Sənan Qurbanova
Əzizim
Sənan,
mən şeiri
sən gözəlləri
-
"özününkü"ləri,
"özgə"ləri
sevdiyin kimi sevirəm,
inan!
And olsun, Aya -
o yatanda belə,
and olsun Günəşə
-
məni oyadanda belə,
zəif ürəyimə,
tozlu üzümə,
bir də and olsun
olacaqların özünə:
bu heç də hamıya
lazım deyil!
Kamal Əhmədə
Kamal,
biz yoldayıq
heçlikdən heçə,
ölü torpaqdan
ölü təbiətə.
Olsun ki, həyatın heç asan deyil,
mən də bal yemirəm, yəqin, bilirsən.
Bizimki, bilirsən, yalnız şərabdı,
Xəyyam da içərdi bir vaxtlar ondan.
Sən qoru özünü, dühanı
qoru.
O hələ gərəkdir
sənin qızına,
"təkgöz" arvadına, mənə, hamıya,
xalqa, kainata, əbədiyyətə.
Özünə ada yarat
Yarat,
Özünçün yarat,
Arxayın və rahat,
Həyəcansız, şübhəsiz
Əyləncəsiz, fikirsiz, əndişəsiz
Amma özünçün yarat,
Amma özünü yarat,
Özünü hər zərrədə
-
Otda, çəməndə, şehdə,
Ya meşədə, ya evdə,
Bizə
isti olmaqçün
Bir az da odun uman, çır-cırpı
arzulayan,
Sonuncu kömürüylə işım-işım
bərq vuran
Həyətdə o közərən həmin
tonqalda ərit.
Bəxtimiz də gətirib:
Bütün bu insanları, ölkələri, dünyanı
Həm
ilk dəfə görürük,
Həm də sonuncu dəfə.
Gərək elə yaşayıb
elə də öləsən ki,
yaşayıb görəsən
ki,
hamının yeri isti, hamının qəlbi aram.
Yarat, özüncün yarat,
Yarat, özünü yarat,
Tənhalığında bərki.
Ana
Büsbütün donmusan,
Öz nimdaş paltonda dayanmısan
Bu sərt dekabrın fani saatında,
sonuncu avtobusu gözləyirsən,
və inanırsan ki, səma
mavi, parlaq mavi, masmavidir daima.
Amma oğlun boşluğa söykənib
hər şeyi görür.
Ana,
sənin oğlun
tənhadır, tənha.
Ana,
oğlun heç
kimi yarıtmadı da.
Ana,
oğlun naməlum
yolların ayrıcında
bilmir nə etsin.
Bağışla
Bağışla ki,
gənc idim,
və səni
belə tez
itirdim.
Əgər
Əgər məni soruşsalar,
de ki, mən yoxam.
De ki, mən işdəyəm,
de ki, mən yoxam.
Vida naharına dəvət etsələr -
de ki, mən yoxam.
Məşhur tamaşaya bilet
versələr -
de ki, mən yoxam.
De ki, gündoğana baxmağa getdim,
Və
de: qayıdacam min ildən
sonra.
Nəğmə
Mənə ölkələrdən danış -
uzaq və nağıl kimi olsun.
Mənə səyyarələrdən danış -
insanları kəpənək
kimi olsun,
dalaşmasınlar,
cənnət kimi olsun yaşayışları.
Mənə eşqdən danış
-
həqiqi, sədaqətli
olsun,
yollardan danış -
sonu bilinməsin, uzun olsun.
Danış mənə:
zərrədə özünü
necə tapırsan?
Bircə
necə yaşadığımdan
söz etmə,
bircə bu haqda heç kimə danışma.
Həyat
Adamlara inansan,
Ümid
etsən hər kəsə
Aldadıb cib kəsərlər,
Sarsaqsan
söyləyərlər,
Dəlixanaya atıb
Küçük kimi döyərlər.
Qazanc güdüb yaşasan,
Fənd-fellə yaltaqlansan,
Hamını yoluşdursan,
İşgüzar ad çıxarsan
Qusarsan,
iyrənərsən
Özün də bu həyatdan.
Qoyun necə xoşdu, elə yaşayım,
Bacardığım kimi, öz ürəyimcə,
Hələ ki küləkdə
gözləyir kölgə,
Hələ ki kölgəni pozmayıb külək.
Aydın ƏFƏNDİ
Tərcümə etdi: Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2021.-
13 mart.- S.6.