XXI əsrin ədəbi tənqidi:
ədəbiyyat söhbəti
Ənənəvi ədəbi tənqiddən qeyrisini qəbul
etməyənlər nə qədər inkar etməyə
çalışsalar da, bugünkü tənqidimizdə
sürətlə "esseləşmə" prosesi gedir. Çağdaş
ədəbi tənqidimizin "cavabdeh"ləri hətta fərqində
olmasalar belə, bu prosesə qoşulublar - çoxusu janr təyinatı
olaraq onu mətnlərinə tətbiq etməsələr də,
essenin xüsusiyyətlərini öz təhlil və tənqid
yazılarına gətiriblər. Tənqidi
yaradıcılığı esseizm dominantlığı ilə
seçilən tənqidçilər isə getdikcə daha
böyük çoxluq təşkil edir. Buna görə
"XXI əsrin ədəbi tənqidi" silsiləsi çərçivəsindəki
yazılara ədəbi
tənqid esseistika fərqi qoymadan bəhs etməyi məqsədəuyğun
hesab edirəm.
Bundan öncə hər hansı bir ədəbi tənqidçinin
öz obrazını yaratdığını
xatırlamıram. "60 yaşıma 25 il öncədən T.Mustafayinin
"Ədəbiyyat söhbəti" ilə gəldim"
qeydi ilə AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas
Tehran Əlişanoğlu bizə özünün yaratdığı
esseist obrazını təqdim edir: "T.Mustafayi bir
obrazdır. Bunu mən yaratmışam. Necə ki, Məhəmməd Füzuli - Məcnunu,
Migel de Saavedra Servantes - Don Kixotu. Məqsəd
nədir; guya T.Mustafayi dağılmış,
dağınıq vəziyyətdə olan ədəbi prosesin
strukturunu, layihə üzrə, kərpic-kərpic bərpa edəsiymiş.
Yəni təkbaşınamı?"
Tehran Əlişanoğlunun yaratdığı T.Mustafayi
obrazının timsalındakı "mən"
konsepsiyası, mahiyyət etibarilə, yalnız ədəbi,
yeri gəldikcə fəlsəfi, publisistik düşüncə
və prinsiplərinə deyil, həmçinin bu məsələlərlə
bağlı sonrakı etaplardakı inkişaf perspektivinə
münasibətə də əsaslanır.
"T.Mustafayinin ədəbiyyat söhbəti" (2020)
kitabındakı esselər ötən əsrin lap
sonlarında yazılsa da, qaldırdığı problemlər
mahiyyət etibarilə əsrimizin tənqidi düşüncəsindən
fərqli deyil; məram, kontekst eynidir. T.Əlişanoğlunun bu günə
25 il əvvəl ərsəyə gəlmiş "söhbət"lə
təşrifi də, bizim həmin söhbətdən XXI əsr
ədəbi tənqidi kontekstində bəhs etməyimiz də,
kitabın sanki aradan vaxt keçməyibmiş kimi
aktuallığı ilə bağlıdır.
Tehran müəllimin kitabı geniş oxucu
auditoriyasına deyil, "...filoloqların, ədəbiyyatçıların
və ədəbiyyatsevər oxucuların marağına"
hesablanıb.
Nahaqdan deyil ki, oxucu probleminə, ötəri
görünsə də, təkrar-təkrar qayıdır.
"...bu bir əbədi-əzəli məsələ: - Sənətmi
onu yetirir, omu sənəti?" Ədəbi
prosesdə son illərə qədər də dəfələrlə
müzakirə olunan və yəqin ki, bir yerə
varılmayacağı ümidsizliyi ilə sonralar daha üzərində
durulmayan tələb-təklif məsələsi. Elə
bu problemi qaldırdığı "Sözünü o kəslərə
de ki..." essesində olduğu kimi, məsələ yenə
açıq qalır: "Bəli, belədir: - Ədəbiyyat
söhbəti olan yerdə, - qulaq verirsənmi? - ədəbiyyat
var..."
T.Mustafayinin geniş tematikaya (personaliyalar, ədəbi
hadisələr və s.) malik
"söhbətlər"ində analitik təhlildən daha
çox, düşüncə və təəssüratlar
sonunda formalaşan yekun qənaətlər üstünlük
təşkil edir. Elə buna görə
önsözdə müəllif ədəbi söhbətlərinin
ədəbi-tənqidi esseyə uyğun olduğunu yazır.
Kitabın üzərində isə janr "ədəbi-tarixi
esse" olaraq bəlirlənsə də, mahiyyət etibarilə
çox böyük fərq yoxdur. T.Mustafayi: "Mən
janrı yaxşı bilirəm; və hətta həmişə
o iddiadayam ki, məhz bu adla: Ədəbiyyat söhbəti
("ədəbi söhbət" yox ha!) - onu ədəbiyyatımıza
mən gətirmiş, vaxtilə nə az,
nə çox, yüz yazı yazmış (bax:
"press-Fakt" qəzeti, 1995-1997) və elə ilk
yazıdaca düsturunu vermişəm..." deyə, "ədəbiyyat
söhbəti"ni ümumən yeni bir janr, esse tipi kimi məhz
onun ərsəyə gətirdiyini iddia edir.
M.M.Baxtinə görə, söhbət janrı müəyyən
bir ünsiyyət vəziyyətində yaranan dilin
mövcudluğunun ilkin formasıdır. Mütləq
şəkildə kiməsə ünvanlanmış olan bu janr
özünəməxsus normativ ifadəyə malikdir. Söhbət janrında adresatın rolu vacibdir.
Zira söhbət yalnız cavab
reaksiyasının mövcudluğu halında
mümkündür. T.Mustafayinin "Ədəbiyyat
söhbəti" oxucuya müraciət etsə də, bir
növ, sualla yanaşı, cavab haqqını da özündə
saxlayan, ritorik sual
və nidalarla zəngin, monoloqlaşdırılmış
dialoqdur. Elmi-nəzəri-estetik düşüncə üzərində
intişar tapan söhbətlər
yalnız oxucu ilə deyil, ədəbiyyatın özü,
tarixi ilə də dialoqdur - qədim dövrdən
başlamış orta əsrlərə, yeni və taa
çağdaş dövrə qədər mətnlər və
müəlliflərlə. Ən sıx-sıx üz
tutduğu isə Füzuli, Mirzə Cəlil, Nəsimi, Sabir, Səməd
Vurğun...
Müəllifə görə, ədəbi söhbət
- daha çox ədəbiyyatətrafı söhbət, ədəbiyyat
söhbəti isə - "ədəbiyyatın içindən
gələn", ədəbi prosesi əks etdirən bir
janrdır. Elə bu esselərdə də bütün məsələlər
bilavasitə ədəbiyyat problemləridir. Cəmi 2 il ərzində yazılmış 100 esse
bütünlüklə ədəbiyyatımızın
dialektikasını əks etdirmək gücündə,
tutumundadır.
Kitabdakı,
demək olar ki, hər bir mətn ayrıca tezisdir: mövzu ətrafında
yarana biləcək əksər sualları üzə
çıxaran və çoxusunu dolayısı ilə
cavablandıran. Əksərən bu esselərdəki
hər bir növbəti sualı bir öncəkinin cavabı
timsalında da qəbul etmək olar. Bununla belə,
görünür, T.Mustafayinin niyyəti nəyisə aydınlaşdırmaqdan
daha çoxu - sual yaratmaq və oxucusunu
"söhbətə" cəlb etməkdir. Ümumiyyətlə,
tənqidçiləri\esseistləri oxuduqca bir şeyin də
fərqində olursan ki, əslində, çoxunun niyyəti məhz
bu diskursu formalaşdırmaqdır; adını necə qoyursa
qoysun, həmkarlarını və oxucularını prosesin
aktiv iştirakçısına çevrilməyə dəvətdir.
"Triumf,
ya özünüfaş" essesində ədəbi hadisələrə,
söhbətlərə oxucu reaksiyasının olmamasından bəhs
olunur: "Mənlə oxucu arasında guya isə də, bir
anlaşma var" deyə, müəllif "Mən" deyəndə
Ədəbiyyatı nəzərdə tutur - "Bəli, Mən
XX əsrəm - boşluqlar sakini, gər var idinsə,
var-varlığın hanı? - etirafına bənd...". Bu illər ərzində bu acı
gerçəklik dəyişməyib: ədəbi tənqidimiz bu gün də
etdiyi "söhbətlər"ə, açdığı
diskurslara rəğmən əks-sədasızdır.
Burada
çağımızın ədəbiyyatının
mövcud durumundan bəhs edilərkən, əslində,
inkişaf perspektivləri nişan verilir: "necədir?"
və "necə ola bilər?". Tehran müəllimin ədəbi düsturlarında
vacib formaya yer yoxdur, o, sadəcə, təklif edir, lakin israrla
təklif edir, mövqeyini inamla nümayiş etdirir.
"Söz sənəti, həm ədəbiyyat" essesində
müəllif filoloqlara tələbələri ilə
müzakirə etməsi üçün bir mövzu təklif
edir: "Ədəbiyyat məfhumunun (mövhumunun)
etimologiyasına dair". Əlbəttə,
oxucu dərhal "bundan sadə nə var ki?!"
cavabını verə bilər. Lakin müəllif məfhumun
qapsadığı mahiyyətdən bəhs edir, "Pravda i
vımısel geroiçeskoqo eposa" kitabında (1983) Rəhman
Bədəlovun ədəbiyyatla bağlı fikirlərinə
istinadla yola çıxır və sonda belə bir qənaətə
varır: "Bəli, bizdə şeir də var, sənət
də vardır, üstəlik, ədiblər... - nə
qalır, bir Ədəbiyyat söhbətimi?.." Bu fikir nədir -
müəllifin yazanlar çoxdursa da, gerçək ədəbiyyat
yaranmadığına vurğusumu? Elə təxminən
1 il öncə Qurban Yaquboğlu ilə
müsahibəsində də Tehran müəllim məhz belə
demişdi: "Ədəbiyyatımızda şedevr əsər
görmürəm". Əsrin dörddə
biri qədər zaman keçib, bu illər ərzində
yüzlərlə əsər oxunub, təhlil-tənqid-şərh
edilib və o vaxt ortada ədəbiyyat faktının
varlığına şübhə etdiyi kimi, hazırda da
ondan ağızdolusu danışmağın
mümkünlüyünü real hesab etmir. Xeyli düşündürücü məqamdır.
Tehran
Əlişanoğlunun bütün
yaradıcılığı boyunca izlədiyimiz bir məqam -
çağdaş Azərbaycan ədəbiyyatının
yaranıb formalaşdığı zəmin məsələsi
"Ədəbiyyat söhbəti"ndə qabarıq şəkildə
əksini tapır: "...Əl-aqibət,
çağdaşım, heç xəyalını
azdırma, gördüyün, əsrimiz XIX əsr, milli
bugünümüz milli dünən üzərində... - eləcə
dindirilməyə amac...". Müəllif israrla vurğulayır ki, ədəbiyyatımızın
çox böyük bir təcrübə qaynağı
mövcuddur və bugünkü ədəbiyyatı
yaradanların vəzifəsi onu inkar etmək yox, təcrübə
və ənənəsindən bəhrələnərək
yeni və əgər mümkünsə, daha
yaxşısını ərsəyə gətirmək
olmalıdır.
"Ədəbiyyat söhbəti" Azərbaycan ədəbiyyatından
dünya ədəbiyyatı, çağdaş ədəbi
prosesdəki gəlişmələrdən ədəbi-tarixi zəmin
kontekstində bəhs edir. Burada ədəbiyyat
bütün dövr və istiqamətləriylə birgə
bir bütövdür, tamdır. Kitabın qabarıq nəzərə
çarpan cəhətlərindən biri də diqqət cəlb
etməyən məqamların müstəviyə gətirilməsi,
müəllifinin "köhnə söhbətlər"i
yeni prizmadan çözmək cəhdidir, saysız-hesabsız
ədəbi mövqelər içrə öz mövqeyini bəlli
etmək, nümunələr əsasında sərgiləməkdir.
Çünki "Mövqe - sənətçinin Sənətə
görklü münasibətinin təsbitidir. Mövqe
olan yerdə sənətçi də var."
Çağımızın ədəbi tənqidində düşündürücü,
çox vaxt narahatedici məqamlardan biri də məhz budur.
XIX
yüzillik barədə XX əsr qeydləri edən postmodern
dövrün esseisti T.Mustafayi yeni dövr ədəbiyyatının,
əsasən, Mirzə Fətəli Axundzadənin adı ilə
bağlanmasını qəbul etmir, "Mənə qalarsa, XIX
əsr - Azərbaycanda daha çox "Seyid Əzim əsri"dir"
deyir və onu istər tipologiyasına görə, istərsə
də "dünya ədəbi prosesi"nə
uyğunluğuna görə daha müvafiq hesab edir. Bu barədə
fikirlərini isə növbəti - "Seyid Əzim əsri"
essesində açıqlayır; şairin aldığı təhsil,
etdiyi təlim, yazdığı üslub və s. meyarlarla
dünyaya daha yaxın olduğunu bildirir.
Müəllif "dünya şöhrəti" məsələsinə
münasibət bildirərkən qeyd edir ki, M.F.Axundzadədən
vaxtında xəbər tutan Avropa onu "özünün
ekzotik təkrarı bilib bənd olmamışdı". Bu məqamda
Mirzə Şəfi nəğmələrinin qısa zamanda
böyük məşhurluq qazanmasına da diqqət çəkir,
XIX yüzili sadəcə, xronoloji deyil, tipoloji hadisə hesab
edərək, onu "mədəniyyət tariximizdə sanki
özü var, izi yox" adlandırır. Tehran müəllimin klassik irsə bələdliyi
onun tənqidçi və esseist kimliyi və nöqteyi-nəzərində,
müasir dövrü əhatə edən hər növ mətnlərində
bariz şəkildə ehtiva olunur.
"Ədəbiyyat söhbəti" çağdaş
ədəbiyyatımıza tutulan tarixi-estetik
güzgüdür, sanki "onu nə qədər inkar etsən
də, qopmağa, yıxmağa çalışsan da, sən
güzgüdə gördüyündən - özündən
başqa bir şey deyilsən" deyir. Bu baxımdan
Tehran müəllimin, demək olar, bütün mətnlərində
müasir və klassik müəlliflərdən və məqamlardan
bir arada - iç-içə bəhs etməsi, onları
bir-birindən ayırmaması heç də təsadüfi
deyil, onun tənqidi üslubu üçün tamamilə
xarakterik amildir. Çünki "irs varislərindir"
deyir.
Tehran
Əlişanoğlunun ədəbiyyatla bağlı
bütün söhbətlərinin içərisində Azərbaycan
- azərbaycançılıq - millilik arayışı var.
Elə qərbin timsalında - "dünya ədəbiyyatı"
deyilənə aludə olan, milli ədəbiyyatımızı
onun bir parçası olaraq görməyən oxucuya müəllif
özümüzü - özümüzün olanı göstərməyə
ehtiyac görür: "Sözünü o kəslərə
de ki..." - bu "sovet adamı", bu Qərb
standartları, bu da əbədi-əzəli Şərq... Bəs üçrəngli bayraq? "Bəs mənim ölkəmin varlığı
hanı?" - böyük Səməd
Vurğunun misrasıyla oxucuya bir az da ritorik sual verir sanki. Məqamı
gəlmişkən, qeyd edim ki, kitabdakı esselərin, demək
olar, hamısında allyuziya və reminisensiyalar yer alır - az qala, hər yeni fikirdə bir və ya bir
neçə - müəllifin özünün və digərlərinin
ədəbi-bədii mətnlərinə göndərmələr
edilir. Buna görə hər bir ədəbi
söhbətin altındakı qeydlərdə mətnə
şərhlər verməyə gərək duyur.
Kitabın strukturuna gəlincə, müəllifin
"çevrə" adlandırdığı 2 fəsildən
- ibarətdir.
Bəs niyə çevrə? Bu sualın cavabı mətnlərin məğzi,
mahiyyətindədir. Belə ki, "Ədəbiyyat
söhbəti" lap başlanğıcda qoyduğu məsələlərə
yazı proesində ara-sıra qayıdır. Başlanğıc
və son, düşüncələr və qənaətlər
ardıcıllıqla deyil, paralel, hətta iç-içə
əks olunur - çevrə yaradır. Çağdaş
ədəbi prosesimizin çox vaxt böyük bir sual
altına alınan inkişafı da elə "çevrəvari"dir.
Tehran müəllimin orijinal bir tənqidçi üslubu
var - kimilərinə görə, çətin,
anlaşılmaz, məncə isə klassik və müasir
dilimizin bazasında formalaşan tamamən özünəməxus
bir üslubu.
Onun üslubuna xas zə(r)if ironiya bu
kitabı da əvvəldən sona kimi müşayiət edir.
Beləliklə, ümumiləşdirsək, Tehran
Əlişanoğlunun təqdim etdiyi "T.Mustafayinin ədəbiyyat
söhbəti" kitabı bizə nədən və necə
bəhs edir?
Konseptual mətnlər toplusu olan "Ədəbiyyat söhbəti"
modern milli ədəbiyyatın qət etdiyi yol və üz
tutduğu istiqaməti incələyir, bütövlükdə
Azərbaycan ədəbiyyatının mənzərəsini
cızır - xronoloji ardıcıllıq pozulsa da, nəticə
etibarilə məqsəd ənənələrə söykənən
çağdaş ədəbiyyatın tarixən
formalaşması və inkişafından bəhs edir və
bütün bunlara çağdaşlıq mövqeyindən
qiymət verilir.
90-cı illər Azərbaycan ədəbiyyatının
müstəqillik dövrünün başlanğıcı
hesab olunur və bəhsi gedən kitabdakı bütün esselər
1995-1997-ci illər arasında ərsəyə gələnlərdir. Müstəqillik özü
ilə bərabər ədəbiyyatımıza nə gətirdi:
söz azadlığı, yoxsa xaos? Bu kitabı
oxuyarkən, hər şeydən öncə, bir tənqidçi-esseistin
gözüylə müstəqillik dövrünün və
oradan baxanda əvvəlki dönəm ədəbiyyatının
necə göründüyünün fərqinə varmaq
mümkündür.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.10-11.