Aydının şeirlərinə
"son
söz"lərdən biri
"İnostrannaya literatura"
jurnalının müxtəlif
saylarında oxuduğu,
xoşladığı əsərləri
toplayıb bir "dəftər" düzəltmişdi. Öz jurnalını: üz qabığına Mariya Tüdorun, arxasına Edqar Deqanın portretini, arxa üz qabığına
sulu boya ilə çəkilmiş
natürmort, ondan əvvəl isə bir yapon miniatürü
yapışdırmışdı. Səhifə
sayından, sıralamadan,
vərəqlərin sarılıq
dərəcəsindən bilirsən
ki, müxtəlif illərin nəşrləridir.
Bəlkə, elə jurnalın
həmin o xoşladığı
əsərləri dərc
olunan saylarından cırıb qoparmışdı.
Yalnız bir yerdə
- Tonino Querranın şeirləri olan "şmustitul"dakı qara
flamasterlə edilən
qeyddən anlaşılır
ki, həmin hissə jurnalın 1979-cu ildəki VII sayına aiddir. Bir də mənim qeydim var girişdə:
"08.01.2002".
XX əsr Azərbaycan
poeziyasının bir çoxlarının bilmədiyi
böyük isimlərindən,
şairlərindən olan
Aydın Əfəndinin
dediyim "dəftər"ini
mənə Həmid Herisçi bağışlayıb.
Niyəsini özü
bilir yəqin... O "dəftər"in
arasında bir vərəq kağız da vardı: Aydının öz əlyazısı ilə bir şeiri. 18 il keçib
həmin vaxtdan.
Bir ara çox
vərəqləmişdim. Oxumuşdum.
Aydının kimləri
və niyə oxuduğunu, oxuduqlarının
ona insan kimi, şair kimi necə təsir etdiyini çox çəkçevir
eləmişdim. Bu, müəllimlərinin,
öyrəndiklərinin, yəqin
ki, hamısı deyil: Tonino Querra
(şeirlər), Jan Pol
Sartr ("Divar"),
Takayuki Kiyöoka, Kotaro Takamura
(şeirlər), Ceyms Coys ("Rəssamın gənclikdəki portreti"),
Tomas Vulf ("Məğrur
bacım ölüm")...
Bəzi
cümlələrin altı
xətlənib, məsələn: "Cəhənnəmin
ən son, ən dəhşətli əzabı
onun əbədi olmasıdır".
1959-cu ilin 26 noyabrında
anadan olmuşdu Aydın Əfəndi (Aydın Niyazi oğlu Əfəndiyev). Deyirlər, gözəl
riyaziyyatçıymış, elmi adın məsələyə elə
bir dəxli yoxdur, hərçənd müdafiə də eləyibmiş. Bir müddət
xaricdə, gərək
ki, Finlandiya universitetlərinin birində
mühazirə də oxuyubmuş.
Rusca yazırdı. Rusca rus
şairlərindən daha
yaxşı yazırdı.
Bunu da eşitmişəm ki, Yusif Səmədoğlunun
təqdimatıyla "Literaturnaya
qazeta"da haqqında
yazı və şeirləri dərc olunub bir vaxtlar.
1996-cı ildə dünyasını dəyişib.
37 yaşında. Şeirlərindən anlaşılır
ki, həssaslığı
üzündən "dərisi
soyulubmuş", ya da başqalarına soyuq olduğundan bilərəkdən "itiribmiş"
onu üst paltarı kimi. Və bu cür
adamlar haqqında danışanda "öldü"
sözündən sonra
vergül qoyub, "çünki yaşaya bilmədi" yazmalısan.
Yeri gəlmişkən,
18 ildi saxladığım
"dəftər"də altı xətlənmiş
cümlələrdən də
biri budur: "Onun həyatı mənimkindən qiymətli
deyildi". Heç vaxt görüşməmişik.
Görüşmədiyimizə təəssüfləndiyim şairlərdən biridir.
Bəzən stixiyasına görə
Bodleri xatırladır
Aydın. Amma təkcə stixiyasına görə yox və
doğrusu, bir az da buna
təəssüflənirəm. Aydın "mən"i olan poeziya(sı)nın və elə yaşantılarının
da sərhədinə
gəlib çatmışdı,
dalana dirənmişdi
- keçə bilsəydi,
başqa ruhi müstəviyə qədəm
qoyacaqdı. Yəni və yəqin,
başqa cür də yazacaqdı. Olmadı.
Onun öz əlyazısı ilə təqdim etdiyimiz 1989-cu ilə aid
"Həyat" şeirinin
arxasında diyircəkli
göy qələmlə
və Aydının Eliotu anlayacaq qədər yaxşı bildiyi ingilis dilində "This bridge is the finest in
London" və "He is my oldest
friend" ("Bu, Londonun ən
yaxşı körpüsüdür";
"O mənim ən qədim dostumdur") cümlələri yazılıb; sonra da rus dilində
rənglərin adı:
qara, qırmızı,
ağ, boz, sarı, göy... Mənə, nədənsə,
elə gəlir ki, bu, Aydının
şeirlərinin və
ovqatının spektrinin
rəngləridir...Vərəqin
lap aşağısında isə eyni xətlə,
amma mürəkkəbdən
bəlli olur ki, başqa diyircəkli göy qələmlə və hamısı da böyük hərflərlə
bu sözlər yazılıb (latın
qrafikası ilə):
"Bismillahir-Rəhmanir-Rəhim". Yəni
"(bu dünyada hamıya) Mərhəmətli
və (o dünyada yalnız möminləri) Bağışlayan Allahın
adı ilə".
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.6.