Yazıçı
Anarın hünəri
Sıradan yazı
Zəmanəmizdə
Ədəbiyyatı bilən, təmsil edən, Sarvanı olub
Karvanını yönəldən, özü bir Ədəbiyyat
olan yazıçılarımız az-azdır. Söhbət, əlbət
ki, Anardan gedir.
Anarın
belə bir yazısı var: "Şairin hünəri"; gərək
ki, Nəsiminin 600 illik yubileyi illərində
yazmışdır. Bu sıradan daha iki essesini
xatırlayıram: şair babamız Füzulidən söz
açan "Şairin kədəri" və şah
babamız Xətaidən bəhs edən "Şairin zəfəri".
Və bir də məşhur Mirzə Cəlil yangısı:
"Anlamaq dərdi", habelə bu qəbil onlarla klassik
yazıları. Anar hələ cavan yaşlarından
müasirliyə ton verdiyi kimi, klassikaya yön verməyi də
bacarmışdır.
Anarın
fanatı olaraq yazıçını son illərdə
"Ədəbiyyat qəzeti"ndən izləyə bilirəm;
və baxıb görürəm ki, 60 il olduğu kimi, Anar yenə
də missiyasını “yoruldum” demədən
daşımaqdadır. (Yaradıcılığının 60
ilinin tamam olduğunu da qəzetdən oxudum - ƏQ, 12 dekabr
2020). Missiya ağır məsələdir və Anar son illərdə
ağırlıq mərkəzini
yaradıcılığının məhz esse, məqalə,
tənqid-təhlil qoluna ötürmüşdür.
Ucundadır
dilimin həqiqətin böyüyü: Əlibəy
Hüseynzadə (ƏQ, 21 sentyabr 2019), Məhəmməd Hadi
(ƏQ, 30 noyabr 2019), Nazim Hikmət (ƏQ, 2 noyabr 2019), Abay
(ƏQ, 8 fevral 2020), Seyid Hüseyn, Abdulla Faruq (ƏQ, 23 noyabr
2019), Qantəmir (ƏQ, 7 dekabr 2019), Səməd Behrəngi
(ƏQ, 8 avqust 2020)... - Anarın son illər klassikası. Anar
indi məhz o klassiklərdən yazır ki: Ədəbiyyat
dünyasının nəinki uzaqlığında pərən-pərən,
yüz il qənşər yerisək də, bəlkə bir
tarixin bu uzaqlığından yaxın, bugün kimi
görünə bilirlər. Elə faktik və taktik yazır
ki, keçmişi qınayırıq da, qınamırıq
da; qınamaqdan keçib daha, sadəcə özümüz
olalım, bəlkə bir sabaha baxa biləyim deyir. Anar
bugün soyuq yazır; hərçənd həmişəki sərt
realizminə yaraşan şəkildə, elə soyuq ki,
başlardan istilər qopara bilir. Anarın klassikasından
adda-budda bütöv Turan boylanır, baxdığımız,
baxmalı olduğumuz səmtlər şəkillənir.
Odlar
yurdunun küləklər şəhəri - Bakı (ƏQ, 13
iyul 2019), Böyük bəstəkar, böyük vətəndaş
- Arif Məlikov (ƏQ, 11 may 2019),
Fellinini düşünərkən (ƏQ, 25 yanvar 2020),
Həsən Seyidbəyli haqqında, Rejissor Eldar Quliyev (ƏQ,
27 fevral 2021)... - Anarın musiqi, kino, sənət
dünyası; xatirə-anım dünyası,
"Qobustan" dünyası. Anar xatırlatdığı sənət
adamlarının ardınca məhz o nöqtələrdə gəzişir
ki, gözəl sənətlərdəki təki, Azərbaycan
ədəbiyyatının da müasirlik damarlarını
qapsayır, görükdürür. Ol zamanlarda olur ki, nostalji
olmağına söz yox; dürüstlük gərəkir:
bir daha, bir daha ol Sabahlara yetəməməyimiz
ağrıdır. Anar fiksə edir: "Kim nə deyir, desin, mən
qəti əminəm ki, altmışıncı illər ədəbiyyatımızın
qızıl dövrü idi..." (ƏQ, 12 dekabr 2020)
Yaradıcılığının
60 illiyini təntənə edən Anar həmişə, hər
yerdə 60-cıların haqqına müntəzirdir,
haqqına girən varsa, gecikmir. Bir gileyində deyir ki:
"Altmışıncılar" haqqında tez-tez yazanda məni
bəzən məhz həmin nəslin uğurlarını təbliğ
etməkdə günahlandırırlar. Mən də dəfələrlə
izah etməli olmuşam ki, altmışıncı illərin ədəbiyyatı
və incəsənəti barədə söz açanda
çətin yeniləşmənin yükü məhz
onların çiyinlərinə düşsə də,
yalnız həmin illərdə yaradıcılığa
başlamış gənc sənətçilər nəslini
nəzərdə tutmuram. Mən yaşlı nəslə mənsub
olan sənətçilərin də yeni istiqamətdə
işləmələrinə imkan verən Zamanı nəzərdə
tuturam..." (ƏQ, 27 fevral 2021) Akademik İsa Həbibbəyli
təsdiq edir: "Xalq yazıçısı Anarın
simasında Azərbaycan altmışıncılarının
yaratdıqları altmiş illik ədəbiyyat
xalqımızın əbədi mirasına çevrilmiş əsl
ədəbiyyatın canlı nümunəsidir" (ƏQ, 30
dekabr 2020)
Anarın
bütöv bir Ədəbiyyat epoxasının başında
durduğunu, deyəsən, daha heç kim danmır. Bir yeni
Ədəbiyyat, yeni Dünya, yeni İnsan quruculuğu ilə
yox, həm hərtərəfli: bu Ədəbiyyatın
("60-cılar") keşiyində nəzəriyyəsi-praktikası-fəlsəfəsi,
ədəbi-təşkilati, publisistik-gündəm, sosial,
mülki-müdafiə nəzərlərindən də tam
başarısı ilə. Bu baxımdan Anarı bəlkə
bir, daha əvvəlki Ədəbiyyat ("sosrealizm")
epoxasının azmanı Mirzə İbrahimovla müqayisə
etmək ola; hər Epoxanın öz fəlsəfəsi,
çətinlikləri, öz qəhrəmanı olsa da.
Bu hünəri
"Azərbaycan Yazıçılar Birliyinə" 85 illik
yubiley təbrikində Respublika Prezidenti belə dəyərləndirir:
"Birlik totalitar sovet rejiminin ədəbi fəaliyyətə
sərt direktivlərlə istiqamət verdiyi ideoloji yasaqlar
dövründə yaransa da, ədəbi nəsillər
arasında varisliyi təmin etmiş, ictimai fikrin milli
özünüdərk zəminində
formalaşdırılması, ana dilimizin
saflığının qorunması və bədii sərvətlər
xəzinəmizin zənginləşdirilməsində əhəmiyyətli
rol oynamışdır. Birliyin xalqımızın azadlıq
ruhunun canlandırılması, mübarizə əzminin
gücləndirilməsi və istiqlal duyğusunun dirçəldilməsində,
dövlət müstəqilliyimizin mənəvi əsaslarının
möhkəmləndirilməsində xüsusi xidmətləri
vardır" (ƏQ, 21 dekabr 2019)
AYB - Azərbaycan
yazarlarının bugün zamanın Qlobal yellərindən
sığındığı bastion, qüdrətli
komandanı - Anar: "Yəqin ki, Nizami Gəncəvidən
Nizami Cəfərova qədər heç bir Azərbaycan
yazıçısı mənim qədər hücumlara hədəf
olmayıb. Özü də altmış il ərzində, iki
müxtəlif siyasi quruluşlarda..." (ƏQ, 13 aprel 2019)
Başqan Günün nəfəsini ifadə edir, AYB-ni hər
növ həmlələrdən qoruyur, zamandan zamana adladır,
yeri gələndə Prezidentə minnətçi
düşür, Vitse-prezidentə minnətdarlıq edir
(ƏQ, 24 avqust 2019), sabahları xəyalat edib "Heydərabad"
qurur; 1 mart 2019 tarixində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva ilə mədəniyyət və incəsənət
xadimlərinin bir qrupunun görüşündə Anarın
çıxışı, uzaqgedən düşüncələri,
istəkləri, təmənnaları həmişəki kimi sərrast,
yerində (ƏQ, 2 mart 2019). Hamının yadında: qələm
əhli, yazıçıların günü-güzəranlığı
naminə, yazdıqları, bəlkə yaza biləcəkləri
eşqinə; şikayətləri də burdan: "Elə bil
mənimçün deyilib: Çölüm özgəni
yandırır, içim özümü..." (ƏQ, 13
aprel 2019). Ələlxüsus, ətrafda "ədəbiyyata
arxa qapıdan girənlər" sıxlaşırkən, 30
ilin AYB başqanlığını haqq edir Anar.
Qarabağ
məsələsi necədir. 30 illik savaş dövründə
yazıçının qələmini həmişə
barışmaz, mübariz, iti görmüşük. 30 illik
müharibə əhval-ruhiyyəsində Anarın heç
zaman dekadansa uyduğunu görməmişəm. "Mən
xalqlar arasında binədəngəlmə, fatal düşmənçiliyə
inanmıram. Xalqların, insanların, siniflərin, dinlərin
bir-birinə qənim kəsilməsinə inanmıram..."
(ƏQ, 12 dekabr 2020). II Qarabağ savaşı günlərində
dərc olunan, hələ 2000 və 2001-də qələmə
aldığı iki şeiri (ƏQ, 24 oktyabr 2020),
"Gözün aydın, Şuşam, gözümüz
aydın!" essesi (ƏQ, 14 noyabr 2020), Fransa senatının
"tələsik və biabırçı" qərarına
qarşı qəzəbli reaksiyası (ƏQ, 5 dekabr 2020)
Anarın Qarabağ məsələsində dəyişməz
və inamlı mövqeyinin son təzahürləridir:
"Doğrudanmı, fransız senatorları (onlar isə əksəriyyət
imiş) elə bisavaddılar ki, bilmirlər Azərbaycan Ermənistanın
yox, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zəbt
edib..." (ƏQ, 5 dekabr 2020)
Anarın
son illər qələmindən bir xeyli yubiley təbrikləri
keçir; vaxtı çatanda Ədəbiyyatda yerini
gördüyü, zəhmətinə önəm verdiyi
yubilyarlara diqqətini əsirgəmir. Firuzə Məmmədli
- 80 (ƏQ, 11 yanvar 2020), Azər Abdulla - 80 (ƏQ, 19 iyun,
2020), İsa Həbibbəyli - 70 (ƏQ, 5 oktyabr 2019), Kamal
Abdulla - 70 (ƏQ, 5 dekabr 2020), Səyavuş Məmmədzadə
- 70 (ƏQ, 10 oktyabr 2020), Tehran Əlişanoğlu - 60
(ƏQ, 18 yanvar 2020)... Anarın yubiley yazıları
bambaşqadır; heç zaman rəsmi olmur, yubilyarla ilk,
şəxsən tanışlığından elə əyani,
görümlü notlar alır ki, anındaca onu (yubilyarı)
Ədəbiyyatın, mədəniyyət epoxasının
içində görürsən. Anarın yubilyara münasibəti
fərdi-intim olduğu qədər də ictimaidir,
epoxaldır; Ədəbiyyata girdiyi andan
daşıdığı "yük"əcən dəyərini
mükəmməl bilir, fiksə edir. Bu, yubilyara bütöv
bir dövrün, Epoxanın baxışları, qiymətidir.
Yaşamaq
haqqı və "Yaşamaq haqqı" (Bakı,
"Qanun", 2020). Ötən il Anarın bu adda nəhəng
bir kitabı çıxmış, möhtəşəm bir
abidə qoyubdu ortaya. Bu haqda çoxları yazdı. Mən
Anarın "Yaşamaq haqqı"nı dostum Əjdər
Olun "Yaşamaq haqqında"n (ƏQ, 16 may 2020) xəbər
tutdum. Yazıçının şəksiz hünəri
göz önündə; təfsilat o qədər müfəssəldi
ki, çox istədim Kitaba mən də toxunam. Üz
tutduğum kəslər bir bərəkət kimi
qıymadılar. Haqq etdilər bəlkə də.
Günümüzdə Yaşamaq haqqı ən ümdə bərəkətimizdir.
Odur ki, əvəzində bu yazını yazdım. Anarın
fanatı olaraq. Düşündüm bəlkə xoşa gələm,
"Yaşamaq haqqı"nı ərməğan alam. Ədəbiyyat
vasitəsilə (qəzeti nəzərdə tuturam) əlbəttə.
Hərçənd
Yazı bir az pafoslu alındı. Olsun. Anar haqqında pafossuz
yazmaq günahdı, məncə.
Sayğılarımla, Sıravi.
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.3.