"Raskol" - ikitirəlik, nifaq...
"Vəziyyət ruscadır"
VI yazı
Senzura
Fyodor Dostoyevskinin "Ölü evdən qeydlər"ini
ciddi bir "nöqsanına" görə çapa
buraxmırdı: əsərdə katorqa, məhbəs
çox da ağır yer təsiri bağışlamır. Yəni
müəllif "içərini" də elə azadlıq
kimi yazıb, cinayət meyilli oxucu bu əsərlə həbsxana
əzabından qorxmaz və hətta ora rəğbəti də
yarana bilər. Belə absurd bəhanələri uydurmaq
Çar senzurasının (əslində, bütün
senzuraların!) şakəri idi. Misal üçün,
Qriboyedovun "Ağıldan bəla"sının çapı
daha sərt bir səbəbdən əngəllənirdi;
Famusovun qızı Sofiyanın Molçalinə aid hisslərinə,
hətta gecə vaxtı onun otağına getməsinə
görə... Ayıbdı axı, zadəgan nəsillərin
qızları belə əsərləri oxuyub nə öyrənərlər?!
Doğrusu,
bu gülməli səbəbi, ya da Sofiyanın əməllərini
şərh etmək niyyətim yoxdu, amma "Ölü
ev..."in sərbəstlik, yaxud da əksinə azad-asudə
yaşanılan zamanın ölü ev təsiri
bağışlaması haqda çox danışmaq olar.
Dostoyevskinin niyyəti insanı qəlizə salıb dibini, dərinliyini,
bütün təbəddülatlarını göstərməkdi.
Hətta senzuranın tələbi ilə əsərə cinayət
və məhbəs haqda əlavə etdiyi didaktik cümlələr
də yamaq təsiri bağışlayır. Elə ona görə
də əsər açıq finalla bitir... Qəhrəmanın
buna qədərki də, bundan
sonrakı da düşüncələri müəllifin digər
əsərlərinə ötürülür, sanki.
Əlbəttə,
bu fikirlər ətrafında çoxlu dönüb
dolaşmaq, xeyli var-gəl eləmək mümkündü. Nədən
ki, yoldaş Fyodorun yazdıqları bitib-tükənməyən
şərhlərə yol açır. "Ölü
ev..."dən sonra mühiti silkələyən Dostoyevski qələmindən
beş möhtəşəm roman çıxır: "Cinayət
və cəza", "İdiot", "Şeytanlar",
"Yeniyetmə" və
"Karamazov qardaşları"... Elə sadəcə
bu əsərlərin süjetlərini yada salmaq kifayətdir
ki, müəllifin Xeyir və Şər mübarizəsini təməl
mövzu hesab etməsi aydın olsun. Həm də axı bu
mübarizədən təkcə Dostoyevski qəhrəmanlarının
yox, sadəcə rus xalqının yox, bütöv
dünyanın taleyi asılıdır. Və öncəki
yazılarımda dəfələrlə
vurğuladığım kimi yalnız
yazıçılığı yox, həm də
insanlığı işığa çıxarmağı,
olan və ola biləcək təhlükələrdən
qorumağı qarşısına məqsəd qoyan müəllif
bir növ xəbərdarlıq edir.
Rusiyada
təhkimçilik hüququnun yeni-yeni ləğv olunduğu
zamanda, gələcək istiqamətlərin hələ dəqiqləşmədiyi
bir vaxtda fərqli ideyalar ortaya qoyulurdu. Kimsə millətin
inkişafını çevrilişlərdə, inqilablarda,
radikal dəyişikliklərdə görürdü. Bu təmayülləri
yazıya alanlar da, təbliğ edənlər də az deyildi.
Amma Dostoyevski inqilabların əleyhinə idi, nicatı mənəvi
kamilləşmədə görürdü və
qüsurları da, vahiməli məqamları da çəkinmədən
yazırdı. Bir də əsas şərt zahirən pərdələnmişin
arxasında, dibindəkini anlamaq, oxucuya anlatmaqdı... Ona
görə yüz illər keçsə də, bu gün də
onun əsərlərindəki kodlar araşdırılır,
mesajlar aşkara çıxarılır...
Deməli,
əsərin əsas qəhrəmanının adı,
soyadı - Rodion Romanoviç Raskolnikovdur. Adlarla nələrisə
simvolizə etməyi xoşlayan yazıçının cinayətkara
belə bir ad-soyad verməsi təsadüf olmaz. Bunu "Roman o
roskole rodinı" - Vətənin parçalanması haqda
roman - deyə yozanlar da var. Amma istənilən halda yozumun
yanlışlığından və düzlüyündən
asılı olmayaraq, "Cinayət və cəza" sadə
bir detektiv deyil. Hər şeydən əvvəl ona
görə ki, adi detektiv süjetlərindən fərqli olaraq
burda cinayətkarın kimliyi öncədən bilinir.
Burda daha çox o vəziyyətə gətirən səbəblər
və bundan sonrakı hal iri plandadır... "Ölü
evdən qeydlər"ə qayıdıb demək istəyirəm
ki, elə orda da yazıçı cinayətkarların qanun
qarşısında deyil, öz vicdanı və Allah
qabağında günahkar olduğunu önə çəkir.
Yəni insan sadəcə qanunla veriləcək
cəzadan qorxmur, o, vicdanının onu rahat buraxması
üçün və Allahın mərhəmətini qazanmaq
üçün paklaşma mərhələsini keçir.
Dostoyevskinin
özünün bir insan kimi
bu həyatın hər üzünü yaşaması mənə
görə ən vacib məqamdı. Elə "Cinayət və
cəza" yazıldığı ərəfədə də
bütün pullarını qumarda uduzmuş, kreditorlarına külli
miqdarda borcu olan, hələ üstəgəl, yeməyi zorla alan yazıçı bir növ Raskolnikovun
kasıbçılığını yaşayır. Amma əsərin ideyası ilk vaxtlar tamam başqa
yöndən gəlir ağlına, sadəcə "Sərxoşlar"
adlı 40-50 səhifəlik povest yazmaq istəyir. Amma məşhur cinayətkar, fransız şairi Pyer
Fransua Lasnerin məhkəmə nitqini oxuyanda bütün niyyəti
alt-üst olur. O dövrdə ardıcıl cinayətlər
törətmiş Pyer məhkəmədə də
halını pozmur, gülümsəyirmiş, sonra
kağıza filana baxmadan bir saatlıq nitq söyləyir və
əməllərinə haqq qazandırır. Daha
doğrusu, özünü yox, onu bütün bunlara
sürükləyən cəmiyyəti günahkar sayır.
Hələ sonralar bütün məhkumluq həyatında
həbsxanadan memuarlar yazıb özünü təmizə
çıxarmaq işini davam etdirir. Lakin 9 yanvar
1936-cı ildə Lasner qilyotində edam olunur.
Onun tarixçəsindən, nitqindən təsirlənən
Dostoyevski ilkin təəssüratını belə ifadə
edir:
"Onun üçün öldürmək bir qədəh
şərab içmək kimi olub. Amma öz cinayətlərinə
bəraət qazandırmaq üçün Lasner şeirlər,
memuarlar yazıb, özünü böyük fikir adamı,
sosialist-utopistlərin inqilabi ideyalarının
carçısı kimi qələmə verib".
Beləliklə, bir Raskolnikovun əlavə olunması ilə
"Sərxoşlar" povesti "Cinayət və cəza"
romanına çevrilir. Həmçinin Raskolnikovun simasında və
onun ideyalarının vasitəsilə yazıçı nə
baş verirsə versin şərin, cinayətin yaxşı
yerə aparıb çıxarmayacağını, cəmiyyətin
təbəqələşməsinin əslində, heç kəsə
xoşbəxtlik gətirməyəcəyini deyir.
Kasıb bir ailənin övladı, hətta təhsilini
belə başa vura bilməyən Rodion Raskolnikov çox
götür-qoydan sonra başa düşür ki, ən
azı bacısının və anasının xoşbəxtliyi
naminə maddi vəziyyətini
yaxşılaşdırmalıdı. Bunu qanuni və təbii
gedişatla etmək çətindi, həm də yaşlı
anası o rifahı görməyə bilər. Deməli, cinayət işlətməkdən və
bir gecədə varlanmaqdan savayı yol qalmır. Həm də cinayət üçün artıq
çoxlu günahı olan, kasıblara faizlə pul verib onlara
zülümlər edən qoca sələmçi arvadı
öldürsə heç kəsə ziyan dəyməz.
Dostoyevski özünə xas olan dəqiqliklə
qəhrəmanının cinayətqabağı
ovqatını təsvir edir, onun tərəddüdlərini,
içindəki mübarizəni yazır. Cəmiyyəti
iki təbəqəyə - adilərə və qeyri-adilərə,
(üst və aşağı qata) bölən Rodion qəti əmindir
ki, özü qeyri-adidir və yuxarılara aiddir. Ona görə də yuxarıların güclü,
azad cəmiyyət qurmasından ötrü
aşağılardan kimisə, yaxud hamını aradan
götürməsi çox normaldır. O deyir, kütlə
ona görə yaşayır ki, onun arasından dahilər
çıxsın. Hətta qarını
öldürməkdən qorxduğu, çəkindiyi anlarda
belə özünə qəzəblənir qəhrəman,
Napoleon haqda məqalə yazır və deyir ki, Napoleon
heç vaxt tərəddüd etməzdi.
Dostoyevskinin sadəcə Raskolnikovun məqaləsi şəklində
ifadə etdiyi problem haqda Tolstoy bütöv bir roman - "Hərb
və sülh" yazacaq və bir əsr sonra bu əndişələrin
əsassız olmaması öz təsdiqini tapacaq. Elə nasistlərin
"ari" irqindən olanları seçməsi, hər yeni
doğulan arili uşağa qaşıq hədiyyə edib onu
sadəcə mənsubiyyətinə görə bütün
başqa tayfa, nəsil, xalqlardan üstün sayması necə
böyük faciələrə apardı... Yaxud da Sovet
respublikalarında sadəcə öz milli kimliyini dilə gətirənlərə
vurulan damğalar və günahsız qurbanlar... Deməli, Dostoyevski özünü yuxarı mərtəbəyə
aid edən Raskolnikovun aşağı təbəqədən
olan sələmçiyə münasibətinin timsalında
ümumbəşəri problemi qabardır. Və bu,
Fyodor Dostoyevski olmazdı, əgər öz qəhrəmanını
sualla üz-üzə qoymasaydı: Elə isə bəs
öz anası-bacısı o yuxarı təbəqə
kriterilərinə uyğun gəlirmi, gəlmir! Gəlmirsə, deməli, hər hansı üst təbəqədən
olan onları vurub öldürə bilər?!
Qəhrəmanın bütün qorxuları məhz bu məqamda
aşıb-daşır. Lakin o, hesab edir ki, sələmçini
öldürməklə əldə etdiyi pullarla acları
doyuracaq, ehtiyacdan əyri yollara düşən qadınlara
kömək edəcək, sevmədiyi adamla ailə qurmağa
hazırlaşan bacısını qoruyacaq, xəstələri
sağaldacaq. Hətta bu niyyətləri ilə
Raskolnikov oxucuda rəğbət də oyadır. Amma
axı yazıçı o lap əvvəldə qoyduğu niyyəti
axıra çatdırmalıdır, ona görə də qəhrəmanın
xarakterini sınağa çəkməklə, "bilərəkdən"
onu qəliz vəziyyətə salmaqla gerçəkliyi
açır...
Raskolnikov
kollec katibi, aradüzəldən, sələmçi Alyona
İvanovnanı balta ilə öldürür... Bunu öncədən
düşünmüşdü, bu aydındı. Amma axı sadəcə şahid olmuş sadə,
dindar qadın, sələmçinin ögey bacısı
Lizaveta İvanovnanı öldürməsi artıq o niyyətdən
kənardı. Axı, sanki Alyona İvanovna Lizavetta kimiləri
müdafiə etmək, onlara kömək məqsədilə
öldürülürdü, elə isə.... Bəli,
suallar çoxdu və Dostoyevski qoyulmuş əxlaq klişelərini
darmadağın etməklə saf niyyətli Raskolnikovun
qarşısına Sonya Marmeladovanı çıxarır.
Özünü, bədənini satmaqla qəliz
həyatını yaşayan, ailəsini dolandıran Sonya əslində
bütün safların ən safıdır. İçindəki Allah və insan sevgisi ilə
hamıdan üstündü. Raskolnikovu
günahını, cinayətini etiraf etməyə də Sonya
sövq edir; sən meydanda diz çök və etdiyin əməli
boynuna al. Bu məqamda yazıçı qəhrəmanın
içindəki peşmançılıq duyğusu ilə
bütün dünyaya, zamana nifrətini üz-üzə
qoyur. Allahın yaratdığını
öldürdüyü üçün peşmanlıq və
ondan aşağı (hər halda özü belə hesab
edirdi!), nifrət etdiyi adamların qarşısında etiraf!
Və Raskolnikovun qarşısına
çıxarılmış Porfiri Petroviç - istintaq
işləri üzrə pristav, işinin bilicisi, dəlillər
olmadığı halda onu etirafa vadar edən peşəkar
hüquqşünas. Rus tənqidi deyir ki, Dostoyevski əslində,
Porfiri Petroviçi Raskolnikovun gələcəyi kimi gətirib
əsərə. Yəni bütün bu
düşüncə və həyat katorqalarından keçən,
paklaşan, durulaşan Rodion Porfiri Petroviçə
çevrilə bilərdi. Amma onun kimə,
nəyə çevrilməsi oxucuya buraxılır. Hər
halda mənim sevdiyim bir detal var ki, sonda Sibirə Raskolnikovun
ardınca gedən Sonya (o bir az da Fellininin
Kabiriyasına bənzəyir) onunla birgə "İncil"
oxuyur. Özü də bu "İncil"i
oxumağı Sonya yox, məhz cinayətkar Raskolnikov təklif
edir. Əgər əksi olsaydı, bu, bədii priyom yox,
sadəcə didaktik gediş kimi qavranardı, amma axı bu
Dostoyevskidi... O, insan oğlunun Peyğəmbər qatili
olduğunu yaxşı bilir və qarşıdakı zamanda
cinayətlərin heç bir şəkildə o böyük
cinayəti aşıb keçməyəcəyini də
anlayır... Ona görə qəhrəmanına yaşamaq
üçün şans verir və əsərin sonunda
yazır:
"Raskolnikov
heç bilmirdi ki, yeni həyat onun əlinə havayı
düşməyəcək, bu həyat ona baha oturacaq, göstərəcəyi
böyük qəhrəmanlıq hesabına başa gələcək...
Lakin
burada yeni əhvalat başlayır... Bu əhvalat
yavaş-yavaş yeniləşən, daxilən tamamilə dəyişən,
yavaş-yavaş bir aləmdən başqa bir aləmə
keçən, bu vaxta qədər tanımadığı,
bilmədiyi yeni bir həyatla tanış
olan bir adamın əhvalatıdır. Bu, yeni bir hekayənin
mövzusu ola bilər, bizim hekayəmiz isə
bununla qurtardı".
Rus nəsrinin qeyri-adiliyi də bu yenilənən
mövzularda, yanaşmalardadı. Elə ümumi bir
panoramadan bütün rus cəmiyyətinin, mühitinin, şəraitinin
onun ədəbiyyatında əks olunduğu
görünür.
Dostoyevski
- ən aşağı təbəqəni, cinayətkarları,
zavallıları...
Qorki -
acları, səfilləri...
Puşkin
- sadə, sıradan, adi adamları
Tolstoy - zadəgan nəsillərin məişətini, həyatını
yazıb. Bu siyahını qatıb-qarışdırıb
yenidən sıralamaq və hər yazıçının əsərlərində
bütün qəhrəmanlardan tapmaq olar. Məsələn,
özü o nəslə aid olmayan Çexov "Albalı
bağı"nda zadəgan həyatını yazanda Bunin ona
etiraz etmişdi, bilmədiyini, yaşamadığını
yazmasın - demişdi. Amma sənətin, ədəbiyyatın
öz qanunları var... Və son bir ildə
yaşadıqlarımız təbiəti qalib elan edibsə,
biz xəstəlik əlində aciz qalanda sular durulmada, hava təmizlənmədə,
nəsli kəsilməkdə olan heyvanlar artmaqdadırsa,
Turgenevdən danışmasam, olmaz. Çünki
bütün bu qəhrəmanların nəfəs aldığı hava,
içdiyi su, yetişdiyi təbiət onun əsərlərindədir...
Bu haqda isə gələn dəfə!
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.14-15.