Filmlərdə şair
obrazları:
Moşu Göyəzənli, Lütfü, Paterson
Filmdən həyata
Şeir
yazmaq bir fərqlilikdirmi? Şeir yazan adamlar, qızlar,
oğlanlar başqalarından fərqli və seçilən
adamlardımı? Onlar nə cür münasibət gözləyirlər?
Seçilmək onların xoşuna gəlirmi? Onların
haqqında danışılanda, adları hallananda özlərini
necə hiss edirlər? Məşhur olmaq niyə
xoşlarına gəlir? Şeir yazan insanlar nə
üçün şeir yazmağa başlamışdılar?
Şeir yazmaq onları xoşbəxt etdiyinə görəmi?
Yoxsa məşhurluq iddiaları olduğu üçün? Və s, və
i...
Bir baxdıq
ki, ortaya xeyli sual çıxdı. Bütün bu
suallara müxtəlif
filmlərdə rejissorlar,
ssenaristlər cavab axtarmağa çalışıblar.
Ümumiyyətlə, sənət üçün
sənətkar özü
də çox maraqlıdır. Hər kəsi,
bütün insanları,
bütün peşə
sahiblərini tədqiqat
mövzusuna çevirib
bitirəndən sonra sıra sənətçilərə,
şairlərə, rejissorlara
da çatır.
Məsələn, "Səkkiz
yarım" filmində
rejissor Federiko Fellini yaratdığı rejissor
obrazının vasitəsilə
həm də öz iç aləminə, öz həyatına baxır.
Adını çəkəcəyim filmlərdəki
şair obrazları müxtəlifdirlər, heç
bir-birinə bənzəmirlər. Ədəbiyyat tarixinə düşmüş,
tarixin parçasına
dönmüş şairlərin
həyat və yaradıcılığına həsr
olunan filmlərdən
danışmayacağıq, yox. O filmlər bizim üçün maraqlı deyil hazırda.
Sadə şair həyatını,
yaşantılarını, arzularını, xəyallarını,
çabalarını əks
etdirən filmlərdən
söz açacağıq.
Kiminsə şeir yazdığını
biləndə biz dərhal
Moşu Göyəzənlini
xatırlayırıq. "Bəxt üzüyü"
(rejissor Ramiz Əzizbəyli, 1991) filminin
məşhur qəhrəmanı
Moşu Göyəzənlini.
Moşu kənddən şəhərə
gələn, sosializmə
inanan, dəyərlərini
təbliğ edən Sovet şairidir. Moşunun şeirə
yanaşması qəribədir.
O, sanki şeir yazmır, hər gün zavoda, fabrikə işləməyə
gedir. Şeir yazmaq Moşu
üçün ailəni
saxlaya bilmək üçün gördüyü
işdir. Moşunun
əlindən başqa
heç bir iş də gəlmir. Elə buna görə
də həyat yoldaşı Söylü
Moşunun qələmini
"çörək ağacı"
adlandırır. Moşu üçün
qələmi çörək
ağacıdır, qələmin
başqa bir anlamı yoxdur. Onun qəbul etdiyi bir şair obrazı
var, şairin sığdığı çərçivələr
var, Moşu o çərçivədən kənara
çıxmamağa çalışır,"şairə
bu yaraşır, o yaraşmır" kimi fikirlərlə hərəkət
edir. Film boyu biz onu pijamada
görürük, ütülü-qalstuklu
şair obrazı ilə zidd bir
görkəmdə.
Filmin əvvəlindən
sonuna qədər xoşbəxtlik sözünün
qafiyəsini axtaran Moşu bu qafiyəni
tapa bilmir. Filmin yaradıcıları
xoşbəxtliyin nisbi
anlayış olduğuna,
hətta heç mövcud olmadığına
işarə edirlər.
Moşu xoşbəxtliyi yaradıcılıqda
tapmalıdır, ancaq
o, xoşbəxtliyi daha
çox məişətdə,
şöhrətdə, "özünə gün ağlamaqda" axtarır.
Təpədən-dırnağa kəndli olan
Moşu Göyəzənli
çoxuşaqlı atadır,
həyat yoldaşı
ilə davranışlarında
savadsız, dünyagörüşsüz
kəndlilər kimi davranır. Ancaq xaricdən gəlmiş
qadınların qarşısında
guya mədəniləşir,
Aşıq Ələsgərdən
qoşma deməyə
başlayır.
Moşu pafosludur, bütün hərəkətləri, danışıqları
xarici görünüşə
hesablanıb, əslində
qətiyyən səmimi
deyil. Filmin başlanğıcındakı bir səhnə Moşunun səmimiyyətdən
uzaq adam
olduğunu dərhal göstərir. Ağacları sulamaq üçün
Tanrıverdi dayı Moşudan kömək istəyir. Şeir yazdığı üçün özünü
xüsusi sayan Moşu isə özünü işə
vermək istəmir, Tanrıverdi dayını sözlərlə yola verməyə çalışır,
bəhanələr gətirir.
Sağlamlığını müharibədə itirən Tanrıverdi dayı ağacları təkbaşına sulamağa
cəhd edir, ancaq quyunun başında
yıxılır. Moşunun təbiəti
tanıdığımız, bildiyimiz şair təbiəti ilə ziddiyət təşkil edir, komik vəziyyət
də burda üzə çıxır.
Moşunun timsalında biz şeirə,
ədəbiyyata şöhrət,
pul qazanmaq məqsədiylə yanaşan
"dırnaqarası" şairlərin
gülünc obrazı
ilə rastlaşırıq.
Gülya
ilə söhbətində
"Bakıdakı heykəllərin
hamısı çoşkalardır
dana" -deyən Moşu özünün də heykəlinin qoyulacağına
ürəkdən inanır.
Öz yaradıcığılına zərrə
qədər şübhəsi
olmayan Moşu Göyəzənlinin gələcək
barədə narahatçılığı
yoxdur.
Keçən il TRT efirində
yayımlanan "Tutunamayanlar " (rejissorlar Murat Zaloğlu, Osman Nail Doğan, 2020) serialının baş qəhrəmanlarından olan
şair Lütfü obrazı həm Türkiyədə, həm
Azərbaycanda böyük
maraq gördü. Təəssüf ki, pandemiyanın
ucbatından serial yarımçıq
qaldı, daimi tamaşaçılar buna
görə çox kədərləndi. Serialın nümunəvi
tamaşaçılarından biri də mən
idim. Absurd komediya janrında çəkilən serialda
marağımı ən
çox çəkən
obraz şair Lütfünün obrazı
idi. O obrazla Bakıda tanıdığım
bir çox şair dostlarımızın
arasında bir yaxınlıq, bir uyğunluq vardı.
Anasının kənddən göndərdiyi
sovqatla, pulla yaşayan, bir qarnı ac, bir qarnı tox həyat sürən, çap elətdirdiyi yeganə kitabının satılacağı günü
həsrətlə gözləyən
Lütfü şeiri,
poeziyanı səmimi qəlbdən sevir. Moşudan fərqli
olaraq, Lütfü qələminə "çörək
ağacı" kimi baxmır. Ancaq kitabının satılmağı,
şeirlərinin oxunub
sevilməyi arzusundadır.
Dolanışığını həm də
yazı-pozudan çıxarmaq
istəyi də var. Sevdiyi işlə məşğul olub həyatını da təmin etmək istəyir. İlham mələyi ilə
tanışlıqdan sonra
qanadlı pəri onu şeir yazmaqdan
çəkindirməyə çalışır, hətta
komik səhnələrin
birində "ədəbiyyat
qarın doyurmur, olsa-olsa çay içirir" deyir, Lütfü bu sözlərin heç birinə fikir vermədən yazmağa davam edir. Hətta zamanda səyahət eləməyi
bacaran ilham pərisi onu illər əvvələ aparıb, Edqar Po ilə görüşdürür,
qarnını doyuzdurmaq
üçün zibilliyi
axtaran Edqar Ponun düşdüyü
acınacaqlı vəziyyəti
göstərir, özünə
pul qazandıran bir iş tap deyir. Lütfü "sən necə
ilham pərisisən"
çığırıb ilham pərisinə acıqlanır.
"Bəxt üzüyü"
filmində biz Moşunun
bir qafiyəsini, bir misrasını da dilindən eşitmirik, xoşbəxtliyə
axtardığı qafiyəni
də tapa bilmir. Ancaq Lütfü tez-tez
gözəl, könül
oxşayan şeirlər
oxuyur tamaşaçıya.
Təəssüf ki, onun kitabını oxumağa heç ən yaxın dostlarının vaxtı, həvəsi yoxdur. Şeir yazmaqdan başqa əlindən heç bir iş gəlməyən,
anasının kənddən
göndərdiyi sovqatları
vicdan ağrısıyla,
utanaraq yeyib-içən
Lütfüdən fərqli
olaraq, "Paterson" (rejissor
Cim Carmuş, 2016) filminin qəhrəmanı
Paterson (Adam Driver) işi-gücü, öz axarında olan həyatı olan bir adamdır.
Yaşadığı şəhərlə eyni adı daşıyan
Paterson avtobus sürücüsüdür,
sevdiyi, dəyər verdiyi həyat yoldaşı ilə bərabər yaşayır.
Əkiz uşaqlarının
olması arzusundadırlar,
sevimli bir itləri var. Paterson sübh
tezdən yuxudan durub hər səhər eyni səhər yeməyini yeyir, işə yollanır, bütün günü sükan arxasında bütün şəhəri gəzib dolanır, axşam evə qayıdanda poçt qutusunu yoxlayır, (hər kəsdən fərqli olaraq, Paterson mobil telefon işlətmir, kompüteri yoxdur) sonra hər gecə iti götürüb
gəzməyə çıxır,
bara gedir.
Sevdiyi qadın Laura isə bütün günü evdə başını qatan işlərlə məşğul olur, darıxmasın deyə evi boyayır, şirniyyat bişirir.
Kiçik biznes qurmaq,
şirniyyat satmaq arsusundadır.
Paterson sadə, ancaq
həyati şeirlərini
dəftərinə yazır,
ancaq hərdən şeirlər barədə
sevdiyi qadına danışır. Onun şeirlərini çap
etdirmək, məşhur
olmaq, hamı tərəfindən şair
Paterson kimi tanınmaq
arzusu yoxdur. Bunun üçün heç bir səy göstərmir.
Hətta
təsadüfən bir
yapon şair ondan şair olub-olmadığını soruşur,
"mən şair deyiləm, avtobus sürücüsüyəm" deyə cavab verir. O, şeir yazmağı sevdiyi üçün şeir yazır. Hətta Laura tez-tez ona
şeirləri çapa
göndərmək lazım
olduğunu xatırladır,
onu həvəsləndirməyə
çalışır. Patersonun belə bir istəyi
olmasa da, Lauranı razı salmaq üçün şeirlərini çap etdirəcəyini deyir.
Lakin şeirləri çap etdirmək Patersona nəsib olmur. Patersonun dəftəri Lauranın itinin pəncəsinə keçir, Marvin bütün
səhifələri çeynəyib
tökür. Bu hadisədə Lauraya Patersondan daha pis təsir edir. "Kaş
ki son şeirlərini
mənə oxumuş olsaydın, onda onları xatırlaya bilərdim" deyir.
Paterson cavabında: "Önəmi
yoxdur. Sadəcə kəlmələr. Suya yazılmış sözlər " - deyir.
Filmin sonunda
Paterson həmişə oturduğu
parkda yeni bir şeirini düşünməyə başlayır. Təmənnasız, xüsusi bir məqsəd güdmədən.
Filmdəki hadisələr bir həftə ərzində
baş verir. Bazar ertəsi, Çərşənbə
axşamı, Çərşənbə,
Cümə, Cümə
axşamı, Şənbə,
Bazar... Və növbəti bazar
ertəsi Paterson səhər
yuxudan ayılır, saatını qoluna taxır, qaldığı
yerdən həyatına
davam edir. O, yenə avtobus sürəcək və sevimli şeirlərini yazaraq xoşbəxt olacaq.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.11.