Bədii mətnin möhtəşəm tənhalığı
Üçüncü
Yazı
1
Kitab elə bir şeydir ki, haçan, hansı istəklə
rəfdən götürüb açsan məhz sənə
lazım olan yerdən açılacaq. Heç kəsin
kəşfi deyil bu, hamının bildiyi ancaq
danışmadığı bir həqiqətdir. Və bu təkcə dini kitablara aid deyil, bəlkə
onlarla heç əlaqəsi olmayan bir nəsnədir.
Ən müasir kitab belə qədimlərdən gəlir,
ən ultra-müasir təşbehlərlə süslənmiş
şeir, poeziya mətni belə, qədimlərin lap
başlanğıcından süzülüb gəlir,
dünya sonsuz və fasiləsiz prosesdir, burda
qırıqlıq, arakəsmə, dəhliz, kulis adlı maneələr
yoxdur. Ona
görə bu tipli şeiri, bədii mətni oxumaq hər təsadüfdə
düz alınmır, tuş gəlmir, sən onu yalnız qədim
adam olaraq düzgün oxuya bilərsən.
Və bu şəkildə oxuyanda birdən hiss edərsən
ki, qədim dünyada sənin dilində danışılan
sözləri hiss edirsən, sinədən açılmayan fəryadı
ürəyində duyursan, belədə şeir, yaxud
hansısa mətn səni öz dərinliyinə çəkir,
ordan bu dünyaya qayıdana qədər çox şeyi
unudursan, yenə öz "dilində" danışır,
yenə gözlərinlə gördüyünü oxuyursan.
Ətraf, düz-dünya obrazı olmayan insanlarla
doludursa, necə nəfəs almalı?
Ən düzgün oxu variantı tənhalıqdan, təklikdən
gəlir. Bədii mətn səndən bu atmosferə köklənməyi
istəyir.
Şeiri,
bədii mətni yuxarıda dediyimiz "qədim adam" kimi oxumaq hansı anlama gəlir? Klassik dünya poeziyasında buna dəqiq işarələr
var. Məsələn, Hafizdə.
Təkliyini
belə tez təslim etmə,
Qoy daha dərinlərə
işləsin,
Kəsib-doğrasın,
Dağıtsın,
Səni
yedirib-doyursun
Əslində,
bu, hər kəsə
nəsib
olmayan ilahi təamdır...
Tənhalığın
əlindən tut, buraxma, - yəni bu barədə ilahi təam
mərtəbəsində düşünmək qəribədir.
Şairin sözlərinə görə, onunla təmas
səni mütləq dəyişdirir, yumşaldır, həm
də sənə güc verir, başqalarına xüsusi həssaslıqla
yanaşmaya təhrik edir.
Bu barədə fərqli mövqedən vaxtilə Borxes də
yazmışdı (Sənə tənhalığımı,
zülmətimi, ürəyimin aclığını verə
bilərəm, ancaq bununla yaşaya bilərsənmi, bu təhlükə
və məğlubiyyətlə?).
Belə
bir şeir də var:
Haçansa
yarı güldüm, yarı mən,
Görünmürdüm,
yoxluğum güzgülərdə
yaşardı,
O
görünməyən gül ki var... içimdə
qalıb
həmişə,
Kor kimi əlləriylə
gəzib itik düşəni,
Susub
qalıb ömürlük,
adına
yorğunluq deyək, üzücü...
Haçansa
yarı qarğı, yarı səsdim,
İçimdəki
mağaradan
çıxıb
söz olmaq istəyirdim,
Həmişə,
Həmişə
gözlərimi axan çaya zilləyib,
Başımı
yana əyib,
Böyrü
üstə uzanıb,
Baxır,
baxır, susurdum...
Hə, nə
vaxtsa yarı yara, yarı ahdım
Bir
zamanlar nə o oldum, nə də bu,
Alovdum, su
içində
Dərya
kənarı - qəlbin tufanında
Sonuncu əksimi
geyinib çıxıb getdim
Qəlbim
damcı-damcı axdı qaranlığın təkinə
Yorğun,
arğın, sustalmış... oturdum,
Gördüyüm
yuxunun sahilində
Qan
laxtası...
Müəllif - Elis Osvald. 1966-cı ildə
doğulub, Britaniya şairidir. 2002-ci ildə
Tomas Sternz Eliot mükafatını alıb. Onun bu fikri elə yuxarıdakı şeirinin "tənhalıq
dərsini" də anlamağa təkan verə bilər.
"...Şair
olmaq bacardığın qədər yaxşı insan olmaq
kimi ciddi, uzun vaxt tələb eləyən və təbii bir
prosesdir. Nəyisə ifadə
etmək heç də yüksək təhsilin olmasına,
yaxud poetik formaları beş barmağın kimi bilməyə
dəlalət eləməz, bu, sadəcə, diqqət yönəltməkdir
nəyəsə və orada ilişib qalmaq...".
Bir də, içimdəki mağaradan çıxıb
söz olmaq...
2
Dünyaya
yenidən gəlmək, yenidən qayıtmaq və
bütün bunların insanın
yaşayıb-öldüyü, yaxud
ölüb-yaşadığı dünyayla bir başqa dillə
bəhsləşməsini şərtləndirir, insan
dünyanı anlamaqdan, dünyanın, bu sonsuz və mürəkkəb
aləmin, strukturun onu anlamasını istəyir, bu istək
baş tutmadıqca bir də dünyadan gedir, bir də
dünyaya gəlir, dünya bir struktur kimi onun tanrıyla
görüş yerinə çevrilir. Şeirin
arxetipik düşüncə tərzi onun içindəki
ehtirasın mətnin sərhədlərindən kənara
adlamasını tələb edir. Mən artıq bir dəfə
bu barədə yazmışam, 10-15 il bundan əvvəl
"Zamanı ötən şeirlər sorağında"
(1996) adlı bir yazı qələmə almışdım və
onu Aydın Məmmədovun xatirəsinə həsr
etmişdim. Bunun özü təsadüfi
deyildi. Aydın Məmmədovun müasir ədəbi
proseslə bağlı yazdığı bir məqalə
"Zamanla səsləşən şeirlər
sorağında" adlanırdı. Bu
fikirdəydim ki, şeir zamanla səsləşə bilməz,
onunla bəhsləşə və onu ötə bilər.
Bu iki yazı arasında bir yuxu gördüm, yuxuda Aydın Məmmədov
stolun üstünə bir şeir qoydu, o şeirdən bu
misralar yadımda qaldı:
Sənə
bir söz deyəcəm,
Gözün dolandan sonra.
...Sənə
bir söz deyəcəm,
Hamı öləndən sonra.
Ramiz Rövşənin "Tabut" şeirindəki əbədi
qovğa, həyatla ölüm arasındakı
çarpışmalar Ramizin başqa şeirlərində də
ifadə olunub.
Bu tipli şeirlərdə obrazın
özünün formalaşma prosesi spesifik və son dərəcə
orijinaldır. Belə ki, obrazın içindəki
bütün artıq elementlər son hüceyrəsinə qədər
sıxılıb atılır, obraz strukturu son nöqtəsinə
qədər sıxılır ki, ordan açılan dünya
hər elementi və hüceyrəsi ilə bizə
doğmadan-doğma olsun, adının çəkilməsi ilə
bizi həyəcanlandırsın, həyatın nə qədər
məsuliyyətli, ölümün nə qədər
doğma olması fikri adi həqiqət kimi
aşılansın. Həyatdan qopmağın
ağırlığı və çətinliyi elə
obrazların vasitəsilə verilir ki, ölümü də,
həyatı da bütün qəlbinlə sevirsən,
özünkü bilirsən, hissiyatın bu elementlər üzərində
köklənir.
Bu şeirdə dünyanın ən məşum məqamlarını
qəribə nağıl sehrinə bürüyür,
nağıl - belə demək olarsa, insanı xilas eləyən
janrlardandır. Nağıl, əslində, yuxu
janrıdır. Nağıllarda göydən
üç sehrli almanın düşməsi, insanı
doğmalıq, məhrəmlik və sehr adlı
duyğuların düyünlənən yerində saxlamaq
strategiyası insana böyük sevginin, tanrıya
tapınmağın yoludur. Bu yol ölümdən də
nağıl kimi keçir, bu nağıl üstündə
uşaqlığın bizdən qopan hissələrinin
"yaddaşını" bərpa edir, məhz bu üsulun,
Ramiz Rövşən şeirində dövr edən
yaddaşın gücünə ölüm (insan) ağacdan
meyvə kimi dərilir, torpağın üstünə
düşür, bu cazibə sahəsini aşmaq, qırmaq,
qarşısını almaq mümkünsüz olduğundan
bizə ancaq bu qəribə nağıla qulaq kəsilmək
qalır. Bu mənada Ramizin şeirlərində (ölümlə
bağlı şeirlərində) ağ-qara rənglərin
bir-birinə keçidi, hər ikisinin bir canda birləşib
yolu ayrılıqda keçmələri, ümumiyyətlə,
insan duyğusunun adi güzəranda açılmayan
qatlarının aşkarda yox, bir anlığa, anın insan
üzünə görünməyən qəlpəsinin bətnində
çözülməsi, səsin pıçıltı tərkibində
əslində, bu dünyada baş verməyənlərin ani
görünməsi, süzüb keçməsi, insanı qəribə,
izaholunmaz duyğuların əlində buraxması
yaddaşın qəribə xüsusiyyətləri ilə
bağlıdır.
Bu şeirdə ölümün təşrif gətirməsi
sakral bir ayin kimi qeydə alınır, ölüm gələn
kimi, zamanların bir-birinə qarışması həm də,
necə deyərlər, zamanların birindən digərinə
keçidi də ehtiva edir. "Yuxu janrının"
xüsusiyyətlərinə uyğun olaraq, ölümlə
zamanların qapısı ağzına yetişən insan bir
az əvvəl qonaq olduğu gerçəklikdən
uzaqlaşdıqca bu məmləkətin torpaqlarından bir də
keçir, sükutun içində qəribə dünyalar kəşf
edilir, "yuxuda" gördüyün yerlər ilğıma
çevrilir, yuxuda bir az əvvəl olduğumuz
reallığın tərs üzü yaşanılır, bu məmləkətdə
insan əvvəlcə ölür (susur...), sonra dünyaya gəlir,
hər şey yaşadığın ömrü xatırlatsa
da, gözünü yuxudan aça bilmirsən, bu arxetipik
düşüncə tərzi özündə əvvəldən
axıra və əksinə sonsuz qayıdış və
dönmələri ehtiva edir, bu eynən nağıl
strukturundakı bir-birinə keçən, dünyanın o
üz-bu üzünü güzgü kimi göstərən təkrarları
xatırladır. Şeirdə bu təkrarlar
aşıb-daşan sellərin hər dəfə uc-uca
calanıb yeni təbəddülatlar doğurmasını
andırır. Dünyanın o baş-bu başında
şahə qalxan sellər toqquşanda (insan qəbirə
qoyulan kimi) hər şey qaçılmaz şəkildə əvvələ
qayıdır, insan təzədən dil açır,
böyüyür, bir də ölür, bir də dirilir və
beləcə sonsuza qədər... Həyatın,
gerçəkliyin bu şəkildə qavranılması və
ifadə edilməsi şeirin dilini yeni çalarlarla zənginləşdirir,
dilin dərinlik ölçüsü bütün parametrləri
ilə görünür, dərinlik artıqca predmetlərin mətn
daxilində bir-birlərinə çevrilmələri
qarşısıalınmaz stixiyaya çevrilir, Ramizin
poetikasında polifoniya bu şeirdə xüsusi modusda
reallaşır.
Hələ
çiyinlərdə gedir tabutun,
Qəbrinin
ağzı da açıqdır hələ.
Gözləyir
o qəbrin dilsiz sükutu;
Sənin sükut payın nə
çoxdu hələ!..
Ən
rahat, qorxusuz yoldasan indi,
Dünyanın ən təmiz,
ağ donundasan.
Bircə
Allah bilir, hardasan indi;
Ömrün əvvəlində,
ya sonundasan.
Sən
indi yumsan da gözünü, -
Bəlkə
O sönən
ağlınla nəsə qanırsan.
Beşikdə
bilirsən özünü bəlkə,
Astaca-astaca yırğalanırsan.
Bəlkə
sən deyilsən tabutda gedən,
Bəlkə doğrudan da, körpə uşaqsan.
Tabutun qəbrinə
çatana qədər
Təzədən böyüyüb dil açacaqsan.
Hamı
quruyacaq getdiyi yerdə,
Sən axı
onlara nə deyəcəksən?!
Bəlkə,
bu dünyayla bir ayrı dildə
Danışıb-dərdləşmək
istəyəcəksən.
Heç
kəs qanmayacaq dilini onda,
Danışıb-danışıb
yorulacaqsan.
Təzədən
çatacaq ölümün onda,
Təzədən
tabuta qoyulacaqsan.
Sus daha!.. susmağı öyrən
bu başdan,
Bəxtinə
yazılıb bu sükut axı.
Nəyinə
lazımdı: hansı ağacdan
Kəsilib-düzəlib
bu tabut axı?!
Gedər əsə-əsə
bu qara tabut,
Qorxma, səni
yolda salıb-itirməz.
Yüz il bar gətirsə bu qara tabut,
Bir də səndən
gözəl meyvə bitirməz.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.20.