İlk addım
Hekayə
Maaşını dəmir qutudan alsa da, "sağ ol" deyib, pulu çantasındakı
pulqabına yerləşdirib,
yoluna davam etdi. İçinə dolan sevincin
səbəbini anlamasa
da, addımlarındakı
rahatlıq, xoş havanın ciyərlərinə
dolan yüngüllüyündən
üzünə təbəssüm
qonmuşdu. Arada
dayanıb, başından
sürüşən ağ ipək yaylığını düzəldib,
paltosunun yaxasını
bir daha çəkib, sığallayıb,
yoluna davam etdiyi vaxt qulağına
gələn tanış
səs onu saxladı. Dayansa da, geri dönə bilmədi, üzü dəyişdi, sanki bir anın
içində illərin
üstündən quş
kimi uçub, təngnəfəs yerə
endi.
- Səriyyə, sənsən?..
Səriyyə geriyə döndü, gözləri qarşısında
dayanan adamın səsi doğma olsa da, özü
yad idi. Səs yenə
Səriyyəni özünə
qaytardı.
- Tanımadın məni?..
Səriyyə adama sarı qorxaq addımlarla gedib, gözlərini qıyıb ona baxır, sanki keçmişini o üzün
qırışları arasında
axtarırdı.
- Tahir?!.
- Hə, ay qız, sinif yoldaşın Tahir!
Səriyyənin əli öz üzündə gəzdi. Bir anda düşündü ki, görəsən, sonuncu dəfə güzgüyə
nə vaxt baxıb. Tahir onun narahatlığını
başa düşdü,
ya yox, bilinmədi,
amma dediyi: - Heç dəyişməmisən,
Səriyyə, - sözü
ilə qadın əlini üzündən
çəkib, sevinclə
kişiyə baxdı.
- Tahir, Bakıda yaşayırsan?
- Yox, ay Səriyyə, uşaq yaralanıb, qospitaldadı.
- Hansı, böyüyün?
- Yox, sənin qızının əkiztayı...
Deyib, güclə gülümsədi:
- Qızın necədi,
ərə verməmisən?
- Yox hələ...
- Niyə, rəhmətliyin qızı, otuzu haqladılar, bizimki də evlənmədi, deyir Xocalını azad edək, toyumu orda edəcəm.
Səriyyənin gözləri dolub,
səsi titrəyə-titrəyə:
- İnşallah, qonşu,
inşallah. Mənim qızım böyümədi
axı.
Tahir Səriyyənin
gözlərinə baxdı,
indi nəsə anlasa da, danışmağa
gücü yetmədi. Səriyyə onun qolundan tutub,
uşaq paltarları satılan dükana sarı çəkdi.
Tahir səssizcə onun böyrünə düşüb
gedirdi. Səriyyə dükana girəndən
sonra Tahiri orda onu gözləməsini
tapşırıb özü
içəri sarı
getdi. Səriyyə geri dönəndə
o özünü tox tutub, qadının onu hara aparacağını,
nə edəcəyini
gözləyirdi.
Yataqxanaya oxşar köhnə binanın qapısından
içəri keçib
üçüncü mərtəbəyə
qalxdılar. Qapı açılanda Tahirin
ilk gözünə dəmir
çarpayı, onun üstünə sıra ilə düzülmüş
uşaq ayaqqabıları
dəydi. Səriyyə
irəli keçib, onu evə dəvət
edib, sevincək çantasından yeni uşaq ayaqqabısını
çıxardıb, yatağın
üstə qoyub, çayın altını
yandırmağa gedəndə
Tahirin qəfildən yadına düşdü ki, bu gün
qospitalda yaralı yatan oğlunun doğum günüdü,
deməli, Səriyyənin
də qızının
doğum günü idi.
Səriyyə balaca masanın
üstünə qənd,
mürəbbə düzüb,
çayın qaynamağını
gözləmək üçün
Tahirlə üz-üzə
oturub,- bu
gün uşaqlarımızın
doğum günüdü,
səninki qospitalda, mənimki isə...
Səriyyə əlləri ilə üzünü tutub hönkürdü.
Tahir ona baxıb acı-acı ağladı,
üzünü tutmadan,
göz yaşından
utanmadan: - Nə vaxt Səriyyə, nə vaxt?..
Dedi.
Səriyyə əlini üzündən
çəkmədən: - Dur
ayaqqabıları say... - dedi.
Tahir oturduğu
yerdəncə ayaqqabıları
saydığı vaxt
Səriyyə üzünü
silib, çay dəmləməyə durdu,
sanki öz-özünə
danışırdı, - yadındadı,
Səadət dil açmışdı, amma
hələ çətin
yeriyirdi. Həkim demişdi, bir az gec gəzəcək, amma gəzəcək. Uşaq ayaqqabı
istəyirdi bizdən.
Rəhmətlik atası
hər dəfə deyirdi, maaşımı alım, qızıma ayaqqabı alacam...
Səriyyə çay süzdü, Tahirlə üz-üzə
oturub, gözlərini
əli ilə sildi.
- Bilirsən, uşaq yeridi...
Tahirin gözləri
işıqlandı, qızarmış
gözlərindəki ümidlə
Səriyyəyə baxdı.
Səriyyə çevrilib ayaqqabılara
baxdı, Tahirə sarı çevrildi: - Yeridi. Xocalıdan qaçdığımız gecə atasını vurduqları vaxt onu yerə qoydum,
atasını tutdum.
Bir də gördüm Səadətim bizi qoyub, geri, güllə
atılan tərəfə
gedir, ayaqları atasının qanına bulaşmışdı, qarın
üstə yeridikcə,
qanlı ayaq izləri yerə hopurdu. Biz belə
əhd eləməmişdik
axı. Mən uşağa çatana kimi onu da
vurdu ermənilər...
Tahirin yumruğu
sıxılsa da, onu hara vuracağını
bilmədən durub, bu evdən necə
çıxdığını bilmədi. Telefonu susmaq bilmirdi,
cavab vermək lazım deyildi, telefonu açmaq bəs edirdi, xəbəri zəng edən özü verəcəkdi. O xəbər
artıq başqa hekayə yazacaqdı. Şəhidin var, Tahir kişi!
Qar yağır. Siz qar üstünə yazılan
qanlı ayaq izləri görmüsünüz?
İndi
o, heç vaxt böyüməyəcək, yalın
ayaqların heç vaxt geyilməyəcək iyirmi doqquz ayaqqabısı
var idi...
Yeganə KƏRİMZADƏ
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.29.