Loqos Niyazinin fəlsəfə diskursu
Yaz və yazı hədiyyəsi
Niyə
loqos?
Səbrinizi
basın, hamısını deyəcəyəm və Siz, sizlər
professor Niyazi Mehdini mənim tanıdığım orijinal, bənzərsiz
Niyazi kimi tanıyacaqsınız, azərbaycanlıların
mental dünyasında fəlsəfə lağımları
açmış, müasir düşüncə
metodologiyalarını barmaqlarının arasında təsbeh
daşları kimi fırlada-fırlada axsaq ritmli, terminlərdən
təngənəfəs cümlələr quraşdıran
qısaboy, enlikürək fikir pəhləvanı Niyazi qismində
tanıyacaqsınız.
Niyə
orijinal və bənzərsiz?
Səbrinizi
basın, hamısını deyəcəyəm və Siz, sizlər
azərbaycanlıların milli təfəkkür tarixində
Niyazi Mehdinin öz şəxsiyyətilə bir Budda tipini təcəssüm
etdirdiyini, zaman-zaman karnavala meyillənib çan müdrikləri
kimi davrandığını
görəcəksiniz.
Niyə
Budda?
Səbrinizi
basın, hamısını deyəcəyəm və Siz, sizlər
Şərq və Qərb mürşidlərinin bir şahmat
taxtası ətrafına yığışıb Niyazi
Mehdinin öz məqalələrində qurduğu
"muncuq-muncuq oyunu" (Herman
Hesse) tipli intellektual kombinasiyalara necə heyranlıqla tamaşa
etdiklərinin şahidi olacaqsınız. Və nəhayət...
Niyə
Niyazi?
Səbrinizi
basın, hamısını deyəcəyəm və Siz, sizlər
biləcəksiniz ki, Niyazi Mehdinin Moskva aspiranturasından
Bakıya dönüşü ilə Azərbaycan humanitar
elmində tamam yeni, fərqli bir səhifə vərəqlənir.
Siz biləcəksiniz ki, fəlsəfə professoru qəşəng
yazmır, dərin yazır: yazanda fikrin "kifiri"ndən
qorxmur, "əsas mənadır, hərf deyil"
postulatından çıxış edir; fikirlərdə
arxetip ləpirlərini, libido simvollarını axtara-axtara,
onların üzərindən toz-torpağı üfürə-üfürə,
sözləri sındıra-sındıra, ləpəni gərzəkdən
ayıra-ayıra cövhəri tapıb bir inci kimi mədəniyyət
aləminmə təqdim edir. Və
nə əfsus, Siz, sizlər onu da biləcəksiniz ki, 70
yaşı tamamlanmış Niyazinin anadan olduğu gün də
"çətin və dolaşıq durumların
kulturolojisi" (N.Mehdi) müstəvisində oxunur.
İndisə...
Fləşbək
...yəni
keçmişə təsəvvür ekranında
qayıdış və yaxud çağdaş kinematorqrafiyada
keçmişin ruhlarını çağırmaq ayini.
Xatirələr
pəncərəsinin şüşələrində kölgələr
görünür...
Əhvalat
vaqe olur 1977-ci il M.A.Əliyev adına Azərbaycan Dövlət
İncəsənət İnstitutunun birinci mərtəbə
auditoriyasında.
Fəlsəfə
dərsidir.
II kurs
teatrşünas, rejissor, aktyor tələbələr geniş
bir sinif otağına toplaşıblar: bir-birini görüb
şadlanıblar, orda-burda kutlaşıb bərkdən-bərkdən
söhbət eləyirlər, gülürlər,
zarafatlaşırlar. Bu zaman əynində qalstuksuz qara köynək,
tünd göy Levi's şalvar, belində enli qayış,
çiyindən asma çantanı ağzı açıq
bir şəkildə böyründən sallatmış dolu bədənli
qarayanız cavan bir kimsə daxil olur içəri: hamı qəfil
susur.
Tanımırıq.
Yüngül,
ani şok: bizə dərs deyən müəllimlərin
heç biri belə geyinmir, onlardan heç biri belə
aşırı sərbəst qiyafədə dərsə gəlmir!
Yaşına
rəğmən saçı tez tökülüb; gilas tumu
boyda qara gözləri iri eynəyinin qalın linzaları
altından biraz da balaca görsənir. Üz tipajına
görə haradasa Ortaçağ miniatürlərindən
baxan çatmaqaş monqolsifət kişilərə
oxşayır.
Başlayır
danışmağa. Bəlli olur ki, tələffüzü əməllicə
problemli, xətalıdır: ara-sıra bir sözü
üç-dörd dəfə tələsə-tələsə
təkrarlayıb, o biri sözə keçir və çox
vaxt nə dediyi anlaşılmır; Demosfen kimi Batal ləqəbini
qazana bilər.
Tələbələr
getdikcə nəzarətdən çıxırlar: onlar
qeyri-adi müəllimlə qarşılaşınca coşub
ipə-sapa yatmırlar. Sinifdə hay-küy güclənir.
Mühazirəni iki-üç adamdan savayı dinləyən
yoxdur.
Niyazinin
isə heç nə vecinə deyil: nə əsəbiləşir,
nə səsini yüksəldir, nə də ki kiməsə
acıqlanır: sanki öz-özüylə söhbətləşirmiş
kimi, qalın dodaqlarını şökləyə-şökləyə
mühazirəsinin ardını gətirir. Bu dəm mən
tuturam ki, müəllim Platonun ideyalar dünyasını sadə
nümunələrlə izah etməyə həvəslidir.
Diqqət kəsilirəm. Deyir ki, Platonun dediyini deyir, gerçək
təzahürlər zəncirində nə mövcudsa,
onların hamısının öz ideyası oluşur
yuxarı aləmdə və sonra da buna bir örnək verib məsələni
xırdalayır: "Götürək adi əriyi. Platona
görə, onun da göylərdə ideyası var. Məişətdə
əriyi biz görürük, əlimizə
götürürük, qoxusunu alırıq və yeyirik.
Ərik yox olur, di gəl ki, bundan onun ideyasına heç bir xətər
yetmir. Hətta bütün əriklər yer üzündən
tükənsə belə, ərik ideyasına yenə zərər
dəyməyəcək. Çünki ideya daimidir: olum və
ölüm fövqündədir".
Mən
indi başa düşürəm ki, Platonun ideyalar
dünyası "lövhi-məhfuz" invariantıdır.
Mən
indi başa düşürəm ki, Tanrı ən mükəmməl
ideyadır.
Mən
indi başa düşürəm ki, Tanrı ideal ideya
olduğu üçün əbədidir.
Amma
onda...
...höcət
elədim: dedim, hə, nə olsun, əriyin ideyası olsa da,
olmasa da, ərik yeyiləcək, bu ideya nə onun dadına, nə
rənginə, nə ətrinə, nə də yeyilməsinə
təsir göstərə biləcək. Yaxşıdır,
öz aqressiv tənqidçi pafosuma güvənib Platonu axmaq,
ideyalar dünyasını cəfəngiyyat adlandırmadım
onda...
...və
ondan sonra...
...tənəffüs
vaxtı dəhlizin bir küncündə durub siqaretin
közündə dəqiqələrimi közərdə-közərdə
zəhərləyirdim.
Niyazi
Mehdi yaxınlaşdı mənə ucuz "Avrora"
papirosunu tüstülədə-tüstülədə.
Söhbətləşdik, təbii ki, Sokrat, Anaksimandr, Diogen,
Fales, Demokrit, Zenon və qədim yunan demosunun digər
filosofları gəldi gündəmə. Bunların heç
birindən mən bir elə də etkilənmədim. Daha
çox məni o təəccübləndirdi ki, müəllim
dayanıb tələbəsilə siqaret çəkir və hətta
dostcasına təklif eləyir ki, ona bir də "müəllim" deyib
müraciət etməyim, eləcə Niyazi deyim, vəssalam.
Niyazi
Mehdidə üsyançı pafos yoxdur; hərçənd o,
həmişə Sokrat kimi avanqarddır.
Avanqardçılığında sabitdir:
inandığına xəyanət etmir, fikrini tez-tez dəyişmir
və hətta ömrünün yubiley fevralında verdiyi
müsahibədə belə, ötən yüzildə sərgilədiyi
subyektiv mövqeyi bir daha təsdiqləyib tərəddüdsüz
etiraf edir ki, o, "müəllim" sözünü
heç vaxt sevməyib. Yəqin elə bu səbəbdən də
Niyazi bütün həyatı boyu müəllim kimi, professor
kimi geyinməyib, tələbələr qarşısında
müəllim rolu oynamayıb, sinifdə müəllim səsilə
danışmaqdan, müəllim ədaları göstərməkdən
könüllü surətdə qaçıb.
Görəsən,
tələbələr onun bu jestini layiqincə dəyərləndirə
biliblərmi?
İnanmıram.
Hərçənd...
...44 il
bundan öncə həmin o gün Azərbaycan
mentallığında "müəllim"
sözünün ənənəvi qavrayışı ilə
bağlı formalaşmış bir sıra stereotiplər mənim
üçün şüşə qırıntıları
kimi çiliklənib büsbütün institutun döşəməsinə
tökülmüşdü.
Hərçənd...
...hələ
iki il var 1979-cu ildə dünya rok musiqisinin proqressiv
qanadının təmsilçisi "Pink Floyd"un təfəkkür
devriminə imza atacaq konseptual "Divar" ("The Wall")
albomunun bir partlayışa çevrilməsinə, tədris
metodlarını yamanlamasına, təhsil sistemini
ayaqlarından tutub başı aşağı silkələməsinə,
müəllimliklə faşizmi bir medalın iki üzü
kimi görükdürməsinə...
Hərçənd...
...təhsil
və rejim qapsadıqları mənalara görə bir-birinə
əks, zidd qütblərdir: amma əl-ələ tutub
iç-içə yaşayırlar.
Rejimsiz təhsil
ölür.
Təhsil
rejimi zərurət sayır.
Çünki
nəyisə öyrənmək və öyrətmək
üçün rejim mütləq gözlənilməlidir. Sən
təhsil ala-ala rejimə öyrəşirsən. Onda rejim
içrə yaşamaq sənə problem olmur. Savadlı adam
könüllü şəkildə özünü rejimə
tabe etdirmiş adamdır: nədən ki, təhsil insana hər
şeydən öncə rejimə dözməyi təlqin eləyir.
Əslində,
təhsil din variantıdır. Başqa sözlə,
tanrını ideya ilə əvəzləmiş din təhsil
adlanır: onların ikisinin də təməli rejimdir. Təhsil
və din insanı fikrindən dustaq eləyən
institutlardır. Amma paradoks ondadır ki, bu könüllü
dustaqlıq olmazsa, insan öz azadlığında boğular.
Azadlıqdan
boğulursan, dustaqlıqdan çürüyürsən:
qızıl ortanı tapan xoşbəxtliyin boz günlərini
yaşamağa məhkum olur.
Niyazi
Mehdi sinfə özü ilə bərabər müasir tədris
düşüncəsini, çağdaş elmi təfəkkürün
prioritetlərini və rejimsiz müəllim imicini, rejimsiz təhsil
ideyasını gətirmişdi, sistem içində azad
olmağın, demokrat olmağın nümunəsini sərgiləmişdi.
Paradiqma
Niyazi
Mehdi ədəbiyyatın şünasıdır: amma heç
vədə ədəbiyyatşünas kimi
çalışmayıb.
Moskvaya
gedib, kinonun semiotikası, filmin işarələrlə mətnləşməsi,
işarələrin paratekst variantı statusunda əlavə
informasiya daşıması haqqında bir əsər ortaya
qoyub, müdafiə eləyib, alimlik dərəcəsi
alıb, amma heç vədə kinoşünas kimi
çalışmayıb.
Bakıda
Ortaçağ müsəlman mədəniyyətinin konseptual
təhlilini aparıb, zühurun, zahirdə olanın,
görünənin estetikasını, batinin, məxfinin,
gizlində qalıb heç kimə görsənməyənin
fəlsəfəsini araşdırıb, islamın konsentrik
simvolikasında açılan bədii tekstlərin
semantikasını tədqiq edib, amma heç vaxt şərqşünas
kimi çalışmayıb.
İstedadına
və düşüncə plastikliyinə mat
qaldığı rejissor Vaqif İbrahimoğlunun
tamaşaları barədə və teatrın semiotikasına
dair dəyərli analitik məqalələrlə
çıxış edib: amma heç vaxt teatrşünas
kimi çalışmayıb.
Çünki
Niyazi bir alim kimi universallığı, tədqiqat
spektrallığını, total yanaşmanı
araşdırma predmetinə tətbiq edərək bənzərsizlərin
oxşarlığını cızıb görükdürməyi,
oxşarları fərqləndirməyi, bir-birindən
ayırmağı üstün, maraqlı və daha produktiv
sayıb; haradasa mingözlü Hindra yaxud mingözlü Arqus
olmaq iddiası ilə hadisənin, təzahürün, obyektin
gizlədiyi nə varsa, hamısını gözlərinə
"təpib" çözmək, onları bulud kimi sıxa-sıxa
mədəniyyətə mənalar yağışı
yağdırmaq niyyətində bulunub. Odur ki, məqalələrini
kaleydoskop prinsipilə yığıb, ancaq konkret hədəfi
nişangahdan yayındırmamaq üçün ağ-qara
şüşələr kompozisiyasından daha çox
faydalanıb.
Alman
şairi və filosofu Novalis yazırdı ki, "fəlsəfə
hər yanda öz evində olmaq nostaljisi və meylidir".
Martin
Haydeqqer bununla razılaşmamışdı.
Amma
çox nahaq. Mən Niyazi Mehdini nümunə göstərib
dahi Haydeqqeri təkzib etdim və Novalisə bəraət
qazandırdım.
Niyazi ona
görə dünya filosoflarını mənimsəyib, ona
görə fəlsəfə dənizinin İhtiandrı (qədim
yunan dilində "mərdanə balıq" mənasında
anlaşılır) olub ki, yerdə və göydə, suda və
quruda, Şərqdə və Qərbdə özünü
evindəki kimi rahat hiss eləsin, yəni hamını
anlayıb başa düşsün və özünü də
qorxusuz, təlaşsız, dolaşığa düşmədən,
konfuz keçirmədən, həyəcan yapmadan anlada bilsin. Fəlsəfənin,
zatən, məramı bu.
Di gəl
nə yazıq ki, fəlsəfə bir elm kimi kütləni
qıcıqlandırır, yalnız müdrikliyə sevgi kimi,
hikmət cümlələri kimi xalq arasında yaşayır.
Bir nəfər
Yaponiyada çan (dzen-buddizm) ustadından xahiş edir ki, ona sərt
dzeni öyrətsin. Ustad deyir: "Get, öz
yaxınını özünü sevdiyin kimi sev. Gör
bacarırsanmı?"
Nə qədər
ki, fəlsəfə filosofluq etməkdir, o, adi insanların
yanındadır; elə ki, fəlsəfə elm olur, meydandan
çəkilib saraylara, qəsrlərə, hücrələrə
qısılır, xalqdan uzaqlaşıb öz dərki
müşkül anlayışları ilə
pırpızlaşır...
...onda fəlsəfənin
dünyəvi proseslərə müdaxilə etmək
şansı sıfıra enir;
...onda fəlsəfə
başqalarının çətin qavraya biləcəyi
muncuq-muncuq oyununa, intellektualların çiyinlərində
daşıdığı yükə çevrilir;
...onda fəlsəfə
Frans Kafkanın qəhrəmanı kimi qanunun
açılmayacaq qapılarında dayanıb içəri
girmək rüsxətini gözləyə-gözləyə
ölür. Samuel Bekketin "Qodonu gözlərkən" pyesi
F.Kafkanın "Proses" romanının absurd parametrlərində
gerçəkləşmiş versiyasıdır, qapılarla
söhbətdir.
Amma Niyazi
Mehdi amiranə, təmkinli bir jestlə sanki Kafka qəhrəmanını
bu qapıdan ayırıb ona deyir ki, nə yazıqsan, burada
dayanma, yoluna davam elə, gözləmək şanssız bir
peşədir, gözləyəsi heç nə yoxdur və
gözlədiyin itirdiyindən artıq deyil; sözlərin
içinə gir, zamansızlığı bularsan, çətin
və dolaşıq durumlardan qurtularsan.
Əlbəttə
ki, mən Niyazi mətnindən itələnərək onun
fikirlərini müdriklik örtüyünə
bürüyüb, intertekstuallıq müstəvisinə
çıxarıb daha başqa semantikaya doğru apardım.
Əslində
isə Niyazidə oxuduğum fraqment belədir: "Biz
yalnız kilometrlərlə ölçülən uzaqlara getməyi
səyahət sayırıq... Ayağımız
çağın, zamanın içinə səyahət edə
bilməz. Biz ayağımızla zamanın içinə girə
bilmərik. Ancaq götürək işarələri,
bildiriciləri. Onları yozmaq üçün içlərinə
girəndə onlar bizi zamanın içinə salırlar.
Sözün içinə girə bilsən, minlərlə
kilometrlərə, minlərlə illərə uzanan yollara
çıxarsan" (Mehdi N. Çətin və
dolaşıq durumların kulturolojisi. - Bakı, Qanun, 2001. -
s.82).
Sözün
içinə girmək üçün gərək
üzündən eqonun maskasını götürəsən.
Buradan o
yana bir addım daha atsam, mürəkkəb duruma, Xaosu vizual
müstəvidə obrazlaşdıran burulğana düşəcəyəm,
mürəkkəbə bulaşacağam, yəni söz dənizində
fikirlərimi "isladacağam".
Ol səbəbdən...
Kontekst
İnstitutda
dərs dediyi ilk çağlarda Niyazi Mehdi "Loqos"
klubunu yaratdı, məni və fəlsəfi düşüncəyə,
humanitar elmin müasir nəzəri konseptlərinə, bədii
mətnlərin, sənət təzahürlərinin semiotik,
hermenevtik təhlilinə, diskursiv təfəkkürə,
güzəştsiz tənqidə meyilli tələbələri
öz ətrafına topladı. Nə tuhaf bir iş ki, bu, həmin
dönəmdə Azərbaycan intellektualları arasında
aşırı hörmətə malik, Mədəniyyət
nazirinin belə şəxsən yanına gələrək əl
uzadıb görüşdüyü, kefli günlərində
çəliyinə dirənərək "məni
SSRİ-nin Yazıçılar Birliyinə Aleksandr Fadeyevin
özü qəbul edib" hayqırtısı ilə
öyünən, dünya ədəbiyyatının gözəl
bilicisi İslam İbrahimovu bərk
qıcıqlandırmışdı: harada Niyazini görürdü,
aqressivləşib sərt ifadələrlə onu
yamanlayırdı; əsəbi-əsəbi deyirdi ki, sizin
müəlliminiz anlamır ki, "loqos" nəsranilikdə,
yəni xristianlıqda İsa Məsihi eyhamlaşdırır,
mahiyyətcə isə Ata və Müsqəddəs Ruhla eyniyyət
təşkil edir. Biz səsimizi içimizə qısıb
etiraz eləmirdik, sadəcə, İslam İbrahimovu qırmaq
istəmirdik. Çünki Niyazinin dediklərindən bilirdik
ki:
...loqos qədim
yunanlarda mental mozaikanı güzgüləyib sözü,
fikri, mənanı, anlayışı bildirir: Heraklit tərəfindən
gətirilib fəlsəfəyə;
...İskəndəriyyəli
Filonun vasitəçiliyilə yəhudi və xristian təlimlərinə
ötürülmüş "Loqos" tanrının surəti
kimi yozulur;
...Rolan
Bart isə müasir fəlsəfəyə "loqosfera"
terminini atmaqla mədəniyyətin verbal-diskursiv qatını
işarələdi; bəyan elədi ki, dilin quruluşunda hər
hansı bir ənənəyə mənsub mental və
kommunikativ paradiqmaların xüsusiyyəti məhz bu qatda
özünü
görükdürür.
Yeri gəlmişkən,
görün, Bakı strukturalisti Niyazi, el-obada azərbaycanlıların
müqavilə anlamında işlətdikləri "kəsmət"
sözünə istinadən, mental və kommunikativ
paradiqmaları dilin quruluşundan necə çıxarır:
"Müqavilə bağlaşma deməkdir. Niyə
oğuzlar müqaviləni "kəsmət" sözü
ilə bildiriblər? Axı bu söz "kəsmək"
feilindən düzəldilib. Kəsmək hara, bağlamaq
hara?! Ancaq bu uyğunsuzluğa baxmayaraq, "kəsmək"
sözü o qədər güclüdür ki, hətta ərəb
kəlməsi "əhd"ə də qoşulub, olub "əhd
kəsmək". Məntiqcə əhd
bağlanmalıdır, bizlər isə əhdi kəsirik"
(Mehdi N. Göstərilən əsəri, s.82).
Niyazi
bunun mental və kommunikativ qatlarını tapmaq
üçün varıb Tövrata gedir, İbrahim peyğəmbərin
yanına enir və məlum eləyir ki, əhd kəsmək
üçün Rəbb qurbanlıq heyvanı ikiyə
bölməyi tapşırıb. Sonra o bunun nə olduğunu
aşkarlamaq amacı ilə ingilis etnoqrafı Ceyms Frezerin
"Əhdi-ətiq və folklor" kitabına müraciət
eləyir və aydınlaşdırır ki, sən demə, əski
yəhudilər "müqavilə bağlamağı"
"müqaviləni kəsmək" mənasında işlədilən
sözlə bildiriblər. Mərasim, ayin kökənlidir bu
söz. Yəhudilər sövdələşmə yapanda
buzovu iki bölüb sövdələşən tərəfləri
bu iki şaqqanın arasından keçirirmişlər və
sanki tanrını əhd bağlayanlara şahid
çağırırlarmış, müqaviləni, bir
növ, iki şaqqa ətlə möhürləyirlərmiş.
Bundan əlavə, o da bir doğrudur ki, şaqqalar istifadəyə
hazır olarkən onların arasına həm də
tanrının simvolu sayılan Od düşür və bu Od
elə bil ki, müqaviləni "bişirib tərəflərə
yedirdir": bağlaşmaya qurbanlıq heyvanın kəsilməsi,
yeyilməsilə xeyir-dua verib onu bədənləşdirir.
Dini mifologiya törənin bu qaydalarını İbrahim
peyğəmbərin yuxusu ilə təsdiqləyir.
Sonradan
Niyazi Mehdinin araşdırması bəlli eləyir ki, əski
yunanlarda, Asiya və Afrika xalqlarında da müqavilə
bağlamaq qurbanlıq heyvanı kəsmək ayinilə əlaqələnir.
Hətta ərəbcə qanun mənasında anlaşılan
"sünnət" kəlməsi də bir həsrolunma mərasiminə,
sünnət toyuna, adət mütləqliyinə çevriləndə
tanrı ilə insan arasında kəsilməklə bildirilən
əhd kimi, bağlaşma kimi qavranılır.
Möhtəşəm
təhlil fraqmentidir.
Hər
bir sözün mental və kommunikativ qatlarına ulaşmaq
üçün onun kontekstini bulmaq gərək: yoxsa
sözün içinə girib zamana virtual səyahət etmək
mümkünsüz. Niyazi ölkələri və zamanları
beləcə gəzib öz analitik zəkasının
qanadlarında: di gəl ki, bu fraqmentdə gəlib Azərbaycanda
eniş eləməyi bacarmayıb.
Deməyib
ki, görünür, mənim bir gün bunları deyəcəyimi
təxmin eləyərək deməyib:
...Azərbaycanda
çörək kəsmək ən müqəddəs əhdi-peymandır,
şərtsiz və ömürlük qutsal müqavilədir,
qanların qarışdırılmasından da üstün
bir adətdir, qardaşlığın rəmzidir və idealda
heç kim kiminləsə kəsdiyi çörəyi və
ya haqq-salamı heç vədə tapdalamır;
Deməyib
ki:
...Azərbaycanda
oğlan evi nişanlı qıza bayram zamanı qurbanlıq
qoç aparanda həmin qoç qız evi tərəfindən
kəsilir və heyvanın tən yarısı, yəni bir
şaqqası oğlan evinə təkrarən göndərilir
bir əhd, bağlaşma, razılaşma nişanəsi kimi.
Mədəniyyətimizin toy adətləri sırasında
qurbanlıq heyvanı kəsib şaqqalarının qudalar
arasında paylaşdırılması, heç şübhəsiz
ki, keçmişin müqavilə, əhd-peyman bağlamaq ənənəsinin
rudimentidir.
Bəlkə
də, İslam İbrahimovun Niyazi Mehdiyə qarşı məhəllə
savaşları tipində göndərdiyi söyləmlər
onun intellektual lider olmaq uğrunda mübarizəsinin son ifadəsi
idi.
Bəlkə
də o, bu saldırıları ilə qaşlarına və
dodaqlarına "heyrət təbəssümü"
maskası taxmış Niyaziyə öz birinciliyini sübut
etməyə çalışırdı.
Yəqin
İslam müəllim duymuşdu ki, Niyazinin
danışdıqları çox fərqlidir, təptəzədir,
aktualdır və o, bunların əksəriyyətindən,
humanitar elmin yeni istiqamətlərindən, araşdırma
metodologiyalarından xəbərsizdir.
Mən
bunu yüz faizlik əminliklə təsdiqləyə bilməsəm
də, hər halda, İncəsənət institutunun birinci
Lenin təqaüdçüsü kimi məhz ilk dəfə
Niyazi Mehdidən eşidirdim strukturalizm, binar oppozisiya, semiotika,
paradiqma, sintaqma, denotat, desiqnat, semantika, tekst, kontekst,
dekonstruksiya kimi terminləri, Losev, Asmus, Baxtin, Lixaçev, Qolosovker,
Toporov, İvanov, Frezer, Başlyar, Levi-Stross, Eliade, Kuzanlı
Nikolay, Akvinatlı Foma, Şəbüstəri, əş-Şibli,
Froyd, Yunq, Kroçe, Hüsserl, Fixte, Haydeqqer, Fuko kimi filoloq,
kulturoloq, etnoloq və filosofların adlarını.
Niyazi
Mehdi öz fikir xəritəsinin işıqlarını
hamı üçün yandırmağa hazır bir
düşünər olub həmişə...
...həmişə
də heç kimin görə bilmədiyini görüb təhlil
edib...
...heç
kimin danışa bilmədiyini danışıb həmişə
öz məqalələrində...
Diskurs
Amma və
lakin...
Niyazi
Mehdinin fəlsəfə diskursunda çətin və
dolaşıq durumlara qarşı tendensiyalı bir maraq, hətta
gizli bir sevgi oluşmaqdadır.
Fəlsəfə
professoru əyri, sınıq xətlərin estetikasına
bayılır, islam fatalizmində, dərviş hədislərində
onların "rəqsini" görür; mürəkkəblik
və bicliyi əyri, sınıq xətlərin məkan
dinamikasında strukturlaşdırır və bu nətcəyə
gəlir ki, sənət də, ədəbiyyat da, müdrik
pritçalar da elmdən fərqli dünya haqqında əyri
və sınıq xətlərin poetikası ilə
danışır, bizi dolanbaclarla hərlədib-fırladıb
nurlanmaya doğru aparır.
Niyaziyə
görə, islam mədəniyyəti (və ümumilikdə
bütün Şərq mədəniyyəti) əyri və
sınıq xətlərin yaratdığı möcüzə
örnəyində mövcuddur: nəbati naxışları,
xalçaçılıq, xəttatlıq, miniatür və əbru
sənəti, muğam, ibadət və zikr plastikası əyri,
sınıq xətlərin boş məkan içrə
nöqtədən itələnib improvizə etməsidir, cilvəli
oyunudur.
Əslində,
əyri, sınıq xətlər çətin və
dolaşıq durumların vizual görüntüsünü,
mozaikasını sərgiləyir. Başqa sözlə,
çətin və dolaşıq durumların xaotik mənzərəsini
əyri, sınıq xətlərin məkan qrafikası
yansıdır.
Fəlsəfə
professoru Qərb və Şərq mədəniyyətində
virtual örtüyün "kosmoqoniyası"na da buradan
adlayıb çıxır: çünki örtük elə
bir nəsnədir ki, düzün üstünə
çökəndə belə, qırçın və
qırışlarla əyrilik barəsində
dışarıya bir mesaj göndərir, yozumlara, yeni tekstlərin
peyda olmasına qapılar açır, gizlinlə aşkar sərhədində
min dürlü düşüncə tapmacaları,
şübhə və tərəddüddən qaynaqlanan
konstruksiyalar qura bilir.
Örtük
sirri işarələyir: şübhə və tərəddüdün
səbəbi olur. Mədəniyyət hər zaman örtüyün
mədəniyyətidir: sirrə doğru istiqamətlənir,
sirdə cövhəri tapmağa cəhd eləyir. Sirrə
doğru yol isə heç vaxt birbaşa, düzxətli olmur.
Sirr həmişə çətin və dolaşıq
durumların sirridir.
Niyazi
Mehdinin virtuozcasına araşdırdığı şiəliyin
mentallığa, davranışa, mədəniyyətə, sənətə
yansıyan "şikəstə ruh"u da çətin və
dolaşıq durumların bir əlaməti,
bir təzahürüdür; sınıqlığı, əyriliyi
görükdürür: "Şiəlik şəhidlik, faciəvilik
psixoloji kompleksini İslam üçün fəallaşdırmış
və bununla da islam estetikasına özəl bir pay
vermişdir. Şiəliyin sayəsində Müsəlman
dünyasında sınmış ürək, yanıqlı
üz, baxış, yanıqlı səs kültürün
bir çox önəmli bölmələrinin təsirli
simasına, bilintisinə çevrilmişdi. Bütün bu
yanıqlılığı bir tutumlu sözlə,
"şikəstə ruh" sözü ilə də bildirmək
olar" (Yenə orada, s.51).
Qəribədir,
Niyazinin "Şərq mədəniyyətində "virtual
hicab" və kişilərin seksual aqressivliyi" adlı
analitik məqaləsi də çətin və dolaşıq
durumların müəllif üçün aşırı
cazibədar olduğunu bəlirtir.
Niyazi
üçün çadra, hicab sahiblənmək bildiricisidir,
hedonistik istəyin, başqalarından ötrü
yasağın simvolik çevrəsidir, sərhədidir,
seksual marağın məxfi gücləndiricisidir və eyni
zamanda kişi aqressivliyinin nədənlərindən biridir.
Aktualdırmı?
Təbii.
Çünki
müasirlik müstəvisində toplum içrə kişi və
qadın münasibətləri yenə də çətin və
dolaşıq durumdadır.
Mən
indi bunları yaza-yaza, yazıb poza-poza fikirləşdim ki, bəlkə,
professor Niyazi Mehdinin özü çətin və
dolaşıq durumların adamıdır?
Belə
baxsan, deməzsən.
Ancaq
Niyazinin həyatına azdan-çoxdan bələd olanda
anlayırsan ki, o, bütün ömrü boyu hər zaman
çətin və dolaşıq durumlardan həm ruhu, həm
ağlı ilə qaçmağa, onları yumşaltmağa
cəhd göstərib, çətin və dolaşıq
durumlar qarşısındakı yaşantılarını məqalələrində
sərgilədiyi təhlillərə yükləyib. Bəlkə
onun tələffüzü də çətin və
dolaşıq durumların etkisi ucbatındandır?
Çətin
və dolaşıq durumlarda bir sarmaşıq təbiəti
var: sarılsalar, hələm-hələm qopmurlar.
Bəlkə
elə buna görədir ki, 70 yaşlı fəlsəfə
professoru Niyazi Mehdinin doğum gününə - 26 fevrala - 40 yaşından etibarən
çətin və dolaşıq bir durumun kölgəsi
düşüb?
Cavabı
"hə" ilə "yox" arasında bir sual.
Niyazi,
mülahizələrimdə qüsur görərsənsə,
bağışla və yüz yaşa! Sən daosan!!!
Aydın TALIBZADƏ
Ədəbiyyat qəzeti.- 2021.- 13
mart.- S.8-9.