Sirlərin tufanı
Azərbaycanın Xalq yazıçısı Kamal Abdulla
bu romanı ilə təsdiqlədi ki, o, ədəbiyyatımızın
ağır yükünü öz çiynində
daşıyan görkəmli sənətkarlardandır. Əlbəttə, onun nəsr
sənətkarlığına söz ola
bilməz. O, ədəbiyyata yeni nəzərlə, yeni
dünyagörüşlə baxmağı bacarır. Var olan yaradıcı düşüncəsi sənət
faktına (daha doğrusu, nitq faktına) çevrilir. Bir
daha yəqin etmək olur ki, Kamal Abdulla müasir dövrün,
müasir oxucunun bədii-estetik inkişaf meyilini görür və
həmin səviyyəyə yüksəlir, ədəbi prosesdə
baş verən hadisələri dərk edir və onun
axarına düşür, həmçinin də, həmin təmayül
və prosesin yönəldici işığını öz
individual yaradıcılıq linzasında sındırır. Bu, ümumi ilə fərdini bağlamaq
bacarığıdır və doğrudan da, bu cəhət
ilk növbədə təkcə sənətkarlıqla, hadisələrin
təsvirinin orijinal ifadə tərzi ilə, deyimi ilə əldə
edilir.
Kamal Abdulla bir yazıçı kimi yaradıcı fəaliyyətində
olduğu kimi öz şəxsiyyətinə sadiqdir. O, tarixi, zamanı dərk
etməklə yanaşı, bu ciddi və maraqlı mövzunu
bədiiləşdirərkən yalnız öz qəlbinin səsini
dinləmişdir. Bu roman da, necə deyərlər,
onun qəlbindən dünyaya bir baxışıdır, bu
baxış bədii mətnlərdə ifadə olunan fikirlərin
son dərəcə yığcamlığı və dərinliyində,
ifadə tərzinin şirinliyindədir. Bu
uğurlu alınmış əsərə görə
özü də sevinir, oxucu da.
Mənə elə gəlir ki, bu romanda Kamal müəllimin
əzəməti - özü və sözü
görünür.
Roman tez bir müddətdə oxucular və mütəxəssislər
tərəfindən müsbət rəylə
qarşılandı, məzmun və ideya istiqamətinə və
bədii ifadə biçiminə görə müasir roman
janrının ən keyfiyyətli ənənələrinin
uğurlu davamı kimi dəyərləndirildi.
Həqiqətən, bu əsər mühüm ədəbi
hadisədir, taleyi uğurludur. Romanın bədii məziyyətlərindən
biri müxtəlif gizli sirlərin arasında güclü bədii-məntiqi
əlaqənin yaradılmasıdır. Yazıçı
sirr vasitəsilə əsərdə özünəməxsus
bir orijinallıq və müdrikliklə təsvir elədiyi
mövzu haqqında açıq şəkildə və cəsarətlə
yeni sözünü deyə bilmişdir. Müxtəlif
hadisələrdən, tarixi-mifoloji varlıqdan irəli gələn
sirlər hərtərəfli və aydın detalları ilə
təsvir olunur.
Romanda bəlli tarixi informasiyaların yeniləşmiş
variantları var. Yazıçı müşahidələrinin,
iti düşüncələrin məhsulu var.
Bu
romanı "Gizli Dədə Qorqud"un
davamı da saymaq olar. Kamal Abdullanın bu
romanı da digər nəsri kimi dərin qatlarda baş
qaldıran həyat həqiqətlərini əks etdirir.
Sirr kələfinin ucu roman boyu şaxələnir,
oxucunu düşünməyə vadar edir. Sirr
haqqında bədii əsər oxucunu razı salır. Sirr dünyası barədə axtarışlar
apararkən də Kamal müəllim fərdi üslubunu
özləşdirir, bu yolda ciddi qabiliyyət nümayiş
etdirir.
Kamal Abdulla hamının bilmədiyi, başqalarından
gizli saxladığı "Ev bizim, sirr bizim" prinsipindən
çıxış edir. Hələ ağla gəlməmiş,
açılmamış, dərk edilməmiş, öyrənilməmiş
bir müəmma təbiətin sirləri, kosmosun sirləri
dünyanın bütün sirlərini öz arzu və əməllərinə
görə açan və şərh edən insan
özünü bu sirrə də vaqif bilir.
Başqalarının bilmədiyi məlumat, bilik, üsul, yol...
Kamal müəllim sənətin sirlərini kamil bilir.
Romanın
əsas qəhrəmanı Hacı Mir Həsən ağa Səyyah
risalə yazmaqdan ötrü "Sirri-Xudadan" deyil,
qonşularının, tacir-tüccarların,
padşahların, şeyxlərin və s. sirlərinə bələd
olmağı, onların sərgüzəştlərindən
(mənası: fars, birinin başına gələn
hadisə, qəziyyə, əhvalat, macəra) yazmağı
öhdəsinə götürür və uğurla istədiyinə
nail olur. Oduncu Əhmədin sirrindən
tutmuş, Həsən müəllimin ailə sirlərinə
qədər sirlərin sərgüzəştləri oxucunu
sirlər dünyasına çəkib aparır. Oxucu
yorulmur, həsrətlə o biri səhifələrə
keçmək, digər sirlərlə tanış
olmaq istəyir.
Qısa adı Səyyahdır. O, risalə yazmaq fikrinə
düşür. Risalə ərəb
sözü olub, məktub, namə, kağız; hər
hansı bir məsələyə dair kiçik kitab,
kitabça anlamındadır.
Risalə yazmaq istəyir, amma yazdığı məsələlər
barədə tam təsəvvürü bir o qədər də
yoxdur. Bu sarıdan narahatdır, açılmamış
sirləri risaləyə necə sıxlaşdıracaq?
Yazıçı onu öz dövrünün son dərəcə
elmli çoğrafiyaşünası və mükəmməl
bilik sahibi - mətnşünas kimi əsərdə
canlandırır, oxucuya tanıtmaq istəyir. Vilayət
hakimləri bu adamı həmişə saraylara
çağırır, bir sıra ciddi dövlət işlərini,
yaxın, uzaq məmləkətlər haqqında ondan məsləhət,
bilik, informasiya alırlar. Hər yerdə
ehtiramla, hörmətlə qarşılanır, onunla
sidq-ürəklə sirr və dərdlərini
bölüşür, camaat ona yazdıqları məktubların
cavabını səbirsizliklə gözləyir.
Xahiş və şikayət məktublarını Səyyah elə
bir ədəb və məntiqlə yazır, onların
cavabı əksər halda şikayətçinin və
xahişçinin xeyrinə həll olunur, bir sözlə, Səyyah
əməli-saleh bir adam kimi təsvir
olunur.
Yazıçı seçdiyi, təsvir etdiyi bu
obrazı hərtərəfli inkişafda, xarakterini dəyişmədə
göstərir. Günlərin bir günü adamlar
çox izzətlə, hörmətlə baş əydiyi bu
uzun adlı adamdan (Hacı Mir Həsən ağa Səyyah)
üz döndərirlər. İsti
münasibət soyuq münasibətlə əvəzlənir.
Sevgi, məhəbbət nifrət və təhqirə
çevrilir. Səbəbi? Hər kəs Səyyahın yazdığı risalədə
öz sirrinin faş olacağından (üzə
çıxacağından) qorxur, bədgüman olur.
Sirlərin faş olması xəbəri ilə "Müqəddimə"nin sonucu birdən-birə dəyişir:
"Dünya-aləm öz sərgüzəştində idi. İnsanlar həm düzənə, həm də
düzənsizliyə doğru eyni zamanda, eyni
çoşqunluqla, eyni əzmlə yol gedirdi. İnsanlar
dünyanın hansı yerində, nöqtəsində
olmasından, yaxşı, yaxud pis olmasından, qara, ağ, yoxsa sarı olmasından
qeyri-asılı hər an eyni işi görürdülər
- onlar yaşlanırdılar. Macəra dolu sirləri
ilə, qandonduran hadisələri ilə, ruh silkələyən
məqamları ilə qəlbi dolu olan Hacı Mir Həsən
ağa Səyyah da onların içində idi" (s.12).
Bu mətn parçasının məzmununda təkrar
olunan bağlayıcılar (həm, həm də), təyinetmə
xüsusiyyətinə malik "eyni" sözü aid
olduğu ismin məna hüdudunu, dairəsini şərtləndirir. Aid olduğu
anlayışlara kəmiyyət hüdudu qoyur. Nəzərdə
tutulan eynicinsli əşyaların hər biri fərdi
biçimdə eynicinslilərin hamısını əhatə
edir (eyni coşqunluq, eyni əzm), yaxşı, pis; qara, ağ, sarı antonimləri ilə
dünyanın, insanların arasında olan ziddiyyətlər həmin
nəzərdə tutulan sərgüzəştlərdən
biri idi.
Romanda həmin macəra dolu həyat və insana xas olan
sirlər 4 fəsildə faş olunur. Yazıçı
dırnaqda yazsa da, bu fəsillərin - payızın,
yayın, yazın və qışın öz rəmzi mənası
var.
Çərxi-fələk deyilən məmləkət. O ölkədəki zamanla
bizim ölkədəki zaman bir-birinə uyğun gəlmir. O
ölkədə zaman yavaşıyır. Amma
zaman bütün ölkələr üçün,
bütün məmləkətlər üçün eynidir.
Yazıçının obrazı istəyir, elə bir
risalə yazıb ərsəyə gətirsin ki, onun
içində hər şəxs öz sirrinə, ən vacibi
isə bu sirrin səbəb və nəticəsinə vaqif
olsun.
"Bir var Sirri-əzəm, sirri-Xuda, sirri-ali. Bir də var
qonşu Həzrətqulunun sirr"i (s.20).
Müəllifin qəhrəmanının nöqteyi-nəzərincə,
həmin risalə "sirri-Xuda" deyilən sirr haqqında
deyildir. Bu risalə yuxarıda deyildiyi kimi, qonşuların,
tacirlərin, kargərlərin, kəndçilərin, dərvişlərin,
şeyxlərin, vəzir-vükalənin, padşahların, əlqərəz,
sevənlərin və sevilənlərin sirridir.
Bu sirlər donmuş, yatmış vəziyyətdə
deyildir, onlar həmişə dinamikada, hərəkətdə,
daim fəaliyyətdədir. Yazıçı belə
deyir, hamı bilməlidir ki, bu sirlərin öz macərası,
sərgüzəşti mövcuddur. Adı
uzun qəhrəman Tanrıdan bir güc diləyir ki, ona imkan
versin, o bu macəranı, sirlərin sərgüzəştini
heç nə əlavə edib etmədən, olduğu kimi qələmə
alsın. Daim uca olan Allahın adı ilə... (s.20). Uca olan Tanrı onun könlünə ilham
verir, o da həvəslə risalələrini yazmağa
başlayır.
...Sirr də
tufandır. Tufan kimi çox şiddətlidir.
Tufan keşməkeşli ağır həyat təcrübəsidir,
ağır sınaqdır. Dədə-babalarımız
sirlərin sərgüzəşti deyərkən bir şəxsə
məxsus sirrin nə cür başlandığını, nə
cür var olduğunu düşünüblər. Ona
görə ki, sirr də insan kimi doğulur, adam
kimi yaşayır və adam kimi yox olur.
Müəllif
daha vacib olan məsələni xatırladır: risalədə
təsvir olunan şəxslərin, kollektivin sirlərinin
bir-birilə qarşılıqlı əlaqəsi var,
qarşı münasibətlər mövcuddur və bu
münasibətlər ayrı-ayrı adamlara məxsus olan sirlərin
ağlagəlməz sərgüzəşti fonunda
mövcuddur. Sirlərdən yeni sirlər yaranır...
Macəra dolu bu yazılarda Hacı Mir Həsən
ağa Səyyahın "Sirlərin sərgüzəşti"
risaləsinin birinci sirri təsvir edilir. Sonrakı sirr
Əhməd adlı bir odunçu ilə əlaqədar
verilir. Burada nağılvari təsvirdə, təhkiyədə
(uzaq məmləkətlərin birində Əhməd adlı
bir kişi yaşayırdı, günlərin
bir günü, ayağıma dəmirdən çarıq geyərəm,
əlimə dəmirdən çomaq alaram və s.) Əhməd adlı bir kişinin (arvadı cadugər
idi) meşədən odun gətirib bazarda satması və ailəsini,
dolanışığını təmin etməyi təsir
olunur. Amma bir gün elə gətirir ki, o,
evinə tez qayıdır. Tez qayıtmağın sirrini
açıb heç kəsə demir. Arvad isə
bu sirri öyrənmək qərarına gəlir. Əcəba, meşədə hansı hadisə
baş verib ki, Əhməd onu gizlədir? Məlum
olur ki, Əhməd bir qollu-budaqlı cökə
ağacını kəsmək məqamında ağac insan kimə
dil açmış, ona yalvarmışdı ki, onu kəsməsin.
Səbəbi də bu olub ki, o ağac deyildi, bir
gənc, gözəl qız idi, ona hacansa cadu edib bu duruma
salıblar. Gəl, sən mənə rəhm
elə. Əvəzində mən də sənə
tükənməz bir sevgi, bir dünyalıq məhəbbət
verərəm (s.35) - cökə ağacı (gözəl
qız) demişdi.
Arvad bilir ki, ərinə cadu ediblər. "Əri
bir könüldən min könülə qız bildiyi həmin
cökə ağacına aşiq olub. Cadu
edən də həmin ağacın özüdür. Ərini bu cadudan qurtarmağın yeganə yolu gedib
o ağacı kəsməyi idi, özü də Əhməd
gərək ağacı öz istəyilə kəsəydi.
Ərinin bu işi görməsi
üçün gərək ona öz sirrini açıb
cadugər olduğunu əyan edəydi. Cökə
ağacına çevrilmiş gözəl qız.
Yazıçı əsərdə Əhmədin hekayəsini
bir qəmli və sirli hekayə kimi canlandırır. O demək istəyir ki, həmin
hekayənin sirri onda idi ki, sənin sirr kimi bildiyin bir şey, əslində,
sirrilikdən çıxmışdı. Çünki
artıq bu sirri arvadlar da bilir. Müəllif
demək istəyirdi ki, arvad xeylağların hulqumu yoxdur, onlar
sirri saxlaya bilmir. Bəzi kişilərdə
də bu xüsusiyyət var.
Yazıçı
onu da demək istəyir, bir sirr ki, onu üçüncü adam bildi, deməli, onun faş olma (üstü
açılma) ehtimalı hər an artır. Faş
etmək - gizli işi, sirri digərlərinə demək,
bildirmək, yaymaq dır. Deməli, sirr
heç əzəldən sirr kimi yaranmayıb. O, sirr
deyil, o, bir müəmmadır. Sirlə müəmma
arasında bir sıra fərqlər mövcuddur.
Sirr də, müəmma da konseptdir. Bir konsept kimi
bu anlayışlar da dünyanın dil, fikir mənzərəsini
əks etdirir.
Müəmma - mənası gizli, çətin
anlaşılan, üstüörtülü, qaranlıq məsələ
deməkdir.
Müəmma - açılmaz düyün, çətin bir iş, anlaşılmaz bir sirr, həlli çətin
məsələ, məlum olmayan sirr. Füzuli
demişkən, "Sirri-dəhəni-yarı, könül,
axtar, özün tap".
Kitabın müəllifi sirrin bir tərəfini də
cadugərliklə bağlayır.
Yazıçı odunçunun tilsimdən
çıxıb-çıxmamasını cümlələrin
mövqeyini dəyişməklə həyata keçirir. Onun
yaratdığı obraz (konkret olaraq Həsən müəllim)
dediyi cümlələrin intonasiyasını dəyişir
(bu, dildə transpozisiya hadisəsidir). Həsən müəllimin
qəribə yataq otağındakı gömələri
(qızı Həliməni, Tutuquşunun alabəzək
müqəvvası, "Əsrlərin müqaviməti"
adlı kitabı, səliqəsizliyi, Tutuquşu ilə dialoqu
(- Bu işin axırı necə oldu? Odunçu
tilsimdən çıxa bildi?) və
düşüncələri danışanın söylədiyi
fikrə, obyektiv gerçəkliyə münasibətini ifadə
edən "elə bil" feilindən təcrid olunmuş
modal sözün qətilik məzmununun gümanlı,
şübhəli məzmunla əvəz edildiyini açıb
göstərir. Elə mətn də "elə
bil"in təkrarı ilə yaranır.
Kamal Abdulla "Kitabi-Dədə Qorqud"
dastanını dərindən bilən alimdir. Amma necə
olub ki, dastan haqqında dəyərli yazılar yazmış
digər alimlər də Beyrək və Banuçiçək
münasibətlərindəki bu vacib məqama fikir verməmişlər?!
Həqiqətən də, bu iki gəncin
yarışmasında əsl qalib hansı olmuşdur?! Şübhələri yaradan bu idi ki, dastanın hər
iki qədim mətni və bu mətnlər əsasında
hazırlanan bütün nəşrlər diqtə edirdi, bu
yarışların qalibi Beyrək olmuşdur.
Əsl həqiqətin üzə çıxması
romanın inkişafında, hadisələrin gedişində
aşkar olunur (Məhz Beyrəyin yox, Banuçiçəyin
qalib gəlməsi hadisəsi). Kağızlar əsrlərdən
üzü bu yana gətirib-gətirib bu
sirri ona - Səyyaha, nəhayət, faş etmişdir. İndiyə qədərki fikirlərin əksi, tamam
əks fikirlər. Bu yazı bütövlükdə tanış olmayan qəribə mətləbləri
üzə çıxarırdı. "Bu yeni
həqiqət Həsən müəllimin həqiqəti
deyildi, bu yeni həqiqət göz qabağında
öz-özünə doğulan ağ kağızlardakı
qara hərflərin həqiqəti idi. Hacı
Mir Həsən ağa Səyyahın həqiqəti idi. Və bu həqiqətlərin (yeni və köhnə
həqiqətlərin) toqquşmasından yenə də sirr
yaranırdı. Dastanda deyilənlərlə
uyğun gəlməyən fikirlər sirr təşkil edirdi.
Bu yeni fikirlərin arxasında ciddi elmi dəlillər,
sübutlar dayanırdı. Bu yazılar
öz sözünü hələ sonra deyəcəkdi. Çıxan nəticə, məntiq onu göstərir
ki, insan, tədqiqatçı köhnə fikirlərin
içərisində qalmamalı, məşğul olduğu sənətin
yolunu davam etdirərək yeni fikirləri ortaya
qoymalıdır. Dədə Qorqud tədqiqatçı
Kamal Abdullanın da qəlbində olan bu sirr onun əsl
yenilikçi bir alim kimi hörmətini yüksəldir, amma
bunu dərk etmək, dərindən bilmək çətinlikləri
var. "Bunu qəbul etməyin əsl məntiqi səbəbi
barədə bu yazılar öz sözünü hələ
sonra deyəcəkdi. Beyrək
nişanlısı Banuçiçəyin toyuna gəlib
çıxandan sonra (dastan belə deyir) onların
arasındakı mükalimənin dərin qatında yatan sirr məhz
o zaman aşkar olacaqdı. Və yeni həqiqətin
həqiqiliyinə daha heç bir şübhə
qalmayacaqdı (77).
Deyimləri
sərrastdır, yenidir: Həlimənin qəlbinə dəli
bir ümid doldu (80), Həlimə ürəyi ata-ata keçib
oturdu (81), Sahil bağında Bəyim, elə bil, quş olub
qanad açmışdı (81), çünki o, əslində,
özünə yenicə əyan olmuş həqiqətin qum
sarayı kimi dağılmasını gözləyirdi. Ona elə gəlir ki, Həlimənin cavabı bu
müəmmanı alt-üst edəcək və o, yenə əvvəlki
kimi öz düzənli aləminə qayıda biləcəkdi.
İndiki həqiqət başdan-başa
şübhələrin və gümanların içində
idi və Həsən müəllimin düzəninə əməlli-başlı
xələl gətirdi. Onun
üçün bu ikinci həqiqəti, hardansa uzaq zamanlardan
özü öz ayağı ilə gəlib onun yazı
masasına quş kimi qonan həqiqəti qəbul etmək
çətin idi.
Qəbuledilməz, təsəvvüredilməz fikirlərin
biri də o qədim zamanda oğlanla qızın necə
güləşə bilməsidir. Yazıçı demək
istəyir ki, bəzi hadisələr qəsdən, yaxud da
başqa formada şişirdilib, mümkün olmayan müəmmalar,
sirlər yaranıb.
K.Abdulla dastandakı həqiqətlərlə yeni yaranan
zidd fikirləri qarşılaşdırır, obrazların
düşüncəsində, eyni zamanda yazıçı təfəkküründə
onun mövcud variantlarını ortaya qoyur. Yeni həqiqətin
"ayaq tutub yeriməsi" qarşısını almaq.
Digər məsələ romanda yaddaşın
qayıtmasına ümiddir. Həlimənin düşüncə
tərzi, oturuşu, duruşu, ədası, hərdən qəflətən
doluxsanması Beyrəklə bağlı mükalimə
(qızın inamlı cavabı...).
Həsən müəllim Hacı Mir Həsən ağa
Səyyahın mətnlərini təhlil edir. Bu əlyazmalar
yeni həqiqətləri əks etdirir. Bütün
yarışların qalibi Beyrək deyil, Banuçiçəkdir.
Romanda digər
məsələ mühüm sirlər qarşısında
aciz qalan və onu açmağa çalışan, səy
göstərən insanın həyatının, fəaliyyətinin
həm əvvəli, həm də sonrakı hissəsidir, hiss
olunur ki, keçmişlə əlaqə birdəfəlik
üzülür, kəsilir, özü də bu geriyədönməz
bir şəkildə baş verir. Buna görə
də keçmiş özünü insanın
yaddaşına bir həkk edir - kağız üzərində
hardansa gəlib peyda olan yazılar vasitəsilə, yazılar
şəklində.
Həsən müəllimlə qızı Həlimə
arasında olan mükalimədə "Dədə Qorqud"u
oxumusanmı?
Hər halda keçmişlə əlaqə
"Dədə Qorqud" vasitəsilə də əldə
edilir.
Yazıçı Həsən müəllimin
bütün xüsusiyyətlərinin incə məqamlarını,
onun nitqini, övladına, yazısına münasibətini,
keçmişlə bağlılığını çox
incə boyalarla təsir etməyə çalışır. Çox
gözəl. Çox pakizə (bu
"pakizə" sözünü Həsən müəllim
tez-tez və sevə-sevə işlədirdi) (82).
Həliməyə - qızına bir məsələni
xatırladır, bu məsələ Beyrəklə
Banuçiçəyin ilk görüşü. O zaman deyin, onların
yarışmaları nə yarışma idi və bu
yarışmalarda kim qalib gəlmişdi?
(83).
Romanda həm real, həm də mifik obrazlar daxili təlaşı
ilə, anlaşılmaz duyğular aləmi ilə təsvir
olunur. Maraqlıdır, ata öz qızına həm
yaxın, həm də uzaq idi.
Adama elə gəlir ki, oxucunu artıq başlıqlar
maraqlandırmır, hadisələr payızda, ya qışda
baş versin, fərqi yoxdur. Amma belə deyil.
Hacı Mir Həsən ağanı nəzərdə tutaraq
"Onun payız qədər sevdiyi və ləzzət
aldığı başqa mövsüm yox idi. Elə
bu sevgisinə görə də risaləni "Payız" fəsli
ilə başlamışdı. Müəllif,
sanki demək istəyir ki, bütün sirlər payızda
yaranır, payızda qorunub saxlanılır. Payız ruhları saflaşdırdığı
üçün sirr saxlayan fəsildir, məsələnin də
canı budur. Payızda özün öz
içinə, özün özünə qayıda bilirsən.
Payızda yalançı ümidlər,
yalançı vədlər yox olub gedir. Özün
üçün yaşamaq həvəsi payızla gəlir.
Sonra qış gəlir və bunları dondurur.
Sonra bahar gəlir və bunları məhv edir.
Yay fəsli hər şeyi yenidən diriltməyə
çalışır, amma alınmır, çünki yay fəsli
huşsuzluq zamanıdır. Fəsil fəsli-
payızdır ki var (96).
Yazıçı
Hacı Mir Həsən ağa Səyyahın düşüncələri
arasında rabitə (əlaqə) yaradır: "Görəsən,
Beyrəyin və Banuçiçəyin sirri ilə tilsimə
düşmüş odunçunun sirri arasında bir rabitə
varmıdır, ya yoxmudur?!
Romanın dili oxunaqlıdır. Burada maraq doğuran cəhətlərdən
biri yazıçının sintaktik vahidlərdən kompleks
halda istifadə etməklə, mətnin, müxtəlif
dövrlərdə baş vermiş hadisələrin şərhində,
təqdimində özünəməxsus yeni üsul
tapmasıdır. Müəllif təhkiyəsində
müxtəlif tipli cümlə növləri məntiqi
biçimdə bir-birini əvəzləyərək mətndə
izahedicilik, aydınlaşdırıcılıq və əlavə
informasiya vermək funksiyası daşıyır. Belə
durumda yazıçı, hətta durğu işarələrindən
də (çox nöqtədən) ardıcıl olaraq
yardımçı üslubi vasitə kimi istifadə edir:
Şahinin gözləri ora-bura qaçırdı,
üzünə isə sanki bu sözlər
yapışmışdı: "Belə-belə işlər..."
(üç nöqtəsilə bir yerdə)
(s.282).
Obrazın
adı mötərizə içərisində verilir: onun (Həsən
müəllimin), qoca kişi (Həsən müəllim)
"keçmişin ilıq bir guşəsinə
sığınmış", "həyatından
razı", "ruhu ilə o
uzaq məkana sığınmış" (Həsən
müəllim); Günlərin bir günü (bir risaləni
yazmağa başladığı zaman) yazdığı şəhər
əhli ona öz isti münasibətini tamamən dəyişdi
(s.11). "Bamazı köynək",
"kartof qızartması, sevimli sabah yeməyi, qara fincan,
süd kasası, yazıçının obrazını - Həsən
müəllimi hobbisini digərlərindən seçib
ayırır.
Paralel
cümlələrdən çox istifadə üslubi fiqur kimi
yaxşı cəhətlərdəndir: Bir xeylax beləcənə
sükut içində qız mənə, mən qıza
baxdım. Səsi özündən gözəl
idi, özü səsindən (s.34); Məhəmməd yenə
də təəccüb dolu baxışla atasına baxır,
atası da məlul-məlul Məhəmmədə baxır
(s.38).
Kitabın
müəllifi mətnlərdə maraqlı müraciət
etiketlərindən istifadə edir: - Əhməd,
gözümün işığı, başımın
tacı, nə baş verib? (s.32), - Noldu, evə tez
qayıtdın, həyatım? (s.31).
Bu əsərin dilini səciyyələndirən əlamətlərdən
biri ifadə tərzinin özünəməxsusluğudur. Romanda təhkiyə
- ifadə tərzi demək olar ki, öncə fəlsəfi
ümumiləşdirməni (sirr konseptini) bədii nəsr
kontekstinə çevirir.
Mötərizə içərisində cümlələr əlavə konstruksiyalardan ibarətdir. Obrazın müxtəlif hərəkətləri, davranışı, jest və mimikası, digər surətlərə münasibəti, yerişi, duruşu, danışıq tərzi və s. əlavə konstruksiyalar vasitəsilə verilir. Çox zaman personajın adından sonra onun kimə üz tutduğu, hansı əhval-ruhiyyə ilə, nə tərzdə danışdığı barədə məlumat verilir. Məs.: O bilmirdi (bilməyi mümkün də deyildi) ki, bu kəsişmə nöqtəsində onun ruhu Hacı Mir Həsən ağa Səyyahın hücrəsinə sığınıb qalmışdı (s.10).
Romandan çıxan nəticəni Maks Statkeyeviçin (ABŞ) aşağıdakı fikri tamamlayır: "Kamal Abdulla yazını və sirri bir araya gətirərkən insan məhkumluğunun xüsusi təyinatı haqqında fikri inkişaf etdirir".
İzaha ehtiyac yoxdur ki, insan yaranışı, irəliləyişi, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq məhkum olunma, asılı vəziyyətə düşmə şəraitində də mövcuddur. O, dörd divar arasında məhkum durumda da yaşayıb fəaliyyət göstərə bilir. İnsan asılılığın əsasını şərtləndirir.
İsmayıl KAZIMOV
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.12-13.