Bir yazın yaralı durnası

 

"Bahar buludları" müəllifi, ustad İlyas Əfəndiyevə

 

...Universitetin hüquq fakültəsinin özünün də şərəf lövhəsi vardı. İçində fakültə əlaçılarının şəkillərindən bir səf çəkilmişdi. Və orda, bir-biriylə göz yağı yediyi (və ya yemədiyi) bilinməyən iki nəfərin gülümsər şəkli yan-yana vurulmuşdu. Elə onları bir "nifrətin" (bəlkə də məhəbbətin) bahar buludlarından hesab etmək olardı.

(Şəkillərin əks-sədası)

Nüşabə Əşrəf qızı...

(Şəhərdə professor ailəsində böyümüş, gözəlliyi ilə göylə gedən bir qız)

Bəxtiyar İxtiyar oğlu...

(Ceyrançöldə boya-başa çatıb uşaqlıqdan zəhmətlə Əskiparasın dəmirqara ağacı kimi bərkiyib)

Durnalar hər payız son baharların səmada vida atəşinə dönür.

İlk baharda dimdiklərində yaz müjdəsi gətirirlər.

Həmin payız Bəxtiyarın heç ağlına da gəlməzdi ki, durnaların həm köç, həm müjdə mövsümünün eyni zamanda şahidinə çevriləcək.

Həmin payız Bəxtiyar deyilən qarayanız, ucaboy, yaraşıqlı oğlan Əskiparasından öz tələbəlik baharına qanad çalırdı.

Amma tələbələrin səfindən qalıb, öz bahar bayramına bir neçə gün gecikməli olmuşdu. Bəxtiyarın atası Qibləsiz İxtiyar Bəxtiyar beş yaşında ikən ovçuların birinin beşaçılan gülləsinə tuş gəlmişdi. Bəxtiyar da yeddi yaşından boynunu yetimliyin ehtiyac boyunduruğunun altına salmalı olmuşdu. Bu da kəndlilərinin adının qabağına Tülü kəlməsi yapışdırdığı başqa bir yetim, Ələkbərlə ayağının Ceyrançöl bazarına açılmasından ibarət olmuşdu. Ələkbərlə kəndin bağ-bağatının meyvələrini, hinlərinin toyuq-cücəsini Ceyrançöl bazarında satmağa başlamışdılar. Və ehtiyac onu da həyatın dəmirçi kürəsində Ələkbər kimi döyəcləməyə, bərkitməyə başlamışdı. İlk dəfə də onları Müsəllim babaları dəmirqara ağacına bənzətmişdi. Həm də qəlyanının qara tüstüsünə boyaya-boyaya.

- Görünür, bu dəmirqaralılar da siz tifillər kimi meşələrin ağaclarının atadan yetirmələridi. Amma ağırlıq-uğurluğumuzu dağlara, daşlara uçurub dəmirləşməyinizdə olun.

Demə, Nüşabə Əşrəf qızının atası Əşrəf Şərif oğlu Şərifzadə də Əskiparadan imiş. Başı əvvəllər elmi fəaliyyətinə, sonralar da şəhərli arvadının xidmətinə qarışdığından doğma Əskiparasının alaqapılarını üzünə bağlayası olmuşdu (elmi yürüşü zamanı Əşrəf özünü kitabxanaların, sonralar da arvadının bəynədiyi kurort şəhərlərinin çərçivəsinə salmışdı). Əşrəf Şərif oğlunun sonralar üzü hər Əskiparaya çevriləndə gözü önünə Vələs bulağı üstəki bir tala gəlirdi. Taladakı nəhəng palıd göylərə, onun ildırımlarına meydan oxuyurdu. Palıddakı alacəhrə quşunun yuvasından sarıdimdik balalarının civiltiləri yuva - cəhrədən səs iplikləri kimi əyrilirdi. Sonra da üzünü sarıdimdik qız balasına çevirib bir arzusuyla oralara doğru atlanırdı: Nəhayət, arvadı Törə xanımın saqqızını oğurlaya bilmişdi. Arvadının əvvəl, sonra da həm onun, həm də qızının əlindən tutub doğma kəndə yollana bilmişdi. Həmin arzusu Nüşabənin yeniyetmə yaşında baş tutmuşdu. Müsəllim kişinin simarıcı ilə Törə xanımın şərfini (kənddəki ata ocağının satılmasını) üst-üstə düşmüşdü.

- Dədən Şərifin evinə ayrımlardan müştəri  tapılıb. Ya gəlib dam-daşa əl qat, ya da sat getsin.

Həmin Səfər də Əşrəf müəllimə ata ocağının daşını atması, Törə xanıma ev pulunun çatması hesabına başa gəlmişdi. Qazançı qızının əlindən tutub ona içi sevimli talası doğma yerləri göstərməsi, itkisi oralardan əlayağının həmişəlik üzülməsi olmuşdu.

Əşrəf müəllimin səfərinin bir savabından özünün xəbəri olmamışdı. Qızı Nüşabəni həmin yay Əskiparaya gətirməyiylə kəkilləri Nəcəf dayılarının ülgücündən çıxmış kənd uşaqlarına, ilk məhəbbətlərinin bir durna gününü yaşatmışdı.

Həmin yeniyetmələrin içində Bəxtiyar da olmuşdu. Üstəlik də qıza hayıl-mayıl olan taytuşlarından fərqli öz hisslərini məharətlə gizlədə bilmişdi.

Bircə, Vələs bulağı üstəki talada, bir axşam qəribliyində xəlvətə salıb öz ilk məhəbbətini durna nidalarına döndərmişdi.

- Mən Nüşabəni sevir, sevir, sevirəm...

Sonralar Əskipara uşaqları üçün payızqabağı bir durna uçuşu olmuşdu.

Onların vidalarısa Bəxtiyarın qulaqlarında həmin cür səslənmişdi.

- Nü-şa-bə, Nü-şa-bə...

Nüşabəylə Bəxtiyar illər sonrası universitetin dərs otaqlarının birinin girəcəyində rastlaşdılar. Həmin an oğlana son baharıyla ilk baharını eyni anda yaşada bildi. Kəndlərindən payızqabağı uçan durna bir payız öz bahar havasıyla qarşısına çıxırdı. Dodaqlarından durna nidasına bənzər avaz qopdu.

- Durna, durna...

Qız çaşbaş qaldı. İstədi  hirsini acığını tüstüləndirə: Durna anandı, bacındı...

Bəxtiyar dərslərə düz bir həftə gecikmişdi (mer-meyvə satıb anasına xərclik qoymalı olmuşdu).

- Siz dekanlığa getməlisiz.

Qızın soyuqluğu həm payızın, həm də onun düşə biləcəyi eşqin ayazından xəbər verirdi:

Aradan xeyli zaman keçmişdi.

Nüşabə professor ailəsində təkəbbürlü bir ananın tərbiyəsiylə naz-nemət içində böyümüşdü. Təbiət ondan gözəllik çalarlarının heç birini əskik eyləməmişdi. Və çox erkən özü də öz gözəlliyindən hali olub bundan zövq almağa, xumarlanmağa başlamışdı. Bu təbiətli qızlar gözəllikləri qarşısında özlərini itirən gənclərə yuxarıdan-aşağı baxır. Xəyallarında öz ağatlı qəhrəmanlarını  yaradırlar. Həmin qəhrəmanları ətrafdakıların hamısından fərqlənir. Əllərindən nələr gəlməyir, dəli köhlənləri ram edir, çapırlar, onlardan düşüb dəb-dəbəli maşınları sürürlər. Yeri gələndə şəxsi təyyarələriylə uzaq, yaşıl adalara enirlər. Çoxlu dil bilir, idmanda çempion, elmdə uzman olurlar...

Bəxtiyar İxtiyar oğlu arxasında (kürəklərində) həmişə bir ananın qayğılı, ürkək gözlərini hiss eyləmiş bir elat oğlu qızın gözlərindəki ildırımları, şimşəkləri görə bildi və həmin şəkildə qorundu.

- Yanılmışam, siz durna deyilsiniz, heç ola da bilməzsiniz.

Nümayişkarcasına da çıxıb getdi. Həm də Nüşabəni çaşbaş sala bildi. Qız gözəlliyinə etinasızlıq göstərən cavanla birinci dəfəydi rastlaşırdı. Oğlanın dediklərini bəlkə də qurbağa qurultusuna bənzətdi.

- Qudurasan, qurbağa.

Təhsil illəri başladı. Nüşabəyə elə gəldi ki, bu kəndli balası onun məftunları cərgəsinə qarışacaq. O da işgəncəsini ən çox ona verəcək.

Ancaq gözlədiyi baş vermədi. O boyda universitetdə adi bir kəndçi balasının gözlərində görünməz oldu.

Hər ikisi qrupun əlaçısı oldu. Hətta Nüşabənin yerinə Bəxtiyarı qrup rəhbəri qoymaq istədilər. Qız öz arşını ilə oğlanın ondan heyif çıxmağını gözlədi. Bəxtiyarın cavabı varlığını heyrətə çəkdi:

- Mən qiyabiyə dəyişilmək üçün ərizə vermişəm. Anamı tək qoyub gəlmişəm.

Dekan Bəxtiyarın qiyabiyə geçməsinə razılıq vermədi:

- Səni yüksək əlaçı təqaüdünə təqdim etmişik. Anana da köməyin dəyə bilər.

Bir müddət sonra fakültənin Şərəf lövhəsində Nüşabəylə Bəxtiyarın şəkilləri yan-yana vurulmuşdu. Təkəbbürlü gözəlin ailə vəziyyətiylə tanış olanlar Nüşabənin şəkli arxasında akademik atasını da görə bilirdi.

Bəxtiyarın etinasızlığı daxilən qızı yandırıb-yaxırdı. Onu yonulmamış, zövqsüz bir kəndçi balası hesab edib özünü ovundurdu.

Məhəbbətinin bu qaraqabaq oğlanın qanına qarışdığından xəbərsiz idi.

Nüşabə Bəxtiyarı yandırıb-yaxmaq naminə az-maz rəğbəti olan bir oğlanla yaxınlaşmağı qərarlaşdırdı. Bu Oqtay adlı bir vəzifə sahibinin oğlu idi. Universitetə şəxsi maşını ilə gəlib-gedirdi. Universitetin voleybol komandasının da kapitanı idi. İngilis, alman dillərini bilirdi. Gələcəyin diplomat olacağını gözünün altına almışdı.

Əşrəf Şərif oğlunun ailəsiylə Şahmar Salam oğlununki (Oqtayın atası) Qafqazın dəbdəbəli kurortlarının birində qonşu yaşayarkən ünsiyyət bağlamışdılar. Oxşar cəhətlərinin çoxluğundan bir-birləriylə qaynayıb-qarışmışdılar (Evin kişilərinin hər ikisi, arvadlarına görə ucqar kəndlərdən ayağı çarıqlı gəlib, onların hesabına bakılı balasına çevrilə bilmişdi).

Şəhərin sonradan kübarlaşmış ailələrinin hamısının öz qohumluq və dostluq dairələri vardı. Aralarına nə ad, nə bayram günü məclislərində hələm-hələm yad adamları buraxırdılar. Onlar uşaqlarına yeniyetməliyindən bəy, gəlin gözaltılayırdı. Ünsiyyətləri kurort qonşuluqlarından başlayanlar da nə müddət ki, Nüşabəylə, Oqtaya murazla baxmağa başlamışdı.

Balalarının təhər-tövrü analarının da iştahasını artırır, ərlərini də bir növ tamahlandırırdı. Surə xanım (Oqtayın anası) Şərif kimi alimlər itinə tökdü. Sən barmaqla sayılan nazirlərdənsən. Bu gün sabah daha yuxarılara ayaq qoyacaqsan. Yeni tay-tuşlarının qızlarının onların Nüşabəsi bəlkə heç əlinə su tökməyə yaramayacaq.

Törə xanım: - Sənin kimi alimlərin qiyməti üstündədi. Şahmar qardaşların vəzifələri bildirçinin bəyliyi kimi bir şeydi. Nüşabəmiz bu şəhərin gözəllərinin gözüdü. Kim bilir ona hələ kimlərin gözü düşəcək.

Və beləliklə həmin ailələr üçün namizədləri ehtiyatda saxlanırdı.

Nüşabəni ancaq və ancaq hələ ayağının çarığını dəyişə bilməmiş bir kəndli balasının etinasızlığı yandırıb yaxırdı. Və Oqtaya doğru meyil etdirirdi.

...Həmin gün universitetlərarası voleybol komandalarının final qarşılaşması baş tuturdu. Nüşabə bir dəst çiçəklə oyunun seyrinə gəlmişdi. Bəxtiyarın ürək dostu (yeganə ünsiyyətdə olduğu) Nicat həmin xəbəri verdi.

- Sevimli düşmənin bir dəstə çiçəklə oyuna baxmağa getdi. Əyyarını görmək istəyirsənsə, özünü ora verib, çiçək sahibiylə tanış ol.

(Nicat da başqa bir professorun Nigar adlı qızına vurulub onun "səhrasına" qızına düşmüşdü). Hər ikisi məhəbbətlərini gizlədə bildiyi qızları sevimli düşmən adlandırmışdı.

Kaş həmin gün Nicata rast gəlməyəydi.  

Onun söylədiyi ünvana gedib həyatının ən amansız top atəşinə tutulmayaydı:

Oqtay hər yüksəlib topa zərbə endirdikcə Nüşabənin alqış səsləri yüksəlirdi. Gətirdiyi çiçəklərin birini ona doğru atırdı.

Oqtay da macal tapıb qıza doğru təbəssümünü çiçəyə döndərirdi.

Həmin gün Oqtay qızdan çiçəklərin sayı qədər məhəbbət müjdəsi Bəxtiyar onun vurduğu topların sayı bərabəri zərbə qazandı. Və həmin "top atəşi" sonrası öz məhəbbət meydanında məğlub olub bayraq qaldırdı.

...Bir ay sonra Vətən müharibəsi başladı. Bu dəfə içi Bəxtiyarqarışıq bir elatın gəncləri nifrətini mərmiyə döndərdi.

Günlərin bir günü hüquq fakültəsinin şərəf lövhəsindən Nüşabənin (atasının görüntüsü ilə bərabər) şəkli yoxa çıxdı.

Onunla bərabər Bəxtiyarın da ayağı universitetdən kəsildi. "Sevimli düşmən" günlərlə dərsə gəlməyən oğlanı topa tutmağa başladı...

- Birazdan yenə bir həkim kağızı gətirib saman altdan su yeridəcək.

Hətta dekanın yanına gedib tədbir görməsini istədi. Və özü az qala cəbhədəki  topların atəşinə tuş gələsi oldu.

- Vətənin dar günündə Oqtay kimi bəzi tələbələrimiz Moskva Universitetinə dəyişirilmir. Bəxtiyar kimi oğullarsa könüllü Qarabağ cəbhəsinə gedir...

Şəkli tələbələrin səfindən "düşmüş" Nüşabənin özünü də həmin xəbər göylərdən endirməyə başladı.

Günlərin bir günü universitetə əsgər paltarında bir cavan gəldi. Səfərini bəlkə də özü axşamüstünə, elm ocağınadan əlayaq çəkilən vaxta salmışdı.

Binanın komendantı ilə bir xeyli söhbətləşməli oldular. Sonra hər ikisi hüquq fakültəsinə qalxdı. Şərəf lövhəsi önündə dayandılar.

...Səhərisi həmin şərəf lövhəsi önü özünün bəlkə də ən şərəfli bir ziyarətini yaşadı. Lövhədə gördükləri əvvəl-əvvəl hüquq fakültəsinin tələbələrini heyrətə saldı, hamısını bir nəfər kimi özlərindən asılı olmayaraq bahar buluduna döndərdi.

Sonra da hadisədən hal-əhval tutmuş bütün müəllimlərin, tələbələrin ayağı açıldı.

Şərəf lövhəsi həmin gün həm vida mərasiminə, həm də şərəf ziyarətinə çevrildi.

Lövhəyə Nüşabənin itmiş şəkli geri qayıtmışdı. Sonrakı şəklinin üstə qonmuşdu. Qan ləkəli şəkil, həm də döyüş bayrağını xatırladırdı. Onun qonşuluğundakı Bəxtiyarın əksi üstünə yenisi qonmuşdu. Əsgər paltarındakı Bəxtiyarınkı. Bütün ziyarətçilərə şəkilləri gətirən,  leytenantın sözləri də çatdırılmışdı.

- Mənfur qonşularımızla döyüşdə tələbə yoldaşınız Bəxtiyar İxtiyar oğlu qəhrəmancasına şəhid oldu. Onun köksü üstə tələbə yoldaşının şəkli də yaralandı...

Bir payız günündə...

Bir zamanlar tələbə ömrünə qədəm basanda onu məhəbbəti hesabı ilk bahar kimi yaşaya bilmiş bir Şəhid möcüzə yaratmışdı.

Universitet əhlinin hamısını bahar buluduna döndərə bilmişdi.

Və həmin gün bir şərəf lövhəsi önündə öz yağış payını verməmiş göz qalmadı.

 

Son

 

Son damlalar Nüşabənin buludlanmış gözlərindən qopdu.

Əvvəlcə Bəxtiyarın can sirdaşı Nicatı tapdı. Sonra da yolunu onunla bərabər Qarabağa saldı. Məzarındakı gülümsər şəkli önündə günahkar qız bənövşəyə döndü. Boyun bükdü. Ancaq gülümsəyə bilmədi.

Bir vidanın son bahar buluduna çevrildi. Ürəyindən keçirdi. Sevilməli sən imişsən, sən...

Və bahar buluduna döndü.

Və bir məzar üzərində özü qız bənövşəyə çevrildi...

 

Vaqif Nəsib Sarıhüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.22-23.