Yellənən bayrağam Xudafərində…

 

Quru can

 

Məni çox atıblar vətən, sulara,

Mənim az olmayıb qurudanım da.

Sənin sulu canım qurbanın olub,

Sənə qurban olsun quru canım da!

 

Mənə çox dedilər, qoru canını,

Allahım, quru ad, quru san qalıb.

Yaxşı ki, itirib sulu canını,

Bəndən də...

məndən də quru can qalıb!

 

Könlüm oxuyanda öz nəğməsini,

Oxumur candərdi... oxuyur candan!

İndi quru canım daha güclüdür,

Çox sulu bədəndən, çox sulu candan!

 

Taleyim çox nahaq güldürdü məni,

Yanıb gur tiyanım kül edəcəkdir.

Bu sulu bədənim öldürdü məni,

Bir gün quru canım dirildəcəkdir.

 

Başına dönərəm quru canımın,

Yolum bir...

Sanıram var, min yolum var!

Canım qurtarıbdı "qəpik-quruş"dan,

Mənim də varım var...

var, milyonum var!

 

Hərə bir cür sökür yarı canımı,

Gur axır... zor axır ömür çeşməsi.

Yüz yerə bölmüşəm quru canımı,

Özümə heçcə nə düşmür, düşməsin!

 

Ömür köhlənini çılpaq çaparam,

Darılma qocalıb yorulmağımdan.

Gəl, Ölüm, sənə də bir şey taparam

Bir şey tapıb verrəm quru canımdan!

 

Aşiqlər yolu

 

"Eşq olsun Eşqinə!"

 

                    Həllac Mənsur

 

İnsan yer üzünə gətirilməyib,

Sadəcə, yeməkdən-içməkdən ötrü.

Leylilər, Məcnunlar yaradılıbmış,

"Eşq olsun Eşqinə!" deməkdən ötrü!

 

O Sözdür! "Sevirəm" sözü nədisə,

Hər sözü sevirmi, ürək deyirmi?

Şimşəyin çaxışı, suyun axışı

"Eşq olsun Eşqinə!" demək deyilmi?!

 

Çatan səadətə öz murazını,

Ancaq Allah eşqi sayıb da çatdı.

Günəş də doğanda o Eşqdən doğdu,

"Eşq olsun Eşqinə!" deyib də batdı.

 

O donuz otaran aşiq gör hanı?

Gül üstə çilənib...

eşqi ətirdi.

Yəməndən Tiflisə Şeyx Sənanı

"Eşq olsun Eşqinə!" eşqi gətirdi.

 

Aşiq nəzəriylə bax, hər ölümə,

Aşiqlik eyləmək mənim də haqqım.

Mən Əsli külünə, Kərəm külünə

"Eşq olsun Eşqinə!" eşqiylə baxdım. 

 

Həllac Mənsur çıxdı Dar ağacına,

"Eşq olsun Eşqinə"

Sözündən çıxıb.

Elə bildilər ki, asilik edir,

Elə bildilər ki, özündən çıxıb!

 

Qoymayır heç zaman darda qalmağa,

Aşiq olanları axtarıb tapır.

Xızır peyğəmbər də öz Boz atını

"Eşq olsun Eşqinə!" eşqiylə çapır.

 

Nədən "Aya-çaya" boylanmalıyam,

Nə təhər yaşamaq... neyləmək üçün?

Mən də bilirəm ki, doğulubmuşam,

"Eşq olsun Eşqinə!" söyləmək üçün!

 

Dili yaraşığa bir söz mindirir,

Məncə, başqa sözlər bəzək-düzəkmiş.

Bəlkə də mənası yaradılışın

"Eşq olsun Eşqinə!" sözü deməkmiş?!

 

Məndədir xəzinə, inci də məndə,

O müqəddəs Eşqə minnətdaram mən,

Bu mətə-qiymətə mindiyim üçün.

Yəqin ki, bir eşq də inciməz məndən,

"Eşq olsun Eşqinə!" dediyim üçün?!

 

Səni yaxşı-yaxşı tanıya bilib,

Tanrım, gərəyincə sevib öləydim.

Kəlmeyi-şəhadət deyirmiş kimi,

"Eşq olsun Eşqinə!" deyib öləydim!

 

Elə bil, dünyanın dili tutulmuş,

Deyimmi nə üçün?

Bu nə sus-pusmuş?!

Qoca Kainat da bircə yol dinmiş,

"Eşq olsun Eşqinə!"

demiş və susmuş!?

 

***

 

Kəsdim, vaxtında kəsdim,

Getdim, sözün üstünü.

Qoymadım nadan kəssin,

Getsin, sözün üstünü!

 

Düşməz dərdə analıq,

Yanmaz mərdə analıq,

Nə vaxt örtər analıq,

Yetim sözün üstünü!?

 

Başlamışdı soyuqlar...

Dedim, birdən soyuqlar,

Üstünü açmışdılar,

Örtdüm sözün üstünü!

 

Qonşu

 

Uzaqda deyiləm, haraya getsəm,

Mən Kəbə evinə qonşuluqdayam.

Yerimi deyirəm, axtarıb etsən,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Dünyamı dağılar atıb şübhəni,

Ərən bilsən məni, Ər bilsən məni!

Nə təhər olur ki, görmürsən məni,

Mən Kəbə evinə qonşuluqdayam.

 

Bir bağı görmədən görüb baxıram,

Bir gülü dərmədən dərib qoxuram.

Kəbəyə girmədən girib çıxıram,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Göyün yeddi qatı, beş qatındayam,

Yerdə bənövşənin başaltındayam,

Odur, Şuşadayam, Daşaltıdayam,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Bir ovuc torpağam, köküm dərində,

Qılıncam, orağam əkin yerində.

Yellənən bayrağam Xudafərində,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Mən elə Orduyam, elə Ordayam,

Obaya Orduyam, Elə Orduyam,

Allah harda deyir, elə Ordayam,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Gəzsən Həllac kimi Mənsur tapılmaz,

Bir kəsin belə bir şansı tapılmaz.

Şair yox, Barattək qonşu tapılmaz,

Mən Kəbə evinə qonşuluqdayam!

 

Quş yuvası

 

Sanki əl-ayağım yerdən üzülüb,

Havada yatıram, xəbərin olsun.

Quşlar köçən gündən boş qoymamışam,

Yuvada yatıram, xəbərin olsun!

 

Elə bil tikibmiş quş məndən ötrü,

Bir özündən ötrü, beş məndən ötrü.

Gəl, narahat olma heç məndən ötrü,

Harada yatıram, xəbərin olsun!

 

Bu nə gözəl yuva, bu nə gözəl yurd,

"Kaş mənim olaydı!" demirmi Boz qurd.

Arada dünyadan göz-qulaq olur,

Arada yatıram, xəbərin olsun!

 

Ürəyim dözməyib boş yuvasına,

Çıxıb baş qoymuşam quş yuvasına.

Elə bil, çıxmışam Bəzz qalasına,

Qalada yatıram, xəbərin olsun!

 

Hər vaxt belə olsun kaş örtüm mənim,

Üstümü açmayır, qış örtür mənim,

Elə bil, üstümü quş örtür mənim,

Belədə yatıram, xəbərin olsun!

 

Sən mənə demə ki, gəl əl çək yazdan,

Bil ki, quşlar gəlsə, gələcək yaz da!

Bir quş oyadacaq gələcək yazda,

Hələ də yatıram, xəbərin olsun!

 

Barat, gəlib dərdli dərdlini tapır,

Tapanda mənimtək dərd kimi tapır?

Böyrünə ehtiyat çır-çırpı atır,

Sonra da yatıram, xəbərin olsun!

 

Qapının ağzı

 

O qapı ağzında dayanmışam mən,

Hamı keçəcəyi... hamının olan.

Allahın lütfüylə göylərdən enən,

Aqilin, cahilin, kamilin olan!

 

Kimlərsə hay salır, kimlərsə qorxur,

Nə qəfil sel, nə də daşqındı gələn.

Taybatay açılıb bu qapı vallah,

Elə ki, görübdü Eşqimdi gələn!

 

Hamıya yetməzmi... yetərmi, deyim,

Lazımdı bizlərə... lazımdı, dursun.

Vallah, hər kişinin hünəri deyil,

Duranda qapının ağzında dursun!

 

Tutub məndən ötrü baxıb görürəm,

Bir əlində dəftər, birində qələm.

Ölüb bu qapıya qayıdacağam,

Gəlib bu qapıdan getməyəcəyəm!

 

Çəkir qapılarla hesabı, bəlkə,

Nəyə lazım deyil bu qapı, azı...

Mənim həyatımdı bu qapı, bəlkə,

Mənim ömrüm-günüm, bu qapı ağzı!?

 

Sanki yaranmışam mən bundan ötrü,

Öz dilim içində tapım ağzımı!

Hamı yığılmırsa gəlib başına,

Neynirəm mən belə qapı ağzını?

 

Gözəldi, bir söhbət yox qapılara,

Varlığı varlıqmı

min-min qapının?

Çox qapı deyirlər çox qapılara,

Amma ağzı deyil həmin qapının!

 

Nə dedin, mən bircə baxışla qandım,

"Hamı günahkardı... yazıqdı, keçsin,"

Axı Allah özü bağışlayandı,

Bu qapı, bu da ki,

ağzıdı, keçsin!

 

Qapı belə olar - qapının ağzı,

Olsa Füzulinin, Caminin olan.

O qapı ağzında dayanmışam mən,

Hamı keçəcəyi... hamının olan!

 

Sözüm söznən tutur

 

Yarandım qəm çəkim Füzuli kimi,

Mən yaranmamışam kef-damaq üçün.

Bir əlimdə qələm, o birindəsə,

Daş vardır, şeytanı daşlamaq üçün!

 

Mənim sözüm tutur həmişə sözlə,

Çünki gözləşmişəm bir qaragözlə.

Haqdan iznliyəm, daim üzlə,

Xoş sözə-söhbətə başlamaq üçün!

 

Həyat amansızdı, həyat ağrılı,

Ağıldımı Eşqə dönməsə ağlım?

Özümün haqqım var, Barat çağrılım,

Sözümün haqqı var yaşamaq üçün!

 

Barat VÜSAL

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.19.