Əsəd bəy - Çəmənzəminli
- Qurban
Səid diskursu: həqiqətin
gerçək üzü
V məqalə
"Əli və Nino": Mətnin
və faktların dedikləri...
Hər hansı bir mətn özünün müəllifliyi
ilə bağlı hər şeyi deyə bilməsə də,
müəyyən izləri qalır. Bəzən də onu
müəyyənləşdirmək mümkün olmur; yəni
mətnlə onun müəllifinin kimliyi arasında heç
bir əlaqə görünmür. Dədə
Qorqudun "Kitabi-Dədə Qorqud" dastanının müəllifi
olması haqqında ehtimallar var. Bu ehtimallar akademik İsa Həbibbəylinin
araşdırmalarında bir qədər də qüvvətləndirilir.
"Dastani Əhməd Hərami"
poemasının əvvəlində yazarın adı olan hissə
itdiyindən müəllifini hələ də müəyyənləşdirmək
mümkün olmamışdır. Əlbəttə,
XIII əsrlə XX əsr eyni olmadığı kimi, poeziya ilə
nəsr arasında da fərqliliklər var. Bir də ki, əsərin
yazılması zamanı müəllif şəxsiyyətinin
bədii mətnə hər zaman transformasiyası baş
vermir. Hər bədii mətn özündə
hər zaman müəllif gizlinlərini ehtiva etmir. Ona görə də, hər hansı bədii mətndə,
əsərdəki süjet xətlərində, obrazlara və
onların adlarına tərcümeyi-hal materialı kimi baxmaq
doğru olmazdı. Lakin yenə də, əvvəlki
məqalələrimizdə qeyd etdiyimiz faktorlara və faktlara
söykək kimi bədii mətnə də müraciət etmək
məcburiyyətindəyik. Elə çəmənzəminlişünaslar
da ən çox müraciət etdikləri və irəli
sürdükləri ehtimallar bədii mətnlə
bağlıdır. Lakin burada da müəyyən
çətinliklər vardır; hər şeydən əvvəl,
mətni düzgün oxumaq və doğru nəticələr
çıxarmaq lazım gəlir. Mətnşünas
alim akademik Lixaçev mətnin düzgün oxunması
üçün bir şərt-dövrün dilini
yaxşı bilmək olduğunu bildirərək
yazırdı: "Təəssüf ki, müasir nəşrlərdə
və mətn araşdırmalarında çox sayda səhv
oxunma məhz əsərin yazıldığı dili zəif
bildiyindən baş verir. Dövrün əsərlərində
təkcə oxumaq kifayət deyil, mətni səthi başa
düşmək deyil, dövrün yazım, fonetik, morfoloji və
sintaktik normalarının dəqiq bilmək lazımdır. Bundan əlavə, abidə ədəbi xarakter daşıyırsa,
dövrün ədəbi üslublarını bilməlisiniz və
tarixi bir sənəddirsə - sənədin mənsub
olduğu dövrdə istifadə olunan formul və terminləri
də bilməlisiniz" (Lixaçev, s.33).
Çəmənzəminlişünaslar bədii mətndə
Y.Vəzirin izlərini axtararkən ən çox bir neçə
məsələ üzərində dayanırlar. Onlardan biri
"Əli və Nino" romanının bəzi cümlələrinin
Y.Vəzirin "Gündəlik"ində və başqa əsərlərindəki
oxşarlıqlardır. Doğrusu, bu yolda elmilik çox
az olsa da, bu prinsipi nəzərdən
keçirək. "Əli və Nino"da: "Nikah
qarşılıqlı etimad və qarşılıqlı
qayğıya əsaslanır. Ər ilə arvad
həmişə məsləhətləşməli və
işdə bir-birinə kömək etməlidir"
("Əli və Nino", 1993, s.88). Y.Vəzirdə:
"Ər və arvad yoldaşdır. Nikahın ümdə
şərti ər və arvadın bərabərliyi olur... Kişi bir işə başlayanda arvadına məsləhət
etməlidir, hər məsələ gərək bir yerdə
müzakirə olunsun". (Y.V.Çəmənzəminli,
Əsərləri, 3-cü cild, s.157). Burada
çox zəif oxşarlıqdan danışmaq olar və bu
oxşarlığı hər hansı başqa bir
yazıçıda da axtarmaq mümkündür. Və
yaxud: "Qızlar mavi uniforma - donlar və ağ
döşlük geyib bağçada gəzirdilər"
("Əli və Nino", s.6). Y.Vəzirdə:
"Buranın məktəb qızları göy zolaqlı
paltarlarda və ağ döşlükdə gəzirlər"
(Y.V.Çəmənzəminli, "Bir cavanın dəftəri",
s.38). Bu bir cümlənin
oxşarlığını hər hansı bir əsərin məxsusluğunu
təyin etmək üçün ehtimal sıfrın
altındadır.
Yenə də
çəmənzəminlişünasların ehtimallarına
nəzər salaq: "Orada, Davud dağında bir qəbir
vardır. Bu qəbirdə şair və əlahəzrət
Aleksandr Qriboyedov yatırdı. Onun məzar
daşının üstündə bu sözlər yazılmışdır:
Sənin əməllərin unudulmazdır, amma nə
üçün Ninonun məhəbbəti sənin
ömründən uzun oldu?". ("Əli və Nino" s.99). Y.Vəzirdə:
"...Onun (Qriboyedovun - B.Ə.) məzarı üstündə
qadını Nino tərəfindən ucaldılmış dəbdəbəli
abidənin üstündə bu sözlər yazılmışdı:
"Sənin ağlın və əməllərin rusların
xatirəsində əbədidir, amma nə üçün mənim
məhəbbətim səndən artıq yaşadı?" (Y.V.Çəmənzəminli, "Fokusnik"
jurnalı, 1904). Yəqin ki, Qriboyedovun məzar
həyatının bu anını təsvir edən
üçüncü bir yazıçıda da eyni informasiya
yer alacaq. Bir də 1904-cü ildə on yeddi yaşlı
bir gəncin dəftərində yazılmış bu cümlənin
20-ci illərdə yazıldığı güman edilən əsərlə
nə əlaqəsi ola bilər? Doğrudanmı, Y.Vəzir bu əsəri yazarkən
vaxtilə dəftərinə yazılan bu cümləni
xatırlamışdır?
Başqa bir nümunəyə nəzər salaq. Doğrusu, bu
yarımçıq cümlədən yapışmaq tədqiqatçı
üçün yolverilməzdir, deyərdim ki, qeyri-ciddidir:
"...riyaziyyatın əlindən ölürəm..." ("Əli və Nino", s.83). Y.Vəzirdə:
"Riyaziyyatla mübarizə aparmaq məni təngə gətirmişdir"
(Y.V.Çəmənzəminlinin gündəliyi, 23 yanvar,
1909). Gündəliklə bədii əsərdə
yaxınlıq axtarmaq heç bir prinsipə əsaslanmır.
Üstəlik, istənilən gündəlikdə
hər hansı bir şagirdin yarımçıq cümlə
ilə riyaziyyatdan şikayət etməsi tamamilə təbiidir.
Yaxud: "Onun səsini minlərlə insanın təkrar
etdiyi "Şaxsey, Vaxsey - Hüseyn, vay Hüseyn"
nidaları müşayiət edirdi" ("Əli və
Nino", s.186). "-Ku Hüseyinmə! Vay
Hüseyinmə! - minlərlə adamın
hönkürtüsü bir-birinə
qarışmışdı" (Y.V.Çəmənzəminli,
əsərləri, 1-ci cild, 1966, s.263.). "...İkinci
dəfə idi ki, üçüncü sinfin partasında
oturdu və onun üçüncü il də eyni sinifdə
qalması üçün hər cür ehtimal var idi
("Əli və Nino", s.4). "Bu bədbəxt
18 yaşında da hələ də üçüncü
sinifdədir..." (Çəmənzəminli,
əsərləri, 3-cü cild, s.252).
Hər hansı bir əsərin
birinə məxsusluğunu əsaslandırmaq
üçün o qədər zəif ehtimallardır ki,
bunların üzərində dayanmağa dəyməz.
"Əli və Nino" romanının mətnində
elə yerlər var ki, onu Y.Vəzirin yazmasını çəmənzəminlişünaslar
qəbul etməzlər. Ancaq Əsəd bəyin yazmasına heç kim etiraz
etmir, çünki bu cür ziddiyyətlər, gözlənilməzliklər
onun başqa əsərlərində də nə qədər
desən var. Çox doğru olaraq, professor A.Məmmədli
Qarabağa həsr olunmuş səhifələrdə
qonaqlığın təsvirinə diqqət çəkərək
"Görəsən, Azərbaycan yazıçılarından
hansı Şuşadakı ziyafəti təsvir edərkən
sadarilərdən, dairə, çinuri, thara, diplipitodan bəhs
edərdi? İstər Çəmənzəminli, istərsə
də lap kim olur-olsun - nə
üçün tardan, kamançadan və xanəndədən
barı bir kəlmə demir? Rus tərcüməsində
bu musiqi alətlərinin arasında tarın da adı çəkilir.
Azərbaycan mətnindən məlum olur ki, bu tar deyil,
tharadır", - deyə Azərbaycan
yazıçısının bu cür yazmasını qəbul
etmir. Əli xanın Şuşada özünü pis hiss etməsi,
meşəni sevməməsi (Əsəd bəy həmişə
səhranı dilə gətirir, burada da qəhrəmanı səhranı
təqdir edir), şiəliklə
bağlı təsvirlərdə açıq-aşkar səhvlərə
Y.Vəzirin necə yol verdiyinə inanmaq olmur. Əli
xanın "Mən sadə şeyləri sevirəm - külək,
qum və daşları. Səhra
qılınc zərbəsi kimi sadədir. Meşə
isə Qordiy düyünü kimi dolaşıqlıdır.
Mən meşədə çaşıb
qalıram, möhtərəm Didiani", - sözləri daha
çox Əsəd bəyin digər əsərlərindən
bizə məlum olan qəhrəmanın
dünyagörüşü ilə nəinki uyğun gəlir,
hətta eynilik təşkil edir. Didianinin də Əli
xana dediyi: "Sizdə səhra adamının ruhu var.
Görünür, insanları bölmək üçün
yalnız bir doğru üsul vardır: insanları meşə
adamlarına və səhra adamlarına bölmək
lazımdır. Şərqin içkisiz sərxoşluğu
səhradan gəlir. Səhrada isti külək və
qızmar qum insanları sərxoş edir. Səhra dünyası sadə və problemsiz bir
dünyadadır. Meşə isə
suallarla doludur. Yalnız səhra sual vermir,
məhsul vermir və heç nə vəd etmir. Lakin ruhun atəşi, qığılcımı
meşədən gəlir. Səhra adamı, yəni
gördüyüm və təsəvvür etdiyim səhra
adamı yalnız bir hissə və bir həqiqətə malikdir:
bu iki şeydir onun daxilində olan. Meşə
adamı isə çoxsifətlidir. Təəssübkeşlər
səhradan gəlirlər, yaradıcılar isə meşədən.
Şərq və Qərb arasında əsas fərq
də elə budur" ("Əli və Nino", s.41)
sözləri də Əli xanın səhra adamı
obrazını yaradır. Söhbətə qoşulan erməninin:
"Bax bu səbəbdən biz ermənilər və
gürcülər meşələrdə
yaşayırıq" sözləri Şərq-Qərb
diskursunda üstünlüyü Qərbə verir, Qərbi
yaradıcı, Şərqi isə primitiv kimi göstərir. Bir çoxları mətnin bu oxunuşunda milli
düşüncə konsepsiyasından çıxış edərək
Əli xanın gürcüyə və erməniyə cavab
verməməsini doğru hesab etmir. Hətta
Ninonun Əli xana Şuşanı sevməsi barədə
şərt qoyması bizə qəribə gəlir. Romanda mətnin oxunuşunda bu cür ziddiyyətli
yerlər çoxdur. Y.Vəzirin başqa əsərlərində
xalqın tarixi, etnogenezisi, düşüncəsi ilə
bağlı bu cür təsvirlərə rast gəlmək
mümkün deyil. A.Məmmədli Y.Vəzirin
Şuşanın təsviri zamanı Pexaçpür
bulağından bəhs etməsini də heç cür qəbul
edə bilmir, çünki İsa bulağı olan yerdə nədən
adı bizə məlum olmayan Pexaçpür bulağını
təsvir edir: "Mənə həmişə elə gəlib
ki, Şuşada bulaq adı çəkiləndə İsa
bulağı yada düşər. Qurban Səid
Pexaçpürdən danışır... Qurban Səid
Qarabağ atına da ermənini oturdur... Qarabağ atları -
Azərbaycanın fəxridir! Heç Çəmənzəminli
Qarabağ atına ermənini otuzdurardımı? Qurban Səid otuzdurur" (Məmmədli).
Bədii mətnin oxunuşunda Y.Vəzirin olmayacaq yerlər
çoxdur; məsələn, Şuşadan və
Qarabağdan bəhs edərkən ermənilər buranın
adlı-sanlı nəsilləri və əsilzadələri
kimi qələmə verilir. Yəqin ki, çəmənzəminlişünaslar
da bu fikirlərin ona aid olmasını istəməzdi.
A.Məmmədli Qarabağ mövzusunu yekunlaşdıraraq belə
bir statistik nəticə çıxarır: "Romanda
yalnız bir realiya adı çəkilir - erməni kilsəsi
Maraş. Yalnız bir bulaqdan söhbət gedir -
Pexaçpür. Yalnız iki soyad verilir,
ikisi də erməni - Naxararyan və Melikov. Hər ikisi Şuşa əsilzadəsi kimi təqdim olunur.
Qarabağın və Azərbaycanın rəmzi
olan Qarabağ atının romanda yiyəsi ermənidir. Qarabağın müdafiəsi romanda ermənilərə
həvalə olunur.
Azərbaycanlılar romanda işğalçılar kimi
təsvir olunur, onlar Qarabağa gəlib burada yaşayan
xalqları dəhşətə salan ad qazanmışlar. Onlar primitiv çöl-səhra
adamlarıdır, dağlarda və meşələrdə
özlərini pis hiss edirlər" (Məmmədli). Əlbəttə, məsələyə bu cür
yanaşdıqda əsərdə antierməni,
antigürcü, antirus təsvirlərə də rast gəlmək
olur. Lakin bu təsvirlərin özü də
romanın Avropa modelini ortaya çıxarır. Roman Avropada yazılmışdı və Avropa
oxucusuna ünvanlanmışdı. Romanda Azərbaycan əleyhinə
səslənən bu fikirləri heç cür Y.Vəzirin
olduğunu qəbul etmək olmur, ancaq bunu Əsəd bəyin
adına asanlıqla yazırıq. Əsəd bəyin bütün əsərlərində
mətn məhz bu cür ziddiyyətlər üzərində
qurulur. Ancaq bunlar mətnin üst
qatını əhatə etmir, mətnin üst qatında Azərbaycana,
Cümhuriyyətə sevgi sonadək süjetin ana xəttini təşkil
edir.
Məsələ
burasındadır ki, "Əli və Nino" romanı mətnin
təhlili baxımından da dolaşıqlığa
salınıb; kim necə gəldi oxuyub.
Romandakı adlar, hadisələr, şəxsiyyətlər və
s. hər iki yazıçının ömürlüyü ilə
müqayisə edilir, oxşarlıqlar axtarılır və
"tapılır". Bu cür
oxşarlıqlar həmin dövrdə yazıb-yaradan bir
başqa (deyək ki, Ə.Cavad və ya C.Cabbarlı)
yazıçının yaradıcılığında da
axtarıla bilər. Bəzən bu
"tapıntılar" heç cür müqayisəyə
belə gəlmir. Çünki hər bir
müqayisədə gərək bənzəyənlə bənzədilən
arasında bir yaxınlıq olsun. Yenə
də, çəmənzəminlişünasların istinad
etdikləri həqiqətə yaxın olmayan ehtimallar üzərində
dayanmaq istəyirik.
Məlumdur ki, romanın baş qəhrəmanı
Əli xandır. Onun qəlbində iki sevgi var; Cümhuriyyətə
və Ninoya. Əvvəldən axıra
Əli xan bu iki sevgi arasında qalır. Lakin
əsərin sonunda Əli xanın Cümhuriyyət sevgisi
qalib gəlir; o, Nino və qızı ilə Parisi, rahat həyatı
yox, Gəncənin müdafiəsi zamanı ölümü
seçir. Maraqlıdır ki, bütün
çəmənzəminlişünaslar bu əsəri ona
görə Y.Vəzirə bağlayırlar ki, o, Cümhuriyyət
səfiri olub. Ona görə də Y.Vəziri,
yəni müəllifi Əli xanın prototipi hesab edirlər.
Onların fikrincə, Əli xan obrazı ilə
yazıçı özünü nəzərdə
tutmuşdur. Vaxtilə "Məlikməmməd
nağılı"nı da "Əli xan" adı
altında çap etməsi çəmənzəminlişünaslara
əsl avantaj verir. Mən də istərdim
elə olsun, lakin əsərdəki Əli xanla "müəllif"
Y.Vəzirin ruh yaxınlığı bunu deməyə əsas
verirmi?! 1911-ci ildə işlənmiş bir təxəllüsün
bundan on-on beş il sonra
yazıldığı güman edilən bir obrazla nə əlaqəsi
ola bilər? Yenə də bu versiyanın
mümkünlüyünə bir aydınlıq gətirək;
doğrudur, Y.Vəzir Cümhuriyyətin İstanbuldakı Türkiyə
səfiri olmuşdur, ancaq bu o demək deyil ki, bu obrazla ona aid
edilən prototip arasında oxşarlıq vardır. Elə isə əsərdə
Əli xan Parisə konsul getməkdən imtina edir; əgər
özünü nəzərdə tutmuşsa, tərcümeyi
halına uyğun olaraq konsul getməli idi, o zaman əsərin
süjet xətti də dəyişirdi. Və yaxud nədən
Paris, elə tərcümeyi-halına uyğun olaraq İstanbul
daha uyğun ola bilməzdimi? Əgər Y.Vəzir Əli xanın prototipidirsə,
nədən aralarında bu qədər məfkurə və
ideya fərqi vardır? Əsərin Y.Vəzir
tərəfindən yazıldığı iddia edilən
dövrdə Əli xanla Y.Vəzir hadisələrə
münasibət baxımından tamamilə fərqli adamlar idi.
Təsəvvür edək ki, həqiqətən belədir, o
zaman yaranmış situasiyaya nəzər salaq; Əli xan
atası ilə söhbətdə Birinci Dünya müharibəsinə
getmək istəmir və bu müharibənin onluq
olmadığını deyir, hiss edir ki, bu müharibədən
sonra çarın istila yürüşlərindən də
böyük təhlükə meydana gələ bilər. O
görür ki, gözəgörünməz bir qüvvə
karvanın ipini sarvanın əlindən alır və onu zorla
yad otlaqlara, yad yollara döndərmək istəyir. Bu, ancaq Qərbin yolları ola bilər. Bu həm də Azərbaycan
Cümhuriyyətinin tutduğu yol idi. Atasının onun
müharibəyə getməsinə isə münasibəti belə
olur: "Atam heyrət içində və təşvişlə
məndən soruşdu:
- Sən,
doğrudan da, müharibəyə getmək istəmirsən? Sən, Əli xan Şirvanşir?
- Bilirəm,
ata. Mən də cəng yolunda başımı
qoyacağam, amma indi yox, elə uzaqlarda yox.
- Şərəflə ölmək şərəfsiz
ölməkdən yaxşıdır.
- Mən
şərəfsiz yaşamıram. Mənim bu
müharibədə heç kimin qarşısında vəzifəm
və borcum yoxdur" ("Əli və Nino", Bakı,
2005, s.57-58). Əli xan bu müharibəyə
ona görə getmir ki, qarşıdan xalqın müstəqilliyi
gəlirdi. O bunu hiss edir və dövlətçilik
yolunu qərbçilikdə görürdü. O, şərəfsiz
yaşamaq istəmirdi...
Əli
xan Y.Vəzirdən fərqli olaraq axıradək heç bir
dövlət vəzifəsi tutmur, Fətəli xan Xoyskinin
"Əli xan, nə üçün siz dövlət vəzifəsində
deyilsiniz?", -sualına "Fətəli xan, mən
bütün varlığımla vətənimə
bağlıyam, əmriniz nədir", -desə də, Xarici
İşlər Nazirliyində Qərbi Avropa şöbəsinin
attaşesi vəzifəsindən də imtina edir.
Əli xanın Cümhuriyyətə, bu dövrdə
baş verən hadisələrə münasibəti ilə səfir
Y.Vəzirin münasibəti də xeyli fərqlidir. Götürək,
romanın bitdiyi Gəncə hadisələrini. Cümhuriyyət süqut etdikdən sonra milli
qüvvələr yığışıb Gəncəni XI
Qırmızı Ordudan müdafiə edirlər. Nino qızı ilə Gəncəyə gəlir,
fikri budur ki, əvvəllər xəyal qurduğu kimi, bu siyasi
hadisələrdən uzaqlaşıb qızı və əri
Əli xanla birlikdə Parisə getsin. Lakin
Əli xan onun uşaqla tək gedəcəyini qəti şəkildə
bildirir. Nino bunu gözləmirdi. Ona
görə də: "Bəs "oyuncaq?", - dedi, körpəmiz
var, sən bizimlə getmək istəmirsən?
- Gedə
bilmərəm, Nino.
- Sənin
ulu baban Gəncə körpüsündə şəhid
olmuşdu. Mən bunu tarix imtahanından bilirəm.
Nino qəflətən, ölüm astanasında olan yaralı
heyvan kimi nalə çəkib yerə sərildi. Onun gözləri
qupquru idi, bədəni titrəyirdi. O, fəryad edərkən
İlyas otaqdan eşiyə atıldı.
- Nino, mən
dalınızca gələcəyəm. Mütləq,
bir neçə günə yanınıza gələcəyəm.
O, ah-nalə
içində idi və bayırda insanlar can verən
cümhuriyyətin coşqun mahnısını oxuyurdular"
("Əli və Nino", s.202).
Əli xan Şirvanşir ailəsi ilə getmir, Gəncədə
qalmağı, istiqlal və Cümhuriyyət uğrunda qurban
getməyi üstün tutur və Ninonun dediyi kimi, ulu babası
kimi Gəncə körpüsündə şəhid olur.
İndi gəlin
görək, romanın
Y.Vəzir tərəfindən
yazıldığı iddia edilən dövrdə onun Gəncə
hadisələrinə münasibəti necə idi? Bunu biz Y.Vəzirin "Müsavatçıya
cavab" məktubundan öyrənirik. Məktubda Y.Vəzir
söhbəti Gəncə hadisələrinə gətirərək
yazırdı: "İstanbulda bulunan millətçilərin
əksəriyyətini təşkil edən o zaman gəncəlilər
idi. Bu siyasətlə iştiğal etməyən
və sülhpərvər adamların İstanbula iltica etmələrinin
səbəbi Gəncə hadisələri olmuşdu. Odur ki, mühacirlər ürəklərində
"Müsavat" rəhbərlərinə qarşı dərin
bir kin bəsləyirdilər. Gəncədə
tökülən qanların və yıxılan evlərin səbəbini
iki adamda görürdülər. Biri Xəlil
bəy Xasməmmədov, ikincisi Məşədi Əli Rəfiyev.
Mühacirlərin rəyincə Gəncədə
qarışıqlığa səbəb olan bu adamlar
"Tiflisdən gürcü qoşunu gətirməyə gedirik"
bəhanəsi ilə xalqı qan içində buraxıb
qaçmışlar imiş...
Bir zamanlar mən bitərəf qalmışdım. Çünki
Gəncədən mühacirlərlə bərabər gələn
kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim nöqteyi nəzərimcə, Gəncə
üsyanını quranlar millətə qarşı
böyük xəta işləmişlər (bundan sonra Y.Vəzirdən
gətirilən sitatlardakı boyalar mənimdir - B.Ə.).
Bakıda məclisi məbusan əzası
imzaları ilə hökuməti Şuralara tərk etdikdən
sonra Gəncə hadisəsinə lüzum varmı idi?"
(Y.Vəzir, 1926). Göründüyü
kimi, Y.Vəzirin bir siyasətçi kimi Gəncə hadisələrinə
münasibəti müsbət deyil. İndiyədək
tarixşünaslığımızda rus istilasına
qarşı dirəniş olaraq böyük tarixi (və fəxr
olunası!) hadisə kimi qiymətləndirilən bu
üsyanı "millətə qarşı böyük xəta"
adlandırır və onun baş verməsini
"lüzum" görmürdü. Ola bilməz
ki, bir siyasətçi kimi Y.Vəzir bir cür,
yazıçı kimi başqa cür düşünə
idi. Məktubun yazılması ilə əsərin
yazılması arasında təxmin edilən vaxtda
yazıçının eyni hadisəyə ikili münasibəti
necə ola bilərdi?
Əvvəldə qeyd etdiyimiz kimi, Əli xanın
bütün idealı Azərbaycan Cümhuriyyəti və
xalqın istiqlalıdır. Biz demirik ki, Y.Vəzir
istiqlalçı, cümhuriyyətçi olmayıb; sadəcə,
Y.Vəzir prototipi Əli xan obrazı ilə heç cür
üst-üstə düşmür. Bundan başqa, Azərbaycan
Cümhuriyyəti və istiqlalı barədə Y.Vəzirin hər
hansı bir təqdir yazısına rast gəlmirik. Tədqiqatçıların Y.Vəzirin bu əsərləri
yazdığını ehtimal etdikləri 1920-1926-cı illərdə,
əslində, onun mücadiləsi cümhuriyyət uğrunda
yox, cümhuriyyət ideallarını yaşadanlarla mücadilədə
keçirdi. Ola bilməz ki,
yazıçı bir tərəfdən "Əli və
Nino" əsərində Cümhuriyyəti təsvir və tərənnüm
etsin, eyni zamanda Cümhuriyyət ideallarını mühacirətdə
yaşadanlara qarşı savaş aparsın. Bunların ikisinin bir yerdə olması mümkün
deyil. Ə.Topçubaşovu, M.Ə.Rəsulzadəni
və digər Cümhuriyyət funksionerlərini tənqid etməyindən
belə məlum olur ki, onun Cümhuriyyət liderləri, sonra
isə mühacir müsavatçılarla münasibəti
yaxşı olmamışdır. Y.Vəzir
ən çətin vaxtda yardım üçün
üstünə getdiyi Ə.Topçubaşovun Parisdə villada
yaşadığını deyir, onun əlinə düşən
"millət naminə" paralardan bəhs edir. Halbuki həmin dövrdə Ə.Topçubaşovun
özünün çox çətin şəraitdə
yaşadığı barədə mənbələr bunun əksini
deyir, elə tarixçilər də bu barədə yekdil fikir
bildirirlər. Bütün bunlar Y.Vəzirlə
Cümhuriyyət liderləri arasında ideya uçurumunun
yarandığını aydın şəkildə göstərirdi.
Romanda Fətəli xan Xoyskinin müsbət obrazı
yaradılır. Y.Vəzir isə bir səfir kimi F.Xoyskiyə xidməti
məktubunda onu vəzifəsindən azad etməsini istəyərək
yazırdı: "Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur.
Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən
üzərimə düşən bu ağır məsuliyyətdən
məni qurtarınız və müsaidə ediniz səfarəti
müstəşarıma tərk edərək geri gələyim"
(Y.Vəzir, 1926). Belə görünür ki, Y.Vəzirlə
Cümhuriyyət funksionerləri arasında dərin
uçurumun kökləri bir qədər də əvvələ,
yəni Cümhuriyyət illərinə gedib
çıxır: "İstanbulda bundan dörd il müqəddəm
müsavatçıların rəzalətlərinin şahidi
olduğum zaman bir dostum daima mənə söylərdi: bax,
qardaş, gör və bil ki, millət bunlardan nə zülmlər
görmüşdür. Bilaxirə Parisin ətrafında
kiçik bir şəhərdə işçi ikən
dostumun sözlərini xatırlayırdım" (Y.Vəzir,
1926). Ağır ittihamlar olmaqdan əlavə,
səfirin Cümhuriyyət ideallarını yaşadacaq
ştrixlərə rastlaya bilmədik. Hər
halda 20-ci illərin əvvəllərində Y.Vəzirin
münaqişədə olduğu bu vəziyyətdə
Cümhuriyyəti tərənnüm edən bir əsərin
yazılması assosiasiyası heç cür
reallığı əks etdirmir.
Məsələ belədir; M.Ə.Rəsulzadə
1923-cü ildə artıq İstanbulda idi və Azərbaycan
mühacirlərini ətrafına toplayıb "Yeni
Qafqasiya" dərgisini çap edir, siyasi mübarizəsini
davam etdirirdi.
Həmin vaxt Y.Vəzir də İstanbulda idi,
lakin nə M.Rəsulzadənin, nə də digər
mühacirlərin yanında yer almışdı və bu illərdə
Azərbaycan istiqlalı uğrunda mübarizə aparması ilə
bağlı faktlar da öz əksini tapmır. Bu zamanlarda "Əli və Nino"nu "yazan"
Y.Vəzir Cümhuriyyətin obrazını necə yarada bilərdi?!
Elə çıxmasın ki, Y.Vəzir
M.Ə.Rəsulzadənin "Bir şərəfsizin aqibəti"
məqaləsindən əsəbiləşərək
yuxarıdakı məktubunda bu cür
düşünürdü. Yox, özü də
yazır ki, mən iki il yarım əvvəl
bu qərara gəlmişəm. O yazırdı:
"Üçüncü "günah"
müsavatçılardan ayrılaraq bir başqa qrupa
iltihaqım oldu". O, müsavatçılardan
ayrılmağını təqdir edir, günah
sözünü dırnaq içində yazırdı. Y.Vəzirin "Müsavatçıya cavab" məktubunda
gəldiyi qənaət sıradan bir fikir deyil, ideyalar ətrafında
məfkurə ayrılığı idi. Bu fərqliliklər
məktubun sonunda daha qabarıq şəkildə əks olunur:
"Əgər Məhəmməd Əminlər Azərbaycanda
feodalizmin ehyasına və qolçomaqların təkrar iş
başına gəlməsinə inanırlarsa, əmin olsunlar
ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri
ölərlər, lakin əskimiş idarənin təkrar
hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri
alınmaz" (Y.Vəzir, 1926).
Bu fikirlər "Əli və Nino" romanının qəhrəmanı
Əli xanın həyat kredosu ilə tamamilə ziddiyyət təşkil
edir. Bu, sadə bir məsələ deyildi, böyük məfkurə
məsələsi idi. Bu qənaətə mən yox, Y.Vəzirin
özü gəlmişdi: "Zamanları keçmiş,
söz və söhbətləri köhnəlmiş altun
üftadəsi Topçubaşovlardan, Xəlil bəy Xasməhəmmədovlardan,
qoçu Məşədi Əlilərdən və
başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq
yerə yalançı propaqandalara uyulmasın. Əgər "milli məfkurə" bizə
zülm bəxş edəcəksə, ölsün o məfkurə.
Əgər məfkurə dediyimiz ibtidai bir idarədə
qövmi bir təşkilat isə, yox olsun o məfkurə"
(Y.Vəzir, 1926). Y.Vəzir milli məfkurəni
dırnaq içinə alır və onun yox olmasını istəyir.
O məfkurə yox olmadı, cümhuriyyətin liderlərinin əsərlərində,
fikir və ideyalarında yaşadı və yenidən vətənə
döndü. Milli məfkurəçilik,
cümhuriyyətçilik həm də bədii
düşüncədə ən yaxşı şəkildə
"Əli və Nino" romanında bütün
dünyanı dolaşaraq əsrin sonlarında eyni vaxtda yenidən
Azərbaycana döndü.
İndi gəlin Əsəd bəyin Cümhuriyyətə
münasibətinə nəzər yetirək, çünki
"Əli və Nino" müəllifinin gizlinləri məhz
cümhuriyyətə münasibətində üzə
çıxır. Əsəd bəy 1920-ci ildə Azərbaycandan gedərkən
cəmi on beş yaşında idi. Cümhuriyyəti bu zaman dərk edə bilməyəcəyi
deyilən bu gənc Almaniyada yazmağa
başladığında əsas mövzusu Şərq və
Azərbaycan olur. Məlumdur ki, Azərbaycan
mühacirət bədii düşüncəsində milli
istiqlal motivləri ən yaxşı şəkildə
Gültəkinin şeirlərində, ictimai-siyasi publisistikada
isə M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və
Ə.Cəfəroğlu yaradıcılığında əksini
tapır. Çox maraqlıdır ki,
onların hamısı Türkiyə mühacirətinin
nümayəndələri idilər. Avropa
mühacirətində isə istiqlal savaşı daha çox
Fransada Ə.Topçubaşov və C.Hacıbəyli tərəfindən
aparılırdı. Gözlənilmədən
Almaniyada onların sırasına 23 yaşlı Əsəd bəy
də qoşulur. 1928-ci ildə
yazdığı "Azərbaycan Demokratik Cümhuriyyəti"
məqaləsi ilə Türkiyədə Azərbaycan
mühacirlərinin gördüyü işi görür.
Məqalə Azərbaycanın "Müstəqilliyinin
elan edilməsinin 10 illiyi münasibətilə"
altbaşlığı qeydi ilə çap olunmuşdu.
Digər məqalələrində fantaziyaya,
şişirtmələrə yol verən Əsəd bəy
burada çox ciddi informasiyalara yer verir və cümhuriyyət
haqqında Almaniya oxucularını məlumatlandırır.
Gənc yazıçının Azərbaycan
Cümhuriyyətinə, xalqına və onun
qazandığı istiqlalına ilk sevginin
işartılarını burada görürük. Buna qədər Azərbaycan mühacirləri tərəfindən
Almaniyada belə bir məqalə yazılmamışdı.
Yalnız Əsəd bəydən iki il
sonra Hilal Münşi "Azərbaycan Respublikası"
adlı kitabçasını yazmışdı. Lakin bu əsərini yazmaqda əsas məqsədi
Əsəd bəyi tənqid etmək olmuşdu. Əsəd bəyin məqaləsi isə həm
siyasi məzmunu, informasiyalılığının
tamlığı, istiqlalı qiymətləndirməsi
baxımından olduqca qiymətlidir.
Əsəd bəyin bu məqaləsində "Əli və
Nino" romanının, demək olar, mahiyyəti
açılır. Yazıçı burada Azərbaycan
xalqının etnik kökən etibarilə türk olduğunu
yazır ki, bu da romanda keçən əsas xətlərdən
biridir. Müəllif Azərbaycanın XIX əsrdə
çar Rusiyası tərəfindən işğalını
"rus istismar gücünün qapqara səhifəsi"
adlandırır, azərbaycanlı-erməni
toqquşmasının ruslar tərəfindən törədildiyini
yazır. Lakin Cümhuriyyətin yaradılması ilə
hər şey dəyişir: "Bolşeviklərin məhv
etdiyi ölkə çox qısa müddət ərzində
yeni hökumət tərəfindən bərpa edilməyə
başladı, kənd təsərrüfatı islahatı həyata
keçirdi, peşə məktəbləri, institutlar,
universitet açdı, qabiliyyətli tələbələri
xaricə göndərdi və çox qısa müddətdə
xalqın etibarını qazandı" (Əsəd, Azərbaycan
Demokratik Cümhuriyyəti. Ədəbiyyat
dünyası, Berlin, 1928, 28 may). Məqalədə
Cümhuriyyətə münasibətdə bu cür sevgi tezisləri
çoxdur. Y.Vəzirin F.Xoyskiyə
raportları və "Müsavatçıya cavab" məqaləsində
isə bunun əksini görürük.
Əsəd bəy məqalə boyu "bizim müstəqilliyimiz"
ifadəsindən istifadə edir, özünü də bu
ölkənin bir parçası olmaqdan ayırmır. Əsəd bəyin məqaləsi
belə tamamlanır: "İndi müstəqilliyimizin elan
edilməsinin 10-cu ilində ruslar tərəfindən əzilən digər
xalqlarla birgə arzumuz ən qısa zamanda ölkələrimizin
qırmızı qüvvələrdən azad edilməsi və öz taleyini
özü təyin etməsidir. İnşallah,
bu arzu qısa zamanda gerçək olar!" (Əsəd bəy, 1928). Y.Vəzir isə bir də
o zamanın gəlməməsini arzu edir; bir-birinə tamamilə
əks olan qütb və mövqe...
Deməliyik ki, Əsəd bəyin bu məqaləsi
bütün siyasi məzmunu və mesajları baxımından
M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə kimi siyasi
mühacir funksionerlərin yazdıqları ilə eyni təsir
gücünə malikdir və məzmunca onların
yazdıqlarından fərqlənmir.
"Əli
və Nino" romanındakı Əli xan Y.Vəzirin yox, Əsəd bəyin
Əli xanıdır. O özünü Şuşaya, meşəyə
yad hesab edir, özünü daha çox asiyalı hesab edir. Müəllifin romanın əvvəlində
qoyduğu "Biz asiyalı, yoxsa avropalıyıq?"
sualına da "asiyalı" cavabını verir. Əsərin sonunda Avropaya getmir, Asiyada qalır və
vətəni üçün həlak olur.
Bakının düşdüyü vəziyyətə tab gətirə
bilməyərək: " - Ata, Asiya məhv olub,
dostlarımız döyüş meydanında həlak olublar,
biz də didərgin düşmüşük", - deyir.
Atası ona deyəndə ki: "- Asiya məhv olmayıb. Onun yalnız sərhədləri dəyişilib,
özü də birdəfəlik dəyişilib. Bakı indi Avropadır və bu, təsadüfı
deyil. Çünki Bakıda artıq asiyalı
qalmamışdı", - sözlərinə " - Ata, mən
üç gün ərzində Asiyanı pulemyot,
süngü və xəncərimlə müdafiə etmişəm
axı. - Sən qəhrəmansan, Əli xan! Amma
cəsarət nə deməkdir?" ("Əli
və Nino", s.146).
İndi Əsəd bəyin Əli xanı asiyalı
hesab etməsinin nədənlərini axtaraq. Əsəd bəyin
milli kimliyi ilə bağlı əvvəlki məqaləmizdə
atasının Səmərqənddən olduğunu
yazmışdıq. İkinci bir səbəbi
isə türklərin bu torpaqlara Asiyadan gəlməsi
haqqında tarixi nəzəriyyədir. Demək
lazımdır ki, türklərin Anadolu torpaqlarına Asiyadan gəlməsi
nəzəriyyəsi xüsusilə türk
tarixşünaslığında üstün yer alır.
Yalnız son zamanlarda türklərin öz tarixi
vətənlərinə təkrar geri dönmələri barədə
fikirlər vardır. Əsəd bəy
30-cu illərdə məhz bu fikirdə idi. Əcdadlarının Asiyadan gəlməsi
haqqında bir çox əsərlərində dönə-dönə
bu mövzuya toxunur.
"Əli və Nino" romanının Əsəd bəyə
məxsus olması barədə faktlar çoxdur, lakin bunlar
çəmənzəminlişünasların gətirdiyi
oxşarlıqlar kimi deyil, səhifələr, bəzən fəsillər,
ideya və fikirlərin olduğu kimi təkrarlanmasından ibarətdir. Sadəcə,
burada gətirdiyimiz arqumentlər yetərli olduğu
üçün çoxlu yer ala biləcək o səhifələri
burada qeyd etməyi lazım bilmədik. "Əli və
Nino" romanının Əsəd bəyə məxsus
olması faktı o qədər üzdədir ki, bunu sübut
etməyə heç ehtiyac da yoxdur… Axı hər
şeyi üzdə olan bir faktın nəyini sübut edəsən?!
Qoy bu barədə çəmənzəminlişünaslar
fikirləşsinlər...
Bədirxan ƏHMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.- 20
mart.- S.30-31.