Bizim analarımız, bizim atalarımız
Hekayə
Gözləri küçəyə zillənmişdi, fəqət,
ağlı hardasa - lap uzaqda veyillənirdi.
Uzaqda deyəndə
ki... polislər, hərbçilər... - ağlı bir
küçə uzaqlaşa, ya uzaqlaşmaya...
Çit pərdə qabarır, stula ilişib
çırpınır, boşalıb çəkilir.
Güləndam kətan ağlarını, yastıq
üzlərini, qırmızı naxışlı əl-üz
dəsmallarını ipə asır, ağlar yellənir, Səmədin
içində bir cüt qanad titrəyir.
Güləndam
əyilir, qalxır...
Ağların
arasında ağ xəyalın sirli-sehrli rəqsi...
Güləndam
ağ quşa çevrilir, ağların
arasından ağ işığa bülənd olur.
***
Marina Svetayeva iki ağız öskürdü.
Gecənin
ölüsevindirən çağıydı, yoxsa sübhə
yaxın idimi, gündüzün ortasıydımı, -
küçələr səksəndi, hava çalxalandı,
pəncərələr cingildədi, şəhərin
köksündən kəsik çığırtı qopdu.
Ağır-ağır nəfəs alırdı, sinəsindən
qopan xışıltı divarı titrədirdi.
Bir ilmə işıq qızının sarı
pırpız saçlarının arasında vurnuxurdu. Çarpayıya
yaxınlaşdı. Qızını
qucağına götürəndə barmaqları
anasının çiyninə toxundu. İlahi! Marina
Svetayeva - bumbuz qadın! - alışıb
yanır! Bilmirəm, anası Səmədi
gördümü, yoxsa yox, ancaq nəvəsini yanında
görmədi.
***
Səməd qaranlıq küçəyə
boylandı, ölənləri, olanları xatırladı,
saytlarda eşələndi.
Öskürək,
hərarət... Marina Svetayeva həmişə
öskürürdü də... Faringit? Allergiya?
Səhər
pəncərədən gün işığı uzununa
baxdı: günəş deşiyə bənzəyirdi, bu
deşiyə tərəf göydələnlərin
arasıyla qırmızı yol gedirdi, qırmızı yolun
ortasında qızını gördü: üzü
avazımış, gözlərindəki işartı çəkilmiş
- yolun başında anasını gördü: kölgə
kimi, ilğım kimi.
Boş
küçədə - yoluq ağacların kölgəsindəki
ağ göyərçinləri
görüncə Güləndamı xatırladı. Yox, gördüyü həkimlər idi. Üç həkim bloka cumdu. Səməd
həyəcanlandı, ovucları buzladı, tələsik
qapıya qaçdı, səs-küy aşağı mərtəbədəydi.
31-ci ev - Florina Verya... - xərəyin dəstəyi
ensiz pilləkənin məhəccərinə ki dəyirdi,
Florina xalanın gözləri açılırdı,
gözlərindəki işıq pillə-pillə öləziyirdi,
üzü avazıyır, dodaqları göyərirdi.
Axırıncı döngədə gözləri birdəncə
parladı, qurumuş dodaqları carradan açıldı:
- Fatima,
gülləri qurutma.
Səməd anasını xatırladı,
qızını xatırladı, pillələri qalxdıqca xəyalına
çox şey gətirdi, məhəccər ilana
çevrildi, əlinin altından sürüşdü,
ayağı büdrədi. Qızı
anasının yanında, - gəlinciyinin saçlarını
darayırdı, anası mətbəxdə - pəncərənin
qabağındaydı. Ayaqqabısını
tələsik çıxarıb mətbəxə cumdu,
qızını qucağına götürüb hamama
qaçdı, əllərini üç dəfə
sabunladı, üzünə, boynuna-boğazına su çəkdi.
Marina
Svetayeva naharacan otağından çıxmadı,
öskürdü, öskürdü, pəncərəni açdı-örtdü,
çarpayı cığıldadı, pəncərəni
açdı-örtdü, çarpayı
cığıldadı... Nəsə cingildədi,
nəsə düşüb sındımı, yoxsa kimsə pəncərəyə
daşmı atdı, - Səməd elə qapının
ağzındaydı, anasının öskürəyini
sayırdı - Marina Svetayevanı gömgöy gördü.
Gördü ki, anası boğulur, dərmandı - yerlə
bir olmuş...
Özünü itirdi, anasına yaxınlaşdı, əyildi,
qorxdu, arxaya çəkildi. Otağına
qayıtdı, ağzına respirator keçirdi, əlcəyini
taxdı.
- Yox,
uşaqlar yoluxmur. - Həkim belə demişdi.
Bir stəkan suda boğulacaqdı; anasının gözlərində
burulğana düşdü, yosuna ilişdi, əli boşa
çıxdı.
Marina
Svetayeva ağ əlcəyi ağ
işıq kimi gördü, gözünün bəbəkləri
böyüdü, gözünün ağı bir az da
ağardı...
***
Balıncla
boğsa... Bəs meyit? Qızı?
70 yaşı var, xəstədir, ölsə, iksinin də
canı qurtarar. Şəkər, təzyiq, küt
ağrılar... 50 cür xəstəlik. Bir də bu
virus... Öskürək demirlər - anasında var,
qızdırma demirlər - qadın alışıb-yanır,
iştahası kəsilib, boğulurmu, - boğulur...
Virusun ayağı ki yoxdur, gəzə-gəzə
Bakının Yasamal rayonuna gələ, Hüseyn Cavid
prospektindən sağa burulub köhnə binanın beşinci
mərtəbəsinə çıxa. Qərəzi
ki yoxdur, gəlib anasının şikəst ömrünə
yoluxa. Çöldən gələn
özüdür, işdəmi, çöldəmi - hardansa,
kimdənsə yoluxub, özünün bədəni
güclüdür, virusu yenib, anası zəifdir, göydəcə
qapıb. Ya da pəncərədən.
Deyirdilər, havada gəzir.
Səmədin
sifəti od tutdu, yorğanı
qamarlayıb başına çəkdi. Boğulurdu.
Yaz axşamı nəfəsini yorğanın altına
verdiyindən, istidən yox, qəzəbdən boğulurdu, onu
boğan anasının hərarətiydi.
Qızı yuxu görürdü, nədi,
mışıldayırdı.
Qapını açarladı, dəhlizin o başına
- anasının otağına yaxınlaşdı. Qəfil
fikrini dəyişdi.
Kitabxananın qabağında - meydançadakı lampa
küçəni başdan-başa
işıqlandırmışdı. İns-cins
görünmürdü, heç it-pişik də yoxdu. Hərdən maşın ulartısı eşidilirdi,
hərdən küçənin başındakı hərbiçilərin
çəkmələri taqqıldayırdı.
Hara getməlidir? Gedəsi yermi var? Hərbiçilər,
polislər... Qəbiristanlığa - Güləndamın
yanına... - Güləndama nə deyəcək? Güləndam söz-söhbətdən, problemdən
biryolluq getmədimi?
Bəlkə,
lap 30 il qabaq, gecənin ölü sevindirən
çağında, ay işığında Marina Svetayeva
gümüş çay kimi uzanan prospektdə taksidən
düşüb, balaca, əl boyda bağlamanı sinəsinə
sıxıb binalardakı adda-budda işıqlara baxa-baxa fikirləşmişdi
ki, əgər bunca əzab-əziyyətdən, aclıqdan,
susuzluqdan sonra ki bu tifil ölməyib, hələ də
qucağındadır, daha ona ölüm yoxdur.
...Bir
qarnı ac, bir qarnı tox, bir yadın altında, bir yadın
üstündə əzilən yeddi aylıq dul gəlinin
qucağında küçə-küçə dolaşan,
gecəqondulardakı bar piştaxtalarında gümüldənə-gümüldənə
xırdaca əl-ayağıyla oynayan xəstə uşaq indi
böyüyüb, qız atasıdır. Çox şey dəyişib,
dəyişən təkcə insan deyil, dünya özü dəyişib,
fəsillərin yeri dəyişib, - bu da epidemiya, karantin...
Səməd hərdən bu virusu Allahın
ayağına yazırdı, hərdən böyük güclərin. Hərdən də fikirləşirdi
ki, virus-zad yoxdur, eləcə panikadır... Ta o vaxtacan ki,
şəhərdə ölənlərin sayı 5 minə
çatdı, - o gün canına üşütmə
düşdü... Gah dedilər, uşaqlar
yoluxmur, gah dedilər, ancaq qocaları öldürür, gah
dedilər, havadan keçir, gah dedilər, suyun özündə
var.
Əvvəl-əvvəl bir dəstə orda, bir dəstə
burda pıçıldaşırdı, bir də
görürdün, yolun ortasındaca bir dəstə qara
çadralı qadın əllərini göyə
açıb dua edir, fəqət sonra yol da bağlandı. Restoranlar, kitabxanalar, teatrlar
və bir gün icazəsiz çölə
çıxmağa qadağa qoyuldu: polislər, əsgərlər
- şəhər bir ayın içindəcə qocaldı,
bozardı...
Kor-peşiman evə qayıtdı. Qapının
ağzındaca quru yanaqlarının dərisi titrəyən,
altı, üstü şişmiş, qıpqırmızı
gözləri yorğun anasıyla rastlaşdı.
Marina Svetayevanın ayaqları dolaşırdı. Dəhlizdəki
pənəcərədən qaranlığa boylandı,
küçədəki boşluğu, qaranlığı
kirpikləriylə otağa çəkdi, baxışları
ki toqquşdu, Səmədin başı gicəlləndi.
Marina Svetayeva eləcə baxdı, baxdı,
ağır-ağır çevrildi, divardan tuta-tuta dəhlizin
o başına, otağına getdi.
Səməd
anasının baxışlarını eşitmişdi,
gözləri bir az da iriləşmişdi.
İri gözləriylə qapıda, yerdə,
asılqandakı jaketdə, uzaqdakı binada, binadan sonrakı
intəhasız beton cəngəllikdə, qaranlıq
üfüqdə - dənizin üstündə nəsə
gözəgörünməz, balaca, bapbalaca bir şey gəzirdi:
bir işıq - ümid, bir əl - tutmağa, bir çiyin -
başını qoyub ağlamağa...
Hər sualın ayrı cavabı olsaydı, dərd
yarıydı, tərs kimi, min sualın bir cavabı vardı. Çətin
idi. Çox çətin idi. Siqaret tüstüsü min sualın bir cavabı kimi
onun üzünə yayılır, gözünü
acışdırır, başını gicəlləndirirdi.
Tez əlini yelləyib tüstünü - fikrini
dağıdırdı.
Marina Svetayeva iki ağız öskürdü.
Gecənin ölü sevindirən
çağıydı, yoxsa sübhə yaxın idimi,
gündüzün ortasıydımı, küçələr
səksəndi, hava çalxalandı, pəncərələr
cingildədi, şəhərin köksündən kəsik
çığırtı qopdu.
Səməd qızını sinəsinə sıxıb
uzanmışdı.
Təcili
yardım... Karantin... - yox, yox... dost var, düşmən var...
onsuz da, Güləndamın intiharından
sonra dostu, tanışı soyumuşdu: dilucu salam, əlucu
görüş... Səməd yaxşı
bilirdi ki, Güləndam niyə intihar edib, Səməd
yaxşı bilirdi ki, dost-tanış niyə soyuyub, niyə
qaçır.
Marina Svetayeva öskürdükcə Səmədin hərarəti
qalxırdı, nəfəsi daralırdı.
Yarıqaranlıq boşluqda gah Güləndamın
yaşlı gözləri, gah anasının yorğun
üzü peyda olurdu. Sirrin-sehrin içində
çaşıb qalmışdı.
Yarpaq xışıltısı eşitdi, açıq
pəncərədən içəriyə sarımtıl kəpənəklər
doldu, canına sərinlik yayıldı.
Səməd qızını sinəsinə sıxıb
yuxulamışdı.
Eşitdiyi
qapının cırıltısı idi, - anası
ayaqlarını sürüyə-sürüyə, divardan
tuta-tuta gəlmişdi, gördüyü anasının gecəliyindəki
kəpənək şəkilləriydi -
qanadlanmışdı, anasının öpdüyü yer idi
- alnında, əlləriydi - üzündə...
Çarpayı
cığıldadı, pəncərə
açıldı-örtüldü, çarpayı
cığıldadı, öskürdü, öskürdü,
öskürdü...
Səməd gözlərini açmasaydı, ürəyi
dayanacaqdı.
Qızının yanaqlarına
yapışmış saçlarını
qulağının arxasına keçirdi, hərarətini
yoxladı, üzündən öpdü, barmaqlarının
ucundaca otaqdan çıxdı.
Dəhlizdə var-gəl etdi, mətbəxdə siqaret
yandırdı, əlləri əsirdi, alnında soyuq tər
puçurlamışdı.
Mətbəxin pəncərəsindən süzülən
işıq dəhlizin divarında, döşəməsində
Səmədin kölgəsinə çevrilirdi, həyəcanlandıqca
kölgəsi böyüyürdü, dar dəhliz
daralırdı, divarlar yandan, tavan yuxarıdan üstünə
gəlirdi. Mətbəxin qapısını bağladı,
kölgəsini ordan-burdan sökülmüş boz divar
kağızında azdırdı.
Səhərə
yaxın qapını açdı, içəridə qəribə
qoxu vardı: torpaq qoxusu kimi, yaraq qoxusu kimi... Çarpayıya
yaxınlaşdı.
İlahi!
Marina Svetayeva ağ gecəliyini
geyinmiş, ağ mələfənin üstündə
uzanmış, yastığını da başının bərabərində
qoymuşdu.
Səmədin alnındakı soyuq tər damcıları
göydələnlərin arasından süzülən nazik,
titrək işıq xəttinin altında muncuq kimi
parıldadı.
Anasının gözləri parıl-parıldı, deyərdin,
dəniz gecəylə yaşmaqlanıb;
yaşıl-yaşıldı.
***
Fatima gülləri sulayırdı, aşağı
küçədən ucalan musiqi sədaları sərsəri
küləyin qanadına ilişib harasa - lap uzağa gedirdi,
küçələrdəki izdihamın hənirtisinə
qarışırdı, eşidilməz olurdu. Uğultunun içindən
qızların gülüşləri aydın eşidilirdi,
aşağıdakı məscidin minarəsindən
şükür duaları yayılırdı, yuxarı məhəllədəki
kilsənin zəngi eşidilirdi, bir də sirli bir səsin
çağırışı idimi, ürəyin səbirsizliyi
idimi, intizarın tükənişi idimi, nə idisə, Səmədi
şəhərin yuxarı başından aşağı
başına qovmuşdu. Elə bil, dəniz bu
saat ətəyini əlinə alıb qaçacaqdı.
Qağayılar dənizin üzündən
öpürdü, dəniz də, deyərdin, qız
uşağıdır, utanır, sinəsi qabarır.
May, 2020
Ömər XƏYYAM
Ədəbiyyat qəzeti.- 2021.- 13
mart.- S.26.