Əsəd bəy -Çəmənzəminli - Qurban Səid diskursu:

həqiqətin gerçək üzü

 

IV məqalə

 

"Əli və Nino" müəllifliyi; sirr pərdəsi götürülür

 

Dünyanı fəth edən milli bədii düşüncəmizin ən yaxşı nümunələrindən biri "Əli və Nino" romanı vətənində hələ də boynubükük dolaşır; nədən ki, əsərin müəllifliyinə aid iddialar bitmir, roman ətrafında müəlliflik məsələsində qəsdən, ya bilərəkdən dolaşıqlıq yaradılır. Əslində hər şey ortadadır, ancaq yenə də kimlərsə (daha çox debütant çəmənzəminlişünaslar!?) daim bu mövzunu qabardır, əsərin gerçək müəllifinə şübhələr yaradır, əsası olmayan fikirlər, mülahizələr irəli sürürlər. Nəticə ondan ibarət olur ki, dünyanı dolaşan bu əsərlə bağlı fikirlərimiz dünya ədəbiyyatşünaslığı ilə ziddiyyət təşkil edir, ədəbi-nəzəri prinsipləri özündə ehtiva etmir, özümüzün olan bir əsəri müəyyən səbəblərdən bir qədər də yadlaşdırır, özümüzdən kənara atırıq. Ötən yüzilliyin son onilliyində ədəbi dövriyyəyə daxil olan əsər haqqında mənasız mübahisələr aparır, əlahəzrət faktlara göz yumaraq siyasi, korporativ maraqlar çərçivəsindən yanaşırıq. Romanın özü müxtəlif problemlər baxımından elmi, nəzəri cəhətdən təhlilə cəlb edilməli olduğu halda, bir-birini təkrarlayan, mətləbə dəxli olmayan ehtimallar və nəticəsiz müzakirələrlə işi dalana dirəyirik. Romanın təhlili isə bir kənarda qalıb. Kiçik istisnalarla bu gün "Əli və Nino" romanını müxtəlif problemlər baxımından təhlilinə rast gəlinmir. Roman haqqında yazılanlarla, müəllif şəxsiyyəti barədə yazılanlar bir-birinə tərs mütənasibdir. Romanın mahiyyəti, obrazları, süjet xətti, bir sözlə poetikası və strukturu ilə bağlı ədəbiyyatşünaslığımızda, demək olar, araşdırılma aparılmayıb, müəllifliyi ilə bağlı isə nə qədər desən yazılıb. Halbuki, "Əli və Nino" romanı mühacirət ədəbiyyatının ən yaxşı əsəri kimi ədəbiyyat tariximizdə özünəməxsus yer tutur və buna görə də, ədəbiyyatşünaslığın araşdırma dövriyyəsinə daxil olmalı, bədii mətn kimi təhlil edilməlidir. Buna qədər ədəbiyyatşünaslığımız hətta qədim ədəbiyyat tariximizin ən müşkül problemlərini üzə çıxarmağa, həqiqəti faktlarla sübut etməyə nail olsa da, bu məsələdə qətiyyət ortaya qoya bilmir. Əslində müəyyən nəticələr də var, sadəcə problemə elmi prinsiplərdən yanaşmaq və nəticəni qarşı tərəfin qəbul etməsi gərəkir. Bu yanaşma elmi düşüncənin də xeyrinə olar, mənasız və nəticəsiz mübahisələrə son qoyular. O zaman "Qurban Səid" adı ilə dərc edilən əsərlər elmi araşdırma dövriyyəsinə daxil olar. Ancaq romanın müəllifliyində yekdillik olmadığından onun araşdırılması da çətinləşir, burada psixoloji aspektlərin də rolu az olmur.

Əvvəlcə, əsərin yazılması tarixinə nəzər yetirək. Hər hansı bir əlyazmanın tarixini araşdırmaq üçün nəzəri prinsiplər işə salmaq lazım gəlir. Əgər mətndə yazılma tarixinə aid hər hansı bir detal, işarə varsa, əsərin tarixi onunla müəyyənləşir. Lakin burada əlyazma yoxdur, əlyazmanı əvəz edən bədii mətndə də buna aid heç bir detala rast gəlinmir. Belədə əsərin yazılma tarixini təxmini müəyyənləşdirmək lazım gəlir. Y.V.Çəmənzəminli tərəfdarları bu məsələdə iki yerə ayrılırlar; bir tərəf iddia edir ki, əsər 1923-1926-cı illərdə, yəni yazıçının Fransada mühacirətdə olduğu illərdə yazılmışdır. B.Bleyer isə bu fikirdədir ki, əsər Türkiyədə olduğu zaman, yəni 1923-cü ilə qədər yazılmışdır: "Lakin onun bu roman üzərində daha əvvəl (Fransaya gəlməzdən əvvəl nəzərdə tutulur-B.Ə.) işlədiyi daha məntiqəuyğundur. Bolşeviklər hakimiyyəti ələ alan zaman 1920-ci ildə Vəzirov İstanbulda səfir kimi fəaliyyət göstərirdi. O, işsiz, məvacibsiz və ən əsası isə vətənsiz bir vəziyyətdə qalmışdı. Bu zaman İstanbul kitabxanalarında tədqiqat aparmağa, işləməyə vaxtı daha çox ola bilərdi" (AZərbaycan İnterneşnl, 2011, s. 54). Tədqiqatçının fikrincə, "məktəb və universitet illərindən bəri canfəşanlıqla Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan (?-B.Ə.) Çəmənzəminli üçün, bolşevik işğalı dəhşətli psixoloji partlayış olmalı idi... Biz əminik ki, Çəmənzəminli "Əli və Nino" üzərində işin əhəmiyyətli hissəsini 1920-1923-cü illərdə tamamlamışdır" (Azərbaycan Interneşnl, 2011, s. 54). Tədqiqatçı fikrini belə əsaslandırır ki, bu əsəri yazmaq üçün İstanbulda Çəmənzəminlinin maddi vəziyyəti daha yaxşı (halbuki vəziyyəti yaxşı deyldi!) ola bilərdi və Parisə nisbətən dil və mədəniyyətlə tanışlığı baxımından o, burada daha asan fəaliyyət göstərə bilərdi.

B.Bleyerin (biz B.Bleyerə ona görə çox müraciət edirik ki, bu məsələyə sonuncu konseptual münasibətdir, həm də Azərbaycanda aparılan bütün tədqiqatları cəmləşdirərək öz adından vermişdir (!?)) bu iddiaları nə dərəcədə həqiqəti əks etdirir? Birincisi, Azərbaycanda bolşeviklər hakimiyyətə gələn kimi, ədəbiyyatşünas K.Məmmədoğun yazdığına görə, Y.Vəzir İstanbulda təhsil alan azərbaycanlı tələbələri səfirliyin binasına yığıb vəzifəsinin artıq bitdiyini, həmin vəzifədən istefa verdiyini elan edir, hətta vizit vərəqindəki "səfir" sözünün əvvəlinə bir "sabiq" kəlməsi də ("sabiq səfir") yazır: "Öz qərarı barədə ölkənin xarici işlər nazirliyinə məlumat verən ədib, eyni zamanda öz istefasını Batumdakı sovet konsulluğuna da bildirir və onu da yazır ki, bundan sonra nə edim? Lakin heç bir cavab almadıqda o, Sovet Azərbaycanının Türkiyədəki xarici ticarət nümayəndəsi Cavanşirə (Azərbaycan Sovet Respublikasının naziri Cavanşir Behbudov nəzərdə tutulur-B.Ə.) müraciət etməli olur. O zaman S.M.Kirov tərəfindən Cavanşirə göstəriş verilmiş ki, İstanbulda olan azərbaycanlıları işlə təmin etsin" (K.Məmmədov. Yusif Vəzir Çəmənzəminli. B., Elm, 1981, s. 77-78). Cavanşir Behbudov həmin göstəriş əsasında Y.Vəziri də işə düzəldəcəyinə söz verir. Lakin Cavanşirin İstanbulda qəflətən erməni terroristi Aşot Torlakyan tərəfindən öldürülməsi Y.Vəzirin də vəziyyətini çətinləşdirir. Yəni İstanbulda Y.Vəzir bu illərdə maddi vəziyyəti heç də yaxşı deyildi.

İkincisi, Y.Vəzir doğrudur ki, bu illərdə İstanbulda kitabxanalarda işləmişdir. Lakin Y.Vəzirin İstanbul kitabxanasında oxuduğu və qeydlər götürdüyü kitablar, Azərbaycanın tarixinə aid olmuş, az sonra nəticəsi də ortaya çıxmışdır. Bu araşdırmaların nəticəsi kimi, "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri yazılmış və 1921-ci ildə İstanbulda nəşr edilmişdir. "Əli və Nino", yaxud "Xalicdən gələn qız" romanları üçün kitabxanaya getməyə heç bir ehtiyac yox idi. Çünki "Əli və Nino" tarixi roman deyil. Çox təəssüf ki, çoxları "Əli və Nino"nu tarixi roman hesab edir. Halbuki "Qurban Səid" adı ilə dərc edilən hər iki əsər müasir romandır; buradakı bəzi tarixi şəxsiyyətlərin adının çəkilməsi, yaxud həmin dövrün hadisələrinin təsviri çoxlarında tarixi roman təsəvvürü yaradır. Lakin "Əli və Nino" 30-cu illərin ortalarında yazıldığından cəmi on beş il əvvəli, yəni müasiri olduğu hadisələri təsvir etmişdir. Buradakı obrazlar, hadisələrin tarixi xronologiyası, əsərin süjet xəttini təşkil etmədiyindən ona tarixi roman adını vermək düzgün olmazdı. Tarixi romanın özünün nəzəri prinsipləri vardır ki, bu prinsipləri romanda görmürük. Başqa tərəfdən, müasiri olduğu hadisələrin təsviri üçün Y.Vəzirin İstanbul kitabxanasına getməsinə heç bir səbəb yox idi. Ən əsası Y.Vəzir əgər bu illərdə əsəri yaşmışdısa, nədən Türkiyədə çap etdirməmişdir? Əgər bu əsərləri bu zaman yazmış olsaydı, hökmən heç olmazsa, bir hissəsini dərc etdirərdi. Bunun üçün yaxşı imkan da var idi, roman ən azından Avropada olduğu kimi olmasa da, müəyyən səs-küy yarada bilərdi. Bu illərdə əsər Y.Vəzirin əlində hazır olsaydı, mütləq şəkildə mətbuata da sızmış olardı, gündəliklərində öz əksini tapardı. Xüsusilə "Xalicdən gələn qız" romanı Türkiyədə böyük səs-küy yarada bilərdi. Lakin bu baş verməyib. Ümumiyyətlə, Y.Vəzirin İstanbulda olduğu dövrdə hər hansı bədii əsər, hətta hekayə yazması bizə məlum deyil. "Əli və Nino" və "Xalicdən gələn qız" kimi romanlarının yazılması sıradan bir şey deyil, ədəbi hadisə olmaqla yanaşı, müəyyən fiziki çəkiyə malikdir. Beləliklə, Y.Vəzirin bu əsərləri 1920-1923-cü illərdə yazması fikri özünü doğrultmur.

Y.Vəzir tərəfdarlarının bir qrupu isə bu əsərin Fransada yazıldığını iddia edirlər. Biz də istərdik ki, heç olmazsa, bu iki əsərin yazılış tarixi bu dövrə düşsün. Lakin hər hansı bir əsərin yazılmasının bir proses olduğu və müəyyən vaxt, zaman tələb etdiyi də məlumdur. Yenə də Y.Vəzirin təxminən üç ilə yaxın bir dövrdə burada olması bu əsərlərin yazılması ehtimalını doğura bilər. Əsəd bəyin yazı, əsər üzərində işləmə sürəti də bunu göstərir ki, üç ilə bu iki əsəri yazmaq mümkündür. Lakin bunun üçün mənəvi psixoloji amil olmalıdır. Y.Vəzirin isə Fransaya getməsindən Azərbaycana qayıtmasına qədər günləri çox gərgin keçmişdir. Qalmağa yeri olmadığından bir müddət qardaşı Mirinin yanında qalır, maddi çətinliklər çəkir. Mirinin xəstəlikdən sağalması üçün çox çabalar göstərir. Üç ilə yaxın Parisin yaxınlığındakı Klişi şəhərində zavodda qara fəhlə işləyir. Artıq bu zaman o, Müsavat partiyasından da çıxmış, onun ideallarından uzaqlaşmışdı. Hətta bu zaman Klişi şəhər partiya katibi onunla görüşərək "Fransa kommunistləri ilə birgə çalışmağı təklif etmişdi" (K.Məmmədov, 1981, s. 81). Y.Vəzir özü Klişidə keçən fəhlə həyatı haqqında yazırdı: "Bu proletar həyatı mənim üçün bir məktəb oldu. Bütün köhnə düşüncələrimi məndə oyanmış yeni şüur sahəsində keçirdim. Kapitalizm əsiri olan işçilərlə boyunduruq yoldaşı olaraq dünyaya başqa nəzərlə baxmağa başladım" (Əlyazm, İnst, arx. 26, q-12 (253). Lakin o, Klişidəki fəhləlik həyatından da uzaqlaşdırılır, zavod fəhlələrinin tətilində iştirak etdiyinə görə işdən çıxarılır və bir müddət işsiz qalır.

Y.Vəzir hər iki əsəri Fransada yaza bilərdimi? Təəssüf ki, bu suala "hə" cavabını vermək mümkün deyildir. Bunun bir neçə səbəbi var; birincisi, burada işsiz olduğu zaman Paris kitabxanasına getmiş, buradakı Azərbaycan tarixi, folkloru və etnoqrafiyasına aid çoxlu mənbələrlə tanış olmuş və qeydlər götürmüşdür. İkincisi, Fransa həyatı, demək olar, Y.Vəzirin ən aydın və üzdə olan, görünən dövrüdür. Yəni buradakı bütün sənədlər, onun arxivində qorunub saxlanılır. Yazıçının arxivində Parisdə işlədiyi dövrün sənədləri saxlanılır; onu polisə çağırış arayışı, zavodla müqavilə və s. Hətta qardaşı Miriyə aid olan sənədlər belə onun arxivində yer alır. Üçüncüsü, Y.Vəzir işsiz olduğu zaman bir müddət kommunist partiyasının orqanı olan "Paris xəbərləri" qəzetində müxbirlik etmiş, yazıları dərc edilmişdir. Özü də bu yazılar "Şərq məktubları" başlığı altında çap olunurdu, yəni Əsəd bəyin Berlində göğrdüyü işü müəyyən mənada Parisdə görürdü. Əgər "Əli və Nino" əsəri İstanbulda, ya da Fransada yazılmış olsaydı həmin başlıq altında bir və ya bir neçə fəsil dərc etdirə bilməzdimi? Bəlkə də Əsəd bəyin Berlin oxucuları arasında qazandığı rəğbəti burada qazanardı. Dördüncüsü, Y.Vəzirin İstanbulda yazdığı "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri 1922-ci ildə Parisdə fransız dilində nəşr edilmişdir (Bax: Y.Veziroff. Un conp d`oeil la literature de I`Azerbaidjan, Paris, 1922). Hər halda hər hansı bir kitabın nəşri müəyyən vaxt və hazırlıq deməkdir. Belə bir hazırlıq olduğundan "Azərbaycan ədəbiyyatına bir nəzər" əsəri Y.Vəzir hələ İstanbulda ikən tərcümə edilərək Parisdə çap olunub. Elə isə, "Əli və Nino" romanı İstanbulda, ya Fransada yazılmışsa, onun iki yerdə dərci mümkün ola bilərdi: həm İstanbulda, həm də Fransada. Lakin Y.Vəzir əsərlərin burada çapına "səy göstərməmiş" və Avstriyada təsadüfi, tanımadığı bir nəşriyyata "həvalə etmişdir" (?). Beşincisi, bu əsərlər Y.Vəzir tərəfindən yazılmış olsaydı, Fransa sənədləri içərisində hər hansı bir qeyd mütləq şəkildə öz əksini tapardı. Altıncısı, Y.Vəzirin arxivində Fransa kitabxanalarında işlədiyi vaxtlarda götürdüyü qeydləri fransız dilindədir. Onun arxivində fransız dilində iki ümumi dəftər saxlanılır. Bu dəftərlərdən biri 115 (arx. 26, q-14 (303), digəri isə 102 (arx.26, q-14 (304) vərəqdir. Yəni yazıçı fransız dilini bildiyi halda nədən bu iki əsəri fransızca Fransada deyil, tanımadığı Vyanada, bilmədiyi alman dilində nəşr etdirməyi "qərara alırdı". Y.Vəzirin İstanbul və Fransa həyatında bu əsərlərin izlərinə rast gəlmirik. Yeddincisi, Y.Vəzirin bu dövrə qədər heç bir romanı çap olunmamışdı, necə deyərlər, roman təcrübəsi yox idi. Çəmənzəminlişünaslar bu faktı təkzib etmək üçün "Günah" romanını göstərirlər. Lakin 1914-cü ildə yazdığı bu hissə yalnız romanın müəyyən cizgiləri idi, əlyazma şəklində idi, çap olunmamışdı. Sonralar bu roman yenidən işlənilərək 1931-ci ildə "Studentlər" adı altında çap olundu. Səkkizinci, haqqında danışdığımız hər iki roman bir Avropa roman modelidir, Azərbaycan yox. Y.Vəzirin mühacirətdən qayıtdıqdan sonra yazdığı romanlarda isə həmin modeli görmürük.

Yenə də Y.Vəzir tərədarlarının ehtimallarına inanaraq bu əsərləri onun hesab edək; o zaman belə bir suala cavab axtarmalı oluruq: bu əsəri Y.Vəzir hansı dildə yazmışdır? Bu çox mühüm məsələdir və əsərin kimə məxsusluğunu həll edən ən vacib faktordur. Çəmənzəminlişünasların hamısı bu fikirdədir ki, "Əli və Nino" romanı (nədənsə ancaq bu əsərdən söhbət gedir, lakin iddiada "Xalicdən gələn qız" əsəri də vardır; bu barədə sonrakı məqalələrdə-B.Ə.) Azərbaycan dilində yazılıb. İlk dəfə olaraq tərcüməçi S.Yazıçıoğlunun "Ön söz"ündə bu fikir ortaya atılır: "Əli və Nino"nun original olaraq azəri türkcəsilə yazıldığı şübhəsizdir. Sonradan Yusif Vəzir bu əsəri bir alman dostunun köməyilə almanca yazır. Sonradan bu əsərin almancasını Avstriyanın mərkəzi Vyana şəhərində bir nəşriyyata təqdim edirlər" (Kurban Seid. Ali ile Nino. İstanbul, 1971, s. 5). Tərcüməçinin bu fikri hansı arqumentlərə görə söyləməsini müəyyənləşdirmək çətindir. Çəmənzəminlişünasların bu variantdan başqa çıxış yolu yoxdur, çünki Y.Vəzir alman dilini bilmirdi. Hərçənd burada suallar yaranır. Əgər bu əsərlər Azərbaycanca yazılıbsa, bir alman dostunun köməyi ilə almancaya necə tərcümə edilib? Alman Azərbaycan dilini bilmir, Y.Vəzir də alman dilini?! Əgər bu iki əsərin tərcüməçisi varsa, nəşriyyat qaydalarına uyğun olaraq tərcüməçinin adını vermək nəşriyyatın borcu idi. O zaman əsərin iki əlyazması olmalı idi: azərbaycan və alman dillərində. Necə olur ki, hər iki əlyazmadan əsər-əlamət qalmır. Başqa bir sual isə bundan ibarətdir ki, Y.Vəzir Fransada yaşadığı, fransız dilini bildiyi və Parisdə "Azərbaycan ədəbiyyatına bir nəzər" kitabını nəşr etdiyi halda, nədən bu əsərləri Avstriyada çap etdirmək qərarına gəlir. Elə Fransada yaşadığı müddətdə Parisdə çap etdirib yüksək qonarar ala bilməzdimi? Və ya Bakıya dönərkən bu əsərlərini çox yaxşı tanıdığı və həmyerlisi olan mühacir Ceyhun Hacıbəyliyə verə bilməzdimi?

S.Yazıçıoğlunun Çəmənzəminli versiyası 1971-ci ildə əsərin türk dilinə ilk tərcüməsi zamanı ortaya çıxmışdır. Bəlkə də ilk versiya kimi ağıla batan idi; yazıçı Y.Vəzirin həyatı ilə bağlı bütün detalları bilmirdi və buna görə də Amerikada yaşayan M.Türkəqul və Y.Qəhrəmanın sözlərinə istinad edirdi. Amerikalı bu azərbaycanlıların da burada başqa məqsədi olmamışdır; təsəvvürlərindəki adı demişlər. Doğrudan da, əgər mühacirətdə "Qurban Səid" adı altında bir azərbaycanlı olmamışdısa (o zaman araşdırmalar bu qədər dəriniyi ilə aparılmamışdı!), üç il mühacirətdə yaşayan Y.Vəzir ağıla gələ bilərdi, bizim yazıçılardan başqa kimsə Avropada mühacirətdə olmamışdı. Lakin aradan keçən zamanda hər şey dəyişmiş, yeni araşdırmalar ortaya çıxmışdır. Bu araşdırmalar nəticəsində əsərin gerçək müəllifi haqqında çoxlu sənədlər üzə çıxmışdır. Bundan sonra da əsərin Azərbaycan dilində yazıldığını S.Yazıçıoğlu kimi, kiməsə əsaslanıb demək, mövcud faktlara və elmi qənaətlərə kəllə vurmaqdan başqa bir şey deyil. Əgər əlyazmaya ikinci bir iddiaçı olmasaydı, bəlkə də bu yazılanlara inanmaq olardı, ancaq hər şey sənədlərlə, mənbələrlə təsdiq olunmalıdır.

Aradan keçən əlli il sonra da çəmənzəminlişünaslar bu versiyanın üzərində dayanırlar; görünür, ona görə ki, ehtiyatda başqa versiya qalmır. B.Bleyer əlyazmanın azərbaycanca olduğuna əmindir, lakin əlyazmanın necə yoxa çıxmasına cavab verə bilmir. Təkcə onu yazır ki, "1926-cı ildə Bakıya qayıtdığı zaman bolşeviklərə qarşı olan əlyazmanı özü ilə gətirməyin nə qədər təhlükəli olduğunu çox gözəl bilirdi" (Azərbaycan İnterneşnl, s. 93). Əlində Azərbaycanca əlyazma olmadığı halda, B.Bleyer belə bir fikir irəli sürür: "Fikrimizcə, tədqiqatçılar Çəmənzəminlinin yazdığına əmin olduğumuz orijinal əlyazma ilə Əsəd bəyin etdiyi dəyişikliklər (?-B.Bleyer başqa bir yerdə bu dəyişikliklər haqqında elə bir ehtimallar irəli sürür ki, bunu ancaq əldə əlyazma olduğu halda müqayisə etmək olar, başqa halda, bu, son dərəcə qeyri-ciddi və qeyri-elmi görünür-B.Ə.) yer alan son əlyazmanı (tədqiqatçı əldə olmayan iki əlyazmanı müqayisə edib nəticəyə gəlir-B.Ə.) bir-birindən ayırmalıdırlar. 1920-ci illərdə yaraşıqlı bir kişinin əlyazmaları Piter Tala verməsi haqda hekayə doğrudursa, bu iki əlyazmanın hər ikisi nə zamansa Talın əlində olub" (Azərbaycan İnterneşnl, s. 93). Göründüyü kimi, B.Bleyerin M.Türkəqul və Y.Qəhrəman nağılına inanmaqdan başqa bir əlacı qalmır. Ortada isə heç bir fakt yoxdur...

Əsərin Azərbaycan dilində yazıldığını sübut edibmişlər kimi, üstəlik Əsəd bəyin bu dili bilmədiyini və belə bir əsər yaza bilməyəcəyini də iddia edirlər. Yəni bir yanlış iddianı ortaya atıb, ikinci yanlışı sübut etməyə çalışırlar. Halbuki əsərin Azərbaycan dilində yazıldığını sübut etmək üçün əldə orijinal əlyazma və tərcümənin əlyazması olması lazımdır. Bu ikisi olmadıqda isə, çəmənzəminlişünaslar gərək əsərin tərcümə olduğunu elmi prinsiplərlə sübut edələr. Belə bir araşdırma isə hələ ki, yoxdur. Araşdırma olmasa da, əsərin tərcümə olmasını iddia edənlər gərək bir neçə məsələyə aydınlıq gətirsinlər. 20-ci illərdə (və ya 30-cu illərdə) Azərbaycan dilindən alman dilinə tərcümə edən hər hansı bir peşəkar tərcüməçi olmuşdurmu? Olmuşdusa, nə üçün öz adını bu romanlara tərcüməçi kimi əlavə etməmişdir? Həmin tərcüməçinin başqa hansı tərcümələri vardır?

İnanmıram ki, çəmənzəminlişünaslar belə bir tərcüməçi kimi Əsəd bəyin adını çəkələr. Çünki onların yazdığına görə, Əsəd bəy heç Azərbaycan dilini də bilmirdi. Elə isə, bu əsərlərin tərcüməsinin Əsəd bəyə aid olması istisna olunur. Bəs onda kim tərcümə etmişdir? Təxminən yüz il əvvəl F.Bodenşdetdin M.Şəfini tərcümə etməsi məlumdur. Bəs niyə bu iki romanın tərcüməçisi aydın deyil. Bu əsərlərin tərcümə olunduğunu iddia edənlər, gərək tərcümə nəzəriyyəsinin prinsipi ilə hərəkət edələr. Gərək orijinalla adekvatlılığını müqayisə edələr, müəyyən ziddiyyətləri üzə çıxaralar, mətnin məzmunun alman dili vasitəsilə adekvat verilməsi imkanlarını ortaya qoyalar. Xüsusilə, burada semantik ekvivalentlik, sabit və ideomatik söz birləşmələrinin tərcüməsi məsələsi təhlil edilə. Çünki tərcümədə bütün hallarda, semantik ekvivalentliyin kompetent alt səviyyəsi struktur transformasiyalarına uğrayır və məzmunla bağlı məna çalarları dəyişməz qaldığı halda, ifadənin formal strukturu mütləq dəyişikliyə uğrayır. Bu iki əsərin tərcüməsi, hər şeydən əvvəl, böyük tərcüməçi işidir; bu əsərlərin kim tərəfindən, harda, nə zaman tərcüməsi məsələsinə çəmənzəminlişünasların cavab verməsi imkansızdır, ehtimallar isə elmdə qəbul olunmur.

"Əli və Nino" və "Xalicdən gələn qız" əsərlərinin yazılma dili ilə bağlı ikinci variant alman dilində yazılmasıdır. Bu fikrin tərəfdarları çox doğru olaraq Əsəd bəyi bu əsərlərin müəllifi hesab edirlər. Mənim on il əvvəlki məqalə və monoqrafiyalarımda bu bu barədə yazılıb. Hər halda, hər iki əsərin əlyazmasının əldə olmadığı və əsərlərin ilk nəşrinin alman dilində olması bunu deməyə əsas verir. Mən də bu fikri müdafiə edərkən müəyyən faktlara əsaslanmışam. Bu faktlardan biri Almaniyada yaşayan milliyyətcə alman olan Əhməd Şmidenin gəldiyi qənaətdir. Ə.Şmide məşhur türkoloq idi, bütün ömrünü türk ədəbiyyatının araşdırılmasına həsr etmişdi. 70-ci illərdə "Əli və Nino" romanını S.Yazıçıoğlunun tərcüməsində oxumuş və ön sözündəki fikirləri ilə tanış olmuşdu. Lakin bu görkəmli türkoloq əsər, onun dili və müəllifi ilə bağlı fikirlərinə istinad edərək heç cür tərcüməçinin fikri ilə razılaşa bilmir. Birincisi, tərcüməçinin əsərin dili ilə bağlı mülahizələri faktlarla təsdiq olunmur, yalnız mülahizə şəklində səslənirdi. İkincisi, Y.V.Çəmənzəminlinin əsərin müəllifi olaraq verilməsi Amerikada yaşayan mühacirlərə istinadən verilməsi Ə.Şmideyə inandırıcı görünməmişdi. O, əsərin yazıldığı dili və müəllifi haqqında A.Zamanova məktubunda yazırdı: "Yuxarıda gördüyümüz kimi, "Əli və Nino" adlı romanın almancaya və ya digər bəzi kimsələrin iddia etdiyi kimi ruscadan almancaya çevrilmiş olduğu irəli sürülməkdədir. Türkcə nəşrini oxuduqdan sonra almancanı ələ aldım. Özüm tərcüməçi, ana dilim almancadır. Almanca mətnin tərcümə deyil, bilavasitə telif olduğu mənə gün qədər aydın oldu (boyalar mənimdir-B.Ə.). Və üslubunun mənə yabançı olmadığını hiss edər kimi oldum. Buna rağmən, əsər yenə Yusif Vəzirin ola bilirdi. Onu həqiqətən bir alman dostunun köməyi ilə niyə yazmış olmasın da? Digər tərəfdən Türkəqul bir azəri orijinalının mütləq mövcud olması gərəkdiyindən danışırdı. Yaxşı bu orijinal haradadır? Münxendə kain alman nəşriyyat evi ilə təmas qurub orijinal müsveddenin aqibəti haqqında bir şeylər bilinib bilinmədiyini sordum. Oradakı ilgili şəxs mənə Türkəqul və Qəhrəman adlı azərbaycanlıların iddialarından xəbərdar olduğunu, eyni zamanda bir çox kimsələr tərəfindən romanın Lev Nissimbaum isimli, babası musəvi, anası da bir azəri müslüman qadını olan (o zaman valideynləri haqqında ətraflı araşdırılmalar aparılmamışdı-B.Ə.), Bakıda doğulmuş vefakat Oktyabr inqilabı zamanında Avropaya qaçmış və buralarda Əsəd bəy təxəllüsü altında bir sıra kitab müəllifi olan biri tərəfindən yazıldığına inanıldığını söylədi" (AMDƏİ arxivi, f. 526, s. 3, iş. 254, s.5).

Bu sətirləri Ə.Şmide 70-ci illərdə, hələ "Əli və Nino" romanı ətrafında mübahisələrin, müzakirələrin siyasiləşmədiyi, hətta belə deyərdim, Azərbaycan elmi ictimaiyyətinin (eləcə də, övladlarının!) qətiyyətlə Y.V.Çəmənzəminliyə aid etmədikləri bir vaxtda gəlinmiş obyektiv elmi həqiqətdir. Hər hansı bir mütəxəssisin, tərcüməçinin (burada Ə.Şmidenin!) doğma dilində nəşr edilən bir əsərin orijinal, yaxud tərcümə olmasını müəyyənləşdirməsi gərək o qədər də çətinlik törətməsin. Gərək oppomentlər də bu fikirlə qeyd-şərtsiz razılaşsın, mənasız mübahisələrə son qoysun. Ya da bu arqumentlərin qarşısına gərək çıxardığın faktlar, əlyazmalar olsun, daha əsassız ehtimallar, mülahizələr yox...

90-cı illərdə bu məsələ ətrafında söhbətin siyasiləşdiyi dönəmdə Azərbaycandan bununla bağlı yenə də Ə.Şmideyə çox müraciətlər olmuş, fikrindən döndərilməsi istənilmiş, ancaq heç nə onu elmi obyektivlikdən uzaqlaşdıra bilməmişdir. Bu məsələ ilə bağlı professor G.Höpp də bir mütəxəssis kimi ona müraciət etmişdir. Ə.Şmide G.Höppə 18 iyun 2001-ci il tarixli məktubunda yenidən bu məsələyə toxunaraq bir neçə il əvvəl (90-cı illəri nəzərdə tutur-B.Ə.) məşğul olduğunu və sənədlərin çoxunu Dr. Tuluya verdiyini bildirirdi. Amma buna baxmayaraq, yenə də arxivindən bir-iki yazılı sənəd tapdığını prof. Höppün diqqətinə çatdırır. O, yazır: "Məsələn, Xanım Elfride Erenfelsin öz əli ilə verdiyi yazılı sığorta kağızı (bu sənədi əvvəlki məqalədə vermişik-B.Ə.). Burada yazılır ki, o, (yəni E.Erenfels-B.Ə.) Əsəd bəylə (Qurban Səid) bərabər onun "Altunsaç" ("Xalicdən gələn qız" romanını bu cür də tərcümə edirlər-B.Ə.) romanı üzərində birlikdə çalışmışlar və Elfride Erenfels Əsəd bəyin diktə etdiyi romanı makinada yığmışdır. Bu vəziyyət mənim üçün ona görə çox əhəmiyyətli görünür ki, "Qurban Səid" təxəllüsünün arxasında həmçinin "Əli və Nino" romanının azərbaycanlı yazıçı Y.V.Çəmənzəminlinin olması haqda iddialar da ortaya çıxmışdır" (Atəşi, 2009, s. 155).

Məktubunun sonunda Ə.Şmide Azərbaycanda Ş.Cəmşidovun "Sirlər açılır..." kitabının nəşrinin təntənə ilə bayram edildiyinə diqqət çəkərək "Doğrusu, bəzi saxtakarları məhv eləmək mümkün deyil",-deyə sərt şəkildə buna etiraz edirdi.

Ə.Şmide prof. G.Höppə 5 avqust 2001-ci il tarixli məktubunda yenə də bu əsərlər ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edirdi: "Mən Azərbaycandakı "Ədəbiyyat qəzeti"nin redaksiyasına məktubla müraciət etdim və "Əli və Nino"nun müəllifliyi haqqında öz fikirlərimi bildirdim. Nəhayət ki, "Qurban Səid" təxəllüsünün sirri aşkara çıxarılmışdır. Yuxarıdakı məktubdan göründüyü kimi, Əsəd bəy "Qurban Səid" təxəllüsü ilə xanım Elfride Erenfelslə birlikdə "Altunsaç" romanını nəşr etdiribsə, "Qurban Səid" təxəllüsü yazılmış olan "Əli və Nino" romanında müəllif kimi Y.V.Çəmənzəminliyə yer qala bilərmi? Mənim bu sualıma indiyə qədər cavab verilmir və məktublarım dərc edilmir. Başqa vaxt isə az qala hər bir öskürəyimi, boğaz arıtlamamı belə dünyanın məşhur bir müdrikinin rəyi kimi dərhal dərc etmələri mənim onsuz da tez-tez əsəblərimə toxunur. Bu ideya (əsərin Çəmənzəminliyə aid edilməsi fikri nəzərdə tutulur-B.Ə.) Azərbaycan ədəbiyyatının zənginləşməsi üçün cazibəli görünür, amma bir Allah bilir ki, bu, belə macəralı çoxaltmaya möhtac deyildir" (Atəşi, s. 157).

Maraqlıdır ki, Ə.Şmidenin "Əli və Nino" əsəri ilə bağlı 70-ci illərdə türk dilində yazdığı "Bir isnadın aqibəti" məqaləsi indiyədək A.Zamanovun fondunda öz çapını gözləyir. Bu günlərdə Almaniyadan mənə məktub yazan Hans-Yurgen Maurer bu məktubun çap olunmamasının nədənlərini araşdırır. Belə görünür ki, heç nə gizli qalmır, nə zamansa üzə çıxır.

"Əli və Nino" əsərinin kimə məxsus olmasını müəyyənləşdirmək üçün daha bir neçə faktor var. Bu faktorlardan biri romanın milli zəmində, yoxsa Avropa arealında yazılmasıdır. Romanın süjeti, hadisələrə baxış bucağı, qəhrəman konsepsiyası, milli məsələyə münasibət kimi məsələlərdə romanın əsl Avropa modeli olduğunu görürük. Çünki hər bir əsər yazıldığı zaman müraciət etdiyi auditoriya mütləq nəzərə alınır. Burada müəllif üzünü Azərbaycan oxucusuna deyil, Qərb oxucusuna tutur. Əvvəldən axıra qədər bədii süjetin mərkəzində Qərb-Şərq diskursu davam edir; bu, hər şeydən əvvəl, Qərb oxucusu üçün maraq oyadırdı. Elə Əli ilə Nino arasında olan sevgi münasibətlərinin inkişafı da bu diskursa xidmət edən amillərdəndir. Romanın lap başlanğıcında biz roman janrının Avropa modelinin şahidi oluruq. Yazıçı Bakıdakı rus imperator humanist gimnaziyasının üçüncü sinfində oxuyan şagirdlərin sayını qabardır: bunlar otuz nəfər müsəlman, dörd erməni, iki polyak, üç sektant və bir nəfər rusdan ibarət idi. Bu başlanğıc Avropanın etnik çoxmillətliliyə dözümlülüyünə görə verilir. Professor Saninin Qafqazdan bəhs edərkən onun Avropa, yoxsa Asiyaya aid edilməsi barədə sual verir: "Məsələn, bəzi alimlər Qafqaz dağlarının cənubundakı ərazini Avropaya daxil edirlər, başqaları isə belə fikirdədilər ki, bu ərazi də, xüsusilə mədəni cəhətdən inkişaf etdiyi üçün Avropaya aid edilməlidir. Balalarım! Şəhərimizin qabaqcıl Avropaya,yaxud geridə qalmış Asiyaya aid olduğunu müəyyən etmək sizin mövqeyinizdən asılıdır" ("Əli və Nino", 2006, s. 7). Professor Saninin romanın əvvəlində təklif etdiyi Avropa-Asiya diskursu müxtəlif komponentlərdə süjet xəttinin sonuna kimi davam edir və bir-birini izləyir. Burada bir məsələyə də nəzər yetirmək lazımdır. Azərbaycanda gimnaziyada heç zaman professor dərs deməmişdir. Çox güman ki, Əsəd bəy burada Berlində tamamladığı gimnaziyada dərs deyən professoru nəzərdə tutmuşdur. Əminəm ki, Əsəd bəyə 20-ci illərdə Berlində dərs deyən müəllimlər arasında professor Sanin adlı alim də olmuşdur. Çünki "Xalicdən gələn qız" adlı romanında adlarını çəkdiyi müəllimlər ona dərs demişlər. Bu da bir daha təsdiq edir ki, roman Avropada, daha dəqiq desək, Avstriyada yazılmış, müəllif Avropa dəyərlərini mənimsəmiş və bu dəyərlər kontekstindən çıxış etmişdir. Ən mühüm faktorlardan biri isə roman mətninin kulturoloji təhlilidir ki, bunu sonrakı məqaləyə saxlayırıq...

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.22-23.