Koronavirus epidemiyasıyla əlaqədar "evdə oturmaq" məcburiyyətinin mənə bir xeyri dəydi. Uzun illərdən bəri səliqəyə sala bilmədiyim arxivimdə kitabxanamda az-çox sahman yaratdım. Arxivimdə çox-çox illər bundan əvvəl yazılmış mətni tapanda həm qüssələndim, həm sevindim. Bu, Vaqif Səmədoğlunun mənə həsr olunmuş yazısı idi. Mətnin bir qismi 1970-ci ildə "Молодёж Азербайджана" qəzetinin 31 mart sayında dərc edilmişdir. Mətnin altında Vaqif Səmədoğlu deyil, Vaqif Vəkilov imzası qoyulduğuna görə aydındır ki, bu məqalə təxəllüsü qəbul etdiyindən qabaq yazılıb. Yazı mənim Moskvada ilk nəşr edilən "Dantenin yubileyi" adlı kitabıma həsr olunub. Həm qəzetdə çıxan mətni, həm məndəki əlyazmasında ixtisar edilməmiş parçaları ilk dəfə öz dilimizdə təqdim edərkən elə bir hiss keçirirəm ki, sanki əziz, unudulmaz dostum Haqq dünyasından mənim ad günümü təbrik edir.

 

ANAR

 

Əbədiyyat qəzeti.- 2021.- 13 mart.- S.2.