Nağılçıların qətli
Əslində,
hekayə nədir? İnsanlar bunu niyə yazır, niyə
bir-birlərinə danışırlar? Yazılmayan hekayələr,
danışılmayan nağıllar da var. Nağılın hər
dəfə danışılması onun yeni doğuşudur,
bu eyni zamanda başqa birisinin təhkiyəsində, əhvalatı
danışmaq və çatdırmaq tərzində boy
göstərən, hər təsadüfdə dünyanın,
nağılı danışan və dinləyənin,
onların yan-yörəsindəki hər şeyin içindən
səssizcə keçən, elə buna görə də hər
şeydə "barmaq izini" qoyan sirdir, özü də
gec-tez faş olacaq bir sirr... Hekayə danışılmağa
macal tapmamış nağıllardır, yəni sükut
içində boğulmuş, son anda səsi yazı
formasında insanlara çatan sirlərdir, - bütün
hallarda hər ikisi sirdir. Məlum fikrə görə,
dünya bizə yalnız və yalnız onun haqqında deyilənlər
vasitəsilə çatır, yəni əslində, biz
dünyanı birbaşa "görmürük", ədəbiyyat
bizim dünyada nəsnələri, onların mahiyyət və
mənasını göstərən gözümüzdür.
Məşhur fikirdə elə belə də deyilir: tez bir
zamanda gözlə görüb qulaqla eşitdiklərimiz ancaq
bu konseptin daxilində mənalanır. Dünyada, gerçəkilk
müstəvisində adicə bir işıq zolağına
yer eləmək, zülmət olan sahəni iynə ucu boyda
işıqlandırmaq üçün hər gün, hər
tərəfdən başımıza leysan kimi əhvalatlar
yağır. Hekayə onların ən kiçik vahididir. Yeni
romanın məşhur nümayəndəsi, həm də tənqidçi
və esseist olan Mişel Bütor bu münasibətlə
yazırdı: ""Nouvelle" bilirsinizmi nədir, - kimsə
qışqırır, - indiyəcən deyilənləri bir kənara
qoyun, o şeylər indi tamam başqa cür deyiləcək".
Gözlənilməz bir şey görən adam o şeyin, o
"xəbər"in (nouvelle) daşıyıcısına
çevrilir, onu özündə daşıdıqca qəribə
diffuz münasibətlər şəbəkəsi
formalaşır. Nəhayətdə sosial səciyyəli hekayət,
bu kiçik dünya bilgisi mütləq deformasiyaya
uğramalıdır". Burada, bu istinadda bir məqam
maraqlıdır: diffuz münasibətlər şəbəkəsi.
Aldığımız hər bir xəbər, eşitdiyimiz hər
bir informasiya içimizə, ruhumuza nüfuz edir, biz onu öyrənib
bitirməmiş o bizi fəth edir və gəldiyi yerlərə
xəbər çatdırır, o yerdən başqa
informasiyalar gəlir, içimizə, ruhumuza nüfuz edən xəbərlər
bölünüb-parçalanır, başqa sözlə,
özümüzün də xəbəri olmadan ruhumuzda
ayrılan sahədə dünyanın özgələşmiş,
bizə yad olan obrazı yaranır. Bu obrazı kəşf etmək
adına nağıllar uydurur, hekayələr yazırıq. Hətta
ən realist, gündəlik qayğılarımızdan
danışan hekayənin də o ən kiçik, elementar
vahidi olan "hekayətin" içində ikinci həyatımız
başlayır.
Bütün
"izm"ləri kənara qoysaq, zənnimizcə, insanlar iki
tip hekayə yazmağı xoşlayırlar. Birincisi, sırf
hadisəni çatdırmaq, danışmaq adıyla, onun vasitəsilə
bu və ya digər işarələrin altında gizlənən
mətləbləri çözmək üçün,
şübhəsiz ki, təhkiyə strategiyasında, sırf təhkiyə
diliylə. İkincisi, ifadə edilməsi çətin olan mətləbi
təsvir edən hekayələr, yəni yazının sirrindən
bəhs etmək.
Bu hekayələrdən
biri də modern türk nasiri Ahmet Bükenin (Əhməd
Bükə) "Selincerin kitabələri" hekayəsi məhz
ikinci tipə aiddir və onun haqqında danışmaq hekayəçilikdə
yayğın olan texniki və poetik elementləri çözmək
anlamına gələ bilər.
Hekayədə
qəribə bir mistik aura var, yuxarıda qeyd etdiyimiz kimi,
hansısa konkret hadisə, hekayət, yaxud olay deyil, indiyə qədər
və bundan sonra, ta sonsuza qədər danışılacaq
nağılların, yazılacaq hekayələrin sözlə
ifadə edilməsi mümkünsüz olan sirri "təsvir
edilir". Selincer kitabələri vasitəsilə. Hekayədə
"kitabə" metaforası müəllifin (Əhməd
Bükənin) təxəyyülündəki hekayəçilik,
dayanmadan, sonsuza qədər bildiklərini nağıllamaq
konseptini mükəmməl ifadə edir (yazmaq, uydurmaq, sonu
bildiyin nəsnənin sonsuz təbiətini aşkarlamaq
inadı ilə...). Dünyaya nağılçılar, hekayət
söyləyənlər göndərilir, onlara gülür,
kötəkləyirlər, öldürür, sağ qalmaq
üçün sarındıqları, ruhlarının
çökdüyü ağaclar yandırırlar. Əmirlər
əmrini verib dünyanı qan çalasına döndərir,
kasıblar uçurumun ağzında, zənginlər göylərin
yeddinci qatında yaşamaqda davam edirlər, dünyanın
nizamı ədalətli tərəfə dönmür ki
dönmür, yəni nə ədalət var, nə
haqsızlıq, sadəcə nağıl, sadəcə hekayələr
var, onları dinləmək, düşünmək, yeni
nağıllar uydurmaq lazımdır. Hekayəçi
günahsız olsa belə, əmirin hüzurunda (...İllərlə
quraqlıq oldu, daha sonra 30 il sel altında qaldıq. Sonra yenə
quraqlıq. Hər şey qurudu, siz yeni hekayəçi istədiniz,
onun üçün dua etməyə başladız. Biz o
nağılçını dərhal, sizin
dualarınızı eşidən kimi göndərə bilərdik,
ancaq gözlədik...) ucu şiş dəyənəklərlə
kötəklənir. Göylərdən yerə hekayəçi
niyə dərhal göndərilmir? "...İçinizdəki
qorxunun nə qədər artacağını görmək
üçün gözlədik. Bahar gəldi. Ağaclar
çiçək açanda, sizə daha bir hekayəçi
göndərdik. Əmir ondan niyə gəldiyini soruşdu. O
isə dedi: "Məni sizə bütün hekayələri
bilən göndərib". Əmir dedi ki, biz səni hava pis
olanda çağırmışdıq, onda gəlmədin.
Hekayəçi isə belə cavab verdi: "Siz
çağıranda yox, mənə gəlmək əmri veriləndə
gələ bilərəm". Əmir güldü. "Onda
indi get" - dedi. Hekayəçi gülümsəyərək,
"sizi dinləməyə məcbur deyiləm" - deyə
cavab verdi. Yığışıb hekayəçini dəyənəklərlə
döydülər". Burada ən maraqlı məqam
nağıl məntiqindən uzaqlaşmaqla
bağlıdır, göndərilən hekayəçilərin
hekayəsi qanla yazılır, ölümlə möhürlənir.
Hamı aldanır, qorxudan dərs almayan insanlar da, elə hekayəçilər
də. Dünya, gerçəklik sonsuzdur, burda bir cərgədə
hansısa nəsnələri "boy sırasına"
düzüb, bu haqq, bu nahaqdır, - deməyə nəfəsin
çatmaya bilər. Əmirin hüzurunda hekayəçinin
başı yarılır, axan qanıyla o, yerə yazır ki,
bu hekayə qiyamətə qədər silinməyəcək,
heç bir zülm qarşılıqsız qalmayacaq. Ancaq
qalır. Necə ki biz deyirik, nə eləsən,
qarşına çıxacaq, ancaq o bizim içimizdə
yaşayır, açılmayan güllə kimi... "...Hekayəçinin
silinməyəcək dediyi yazı silindi. Hekayəçi səbr
etdi. Hər gecə gəlib eyni yerə mürəkkəblə
eyni yazını yazdı. Bəli, hər gecə
yağış yağdı. Yazı səhərə kimi
silindi. Buna görə hekayəçini çox ələ
saldılar. Gecə yağan yağışlar bərəkət
gətirdi. Ot çıxdı. Heyva böyüdü. Bal
çoxaldı, inəklər doğdu, yeni doğmuş
heyvanlar hərəkətə gəldi, heyvanlar cütləşdi.
Varlıların qarnı doydu. Kasıblar belə, bolluqdan
faydalandı. Hekayə bilən "bunda da mənim bilmədiyim
bir hikmət varmış" -
deyə düşündü".
Başqa
bir həqiqət var: Hekayə bilən "bunda da mənim
bilmədiyim bir hikmət varmış" - deyə
düşündü. Bolluq içində üzən evlərdən
birinə yollandı. Ona güldülər. Çörək
verdilər. "Görürsən, bizim sənə yox, sənin
bizə ehtiyacın var" - dedilər. Baxdı. Gördü.
Getdi. Üstəlik, bu qövmün başına bir də fəlakət
gəlmədi.
Natali
Kremerin "Sonsuz sonluq. "Min bir gecə"
nağıllarında təhkiyənin sürəkliliyi"
adlı məqaləsi var. Məqalədə Əhməd
Bükənin hekayəsində də ifadə olunan sonsuz təhkiyə
metaforasından bəhs edilir. Müəllif deyir ki, əgər
sonluğu "hər hansı müddətin hüdudu (sərhədi)"
kimi anlayırıqsa təhkiyə bu sərhədin içində
sürəklilik (davamlılıq) kimi necə imkişaf edir? Və
bu baxımdan "Min bir gecə" nağıllarına nəzər
salır (sonluq və müddət - sürəklilik). Yəni
nağılların elə başlanğıcındaca Şəhrizadın
ölümü əhvalatın sonu kimi bildirilir (Əhməd
Bükənin hekayəsində ard-arda göndərilən
hekayəçiləri bir-bir qətlə yetirirlər, yəni
sonluq nəfəs dərmədən sonsuzluqla əvəzlənir,
əsas nağılçı təhkiyənin bitməsinə
icazə vermir ...), ancaq nağılda hər dəfə, hər
bir təsadüfdə bu "plan" pozulur, bir tərəfdən
nağıl (təhkiyənin məntiqi) dayanmadan təkid edir
ki, əhvalat tamamlansın, başa çatsın, digər tərəfdən
isə nağılın özü buna mane olur, əhvalat
uzandıqca uzanır. Burada yuxarıda işlətdiyimiz
"sürəklilik" termini üç məna çalarına malikdir: sadəcə
davam etmək (əhvalatı uzatmaq...), ertələmək
(nağılı ən maraqlı yerində kəsmək...) və
sonluğa doğru təhkiyəni yavaşıtmaq və nəhayət,
"vaxt qazanmaq" (yəni əhvalata mövcud çərçivəni
qıran digər əhvalatlar qatmaq...). "Min bir gecə"də
Şəhrizad nağılı o qədər maraqlı və
füsunkar bir dillə nəql edir ki, bir məqamda sultan deyir:
mən bu əhvalatın sonunu bilmək istəyirəm,
danış... Ancaq son olmur, heç bir nağıl bitmir, daha
doğrusu, bitməsi bilinmir, hər bir pasajda sonla sonsuzluq
arasında daxili çarpışma gedir. Sultan
üçün son olan nağıl məqamı Şəhrizad
üçün davamlılıq və sürəklilikdir.
Oxucu qarışıq hamını bəlkə əhvalatın
özündən çox, onun sonu maraqlandırır,
nağılın daxili enerjisi sonla sonsuzluq arasında balans
yaradır, onu bitməyə qoymur.
Əhməd
Bükənin hekayəsində növbəti dəfə
göndərilən hekayəçi şikəst və topal
olur, şahın hamilə olan beşinci xanımı onu
görən kimi gülməkdən qəşş edir,
qarnı yarılır və tələf olur. Şah ona
hökm oxuyur: asılsın, ancaq bir qolu və bir ayağı
olmayan adamı necə asasan? Buna görə şah onu tikə-tikə
doğratdırır, hər tikəsini məmləkətin
bir güşəsində qurutdurur, görk olsun deyə. Amma
kimə? Olmur...
Gülüş
və dünyanın sonu. Gülüş hadisəsində
başlanğıc və son var, virtual şəkildə, məcazi
anlamda, son heç zaman gəlmir. Molla Nəsrəddin və Bəhlul
Danəndə lətifələrində sonsuzluq stixiyası,
dünyanın sonsuzluğu, bütün anlam və mənaların
qəribə şəkildə dünya deyilən meydanda
oynaması, yoxa çıxıb görünməsi...
ağıl çaşdırır.
"Min bir gecə" nağıllarında da adi bir
pauza, fasilə, nəfəs dərimi sadəcə sonsuzluq
effekti yaratmaq üçündür.
Başa qayıdırıq: Əhməd Bükə üçün hekayə nədir? Onun sözlərinə görə, bir dostunla uzun-uzadı söhbət əsnasında özünü də anlamağa başlarsan, hekayə yazmaq də məhz o anlama gəlir. Daha doğrusu: "Hamımızın insan olmaqdan qaynaqlanan müşkülləri, yaxşı və pis tərəfləri maraqlandırır məni... Zehnimdə fotolar, qorxular, səslər, başqalarından dinlədiyim xatirələr daşıyan bir adamam...". Bu hekayəsində sözügedən kitabələr yerin altından tapılan daşın fərqli üzlərində oxunanlardır, amma daşın, daş kitabənin elə üzü var ki, hekayəçi olduğundan şübhələndiyimiz Ruhi bəy o yazıları oxudusa da dilimizə tərcümə etmədi...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.31.