Çağdaş Moldova şeiri
Qriqore Kiper (1959) - şair,
nasir, ədəbi tənqidçidir. Moldovanın
cənubunda, Kopanka kəndində anadan olub. Kişinyovda yaşayır. Moldova və Rumıniya Yazıçılar birliklərinin,
Beynəlxalq PEN Təşkilatının
üzvüdür. "Contrafort" jurnalı bədii şurasının
üzvü, "Quadrat"
dərgisinin məsul katibidir. "Güclə
sezilən" (1990), "Falset"
(1991), "Mavi dövr"
(1997), "Çexov deyə
öz-özümə söyləndim"
(2001), "Roman-simulyakr" (2010), "Formallıqlar" (2015), "Violonçel
və başqa səslər" (2000), "Ayaq
altından sürüşən
qum" (2014) şeir və nəsr kitablarının müəllifidir.
Rumın ədəbiyyatı
və poeziyasında üslub məsələləri
ilə bağlı tədqiqatları, kitabları
var. Bir çox milli ədəbi mükafatlara layiq görülüb.
Təsadüfi kəlmələr
Tanış küçə
boğazından yapışır.
Addımların
qan qoxuyur.
Zənginlərin zərif parçasına
təşviş birəsi
düşüb.
Ümidsiz həyat
yatmış gözəlçədir.
Saatların zəngi
dodaqları kilidləyir.
İlham
pəriləri təşvişlər
ah çəkirlər.
Qaranlığın zəmisi
bəlli sondur.
Maviliyi özüylə aparan vərəq
tikanlı məftil
boyunca
qasid kimi çapır.
***
Biz
buludların
yerdəyişməsini gördük,
bizə vətən ola biləcək məkana
qibtə elədik.
Çəməndə şüşə
qırıntılarına bənzər
izlər gördüm
və düşündüm
ki,
bu şənbə
naharından
sonrakı dibsizliyə
enən
o kimsənindir.
Mən əbədi sadəlövhlüyü
də gördüm,
var-gəl edən,
narahat şəkildə,
quşlar kimi
yuxarıda həbs
olunmuşdu,
bəlkə də
buludların damında.
Sübh
vaxtı bir buynuz şeypur da gördüm,
ha cəhd elədimsə də
onda artıq heç bir səs
qalmamışdı.
***
Gözlərim
köçəri quşların
yolundadır.
Uzaqdadır Cənub.
Payız sönübdü.
Adamlar dostlarına
qəddar xəyanətləri
düşünürlər.
Yarpaqların və sözlərin izlərinə aldanma.
İlk şaxtalar
onları qəfil
yaxalayacaq.
Yalnız seçkinlər kiminsə
ardınca getmirlər.
Gedənlərin dönmədiyi ev kimi
hər şey adamı üzür,
incidir, naməlumdur.
Hisslər sonuncu baxışların
müqavimətini qırır,
həyat davam edir:
o qədər dolğun ki,
səni yenidən tanımaq istərdim.
***
Küçələr
toran keçidə dönür -
qaranlığın işi budur.
Fikir yenə uçur,
ona çatmaq olmur.
Zaman ilanı udub,
oyuncaq əsgər fiquru kimi,
bizi də udacaq.
Soyuqla yeni tanış
olan
otlar görünür.
Qarın
əridiyi məhəllələrdə
belə
qış hələ
uzanır.
Dünya dəyişəcək.
Mənə belə gəlir.
Kitabxana
Kitabxanam
demək olar ki,
oxunmayıb.
Monterlan,
Paveze, Klaus, Mann,
bizimkilərdən
Urmuz...
Ayırıram onları,
necə ki, onlar da
həyatı ayırmışdılar.
Gecələr yaxınlaşır,
gündüz onlardan ayrılıram.
Qırx yaşında atam
Qış
idi,
dəqiq də olmasa yadımdadır.
Atamın qırx yaşı tamam olurdu.
Qonaqlar bir müddət bəyaz işıqlı
otaqda oturdular.
Sonra da mövsümə uyğun
paltarlarını geyinib getdilər.
Atama
elektrik üzqırxanı
hədiyyə eləmişdilər,
yaşıl qutudaydı:
əhəng rəngli
sürüşkən parçaya
bükülmüşdü.
Birinci
sinifdə dərslərə davam elədim,
ötən payızdakı
pis qiymətlərim
keçmişdə qalmışdı
-
lazımsız əşyalar
yeşiyinə
atılmış bu yaşıl qutu barədə
xatirələr qədər
də uzaq deyildi
amma.
Mütaliə
Yadımda
deyil,
kitabı özümmü
almışdım,
ya ola bilsin hədiyyə
etmişdilər,
hər halda onu baqajda tapdım,
maşından.
Xatırlayıram, qışın sonu
idi,
dəyişkən qar dənəcikləri
tökülürdü göydən.
O, üzqabığından ciddiyyətlə
baxırdı,
hərçənd onun şeirlərinə etibar
eləmirdim,
gücümü, sanki alırdı əlimdən,
özünü atılmış
kimi hiss etməyə qoymayan
paltar kimi,
qadın kimi,
kainat kimi deyildi,
əsla heç bir yaxınlıq hiss
etmirdim.
Amma üzqabığının
nə günahı.
Gülməlidir.
Və sən onunla vidalaşırsan.
Qriqore Kiper
Tərcümələr Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2021.-
6 mart.- S.30.