Gərək yazam...

 

HEKAYƏLƏR  

 

Təzə bir məktub almışam. Kişi qələmi götürüb, gözünü yumub, ağlına nə gəlib, yazıb göndərib mənə. Deyirdim yazmaqda mənə çatan olmaz, amma and olsun Yaradana, mən o məktubu oxuyanda başa düşdüm ki, həmin məktubu yazanın şagirdi olmağa belə layiq deyiləm!

Məktubda nə yazsa yaxşıdır? "Məəttəl qalmışam sizin işlərinizə. A kişi, başqa iş tapmadınız? Gərək elə ondan-bundan yazasınız? Başınızı salın aşağı, camaat necə, siz də elə, yaşayın. Beşgünlük dünyadır. Sizə nə dəxli var, it belə getdi, qurd belə gəldi? Bu partiyalardan nə qədər yazarlar? Gündə bir partiya yaranır, qoy yaransın də. Bəlkə elə bir partiya yaranacaq ki, hamısından güclü çıxacaq, xalqa bir gün ağlayacaq... Birdəfəlik başa düşün, bu millət heç zaman birləşə bilməz. Niyə? Qanımızda var. Allah bizi yaradanda, belə yaradıb. Birləşən olsaydılar, hərə bir partiya yaradıb, bir-birini rüsvay etməzdi ki! O Lenin idi, dedi sizə çörək verəcəyəm, acları bir yerə yığıb inqilab elədi. Görmürsən, indi üç adamın sözü bir-birinə düz gəlmir?

Məktubda daha sonra deyilir: "Yaltaqlardan yazmaqdan yorulmadın? Guya sən yazmaqla yaltaqlıq azalacaq? Kimdir sənin yazılarını oxuyan? Yaltaqlıqla çox şey qazanmaq olur, sənin yazılarını oxuyanlar nə qazanacaqlar, a bədbəxt?".

Görün, sonra nə yazır: "A kişi, sizdən əvvəl yazıb-pozanlar olub. Özün onları yaxşı tanıyırsan. Cəlil, Sabir, Əbdürrəhim bəy yazdılar. Nəyi düzəldə bildilər? Yaza-yaza axırı quru yurdda qaldılar. Birinin də beş quruş pulu olmadı. Siz yazmaqla düzələcək? Ay düzəldi ha! Bəzi vəzifəlilər var ha, camaatı get-gələ salmasalar, günlərlə qapı dalında saxlamasalar, yaşaya bilməzlər. İndi siz onlara necə işləməyi öyrədəcəksiniz? Keçmişdən qalma yazılmamış qayda-qanunlar var, deməli, belə olmalıdır. Ərizənin ki, üstünə yazıldı "xahiş edirəm, baxın" deməli, o ərizəyə baxılmayacaq. Gərək ərizənin üstünə yazılsın ki, "həll edin, mənə bildirin". Bax, bu oldu iş.

Yazırsan ki, bəzi qadınlar niyə getdikcə lüt gəzməyə başlayırlar? Sənə nə var, ay xanəxarab? Öz gözəlliklərini nümayiş etdirirlər, burada nə var ki? Bir də bunun nəyi pisdir, axı? Özün də kişi xeylağısan...

O nədir, yazırsan ki, üç-dörd qız çıxıb səhnəyə, adlarını da qoyublar "Başabəla qızlar". Soruşursan ki, bunlar başqa ad tapa bilmədilər? A kişi, adam var, uşağına "Pambıq", "Traktor", "Çəltik" adı qoyur. Sənə nə var, öz uşağıdır, özü bilər. Hamı istəyir dəbə uyğun ad tapsın də...

Yazırsan ki, yeni nəsil muğama-zada qulaq asmır. A kişi, bilmirsən ki, muğamı başa düşmək üçün baş lazımdır? Heç çoxları bilmir "muğam" nə deməkdir, soruşsan gözünü döyə-döyə qalacaq. Çünki uşaqlıqdan öyrəniblər pop, caz, rok, rep... musiqisinə qulaq asmağa. Səhnədə tullanıb-düşməyən, köynək-köynək tər tökməyən müğənni müğənni sayılmır! Bu cavanlarınkı tullanıb-düşmək olsun. Burada xoşa gəlməyən nə var, axı?

Yazmaqdan yorulmursan? Son zamanlar qəzetlərdən yazırsan. Bilmirsən ki, səni yuyub, qara sərərlər? Yazırsan ki, hansı qəzeti əlinə alırsan, ayrı-ayrı məqalələrin başlığını oxuyan kimi bilirsən içində nə var. Görmürsən, qəzetlərdə kimin kimdən xoşu gəlmir, atasını yandırır. İndi istəyirsən sənin də atanı yandırsınlar?

Elə bilirsən sənin yazdıqlarını camaat bilmir? Camaat bilmir ki, indi əli qələm tutan qalın-qalın kitablar yazır? Puluna minnət, verir nəşriyyatlara, çap etdirir! Axırda da deyir ki, mənə gərək çoxdan "Xalq yazıçısı" adı verəydilər. Yeri gəlmişkən, bu yaxınlarda hörmətli bir adam qohumunu gətirib yazıçılardan birinin yanına ki, bu uşaq yazı-pozu ilə məşğul olur, onu da Birliyin üzvü edin, daha da ruhlansın. Yazıçı dostumuz görüb ki, doğrudan da, uşaqda istedad deyilən bir şey var, zəmanət verib, onu birliyə üzv yazıblar. Düz bir həftədən sonra hörmətli adam həmin yazıçı dostuna zəng vurub ki, görün ona fəxri addan-zaddan bir şey verdirə bilərsiniz? Yazıçı elə bilib ki, hörmətli adam zarafat edir. Soruşub:

- Başqa zarafat tapmadın?

Hörmətli adam da cavab verib:

- Nə zarafat? Puluynan deyil?

Bəlkə, sən də gecə-gündüz yazırsan ki, fəxri ad-filan alasan, hə?

Məktubu yazanın son məsləhəti: "Saçınız-saqqalınız ağarıb, başa düşün, indi yazı-pozu vaxtı deyil!".

Qalmışam ona nə cavab verim?! Axı, mən də yazmağın xəstəsiyəm. Gərək gecə-gündüz yazam. Yoxsa ürəyim partlayar...

 

Oğluma nəsihət

 

Əziz, istəkli oğlum! Mən bu dünyada çox pis yaşayıram. Ona görə pis yaşayıram ki, heç zaman vəzifəm olmayıb. O vaxt Kommunist Partiyasının üzvü deyildim. "Avanqard" partiyanın üzvü olmayanlara da, özün bilirsən, vəzifə verməzdilər. Mənim bədbəxtliyimə bax ki, bütün nəslimizdə həmin partiyanın bircə üzvü olmayıb. Heç olmasa, nəslimizdə bir adam vəzifədə olsaydı, bütün nəslimizi dolandırardı. Sən vəzifəni nə bilmisən?!

Atan qurban, indiki ağlım onda olsaydı, bilirsən nə olardı? O vaxt elə hey deyirdilər "get, Leninin əsərlərini oxu". Əlli beş cild əsərləri oxumaqdan gözlərimin qarası getdi. Heç kim pul-para qazanmağın yolunu göstərmədi. Pul-para qazanan kasıb-kusuba da çox pis baxırdılar. Kimin yaxşı evi-eşiyi vardı, deyirdilər oğrunun, quldurun biridir! Əyninə bir kostyum alanda da soruşurdular ki, hansı pulla almısan? Amma özlərinin hər şeyi vardı... Ümumiyyətlə, bu soruşanlardan bir soruşan gərək, bəs, siz aldıqlarınızı haradan almısınız?

Allah kasıbı bədbəxt yaradıb. Bir qalstuk da alanda soruşurlar "pulu haradan almısan?".

Mənim balam, vallah-billah, indiki dövr yaxşıdır. Pulun varsa, get, dənizin lap ləpədöyən yerində villa tikdir. Heç kim sənə bir söz deməz. Heç deməli də deyil. Amma belə-belə şeylərə mənim pulum çatmır. Çünki heç zaman vəzifəm olmayıb. İndi də mənə vəzifə verməzlər. Deyərlər "ağlın olsaydı, o zaman "avanqard" partiyanın üzvü olardın".

Oğlum, sən mənim yolumu getmə. Mütləq partiyaların birinə üzv yazıl. Gör ölkəmizdə nə qədər partiya var! Birinə yazıla bilməsən, get o birinə yazıl. Qorxma, heç bir çətinlik-filan olmayacaq. Çoxu yalvarır ki, gəl, mənim partiyama üzv ol...

Bir partiyaya ki, yazıldın, siyasətçi olacaqsan. Gərək siyasətçi olduğunu göstərəsən. Qulağında qalsın, başqaları səni yıxmamış, sən onları yıxmağa çalış. Onlar haqqında pis rəy yaratmağa, "danos" uydurmağa, şayiə yaymağa əlləş. Müsbət nəticəsini görəcəksən...

Canım, ciyərim! Üzüyola ol. Nə desələr, de ki, "baş üstə". Sənə "yaltaq" desələr, vecinə alma. Çünki heç bir zamanədə yaltaqlara dəyib-toxunan olmur. Onların "şəlpəsi" hər yerdə yaxşı işləyir...

Oğlum, sən mənim yeganə fərzəndimsən. Həyatda yaxşı yaşamağın üçün sənə çox məsləhətlər verərdim. Amma onları yazsam bir romandan böyük çıxar. Bircə onu demək istəyirəm ki, mənim kimi avam olma.

Nə eləyirsən elə - istəyirsən partiya üzvü ol, istəyirsən partiya yarat, istəyirsən kiminsə qabağında ikiqat əyil, istəyirsən vəzifə tutub əliəyrilik elə, bunların heç kimə dəxli yoxdur, təki, yaxşı yaşamağı bacar! Bir mahnı var ey, "Həyat yaşamağı bacaranındır"...

 

Dilənçi - padşah

 

Qədim zamanların söhbətidir. İki dilənçi bir-birilə dostluq edirdilər. Dilənçiliklə uzun ömür sürmüşdülər. Aralarından su da keçmirdi.

Bir gün ölkənin padşahı ölür. Camaatı böyük bir meydana toplayıb, yeni padşah seçmək üçün quş uçururlar. Quş kimin başına qonsa, o da padşah olacaqmış.

Dilənçilərdən biri o birinə deyir ki, "gəl, biz də meydana gedək, bəlkə quş birimizin başına qondu". O biri deyir, "axmaq-axmaq danışma, dilənçidən padşah olmaz". Könlündən padşahlıq keçən dilənçi israr edir, "mən mütləq meydana getməliyəm" deyir və gedir qoşulur camaata.

Quşu uçururlar. Quş düz gəlib qonur dilənçinin başına. Keçmiş padşahın adamları deyirlər ki, "quş səhv edib, dilənçidən padşah olmaz". Quşu bir də uçururlar, yenə gəlib dilənçinin başına qonur. Yenə quşun ağlı olmadığını aləmə car çəkib, üçüncü dəfə uçururlar. Quş yenə dilənçinin başına qonur. Əlacsız qalıb dilənçini padşah seçirlər.

Bir gün o biri dilənçi padşahı görmək, ondan hal-əhval tutmaq üçün sarayın qarşısına gəlir. Padşahın adamları onu içəri buraxmırlar. Nə qədər yalvarsa da, mümkün olmur. Deyirlər, "padşah hara, dilənçi hara?!".

Dilənçi əlacsız qalıb, padşahın pəncərəsinin qarşısındakı hündür çinar ağacına çıxır, əllərini yelləyir, "ey dostum-qardaşım, gəlmişəm" - deyir, lakin padşahdan səs-səmir çıxmır. Kor-peşman geri qayıdır,  dilənçiliyini davam etdirir.

İllər keçir. Padşahlıq müddəti başa çatır. Dilənçi - padşah  dostunun yanına gəlib giley-güzar edir ki, "padşah oldum, bir dəfə gəlib məndən hal-əhval tutmadın". Dostu deyir ki, "gəldim, saraya buraxmadılar. Düz pəncərənin önündəki çinar ağacına çıxdım, əl-qol yellədim, çağırdım, məni görmədin". Dilənçi-padşah nə desə yaxşıdır:

- Qardaş, padşah olanda mən heç o boyda çinarı görməmişəm, səni necə görəydim?!

 

Heç demə, üzə bilmirmiş...

 

İkinci Dünya müharibəsində döyüşmüş bir general vardı. Sovet İttifaqı Qəhrəmanı idi. Deyirdi ki, qəhrəman ulduzunu ona Dunayı keçdiyi üçün vermişdilər.

Bir gün dostları, yoldaşları yemək-içmək hazırlığı görüb, qəhrəmanlarına da təklif edirlər ki, dənizə gedib dincəlsinlər, həm də görsünlər ki, general necə üzür. Sözün qısası, çimərliyə gedib dənizin sularına baş vururlar, hərəsi on-on beş metr sahildən uzaqlaşır. Bir də baxırlar ki, general sahilə bir-iki metr yaxınlıqda suyun dayaz yerinə girib balaca uşaqlar kimi əlləri ilə başına, bədəninə dənizin suyunu tökür. Dostlar yeyib-içmək vaxtı çəkinə-çəkinə soruşurlar ki, "yoldaş general, siz Dunayı, o endə çayı necə keçmisiniz?". General cavab verir ki, "sizdən nə gizlədim, mən üzə bilmirəm. Görünür, nə isə bir qəhrəmanlıq göstərmişəm ki, "Sovet İttifaqı Qəhrəmanı" ordenini veriblər, Dunay bəhanədir!".

Dostları təəccüblə bir-birinə baxa-baxa qalırlar...

 

"Bəs yuxarıdakıların yedikləri?.."

 

Sovetin dövründə kənd adamlarından biri hökumətə şikayət edir ki, "bəs, durmayın, gəlin, kolxoz sədri fermanın heyvanlarını yedi, satdı, dağıtdı!".

Yoxlama briqadası gəlir, sayırlar, vururlar-çıxırlar, görürlər ki, fermanın heyvanlarının sayı bir neçə il əvvəl sədr təyin olunanda nə qədər idisə, indi də o qədərdir.

Kolxozun yığıncağı keçirilir, hamıya məlumat verirlər ki, yazılanlar yalandır, o demaqoq kimdirsə, cəzasını almalıdır. Şikayət məktubunu yazan kişi mikrofona yaxınlaşıb dillənir:

- Ay camaat, sizdən soruşuram, bu yoxlamağa gələnlərdə ağıl, dərrakə deyilən bir şey var, yoxsa yox?

Hamı bir-birinin üzünə baxır, heç kim bir söz deyə bilmir. Şikayəti yazan "demaqoq" davam edir:

- Nə olsun ki, kolxoz sədri fermanı təhvil götürəndə heyvanların sayı filan qədər idi? Bəs, bu bir neçə ildə heyvanların doğub-törətdikləri balaları haradadır?

Camaat gülüşməyə başlayır. Yoxlamağa gələnlər də onlara qoşulurlar. İclasda kolxoz sədrini işdən çıxarmaq məsələsi qoyulur. Sədr dillənir:

- Sübut eləyə bilərsiniz ki, heyvanların balalarını ancaq mən yemişəm? Canavarların, yuxarıdakıların yediklərini niyə saymırsınız? Bir-ikisini də yoxlama briqadasında kəndimizə gələn əziz qonaqlar üçün kəsdiyimizi demirəm! Gedib yeyib-içərik, sonrasına baxarıq...".

 

Xeyrəddin QOCA

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.25.