"Dantenin yubileyi" haqqında düşüncələr
Bu kitab başqalarını
anlamaq istəyən və başqaları tərəfindən anlanılmaq
istəyən adamın
kitabıdır. Bu kitab
yazmaq, sevmək və vətəndaş olmaq istəyən insanın yaradıcılığının
bir parçasıdır.
Anarın da mənsub
olduğu yeni nəslin fikirlərini və ümidlərini əks etdirən kitabdır bu.
Anar dənizə
və Azərbaycan dilinə, Gürcüstana
və Moskvanın Manej meydanına yağan qara heyran olan insandır. Anar elə
yazıçıdır ki,
onun əsərlərində
zamanın şablon düşüncələrindən doğulmuş boş yerlərə rast gəlməzsiniz. Yıpranmış üsullar və kimisə təkrar etmək ona yaddır. Xırda dəqiqliklərə meyil etmir. Ona əta olunan böyük Allah vergisi elədir ki, o, hər yerdə, hər addımda poetik cəhəti görmək və gördüklərini yüksək
zövqlə canlandırmağa
qadirdır. Hardasa eşitdiyi
maraqlı bir cümlə görürsən
bütöv bir hekayəyə çevrilir,
böyük bir əsərin yadda qalan detalı olur. Bu isə
yalnız istedadlı deyil, həm də çox xeyirxah və namuslu yazıçılara
xas olan cəhətdir.
Ədəbiyyat böyük bir ölkədir və bu ölkəyə səfərə çıxanda
çoxları öz
qabında nə olduğunu bilmir. Olsun ki,
bu səyahətdə
ilk addım elə son
addıma çevrilir.
Səyahətin ilk və
son dayanacağı - qəbiristanlıq
da ola
bilər. Daxilən kasıb adam
bu ölkənin ərazisini, onun hüdudsuz sahələrini
keçə bilməz.
Anarın yazdığı hər mətndə çox böyük biliklər ehtiyatı və ümidlər zənginliyi
toplanır. O, bilmədiklərini
bilmək ehtirasıyla
və artıq bildiklərini, təcrübəsini
bölüşmək həvəsiylə
yaşayır, yazır.
Bir sözlə, bayaq söylədiyim kimi, qabında nələr varsa səxavətlə xərcləyir.
Çap olunmuş elə ilk yazıları nadanlığın
küt süngüsüylə
qarşılandı. Çox
keçmədi ki, bu iradların biri - ənənələrə
hörmətsizlik iradı
- unuduldu.
Yeni iradlar meydana çıxdı. İndi onları
heç xatırlayan da yoxdur. Hansı əyri gözləsə onun yazılarında tünd-qara rəngləri
görürdülər. Mətnin özünü bir qırağa qoyub sətrlər arasında gizli asi mənalar
axtarırdılar. Əgər təpikləyə
bilmirsənsə, heç
olmasa bədbinlikdə
ittiham elə. Amma axı ədəbiyyat səbəbsiz nikbinlik qapısında yaşıl
işıq yandırmır.
"Dantenin yubileyi"
povestində Kəbirlinski
həyatda vurnuxur, taleyinin dar küçələriylə
şütüyür. Bəlkə də
heç pis olmayan adamlar ona qarşı biganə, laqeyddirlər.
O, insanların arasında
yabançı görünür.
Tutalım hər həftə
radioda ifa etdiyi tülkü rolu növbəti müəllif tərəfindən
nəzərdə tutulmayıb.
Deməli, Kəbirlinskiyə ehtiyac yoxdur. Amma ürəyi yumşaq
"səhnə ulduzu"
biçarə aktyoru umsuq olmağa qoymur, onunçün məxsusi kiçik rol - "çaqqal obrazı" uydurur, Kəbirlinski də razı qalır. Hər halda ona da iş
tapılıb. Kəbirlinski belə düşünür,
özünə belə
təsəlli verir.
Yazıçı Anarın bu
povestdəki qəhrəmanı
kimdir? Böyük xariqələr yaradılan
bir dövrdə, yeni dünya quran insanların arasında bir Kəbirlinski kimisi də yaşayır.
Sütül alma ağacı möhtəşəm
palıdların böyüründə
boy atdığı kimi
yaşayır. Avarlı qayıq
okean laynerlərinin böyüründə üzən
kimi üzür.
O, həyatın böyük
tablosunun kiçik, amma vacib bir
ünsürüdür. İnanın ki, Kəbirlinskisiz bu əzəmətli həyat mənzərəsi
daha sönük, daha solğun olardı. Ona görə də
Anarın Kəbirlinskisi
oxucular üçün
böyük və güclü insanların obrazları qədər doğmadır. Həyatın
bir ünsürü olan "kiçik adam" yazıçı
qələmiylə böyük
sənət əsərinin
obrazına çevrilir
və buna görə müəllifə
minnətdar olmalıyıq.
Yazıçının bədii aləmi onun ailəsidir və o, güclü, parlaq ailə üzvləriylə qürur
duyduğu kimi, zəif, uğursuz qohumlarının da qayğısını çəkməlidir,
lazım gələrsə,
onlara qahmar durmalıdır, onları
incidənləri cəzalandırmalıdır. Anar Kəbirlinskiyə
yardım əlini uzadaraq, başqalarının
da onu anlamasına
yol açır.
Anarın qəhrəmanları doğuluşdan
ölümə qədər
gülüb nəşələnməklə
gün keçirmirlər,
onlar yaşayırlar
- sevincləriylə, kədərləriylə. Onların
talelərində hər
şey ola
bilər: - qanunauyğun
məqamlar da, təsadüfi görüşlər
də. Bütün bunlar bir-birinə
qovuşaraq gözəl
və həqiqi ədəbiyyat dünyası
yaradır.
İnsana nə isə bir şey gərəkdir,
heç olmasa bir əşya. Anarın bütün
yazılarından bir-birinə
bənzəməyən müxtəlif
şəkillərdə bu
tema keçir. "Ağ liman"
povestində qoca mühasibin telefonu onun həyanıdır, Heç kəs ona zəng eləməsə
də, özü heç kəsə zəng etməsə də, tənha yaşadığı evində
özünü yalqız
hiss etmir. Telefon ona
yaxınlarını əvəz
edir. Mehrini itə, ya pişiyə salanlar kimi, o da telefonuyla
isnişib. İtin hürməsini,
pişiyin miyoltusunu telefon zümmeri əvəz edir. Və nəhayət, özü-özünə
telefon etməklə təskinat tapır. Bu barədə hekayə
də yazmaq olardı, Anarda bu yalnız təsirli bir povestin təsirli epizodudur.
Ümumiyyətlə, Anarın yaradıcılığında
məişətdə istifadə
etdiyimiz cihazlar süjetlərin tamhüquqlu
personajlarına çevrilir. "Keçən ilin son gecəsi" hekayəsində
olduğu kimi onlar böyük məna daşıyıcılarıdır.
Cihazların şəxsi
adları yoxdur, amma öz taleləri
var... Qoca müsahibin telefonu
"Mən, sən, o
və telefon" hekayəsindəki telefona bənzəmir. Onların
sahibləri bir-birinə
bənzəmədikləri kimi...
Anarın elə həmin hekayəsində təyyarənin
uğultusu da süjetin diri iştirakçısıdır. Əşyalar, cihazlar, səslər insan taleləriylə bağlanır və sanki özləri də canlanır, dirilirlər. Sonralar əsasında
pyes yazdığı
"Keçən ilin
son gecəsi" hekayəsində
maqnitofon həm müttəhim, həm ittihamçıdır, süjetin
həm iştirakçısı,
həm müşahidəçisidir.
Ümumiyyətlə, Anar nə yazırsa
yazdıqları əyanidir,
görümlüdür. Onun hekayə
və povestlərini oxuyarkən elə bil kinokameraya ehtiyac duyursan ki, bütün bu epizodları çəksin. Bir çox
nəsr əsərlərinin
səhnələşdirilməsi və ekranlaşdırılması
təsadüfi deyil.
Bir neçə
kəlmə də Anarın "Asqılıqda
işləyən qadının
söhbəti" hekayəsi
haqqında demək istəyirəm. Bu mətndə
əslində, ustalıqla
işlənmiş iki
hekayə var - qoca qarının asqılıqda paltoları
asılan iki gəncin məhəbbəti
haqqında söhbəti.
Bir də qoca qarının özü haqqında hekayə... Bu hekayəni yəqin ki, çətin tərcümə
etmək olar, şeiri çevirmək çətin olduğu kimi... Çünki hekayə Azərbaycan
dilinin müxtəlif dialektlərində yazılıb.
Öz ömründə
də, yaradıcılığında
olduğu kimi Anar həyatın ona göndərdiyi hesabları məntiqiylə
və xeyirxahlığıyla,
istedadıyla və səxavətiylə ödəyir. O, heç
vaxt ictimai və intellektual passisliyə məruz qalmır. Onun ictimai və
intellektual fəaliyyəti
Azərbaycan ədəbiyyatının
dəyərlərinin keşiyində
dayanır. O ədəbiyyatın
ki, o, bağbanın və bənnanın əməyilə, balıqçının
həyəcanlarıyla və
Təbriz xalçalarının
naxışlarıyla bir
sıradadır.
Bu gün Anar Azərbaycanın ən məşhur ədiblərindəndir. Yazıçı kimi qazandığı nüfuzundan savayı, o, bütün nəsillərdən
olan qələm sahiblərinin böyük
hörmətinə və
ehtiramına nail olmuşdur.
Məişətdə iddiasızdır, sadədir. Ailəsinə və dostlarına bağlıdır. Tez-tez Moskvada
təhsil illərini xatırlayır. Dostlarının hər uğuruna sevinir və onlar işlə məşğul olanda özü də rahatlaşır. Hamını, hətta bəzilərinin izahsız hərəkətlərini
başa düşməyə
çalışır. Və istəyir ki, onu da başa
düşsünlər.
Vaqif SƏMƏDOĞLU
Əbədiyyat qəzeti.- 2021.- 13 mart.- S.2.