Açığını deyim də… sosial şəbəkədən
bir neçə ay əvvəl tanış
olduğum bu cavan oğlanın şəxsi qutuma yazdığı mesajlara ciddi yanaşmırdım,
amma təkidlə yazdığını görəndə
diqqətimi çəkdi.
İlk göndərdiyi şeirləri
bəyənmədim və
elə belə də yazdım. Sonra özü haqqında məlumat verdi və
elə kəskin yazdığım üçün
pərt oldum. İntiqam Canla virtual dostluğumuz davam etdi, məsləhətlərimi
ciddi qəbul etdiyini, öz üzərində çalışdığını,
göndərdiyim yazıları
diqqətlə oxuyub mənimlə müzakirə
etdiyini görəndə
sevindim. Yazışmalarımızda
müraciət formamız
belə idi, mən ona hər
dəfə İntiqam
can yazırdım və
beləcə təkilif
etdim ki, ədəbi təxəllüsü
də İntiqam Can olsun.
İntiqam Can (Hüseynov) Göygöldə
yaşayır, 27 yaşı
var və düz 20 ildir əlil arabasına məhkumdur. Başqa nə deyim… Başqa nə demək lazımdırsa, İntiqam Can bu şeirində özü deyib. Mənsə məmnuniyyətlə gənc
və istedadlı dostumu “Ədəbiyyat qəzeti”nin dəyərli oxucularına
təqdim edirəm. Dostum İntiqam Cana isə uğurlar və məhkum olunduğu həyatda səbr diləyirəm.
Əyyub Qiyas
93-dən 2001-ə
ayaqlarımı qoyub gəldim.
Yaddaşımdan çıxmayan bir
gün,
Həkimlərə deyəcək
bir-iki söz,
vəssalam…
Başqa
nəyim vardı ki,
gətirəm özümlə?!
Ürəyimin yarasına məlhəm,
Yazmaq istədiyim sətirlər,
Məclislərdə
əlimə ala bilmədiyim
qədəhlər…
Ayaqlarımla bir yerdə
itirdiyim ümidlər…
Elə bu qədər.
Geri boylananda küçələri
gördüm –
Ayaq izlərimin xatirəsini
yaşadan küçələri.
Yuxarı
baxanda
Allahı
gördüm…
Bir də Onun yadından çıxdığım gecələri.
Uşaqlıq şəkillərimi gördüm –
ayaqlarım üstə
dura bildiyim günlərin şahidləri…
Hər dəfə Allahla danışmaq istəyəndə
ayaqlarım kəsir
qarşımı.
Əlimdə qara yazan qələmim,
Mənə baxıb
çarəsizliklə başını
bulayan
həkimin qəmli
gözləri,
və bir də…
Məni
unutduğu gecələrdə
bir an unutmadığım Allahdan
göydəki ulduzun
işığı
boyda balaca bir istək…
Nə olar, icazə ver alnımdakı yazını
öz qələmimlə
yazım, Allahım.
Onuz da qara yazır sənin qələmintək.
16.03.2021
İntiqam CAN
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.21.