Əsəd bəy-Çəmənzəminli- Qurban Səid

diskursu: həqiqətin gerçək üzü

 

III məqalə

 

 "Qurban Səid" - dünyanı dolaşan sirli təxəllüs

 

"Qurban Səid" təxəllüsü ilə Əsəd bəyin iki romanı ("Əli və Nino" və "Xalicdən gələn qız") çap olunub, bir romanı ("Sevgidən bixəbər kişi") əlyazması şəklində arxivində çapını gözləyir. Əslində, bu fakt hər şeyi deyir; yenə də hər hansı bir mübahisəli əsərin kimə məxsus olduğunu təyin etmək üçün olsun ki, azlıq edir; yeni sənədlər, faktlar ortaya qoymaq və bu adın kimə məxsusluğunu üzə çıxarmaq lazım gəlir. Çünki "Qurban Səid" burada romanın gerçək müəllifini aşkara çıxarmaq üçün bir açar rolunu oynayır. "Qurban Səid" təxəllüsünün kimə aid olmasını müəyyənləşdirmək romanların əlyazmasının tapılması qədər önəmli bir məsələdir. Ona görə də hər iki iddiaçıya aid ehtimalları deyil, faktları ortaya qoymağa çalışacağıq.

Bu təxəllüsün Y.Vəzirə aid olması ideyası ilk dəfə romanın türk dilinə nəşri zamanı Amerikada yaşayan iki azərbaycanlı mühacir M.Türkəqul və Y.Qəhrəman tərəfindən ortaya atılıb. Bu barədə biz "Əli və Nino" romanının türkcə tərcüməsinin ön sözündə öyrənirik. "Ön söz"ün müəllifi tərcüməçi Semih Yazıçıoğlunun yazdığına görə, əsəri ingiliscə oxuyan M.Türkəqul və Y.Qəhrəman burada tanış küçə, meydan və malikanə adlarına rast gəlirlər. Onlar ilk dəfə bu əsərlə tanış olan zaman əsərin Y.Vəzirə aid olduğunu düşünmüş və bununla bağlı əsəri nəşr edən Avstriyanın "Tall" nəşriyyatına guya məktub yazmışlar. Oradan alınan cavabda xanım Lusi Tallın onlara cavabı belə olur: "1920-ci illər idi. Cavan və gözəl bir kişi mətbəəyə gələrək ərim ilə uzun-uzadı danışdıqdan sonra bir əlyazma verərək çıxıb getdi. Ərimlə nə danışdıqlarının mahiyyətini indi də bilmirəm. Bu əlyazmasını və gözəl kişini tamamilə unutduq... Ərim əsəri 1937-ci ildə birdən-birə meydana çıxarıb nəşr etdi" (Ali ile Nino, İstanbul, 1971, s. 4). Məktubun həqiqətən yazılıb-yazılmaması məlum deyil, ortada hər hansı bir fakt yoxdur (sonra məlum olacaq ki, yazılmayıb). Ancaq məhz onların söylədiyi bu fikir "Qurban Səid" təxəllüsünü və bu ad altında çap olunan əsərləri dolaşıqlığa salıb. Onların fikrincə, L.Tallın təsvir etdiyi "bu gözəl, yaraşıqlı kişi" Y.Vəzir ola bilərdi. Lakin çəmənzəminlişünaslar bu əlyazmanın on ildən çox "Tall" nəşriyyatında saxlanılması və nədən 1937-ci ildə nəşr edilməsini əsaslandıra bilmirlər. Üstəlik, roman türk dilində nəşr edildikdən sonra bundan xəbər tutan Lusi Tall buna təəccüblənir və "Mən nə türklərə, nə də bir başqasına belə bir şey yazmamışam. Axı nəyə görə belə bir şey yazmalıyam? Bu mənim xarakterimə uyğun deyil. Belə çirkin iddiaları necə aşkara çıxarmaq olar?" ("Azərbaycan İnterneşnl", s. 55), - deyə etirazını bildirir. L.Tallın fikrincə, Qurban Səid Əsəd bəydir. Aydın məsələdir ki, ortada heç bir yazışma faktı olmayanda belə olur. Hər bir ehtimal hər hansı bir faktın qarşısında gücsüz görünür...

Çəmənzəminlişünaslar "Qurban Səid" imzasının ona aid olmasını irəli sürsələr də, ancaq ehtimallar üzərində dayanır, real bir fakt ortaya qoya bilmirlər. Bu təxəllüsün əlyazmaya Y.Vəzir tərəfindən qoyulduğunu əminliklə bildirmək üçün ən azından əlinin altında faktlar, sənədlər olmalıdır, hansısa ehtimallar yox. Yenə də, ehtimal da olsa, araşdırma tələb edir ki, münasibət bildirək. Bu ehtimallardan biri belədir ki, orijinal təxəllüs "Qurban Səid" yox, "Qurban Seyid" olmalıdır. "Qurban Seyid" - müqəddəs nəsildən olan qurban mənasını verə bilərdi. Yazıçının oğlu Orxan Vəzirova əsasən, onun babası nənəsinə bir şeir həsr etmiş və onu "Seyid" kimi imzalamışdı. Alman redaktor bu adı qarışdıra bilərdi və səhv olaraq "Qurban Səid" gedə bilərdi. Bunu onunla əlaqələndirirlər ki, Y.Vəzir həm ata, həm də ana tərəfdən seyid nəslindən idi. Lakin bunu izah etmirlər ki, Y.Vəzir nədən xaricdə çap etdirmək istədiyi kitaba həqiqi adını qoymamışdır. Və ya, əgər orijinalda Səid yox, Seyid olduğunu ehtimal edirsənsə, bunu faktlarla sübut etməlisən. Həqiqətən doğru olsa belə, çox zəif bir ehtimaldı və inanmıram ki, hər hansı fakt qarşısında duruş gətirə bilsin.

İkinci ehtimal ondan ibarətdir ki, o, Kiyevdə təhsil alarkən 1913-cü ildə "Qurban" adlı hekayə yazmışdı və bu hekayədə baş qəhrəmanın adı Əlidir. Həmin hekayədə ata ilə oğul arasında ziddiyyətdən söhbət gedir və ailə şərəfinə xələl gətirdiyi üçün ata oğlunu qurban vermək qərarına gəlir. Hər hansı bir bədii əsərlə həyati fakt arasında olmayan bu yaxınlıqdan bir təxəllüsün yaranması, ortaya çıxması arasında əlaqə yaratmaq üçün gərək güclü fantaziyan ola ki, bu nəticəyə gələsən. Hər halda, bu ehtimalda "Qurban Səid" söz birləşməsindən yox, "Qurban" sözündən söhbət gedir ki, bu da təxəllüsün onun olmasına heç bir əsas vermir.

Ehtimallardan biri yenə də "qurban" sözü üzərindədir; Y.Vəzir 20-ci illərdə yazdığı məktubunda özünü siyasi oyunların "qurban"ı adlandırmışdır. Professor P.Xəlilov yazıçının məktubunadakı "...yetər ki, mən qurban oldum..." ifadəsinə əsaslanaraq belə bir ehtimal irəli sürür ki, "qurban" sözünü işlətməklə təxəllüsə işarə etmişdir. B.Bleyer isə belə bir nəticəyə gəlir: "Biz bu adın Çəmənzəminlidən qaynaqlandığına əminik. O, əlyazmaları üzərinə təxəllüs yazmadan verməzdi. Yazılarını çox zaman təxəllüs üzərindən yazırdı. Bu onun üçün bir ənənəyə çevrilmişdi. Əgər naşir, məsələn, E.P.Tall Çəmənzəminlinin əlyazmalarını Əsəd bəyə vermişdisə də, çox güman ki, bu vaxtadək təxəllüs artıq müəyyənləşdirilmişdi. Bu şərtlər altında Əsəd bəy artıq təxəllüsü dəyişə bilməzdi, sadəcə, tələffüzünü - Seyidi Səid kimi yaza bilər və ya sözlərin yerini dəyişdirə - Seyid Qurban əvəzinə, Qurban Seyid yaza bilərdi" (Azərbaycan İnterneşnl, 2011, s. 75). B.Bleyerin fikrincə, Y.Vəzir həyatını təhlükəyə atmamaq üçün bu təxəllüsdən istifadə etmişdi. Bütün fikirlərində heç bir fakta əsaslanmayan tədqiqatçı yazıçını hansı təhlükənin gözlədiyini deyə bilmir. Xaricdə yaşayan bir yazıçı üçün burada dərc edilən hər hansı bir bədii əsər ona hansı təhlükəni törədə bilərdi? Hələ 37-ci il repressiyasına on ildən çox qalırdı. "Müsavatçıya cavab" məktubundan sonra isə belə təhlükədən danışmaq düzgün olmazdı. Əsərlərin mövzusuna gəldikdə, "Əli və Nino"da bu təhlükə üçün bəzi ştrixlər olsa da, "Xalicdən gələn qız" əsərində heç bir təhlükədən söhbət gedə bilməzdi. Onda belə bir sual ortaya çıxır: "Əgər Əsəd bəy bu romanı mənimsəmişdisə, bəs nədən onun təxəllüsünü dəyişməmişdir? Nə üçün təxəllüsü olduğu kimi saxlamışdır?". Axı, əsərin nəşr hüququ Y.Vəzirə aid olmamışdır, belədə Əsəd bəy köhnə təxəllüsü atıb, özü yeni təxəllüslə və ya öz adı ilə çap etdirə bilməzdimi?!

"Qurban Səid" təxəllüsünün Y.Vəzirə aid olması haqda səslənən ən ağılabatan fərziyyələrə müraciət etdik. Bu fikirləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək mümkündür; çəmənzəminlişünaslar ya bu versiyadan imtina etməlidirlər, ya da yeni faktlar aşkara çıxarmalıdırlar. "Qurban Səid" imzasını Avropada iki romanı üzərinə qoyan yazıçının sonrakı yaradıcılığında, tərcümeyi-halında, gündəliklərində bu fakt özünü mütləq şəkildə göstərməliydi. Lakin bu barədə əlimizdə kiçik bir fakt belə yoxdur, ehtimallar isə qarşısındakı faktlar kontekstində çox gücsüz görünür.

Bəs, əvvəlki əsərlərini "Leo Nissimbaum", "Əsəd bəy" adları ilə çap etdirən Əsəd bəyin birdən-birə təxəllüsünü dəyişməsi hansı ehtiyacdan yaranmışdı? B.Bleyer Əsəd bəyin birdən-birə təxəllüsünü dəyişməyə heç bir ehtiyac olmadığı qənaətindədir. Onun fikrincə, bu ad Y.Vəzir tərəfindən əsərin üzərinə qoyulub. O, "Qurban Səid" adının Əsəd bəyə aid edilməsi variantlarının heç birini inandırıcı saymır: "Əksinə, belə görünür ki, Qurban Səid Çəmənzəminli tərəfindən orijinal əlyazmaya əlavə edilmiş bir təxəllüs idi, Əsəd bəy tərəfindən kommersiya məqsədilə yaradılmış deyildi" (Azərbaycan, 2011, s.73). Tutaq ki, "Qurban Səid" adı romanın Y.Vəzir tərəfindən yazılmış əlyazmasında olmuşdur. Bu zaman gərək biz yazıçının bu təxəllüslə əlaqəsini axtaraq. Heç olmazsa, Əsəd bəydə olduğu kimi, bir neçə səbəb göstərək. İkincisi, əgər Əsəd bəy bu əlyazmanı kommersiya məqsədilə işləmişsə, nədən adı olduğu kimi saxlamışdır? Y.Vəzirin nəşriyyatla bağlanmış hüquqi sənədi olsaydı təxəllüsün qalması mümkün olardı, o zaman müəllif hüquqları gözlənilərdi. Əsəd bəy o qədər istedadsız idi ki, başqası tərəfindən yazılmış əlyazmanı mənimsəyərkən fərqli bir təxəllüs qoya bilmirdi?

Əsəd bəyin 37-ci ildə birdən-birə "Qurban Səid" təxəllüsünə müraciət etməsinin müəyyən səbəbləri vardı. Əsəd bəy təhlükəsizliyi üçün daha Berlində qala bilmədiyindən üç il idi ki, Avstriyanın paytaxtı Vyanaya köçmüşdü. Burada təkrar nəşr edilən əsərləri "Əsəd bəy", yeni əsərləri "Qurban Səid" təxəllüsü ilə nəşr edilir. İkinci bir fakt isə ondan ibarət idi ki, 1929-cu ildən 1936-cı ilə qədər, demək olar, ildə iki əsər yazan Əsəd bəyin 1936-1938-ci illərdə yalnız iki - "Əli və Nino" və "Xalicdən gələn qız" orijinal romanları çap olunur. Bundan sonra isə səhhəti ilə məşğul olur, başqa kitablarının nəşri və "Sevgidən bixəbər kişi" romanı üzərində işləyir. Əgər bu əsərlərin onun olmadığına inansaq, belə çıxır ki, 36-cı ildən sonra yazıçı heç nə yazmamışdır. Bu da son dərəcə məhsuldar yazıçının iş üsulu ilə qətiyyən uyğun gəlmirdi. O, məktublarında da ancaq yazmaq haqqında düşünür, özünün təsdiqini yazmaqda görürdü. İkinci bir səbəb isə, "Qurban Səid" imzası ilə yazılan hər üç əsərin bədii əsər olmasıdır. Burada da bir qanunauyğunluq vardır. Tom Reiss də bu dövrü Əsəd bəyin ən çətin və böhranlı günləri hesab edir. Bu zaman Əsəd bəyin yəhudi olması barədə iddialar qaldırılır, Almaniya Yazıçılar Birliyindən xaric edilir (Burada H.Münşinin də rolu az olmur). T.Reiss yazır: "Bu, Levin elə gərgin bir vaxtı idi ki, o özünə yeni bir təxəllüs "Qurban Səid" - "xoşbəxt qurban" adı seçmək qərarına gəlmişdi (Reiss, 2009, s.86).

Əsəd bəyin "Qurban Səid" təxəllüsünə müraciətinin bir səbəbi "Əsəd bəy" adı altında kitablarının nəşrinin III Reyxdə qadağan olunması idi. Bu qadağada arzuolunmaz yazıçıların kitabının nəşr olunmaması qeyd olunurdu ki, bu ad altında yəhudilər nəzərdə tutulurdu. Əsəd bəy də yəhudi kimi qələmə verilməsindən sonra Berlindən Vyanaya getməyə məcbur olmuş, lakin burada da təhlükə onu izləmişdi. Bundan sonra o, özünə başqa bir təxəllüs seçməyə məcbur idi. 1970-ci ildə "Əli və Nino" romanı ilk dəfə Amerikada nəşr edildikdə vyanalı ədəbi agent Herta Pauli "Nyu York Tayms Buk Rivyu" redaktoruna 1971-ci ildə yazdığı məktubunda Əsəd bəyin bu təxəllüs altında yazmasının səbəbi kimi məhz III Reyxin qadağasını göstərir, hətta bu əsərin 1937-ci il nəşrini oxuduğunu və "müəlliflə söhbət etdiyini", - deyir. Bu fikir də B.Bleyeri qane etmir və "Lakin o, (Herta Pauli - B.Ə.) Əsəd bəyi Qurban Səiddir deməkdən çəkinir" ("Azərbaycan İnterneşnl", 2011, s.73), - deyə onun fikrinə şübhə ilə yanaşır. B.Bleyer yazır: "Pauliyə əsasən, Əsəd bəy "bu kitabı digər ciddi sənədli əsərlərindən" fərqli olduğu üçün təxəllüsdən istifadə etmişdi. Maraqlıdır ki, ədəbi agent olaraq Pauli bundan sonra onu da əlavə etmişdi ki, "Başqa səbəb o ola bilərdi ki, Qurban Səid adı altında Əsəd bəy alman bazarlarında öz əsərlərini yenidən sata biləcəkdi" (Azərbaycan, 2011, s.73). Halbuki Herta Pauli "müəlliflə söhbət etdiyini" bildirir və onun ikinci dəfə kiçik bir məktubda bunu təkrar etməsinə heç bir ehtiyac qalmırdı. Başqa bir tərəfdən, Herta Pauli bu təxəllüsə çox sonralar şərik çıxacaq ikinci versiyadan xəbərsiz idi və buna görə də bunun üzərində geniş dayanmaq nəyə lazım idi. Üçüncüsü, Əsəd bəy bu əsərlərini yeni bir janrda yazırdı və ona görə də bir bədii əsər yazıçısı kimi Avropada artıq tanış olan "Əsəd bəy" adından yox, yeni bir addan istifadə etməyə ehtiyac görürdü. Əsəd bəy bir yazıçı kimi, ədəbi mühitin nə istədiyini bilir və ona uyğun hərəkət edirdi.

Bəs "Qurban Səid" təxəllüsü Əsəd bəyin simasında nə zaman ortaya çıxmışdır? Əgər bu təxəllüs daha əvvəllər ortaya çıxmış olsaydı, mütləq hər hansı bir əsərində özünü göstərərdi. Əsəd bəyin dostu Cəmil Vakka bu təxəllüsün ortaya çıxışını 1936-cı illə əlaqələndirir. Bu tarix "Əli və Nino" əsərinin yazılma və nəşr tarixinə uyğun gəlir. C.Vakka təxəllüsün ortaya çıxmasının tarixini 1936-cı il İstanbul Milli kitabxanasının oxu zalı ilə əlaqələndirir. Onun yazdığına görə, Əsəd bəylə "Əli və Nino" romanı üzərində işləmək üçün bura gəlmişlər. Bu zaman Vakka salona daxil olarkən Əsəd bəyin yanında tanış olmayan bir adam görür. C.Vakka onların hər ikisini salamlayaraq Qurban bayramı ərəfəsi olduğu üçün "Qurban Səid", - deyir. "Səid" ərəb dilində "mübarək" deməkdir, yəni "Qurban bayramınız mübarək". Əsəd bəyin yanındakı yad adam isə "Qurban Səid" sözlərini C.Vakkanın adı olduğunu düşünərək "Sizi tanıdığıma məmnun oldum, Qurban Səid", - deyə bunu onun adı kimi qəbul edir. Bundan sonra Əsəd bəy C.Vakkaya "Qurban Səid" adı ilə müraciət edirmiş və "Əli və Nino" romanını yazdığı zaman, C.Vakkaya görə, bu addan istifadə etmək üçün ondan icazə almışdır. Əlbəttə, bu da bir ehtimaldır, ancaq C.Vakka Əsəd bəyin yaxın dostu və müasiri olduğundan, həm də o zaman bu ad ətrafında bu qədər ajiotaj olmadığından ona bir mənbə kimi də baxmaq olar. Yəni "Qurban Səid" adına ikinci bir iddiaçının olmadığı zaman C.Vakka nədən belə bir uydurmaya əl atsın. Bundan başqa, Əsəd bəyin avstriyalı dostu Ömər Rolf Erenfelsə 1975-ci il tarixli məktubunda C.Vakka yazırdı: "Əsəd bəyin iki romanında istifadə etdiyi "Qurban Səid" təxəllüsünün çox qəribə tarixçəsi var. Mən sizə bu barədə sonra danışacağam. Amma onu bilmək lazımdır ki, "Qurban Səid" heç də ad deyil, sadəcə olaraq, türk-ərəb mənşəli qarışıq bir ifadədir. "Qurban Səid" sözünün mənası "Qurban bayramınız mübarək", - deməkdir. Kiplinq demişkən, bu başqa bir söhbətin mövzusudur" (N.Atəşi, 2009, s.346). Burada heç bir izahata ehtiyac qalmır.

İndi gələk əsas məsələyə; hər hansı bir əsərin çapı üçün Avropada nəşriyyatla müəllif arasında müqavilə imzalanır. "Əli və Nino" və "Xalicdən gələn qız" romanlarının müqaviləsi isə E.Erenfelsin adına bağlanıb. Bəs nədən E.Tall Y.Vəzirin ona əmanət etdiyi bu əsəri özü çap etməmiş, onu B.Bleyerin dediyi kimi, redaktə etmək üçün Əsəd bəyə vermişdir? Redaktəyə nə ehtiyac var idi, var idisə onu bu qədər sərbəst şəkildə özündən fəsillər "əlavə etmək" nəyə lazım idi? Redaktə üçün bu qədər pulu naşir nədən Əsəd bəyə verirdi? Romanın Əsəd bəy tərəfindən yalnız redaktə olunduğunu sübut etməyə çalışan tədqiqatçının əlyazmanın variantlarını müqayisə etdikdən sonra bu nəticəyə gəlməsi doğru olmazdımı? Əlbəttə, doğru olardı. Lakin tədqiqatçının əlində bu əlyazmalar olmadığından onun gəldiyi nəticə də mülahizə olmaqdan o yana getmir.

Romanların əlyazması ortada olmasa da, əsərin nəşri ilə bağlı sənədlər qalır. Bu sənədlər nəşriyyata təqdim olunan əsərlərin kimə məxsusluğunu müəyyənləşdirmək üçün ən etibarlı faktlardır. Nəşriyyatla bağlanan müqavilələr E.Erenfelsin adınadır və bugünədək bu əsərlərin varisləri də onun övladları hesab olunur. Bu müqavilələri araşdıran N.Atəşi Qurban Səid imzası və əsərin nəşri barədə faktlar ortaya qoyur. Məlum olduğu kimi, Əsəd bəy təqib olunduğu üçün Berlindən Vyanaya gəlmiş, çox qısa bir zamanda burada ədəbi mühitə daxil olmuş, "Bolşevizmin sonu" kitabını nəşr etdirmiş, İmperiya Mədəniyyət Palatasına üzv qəbul edilmişdi. Bu zaman onun siyasi baxışlarında müəyyən bir oturuşma əmələ gəlmiş, bir qədər də sərtləşmişdi. Berlindən tanıdığı dostu Ömər Rolf Erenfels ilə görüşür və onun xanımı Elfride Erenfelslə tanış olur. Onlar Əsəd bəyin sonrakı kitablarının nəşrində əsas rol oynayırlar. N.Atəşi yazır: "Əli və Nino"nun əsl tarixçəsi belə olmuşdur. Artıq öz adı ilə çap oluna bilməyəcək Əsəd bəyə yaxın dostları Erenfelslər arxa, dayaq olurlar. Elfride nəşriyyatla öz adından müqavilə bağlayır. E.Erenfelslə Əsəd bəy arasında sevgi münasibətlərinin də olduğunu nəzərə almış olsaq, müqavilənin onun adına bağlanmasını tamamilə təbii hesab etmək olar. Üstəlik, E.Erenfels heç bir zaman "Qurban Səid" imzasının Əsəd bəyə aid olduğunu danmayıb və həmişə bu ad altında yazarın Əsəd bəy olduğunu etiraf edib. Əslində, hər şey bununla da bitməlidir, lakin "Qurban Səid" adının Əsəd bəyə məxsusluğu bununla bitmir. Özü də bu faktlar Qurban Səid adı altında müzakirələrin getdiyi vaxt deyil, hələ yazıçının sağlığında sənədlərdə öz əksini tapmışdır.

"Əli və Nino" üçün nəşriyyat ona sadəcə 3 qızıl saat bağışlayır. Bundan sonra qonorarları Elfride hər zaman özü alır" (Atəşi, 2009, s.124-125). Əlbəttə, bu üç qızıl saat yalnız ön ödəmə olmuşdur. Satışdan nəşriyyat 35 min imperiya markı qazanmışdır. N.Atəşi bunun bugünkü avro ilə 175 min avro etdiyini yazır. Bundan isə müəllifə 43.750 avro düşmüşdür. Əgər çəmənzəminlişünasların dediyi kimi, bu əsər nəşriyyat sahibi tərəfindən yalnız redaktəyə verilmişdisə (bunun belə olmadığını əvvəldə görmüşük), redaktəyə bu qədər pul necə verilə bilərdi? Əgər redaktə üçün müqavilə bağlanmışdısa, orada mütləq göstərilərdi. Müəllifi olmayan əsərə Tall nədən Əsəd bəyi özünə ortaq edirdi?

Müqavilə bağlayan E.Erenfels bu pulları aldıqca Əsəd bəyə də göndərirdi ki, bu faktlar məktublarda da əks olunub. Məktubların əksəriyyəti T.Reissdə olduğundan yalnız onun dərc etdiyi məktublara müraciət edə bilirik. Bu məktubların bir neçəsində "Qurban Səid" imzasından söhbət gedir. Təkcə E.Erenfelsdən deyil, başqalarından gələn məktublar da göstərir ki, artıq "Əli və Nino"dan sonra Əsəd bəyi "Qurban Səid" kimi tanımağa və adlandırmağa başlamışlar. Əsəd bəy özü də əsərin müəllifini "Qurban Səid" adlandırmışdır. Ömər Erenfelsə məktubunda yazırdı: "Raşer"ə sənin üçün Arxeologiya İnstitutunun ünvanına 300 İsveçrə frankı göndərmələrini söylədim. İndiyəcən hesabladığım pulun nə qədər olduğunu bilmirəm. Bu pul yaxında sənə çatmasa, "Raşer"in Sürixdəki ünvanı İ.Limatguas 50-yə yaz. Mən bundan başqa Qurban Səid adına "Amerikan ekspress"lə Yuqoslaviyadan Afinaya 200 dollar göndərilməsini təşkil edərəm. Güman edirəm ki, çətin olacaq, çünki dəyişmək icazəsi alınması lazım gələcək" (Berlin Modern Şərq mərkəzi). Başqa bir məktubunda da yenə Qurban Səidin adını çəkir, ona olan 150 dollardan bəhs edərək yazır: "Raşer" bu yaxında başqa bir ödəmə həyata keçirəcək. "Gesa Kon" nəşriyyatı, Belqrad, Knes Michalova, ul.12 ünvanında Qurban Səid üçün (Ömər Erenfelsin xanımı E.Erenfels nəzərdə tutulur - B.Ə.) ora gedəndə həmin pulu ala bilərmi? Onunla necə əlaqə yarada bilərəm? Əgər o gedə bilməsə, sən Yuqoslaviyadakı qohumlarına deyə bilərsən? Zəhmət olmasa, bu məsələdə mənə yaz və Qurban Səidin həmin nəşriyyatla əlaqə yaratmasına yardım et" (Yenə orada). Bu məktubdan da aydın olur ki, "Əli və Nino" romanından sonra müəllif hər bir nəşriyyatla Qurban Səid təxəllüsü ilə əlaqə saxlamağa üstünlük vermiş və bu işdə E.Erenfelsi görəvli etmişdi. E.Erenfels bu ad altında onun kitablarının nəşri və qonorarı ilə məşğul olmuşdu. Yenə başqa bir məktubunda "Zəhmət olmasa, Qurban Səidlə bağlı məsələni unutma və Londondakı Fişerə məktub yaz", - deyə Ömər Erenfelsə xatırladırdı. "Qurban Səid" adı altında nəzərdə tutulan Elfrideyə bir məktubunda isə "Əziz xanım Səid!", - deyə müraciət edirdi. Bütün bunlar "Qurban Səid" adı ətrafında gedən mənasız mübahisələrə son qoymaq üçün yetərlidir. Lakin yenə də həm müqavilənin xanım Elfride ilə bağlanması, həm də Qurban Səid adının ona aid olması və qonorarların ona çatması müəyyən bir şübhə yeri qoya bilərdi. Doğrudur, bu şübhə yeri heç də Çəmənzəminli tərəfdarlarına ümid vermir. Olsa-olsa izi Elfrideyə aparır. E.Erenfels isə başqa bir məktubunda "Qurban Səid" adının Əsəd bəyə məxsus olduğunu yazırdı. Ona bu barədə görkəmli türkoloq Əhməd Şmide müraciət etmiş, Qurban Səid təxəllüsünə aydınlıq gətirməsini istəmişdi. Ə.Şmidedən isə A.Zamanov xahiş etmişdi. Bu yaxınlarda alman tədqiqatçısı Hans Yurgen Maurer bu barədə mənə bir neçə məktub yazmış, bu məsələni faktlarla araşdırmağa qərar vermişdir. Hətta 70-ci illərdə Azərbaycanda bu məsələ ətrafında gedən prosesləri yerli tədqiqatçılardan daha obyektiv və peşəkarcasına apardığının şahidi oldum. Bu məsələlərdən bəzisi barədə mənim xəbərim var idi; çünki 80-ci illərdə Baş Arxiv idarəsində işləyərkən görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun evindən növbəti sənədləri gətirib (A.Zamanov son dərəcə zəngin arxivi olan elm adamlarımızdan biri kimi sovetlər dönəmində xarici ölkələrin alimləri, yazarları ilə intensiv yazışırdı) elmi-texniki cəhətdən işləmişdim. A.Zamanovun məktublaşmalarından əsərin müəllifinin kimliyi barədə mübahisələrlə tanış olmuşdum. Çəmənzəminlişünasların bu sənədlərin adını çəkməməsi məni təəccübləndirir. Qurban Səid adı ilə bağlı bir çox həqiqətlər məhz burada üzə çıxır. A.Zamanov romanla bağlı alman türkoloq Ə.Şmideyə müraciət etmiş və bu əsərin müəllifliyi haqqında ondan məlumat almaq istəmişdi. O isə araşdırmalardan sonra A.Zamanova cavab yazmışdı. Sonralar Y.Vəzirin oğlu Orxan Vəzirovun bu sətirlərin müəllifinə bildirdiyinə görə, romanın müəlliflik məsələsini "lap əvvəldən dolaşdıran A.Zamanov" olmuşdur. Görünür, bunu deyərkən O.Vəzirov A.Zamanovun Ə.Şmide ilə yazışmalarını nəzərdə tutmuşdu. Halbuki, A.Zamanov həqiqəti ortaya çıxarmaq istəmişdi. Ancaq A.Zamanov nə etsin ki, həqiqəti öyrənmək cəhdi o zaman Y.V.Çəmənzəminlinin xeyrinə olmamışdı.

Ə.Şmide S.Yazıçıoğlunun əsəri türk dilinə çevirisi ilə tanış olduqdan sonra M.Əsəd bəyin tərcümeyi-halı ilə bağlı bəzi məlumatlar vermiş, onun özünün və qəbrinin bir neçə şəklini də göndərmişdi. Məktublarının birində "Bir isnadın aqibəti" adlı məqaləsini də əlavə etmişdi. Məqaləsinə bir türk atasözü ("Yalançının mumu yatsıya kadar yanar") ilə başlayan müəllif S.Yazıçıoğlunun isnadının iki qurbanı (L.Nissimbaum (M.Əsəd bəy) və Y.V.Çəmənzəminli) olduğunu bildirir və bir qədər də əsəbi şəkildə məsələyə münasibətini bildirərək yazırdı: "1971 yılında "Hürriyyət" yayınları meyanında Qurban Səid deyə bir kimsənin adı altında çıxan "Əli və Nino" adlı bir roman diqqətimi çəkdi. Kitabın ön sözündə, bu Qurban Səid adının təxəllüs olduğu açıqlanaraq, romanın əsl müəllifinin azərbaycanlı ədib Yusif Vəzir Çəmənzəminli olduğu iddia edilirdi" (AMDƏİ arxivi, F. 526, s. 3, iş. 254, s.2).

Bundan sonra problemlə yaxından maraqlanan Ə.Şmide yuqoslaviyalı türkoloq Dr. Smail Baliçin "Der islam in Selbstzeugnissen" adlı müxtəsər biblioqrafiyası ilə tanış olur və orada Əsəd bəyin adı çəkildiyi üçün müəllifə məktub yazır. S.Baliç cavabında yazır: "Qurban Səid" Barones Elfride Erenfels von Bodmershof ile Leo Nissembaumun müştərək təxəllüsüdür" (AMDƏİ arxivi, F. 526, s. 3, iş. 254, s.2).

Baliç "Erenfels" deyincə Ə.Şmidenin ilk ağlına gələn prof. Ömər von Erenfels olur və onun yardımı ilə boşanmış zövcəsi Elfriede Erenfelsə bu barədə məktub yazır. Barones Erenfels ona aşağıdakı məzmunda cavab göndərir:

"A-3522 Lixhtenau, N.Ö., 10 haziran 1974

Herrn

H.A.Şmiede, BDÜ

Sonnenstrabe 11

D-8059 Moosinning

Sayın Bay Schmiede,

Baküya səyahət etmiş türk dilləri mütərcimi olan sizə bunu bildirmək istəyirəm: Qurban Səid təxəllüsü, Bakılı Məhəmməd Əsəd bəyin yazarlık təxəllüslərindəndir. Adı keçənlə birlikdə mən 1938-ci ildə Vyanada "Das Madchen vom Goldenen Horn" romanını nəşr etdirmişdim.

Səmimi salamlarımla

(imza) Elfriede Ehrenfels, Bodmershof" (Yenə orada, s.7). E.Erenfelsin bu məktubundan sonra Ə.Şmide belə bir nəticəyə gəlir: "Beləliklə, Qurban Səidin kimliyi haqqında ciddi bir şübhə qalmamışdır" (Yenə orada).

Roman müəllifliyinin hələ siyasiləşmədiyi bir zamanda faktlara dayanan və romanın nəşrində, müqavilənin imzalanmasında şəxsən iştirak edən iki nəfərdən biri (digəri "Qurban Səid" adı ilə romanın müəllifi Məhəmməd Əsəd bəydir) Elfride Erenfelsə istinadən gəldiyi qəti fikridir. Lakin romanın Türkiyə nəşrindən sonra qaldırılan iddialar E.Erenfelsi çox narahat edir və 8 avqust 1976-cı ildə aşağıdakı bəyanatı verməyə məcbur olur: "1937-ci ildə Qurban Səid təxəllüsü ilə nəşr olunmuş "Əli və Nino" romanı ilə bağlı aşağıdakı bəyanatı verirəm. 1938-ci ilin mart və ya aprel aylarında (1937-ci il olmalıdır, üzərindən qırx il keçdikdən sonra ili səhv sala bilər, ya da götürdüyüm mənbənin texniki xətasıdır - B.Ə.) mən Əsəd bəyin razılığı ilə "Əli və Nino" romanının müştərək müəllifliyini qeydiyyatdan keçirmişəm və həmin müəllifliyi tək təmsil etməyi öz üzərimə götürməyə razılıq vermişəm. Bu məsələ Vyanada yerləşən "Tall" nəşriyyatı ilə razılaşma nəticəsində həyata keçirilmişdir. Elfride Erenfels, qızlıq soyadı Bodmershof" (Atəşi, 2009, s.167). E.Erenfelslə Əsəd bəy qarşılıqlı razılaşma ilə bunu etmişdilər və məqsədləri Əsəd bəyi mövcud təhlükələrdən qorumaq idi.

Beləliklə, Qurban Səid təxəllüsünün Əsəd bəyə aid olmasını təkzib edən heç bir səbəb qalmır. Bu zaman çəmənzəminlişünasların təxəllüsün ona aid olması təşəbbüslərindən əl çəkməsi və ya imtina etməsi lazım gəlir. Onların Qurban Səid təxəllüsünün Y.Vəzirə aid olması ilə bağlı axtarışları heç bir nəticə verməmişdir. Ona görə də Qurban Səid adı ilə çap olunan hər iki romanın müəllifliyini təxəllüsdə deyil, başqa faktorlarda axtarmaqdan başqa yol qalmır.

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.26-27.