Dördüncü qapı
Sonanın həyatı
barədə hekayə
...sonra,
elə bil, damcıladı və Sona əlini pəncərədən
çölə uzatdı - yox, damcılamırdı.
Dünən
günortadan hava tutulmuşdu və sinoptiklər də
yağış vəd etmişdi, buludlar da get-gedə göy
üzünü qaraltmışdı, amma heç cürə
yağa bilmirdi və Sona gözlərini yenə göyün o
qaranlığından çəkib, qarşıdakı
uşağa baxdı və gülümsədi.
Küçənin
o biri tərəfində, Sonagillə üzbəüzdə
ikimərtəbəli köhnə bina var idi və həmin
binanın da küçə tərəfə taxta eyvanı
çıxırdı və cavan bir ana iki-üç
yaşlarında olan bir uşağı - oğlan idi, qız
idi? - bilinmirdi - eyvanda havaya çıxartmışdı.
Cavan ana uşağın boynuna şərf bağlayıb, onu
o qədər qalın geyindirmişdi ki, balaca
kürkünün başlığı da gözünün
üstünə düşmüş uşaq, elə bil,
uşaq yox, gombul bir top idi. Birdən o gombul top əlini
qaldırıb, başlığını arxaya dartdı və
məlum oldu ki, bu gombul top balaca qız imiş. Cavan ana da o
saat nəsə deyə-deyə - yəqin, uşağa
acıqlanırdı - başlığı yenə
qızın başına çəkdi.
Küçədən
tək-tük maşın ötürdü və elə tək-tük
də adamlar səkidə iti addımlarla o tərəf-bu tərəfə
gedirdi, elə bil, günortanın tutqunluğu,
çölün bu bozluğu onları harasa sürükləyirdi.
Ancaq
hara?
Və
Sonanın dodaqlarından bir təbəssüm ötüb
keçdi - hə, hara?
Bir
müddət də pəncərənin qabağında
dayanıb, iti addımlarla addımlayan o adamların ardınca
baxdı, sonra pəncərəni bağladı.
Sonagilin
mənzilində üç otaq var idi, üçünün
də qapısı arakəsməyə
açılırdı, ancaq bu mənzildə
dördüncü bir qapı da var idi və bu
dördüncü qapıdan heç kimin - hətta Qiyasın
da, Sevilin də xəbəri yox idi.
Həmin
tutqun payız günü Sona pəncərənin
qabağından ayrılıb, həmin dördüncü
qapını açdı və içəri girdi - içəri
girən kimi də gözəl razyana qoxusu ilə sinə
dolusu dərindən nəfəs aldı, o qoxu bütün
içinə yayıldı.
Razyana
əslində, çöldə, çəməndə bitir,
ancaq bu razyananı Sona özü əkmişdi, özü
suvarıb böyütmüşdü və bu razyana daimi idi,
heç vaxt saralıb-solmurdu, çünki bu gözəl məkanda
fəsilləri də elə Sona özü müəyyən
edirdi, qışı da, yazı, yayı da, hətta bəzən
yolu-düzü qızıl sarısı xəzəl
bürümüş payızı da.
Sona
gülümsədi - hər tərəfi ağappaq qar
bürümüşdü: düzü, təpələri də,
adda-budda ağacları da və o ağacların şaxələnib
pırpızlaşmış qarlı budaqlarında elə
bil, bir Məcnun sevdası var idi.
Birdən
o təpələrin birindən iri bir top yuvarlandı və
yuvarlana-yuvarlana gəlib dayananda məlum oldu ki, top yox,
eyvandakı o gombul qızdır. Ancaq bu gombul qız bir təhər
ayağa qalxıb, çırpınıb, kürkünü əynindən
atandan sonra bu da məlum oldu ki, o, daha uşaq deyil,
böyüyüb, artıq yaşlı bir qadındır və
düzü, təpələri bürümüş o gözəl
qar da, elə bil, balaca qızın kürkü əynindən
çıxarıb atmağına bənd imiş, yox olub
getdi.
O
yaşlı qadın həmin üzbəüz taxta eyvanda
oturub tum cırtlayırdı və tum cırtlaya-cırtlaya
da biganə nəzərlərlə küçədən
ötən elə həmin maşınlara, səkidə iti
addımlarla addımlayan həmin adamlara baxırdı.
Və
o biganə baxışlar gözəl razyana qoxusu ilə daha
heç cürə uyuşmadı və gözəl bir yaz
axşamı, qurub çağı idi. Uzaqdan qaraltısı
görünən o qayıqlar dənizin üzərindəki
qıpqırmızı qürub xətti boyunca
üzürdü və o qürub xəttinin
qırmızısında bir istilik, bir hərarət var idi.
Sona özü də o qayıqlardan birində idi.
Balaca bir qayıq idi və avarlar şappıltıyla
suya dəydikcə, narın su damcıları Sonanın
ayaqlarına, qollarına sıçrayırdı. O narın su
damcılarında soyuqluq deyilən bir şey yox idi və əksinə,
o damcılarda elə bir təmiz hərarət vardı ki,
sıçradıqca Sonanın ürəyini
qızdırırdı.
Avarı
çəkən kim idi? O-o-o!.. Hə, özüdür ki var: Aslan müəllim
idi. Qayıqda oturmuş Sona ona baxırdı, o
axmaq da gözlərini dənizin sularından çəkmirdi.
Müəllimə axmaq deyərlər? Nə müəllim? Sona onuncu
sinifdə oxuyurdu, Aslan müəllim də universiteti təzəcə
bitirib, məktəbdə onlara fizikadan dərs deyirdi,
aralarında cəmi-cümlətanı altı-yeddi yaş fərq
olardı. İndi bu onuncu sinif şagirdi
Sona neyləməliydi? Özü deməliydi
ki, mən sənə vurulmuşam?
Sona güldü.
Yazıq Aslan müəllim hardan gəlib
çıxdı, hə?
Bir
neçə gün əvvəl maşınla keçəndə,
aptekin yanında dayanmış bir kişi
gördü, deyəsən, Aslan müəllim idi,
saçı seyrəlib ağarmışdı, özü də
xəstəhal adama oxşayırdı. Bəlkə o, deyildi,
başqa adam idi? Ola bilər, aradan, bax də,
iyirmi neçə il keçib.
Hə, deyəydi ki, sənə vurulmuşam, ay Aslan
müəllim?
İlk gənclik vaxtlarıydı də... Romantik xəyalların
komik qəhrəmanı Aslan müəllim... Hə,
deyəydi ki, sənə vurulmuşam, ay Aslan müəllim.
Aslan da deyəydi ki, mən də sənə
vurulmuşam, amma ürək eləyib sənə baxa bilmirəm,
buna görə də gözlərimi dənizə zilləmişəm.
Onda nə olacaqdı? Bu gözəl
aşiqlər ailə quracaqdılar? Bəs,
sonra nə olacaqdı? İllər
başqa cür keçəcəkdi? Hər
şey belə olmayacaqdı, başqa cür olacaqdı? Necə? O dolmuş qara buludlar
boşalacaqdı? Çölün də o
bozluğu adamın üzünə güləcəkdi?
Yox, heç nə dəyişməyəcəkdi, Aslan
müəllim.
Sona güldü.
Yatsaydım, heç yuxuma da girməzdin, ay Aslan müəllim,
indi nə oldu, hardan gəlib çıxdın? Yox, ay qız,
Aslan deyildi onun adı, Adil idi, hə, Adil, Adil müəllim.
Əgər aptekin yanında dayanan o adam sən
idinsə, Adil müəllim, sağal, sağlam ol, səni
aptekdən çıxan görməyim, restorandan
çıxan görüm.
Sona yenə
güldü - bir az da ürəkli ol.
Guya ki, restoranla aptekin bir fərqi var?
Və bütün göy üzünü parpar
işıldayan ulduzlar bürüdü. Göydə
milyon ulduz var idi, ancaq hələ bu nə idi ki? Kainatda neçə trilyon qalaktika var - sayını
bilən də yoxdu, hər qalaktikada da milyardlarla, yüz
milyonlarla ulduz var. İndi bunun müqabilində biz kimik, ay Adil
müəllim? Hə? Dayan. Hara getdin sən? Qorxub
qaçdın? Mən də, sən də,
bax, gombul topa oxşayan o uşaq da, onun atası, babası da,
gələcəkdə onun uşaqları, nəvə-nəticələri
- biz kimik?
Yaxşı, bu səfeh fikirləri bir tərəfə
ataq, çünki dünyada gözəl möcüzələr
var, Adil müəllim.
Yaraşıqlı
- hündür boylu, şümal bədənli, uzun
qarabuğdayı saçları tez-tez üzünə
tökülən, iri ala gözləriylə zənlə baxan
- elə bil, adamın düz ürəyinin içinə
baxır - həmişəki kimi səliqə ilə smokinq
geyib, qanadları enli boutay taxmış Sehrbaz səhnəyə
çıxdı və Sona ona baxa-baxa ürəkdən gələn
xoş bir təbəssümlə gülümsədi.
Tamaşaçılarla
dolu zala ölü bir sükut çökdü və elə
həmin anda da zaldakı o sükutun üzərindən bir həyəcan
dalğası keçib getdi - bu, möcüzə gözləntisinin,
möcüzə ərəfəsinin həyəcanı idi,
ancaq indicə o həyəcan heyrətə, hətta vahiməyə
çevriləcəkdi, çünki
tamaşaçıların gözlədiyi möcüzə
heç vəchlə ağla sığan bir şey deyildi.
Bütün dünya Sehrbazın bu möcüzələrindən
danışırdı.
Və
Sona yenə eləcə gülümsədi - bax, indi təzə
bir möcüzə görəcəklər...
Sehrbaz səhnənin ortasına gəlib, yüngülcə
baş əydi və zal elə bir həyəcan içindəydi
ki, tamaşaçılar əl çalmağı, alqışlamağı
da yaddan çıxarmışdı. Sehrbaz tez-tez üzünə
tökülən saçlarını uzun barmaqları
arasına alıb, arxaya ata-ata iri ala gözlərini
tamaşaçılara zillədi və bir müddət zənlə
zalı gözdən keçirtdi, sonra asta addımlarla səhnə
boyu o baş-bu başa gəzişə-gəzişə:
-
Xanımlar və cənablar! - dedi. - Mən həmişə səhnəyə
çıxanda bunu deyirəm, deyirəm, ancaq heç kim mənə inanmır, hamı gördüklərinin
sirri barədə fikirləşir, mütəxəssislər
bu sirri açmağa çalışır. Mən
bəlkə onlardan, o mütəxəssislərdən, o
professorlardan, akademiklərdən daha artıq dərəcədə
istəyirəm ki, bu sirlər açılsın,
çünki mən özüm də öz elədiklərimin
sirrini bilmirəm. Bu, necə olur? Mənim göstərdiyim bu inanılmaz hadisələr
necə baş verir? Mən bütün
bunları necə edirəm? Qəzetlər,
televizor, hamı, hamı mənə sehrbaz deyir, foksçu
deyir, cadugər, hipnozçu, nə bilim, daha nə deyir.
Məni Qudinidən, Kopperfilddən uca tuturlar. Ancaq
mən də sizin kimi adi bir insanam. Bəzən məni dəhşət
basır, gecələr yata bilmirəm: bu nə sirdir belə? Bu nə sirdir ki, məni idarə edir? Xanımlar və cənablar, inanın mənə.
Mənim bu sözlərim repertuar sözləri deyil, mən
artist deyiləm, bu sözlər ürəkdən gəlir,
ancaq heç kim mənə inanmır.
Sonanın ürəyi həmişəki xoş bir
çırpıntı ilə döyünürdu - indi, indi
görəcəklər. Ancaq nə görəcəklər? Bunu hələ ki, heç Sonanın özü də
bilmirdi.
Sehrbaz
üzünə tökülən saçlarını uzun
barmaqları arasına alıb, arxaya ata-ata:
- Mən
özüm-özümdən qorxuram, - dedi. - Mən bilmirəm
ki, indi sizə nə göstərəcəyəm. Ancaq bilirəm ki, nəsə olacaq. Nəsə...
nəsə olacaq. Mən özümü
indi... indi... bu anlarda... uşaq doğacaq bir ana kimi hiss edirəm...
Və o, danışa-danışa,
tamaşaçılara baxa-baxa həmin asta addımlarla səhnənin
lap qırağına yaxınlaşdı və növbəti
addımını səhnədən kənara - boşluğa
atdı.
Bu dəfə zaldan heyrətli, vahiməli bir uğultu
dalğası keçdi.
Sehrbaz
artıq səhnədə yox, səhnə ilə
tamaşaçılar arasındakı boşluqda
addımlayırdı, həmin asta addımlarla havada gəzirdi,
gah pilləkənlə qalxırmış kimi, tez-tez
yuxarı addımlayırdı, gah sürətlə
addımlaya-addımlaya aşağı düşürdü,
yenə asta addımlarla tamaşaçıların
başı üstündə kiməsə
yaxınlaşırdı, sonra geri dönüb başqa bir tərəfə
gedirdi və birdən ayaq saxlayaraq əlini uzadıb, havadan
gözəl bir qırmızı qızılgül
götürdü, aşağı əyilib, o
qızılgülü cavan ananın yanında oturmuş
balaca qıza uzatdı. Həmin taxta eyvandakı qız idi,
ancaq hələ böyüyüb, qocalmamışdı, hələ
tum cırtlaya-cırtlaya biganə nəzərlərlə
küçəyə baxmırdı, eləcə uşaq idi,
əynindi də yüngül bir qırmızı don
varıydı və əlini uzadıb, gülü Sehrbazdan
götürmək istəyirdi, ancaq əli
çatmırdı. Cavan ananın sifətində heyrət-hürkü
də, sevinc də, fərəh də, təşəkkür
də - hamısı bir-birinə qarışmışdı
və cavan ana ayağa qalxıb, gülü Sehrbazdan alaraq
balaca qızına verdi.
Balaca
qızın toppuş əlində tutduğu o qızılgülün
qırmızısı ilə yüngül donunun
qırmızısı bir-birinə qarışıb, elə
bil, bütün ətrafa xoşbəxtlik saçırdı
və cavan ana da o xoşbəxtliyin içində idi: onun əli
möcüzəyə çatmışdı, möcüzədən
bir qızılgül götürüb, qızına
vermişdi və o xoşbəxt cavan ana hələ başa
düşmürdü ki, möcüzə ancaq
nağıllarda olur.
Sonra bunu
da elə bil, o Sehrbaz etdi: hər tərəf başı
qarlı dağlar, palıd, şabalıd meşəli
yamaclar, sıldırım yarğanlar idi və o razyana qoxusu
içində qayaların arasından şır-şır
axıb gələn şəlalənin suyu şappıltıyla
dərin bir yarğanın dibinə tökülürdü.
Telefon zəng
çaldı, ancaq Sona ağappaq köpüklənə-köpüklənə
tökülən o şəlalədən gözünü
çəkmədi və şəlalənin sıçrayan
damcıları da havaya qona-qona ətrafa elə bir saflıq gətirdi
ki, nəfəs aldıqca Sonanın sinəsi əməlli-başlı
genişlənirdi, elə bil, Sonanın ürəyində
hansı gözəl toxumlar gizlənmişdisə,
hamısı bir-bir cücərməyə
başlayırdı - asfaltı deşib çıxan cücərtilər
kimi.
O şəlalənin
qarşısında ağ lələkli
quşlar uçuşurdu və onların
ağlığı şəlalə köpüklərinin
ağlığına elə qarışırdı ki, təkcə
sarımtıl dimdikləri, bir də qara gözləri
görünürdü, elə bil, uçuşan da elə təkcə
o qara gözlər və o sarı dimdik idi. Quşlar
hərdən şəlalənin qarşısından kənara
uçurdular və o zaman yamaclardakı o palıd, o
şabalıd yarpaqlarının zümrüdü
yaşılı onların ağlığını elə
bil, təzədən özlərinə qaytarırdı.
Sona
gülümsədi: yenə həmin ağ-qara bəzəkli
çit donu geymişdi - tələbəlik illərində
yay vaxtı rəfiqələri ilə gəzməyə
çıxanda geydiyi don idi və Sona şəlalədən
axıb gələn çayın qırağında əyilərək,
bir ovuc su götürüb üzünə
çırpdı, yenə bir ovuc götürdü, yenə,
yenə.
Sifətindən
süzülən su, şəlalədən sıçrayan
damcılar o çit donu isladıb, Sonanın bədəninə
yapışdırmışdı, elə bil, çılpaq
idi və eləcə çılpaq Sona ayağa qalxıb,
çayın qırağı ilə qaça-qaça
şux bir səslə üz tutduğu irəlini səsləyirdi:
- E-e-e-e-y!.. E-e-e-e-y!..
Və
Sonanın səsi o şəlalə şappıltısına
qarışaraq, daha artıq bir şuxluqla əks-səda
verirdi:
- E-e-e-e-y!.. E-e-e-e-y!
Sona başqa bir dünyaya qaçırdı, başqa
bir dünyanı səsləyirdi, ancaq o zaman Sona bilmirdi ki,
başqa dünya yoxdur. Olan - ancaq bizim dünyadır.
Və bu
dəfə telefon zəng çalmırdı, çöl
qapısının zəngi çalınırdı: dərsin
qurtaran vaxtı idi və Sona razyana qoxulu o saf havayla sinə
dolusu nəfəs alaraq köksünü ötürdü.
Dördüncü qapı bağlandı.
Sona gedib çöl qapısını açdı.
Sevil
içəri girib, portfeli yerə atdı və həmişəki
kimi anasını qucaqlayıb öpdü və yarızarafat,
yarı da etiraz əlaməti olaraq ingilis dilində:
- Hello,
hau ar yu? - dedi, yəni ki, salam, necəsən?
Məsələ
burasındaydı ki, Sevil Azərbaycan məktəbində, səkkizinci
sinifdə oxuyurdu, rus dilini də yaxşı bilirdi, ancaq Sona
onu az qala hər gün məcbur edirdi ki, ingilis dilində də
kitablar oxusun, ingilis dilini da yaxşı bilsin.
Sona:
- Soyuq
olmadı? - soruşdu.
Sevil:
- Yox əşşi...
- dedi. - Nə soyuq?
- Məktəbdə
nə var, nə yox?
- Eh... Məktəbdə nə olacaq? Dərs...
Sevil daha böyümüşdü.
-
Keç, soyun.
Telefon yenə zəng çaldı və Sona qonaq
otağına keçib, telefonun dəstəyini
qaldırdı.
Qiyas idi:
- Necəsən?
- soruşdu. - Xəstələnib-eləməmisən?
- Yox. Nədi ki?
- Zəng
eləmişdim, dəstəyi qaldırmadın.
-
Əlimdə iş var idi, çatdırmadım.
- Nigaran
qalmışdım. Sevilin də vaxtıdı,
gəldi?
- Hə. Elə indicə içəri girdi. Sən
haçan gəlirsən?
- Nə
bişirmisən?
- Dolma.
- Nə
dolması?
- Yarpaq.
- O-o-o!.. Sarımsaq-qatıqla?
-
Sarımsaqsız.
- Yenə
sarımsaqsız?
Sona:
- Bəli!
- dedi və: - Sən nə vaxt gəlirsən?
- soruşdu.
Qiyas:
-
İş bitən kimi, 100-lə sürüb gəlirəm! -
dedi.
- Sən
Allah, bizi işə salma, maşını normal sür. Dolma qaçmır.
Qiyas
güldü:
-
Yaxşı, hələlik.
Sona dəstəyi
yerinə qoydu və mətbəxə keçib Sevili səslədi:
- Xörəyini
çəkirəm, gəl.
O biri
otaqda tələm-tələsik paltarını dəyişən
Sevil:
- Hə,
gəlirəm - qışqırdı. - Acından ölürəm!
Uşaq vaxtı Sevilin yeməklə arası yox idi, ancaq
indi, maşallah, yaxşı yeyirdi, yeməklə arası saz
idi.
Sonra Sona yenə qonaq otağındakı pəncərənin
qabağına gəldi.
O taxta
eyvanda indi heç kim yox idi və hələ
günorta saat üç olmamışdı, ancaq elə bil,
axşam idi, o köhnə binadakı mənzilin də
işığı yanırdı.
Dolub qaralmış göy üzü boşala bilmirdi və
görünən hər tərəf elə həmin bozluq
içində idi.
1 noyabr 2020
ELÇİN
Ədəbiyyat qəzeti.- 2021.- 13 mart.- S.4-5.