Varislər
Yusif İLDIRIMZADƏ: «Yaxşı
yarananlar pis ola bilmir»
"Varislər"in budəfəki
qonağı onlarca maraqlı romanın, hekayənin,
oçerkin müəllifi, milli mətbuatımızın
unudulmaz veteranı, gözəl ağsaqqal, maraqlı nasir,
Əməkdar jurnalist, "Şöhrət" ordenli
yazıçı-publisist Əli İldırımoğlunun
varisi, hüquq üzrə fəlsəfə doktoru Yusif
İldırımzadədir.
1927-ci ilin soyuq noyabr günü Zəngəzur
qəzasında, Qubadlının Əliquluuşağı kəndində,
rəncbər İldırım kişinin ailəsində gəlib
dünyaya. Gözünü açıb ətrafında ancaq halallıq, düzlük, mərdlik, bir də əzəlimiz-sonumuz olan torpağa bağlılıq görüb. Onun yeniyetməliyi müharibə illərinə təsadüf edib. Az qala hər gün tanıdığı kiminsə qapısını "qara kağız"lı xəbər döyür, kiminsə evinin
çırağı sönürdü.
Çox gənc müəllim
Pedaqoji kadrlara ehtiyac olduğundan onu ikiillik müəllimlik kursuna göndərirlər və az sonra doğma Qubadlının kəndlərində müəllimlik etməyə başlayır.
Hələ yeniyetmə yaşlarından içindəki yazmaq ehtirasını hiss edir, şeirlər, məqalələr yazırdı. Bəlkə elə buna görə idi, onu rayon qəzetinə məsul katib təyin etdilər. Sonradan özünün "zorən jurnalistlik"
kimi qeyd etdiyi jurnalist fəaliyyəti ömür yolunun etibarlı yoldaşına çevrildi.
Maraqlı romanları,
hər birində real həyat təsvirləri olan hekayələri, oçerk və məqalələri ilə böyük sevgi qazanmış dəyərli ziyalı, unudulmaz ağsaqqal və sevilən yazıçı Əli İldırımoğlunun varisi Yusif İldırımzadə ilə onun evində görüşdük.
- Bu gün söhbət obyektimiz
unudulmaz ağsaqqal, yazıçı-publisist Əli
İldırımoğlu olacaq. Amma söhbətə onun doğulub-böyüdüyü Qubadlıdan başlamaq istəyirəm. Siz də Qubadlıda dünyaya gəlmisiniz, mümkünsə, işğaldan sonrakı azad günlərini yaşayan Qubadlı ilə bağlı xatirələrinizi bizimlə paylaşın.
- Söhbətə Qubadlıdan başlamaqla ürəyimdən xəbər verdiniz. Təşəkkür edirəm. Verdiyiniz sualla xatirələrimi təzələdiniz. Mən azərbaycanlıyam, amma Mirzə Cəlilə, Hüseyn Cavidə, Heydər Əliyevə görə həm də naxçıvanlıyam. M.F.Axundova, B.Vahabzadəyə görə şəkiliyəm. Həzi Aslanova görə lənkəranlıyam və bu siyahını çox uzatmaq olar. Amma mənim bir balaca vətənim var, onun adı Qubadlıdır. Bir az da dərinə getsək onun adı Əliquluuşağıdır.
Mən azərbaycanlıyam, amma...
Ailədə uşaqlardan bircə mən Qubadlıda, anamgilin kəndi Qədilidə doğulmuşam, qalan qardaş-bacılarım Naxçıvanda dünyaya gəliblər. Cəmi bir yaşıma qədər Qubadlıda olmuşam, atamın işi ilə əlaqədar uşaqlığım, yeniyetməliyim Naxçıvanda keçib. Hər il yay tətilində nənəm avtobusla Naxçıvana gəlir, məni qardaşımla birgə Qədiliyə aparırdı. Babam İldırım kişi Əliquluuşağından xəbər tutan kimi bacısı nəvəsi İnşallahla öz atını bizi gətirməyə göndərərdi. Bəzən də babam özü gəlirdi bizi aparmağa. Bizi ata mindirirdi, haradasa 7-8 kilometr yol gedirdik.
Özümüzü
çox xoşbəxt hiss edirdik. Bərgüşadın
dayaz yeri var, ona keçalat deyirlər. Bax
o keçalatı atla keçirdik. Ağlımız
kəsməyəndə bizə doğma olan yer Qədili idi,
amma yaşımız artdıqca hiss edirdik ki, ən
böyük sevgilərin, ən isti münasibətlərin məbədi
Əliquluuşağıdır. O sevgini
anlamadığımız vaxtlarda etdiyim bir səhvi hələ
də özümə bağışlamıram. Babam İldırım kişinin gözündən
yayınıb qaçdıq Qdiliyə. Babam
çox narahat olmuşdu bizim yoxa
çıxmağımıza. Babama
yaşatdığımız o narahatlığa görə
indi də çox peşmanam.
Əliquluuşağında tay-tuşumuz çox az idi, kənd çaydan uzaq olduğuna görə
darıxdırıcı gəlirdi bizə. Qədilidə
yaşıdlarımızla çaya çimməyə gedirdik,
oynayırdıq, vaxt keçirə bilirdik. Mənim təşəbbüsüm
idi, xəbərsiz-ətərsiz qardaşımla birgə Qədiliyə
qayıtmaq.
Onun rəncbər babası
Babam
İldırım kişi rəncbər
olub - torpağın akademiki. Əlləri qabarlı,
baxışları sərt, oturuşunu-duruşunu bilən
halal kişi. Ürəyində ancaq sevgi bəsləyən
kişi. Babam bizi tapanda
çox sevindi. Düzdür, bizə
heç nə demədi, amma mən payımı aldım.
Onun narahatlığını gördüm,
gözlərinin dərinliyində bizim onu bəyənməməyimizin
ağrısı var idi, mən o ağrıdan xəcalət
çəkdim. Həyəcanını
gördüm, sonra da sevincini gördüm, payımı
aldım. O hadisə məni daha çox bağladı
İldırım babama. Siz çox istədiyindən
nəvəsinin başını dişləyib öpən
neçə baba görmüsünüz?! (Kövrəlir.) Bilmirəm niyə,
babamı görəndə həmişə kövrəlirdim.
Böyüyəndən sonra uşaqlıq
günahlarımı yumaq üçün tez-tez ona baş
çəkirdim.
Adam nə
qədər zəhmət çəkər, nə qədər
işləyər və adam necə
yorulmaz, necə olar ki, bir dəfə yoruldum, bezdim deməz,
şükranlığını unutmaz. Yaxşı
bağ-bağatı, qapısında qoyun-quzusu,
malı-heyvanı vardı. Kimsə
soruşmuşdu ki, İldırım, sən niyə bu qədər
çox işləyirsən? Demişdi,
pul yığıram, Yusifə maşın alacağam.
O, pul yığırdı ki...
Universitetin üçüncü kursunda oxuyurdum. Babam yenə
atını göndərdi, İnşallah məni aldı
atın tərkinə, getdik Əliquluuşağına. Həmin gün babam nobatda idi. Həkərini
keçdik, Çay bağı deyilən yerə
çatdıq. Dərəlik idi. Babamı gördüm. Çox
vaxt qara paltarda gəzirdi. Səslədim onu: "Baba!
Baba!". Həmişə
bizi görəndə əllərini dizinə sürtə-sürtə
sevincini göstərirdi. Yenə elə elədi.
Həmin gecə onunla yatdım,
qucaqlaşdıq, yatdıq. Onun tər
qoxusunu əvəz edəcək ətir yoxdur dünyada mənim
üçün. Çölün-çəmənin
bütün çiçəklərinin ətri hopurdu onun
paltarlarına, özünə. Və o gecə
babamın canının ağrıdığını
yaxından hiss etdim. Beli ağrıyırdı.
O vaxt ailəmiz Ağdamda yaşayırdı. Vəziyyəmiz
yaxşı idi, amma atam nə qədər eləsə də,
babam Qubadlıdan köçüb, bizimlə yaşamağa
razı olmurdu. Ayrılmırdı
torpaqdan.
Kövşən ətirli tər
qoxusu
Yuxudan oyandım, gördüm həyətdə bir erməni
babamın sifarişi ilə palan tikir. Atam mənə cibxərcliyi
vermişdi. Yaxınlaşıb dedim, erməni, sən
babamın atının palanını yaxşı tik. Palanın pulunu da mən verdim. Hər
imkanda onun üçün nəsə eləmək istəyirdim.
- Əli
İldırımoğlu "Mənim rəncbər atam"da
o halal adamın, kövşən ətirli adamın
dünyasından yazıb dediniz. Bəs
sizin üçün həmin romanda yadda qalan maraqlı yer
hansıdır?
- O kitabda
maraqlı yerlər çoxdur, lap çox. Birini
deyim. Nabat qayıdır, babam görür
keçilərdən biri yoxdur. Bir
neçə gün keçir, yenə biri yoxa
çıxır. Beləcə, babamın
keçiləri itir. Babam məsələnin
izinə düşür. Bu hal beşinci dəfə
təkrar olanda şübhələndiyi adamın evinə
gedir, deyir, keçilərim itir. Adam: "Sən öl,
İldırım, mənim heç nədən xəbərim
yoxdur", - deyəndə, babam ona bir şillə vurur. Tövləyə girəndə həm təzə kəsilmiş
keçini görür, həm də itkin heyvanların dərisini.
Bu şillə, oğrunu cəzalandırmaqdan
çox, yalandan sən öl vurmağın cavabı idi.
Bir neçə gündən sonra sahə
müvəkkili məsələdən xəbər tutur, həmin
adamı aparıb izahat alır. Babama deyir ki,
İldırım kişi, hamı bilir ki,
sənin keçilərini bu adam oğurlayıb, ancaq o deyir
ki, İldırım dayı özü mənə beş
keçi bağışlayıb, inanmırsan get özündən
soruş. Gəl şikayət ərizəsi yaz,
adamı göndərim içəri. Babam təmkinini
pozmadan: "Düz deyir, mən vermişəm keçiləri,
sən niyə onu tutursan?" - cavab verir. Sahə müvəkkili nə qədər eləsə
də, babam sözünü dəyişmir.
Yalana görə şillə
...Qonşu
babamın atını istəyir, odun daşımağa. Babam verir. Qonşu
ehtiyatsızlıqdanmı, nədənmi yazıq heyvanı
çox yükləyir, atın beli sərpir. Yəni ondan daha at olmaz. Belə
heyvanların yaşaması zülümdür. Çox vaxt güllə ilə vurub
öldürübmüşlər. Nəsə,
qonşu üzürxahlıq edir, deyir gətirim danamı
verim, əvəzləşək. Babam onun
sözünü kəsir: "Mən atımı itirmişəm,
hələ ki qeyrətimi itirməmişəm", - cavab
verir. Çox təəssüf, bu gün "sən
öl" sözü də öz çəkisini itirib, o
cür kişilər də yoxdur. Ona
görə hər dəfə babamı xatırlayanda doluram.
Əli İldırımoğlu da onun oğlu
idi.
- Əli İldırımoğlu
orta məktəbi tez bitirib, iki aylıq kurs oxuyub və müəllimlik
etməyə başlayıb. Daha
sonra Ağdamda ikiillik müəllimlər institutunda təhsil
alıb. Mənim aləmimdə müəllimdən
böyük peşə yoxdur. Amma "zorən
jurnalist" deyirdi özü haqqında. Məncə,
tanınması, məşhurlaşması üçün məhz jurnalistikaya
minnətdar olmalıydı Əli müəllim...
- Onun
"Qarlı gecələr" romanı var, həmin romanda
atam müəllim işlədiyi dövrün xatirələrini
qələmə alıb. Deyərdim ki,
atamın yaradıcılığında göydəndüşmə
mövzu yoxdur. Hamısı səmimiyyətlə
yazılıb. O, Qubadlının bir neçə kəndində
müəllimlik edib, qısa zaman ərzində böyük
hörmət qazanıb. Təsəvvür edin,
cavan oğlan, hər gün işə getmək
üçün piyada kilometrlərlə yol qət edir. Sonra onu maarif şöbəsinə inspektor
götürüblər. Bunun ardınca
"Avanqard" qəzetinə məsul katib gedib, qısa
müddətdən sonra qəzetin redaktoru olub. Rayonun rəhbəri dəyişən kimi atama tələ
qurub, işindən uzaqlaşdırmaq istəyiblər. Prinsipial adam idi
axı. Gəlib Bakıya. O vaxt Nazirlər Soveti sədrinin
birinci müavini, rəhmətlik Möhbalı Əmiraslanov
idi, qohumluğumuz çatırdı onlara. Görüşüb,
vəziyyəti deyib. Möhbalı müəllim
çox hörmətli kişi olub. Milli jurnalistikamızın korifeylərindən
sayılan Nəsir İmanquliyevə zəng vurub. O vaxt Nəsir
müəllim "Kommunist" qəzetinin baş redaktoru idi.
Xahiş edib ki, Əli bizim uşaqdır, ona yanında bir
iş ver. Nəsir müəllim də atamı
Naxçıvan Muxtar Respublikasına xüsusi müxbir təyin
edib, 1954-cü ildə Naxçıvana
köçmüşük. O yerlərdə hamı atamın
prinsipiallığından, qətiyyətindən
danışırmış. Atam Stalini, Mir Cəfər
Bağırovu sevirdi... Xruşşova nifrət edirdi...
O, niyə Naxçıvana
köçdü?
- Onda belə çıxır ki,
Əli müəllim Hüseyn Cavidi, Müşfiqi və
sürgünə göndərilən günahsız
insanları sevməyib? Çünki həmin adamların qətlində,
sürgünə göndərilməsində birbaşa
günahkarlar Stalin və Bağırov olub axı...
- Yox, qətiyyən
elə deyil. Bu, ilk baxışdan elə
görünə bilər, amma atam bizə aid, azərbaycançılığa,
türkçülüyə aid bütün dəyərləri
də sevirdi axı. Onun
Stalin-Bağırov sevgisi qətiyyətli hakimiyyət,
güclü dövlət quruculuğu sevgisi idi. Stalini, Bağırovu şəxsiyyət kimi
müzakirə etmək olmaz, amma nəzərə almaq
lazımdır ki, böyük şəxsiyyətlərin həm
də böyük günahları olur.
- Siz namaz qılanda rəflərə
baxdım, kitablarını gördüm. Əli
müəllim zəngin yaradıcılıq irsi qoyub gedib.
Adam bir ömürdə çox şey yaza bilər, amma onu
jurnalistikaya, ədəbiyyata gətirən ilk yazısı
olur...
- Onun ilk
yazısı hansıdır, dəqiq cavab verə bilmərəm,
çünki o vaxt uşaq olmuşam. Amma birmənalı
olaraq deyə bilərəm ki, bu yazı Qubadlıda çap
olunan "Avanqard" qəzeti üçün
yazılıb. Yazıçı kimi ilk
böyük əsəri "Zorən jurnalist"
romanıdır. O vaxta qədər irili-xırdalı
hekayələr yazıb, amma "Zorən jurnalist" onun ilk
avtobioqrafik romanıdır. Atamın özünün çox
sevdiyi əsəri də "Zorən jurnalist"dir. Onun
"Közərən sətirlər" romanı əsasında
Ramiz Rövşən ssenari yazdı, Ramiz Həsənoğlu
film çəkdi. Yaxşı filmdir.
Atamın maraqlı dili var. Bu adam əsərlərində
unudulmuş sözlərə yeni həyat verirdi. Çox adam bilmir o sözlərin mənasını.
Unudulmuş sözləri yaşadan adam
Tənqidçi Bəsti Əlibəyli yazır ki, əksər
yazarlar əsərlərini 2-3 min sözlə yazırlar,
Əli İldırımoğlunun əsərlərində 30
min söz olur.
Bəzən deyirlər ki, filan
yazıçı uzun yazır və s. Amma bir şeyi
unudurlar, gərək adamın yazmağa sözü olsun da,
yaza bilsin. Doğrudur, dünya təzə formata
keçib, artıq Avropada V.Hüqo, Tolstoy, Düma kimi
yazıçıların əsərlərini qısaldıb
çap edirlər. Amma unutmaq olmaz, yaxşı
müəllif hər sözün qiymətini bilir və
sözlə oynayır, sözlə dünya qurur, sözlə
kiməsə həyat verir, kiminsə həyatına nöqtə
qoyur. Müəllifin sözünü kəsmək
bəlkə də, balasının başını kəsmək
kimi bir şeydir. İnternetdən uzun
yazıları oxuya bilmirəm, kitabı əlimdə hiss eləməliyəm.
Bəzən çox balaca kitabın necə ağır
olduğunu hiss edirəm. Bəzən qalın bir kitab quş
kimi yüngül olur...
Müəllifin sözünü kəsmək...
Atam heç kəsin qarşısında əyilmədi. Ömrü kitabların
arasında, daima fəaliyyətdə, iş başında
keçdi. Atamın bir devizi vardı: "İstedad + Zəhmət". Sovet dövründə
"Kommunist" qəzeti ilə hamı
hesablaşırdı və Əli İldırımoğlu
uzun illər bu qəzetin Naxçıvan üzrə bölgə
müxbiri işlədi. O öz imzasına hörmət
qoyan adam idi. Ona görə nə
yazırdısa ciddi qəbul edilirdi. Xalq
şairi Vahid Əziz deyirdi ki, rayonlarda "Kommunist" qəzetinə
Əli İldırımoğluna görə hörmət
edirdilər. Rayonlarda rəhbər vəzifələrdə
işləyənlər atamın qələmindən çəkinirdilər.
Prinsipial adam idi. Tərs
damarı tutdusa, heç kəs onu yola gətirə bilməzdi.
Ailədə
heç birimiz Əli İldırımoğlunun 5 faizi ola bilmərik. Mən 67
yaşımda belə onun yanında kiçik olmuşam.
Onu görəndə ayağa qalxmışam.
Özünə fikir verən adam idi. Səliqə-sahmanı həmişə yerində
olmalıydı. Evdə də pencək geyərdi,
oturardı pəncərə qarşısında saatlarla
bayıra baxardı. Onda bilirdim ki, pəncərədən
baxır, amma xəyalı başqa yerdədir.
- Avtobioqrafik əsərlər
çox yazılır, amma bəzən obrazları
şişirdirlər elə əsərlərdə. Onun rəncbər atası nə qədər
realdır?
- Əli İldırımoğlu öz rəncbər
atası ilə fəxr edirdi. Ağlımız kəsməyə
başladıqca biz onun öz atasına olan sevgisini, hörmətini
görür və əsl sevgini başa
düşürdük. Atam "Mənim rəncbər
atam" romanında təkcə öz atasının porterini
yaratmağa çalışmayıb. Onun əsas
mesajı ailə münasibətlərinin,
böyük-kiçik yeri bilməyin, halallığın,
düzlüyün, mərdliyin təsvirini real hadisələrin
fonunda verməkdir.
- Qubadlıya getməyi nə vaxta
planlaşdırmısınız?
-
Qubadlı mənə çox əzizdir. Allah
qoysa, yaxın vaxtlarda oranı ziyarət etməyə
hazırlaşıram. Babamın məzarını da
tapmışam... Hərdən mənə elə
gəlir ki, Qubadlıya getsəm babamı görərəm,
atamı görərəm. Atam
yazırdı ki, Qubadlının hər daşından, hər
qayasından atamı xəbər ala bilərsiniz, mənim rəncbər
atam həmişə o qayaların, o yerlərin ucalıq
yaddaşındadır.
Qonşu çörəyini yeməyən
adam
Babam İldırım kişi namaz qılmayıb, oruc tutmayıb, amma
ağzına araq da dəyməyib. Qonşudan gələn
çörəyi yeməyib. Onun ucadan
güldüyünü xatırlamıram, nə qədər
yorğun da olsa, ac da olsa, sakit, tələsmədən yeyirdi.
Arıq, qüvvətli, oturuşuna-duruşuna
fikir verən kişiydi. Ömrünün
son illərində atamın aldığı qaragül papaqla
gəzirdi həmişə.
- Yusif müəllim, evinizdəki
kitablar, masanızın üstündəki "Ədəbiyyat
qəzeti" nüsxələrindən elə başa
düşdüm ki, Əli müəllim sizə də ədəbiyyatı
sevdirə bilib. Bir də, siz namaz qılanda təsadüfən
baxdım, oxuduğunuz kitabların səhifələrində
qeydlərinizi, sətirlərin altından çəkilmiş
xətləri gördüm. Siz kitabları belə
oxuyursunuz?
- Hə,
mənim oxu tərzim belədir. Mütləq
qeydlərlə oxuyuram, maraqlı, diqqətimi çəkən
fikirləri yaddaşımda saxlamağa
çalışıram.
- Azan səsi eşidən kimi narahat
oldunuz. Həmişə vaxtında edirsiniz ibadətinizi?
- Əlbəttə, həmişə eləmək olmur,
amma çalışıram qaçırmayım. Həcc ziyarətində
idim 1993-cü ildə. Mədinədə
"Məscidül-nəbi"də namaz qılırdım.
Türkiyədə məşhur din adamı var
- Nəcməddin Nursaçan. Çox
savadlı, həm də hörmətli din xadimidir, mənim
ürəklə ziyarət etdiyimi görəndə
yaxınlaşıb bir qədər soyuq tərzdə xəbər
aldı ki, siz nə əcəb cavan yaşında gəlmisiniz
ziyarətə? Mən o müqəddəs
yerlərin tilsimində idim. Bilmirəm
hansı qüvvə mənə dedirtdi bu sözləri.
Dedim, xocam, mən nə istədim ki, Allah məndən əsirgədi?
Adamın gözləri doldu. Sonra dostlaşdıq.
"Nə istədim ki,
Allah onu əsirgədi?"
- Sizinlə telefonla danışanda
artıq kiminlə görüşə gəldiyimi yəqin elədim.
Bəzən insanlar özlərini ağıllı göstərmək
üçün ağıllı adamlardan eşitdiklərini
yadda saxlayır, yeri gələndə istifadə edirlər.
Görüşdük, altı cızılaraq oxunmuş sətirləri,
kitabları gördüm və əmin oldum ki, özümə
maraqlı həmsöhbət tapmışam. Uzun illər
prokurorluq orqanlarında çalışmısınız, bəs
bu sətirlərin altından xətt çəkməyə
vaxtı necə tapmısınız?
-
Beşinci sinifdə oxuyanda biz Ağdama köçdük. Naxçıvanda təhsil əla idi, Ağadama gələndə
qətiyyən çətinlik çəkmədim, əla
oxuyurdum, məktəbi qızıl medalla bitirdim. Anam ibtidai sinif müəllimi idi. Orta məktəbə gedənə qədər
artıq mənə yazıb-oxumağı öyrətmişdi.
Sinifdə darıxırdım, mənim bildiklərimi
uşaqlar təzə öyrənirdilər. Demək
olar, elə o vaxtdan macəra kitablarını oxumağa
başladım: "Robinzon Kruzo", "Ləpirçi",
"Kapitan Qrantın uşaqları" və s. Kitablarla
dostluğum ondan başladı. Naxçıvan
şəhər mərkəzi kitabxanası evimizin
yaxınlığında idi, abunə olunmuşdum,
kitabları həvəslə oxuyurdum. Sadəcə,
yaşa dolduqca oxuduğum kitabların maraq dairəsi dəyişdi.
4-cü sinifdə oxuyanda şeir yazırdım.
Orada bir yer var, mən "Bütün dünya
bilir bunu əzəldən..." yazmışdım, anam redaktə
elədi, dünyanı cahanla dəyişdi. Məktəbdə soruşdular, cahan nədir, bilmədim,
pərt oldum.
Ulu öndərin göstərdiyi
etimad
Ağdam məktəbində oxuyanda divar qəzetinin
redaktoru idim. İctimaiyyətçi idim. O vaxt hələ səsim
də vardı, ara-sıra mahnı da oxuyurdum. Ali
təhsil illərində də tələbə elmi cəmiyyətinin
üzvü olmuşam. Universiteti də fərqlənmə
ilə bitirdim. Sonra da Dövlət İdarəçilik
Akademiyasında ikinci ali təhsilimi
aldım. 1981-ci ildə 28 yaşım olanda ulu
öndərimiz Heydər Əliyev məni indiki Gəncə
şəhərinin Nizami rayonuna prokuror göndərdi. Bu, böyük etimad idi.
- "Məktub"
kitabınızı vərəqlədim, maraqlı
üslubdur, ana ilə danışmaq...
- (Gözləri dolur.) Ana ilə danışmaq... Bu gün də danışıram. Hər ikisi ilə danışıram. Valideyn övladın qibləsidir. Mən anamla bağlı çox şey deyə bilərəm,
amma yəqin, "Məktub"u oxuyarsız, orada hər
şey var. Mənim anam evimizdə işıq idi. O
öz varlığı ilə yaşadırdı bizi, nəfəsi
ilə isidirdi ailəmizi, sözləri ilə alırdı
ağrılarımızı, qayğımızı çəkə-çəkə
böyüdürdü bizi.
- Siz danışdıqca
ağlımdan bir fikir keçir: xaraktercə humanist adama
oxşayırsınız, məncə, prokuror olduğunuz
rayonda cinayətkarlar "kef çəkib"...
- Yox,
(gülümsəyir) narahat olmayın, cinayət varsa, mütləq
cəza da var, amma baxır cinayətə. Adamı
hər adi şeyə görə tutub həbsə göndərmək
də olmaz axı. Prokuror
sözünün latınca mənası himayədar deməkdir.
Bəli, çox olub təzə cinayət yoluna meyillənən,
təsir altına düşən biri ilə söhbət eləmişəm,
açığını deyim də, üstünə də
çığırmışam, danlamışam da, başa
salmağa çalışmışam və adam
peşman olub. Qayıdıb pis yoldan. Bundan
yaxşı nə ola bilər.
Zəifin tərəfində olmaq
Uşaq vaxtı Naxçıvanda həyətə
düşürdüm, görürdüm, iki-üç nəfər
düşüb birinin üstünə onu döyür,
bilmirdim günah kimdədir, amma təklənib döyülənin
köməyinə qaçırdım. Həmişə
də günahsızın, təklənmişin, köməksizin
tərəfini saxlamağa çalışdım.
- Telefonda danışanda tez-tez
deyirdiniz ki, mən Əli İldırımoğlu məktəbi
keçmişəm...
- Bəli,
mən dünyaya atamın gözü ilə baxmağa
çalışmışam. Həmişə
atama oxşamağa çalışmışam. Adam atasına oxşayar da. Bilirsiniz
nə mənada? İnsanlıq, səmimiyyət,
xeyirxahlıq mənasında. Doğru
olmaq, haqqı nahaqqa verməmək və s.
"Məni
döysəniz də, əymək ki çətin,
Düz bitən ağaclar əyilə bilmir.
Başa
düşmədiniz, bilmədiniz ki,
Yaxşı
yarananlar pis ola bilmir".
Bu mənim şeirimdir. Mən həyatımı
Əli İldırımoğlunun mənə nümunə
olan ömrünə layiq yaşamağa
çalışdım. Nə qədər nail oldum, onu
Allah bilir.
- Ürəyiniz xatirə dənizinə
oxşayır... Tez-tezmi tufan qopur o dənizdə?
- Xatirələr saf olanda yaşamaq
xoş olur. Tufan qopsa da, sakitləşsə də
xatirə özəldir. Sizə maraqlı
bir fakt deyim. Təsəvvür edirsiniz,
7-8-ci siniflərdə oxuyanda evdə "Ailə" adlı
divar qəzeti buraxırdım. Gündəlik
çıxırdı o "qəzet" .
Bizdə 4 alan evə gələ bilmirdi,
çünki tələb şkalası ən yüksək səviyyə
idi. Tutaq ki, bacım yemək yemirdi, onun karikaturasını
çəkirdim arıq, zəif... Olurdu da birdən
rübdə 4 alırdım fizikadan-zaddan. Anama
yalvarırdım ki, atama deməsin. Çünki
ailənin daxili məsələsinə məsul anam idi və
hər gün atama hesabat verirdi. Əgər
anam bizdən şikayət edirdisə, qanımız getdi.
Evdə uşaqlar arasında dalaşmaq, ucadan
danışmaq qadağan idi və bu tərbiyə bizi
formalaşdırırdı.
Xatirələr dənizi
- Əli müəllimi bir cümlə
ilə xarakterizə edin...
- Mən
onun kimi ata, onun kimi oğul, onun kimi ər, onun kimi ailə
başçısı görməmişəm.
- Ömrünün son günlərində
yanında kim vardı? Nə hiss edirdiniz,
doydumu həyatdan? Vəsiyyət etdimi?
- Atam bir
gün belə olsa, Qubadlısız yaşamadı. Hər gün xəyalən o doğma yerlərə
səyahət edirdi. Amma onun xəyalı mənim aləmimdə
mistik ölçüləri pozurdu, çünki hiss edirdim,
bu adam, sanki Bərgüşadın
sularında əllərini yuyur, əyilib hansısa bulaqdan su
içir. Köhnə kişilərdən kiminləsə
danışır və s. Amma onun xəyalının ən
böyük hissəsi İldırım kişi
ilə bağlı idi. Atam Qubadlının
işğaldan azad olunduğunu bildi. Bəlkə
də ona görə idi, son günlərində ruhən rahat
görünürdü.
"Kürd-Ovşarı" ilə
qapanan gözlər
Mən olmuşam onun son günlərində yanında. Yox, doymadı
həyatdan. Ölmək istəmirdi.
Vəsiyyətini lap əvvəldən eləmişdi,
demişdi mən öləndə başım üstə Fikrət
Əmirovun "Kürd-Ovşarı"
simfonik-muğamını səsləndirərsiniz. Dediyini elədik. "Bərgüşada
sözüm var" şeiri həm də onun vəsiyyətidir
elə.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.16-17.