Şeirimizin gur axınında
Vaqif Bəhmənli şeiri
"Hər kəsin poeziyası həyatın adilikləri
qarşısında titrəyirsə, hər kəs yalnız
yüksək predmetlərdən ilhama gəlirsə, o, hələ
sənətkar şair deyildir. Həqiqi sənətkar
üçün həyat haradadırsa, poeziya da elə oradadır"
(Belinski).
V.Q.Belinskidən
gətirdiyim bu sitatın müasir şairlərimizin
hamısına aid ola biləcəyini şəksiz
qəbul edirəm. Bəli, "həyat
haradadırsa, poeziya da elə oradadır" - bunu sübut etmək
üçün mən şeirimizin magistral yollarında uzun
illərdən ilham atını səyirdən Vaqif Bəhmənlinin
son illərdəki yaradıcılığına üz
tuturam. Xatırlayıram ki, Əkrəm Əylislinin
"Azərbaycan" jurnalında fəaliyyətə
başladığı ilk illərdə - 1977-ci ildə Vaqif Bəhmənli,
Eldar Baxış və Vaqif Cəbrayılzadənin şeirləri
o jurnalda ədəbiyyata həqiqi vəsiqə əldə
etdi və bundan sonra Vaqif Bəhmənli də istedadlı bir
şair kimi etiraf olundu. O illərdən üzü bəri
Vaqifin sayını-hesabını itirdiyim şeir kitabları
çap olundu.
Vaqif Bəhmənli
doğrudan da, çox yazır, məhsuldarlığı ilə
öz ədəbi nəslinin bütün üzvlərini
ötüb keçir. Zənnimcə, bunu ona heç cür
irad tutmaq olmaz, 66 yaşda bu tempdə, belə yorulmadan şeir
yazmaq doğrudan da, şairlik potensialının tükənmədiyini,
əksinə, "şimşəkdən qanad
aldığını" sübut etmirmi?
Vaqif Bəhmənli
illərdə onu nə düşündürürsə, həyatın,
gerçəkliyin və özünün daxili
dünyasının hissiyatlarını şeirə gətirir.
Mən onun hər gün şeir yazdığı fikri ilə
razılaşmıram, amma o, hər gün şeirlə
yaşayır və şeirsiz bir günü olmur fikrinə
daha çox inanıram. Vaqif doğulduğu Qarabağın -
onun zümrüd tacı adlandırılan Şuşanın həsrətini
çəkirdi, Şərq-Qərb müqayisəsini, iki
bir-birindən fərqli mövcudluqdan söz
açırdı, qocalar məclisindən, köhnə
fotodan, yaradıcılıq prosesindən, kişi nəfəsindən,
anti-məhəbbətdən, hal-qəziyyədən, zəmanə
uşaqlarından, qarabasmadan, qorxulu nağıldan, nifrətdən
və onun əksi məhəbbətdən, təbii ki,
yaşının bu vaxtında payızlaşan sevgisindən və
təbii ki, günün reallıqlarından söz
açır. Koronavirus bəlasına qarşı da "On
yeddi "Koronavirus" nəğməsi şeirini yazır,
onun üçün vəzn problemi də yoxdur, təki ortada
ŞEİR olsun. Bir də görürsən ki, hiss və
duyğularını bənd-bənd dördlüklərə
də səpələyir. Bunlar mövzu və kəmiyyət
məsələsidir. Amma Vaqif Bəhmənlini bir şair kimi
səciyyələndirməli olsaq, mövzu və kəmiyyət
məsələsi ikinci plana keçir.
Bugünkü
şeirimizlə bağlı yazılarda, fərdi üslub,
şairin özünəməxsusluğu ilə çox az
maraqlandığımız etiraf olunmalıdır. Bizlər
çox zaman hər hansı şairin özünəməxsus
poetik kefiyyətlərindən söz açmaq
ehtiyacını nəzərə almırıq. Təhlillərimiz
əsasən haqqında söz açdığımız
şairin bir neçə səviyyəli şeiri üzərində
qurulur, amma "orta temperatur" həddində ilişib qalan
və o bir neçə yaxşı şeirinin adekvatı
olmayan şeirləri isə... yaddan çıxır, unudulur.
Halbuki, şainin yaradıcılığı bütöv
halda təhlil olunmalıdır. Və ən ümdə bir məsələ:
axı, haqqında söz açdığımız şair
müasir poeziyamızın gur axınında öz
imzasını "övrəqi ədəbiyyatda"
yaşada bilirmi? Gəlin, elə bu suala Vaqif Bəhmənlidən
başlayaq.
Vaqif Bəhmənlinin
şeirlərinin əksər qismində predmetə, əşyaya,
maddi və mənəvi anlayışlara, keçmişə
və bu günə aid olan hadisə və olaylara poetik
münasibət təşkil edir. Təbii ki, onun şeirlərində
fikir heç bir zaman şeirin əsasını təşkil
etmir, belə olardısa, o zaman onun şeiri daxili hərarət
və poetiklikdən məhrum olardı. Deməli, hər
hansı şeirin əsasında dayanan fikir mütləq poetik
məna kəsb etməlidir, özünün obrazlı ifadəsini
tapmalıdır. Vaxtilə Məmməd Arif Rəsul Rza
şeirinə qiymət verərkən də
yazmışdı ki, şeirdə fikir poetik rənglər, səslər,
sözlər, ahənglər, təsirli məcazlar, tutarlı
təşbihlər və metaforalar vasitəsilə ifadə
olunur. Hansı bir görkəmli şair isə yazırdı
ki, mən şeir yazanda əşyalar, predmetlər
qarşımda diz çökür, mənə yalvarırlar
ki, məni öz adiliyimdən, olduğum vəziyyətdən
xilas elə, təzəlik qazanım.
V.Bəhmənlinin
on üç il əvvəl yazdığı "Sevgi nədir"
şeirinə diqqət yetirək:
Sevgi qədim
bir adətdi,
Səni
candan alır, alır...
Çox
qəribə ibadətdi -
Canı
dindən alır, alır.
Durma, cala
baxtı baxta,
Say ki,
yatır şah budaqda.
Sevgi
güldü şah budaqda -
Əllə
üzsən, solur, solur.
Olmaz deyib
and eləsən,
Qollarını
kilidləsən,
Qırx
qıfıla bənd eləsən
Sevən
kamın alır, alır.
Canın
yetim quzusudu -
Mələrtisi
ruzusudu,
Sevgi
alın yazısıdı;
Məzarda
da qalır, qalır...
Və bu
şeir onun anlamınca sevgi nədir sualına cavab verir.
Ümumiyyətlə,
Vaqif Bəhmənli predmetləri poetik mənalandırmada
ustalıq nümayiş etdirir desəm, bunu onun şəninə
söylənilən bir tərif hesab etməyin. Sadəcə,
bu fikirlə mən həqiqəti ifadə etmiş oluram. Son
illərdə (qalibiyyətimizdən əvvəlki illərdə)
Qarabağ harayı şeirimizin səs-söz mənzərəsindən
əskik olmurdu (yazılan şeirlərin bir çoxunun bədii
tutumu zəif olsa belə). Vaqif Bəhmənlinin 2016-2017-ci illərdə
Qarabağa həsr etdiyi dörd şeirində isə təşbehlər
silsiləsi durna qatarı kimi göz oxşayır. Əlbəttə,
şeirimizdə illərdən bəridir ki, Qarabağ
obrazı kifayət qədər canlandırılıb, amma
Vaqif Bəhmənlinin o dörd şeirində 1992-2019-cu ilin kədərli
Qarabağı o qədər reallıqla əks olunub ki...
Baxın:
Tağı
solan yemişlik,
ot-alaq
Qarabağdı.
Biləsuvar,
İmişli,
Qarabağ,
Qarabağdı.
Çör-çöp
basan bərə, tin,
uçqun
haray, nərilti,
Balta, dəhrə,
kərənti,
çin,
oraq, Qarabağdı.
Bağı
qara gül açan,
yardımlara
əl açan,
Dərd əlindən
dil açan
lal
uşaq... Qarabağdı
Köysündə
çalın-çarpaz
Qoşa
dağ... Qarabağdı.
Əlbəttə,
Vaqif Bəhmənlinin poetik mənalandırmalara meyil etməsi
klassik və müasir poeziyamızın ənənələri
ilə bağlıdır. Füzulidə, Nəsimidə, Molla
Pənah Vaqifdə, Aşıq Ələsgərdə, Sabirdə,
Səməd Vurğunda, Rəsul Rzada, Bəxtiyar Vahabzadədə,
Məmməd Arazda fikrin poetik ifadəsinə aid yüzlərlə
misal gətirmək olar. Amma kökə, ənənəyə
bağlı olan V.Bəhmənlidə bu manera neçə əsrlik
şeirimizin davamıdır.
Vaqif Bəhmənli
desəm ki, sırf ovqat şairidir, səhv etmərəm. Real
həyatda baş verən və onu düşündürən
hadisələr birbaşa ovqata, əhval-ruhiyyəyə təsirsiz
qalmır, bu sarıdan bizim əksər şairlərimizdən
misallar gətirmək olar. Amma Vaqif Bəhmənlini fərqləndirən
odur ki, onun ovqat üzərində köklənən şeirləri
adi məişət detallarından tutmuş, maddi, mənəvi
sferalara qədər irəliləyir. O, evindəki telefondan
şeir yazır və bu şeirdə onun ovqatına təsir
edən odur ki: "Qoca telefonum can çəkir küncdə,
mobil telefonum gülməkdən ölür". Amma bu
"qarşılaşdırmada" ovqatda müxtəlif
assosiasiyalar yaradır. Ev telefonu şüşədə
çırpınır, "Atamdı, anamdı ev telefonum,
ölüblər, yetişmir səsləri mənə" -
"Nə həmən Ağdam var, nə Füzuli var,
telefonçu qızlar qırx ildi laldı" və s. Vaqifin
sevgi şeirlərinə də ovqatın, əhval-ruhiyyənin
ifadəsi kimi baxırıq. Amma qeyd edək ki, Vaqifin digər
şeirlərində olduğu kimi, sevgi şeirlərində
ovqatın dəyişməsi prosesi baş verir. Tək qoca,
iki gözəl... Bu qoca gözəllik qarşısında
heyrətdədir, tərif yağışını əsirgəmir.
Amma: "Cüt gözəl, tək qoca... işi çətində,
nöqtəcə yalan yox hekayətimdə. Mən yerə
quylandım xəcalətimdən, beyqəfil apardı, tər
ikisini!". Amma Vaqifin elə sevgi şeirləri də var ki,
qətiyyən bizim poeziyamızın ən gözəl sevgi
şeirlərindən geri qalmır. Hiss olunur ki, bu şeirlərdə
yaşanılan hisslər çox təbiidir, üstəgəl,
şeirin əksər misralarına hormuş təzə təşbehlər...metaforalar.
Amma içi sevgi ilə dolu Vaqif Bəhmənlinin son
sözü bu olur ki:
Altmış
il yaşadım, axır ki, mən də
Məcnunun
on yeddi yaşına çatdım.
Əsilkar,
tək Leyli sənsən sinəmdə,
Yerdə
qalan qızlar ədəbiyyatdı.
Vaqif Bəhmənlini
mən qətiyyən köhnə ibarələrlə "zəmanə
şairi", "bu günün reallıqlarını
şeirlərində əks etdirən" şair
adlandırmıram. Bircə onu deyə bilərəm ki, onun
şeir sərgisində bir Azərbaycan şairinin səmimi
etirafları səslənir, bu etiraflar onun içindən gələn
göynərtilərlə, sızıltılarla dopdoludur. Məmməd
Arazın bu misralarını xatırlayıram:
"Özünü ittiham, İttiham ancaq, Şairin ədalət
məhkəməsidir" Vaqif də özünü ittihamdan
çəkinmir, ədalət məhkəməsinə olmasa
da, öz ürəyi və qələmi ilə
baş-başa qalıb "suçəlarını"
etiraf edir:
Yalandı
ağlamaq arvad işidi,
Kişi sənətidi
ağlamaq həm də.
Nə var
ki, sənə qalan? - yer örtən pozuq ləpir!
Nə
durmaqdan usanır, nə getməkdən bezirsən.
Ömrün
qızıl dənini nə təhər gəldi səpib
Eşələnib
sərçətək, indi də dən gəzirsən -
Qocalırsan
deyəsən, Vaqif Bəhmənli? - Qoca!
Məncə,
Vaqif Bəhmənli əksər şeirlərində öz
obrazını yaradır və bu obraz müxtəlif cizgilərlə
haşiyələnir. Azərbaycan sevgisindən tutmuş,
dünyada, cəmiyyətdə, qarşılıqlı insan
münasibətlərində, sevgidə Vaqif Bəhmənli bu
obrazın çeşid-çeşid görüntülərini
canlandırır. O, cəmiyyət adamıdır, içi Vətən
sevgisiylə doludur, Vətənə aid onlarca şeir,
poemalarını misal gətirmək olar və bir də
görürsən ki, "bədxahların sevimlisi" olan
Nifrətə nifrətini əyan edir. Qarabağlı Vaqif
Qarabağ həsrətini dilə gətirir ("Cabbarsız
Qarabağın zənguləsi çatışmır...
Axır İsa bulağı Piyaləsi
çatışmır"), bir də görürsən ki,
"Gözmuncuğu" şeirində deyir ki: "Mənim
ürəyimi görən kimsə yox, gözə dəyməyənə
göz dəyə bilməz".
Vaqif Bəhmənli
çox yazır, iradım yox, amma söz üstündə
lap divanə kimi əsməyini görürəm. Doğrudur,
bir sıra şeirlərində uzunçuluğa, mətləbi
həddindən artıq çözələməyə
meylini hiss edirəm, məsələn, "Sizcə sevgi nədir?"
şeiri... Vaqifin intonasiyası müasir şeir mədəniyyətinin
tələbləri ilə uzlaşır, şeir dili pəltəkliyə,
kələ-kötürlüyə yaddır. Xalqın
danışıq dilindən gələn sözlər, ifadələr
onun şeirlərinə bir gilə gətirir. Səslərin,
sözlərin polifoniyası, çox zaman orijinal təşbehlər
silsiləsi də bu şeirlərin canına hopub.
Əlbəttə,
bir yazıda Vaqif Bəhmənlinin çoxmövzulu, poetik
baxımdan çoxçeşidli şeirləri haqqında
söz demək mümkün deyil. "Heç vaxt sönməz
canımda sözdən yanan ocaqlar" deyir Vaqif Bəhmənli
- qoy sönməsin...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 13
mart.- S.28.