Yazıçı Cavid
Zeynallının
“Şükriyyə” kitabı işıq
üzü görüb
Yazıçı Cavid Zeynallının “Şükriyyə” adlı
yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin “Şükriyyə”,
“Tanrı quşu gəlmədi”, “Ölümə
gedən” adlı pyesləri, “Sergi ata” (L.Tolstoy), “Varavva” (P.Lagerkvist), “Əsirin qayıtması”
(A.Morua) və “Cəmilə” (Ç.Aytmatov)
əsərlərinin səhnələşdirmələri
yer alıb.
Bu barədə yazıçı
özü məlumat verib.
Cavid Zeynallı bildirib ki, kitabı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə
xanıma vəfa borcu sayır:
“Şükriyyə xanımın
həyatını dərindən
araşdırandan sonra
onun faciəsinin sənət həllini məhz səhnədə təsəvvür elədim. Əlbəttə, gələcəkdə bu
material əsasında ssenari
də yazmaq olar. İmkan düşən kimi
bunu edəcəyəm.
Şükriyyə xanım Azərbaycan
qadınlığının ləyaqət simvoludur və inanıram ki, bu pyes
əsasında hazırlanan
tamaşanı tezliklə
səhnədə görə
biləcəyik. Digər iki
pyesdən biri - "Ölümə gedən"
birpərdəli pyesdir
və Mədəniyyət
Nazirliyinin dramaturgiya müsabiqəsinin qalibi olub. "Tanrı
quşu gəlmədi"
pyesi isə keçmişinin əzablarını
çəkən insanın
faciəsi haqqındadır.
Kitabda dünya ədəbiyyatının
dörd məşhur əsərinin səhnələşdirməsi
yer alıb. Bu əsərlər mənim çox sevdiyim əsərlərdir
və onların hər biri Azərbaycan
səhnəsinə yalnız
başucalığı gətirər.
Açığı, səhnələşdirmələrin
pyeslərlə bərabər
bir kitabda çap olunmasına tərəddüd edirdim, amma dostlarla məsləhətləşəndən sonra tərəddüdə
yer qalmadı. Səhnələşdirmə böyük əziyyətdir.
Üstəlik, rejissorlar üçün
hazır materialdır.
İnanıram ki, həm pyeslər, həm də səhnələşdirmələr
rejissorların diqqətini
çəkəcək”.
“Mücrü” nəşriyyatında
çap olunan kitabın redaktoru Həmidə Nizamiqızı,
naşiri isə Müşfiq Xandır.
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.32.