Zəfər yolçusu
Lerikdə dünyaya gəldiyi gün anasının
sevinci bir övlad sevgisi qədər artdı. Atası Mükafat müəllimin
ocağı bir nəfəs də isindi.
O gün Zuvand dağlarında ulu Tanrı bir alın
yazısına imza atdı.
Həmin gün dağlardan pərvazlanıb, göy üzünün
aydınlığında yarpaqladı doğmalığa bələnmiş
sözlər.
Ona
"Ömrün mübarəkdi,
övladım" - dedi Vətən. Və
onun dünyanı salamlayan ilk körpə
çığırtısına and içdi Vətən.
Tale yolu vaxtın
köynəyindən keçdi. Ömür ağacı
göycə-göycə yarpaqladı. Qəlbində bir and
yeri çağırdı onu.
O, qan yaddaşının dan yerində and içdi, ona güvənən
vətənin müqəddəsliyinə.
"Andın mübarəkdi, övladım" - dedi Vətən.
Bu ulu andın And
məqamı gəldi...
Vətən torpağına müxənnət
kölgəsi düşdü. Qarı düşmənin
ayaq səsindən ulu yurd yerləri oba-oba, oymaq-oymaq, ocaq-ocaq
üşüdü.
Ulu andın
səcdəsinə durdu
karvan-karvan ömürlər. Qaya-qaya səbrlər qəlpələndi.
Babaların qeyrət yolu silkələndi. Və içində
vətən sevgisi çağlayan ürəklər "Cəngi"
havasına kökləndi...
Hərbçi həyatı yaşayan, ulu vətən andına sadiq olan baş
leytenant Əliqismət Yaqubov damarlarında axan qanın
harayından diksindi.
Beşiyi
başında oxunan laylaların qürbət qoxulu intizarı, zirvəsi
buludlara sancılmış dağların əzəmətinə
düşən yağı kölgəsi, muğamata köklənmiş
ayna bulaqların səssiz hıçqırığı,
yurd yerlərində qaralmış ocaqların
ağrısı ruhunu göynətdi...
Qan yaddaşında
bir haray qopdu. Ulu babaların
dağları, daşları titrədən nərəsini
eşitdi:
"Vətən dardadır,
oğlum!"
Bu səsin, bu harayın içindən bir yol
uzanırdı; bu yol - qeyrət yoluydu.
Qanındakı qeyrət yoluyla getdi Əliqismət. Sinəsi mərmilərlə
parçalanmış, barıt tüstüsündə
boğulan vətən torpağının harayına yetdi
Əliqismət.
Qarabağ uğrunda döyüşlərə
atıldı. Qəvi düşmənə öz
zərb-dəstini tanıtdı.
Şanlı Milli Ordumuzun Xüsusi Təyinatlı cəsur komandirlərindən
biri kimi, Qarabağın azadlığı uğrunda rəşadətlə
vuruşdu.
Şuşa yaxınlığında Daşaltıda müqəddəs
şəhidlik zirvəsinə ucaldı. Qartal zirvədə
uçar. Bu gün vətənimizin böyük Zəfər salnaməsində baş leytenant
Əliqismət Yaqubovun da hünərvərlik imzası
vardır.
Vətən sənə oğul
deyir, Əliqismət!
***
Şəhid atasına məktub
Bu
payız Qarabağ çiçəkləyibdir,
Şəhid ətri gəlir
Şuşa
sözündən.
Döyüşçü dostları Əliqismətin, -
Səni salamlayır "Cıdır
düzü"ndən.
Torpaq məhəbbəti,
yurd məhəbbəti,
Misraya sığmayan
ulu duyğudur.
Şəhid oğulların döyüş
yolları,
Vətənin boynunda gözmuncuğudur!
Tarix
güzgü tutub şəhid yoluna,
Yaddaşı dil açıb qərinələrin.
İman
ətri hopub ömrünə, qardaş,
Vətəni vətənə döndərənlərin.
"Təsəlli"
sözünün taqəti yoxdur,
Ananın önündə bir addım ata.
Oğul
itkisini alıb çiyninə,
Şəhid hünərinə söykənib
Ata.
Heyrət
heykəlisən, Şəhid atası,
Səndəki dözümə, taqətə
qurban.
Vətən ətirlidir hər
bir kəlamın,
Yaralı
qəlbində qeyrətə
qurban!
Balayar SADİQ
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.13.