Varislər
Dünyanın ən böyük
şəhəri – Şuşa
"Varislər"in
bugünkü qonağı musiqişünas, Qarabağın
musiqi və etnoqrafiya tarixinin yorulmaz
araşdırıcısı, unudulmaz ziyalı, xatirəsi hər
zaman sevgi ilə anılan Firudin Şuşinskinin oğlu,
hüquqşünas Məhəmməd Həsənovdur.
Firudin bəy Köçərlinin
şərəfinə...
1925-ci ilin payızında qədim
Qarabağın göz bəbəyi sayılan Şuşa
şəhərində dünyaya gəlib. Atası Məhəmməd
kişi XX əsr fikir dünyamızın ən
ünlü simalarından biri olan Firudin bəy Köçərli
ilə yaxın dost olduğundan, oğlunun adını dostunun
şərəfinə Firudin qoydu. 6-7 yaşı olanda Şuşa musiqi məktəbində skripka dərsləri
alıb. Şuşa Pedaqoji Məktəbini
bitirdikdən sonra qısa müddət müəllimlik edən
gənc Firudin Şuşinski 1942-ci ildə könüllü
olaraq müharibəyə gedir. Ağır müharibə
illərindən sonra BDU-nun Tarix fakültəsində ali təhsil alıb, Bakı məktəblərində
tarix müəllimi kimi fəaliyyət göstərirdi. Onun həyat yolunun ən maraqlı və
böyük diqqətəlayiq hissəsi Qarabağın musiqi
və etnoqrafiya tarixinin araşdırmasına sərf etdiyi
dövrlərdir.
Bu mübariz və unudulmaz
insanın varisi Məhəmməd Həsənovla Firudin müəllimin
öz doğma ocağında görüşdük.
- Məhəmməd müəllim,
Firudin Şuşinskinin ruhu gəzən doğma ocaqda
görüşürük. Bu gün sizinlə
bütün ruhu, canı, düşüncələri ilə
doğma Qarabağa, gözəl Şuşaya bağlı olan
atanız Firudin Şuşinski haqqında
danışacağıq. Babanız Məhəmməd Həsənov...
Siz də babanızın adını
daşıyırsınız. Kim olub Məhəmməd kişi?
- Həsənovlar
Şuşada tanınmış nəsildir. Babam Məhəmməd
kişi Şuşada ticarətlə məşğul
olub, atamın əmisi qəssab Şəmili isə
Şuşada tanımayan yox idi. Ümumiyyətlə,
Şuşada hərənin bir ləqəbi varmış.
Onlar əsasən maldarlıqla məşğul olublar, amma bir
müddət sonra babam öz işini qurub və tacirlik edib:
Avropa, Asiya, Şərq ölkələrinə gedib
çıxıb, mallar gətirib. Babam Məhəmməd kişi sosial statusuna görə bəy titulu
alıb. Bu nəsil Qarabağın məşhur
Cavanşirlər nəsli ilə qohum olub, babam onlardan qız
alıb, ailə qurub. Atam
danışırdı ki, nənəsi Xurşudbanu Natəvanla
çox yaxın olub, həm də xalaqızı-xalanəvəsi
idilər. Babamgili Şuşada Firudin bəy
Köçərli ilə eyni məhəllədə
yaşayıblar. Təəssüf, həmin
evləri, tarixi məkanları dağıdıblar, amma o məhəllə,
oradakı xatirələr qalır.
Cavanşirlər nəsli ilə qohum
olmuşdular
- Mənim dövrümün yeniyetmələri,
gəncləri onu yaxşı xatırlayırlar. Azərbaycan Televiziyasında apardığı
"İfaçılıq sənəti" verilişi,
emosional fikirləri, araşdırmaları və unudulmaz səsi
hələ də yaddaşımdadır. O bu millətə
sevgini və sevməyi öyrədirdi. Dəyərlərə
sevgini... layiq olanları sevməyi... O, unudulmuşları
unutmağa qoymurdu. O bu xalqın mədəniyyət tarixini
yazanları yaşatmağa çalışırdı... Mənim
üçün maraqlıdır, Firudin müəllim o
verilişlərə necə hazırlaşırdı?
- Hər
şey bu evdə, bu divarların arasında baş verirdi. O bu
evdə otaqların birində muzey düzəltmişdi, təəssüf
ki, şəraitsizlikdən o muzeyi olduğu kimi saxlaya bilmədim,
təkcə şəkillər və müəyyən
eksponatlar qalır. 1960-cı illərin
sonlarından, 70-ci illərin əvvəllərindən atam
materiallar toplamağa başladı. Vallar,
afişalar, ifaçılıq sənətinə aid olan sənədlər
və s. Bu materialları şəxsi vəsaiti və yaxın
dostlarının dəstəyi ilə alırdı. Bir də görürdün, kimsə Tiflisdən zəng
vurub deyir ki, axtardığınz valı tapmışıq.
Gedib onu pulla alırdıq. Bu
onun şəxsi istəyi və şəxsi təşəbbüsü
idi və sizə deyim ki, onları bizə heç də ucuz
satmırdılar. Nazim İbrahimov
vardı, Bakı şərab zavodunun direktoru idi, belə sənədləri
almaq üçün atama böyük dəstək verirdi.
Unudulanları xatırlamaq
Bərdənin birici katibi Xəlfə Hüseynov kömək
edirdi atama. Yəni belə insanların dəstəyi ilə
toplanırdı o materiallar. O, efirdə ilk növbədə,
milli musiqi tariximizdə xüsusi xidmətləri olan, lakin
zaman-zaman unudulan insanları təqdim edirdi. Hər
bir verilişin mütləq xüsusi mesajı
olmalıydı. 70-ci illərdə onun
"Azərbaycan xalq musiqiçiləri" adlı
böyük əsəri çap olunmuşdu. Həmin kitabda Azərbaycanın son 200 illik
muğam-musiqi tarixi yer alırdı. Verilişlərə
hazırlaşanda masa arxiv sənədləri, kitablar, müxtəif
materiallarla dolurdu. Çox ciddi
hazırlaşırdı hər verilişə. Bir də görürdün, çəkilişdən
qanıqara qayıdır. Çox sərt adam
idi, başa düşürdüm, nəsə olub. Sonra öyrənirdim ki, televiziyada rəhbərlik
onun vacib bildiyi hər hansısa məqamı efirə verməyə
qoymayıb. Onun fenomenal yaddaşı
vardı. Televiziyadan tələb edirdilər
ki, verilişlərini yazıb təqdim etsin, atam isə sərbəst,
səmimi veriliş aparmaq istəyirdi. İmkan
vermirdilər, həmişə bir çərçivə,
bir qılaf olmalıydı.
- Yəqin, Şuşa
ilə bağlı xatirələriniz çoxdur. Atanızla
birlikdə Şuşa səfərləriniz,
oradakı maraqlı adamlar, görüşlər haqqında
danışın, zəhmət olmasa.
- Onun hər
dəfə Şuşaya getməsi xüsusi ritual idi. Hər kəslə görüşürdü,
mütləq oturub bir stəkan çay içməliydi
köhnə tanışları ilə. Adətən
yayın sonlarında gedirdik Şuşaya, çox vaxt anamla mən
qayırdıq Bakıya, o isə qalırdı orada, işləyirdi.
Şuşada onun işləməsi, yazması
üçün münbit şərait var idi. Evdə qalmağı xoşlamırdı.
Əhəd Əliyev atamın müəllimi olmuşdu, o vaxt Şuşa sanatoriyasının müdiri idi.
Əhəd müəllim çox informasiyalı adam idi, atamla da söhbətləri tuturdu. Bir otaq ayırırdı və atam orada həm ciddi
işləyir, həm də dost-tanışları ilə
görüşürdü. O vaxt Bakıda yaşayan
şuşalıların çoxu ilə elə orada
qarşılaşırdıq.
Şuşanın axşamları
Axşamlar
hamı mehmanxananın yanındakı bağa
toplaşırdı, söhbətlər, xatirələr, məclislər...
Bulaqlara gedirdik, təbiət qoynuna
çıxırdıq. Atamı
tanıyanlar, dostları, məktəb yoldaşları
eşidir, kimi Ağdamdan, kimi Ağcabədidən gəlirdi.
Belə görüşlər onun həyat
eşqini artırırdı. Musiqi məclisləri
qurulurdu. Atam öz tarını da
götürürdü, Şaşa musiqiçiləri ilə
bir yerdə həm maraqlı söhbətlər edirdilər, həm
də canlı musiqi dinləyirdilər. Atam
yaxşı fortepiano çalırdı. Ümumiyyətlə,
musiqi ilə nəfəs alırdı.
- Firudin müəllim məktəbdə
pedaqoji fəaliyyətini yarıda saxlayıb,
könüllü müharibəyə gedib. Mən
bu faktın tarixi ilə bağlı fərqli fikirlər
eşitmişəm və ən dəqiq məlumatı sizdən
almaq istəyirəm.
-
Atamın sənədlərində onun yaşı ilə
bağlı müəyyən dəyişiklik ediblər, deyəsən.
Həmişə deyirdi ki, Kursk
döyüşündə iştirak edəndə 18
yaşım tamam olmamışdı. Batareya
komandiri olub və döyüşdən sonra marşal
Rokossovski ona şəxsən orden təqdim edib. Onun müharibəyə
getməsinin tarixçəsi belədir: dostları ilə
Şuşada bazar yerində olublar.
Kişi papağı
Babam atama qaragül dərisindən yaxşı,
bahalı papaq tikdirib. Şuşanın erməni prokuroru olub,
atamın başındakı papağı görəndə,
soruşub bu cavan oğlan kimdir ki, başında elə
bahalı papaq var. Deyiblər, Məhəmmədin oğludur.
Adamlarından birini göndərib ki, gedin ona deyin
papağı mənə versin. Atam elə
cavanlığından hazırcavab və yeri gələndə
şuşalılar demişkən, yava danışan olub.
Adam gəlib deyib, prokuror sənin
papağını istəyir, atam da deyib ki, papaq kişiyə
yaraşar. Həmin söhbətdən
sonra atam könüllü cəbhəyə gedib. Ola bilsin, həmin erməni prokurora verdiyi cavab bu hadisənin
tezləşməsinə səbəb olub. O, cəbhəyə
gedəndən sonra babamı həbs ediblər. Əlbəttə,
ermənilər onun həbsi üçün canfəşanlıq
ediblər, altı aydan sonra Şuşa
türməsindən azadlığa çıxıb. Onun istintaqı Bakıda olub, artıq Qazaxıstana
sürgünə getməyə
hazırlaşırmış, böyük qardaşı
Şəmil Mir Cəfər Bağırovun qəbuluna
düşə bilib və məsələ həll olunub.
M.Bağırov şuşalıları, o
cümlədən babamı da yaxşı
tanıyırdı. Eşitdiyimə
görə, Bağırov vaxtilə Müvəqqəti
İnqilab Komitəsinin Qarabağ üzrə nümayəndəsi
işləyib, bu səbəbdən şuşalılara bələd
olub.
Mir Cəfər
Bağırov və şuşalılar
- Firudin müəllim müharibə
xatirələrindən nə danışırdı? Adətən
uşaqlar, nəvələr verir belə sualları: "Baba,
müharibədə neçə nemes öldürmüsən?"
Firudin müəllim öldürdüyü
"nemeslərin" sayını bilirdi?
-
Müharibədən gətirdiyi bir qənimət saatı
vardı. İsveç saatı idi. Həmişə aparıb düzəltdirirdi, saat da
bir ay işləyib, yenə xarab olurdu.
Danışırdı ki, döyüşlərin birində
top mərmisi qurtarıb. Hansısa alman şəhərində
olublar. Döyüşə-döyüşə
bir evə giriblər. Çox səliqəli ev olub. Əsgərlərdən
biri evi axtarıb, siyirtməni açanda bir saat görüb.
Deyib nə qəşəng saatdır. Saatı əlinə götürən kimi
partlayış olub. Saata partlayıcı
qoyublar. Çoxu yaralanıb o
partlayışda. Bədənində yara
yerləri vardı. Müharibə
dövründə bir müddət gəlib Bakıda müalicə
olunub, yenidən qayıtmışdı cəbhəyə.
- Ona ilk elmi məqaləsinin -
"Vaqif və Qarabağ" - mövzusunu S.Vurğun verib. Bu barədə nə deyirdi? S.Vurğunla
tanışlığının tarixçəsi necə
olub?
- Onun S.Vurğunla ilk tanışlığı orta məktəbdə
oxuduğu illərdə başlayıb. Sovet
dövründə elm, mədəniyyət, incəsənət
xadimləri regionlara səfər edir, ictimaiyyət nümayəndələri,
məktəblilərlə görüşlər
keçirirdilər. Belə
görüşlərin birində S.Vurğun atamın
oxuduğu məktəbdə olub. Atam həmin
tədbirdə bir şeir deyib, sonra onu sorğu-suala tutublar və
hamı onun zəkasından, ağıllı cavablarından məmnun
olub. Babam da imkanlı adam olub, qonaqlar
üçün süfrə açıb və S.Vurğun
babama deyib ki, bu uşağın yaxşı gələcəyi
var, icazə ver bunu Bakıya aparaq.
Bu uşağın yaxşı gələcəyi
var
Babam razı olmayıb. İllər keçəndən
sonra atam adıçəkilən mövzuda diplom işi
hazırlayıb, işin qəbulunda S.Vurğun da olub və təklif
edib ki, yazının adını dəyişsin, Vaqifin bir
dövlət xadimi kimi fəaliyyətinə geniş yer
ayırsın. Sonra da atam
tanışlıq verib ki, bəs mən illər əvvəl
Şuşada sizin qarşınızda şeir deyən
oğlanam, şair də xatırlayıb onu. Sonra tale elə gətirib ki, böyük şairlə
bir-neçə dəfə eyni tədbirdə, eyni məclisdə
qarşılaşıb.
- "Şuşa" kitabı ona
böyük uğur gətirdi...
-
Doğrudur, bu kitab ona həm böyük uğur və
şöhrət gətirdi, həm də xeyli düşmən
qazandırdı. O kitab oxucuların əlində gəzirdi,
amma hakim partiya kitabın çapından sonra atama təzyiqləri
artırdı və təzyiqlər illərlə davam etdi. Əlbəttə, bu münasibət atamın əsəblərinə,
səhhətinə pis təsir edirdi. Ermənilər
xüsusi canfəşanlıq göstərirdilər, əl
çəkmirdilər ondan. Hələ
indinin özündə də internetdə ermənilərin
atam haqqında yazdıqları fikirlərlə
rastlaşıram. ""Şuşa"
kitabının müəllifi tarixi saxtalaşdıran
adamdır" kimi fikirlərlə.
Andranikə heykəl qoya bilmədilər
Həmin ərəfədə ermənilər İrəvanda
daşnak Andranikə heykəl qoydurmaq istəyirdilər, atam
isə kitabda Andraniki tam ifşa etmişdi. Əlbəttə,
onun bu fikirləri heykəl qoyulmasına mane oldu.
"...daşnak Andranik Şuşanı işğal etməyə
cəhd etmişdi və işğal cəhdi bu gün də
davam edir" cümləsi od qoymuşdu
ermənilərə də, onların havadarlarına da. Atama qarşı pantürkist ittihamları
başladı. "Milli münaqişələri
qızışdıran adam" kimi qələmə
verirdilər onu. Evə gəlirdik, gördük
bax bu oturduğumuz otağın pəncərələrini
çilik-çilik ediblər. Ya bizi
gözləyirdilər, evə girirdik, birdən kimsə iki
daş atıb qaçırdı. Ermənilər bir yana, elə bizim mətbuat da atamı rahat
buraxmırdı. Hətta "Ədəbiyyat və
incəsənət" qəzetinin özündə də onu
tənqid edən yazılar çap olunurdu.
Mikoyanla görüş
Sonra Mikoyan onu Moskvaya dəvət etdi. Mikoyan o vaxt təqaüddə
idi. Bağında görüşüblər.
Deyib, erməni xalqından üzr istə, de ki,
bilmədən təhrifə yol vermişəm, söhbət
bitsin. Sənin kitabını oxumuşam,
xoşuma gəlib. Müəyyən
şeyləri oradan çıxarırıq, onu İrəvanda
yüksək tirajla çap edirik və sənə
artıqlaması ilə qonorar veririk. Üstəlik,
Ermənistanın dövlət mükafatını da
alırsan. Atam qətiyyətlə rədd
edib. Xatırladığım bir söhbəti
də demək istəyirəm. Mikoyan
atamdan soruşub ki, bu görüş sizə necə təsir
etdi? Atam da "mənə türk dediyiniz
xoşuma gəldi" - cavabını verib.
"İfaçılıq
sənəti" verilişi 1982-ci ildən 1987-ci ilə qədər
televiziyada getdi və o dövrdə atam efirdə türk
sözü işlədən yeganə adam
oldu. Hər adam bu sözü işlətməyə
cürət etmirdi.
- Onun haqqında belə bir ifadə
işlədirlər: "Firudin Şuşinski bomba kimi adam idi, tez partlayırdı". Bu fikir nə qədər doğrudur?
- Elədir.
Çox səbirsiz idi. Ürəyində
söz saxlamaqla arası yox idi, kimliyindən asılı
olmayaraq sözünü deyirdi. Həm də
çox əsəbi idi. Müharibə onun
əsəblərini alt-üst eləmişdi. Deyirdi, mənim Kurskda gördüklərimi Allah
heç kəsə göstərməsin. İnsan cəsədləri
dəmirə qarışmışdı... Əsl
cəhənnəm. O öz sahəsini gözəl
bilirdi, tarixi, arxiv sənədlərini
araşdırmışdı. Hər
sözünü konkret faktlarla qoyurdu ortalığa.
- O, milli musiqi tariximizə çox
qiymətli kitablar, araşdırmalar bəxş edib. Bu evin aurası çox xoş gəldi mənə.
Gözlərim qarşısında pəncərəsinə
daş atılmış nurani ağsaqqal siması canlandı.
Əsəbi və qalib adam. Hər
adamın pəncərəsini daşlamırlar. Qalib adamlara bata bilməyənlər belə miskin
üsullardan istifadə edə bilərlər. Günün hansı
saatlarında işləyirdi?
Çiliklənmiş pəncərələr
- Daha
çox gecələr məşğul olurdu. Əlyazma
yazırdı. Kiril əlifbasını
bilmirdi. Bəlkə də bilirdi, nifrət etdiyinə
görə latın qrafikası ilə
yazırdı. Əlyazmalarını milli arxivə
təhvil vermişəm. Evdə tez-tez tar
çalırdı, uzun-uzadı... həzin, lirik muğamlar...
Mənə isə musiqi ilə məşğul
olamağa icazə vermədi.
- O, elmi və yaradıcı fəaliyyəti
ilə milli-mənəvi dəyərlərimizə yeni nəfəs
verdikcə özünə düşmən qazanırdı.
Yazıları, verilişləri təkcə musiqi tariximizi təbliğ
etməklə bitmirdi, o, eyni zamanda qadağan olunmuş vaxtda
milli şüurumuza oyanış toxumları səpir, kimlik
tariximizə işıq tuturdu. Belə adam
sovet quruluşu üçün "yad
ünsürdür". O, həyatını başqa cür
yaşaya bilərdimi?
- Yox, qətiyyən
başqa cür yaşaya bilməzdi. Bu onun mənəviyyatından,
həyat tərzindən gələn bir şey idi. Xasiyyəti
belə idi - sözü üzə deyən adam.
Kimisi onu məhz belə olduğu
üçün sevirdi. Kimi bu xasiyyətindən
ehtiyat etdiyi üçün özünü hörmət
edirmiş kimi göstərirdi. Kimi də
açıq-aşkar düşmənçilik edirdi. Amma heç nə onu fikrindən, əqidəsindən
döndərə bilmirdi. O, yaşamağının mənasını
dərk edirdi və bu həyat tərzi onun ürəyincə
idi. Bütün əsəbi anları ilə,
sarsıntıları, qəzəbləri,
qarşılaşdığı xəyanətlər, maneələrlə
bir yerdə zövq alırdı işindən. Həqiqətdən üstün heç nə yox
idi onun üçün.
Həqiqət aşiqi
- Ailədə necə idi? Ata kimi,
baba kimi, dost kimi, qohum kimi ona münasibət necə idi?
-
Açığını deyim ki, həmin o sərtliyi,
ötkəmliyi ailədə, qohum içində də
qalırdı. Mən evin tək oğlu
olmuşam. Çox ciddi idi. Qohumlar da onunla qarşılaşmaqdan çəkinirdilər.
Elə mən özüm də
bacardığım qədər ondan uzaq olmağa
çalışırdım. Bir sözlə, çox
ağır adam idi.
- N.Nərimanovun unudulması ilə
bağlı universitet müəlliminə verdiyi sual və
M.Bağırova yazdığı məktub haqqında
maraqlı fikirlər eşitmişəm.
-
Universitetdə oxuyanda görüb ki, N.Nərimanovla
bağlı tarixi faktlar dərsliklərdən
çıxarılır. Ümumiyyətlə,
onun adını çəkməyə çəkinirlər.
Atam bu barədə müəlliminə sual
verib, professor aciz qalıb. Atam həmin
hadisədən sonra o vaxtkı partiya rəhbəri
M.Bağırova məktub yazıb və eyni sualı katibə
verib. Bağırov atamı Mərkəzi
Komitəyə dəvət edib, görüşüblər.
Bağırov atamı görən kimi: "Haralısan?"
- soruşub. Atam
şuşalı olduğunu söyləyib. "Kimlərdənsən?" Məhəmməd
kişinin oğluyam. Bayaq dedim axı, Bağırov
Qarabağ, xüsusilə Şuşa
camaatını tanıyırdı. Soruşub,
bu nə məktubdur yazmısan? Deyib,
yoldaş birinci katib, sual verdim, cavab ala bilmədim. O
görüşdən sonra Bağırov partiya plenumundakı
çıxışında: "Universitet o səviyyəyə
çatıb ki, Həsənov soyadlı tələbə
verdiyi suala cavab ala bilmədiyi üçün mənə məktub
yazıb, N.Nərimanovun partiya və dövlətçilik
tariximizdəki rolunu öyrənmək üçün mənə
üz tutub...".
M.Bağırova məktub yazan tələbə
- Sizcə, o, Azərbaycan musiqi tarixinə,
musiqi mədəniyyətinə nə verdi
və nəyi verə bilmədi? Və... hansı
işlərinə mane oldular?
- Həmişə
bir şeyə təəssüf edirdi. Deyirdi,
kaş vaxtında aşıq sənətini də
araşdıraydım, öyrənəydim. Çünki aşıq sənətinin tarixi daha qədimlərə
gedib çıxır. Türk etnosu
üçün aşıq sənəti daha milli və daha
kökdən gələn bir incəsənət
növüdür. O, muğam sənətini
araşdıranda Qarabağı qarış-qarış gəzmişdi.
Muğam sənəti daha çox el şənliklərində,
toylarda formalaşıb. Öyrənirdi, kim
hansı toyda olub. O toyda başqa kimlər olublar və s.
Çox şeyi özü də apardı. Özü
həm də musiqi tənqidçisi idi. Hər dəfə
yeni məqaləsi çıxanda az qala aləm
dəyirdi bir-birinə. Bizim musiqi tariximizdə,
elə dövlətçilik tariximizdə də xeyli təhriflər
var. Bu təhriflərin çoxu
düşünülmüş formada edilib. Həmin o saxtakarlıqlar bizə xalq olaraq, millət
olaraq mane olub. Atam bacardığı qədər
o səhifələrə işıq tutmağa
çalışırdı. Buna sevinənlər
də var idi, əlbəttə, amma baltanı
götürüb asıb-kəsənlər də çox
idi. Bilirsiniz nəyə təəssüflənirəm:
ölkənin birinci xanımı, Azərbaycan
Respublikasının birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə milli
muğam sənətimiz həyata yenidən vəsiqə
qazandı. Yeni araşdırmalar, yeni
ifaçılar, Azərbaycan muğamının dünyada
tanıdılması faktları. Atam bu
dövrü görsəydi arxayın gedərdi həyatdan.
Həm də öz biliyini, təcrübəsini,
imkanlarını bu yolda ortaya qoyardı.
Qalib - Alim Qasımov
Atamın
təşəbbüsü ilə ilk dəfə "Cabbar
Qaryağdıoğlu adına muğam
müsabiqəsi" keçirilmişdi, münsiflər
birinci yeri başqasına vermək istəyirdilər,
atamın təkidi və tələbi ilə müsabiqənin
baş diplomu Alim Qasımova verildi. Atamı
musiqi ilə bağlı məsələlərdə heç
bir güzəştə təhrik etmək mümkün
deyildi.
- Musiqiçilərdən kiminlə
dostluğu tuturdu? Kimlər gəlib-gedirdi bu evə?
- Ələkbər
Tağıyevlə yaxın dost idi. Tez-tez musiqi
mövzusunda mübahisələri düşürdü.
Kitablarında rast gəlmisiniz də "Şamaxı məclisi",
"Şuşa məclisi", "Bakı məslisi"... Bu evdə həmin məclislərin ab-havası
hökm sürürdü. Dövrün ən
tanınmış musiqi, mədəniyyət adamları gəlirdi
evə. Anam mətbəxdə
biş-düş edirdi, mən, yaşıdım olan qohum
uşaqları daşıyıb gətirirdik süfrəyə.
Səid Rüstəmov, Fikrət Əmirov, Lətif Kərimov,
Əkrəm Cəfər, Əliş Ləmbəranski, Əjdər
Xanbabayev, Həbib Bayramov, Bəhram Mənsurov, Xəlil Rza... Elələri də var ki, adlarını çəkmək
istəmirəm. Söz, musiqi məclisi
qurulurdu və belə məclislər, adətən gecə
saatlarına qədər uzanırdı.
- Köhnə kişlər bir yerə
toplaşır, yeyir-içir, söhbət edir, sonra həvəslə
nərd oynayırdılar. Eşitdiyimə görə, Firudin
müəllim güclü nərd oynayan olub.
Bir tas nərd
- Hə, atam güclü nərd
oynayırdı, özü də mütləq altında
"bir şey" olmalıydı. Maraqla
oynayırdı. Hətta onunla nərd
oynamağa Şuşadan da gələnlər olurdu. Səhəri xaşla başlayıb, sonra nərd...
beləcə, axşama qədər davam edirdilər. Bağımız yox idi. Əjdər
Xanbabayevin bağında toplaşırdılar. Çox yaxın idilər. İstirahət
günləri gedib Əjdər müəllimin bağında
qalırdı. Bəzən mən ona
bağ işlərində kömək edirdim. Ziya Bünyadov gəlirdi. Akademik
Rüstəm Əliyev gəlirdi. Əjdər
müəllim atamın kitablarının çapına
kömək edirdi. O çox vətənpərvər adam idi, atamın kitablarının
çapına mane olmaq istəyənlərin
qarşısını o alırdı. Təbiətinə
görə çox sakit, təmkinli adam
idi, işinin də peşəkarı idi. Milli
maraqlara cavab verən istənilən kitabın çapı
üçün əlindən gələni edirdi.
- Aradan müəyyən zaman
keçib, siz yaşa dolmusunuz, vəziyyət necədir,
darıxırsınız onun üçün? Yaşasaydı,
yenə gözündən yayınmağa
çalışardınız? Bir də...
ona nəsə demək istəyirsiniz?
- (Kövrəlir.) Adam çox şeyin qiymətini onu
itirdikdən sonra dərk edir. O vaxt o mənim
üçün sadəcə ata idi. Özü
də sərt, ağır xasiyyətli ata idi. Amma mən kimin oğlu olduğumu, necə
böyük, mənəvi cəhətdən zəngin bir
kişinin oğlu olduğumu anlayıram. Onun
məsləhətlərinə ehtiyac duyuram, söhbətləri
üçün darıxıram, özü üçün
darıxıram. Darıxıram... əlbəttə,
darıxıram... Bütün dövrlərdə "atalar və
oğullar" problemi olub, amma atanı əvəz edəcək,
onun qədər ola biləcək
ölçü vasitəsi yoxdur. İlk vaxtlar
yuxuda tez-tez görürdüm onu... daha görmürəm.
Bilirsiniz, nə demək istəyərdim ona: "Ata, gərək
bir az səbirli olardın, gərək bu qədər sərt
olmazdın...". Üstəlik,
onun fiziki yoxluğu ilə təkcə bizim ailəmiz itirmədi,
Azərbaycan xalqı da itirdi. Onun biliyi,
onun imkanları hələ bizə lazım idi.
Ən
böyük şəhər - Şuşa
- Onun Vəli Axundova qəribə bir
sualı olub... Xatırlayırsınız o
sualı və verdiyi cavabı?
- (Gülümsəyir.) Yas məclisində
qarşılaşıblar. Vəli Axundov
respublikanın birinci katibi olan vaxtlar. Atam məclisə
toplaşanlardan soruşub, dünyanın ən böyük
şəhəri hansıdır? Hərə bir cavab
verib... Nyu-York, Mexiko... və s. Atam özü
cavab verib suala. Dünyanın ən
böyük şəhəri Şuşadır. 1905-ci ildən bəri ermənilər onu
sökürlər, hələ də söküb qurtara bilməyiblər.
Bu onun vətəndaş mövqeyi idi.
- Nəyə görə Bərdədəki
Şəhidlər xiyabanında dəfn olunmasını vəsiyyət
etdi?
Son mənzil - yenə Qarabağ
- Deyim də...
Xəstələnib yatağa
düşmüşdü artıq. Şuşa
işğal olunandan sonra yaşamaq onun üçün əzab
idi. Bir gün məni yanına çağırıb
dedi ki, dünyanın işini bilmək olmaz, Qarabağın ən
son kəndi qalsa belə, mütləq məni orada dəfn edərsən.
Mən o torpaqdan çıxmışam, o
torpağa da qarışmaq istəyirəm.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 6 mart.- S.16-17.