Yaddaş kitabının kədərli təbəssümü
Esse
Yaddaş
xalqın mənəvi coğrafiyası, keçib gəldiyi
tarix yollarının canlı saxlancı, əbədi xəzinəsi,
etnogenetik gücün ana vətənidir; o coğrafiya
unudulanda, o xəzinənin qapıları bağlananda, o Vətənin
çayları susanda, ağacları quruyanda, yəni xalq
yaddaşını yadırğayanda, öz kökündən
qopub özgələşəndə, özgə
qapılarında dilənəndə ümummilli fəlakət
başlayır; bu, yaddaşını itirən manqurtun öz
anasına tuşladığı oxun atılması faciəsi,
manqurtizm fəlakətidir. Təxminən 30 il
əvvəl yazdığım, "Azərbaycan" və
"Aydınlıq" qəzetlərində çap
etdirdiyim "Antimillətdən millətə, özgədən
özə qayıdış" adlı silsilə məqalələrimdən
bir cümlə və iki sual yadıma düşür:
"Milli-tarixi
köklərə söykənməyən, mənsub olduğu
xalqın etnogenetik mənəvi enerjisi, qılınc və qələm
gücü, məğlubedilməz mədəniyyət
qala-qalxanı ilə silahlanmayan insan manqurtluğun
astanasındadır; gizli imperiya niyyətləri belə
insanların qəlbində - kosmopolit biganəlik "parniklərində"
asanlıqla cücərir, kök atır, yetişib bar-bəhər
verir; belə insanlardan, sosial məxluqlardan yaranır yad məmləkətlər,
yaxın-uzaq imperiyalar qapılarında sülənən qulluq
qulları; 250 ildir ki, yad qapılarında sülənən bu
sosial sürü-səfillər Azərbaycana xəyanət
edir! Çıxış yolu nədədir?
Nə etməli?".
Doğrusu,
30 il əvvəl yazılan cümlələrin
və sualların bu gün də aktual olması əzab verir,
duyğuları göynədir. Ciddi ədəbiyyatın
kütləvi şəkildə oxunmadığı, milli mədəniyyətin
az qala çıxdaş edildiyi, melodram, ağlar
serialların, kosmopolit, güləyən şouların efirləri
zəbt etdiyi, ürəklərdə ibliscəsinə meydan
suladığı vaxtda o suallar daha inadla qapıları
döyür, nigaran bir ümidlə cavab axtarır,
çıxış yolu soraqlayır. Və mən bu
ağrı, nigarançılıq dolu cümləni yaza-yaza
TRT-nin (Türkiyə) təxminən üç yüz illik
tarix səhnəsinə üz tutan üç
çağdaş serialını xatırlayıram:
"Oyanış: Böyük Səlcuqlu", "Diriliş
Ərtoğrul" və "Quruluş Osman". İndi
heç kimə sirr deyil və çoxları təsdiq, etiraf
edir ki, bu üç serial müasir Türkiyədə,
bütövlükdə türk dünyasında zamanın
sözünü deyir, möhtəşəm əsrlərin
oyanış, diriliş, quruluş milli modellərini bu günə
nəql, transformasiya edir. Ümumtürk etnokulturoloji mənzərəsinə
üz tutan, "Kitabi-Dədə Qorqud" eposunun ruhuna,
etnolinqvistikasına köklənən, dünəndən daha
çox bu günün və sabahın yollarına
işıq salan, az qala min illik səlib yürüşlərinə,
maskalanmış islamafob cəbhəsinə qarşı
möhtəşəm dirəniş nümunəsi göstərən,
dünyada haqqın, ədalətin təntənəsinə
çağıran bu seriallar, deyərdim ki,
çağdaş Türkiyə televiziyasının ən
böyük uğurudur. Dövlətin qayğısı, maddi
və mənəvi dəstəyi ilə çəkilən bu
seriallarda türkün tarixi gücü görünür, O
gücün yeni bir özünütəsdiq dalğası
qabarır, o tarixi gücün, o yeni dalğanın bu günə
və sabaha çağırışları əsas strateji hədəf
kimi diqqəti cəlb edir; əsas hədəf ümumtürk
ruhunun bu gün daha çox lazım olan, ehtiyac duyulan səfərbərliyidir,
birliyidir, bütövlüyüdür, oyanışı,
dirilişi, quruluşudur. Və çağdaş
dünyamızda bu əsas hədəfə Türkiyənin,
Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın,
Türkmənistanın, Qırğızıstanın, Quzey
Kırpıs Türk Cümhuriyyətinin, hələ müstəqilliyinə
qovuşmayan Tatarıstan, Başqırdıstan, Uyğurustan
kimi neçə-neçə türk toplumlarının
taleyüklü ehtiyacı var. Əlbəttə, mən həmin
teleseriallar haqqında ciddi analitik-kulturoloji söz demək,
onları çağdaş teleestetika baxımından
bütöv təhlil etmək, qiymətləndirmək
iddiasından uzağam; bu, ilk növbədə, nüfuzlu
türk və dünya sənətşünaslığının,
tarixçi, dilçi, mədəniyyətşünas və
filosoflarının işidir; inanıram ki, ümumtürk
teleməkanında yeni üfüqlər açan, təzə
söz deyən bu möhtəşəm ekran əsərləri,
telesənət hadisələri haqqında layiqli söz deyiləcək,
tədqiqat işləri görüləcək, fundamental əsərlər
yazılacaq...
"Oyanış:
Böyük Səlcuqlu" serialındakı möhtəşəm
obrazlar qalereyası heyrət doğurur: Sultan Məlikşah,
Nizamülmülk, Həsən Səbbah, Ömər Xəyyam,
Əbu Hamid Qəzzali, Səncər, Tapar, Markus, Məlik Təkiş,
Zübeydə xatun, digər seriallardakı Süleyman şah,
Ərtoğrul, Dəli Dəmir, İbn Ərəbi, Bamsı,
Osman, Noyan, Turqut... Mükəmməl obrazları, bitkin,
bütöv xarakterləri, keçmişə vicdanlı, məsuliyyətli,
realist, həm də yaradıcı münasibətləri ilə
secilən bu ekran əsərləri (eləcə də bir qədər
əvvəl təqdim olunan "Möhtəşəm yüz il") türk telemədəniyyəti tarixində
yeni bir başlanğıc, təzə bir səhifə,
uğurlu bir zirvədir, dövlət və sənət vəhdətinin,
birliyinin doğma övladı, tarixi qələbəsidir. Bu, dünya miqyaslı böyük, mərdanə
keçmişi ilə qürur duyan bir xalqın bu günü
və sabahı uğrunda möhtəşəm mübarizə
mədəniyyəti, şərəfli özünütəsdiq
missiyasıdır.
"Oyanış",
"Diriliş", "Quruluş" teleseriallarının
gördüyü böyük işi, yaddaşoyadıcı
missiyanı yada salmaqla müasir Azərbaycan teleməkanında
da milli yaddaşa qayıdışın əsas strateji hədəf
olduğunu vurğulamaq istəyirəm; xüsusilə,
azadlığına yeni qovuşan xalqların, toplumların həlledici
uğurlar qazanmasında öz tarixi gücü, yaddaş enerjisi
ilə yenidən qovuşma, tam ruhi səfərbərlik əsas
amildir, taleyüklü faktordur. Təəssüf ki, müasir
Azərbaycan teleseriallarında daha çox bunun əksinə
şahid oluruq; dövlətin kiçik modeli olan Azərbaycan
ailəsi mənfi tiplər, eybəcər obrazlar
yığnağı, fırıldaq və xəyanət
bataqlığı, şit gülüş, karikatur
hırıltı, bir sözlə, milli mənəviyyatsızlıq
məskəni kimi təqdim olunur. Belə üzdəniraq,
antimilli seriallar, xüsusilə, cavanlarda etnogenetik
yaddaşı zədələyir, öz xalqı, milləti ilə
bağlı pessimizm kölgəsi, məyusluq sindromu
yaradır, xristianlığa, buddizmə, hətta
krişnalığa meyli körükləyir, səmum küləkləri
kimi milli ruh tarlasında hər şeyi məhv edir,
bütün pöhrələri qurudur, manqurt müqəvvaya
döndərir.
Bu
başabəla seriallar maskalı səlib yürüşlərindən,
təmizlənməyən gizli mina sahələrindən,
dağıdıcı düşmən tələlərindən
daha təhlükəlidir; onlar gündə içilən
suya, yeyilən xörəyə damcı-damcı qatılan
gizli zəhər kimidir; belə zəhər
öldürmür, günbəgün, aybaay, ilbəil qana,
sümüyə yeriyir, milli ruhun özünəxas strukturunu
zədələyir, dağıdır, özəl immun qabiliyyətini
zəiflədir, dayaqlarını şil-şikəst edir; eynən
səhrada əsirin başına keçirilən dəri-sələ
kimi onu gizli-gizli sıxır, ruhunu yadırğadır və
yeni-yeni manqurt sürüləri yaradır. Yuxarıda
xatırlatdığım silsilə məqalələrimdən
başqa cümlələrin də səsini eşidirəm:
"Köləlik Vətənin işğalından yox, vətəndaş
qəlblərinin işğalından başlanır...
...Manqurt
ürəklərin səfil səhralarında, duyğu və
düşüncələri, arzu və ümidləri
imperiyalar xeyrinə işğal olunan qulluq qullarının
itkin vicdanında öz ilə özgənin, doğma ilə
yadın, millət ilə antimillətin vətəndaş
müharibəsi başlanmalıdır. Söhbət
zaman-zaman qəlbimizə, beynimizə yeridilən antimillət
zəhərlərinə, xalqa xəyanətin manqurtizm modelinə,
köləlik sisteminə qarşı qəlbimizdə və
beynimizdə aparacağımız vətəndaş
müharibəsindən gedir. Söhbət gizli imperiya
niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan
yadlığa qarşı duyğu, düşüncə
döyüşlərindən, milli varlığımızda
sıxışdırılan özümüz uğrunda
mübarizədən gedir; bu, antimillətlə millət
uğrunda müqəddəs müharibə, əbədi
döyüş olmalıdır - tam və qəti qələbəyədək!".
Deyə bilərlər ki, rəngləri bu qədər
tündləşdirməyə ehtiyac yoxdur. Lakin Azərbaycan ailəsini
təqdim edən serialda bircə nəfər də
işıqlı obraz, milli ruh, milli mentalitet
daşıyıcısı yoxdursa, hər şey reklam
bazarına, alverçilik əxlaqına hesablanırsa,
bütün obrazların qəlbində, ruhunda özgəlik,
yadlıq küləkləri əsirsə, milli dəyərlər
hər addımda diz çökürsə, təslim olursa...
bütün bunlara başqa nə ad vermək olar?!. Və
Jurnalistlər evinin həyətində
qarşılaşdığım köhnə dostum, qocaman mətbuat
işçisinin gözüyaşlı məğlub
nigarançılığını xatırlayıram: Nəvələrimi
boz serialların qara bataqlığından xilas edə bilmirəm...
Qəfil
bir külək əsir, dil yaddaşının möcüzəli
közərtisi heyrət heykəlinə dönür;
böyük rus yazıçısı İvan Turgenevin ulu
babası - Qızıl Orda xanı Qurgen Mirzənin
xristianlığı qəbul etməsindən sonrakı nəsilbənəsil
ruh üşüntülərini düşünürəm; Dərbənd
şeyxülislamının türk oğlu,
xristianlığı və Aleksandr adını qəbul edən,
"rus şərqşünaslığının banisi"
adlandırılan (akademik Bartold) dahi Mirzə Kazımbəyi
düşünürəm; türk mənşəli 300 məşhur
rus familiyasını monoqrafik tədqiqata cəlb edib mərdanə
bir kitab yazan N.Baskakovun vicdanını düşünürəm;
Derjavindən Hertsenə, Bunindən Anna Axmatovaya, Dostoyevskidən
Tolstoya, Kuprindən M.Qorkiyə, hətta Kutuzovdan Suvorova... qədər
qar-qırovlu ruh çöllərini, əsrlər boyu
böyüyüb rus nəhənglərinə çevrilən
Qızıl orda uşaqlarının taleyindən keçən
yaralı yaddaş yollarını düşünürəm;
Dəşti-Qıpçağın - Qıpçaq
çölünün qanlı xatirələrini, yovşan ətrinin
deyilməz-bilinməz göynərtilərini
düşünürəm; Qafqaz Albaniyasının tragik
süqutundan sonra acgöz goreşənlər kimi möhtəşəm
milli mədəniyyətimizə daraşan ruh
işğalçısı yadelliləri, gəlmə
yadları düşünürəm...
Köhnə,
kövrək dostumun incik səsinə uzaq, yaralı yollardan təngnəfəs
qayıdıb gəlirəm:
- Fikrin
hardadır? Deyirəm, bu boz seriallar uşaqları məhv
edir, gizli bataqlıq girdabları kimi çəkib aparır,
heç nə edə bilmirik...
- Onları TRT-nin yayımladığı seriallara
yönəlt - "Oyanış", "Diriliş",
"Quruluş" seriallarına.
- Onda da
başlayacaqlar Osmanlı türkcəsində
danışmağa...
- Həmin
seriallar çağdaş Türkiyə ədəbi dilindən
daha çox ümumtürk ədəbi dilində,
ümumoğuz dil mühitində çəkilib; "Kitabi-Dədə
Qorqud" dastanlarının dili ilə analoji
bağlantıları, qeyri-adi etnolinqvistik ruh cazibəsi heyrət
doğurur; təqdirəlayiq haldır ki, "Diriliş
Ərtoğrul" serialını bizim AZTV də həftəboyu
yayımlayır...
Deyəsən,
qocaman, nigaran dostumu inandıra bilmişdim və bu duyğu
ruhumda yaz günəşi kimi gülümsəyirdi...
Yazının
bir qədər əvvəl bataqlıq kimi ruhumu udan qarayaxa
vahiməsindən can qurtarmışdım. Və əlahəzrət
sözə sevgiyə, qəlbimdəkiləri demək
ümidi ilə yeni abzas başlayıram...
Ədəbiyyatımızın ən kədərli əsərləri
olan "Anamın kitabı"nda Ana yenilməzliyinin,
"Ölülər"də Kefli İskəndər həqiqətlərinin
qələbəsi... vardı; bu iki qaranlıq kədər dənizindəki
iki işıq adası ümumi ruhun cəbhəboyu qələbəsini
təmin və təsdiq edirdi. Serialların qara girdablarında
işıq adaları kimi xilas yolları da yaradın, cənablar!
Yox, əgər əlahəzrət sponsorlar bunu istəmirsə,
biz belə işıq, ümid adalarına pul verə bilmərik
deyib dirənirlərsə, onda əl saxlayın, milli ruh matəmgahlarına
son verin!..
Azərbaycan xalqı Qarabağ uğrunda
apardığı 44 günlük Vətən müharibəsində
dünyanın əksər xalqlarından ruhən daha
güclü, daha sağlam, daha səfərbər olduğunu təsdiq
etdi. Azərbaycan bir daha sübut etdi ki, o, tarix boyu
yaratdığı nəhəng imperiyaların, qüdrətli
dövlətlərin layiqli varisidir, böyük sələflərin
böyük xələfidir. Bir əlində
sazla eposlar, dastanlar yaradıb, bir əlində sözlə
Orxon-Yenisey mətnləri, "Oğuznamələr"
yazıb, tarix boyu misilsiz qılınc və qələm zirvələri
fəth edib Azərbaycan. Dünyanın maskalı qara
qüvvələrinin, xain gözlü güclərinin
bütün təhdidlərinə,
qışqır-bağırına baxmayaraq
Qarabağının otuz illik işğalına son qoyub, son əsrlərin
ən böyük xilaskarlığına imza atıb, möhtəşəm
zəfəriylə yeni bir qələbə dastanı yazıb
Azərbaycan!
Bu yerdə
qürurla, cəsarətlə yazıram ki, bir qədər əvvəl
xatırlatdığım türk seriallarının
oyanış, diriliş, quruluş modellərini
çağdaş dövrümüzün gerçək
reallığına çevirir Azərbaycan! Prezident,
Ali Baş Komandan İlham Əliyevin dediyi "Şuşa, sən
azadsan! Şuşa, biz qayıtmışıq!
Şuşa, biz səni dirçəldəcəyik!"
cümlələrinin qılınc və qələm qüdrətini,
epik möhtəşəmliyini yaşayır, Azərbaycan!
Müasir milli mətbuatımız, KİV-imiz, ədəbiyyat
və mədəniyyətimiz bu tarixi qələbəyə,
böyük zəfərə, bu xilaskar möhtəşəmliyə
layiqincə cavab verə bilirmi? Təəssüf ki...
Və Azərbaycan
teleməkanı yenidən boz, bayağı, səviyyəsiz
seriallarını, xalqı kütləyə döndərməyə
hesablanan şit, şablon şoularını davam etdirir. Şuşa, Qarabağ haqqında ciddi silsilə
verilişlər, sanballı sənədli filmlər yenə
gecikir, televiziyalar yenə yubanır, kosmetik bərbəzəklə
baş girləyir, vaxt öldürür. Bu gün yeni təfəkkür
tərzi, müasir teleestetikayla silahlanan konseptual təfəkkür
verilişləri, həqiqi sənədli telefilmlər,
Qarabağ, Şuşa haqqında fundamental
sənədli seriallar zamanıdır. Xalq xilaskar
Oyanışın, Dirilişin, Quruluşun strateji hədəflərinə
güzgü tutan çağdaş teleməhsul
intizarındadır...
Bu sözləri yaza-yaza on illər boyu AZTV-də yaratdığım
çoxsaylı silsilə verilişləri, kütləvilik,
yaddaşsızlıq, manqurtizm xəstəliyinə
qarşı apardığımız davamılı mübarizə
yollarını düşünürəm. "Azərbaycan dili"
(aparıcılar akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərov,
professor Nizaməddin Şəmsizadə), "Vətəndaş"
(aparıcı professor Vaqif Arzumanlı),
"Gülüstan" (aparıcı yazıçı,
şair, publisist Əjdər Ol), "Sözün sehri"
(aparıcı akademik Kamal Abdulla), "Qala" (aparıcı
Əməkdar elm xadimi, professor Məhərrəm
Qasımlı), "Yaddaş" (aparıcı
tarixçi-filosof Yunus Oğuz), "Molla Nəsrəddin",
"Vətən", "Oğuznamə", "Sənət
cərəyanları", "Araz", "Şam
işığında", "Yurd yeri", "Palitra",
"Gözəllik", "Qobustan", "Ədəbi
üfüqlər"... O verilişlərdən bircəsini
yada salım:
1500 il əvvəlin
Orxon-Yenisey çöllərində əbədiyyət nəğmələri
kimi oxunan, daşların sinəsinə oyulan, bəngüdaşların
qəlbində qıfıllı qapıya, poetik ovqat xəzinəsinə
dönən, müqəddəslik məqamı və məkanına
yüksələn qeyri-adi telemətnlərdən, əbədi
ruh və qan qaynarı pritçalardan yol başlayan
"Poeziya" telekarvanı xronoloji ardıcıllıqla
Oğuz qrupu Türk xalqlarının şeir
dünyasını, bədii şüur hərəkətini
izlədi; misilsiz milli-mənəvi xəzinənin
bütün hücrələri, hətta gizli
qırxıncı qapıları da açıldı; bu
veriliş poeziya libasına bürünən, "Bu quş
dilidir, bunu Süleyman bilir ancaq" dedikləri şeir şəkillərində
kodlaşaraq əbədiləşən etnogenetik yaddaş
enerjisinin, tarixi xilaskar gücün müasir ürəklərə,
beyinlərə nəqlinə, transformasiyasına can
atırdı; hər halda strateji hədəfimiz, ideya-bədii,
estetik-fəlsəfi istəyimiz, inam və ümidimiz bu idi...
Beləliklə,
Xalq yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri Anarın aparıcısı olduğu
"Poeziya" verilişinin beş ildə
hərəsi 45 dəqiqə həcmində 350-dən artıq
sayı təqdim olundu; əsasən Oğuz qrupuna daxil olan
Türk xalqlarının poeziyasını bütünlüklə
təqdim edən möhtəşəm telesalnamə
yarandı. Bu, televiziyanın mənsub olduğu
xalq qarşısında şərəfli xidmət nümunəsi,
həyata keçirilən uğurlu mədəniyyət
missiyası idi.
Mətbuat
səhifələrində "Poeziya" verilişini "Azərbaycan,
bütövlükdə Türk teleməkanında analoqu
olmayan unikal telelayihə", "Milli ruhun
güzgüsü" adlandıranlar da, "Mübarizə
aparan və qalib gələn canlı teledərslik",
"ziyalılıq məktəbi" kimi qiymətləndirənlər
də oldu. İrandan gələn bir şair qonaq "Bu
veriliş efirdən köçürülərək kaset
halında Təbriz, Ərdəbil, Tehran bazarlarında əlaltdan
satılır" dedi. İraqdan gələn və
"Poeziya"nın qonağı olan
başqa bir şair "Biz hər həftə
yığışıb bu verilişə xeyli sənət
adamı bir yerdə baxırıq və sonra onu böyük
bir eşqlə müzakirə edirik" dedi. Beləcə,
Quzey Kıprısda, Bolqarıstanda, Makedoniyada, Qaqauz yurdunda,
Türkmənistanda, Türkiyədə, Orta Asiyada, doğma
Türküstan ellərində, uzaq Uyğurustanda, yaxın
Borçalıda, Dəmir qapı Dərbənddə... bir
sözlə, türkün olduğu və
yaşadığı hər yerdə "Poeziya" verilişini
gözlədilər, izlədilər, Azərbaycan
Televiziyasında reallaşan bu bənzərsiz telelayihənin
ruhi səfərbərlik, milli-mənəvi
çağırış yollarına qoşuldular, o mübarək
yollarda özgədən özə doğru getdilər. Bu,
kütlədə xalq, xalqda millət oyadan, etnogenetik yaddaş
xəzinəsinin qırxıncı qapılarını
açan, böyük, yuxulu tarixi güc sərdabələrində
dirilik çıraqları yandıran, o çıraqların
işığında ruhumuzun, qəlbimizin ana kitabını
vərəqləyən, çox halda aşkar bildiklərimizin
gizlinlərinə güzgü tutan, işıq salan bir veriliş
idi. Və mən "Ədəbiyyat qəzeti"nin iki
sayında çap etdirdiyim, "Poeziya" verilişinin
uğurlarına həsr etdiyim məqaləni belə
adlandırmışdım: "Poeziya:
Aşkarlığın gizlinləri"...
Bu gün
Azərbaycan teleməkanı milli yaddaş enerjisinin,
böyük tarixi, etnogenetik gücün aşkar gizlinlərinə
güzgü tutmalı, kütləni xalq, xalqı millət edən
əsl həqiqətləri ekrana gətirməli, məhz
Oyanışın, Dirilişin, Quruluşun xilaskar qan-gen
yaddaşını oyatmalı, səfərbər etməlidir.
Bu, müasir müstəqillik dövrünün
çağırışı, zamanın tələbidir.
P.S. Yazını bitirmişdim. "Mədəniyyət" kanalında yeni bir verilişin çağırış səslərini eşitdim. Akademik, millət vəkili Rafael Hüseynovun "Qobustan" jurnalının baş redaktoru, ustad yazıçı-publisist Vaqif Əlixanlı ilə etdiyi söhbət ruhumu təzələdi, kölgəli yamaclarda gün işığının bolluğuna düşdüm. Rafael Hüseynov Vətənin damarlarında dolaşan dadlı doğmalıqdan danışırdı. Vaqif Əlixanlı doğma Yerfi kəndinin başı üstündə ucalan əzəmətli qayanı Vətən müharibəsinin dillərə dastan topçusunun atəşdən sonrakı məğrur, qalib duruşuna bənzədirdi. "Vətənim" verilişi postmüharibə dövrünün təzə mədəniyyət maraqlarını dilə gətirir, tamaşaçını Vətənlə qan qardaşlığına, əsl vətəndaşlığa səsləyirdi...
Rafael Hüseynov Qala divarları
qarşısında əyilib bir ovuc torpaq götürür, o
bir ovuc torpaqla illərin, əsrlərin qan qardaşı,
dostu, sirdaşı kimi danışırdı; təxminən,
min il əvvəl türkologiyanın ulu babası Mahmud
Kaşğarinin "Divani-lüğat-it-türk" əsərində
verdiyi xəritədəki Ərzi-Azərbaycanın o bir ovuc
torpaqdakı qan-gen yaddaşını oyatmağa, diriltməyə,
tamaşaçı ruhunda yeni bir oyanışa, dirilişə,
quruluşa can atırdı. Və mənim yadıma unudulmaz
müəllimim, böyük dostum, akademik Tofiq
Hacıyevin Mahmud Kaşğarinin qara, qan niyyətli ögey
anası haqqında dediyi bir cümlə
düşürdü. Baş xatun ögey oğlunu, əsl
varisi öldürmək istəyirdi; bunu bilən
şahzadə Mahmud saraydan - ölümdən qaçıb
uzun-uzun illər boyu türk ellərində dolaşdı, nəticədə
türkün ən böyük yaddaş kitabını -
"Divani-lüğat-it-türk"ü yaratdı. Tofiq
müəllim kədərli bir təbəssümlə deyirdi
ki, gənc Mahmudu saraydan didərgin salan və Türkün
böyük talekitabının yazılmasına səbəb
olan həmin ögey anaya heykəl qoymaq lazımdır...
Sadıq ELCANLI
Ədəbiyyat qəzeti.- 2021.- 13
mart.- S.30-31.