Unudulmayan qadın
Burax əllərimi, çəkil
yolumdan!
Bilirəm nə yerdə, nə də göydəsən.
İnan
ki, mənimçün
bircə gecəlik,
səhər unudulan boş xatirəsən...
İstər sil nömrəmi,
istər adımı,
istər o gecədən
qalan dadımı,
çətin unudarsan
sən bu qadını,
yaranı aldatma...
hələ təzəsən.
Adı
"Sarıdimdik" olan
nağılın,
yadına çox
düşər... onda
bilərsən.
Sol tərəfin sancar, çıxar ağılın
yaman gec sağalan ağır xəstəsən.
Burax əllərimi, çəkil
yolumdan,
sənin göz yaşların məni saxlamaz.
Səni
sevməyirsə əgər
bir qadın,
unutma, zor ilə gözəllik olmaz.
Xatırla
Məni
belə xatırla -
son ada xatirəsi,
bir naşı qayıqçının
yarım qalan həvəsi.
Məni
belə xatırla -
qara, dəli qız kimi.
yavanlıq çörəyinə
son səpilən duz kimi.
Məni
belə xatırla -
Ruhunun
son günahı,
qoca, kor balıqçının
dənizlə vida ahı...
Məni
belə xatırla -
tez-tez küsən, inciyən,
hər baxışa qısqanıb
kimsəylə bölüşməyən.
Məni
belə xatırla -
gözünə çək
şəklimi,
elə o cür də saxla,
bu qədər bəsindimi?
Gedənlərin göynəyən yeri
Soruşma halımı indi
necəyəm,
sən vurub qıralı...
sayını unutdum, indi neçəyəm.
Bəlkə də axtarsan viranə qalmış,
dağılmış şəhərdə
yazıq, kimsəsiz
uçulmuş xaraba, yetim küçəyəm.
Bir az ağrıyıram
üstünə sağlıq,
sayəndə ürəyim
sözümə baxmır.
Hətta
əllərim də inciyib məndən
özümə etdiyim yanlışlarımı
üzümə vurmağa
əlləri qalxmır.
Hər şey əvvəlkitək,
qoyduğun kimi...
pişik xumarlanır
soba böyründə,
hamı sappasağdır
durur yerində.
Təkcə mənəm ölən
balası üstə,
yas tutub ağlayan yazıq anatək.
Təkcə mənəm ölən
ayağı üstə...
Necə gözləyirəm gecə
tez düşə.
Qaçım xatirəmin qoynuna
girim,
yenə əllərimdə
qara corabın
savaşa-boğuşa sənə
geydirim.
Üstünü axtarım... bəlkə
tük olar,
yenə didişməyə
bəhanəm olar.
Yenə
yaxınlaşır bayram
günləri...
yanımda nə qədər adam da olsa
işimdə tənhayam,
yetim uşaqtək
boynumu bükmüşəm
üzü şəhərə.
Boylanıb baxıram
işığı sönmüş,
indi başqaları gülüb gəzişən,
sonuncu satdığın
evimiz olan
mənsiz qəribsəyən
həmin küçəyə.
Deyingən olmuşam qoca qarıtək,
hər şeyə söylənib söz eyləyirəm.
Bütün gün oturub
soba başında
gözümü qapıya
köz eyləyirəm.
Dayanıb düşünüb hey söylənirəm -
bütün sevdiklərim
məni tərk etdi,
bütün gedənlərim
sevərək getdi!
Tanış hekayələr
Sənlə rastlaşanda payız
gəlmişdi,
sənin saçlarına
nə qədər qırov,
mənim gözlərimə
sazaq düşmüşdü.
Biz üşüyürdük!
İkimiz
ağ saçlı,
gözü eynəkli,
soyuqlar düşəndə
canı ağrıyan,
Ümidsiz sevgidən qəlbi
göynəkli...
Biz tanış idik!
Bəlkə şeir idi bizi bağlayan,
bəlkə misraların
tilsimindəydik.
bəlkə sözlər
idi bərk əfsunlayan?
Biz sözə aşiqdik!
İndi
qarşımızda bir
fincan tünd çay,
Gözümüz yumulu barmaqlar qatdaq,
görüş günümüzü
hesabla say, say...
Biz darıxırdıq!
Qarışmış bu ara bir az duyğular,
pərdə arxasında
qara kölgələr,
ortalıq qarışıq,
artıb qayğılar
Biz uzaqlaşırdıq...
Özündən qaçış
Bir gün yıxılarsan ürəyin üstə,
acı etirafdan - "sevmirəm səni"...
o gündən taparsan dərdi, kədəri,
canından çıxmayan
qəmi qüssəni.
Və
Anlarsan
-
Sevmək
də dəhşətmiş,
sevilməmək də!
Sınıb dağılarsan qaranlıqlara,
hər qırıq bağrında min yara açar.
İnamın yıxılar, güvənin
itər,
daha şübhələrin
min yerə qaçar.
Və
Anlarsan
-
Unudulmaq
dəhşətmiş, unutmamaq
da!
Özünü aldadıb inandırmağa
tapıb yapışarsan
saman çöpündən,
ömrün uzadarsan
xəyallarının,
çıxmaq istəməzsən,
yalan gölündən.
Və
Anlarsan
-
Getmək
də dəhşətmiş,
gedəmməmək də!
Uduzmaq ağırmış, həzm
etmək çətin,
ölmək istəyərsən
dəyərin üçün,
bir gün inanarsan, demə, dəyməzmiş,
səni düşünməyən
birisi üçün.
Və
Anlarsan
-
Ölmək də dəhşətmiş,
öləmməmək də!
Unudulmuş tənha ruhlar...
Hərdən soruş məni
bağlı qapıdan,
qaranquş yuvalı
tozlu eyvandan
dəstəyə keçrilib,
yazısı itmiş
haçandansa qalmış
köhnə qəbzdən,
pərdəsi qaralmış
hörümçək torlu,
dəmir barmaqlıqlı
pəncərələrdən...
Hərdən otağa gir, evə də baş çək,
göz gəzdir ətrafa, zəngli saata
gör saat səkkizdə yenə vururmu?
Dolabları dağıt, eşib
səpələ
gör o çox sevdiyim yaşıl pijama
həmin siyirmədə
hələ dururmu?
Hərdən soruş məni
boş çərçivədən,
Masanın küncünə niyə
atılmış,
Soruş içindəki şəkillər
hanı?
Hərdən yadına sal, hərdən xatırla
nişan üzüyünün
üstü pozulub
hansısa zərgərə
niyə satılmış?
Hərdən soruş məni
kirli yataqdan,
niyə səliqəsiz,
niyə çirklidir?
Onu kim unudub
yığışdırmayıb?
Çoxdandı üstündə yatmıram
deyə
təmiz görünməyi
güllü mələfə
inciyib özünə
sığışdırmayıb?
Hərdən soruş məni...
kimdən kimsədən
Hərdən soruş məni... heç çəkinmədən.
Yanğı
Qəfil
gələn əcəl
kimi
ayrılıq sarılaraq
öpdü məni,
Heç
bilmədim hansı zaman sevdi bizi...
Hələ yollar... hələ
yollar bir tərəfə
çaydaşıtək tolazlayıb,
çay aşağı
axıtmışdı özümüzü...
Özümüzə açammazkən
sirrimizi
heç bilmədim,
heç bilmədim ki, Tanrıya
kim satmışdı
Tanrıdan da
gizli alan yerimizi.
Nə xoşbəxtdik, nə xoşbəxtdik
bir zamanlar
-
Bir mən idim, bir sən
idin, biz bir idik.
Əl-ələ, göz-gözə, diz-dizə,
Sevişərkən həyəcandan
təngnəfəs
deyilməyən, yazılmayan
şeir idik.
Ta ki, bir gün
qəfil gələn xəyanətkar
bir ayrılıq öpdü məni,
öpdü məni,
öpdü məni...
Bal-maskarad tamaşası
Bir-bir yoxa çıxır can dediklərim,
gah gözümdən
düşür, gah ürəyimdən.
Canım
ağrıyanda dönüb
baxıram
Bıçaq saplayıblar düz kürəyimdən.
Gah rollar dəyişir, gah da səhnələr,
çoxalır yanımda
üzü saxtalar.
Bu nə bal-maskarad, bu nə tamaşa,
ərtafı bürümüş
rəngli maskalar?!
Yaman pərt oluram... eynəyim də yox,
seçim hansı
kimdi, nə yuva quşu?
Qaytarın bileti, istəmirəm
mən
belə rejissoru, pis quruluşu!
Qaçıram kulisə, yazıqlaşıram,
tanıdıq şəkillər
yerə səpilmiş...
Örtürəm qapını, gözləri
dolmuş
demə sevdiklərim dünəndən ölmüş!
Aida ADIGÖZƏL
Ədəbiyyat qəzeti.- 2021.-
6 mart.- S.24.