"Ədəbiyyat qəzeti"nin bir
sayı haqqında düşündüklərim
Hörmətli Azər müəllim,
ədəbiyyatda özümü
dərk etməyə başladığım vaxtdan
hər sayını intizarla gözlədiyim sevimli qəzetimizin 6 mart
2021-ci il tarixli sayına görə sizə “minnətdaram” - demək azdır. Qəzetin bitmiş bir əsər təsiri bağışlayan, bədiilikdən
daha çox, ədəbiyyatşünaslıq elmi üstündə köklənən bu sayının qeyri-adi sanbalda çıxması,
həqiqətən, baş
redaktor kimi sizin böyük uğurunuzdur. Eyni zamanda bu uğurda
həmkarım, Nizami adına Ədəbiyyat
İnstitutunun şöbə
müdiri və "Ədəbiyyat qəzeti"nin
şöbə redaktoru,
filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın zəhmətini xüsusi vurğulamaq istəyirəm.
Yeri gəlmişkən,
ədəbiyyatşünas alimimizi Yeni Azərbaycan Partiyasının
VII qurultayında Partiyanın
İdarə Heyətinə
üzv seçilməsi
münasibətilə ürəkdən
təbrik edirəm. Elnarə xanım
buna layiqdir və Partiyanın etimadını doğruldacağına
şübhəm yoxdur.
Hörmətli Azər müəllim,
inanmıram ki, qəzetin bu sayını, adını
ədəbiyyatçı qoyan
elə bir adam tapılsın
ki, başdan-ayağa oxumasın. Professor Şirindil
Alışanlının təqdimatında
Yaşar Qarayevin "Haqq sözün və halal işin
təhlükəsizliyi keşiyində"
məqaləsi, qürbət
həyatı yaşayan,
qəlbi vətən eşqilə döyünən
Məmməd İsmayılın
şeirlər silsiləsi,
sizin "Kədər
şairi Rza Tofiq" məqaləniz, Elnarə Akimovanın
"Yaşar Qarayev - şəxsiyyət zamanı"
yazısı, Elçin
İsgəndərzadənin "Bir dünya Anar...", Rüstəm Kamalın "Sandıq",
Pərvinin "Ölü
evin diriləri" (Pərvinin qəzetinizdə
çap olunan Puşkinə, Lermontova və başqa rus şair və
yazıçılarına həsr etdiyi məqalələri maraqla
oxunur), Mətanət Vahidin "Əbədi ruh"lara şair salamı", Əyyub Qiyasın "Varislər"
silsiləsindən, həmişə
olduğu kimi, maraqlı "Firudin Şuşinski" ilə
bağlı müsahibəsi,
şərqşünas alim
Hacı Firudin Qurbansoyun "Şeyx Nizami, Gəncə və ..." məqaləsi,
Aynur Xəlilovanın
Beynəlxalq Qadınlar
bayramı münasibətilə
yazdığı "Ana haqqı
- Tanrı haqqı"
yazısı, Vaqif Nəsibin Xalq yazıçısı İlyas
Əfəndiyevin "Bahar
buludları" əsərinin
təsiri altında yazdığı "Bir yazın yaralı durnası" məqaləsi,
Xalq şairi Nəriman Həsənzadənin
90 illik yubileyi münasibətilə Naxçıvan
Muxtar Respublikası
Ali Sovetinin sədri Vasif Talıbovun və Azərbaycanın Rusiya Federasiyasındakı
səfiri Polad Bülbüloğlunun təbrik
məktubları, Xeyrəddin
Qocanın hekayələri,
professor Bədirxan Əhmədlinin
"Əsəd bəy
Çəmənzəminli - Qurban Səid diskursu" silsiləsindən
III məqaləsi, Səlim
Babullaoğlunun "Çağdaş
Moldova şeirindən seçmələr",
Cavanşir Yusiflinin
"Nağılçıların qətli" və s. yazılar maraqla oxunur.
Səmimiyyətimə inanın, Məmməd İsmayılın
insanın ruhunu tərpədən, çox
təsirli şeirlərini,
Elçin İskəndərzadənin,
Elnarə Akimovanın,
Yaşar Qarayevin yazılarını əlimdə
qırmızı mürəkkəbli
qələm iki dəfə oxumuşam, qeydlər etmişəm.
Elçin İskəndərzadə istedadlı
şair və alimdir. Görkəmli yazıçımız Anara həsr etdiyi məqalə sevimli yazıçımıza
layiqli yazıdır.
Elnarə
Akimovanın yazısında
ziyalılıqla bağlı
fikirləri günümüzdə
də çox aktualdır: "Savadlı
olmadan savadlı kimi görünmək mümkündür. Ağıllı olmadan ağıllı kimi də görünmək
olar. Ancaq ziyalılıq elə
bir şeydir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi". Yaşar Qarayevin ünvanına deyilmiş bu sözlərə onu da əlavə etmək olar ki, istedad da,
təfəkkür də
belədir. İstedad və
təfəkkürü heç
nə ilə almaq mümkün deyil. Böyük Yaradan Yaşar
Qarayevə istedad, zəka və təfəkkürü də
ziyalılıq kimi artıqlaması ilə vermişdi.
Elnarə xanımın haqlı olaraq göstərdiyi kimi, qloballaşma fəsadları ilə cəmiyyətimizə daxil
olduğu, əqidə
və inamın azadlığı, mənəviyyatsızlıq
sindromu yaşayan cəmiyyətimizdə insanları
arxasınca apara biləcək Böyük
ziyalı və ziyalılığa ehtiyac
duyulur.
Akademik Tofiq Hacıyevin "Azərbaycan
ədəbiyyatşünaslığı
XXI əsrə Yaşar
Qarayevin "Tarix yaxından və uzaqdan" kitabı ilə qədəm qoyur" deyimində böyük bir həqiqət vardır.
Yaşar Qarayevin "Haqq sözün və halal işin təhlükəsizliyi keşiyində"
məqaləsi də Tofiq Hacıyevin qənaətinin doğru olduğuna dəlalət edir. Məqalə, sanki
bu gün üçün yazılıb:
"Yaradıcılıq meydanına
iyirminci və otuzuncu illərdə atılanlar atalarından çox, zamanlarına bənzəməyə başladılar".
Bəlkə, indi belə deyil? Süleyman Rüstəm,
Səməd Vurğun,
Rəsul Rzanın yaradıcılığında zamanla uyuşmayan nüanslar axtaranlar, Füzuli və Sabir kimi dahiləri
bəyənməyən mənəviyyatsızlar
zamanlarına oxşamırlarmı?
Qarabağ probleminə Yaşar
Qarayev peşəkar tarixçi kimi yanaşır, farslar və ruslar arasında bağlanan
"Türkmənçay" və "Gülüstan"
müqavilələrinə istinadən yazır: "Qarabağa şəriksiz
sahib olduğumuz dövr
1828-ci ildən qurtarır.
Daha doğrusu, həm Qarabağı, həm də Azərbaycanı, əslində, eyni vaxtda parçalayıblar".
Yaşar müəllim yazır ki, tarixin dərslərini
unudanda o, təkrar olunur. 1905-ci il hadisələri unudulduğuna
görə 1918-ci il,
o, unudulduğuna görə
isə 1948, 1952, 1988-ci il
hadisələri baş
verib: "Erməni şovinizmi ilə türk unutqanlığı,
güzəştkeşliyi və
səhlənkarlığı bir-birini tamamlayıb. Bu eksponizm həmişə
bu unutqanlığın
müstəvisində baş
verə bilib".
Arzu edərdim,
Yaşar müəllimin
çox gərəkli,
günümüz üçün
düşündürücü məqaləsini bütün
ziyalılarımız oxuyaydı.
Bədirxan Əhmədli və Hacı Firudin Qurbansoyun məqalələri
də diqqəti elmi dəyəri ilə çəkir. Hacı Firudinin
yazısında bir məqam həddən artıq marağıma səbəb oldu. Müəllif yazır:
"Salman Mümtazın
qızının xatırlamasına
görə o illərdə
Mir Cəfər Bağırov
və Cəfər Cabbarlı gecənin bir yarısı xəlvəti gələrək
Şeyx Nizaminin itmiş qəbrinin yerini göstərmək üçün atama müraciət ediblər. Elə gecə ikən birgə yola çıxıblar, tapşırıq
yerinə yetirilib".
Təkcə bu cümlədə
tədqiqat aparmaq üçün nə qədər material vardır!
Professor Bədirxan Əhmədlinin
"Əli və
Nino" əsərinin müəllifinin
kimliyi barədə uzun illərdən bəri davam edən mübahisələrlə
bağlı silsilə
məqalələri zəngin
faktlarla seçilir. Bir çox
hallarda dəlilləri
inandırıcı görünür.
Hörmətli Azər müəllim,
gərgin əməyin,
yuxusuz gecələrin
sayəsində "Ədəbiyyat
qəzeti"nin imicini özünə qaytardığınıza görə
sizə və kollektivinizə ürəkdən
təşəkkür edirəm.
Sizə bu müqəddəs işinizdə yeni-yeni uğurlar diləyirəm.
Hörmətlə...
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.15.