ŞİRİN
Nizami Gəncəvinin "Xosrov və
Şirin" poemasının qadın personajı
Nizami
Gəncəvi ilk feministlərdəndir. Doğrudur, bu anlayış
hal-hazırda öz məcrasından elə çıxıb
ki, böyük zəka sahibini belə adlandırmaq bəlkə
də münasib görünmür. Amma dövrünə
görə Nizami Gəncəvinin yaratdığı qadın
obrazları o qədər özgür və rahatdırlar ki,
yazıçının qadının varlığına,
düşüncə tərzinə və fikirlərinə
olan münasibət o qədər demokratik və ucadır ki,
onu başqa cür adlandıra bilmirsən.
Ümumiyyətlə, N.Gəncəvinin əsərlərində
qadın obrazları haqqında yetəri qədər
danışılıb. Mən qətiyyən təkrara yol vermək
fikrində deyiləm. Məqsədim "Xosrov və
Şirin" poemasında Nizami Gəncəvini psixoloji mütəxəssis,
insan xarakterinin bilicisi kimi açmaq, qadın və kişi münasibətlərini çözmək
və Şirin obrazı üzərində dayanmaqdır.
Alqışlanası
məqam odur ki, iki qütbün (kişi və
qadın) təsviri zamanı yazıçı tərəfkeşlik
etmir. Yəni məsələyə sırf kişi
təfəkküründən, ampluasından yanaşmır.
Qadını təsvir edərkən onun hiss və
duyğularının içinə daxil olaraq qadının
varlığını olduğu kimi təsvir etməyə
başlayır.
Yazılarımın birində qeyd etmişdim ki, didaktika
və nəsihət Nizami tərəfindən mətnin
canına elə hopdurulub ki, bəzən nəyisə aşkar
etmək üçün əsərə arxeoloji baxış
keçirmək istəsən də nəsihət
burulğanında başının gicəlləndiyini hiss
edirsən və buraya nə məqsədlə gəldiyini
unudursan. Zatən
Nizaminin özü də bəzən özünə "yetər"
deyir: "Qayıt əfsanəyə, Nizami, bəsdir! Nəsihət quşunun səsi pis səsdir".
Nizaminin Şirini hökmdar nəslindəndir. Onun əsər
daxilində təsviri olduqca mükəmməldir. Biz obrazın saçının uzunluq dərəcəsindən
tutmuş, boyu, biçimi, ağlı, kamalı, gözəlliyi
haqqında müfəssəl məlumat almış oluruq.
Qeyd edim ki, N.Gəncəvi mükəmməl
estetdir. O, yaratdığı bütün obrazları
gözəl yaradıb.
Nizami Gəncəvi Şirin obrazını əsas obyekt
kimi mərkəzdə saxlayır (günəş kimi) və
bütün hadisələr onun ətrafında cərəyan
edir. Şirin yalnız xarakter nümayiş etdirməklə,
hadisələrə adekvat cavab verməklə nümunəyə
çevrilir. Nizami Gəncəvinin
cızdığı hadisə trayektoriyaları daha çox
Şirinin əhvalını, düşüncəsini, xasiyyətini
bəlli etmək üçün sanki qurulub. Və istənilən situasiyada biz dəfələrlə
qarşımızda mükəmməl Şirin obrazını
görürük. Daha düzgün ifadə
etsək, mükəmməl qadın strukturunu, sütununu
görürük.
Gələk Şirinə aşiq olma məqamına. Mərkəzi
fiqurun iki talibi var. Biri hökmdar oğludur, digəri zəhmətkeşdir.
Amma adi rəiyyət nümayəndəsi olsa da
Fərhad möhkəm xasiyyətə və yenilməzliyə
malik obraz olaraq qələmə alınır. Şirinlə hər iki şəxsin
tanışlığı Şapur vasitəsilə gerçəkləşdirilir.
Çox maraqlıdır ki, əsərdə əsas
xətt üzərində olan obrazların adları məhz
"Ş" hərfi ilə kodlaşdırılıb.
Bu obrazlar birbaşa hadisə dəyişimində,
taleyin məcrasını dəyişdirməkdə rol oynayan
obrazlardır.
Əlaqələndirici obraz olan Şapur, Şirinin
varlığı haqqında tərif dolu fikirlərini Xosrova
söyləyir və hökmdar sözlə edilmiş təsvirə
aşiq olur. Doğrudur, Şirinə aşiq olma məqamı
Xosrovun atası ilə konflikt zamanına düşür.
Və onun taxt-tacı, statusu əldən gedir.
(Bu məqamda Xosrovun yuxusuna gəlmiş
babasını xatırlayaq). Əldən
gedən əsas sütunların müqabilində gələcək
olan atributlar və həmdəm haqqında Xosrova yuxu öncəgörməsi
vasitəsilə əyan olur. Məhz bu
şirin yuxudan sonra Xosrov ətrafında baş verən
olaylara diqqət kəsilir. Bu məqamda
Şapur Şirin haqqında düşüncələrini nəql
edir. Fərhadla tanışlıq da
Şapur vasitəsilə gerçəkləşir.
Süd
arxının ideyasını Şirin ərz edir, Şapur isə
bu məqsədi gerçəkləşdirmək
üçün dillərdə dastan olmuş ustanı - Fərhadı
Şirinlə tanış edir. Həmçinin
biz Şapurun təsviri zamanı Fərhadın Çin təhsili
alması və hansı yüksək bacarıq sahibi olması
haqqında da məlumat almış oluruq.
Fərhad pərdə arxasında əyləşən,
üzü pünhan olan Şirinə onun səsi vasitəsilə
aşiq olur. Süd arxı çəkildikdən sonra ilk dəfə
Şirinlə üz-üzə dayanır və səs duyumu ilə
vizual göstərinin mükəmməl vəhdətindən,
üstəgəl, xarakterik keyfiyyətlərdən sonra ona
qarşı olan aşiqliyi birə-beş artıq. Və məhz bu məqamda Fərhadın Məcnuntək
çöllərə, dağlara düşmə durumu
dövriyyəyə buraxılır. Nizami
Gəncəvi çöl, biyaban vasitəsindən
obrazının ruh halını təsvir etmək
üçün istifadə edir. Biz
"Leyli və Məcnun"da da yazıçı tərəfindən
eyni manevri görürük. Və
obrazın hansı əhvalda, ab-havada olmasını
özümüz üçün
aydınlaşdırırıq.
Demək Xosrov tərifə, sözə, Fərhad dinlədiyi
səsə aşiq olur. Bəs bu qədər mükəmməl təsvir
olunsa da niyə görə Nizami bu obrazdan apar-topar xilas olur?
Niyə əsərdə ilk intihar hadisəsi -
suisid baş verir? Bu haqda bir az sonra.
Dahi Nizami Xosrovun və Şirinin atəşpərəstlik
inancına etiqat etdiklərini dəfələrlə oxucusuna
xatırladır. Məsələn, Şirinin qayıtma xəbərini
eşidən Məhin Banu Atəşgaha hədiyyələr
göndərir. Əslində, bu retual sonralar İslam
etiqadında "nəzir-niyaz" adına
əbədi məskən qura bilir. Bütpərəstlik
ehkamları, qurbankəsmə ayinləri, nəzir paylamalar, səcdəgahlara
olan inam, pir anlayışı və s. o zamanın insanı
üçün din olaraq qavradığı nəsnələr
idi. Və bu sadaladıqlarım sonralar
İslam dininin atributikasına çevrilməyi bacarır.
Karma qanunauyğunluğu da əsərdə
özünü büruzə verir. Bu məsələ
daha çox özünü buddizmdə (induizm) göstərir.
Bəlkə də "karma" adına
termin olaraq fəlsəfi kontekstdə daha çox rast gəlirik.
Amma "karma" mənəviyyat
baxımından deyimlərimizdə indiyədək
dolaşmaqdadır. Məsələn,
"Nə tökərsən aşına, o da çıxar
qaşığına" və s. kimi deyimlər daima
"yaxşılıq et ki, yaxşılıq görəsən"
həyat fəlsəfəsini şüuraltı olaraq bizə
təlqin edir.
Fərhadın ölümünə, belə deyək onu
intihar dərəcəsinə gətirməsinə səbəb
olan Xosrov sonradan etdiyi əmələ görə peşman
olur və onun bu əməli şair tərəfindən lirik
təsvirlə cavablandırılır.
Şah
öz etdiyindən çox peşman oldu,
Əməlinin dərdi qəlbinə doldu.
Qəlbi
rahatsızdı, əhvalı xarab,
Necə verəcəkdi bu zülmə cavab?
Yamanlıq
eyləsə özgəyə hər kəs,
Çıxar qabağına, hədərə getməz. (karma)
Əsərdə iki intihar hadisəsi - suisid göstərilir. Onlardan biri fitnə nəticəsində
Şirinin yalan ölüm xəbərini alan
Fərhadın intiharı, ikinci isə Xosrovun
ölümündən sonra Şirinin öz canına
qıymasıdır. Qəribəsi budur ki,
İslamı alqışlayan Nizami hər iki intihar hadisəsinə
göz yumur. Lirik ricətdə, hətta
Şirinin qəsdini, intiharını alqışlayır da.
Əslində, Şirinin intiharı həm də qədimlərdə
mövcud olmuş retualı yadımıza salır. Bu akt induizmdə yaxın əsrə
qədər qorunub saxlanılmış bir adətin təsviri
də ola bilər. Yəni
bir zamanlar qadınlar həyat yoldaşlarının
ölümündən sonra könüllü olaraq suisidə əl
atırdılar. Ərləriylə birgə
tonqalda yanırdılar. Bu, müqəddəslik
hesab edilirdi. Hər halda, atəşpərəstliyin
mövcud olduğu bir məmləkətdə özünəqəsd
çox normal qarşılanırdı. Sadəcə,
Nizaminin Şirinin etdiyi bu hərəkəti İslam kontekstindən
uzaqlaşaraq alqışlaya bilməsi təəccüb
doğurur. Bunun adı "sadiqlik" olsa
belə... buna haqq qazandırır. O, islam
etiqadına uyğun olaraq bunu günah hesab etmir, heç eyham
da vurmur.
İstənilən yazıçı əsərin sonunu
müxtəlif cür düşünə bilir. İnanıram
ki, məhz bu poemada Nizaminin əlində müxtəlif
variantlar var idi. O isə məhz Xosrovun sonda öz
oğlu tərəfindən öldürülməsi
variantı üzərində dayanır. Bunun da
niyəsi var. Bu haqda sonra.
Şirin əsərdə həm də həqiqi qadın
xarakterini sərgiləyir. Nizami Gəncəvi bu xarakteri,
inadcıllığı böyük zövqlə təsvir
etməkdən yorulmur. Şirin Məhin
Banunun öyüdlərindən sonra hiss burulğanından
ayılır və ona söz verir ki, Xosrovun evinə kəbinlə
daxil olacaq və heç vaxt onun kənizi statusunda
olmayacaqdır. Əslində, bir hökmdar
üçün bir qadına sahiblənmək elə də
çətin olmazdı, amma Nizami burada da demokratik dəyərlərlə
məsələyə yanaşıb. Şirinin
timsalında qadının məhz bu anlamda, özünü ələ
verməməkdə nə qədər dəyərli
olmasını əsər boyunca göstərmək istəyib.
Eyni zamanda qadının konkret istəyinin
qarşılığında Xosrovun lazımsız ərköyünlüyünə
də işıq salaraq, onu ard-arda istəmədiyi
qadınlarla izdivaca girməsinin acı sonluğunu təsvir
edib. Xosrovun inadcıllıqda məqsədi
Şirinə sahiblənmək, Şirinin məqsədi isə
kölə, kəniz olmamaq və ən dəyərli
qadınlıq statusuna yiyələnmək idi. Elə bu cəsarət və bu xarakter Xosrovu
Şirindən asılı saxlayırdı. Əsər boyu Xosrovun dəli ərköyünlüyü
və bütün hərəkətlər
qarşılığında Şirinin qadın xarakteri, təmkini
kitab kimi açılır. Xarakter fərqliliyinə
baxmayaraq tərəflər bir-birini buraxmır. Necə deyərlər, mənfi və müsbət
qütblər bir-birini cəzb edir.
Xosrovu öldürmək Nizaminin nəyinə lazım
idi? Axı poema Atabəy Məhəmməd Cahan Pəhləvana
ithaf olunmuşdu. Şair bu ölüm
faktını hökmdara necə izah edəcəkdi? Bəraəti nə olacaqdı?
Öncə karma məsələsi. Bəli,
bumeranq işə düşməli idi. Xosrovun
əməlləri bir-bir onun qarşısına
çıxmalı idi. Hansı əməllər? Fərhadmı?
Xeyr, bir hökmdar çoxlarının
ölümünə çox rahatlıqla fərman verə
bilərdi. Eynilə göylər səltənətinin
hökmdarı Allah kimi. Zaman yetişəndə
şəxslərin ölümünə fərman verən, cənab
Əzraili insanın yanına göndərən Yaradan kimi,
hökmdar da yer qanunlarının, ölümlərin fərmançısı
idi. Bu anlamda Fərhad bu cəzalandırmanın
özülündə dayanmırdı. Əslində,
Fərhadın əsərə gəlməsi də elə-belə
deyildi. O, yazıçıya maraqlı bir məna
priyomunu gerçəkləşdirmək üçün
lazım idi. Həmid Araslı Fərhad obrazı haqqında
belə deyir: "Nizami əməkçi insanlar içindən
seçdiyi qəhrəmanı şaha qarşı qoyaraq əməyin,
sənətin şahlıqdan üstünlüyü kimi öz
dövrünə görə çox cəsarətli bir fikir
irəli sürür". Doğrudur, bunu cəsarətli
fikir adlandırmaq olar, amma Nizami istənilən halda həmin əməkçi
obrazını sona qədər yaşatmır və əsərin
daxilindən apar-topar itirir. Məsələn,
Şirinin ölüm xəbərini eşidən Fərhad elə
Qeys kimi məzar üzərinə də gedə bilərdi.
O isə düşünmədən ölümü,
intiharı seçir. Bununla sənətkar maneəni
Xosrovun yolundan, kobud dillə ifadə etsək, rədd edir.
Ümumiyyətlə, biz Xosrov və Şirin
arasında əsər boyunca üç maneə görə
bilərik. Fərhad əsərdə sadəcə
katalizator rolunu oynayır. Yəni o, maneədən
daha çox, köməkçi vasitə idi. Burada da Nizami məsələyə psixoloji anlamda
yanaşıb. Kişi psixologiyasına bələd
olaraq əsərə ikinci rəqibi gətirir. Bəli, Fərhad Xosrov kimi hökmdar deyildi. Amma Bisütunu yaracaq qədər güclüydü.
Və o qədər güclüydü ki, Xosrov
onunla üz-üzə gəlib döyüşməkdən
çəkinir və yalanla onu məhv etmək yolunu
seçir. Amma Xosrov haradan bilirdi ki, Fərhad
məhz bu işə əl atacaq? İntihara
gedəcək. Bu da maraqlı psixoloji məqamdır.
Əslində, kontekstdən uzaqlaşmadan demək istəyirəm
ki, Fərhadın əsərə gəlişini Nizami belə
bir açıqlama ilə aydınlaşdırır: "Bir
şeyə olanda iki müştəri, əlbəttə, o
şeyin artar dəyəri" fikirlərini dilə gətirir.
Yazıçı istəyinə nail olduqda və rəqabət
yanğısını artırdıqda əməkçi Fərhadı
asanlıqla hökmdarın yolunun üstündən çəkir.
Xosrov və Şirinin bir-birini tanımadan göldə
rastlaşma səhnəsi də psixoloji təlatümlərlə
zəngin səhnədir. Şirin uzun saçlarıyla özünə
örtük verir, Xosrov isə hökmdar paltarında deyil.
Xosrov nağdı buraxıb nisyə dalınca
getmək istəmir, içində bunu keçirir. Amma sonradan özünə gələrək
"kişinin bir istiqaməti olar" gerçəkliyini
öz yadına salaraq qarşısındakı gözəldən
uzaqlaşır. Şirin də daxilində
baş qaldıran tərəddüdü və istəyi
anlamır. Ruh halının maraqlı
sınağı. Reallıq və utopiya
üz-üzə gəlir. Hiss və emosiya hər iki tərəfdən
rədd edilir, ağıl qalib gəlir.
Bəlkə
də Şirin qarşısındakı Xosrov olsa belə,
tanımadığı Xosrova yaxınlaşsaydı
artıq Xosrovun baxışında Şirin
ucalığında qalmayacaqdı. O səbəbdən də
oxucu onları tanıyaraq qovuşmasını istəsə də,
Nizami qadını zirvədə saxlamaq üçün
qovuşma anını bir az da uzadaraq
oxucusunu ardıyca aparır.
Əlqərəz, Xosrovun qatili sevmədiyi qadından
dünyaya gəlmiş sevgisiz oğlu Şiruyyə olur. Burada növbəti
"karma" qanunauyğunluğu işə düşür.
Dünya düzəninin sevgi üzərində
bərqərar olması gerçəkliyinə inanan dahi
Nizami, Dostoyevskisayaq bilirdi ki, dünyanı "sevgi"
adlı gözəllik xilas edə bilər. Əlbəttə, sevgisizlik barından Şiruyyə
adlı oğul dünyaya gələ bilərdi. O isə
asanlıqla, heç düşünmədən sevmədiyi
atasını öldürə bilərdi. Belə
də edir.
Xosrov və Şirinin qovuşmamasında ən əsas
maneələrdən biri Xosrovun xarakteri idi. Əsər boyunca onun bəsit
dünyagörüşü və şəhvətpərəstliyi Şirinə qovuşmaq
qarşısında maneəyə çevrilir. Məhz
bu nüans dəfələrlə Şirinin ayaqlarına
düşməsinə baxmayaraq onun tərəfindən rədd
edilməsi ilə nəticələnir.
Nizami Gəncəvinin
Şərq qadınını ismətli, əxlaqlı və
s. kimi təsvirləri
reallıq idi əslində. O, gerçəkliyi olduğu kimi
qələmə almışdı. Şair
Şirinin dilindən xanımın qəlb
çırpıntılarını, cəmiyyətin onun hərəkətlərinə
hansı qiyməti verəcəyini dəfələrlə təkrarlayırdı.
Şirinin Xosrovdan istədikləri ilə
Xosrovun Şirindən umduqları arasında uçurum
olduğu üçün əsər onları qovuşdurana qədər
uzanır. Əlbəttə, bu istəklər
Şirinin tələblərinin yerinə yetirilməsi ilə
nəticələnir. Ya da Xosrov sevdiyinə
qovuşmaq üçün başqa alternativ tapa bilmədiyindən
onunla razılaşmalı olur.
Əslində, bu təsvir yalnız Şərq
qadınının dünyagörüşü deyildi. Daha azad görünən Qərb
cəmiyyətinin qadınının da təhtəlşüurunda
ocaq, ev ənənəsi vardır ki, bu, əsas
prioritet məqsəd kimi qadınların şüurunda
dolaşır. Amma bir fərq var. Fərq ondadır ki, Qərb
qadını praktik olaraq bunu həyatından keçirə-keçirə
sevgi axtarışına çıxır və nəhayətində
istədiyi kişi ilə rastlaşa bilir. Şərq
qadını isə bu məsələyə həssaslıqla,
ehtiyatla, platonik yanaşaraq özünüqoruma, müdafiə
etmə mövqeyində dayanır.
İndi keçək Nizami Gəncəvinin əsərin
sonunda hökmdarı öldürməsi məsələsinə
necə bəraət qazandırmasına. Əsərin
ortalarında Xosrov yuxusunda ərəb atında bir adamın
yuxusuna gəldiyini görür. Sonda məlum
olur ki, Xosrovun yuxusuna gələn peyğəmbər Hz. Məhəmməd
imiş. O, yuxuda hökmdarı İslama dəvət
edirmiş. Hökmdar isə bununla
razılaşmır. Elə bu səbəbdən
də Nizami ərköyün, ipə-sapa yatmayan atəşpərəst
Xosrovu cəzalandırır. Bu, eynilə Nəmrud
və İbrahim əfsanəsini yadımıza salır.
Və yaxud indi də bəzi insanlar Sovetlər adlı
imperiyanın dağılmasının əsas səbəbini
Allahsızlıqda,
Ateizmdə görür.
Bəs Şirin niyə öldürülür? Əslində,
"Xosrov və Şirin" Nizami Gəncəvi
yaradıcılığında eyni sonluqla bitən növbəti
əsər idi. Birincidə Məcnun Leylidən
sonra, ikincidə isə Şirin Xosrovun ölümündən
sonra bu dünyanı tərk edir. "Leyli
və Məcnun"da hər iki obraz mənəvi cəhətdən
özünüintihara, özünüməhvetməyə
fokuslanır, "Xosrov və Şirin"də isə Xosrov əməllərinin
nəticəsində, Şirin isə özünüqoruma
acizliyində bulunaraq həyatına qəsd edir. Halbuki, Şirin Xosrovun səltənətini nankor
oğlun əlindən rahatlıqla ala bilərdi. Və yeni şahlıqda yeni qanunlar yaradaraq Xosrovun həyatda
olmamasına baxmayaraq səltənətinin davamını qura
bilərdi. Əlbəttə, edə bilərdi.
Qələm Nizaminin əlində idi. Son anda Nizami Gəncəvi məhz bu cür
sonluğun olmasını məqbul hesab edir. Səbəb
kimi isə Xosrovun Allahın peyğəmbərinə
"yox" deməsi gerçəkliyini göstərir və
islam ehkamlarını uca tutaraq
hökmdarın ölüm məsələsinə bu cür bəraət
qazandırır.
Mustafa
dininin möcüzəsindən
Məhv oldu Pərvizin şahlığı birdən.
Taxtını
altından götürdü fələk,
Oğlu qılınc çəkdi ona düşməntək.
Günel EYVAZLI
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.28-29.