Hər yağan
yağışa sevinmək
olmur.
Bir də o yağışdan yağmayacaq
ki...
Yağmayacaq o yağış
Yenə
də ulduzlar göydən baxacaq,
Günəş də doğacaq əvvəlki təki.
Külək də əsəcək,
qar da yağacaq,
Bir də o yağışdan
yağmayacaq ki...
Bir də o yağışdan
yağmayacaq ki,
həsrətin yanğısı
bir anda sönə.
Bir də o yağışdan
yağmayacaq ki,
damcılar üzümdə
sevincə dönə.
Qoşulub yağışa sevinə
əlim
Sənin damcı-damcı şəklini
çəkək.
Üzünə, gözünə toxuna
bilim,
öpüm saçlarından
yağışla birgə.
Bir də o yağışdan
yağmayacaq ki,
dəyişib buludlar,
göylər elə bil,
Nə sən əvvəlkisən,
nə mən əvvəlki
Fəsil də başqadır, o fəsil deyil.
Hər fəslin
özünün havası
olur.
Buludu yağışı
eyni olmaz ki.
Hər yağan
yağışa sevinmək
olmur.
Bir də o yağışdan
yağmayacaq ki...
Günlər illər ilə
yarışır sanki
Bir-birini qovur xatirələrə.
Bir də o yağışdan
yağmayacaq ki,
O yağış yağacaq
xatirələrə...
Yalan
Bilmirəm nə gecədir
-
darıxan gecədirmi,
ya darıxmağın
gecəsi
bu gecədən yenə də gəlib keçdi gör nələr,
gəlib keçdi
necələr,
gəlib keçdi
neçəsi.
bir vaxt yanından ötüb
görməzdən gəldiklərim,
bir vaxtlarsa sadəcə, tapıb itirdiklərim
gəlib keçdi
gecədən...
bu gecədə yenə də
bir vaxt doğru sandığım
neçə səhvim
oyandı,
neçə-neçə günahım
göz önündə
dayandı.
Ağrılar günahların yenə
üzünə durdu
Vicdanım ürəyimə yenə məhkəmə qurdu.
Kimsəsizlik içində kimsəsizəm
içimdə.
çaşbaş qaldım
özüm də.
kimnən üzür
diləyim, kimə
"bağışla" deyim?
Tanrıyamı üz tutum?
Yenə
yalan söyləyim...
Ona böyük
deməyçün "bağışlayansan"
deyim?
ehlərə, ahlarıma,
bütün günahlarıma
Tanrını şərik edim?
Bu yalançı sevgilər
Tanrıya gərəkdimi?
əgər özüm
özümü görməsəm,
anlamasam,
necə "bağışla"
deyim?
Tanrı bağışlayarmı özüm
bağışlamasam?
Gecələr
Qoy gecələr mənim olsun ağrılarıyla,
Yalanıyla, doğrusuyla, nağıllarıyla.
Gecələrim səhərimə açılan
qapı,
Gündüzlərin şirinliyi səhvi, günahı.
Gecələrim ürəyimə açılan
qapı,
Sevincimin gülüşüdür, dərdimin
ahı.
Gecələrim həm düşmənim,
həm həmdəmimdi,
Gecələrdə hər nə varsa yalnız mənimdi.
Mən gecələr özüm boyda dözüməm dözüm
Mən gecələr
hər kiməmsə,
özüməm özüm.
Sənə ana demişəm
Nə bir ovuc torpağın,
Nə daş-kəsəyin
olum, demirəm sənə Vətən.
Nə bir yaşıl budağın,
Nə gül-çiçəyin
olum, demirəm sənə Vətən.
Nə ayım-günəşimsən,
Nə odum-atəşimsən,
demirəm sənə,
Vətən.
Nə şöhrətim, şanımsan,
Nə ürəyim,
canımsan, demirəm
sənə, Vətən.
Səni
Ana bilmişəm,
Sənə Ana demişəm, Ana demişəm,
Vətən.
Cavab yaz, yaxşımı ?
Bilirəm, internet var, mobil
telefon, sms var,
dəb deyil məktublar.
Amma sən mənə məktub yaz.
Bir vərəq gətir,
qələm götür,
"əvvəla salam"
yaz,
sonra yaz ki, necəsən.
bir az da yaz özündən,
olub-bitəndən
Nə bilim, düz yan-yana necələri,
ürəyindən keçənləri
Necə
açırsan səhəri,
bir də gecələri yaz, gecələri...
Gözləyəcəm illər öncəki kimi.
Yadındamı bir-birimizə
çoxlu
məktub yazardıq...
Sonra anlamadım nə oldu,
çünki hər şey anlamsız oldu.
Amma mən
oxuyuram hərdən,
hərdən hər gün məktublarını,
Bir də cavab yazmadığım
son məktubunu.
Bilirəm məktubun cavabsız
qaldı
və bütün həyatım o məktuba
yazmadığım
cavab oldu.
Amma sən cavab yaz,
yaxşımı?
hər sözdə görəcəm baxışını...
əllərini hiss edəcəm,
bir az da kövrələcəm...
O məktubu yüz dəfə,
min dəfə
oxuyacam,
gözlərimə
sıxacam...
O məktubu bilirsən necə əzizləyəcəm?
Cavab yaz, yaxşımı?
Mən gözləyəcəm.
Bir də...
Bir də yenə sonda yaz:
Cavab gözləyirəm....
Səssizlik
Səssizlik
sığmaz əllərimə,
Gözlərimə sığmaz ki...
Səssizlik sığmaz ürəyimə...
İnamın yoxluğuna,
ümidin ölümünə
sığar səssizlik...
Mənimlə doğulan qadın
Mənimlə bir qadın doğuldu,
mənimlə doğulan
qadının
adını mən verdim - "ana" dedim.
Böyüdüm, çox adlar yaşadım,
bu addan gözəlin görmədim.
***
Böyüdüm...
bu dünyaya sığmadım.
Dünya
böyüməliydi, ya
mən kiçilməliydim,
Heç
birisi olmadı...
Səadət
Dedin ki, nə
qədər çətin olsa da,
Unuda bilmirəm,
bilmərəm səni.
Ayrılıq qorxutmur çətin
olsa da,
Bircə unudulmaq qorxudur məni.
Unuda
bilmirsən!
Xoşbəxtsən necə!
Kimsə həyan olub duyğularına.
Unuda bilmirsən, demək hər gecə
Kimsə sirdaş olur yuxularına.
Unuda
bilmirsən! Səadətə bax,
Gör necə
gücsüzmüş, acizmiş
hicran.
Xoşdur
uzaq olub unudulmamaq,
Yaxın ola-ola unudulmaqdan.
Kəmalə ABİYEVA
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.25.