"Ana haqqı - Tanrı haqqı"
Türk-Oğuz qadını tarixən
daşıdığı etnogenetik xüsusiyyətlərdən
dolayı formalaşmış milli-mənəvi, əxlaqi dəyərlər
sisteminə sadiq olmuş, lazım gəldikdə yurdu
yağılardan qorumaq üçün ərənlərlə
birlikdə savaş cənginə girərək böyük qəhrəmanlıqlar
göstərmişdir. Yaxın yüzilliklərdə, məsələn, XIX-XX
əsrlərdə, bəzi istisnaları çıxmaqla,
qadın üçün o qədər də adekvat olmayan xüsusiyyətlər
Oğuz elinin hələ monolit olduğu və daha sonrakı
dövrlərində normativ kimi qəbul edilmiş,
güclü dövlət və cəmiyyət nəzarətinə
malik Oğuzda vacib sayılan dəyərləri qoruması gərəkən
qadın, həmçinin ov ovlamaq, ox atmaq, at çapmaq,
qılınc çalıb döyüşmək kimi fərdi
bacarıqlara da yiyələnmişdir. Bunun ən
yaxşı nümunəsi hər zaman istinad mənbəyimiz
olan "Kitabi-Dədə Qorqud" eposunda öz əksini
tapmışdır. Eposda Uruz əsir
düşdüyündə Burla xatun Oğuz bəylərilə
birlikdə oğlunu qurtarmağa tək getmiş Qazan xanın
köməyinə yetir, cəsarərlə vuruşaraq kafirin
qara bayrağını qılınclayıb yerə salır.
Yurdumuz
zaman-zaman bəşəriyyəti məhvə doğru
sürükləyən iblisanə nəfs və məkrin
meydana çıxardığı müharibələrlə
üz-üzə qalmış, öz məsuliyyətini dərk
edən fədakar Azərbaycan qadını əhəmiyyətli
mövqe, dəyanət nümayiş etdirərək bu
müharibələrdən üzüağ
çıxmış, ən ağır situasiyalarda belə
işgəncə, əzab və məhrumiyyətlərə məruz
qalmasına baxmayaraq, həyatını qurban vermək
bahasına olsa da, təkcə özünün deyil, həmçinin
mənsub olduğu ailənin, nəslin, ən nəhayət,
millətin və vətənin adını, şərəf və
namusunu qoruyub mənfur düşmənə boyun əyməmişdir.
Bu kontekstdə, xüsusilə, hər bir
ananın göstərdiyi fədakarlıq və qəhrəmanlıqlar
ən etibarlı mənbə olan etnosun yaddaşında qərarlaşdığı
kimi, tariximizin səhifələrində də geniş şəkildə
öz əksini tapmalı, dərsliklərə, kitablara daxil
edilməli, araşdırma mövzusuna çevrilməlidir.
Patriotik ruhda böyüyüb formalaşmalı
olan gələcək nəsil mənsub olduğu etnosun
qadın-ana qəhrəmanını da mütləq şəkildə
tanımalı, sözügedən kontekstdə daha ətraflı
bilgiyə sahiblənməlidir.
Tarixin çox da uzaq olmayan ziddiyyətli dönəmində
- XX əsrdə bolşevik diktatura rejiminin postsovet məkanında,
o cümlədən Azərbaycanda həyata keçirdiyi və
çoxlu sayda insanların, xüsusilə, düşünən
beyinlərin, öncüllərin (!) "pantürkist",
"panislamist" ideyalarına xidmətdə
günahlandırılıb "xalq düşməni"
adı ilə güllələnməsi, həbs və
sürgün edilməsi, bəzilərinin bu həbs və
sürgünlərdə məruz qaldığı əzab və
işgəncələrə tab gətirməyib həlak
olması ilə nəticələnən repressiyanın, planlı şəkildə
həyata keçirilən milli-mənəvi terrorun başqa
bir tərəfi də vardı - bir qayda olaraq, "xalq
düşmən"lərinin ailə üzvlərinə,
yaxınlarına şamil edilən siyasi-mənəvi
repressiya. Demək olar ki, ictimai həyatdan təcrid
edilib sosial məhkumluğa məruz qalan bu insanların
içərisində bəlkə də daha çox əziyyət
çəkənlər qadınlar-analar idilər.
Bütün
bunlara baxmayaraq, ötən əsrin 1941-45-ci illər
müharibəsində Azərbaycan minlərlə itki verdi, müharibənin mənəvi-psixoloji zərbəsini
isə, eyni zamanda qadınlarımız, analarımız
yaşamalı oldular. Hüseyn Cavidin - "Qadın gülərsə,
şu issiz mühitimiz güləcək, // Sürüklənən
bəşəriyyət qadınla yüksələcək"
misralarını sözügedən prizmadan təhlil etsək,
həm də və daha çox (!) müharibələrə,
anaların axan göz yaşlarına etiraz kimi mənalandıra
bilərik.
Əsası,
demək olar ki, 1988-ci il hadisələrindən qoyulan, təxminən,
30 il davam edən Qarabağ savaşı -
torpaqlarımızın işğalı, minlərlə insan
itkisi, mənfur ermənilərin törətdikləri faciələr,
tarixdə amansızlığına görə misli olmayan
Xocalı soyqırımı, namusunu, ləyaqətini qorumaq
üçün bir an belə düşünmədən
canına qəsd edən qadınlar, gözləri
önündə övladları amansızlıqla
öldürülən analar, min bir işgəncə ilə qətlə
yetirilən körpələr, qocalar... Bütün
bunlar isə milli-mənəvi, tarixi yaddaşımızdan
heç vaxt silinməyəcək ağrılı
yaşantılarımızdır. Bu illər
ərzində analarımızın ən böyük
duası vətənimizin işğaldan azad edilməsi, millətimizə,
el-obamıza qarşı açılan silahların
susdurulması, mənfur erməni virusunun torpaqlarımızdan
təmizlənməsi olub. Ona görə də 2020-ci
ilin yayında Tovuz hadisələrinin rəvac verdiyi və
sentyabrın 27-dən başlanan II Qarabağ savaşında fədakar
Azərbaycan anası bu məsuliyyətli və şərəfli
tarixi zamanda üzərinə düşən vəzifənin
ağırlığını dərk edərək savaş
meydanında düşməni məhv edən igid
övladı ilə birlikdə qəhrəmanlıq göstərdi,
qazisini fəxarətlə, şəhidini - "Vətən
sağ olsun!", - deyib təmkinlə, dəyanətlə, kədər
qarışıq bir qürurla qarşıladı. Çünki
o, illərdir əcdadlarımızın narahat
ruhlarının dolaşdığı yurd yerlərimizin
azadlığı uğrundakı haqq savaşında igidlik
göstərmiş, şəri yenib qalib gəlmiş,
canını ortaya qoyaraq sonadək cəsarətlə
döyüşmüş qəhrəman anası idi!
Bəşər tarixində ana hər zaman uca
tutulmuş, qorunmuş, dünyanın ən gözəl və
qiymətli varlığı hesab olunmuş, ona ən ülvi
duyğular, hisslər bəslənilmişdir. Cəfər Cabbarlı anaya
sevgi təşnəsi ilə çulğalanmış
duyğularının güclü emosional-poetik, lirik-sentimental
təzahürü olan "Ana" əsərilə Azərbaycan
ədəbiyyatında bu müqəddəs varlığa
möhtəşəm bədii abidə ucaltmışdır:
Cahanda yox
elə bir qüvvə baş əyim ona mən,
Fəqət
nə güclü, zəif bir vücud var, yahu,
Ki,
hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə
bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.
Şair üçün, hətta bütün
yaşamın təminatı olan nizamın pozulub kosmosun xaosa
çevrilməsi də müqayisədə təsirsizdir. "Fəqət
Ana! O müqəddəs adın qabağında - // O pak
bağrına bassın məni, desin layla, // Təbəssüm
oynadaraq titrəyən dodağında" - şair yalnız
bütün varlığına hakim kəsilən bu ilahi
möcüzədən təsirlənib ruhsal bir rahatlıq
tapar:
Bütün
vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar,
ölər bədənim, nitqdən düşər bir
söz:
- Ana!.. Ana!.. Sənə mən
rahibəm itaətdə!
"Kitabi-Dədə
Qorqud" eposunda ana yaradılmışlar içində ən
əziz və ülvi varlıq hesab olunur. Hətta boylardan
birində evi-eli yağmalanan Qazan xan yaşlı
anasının savaş vaxtı at ayağı altında
qalacağından ehtiyatlanıb düşmənə -
"Qarıcıq anam gətirüb durursan, mərə kafir,
// anamı vergil mana, // Savaşmadan,
uruşmadan qayıdayım, geri dönəyim, // gedəyim, bəllü
bilgil", - deyir.
Ana haqqında çox kəlamlar deyilsə də, bu
müqəddəs varlığa ən böyük dəyər
Məhəmməd Peyğəmbər (s.ə.s.) və
"Kitabi-Dədə Qorqud" tərəfindən
verilmişdir.
Peyğəmbərimizin valideynlərin, xüsusilə,
ananın böyük haqq sahibi olmasını vurğulayan ibrətamiz
hədislərindən birində deyilir ki, bir nəfər Məhəmməd
Peyğəmbərin yanına gəlib soruşur:
- Ya
Peyğəmbər, mən daha çox kimə
yaxşılıq etməliyəm?
Peygəmbər deyir ki, anana. O adam soruşur
ki, sonra kimə? Peyğəmbər buyurur:
- Anana.
Adam yenə
- "Sonra kimə?", - deyə
soruşur. Peyğəmbər yenə bir kəlmə
ilə eyni cavabı səsləndirir. Həmin
şəxs sualı yalnız dördüncü dəfə təkrar
soruşduqda, Peyğəmbərimiz ona - "Sonra atana", -
cavabını verir.
Peyğəmbərimizin "Cənnət anaların
ayaqları altındadır" kəlamı ananın müqəddəsliyini
ifadə etməklə yanaşı, insanın bu dünyada
müvafiq əməllərinə də işarədir. Bir hədisə
görə, bir nəfər Peyğəmbərdən - "Ya
Peyğəmbər, valideynin övlad üzərində
haqqı nədən ibarətdir", - soruşduğunda,
Peyğəmbər ona - "Onlar sənin cənnət və
cəhənnəmindir", - deyə buyurmuşdur. Deməli, insanın o dünyadakı yeri bu
dünyada həm də valideyninə (xüsusilə də
anasına!) göstərdiyi münasibətilə müəyyənləşdiriləcək.
Bu kontekstlərdən yanaşdıqda, Peyğəmbərimiz
"Cənnət anaların ayaqları altındadır" kəlamı
ilə ananı müqəddəsləşdirərək
yüksək ilahi mərtəbəyə ucaltmış, həmçinin
onun övlad üzərindəki haqqının
böyüklüyünü, bu haqqı tanıyanların
mükafatının nə qədər ali
olduğunu ifadə etmşdir. Təsadüfi
deyil ki, "Kitabi-Dədə Qorqud"da Oğuz etnocoğrafi
məkanında anaya verilən dəyər yüksək həddə
olub dərin semantik tutuma malik "Ana haqqı - Tanrı
haqqıdır" kəlamı ilə modelləşdirilmişdir.
Təbii
ki, Peyğəmbərimizin hədislərindəki və ana
kitabımızdakı bu kəlamlarda yalnız bioloji ana-fərd
deyil, bütün varlığı - əməlləri, yaşam
tərzilə bəlli mənəvi-əxlaqi, dini dəyərləri
təcəssüm etdirən, halallıq, saflıq, fədakarlıq...
mücəssəməsi olan, sözün əsl mənasında
Ana nəzərdə tutulur! Bu gün bu kəlamların
ünvanı daha çox Qarabağ uğrunda müqəddəs
savaşımızın qəhrəmanlarının
halallıq və fədakarlıq simvolu olan analarıdır.
Müharibədə şəhid olan oğullar, şəhid
verən isə vətən, millət və anadır. Bu mənada
müharibənin mənəvi-psixoloji ağrısı daha
çox məhz anaya ünvanlanır. Bəli, bu
günün qəhrəmanı minlərlə müqəddəs
şəhidimizlə, igid qazimizlə, şaxtada-boranda hər
cür əziyyətlərə qatlaşaraq səngərdə
düşmənlə üz-üzə dayanan cəsur, rəşadətli
Azərbaycan əsgərilə yanaşı, həm də onu
dünyaya gətirib böyüdən Anadır! Bu
günün qəhrəmanı övlad itkisinin
ağrısını içində daşıyaraq qəlbində
hər zaman qövr edəcək yanğı, gözlərində
bu ağrının, yanğının baiskarı olan mənfur
düşmənə qarşı hayqıran nifrət və
qisas hissi, eyni zamanda haqq savaşımızda şəhadət
mərtəbəsinə ucalmış,
sağlamlığını itirmiş övladından
dolayı kədər qarışıq bir məğrurluq əks
olunan, sanki heykəl-abidəyə dönüşən Şəhid
Anasıdır, Qazi Anasıdır! Bugünümüzün və
sabahımızın qəhrəmanları bütün Azərbaycan
gəncliyinin insanlıq, alplıq-ərənlik nümunəsi
olan Polad Həşimovlarla yanaşı, həm də Səmayə
ananın timsalında tarixə adlarını qanlarıyla,
canlarıyla yazan o igidləri belə bir ruhda yetişdirən
fədakar Analarımızdır!
Sənə
ehtiramımız əbədidir, Azərbaycanın mənəviyyat
tarixinin qəhrəmanı olan müqəddəs Ana!
Aynur XƏLİLOVA
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.21.