ümumiyyətlə,
torpaq bərəkətlidir. Sadəcə,
ondan istifadə etməyi bacarmaq lazımdır. Sibirdə ondan istifadə etməyi bacarırlar".
Məncə, əsərin əsas ideyası, Dostoyevskinin
demək istədiyi ən vacib yanaşma, fikir burdan
başlanır. Soyuq Sibirin istiliyini, məhbəsdəki
azadlığı, caninin içindəki insanı və
heç bir cinayət işlətməmiş sadə bir məmurun,
ya da gözətçinin murdarlığını göstərmək.
Bu mənada belə qeyri-adi əsər
reaksiyasız qala bilməzdi. Dövrün ən
nüfuzlu söz adamları müəllifin dahiliyini və əsərin
şedevr olmasını təsdiq edirlər. Tolstoy bütün heyranlığını "Onu
sevirəm" ifadəsinə sığdırır, Gertsen
müəllifi Dante ilə müqayisə edir, çoxları
janrı və üslubu tamamilə yeni olan bu əsər
haqqında sadəcə heyrət içində susurlar.
Bircə Saltıkov-Şedrin əsərin səviyyəsini
şübhə altına almaq istəyəndə müasirlərindən
birinin çox sərt cavabını alır: "Ölü
evdən qeydlər qanla yazılıb, vitse-qubernator mürəkkəbi
ilə yazılmayıb". Bununla da cənab Saltıkov susur,
çünki Dostoyevskinin zülümləri
qarşısında onun çəkdiyi sürgün və hətta
cəza müddətində vəzifəcə qabağa getməsi
gülməli iş idi. Elə Dostoyevski də Şedrinin
iradlarına özünəxas ironiya ilə cavab verir - hə,
axı onu da bir vaxt "bölməyə" (bu ifadə ilə
Saltıkovun sürgününü kiçildir)
aparmışdılar, bilir belə şeyləri...
Beləliklə,
hər kəs tərəfindən sevilən və
özündən sonrakı nəsil yazıçılara, təkcə
rus yox, dünya nəsrinə, fəlsəfəsinə, ictimai
fikrinə təsir edən əsər və müəllif... Məncə, əsas sirr gerçəkliyin
yazılmasındadır. Əgər bir
anlıq "Ölü evin" yazıçı
fantaziyası olduğunu düşünsək, o zaman müəllifin
düşüncələrinə heyrət edərik,
ağrısını ağla gətirib havalanarıq, onu faciə
qəhrəmanı sayarıq. Amma "ölü ev" real həyatı əks etdirdiyi
üçün dəhşətə gətirən sadəcə
dünyadı, faciə qəhrəmanı isə Xeyir və
Şərin döyüş meydanı olan zamandı...
Rus tənqidi
Omskdakı o "sahə"nin ərazisinə,
Dostoyevski ilə eyni vaxtda orda olan məhbusların şəxsi
işinə və gündəliklərinə, hətta hər
adama düşən kvadrat metr yerə kimi, qidanın və
suyun tərkibinə kimi hər şeyi araşdırıblar. Məlum olur ki, yazıçı ilə birgə cəza
çəkən 150 nəfərdən çox olub, onlardan
60-nın dəqiq prototipi var əsərdə. Yəni bura düşmə səbəbləri və
xarakterlərini göstərən ən incə detallar. Mənə görə isə əsərin ən
maraqlı qəhrəmanı elə Aleksandr Petroviç
Qorençikovdur. Yazıçı əsəri
onun qeydləri, gündəlikləri kimi qələmə
alır. Ümumiyyətlə, kiminsə gündəliyini,
əsərini, qeydlərini üzə çıxarmaq ənənəsi
rus nəsrində geniş yayılmışdı; Puşkin
Belkini, Lermontov Peçorini, Şedrin arxivariusu bir növ
özünü gizlətmək üçün bədii
priyom olaraq işlədiblər. Lakin Dostoyevskinin niyyəti
memuar janrından qaçmaq idi və Aleksandr Petroviçin
vasitəsilə buna nail olur. Eyni zamanda onun özünün də
xarakterini yazmaqla əslində, həbsxana, katorqa
qanunlarının qələm adamına təsirini ifadə
etmiş olur:
"Qışda evə qayıdanda öyrəndim ki,
Aleksandr Petroviç bu payız tənha vəziyyətdə vəfat
edib və hətta bir dəfə də olsun həkim
çağırmayıb".
Tək bu cümlə ilə Qorençikov haqqında təsəvvür
yaranır. Tək
qalmaq üçün yeganə fürsətdən istifadə
edib adam. Çünki elə həmin qəhrəman
deyir ki:
"Məsələn,
heç cür təsəvvürümə gətirə bilməzdim
ki, burda dəhşətli və əzablı nə var:
axı, mən bütün bu onillik katorqa həyatımda bir dəfə
də olsun, bir dəqiqə belə tək qalmayacağam?
İşdə daim mühafizə dəstəsinin nəzarəti
altında, evdə iki yüz yoldaşımla birlikdə
olacağam və bir dəfə də olsun tək
qalmayacağam!".
Təkliyin, tənhalığın bəzən dərd-bəla,
kimsəsizlik kimi yozulduğu dünyanın digər
üzünü göstərir yazıçı. Tək qalmaq sadə bir insan
tələbatıdı, amma burdasansa, hər şeyi kollektiv şəkildə
etməyə məcbursan. Yemək, içmək,
gəzmək, havaya çıxmaq, hətta tualet ehtiyacı hər
kəsin gözü önündə baş verir və
bütün bunlar insanı sındırmaq,
aşağılamaq üçün üsullardı. Ona
görə də yazıçı özü bu
üsulları belə şərh edir:
"Bu sistem insanın həyat cövhərini sorub
çıxarır, onun ruhunu zəiflədir, onu qorxudur və
sonra mənəvi cəhətdən qurumuş, yarıdəli
cəsədi islah olunmanın və tövbənin nümunəsi
kimi təqdim edir".
Söhbət katorqa şəraitindən, həbsxana
sistemindən gedir. Amma elə bu cümlələrin və məhbəsdəki
qanunların dərinliyinə gedəndə bir sual yaranır;
məgər bunlar hürr dünyanın qaydalarından
çox seçilirlər? İnsanı
qorxudub, həyat cövhərini qurudub, zəiflədib sonra cəmiyyətə
nümunə kimi göstərən təkcə həbsxanalardırmı?
Bilmirəm!
Dostoyevskinin "Ölü evi"ndə müsbət qəhrəman
yoxdur. Cinayət etmiş, hətta ən doğma
adamını, ailə üzvünü qətlə
yetirmiş adamlar içərisində Şər daha
üstün gəlir, şübhə yox. Amma
yazıçı bunları da elə yazır ki, adam uşaq
vaxtı qolunda
"nakolka" gördüyü adamlardan çəkindiyi
üçün, onları təhlükəli
saydığı üçün özünü
qınayır. Hər kəsin əməllərinin
səbəbi var, hər insanın bir həqiqəti var və
Sənət elə bunları anlamaq üçündü.
Fyodor Mixayloviç də bunu edir. İlk dəfə cinayətkarı da anlamağa və
onu bu yerə gətirən səbəbləri açmağa
çalışır. Və çox qəribədir
ki, bu əsərdə işıqlı surətlər ancaq
qafqazlılardı... Ailəsinə, evinə həqarətə
görə cinayət işlədib düşmənini
öldürən Akim Akimoviç və Dağıstan
tatarı kimi təqdim olunan Aley, üç qardaş məhbusun
balacası. Dağıstan tatarları deyiləndə
söhbətin azərbaycanlılardan getməsinə
şübhə yoxdur. Müəllif
onları çox işıqlı, hədsiz tərbiyəli
göstərir və bizə aid bir tarixi gerçəkliyi də
yazır. Deyir ki, Aley
qardaşlarının sözündən
çıxmadığı üçün səfərə
çıxır və ermənilərlə
qarşıdurmada cinayət işlətdiyinə görə
bura düşür. Beləliklə,
böyük-kiçik məsələsində nümunə
olmağımız və ermənilərlə münaqişədə
hər zaman ziyan çəkməyimiz Dostoyevskinin belə
yazdığı məsələdir. Amma
mənə görə, təkcə bizim yox, bütün
xalqların ağrısı, problemi, bəlası bu və ya
digər şəkildə "Ölü ev"də var. Elə
yazıçı özü də bütün digər əsərlərini
və qəhrəmanlarını bu evdən
çıxarıb. Bu məhbusların
içərisində Raskolnikovu da, Knyaz Mışkini də,
Karamazovları da görmək olar.
"Ölü
evdən qeydlər" belə bitir:
"Qandallarımızı mühəndis
emalatxanasında elə bizim məhbuslarca
çıxartdılar. Yoldaşımın qandallarını
çıxaranacan gözlədim, sonra isə zindana
yaxınlaşdım. Dəmirçilər arxadan
ayağımı qaldırdılar, zindanın üstünə
qoydular... Onlar vurnuxur, daha tez və daha
yaxşı etmək istəyirdilər.
- Əvvəlcə
qadağı, qadağı fırlat!.. - deyə başçı əmr verirdi. - Onu
zindanın üstünə qoy, bax belə,
yaxşıdır... İndi çəkiclə vur... Qandallar düşdü. Mən
onları yerdən qaldırdım. Bir qədər
əlimdə tutmaq, onlara sonuncu dəfə baxmaq istəyirdim.
Sanki indi təəccüblənirdim ki, onlar bir az
bundan qabaq mənim ayaqlarımda idilər.
- Hə,
Allah amanında! Allah amanında! - məhbuslar
kəsik-kəsik, kobud səslə, amma sanki, nədənsə,
razı halda deyirdilər.
Bəli,
Allah amanında! Azadlıq, yeni həyat, dirilmə... Bu,
gözəl andır!".
Bax o qandalı götürüb baxma anında öz
xaçını, çarmıxını kürəyində
daşıyan Allah oğlunu necə xatırlamayasan. Bu sənin
xaçındı, özün onu daşımalısan... Qandal da belədi, məncə. Ona
görə qəhrəman onunla çətinliklə
vidalaşır. Ya da vidalaşmır,
bilmirəm. Amma onu bilirəm ki, Dostoyevski
insanın hər halını yazmış sənətkardı.
Və "Ölü evlər"in
timsalında məhbəs həyatı yazılıbsa,
"Sinayət və Cəza"da insanın buna qədərki
halı, ovqatı, iddiası və gözləntiləri qələmə
alınıb. Raskolnikovu Ölü evə aparan səbəblər
haqqında isə gələn dəfə danışacam...
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.14-15.