Atalar, yoxsa oğullar...
"Vəziyyət
ruscadır"
VII yazı
İnsanın təbiətin bir parçası olması, doğulub boya-başa çatdığı yerlərin suyunun, havasının, iqliminin onun təkcə zahiri görünüşünə yox, həm də xarakterinə, daxili aləminə təsir etməsi təzə xəbər deyil. Ümumiyyətlə, söhbət XIX əsrdən gedirsə, "təzə xəbər" iddiası gülməlidi. İntəhası iki yüz ildə çox şeylər dəyişilməyibsə, köhnələri təzə kimi deməyə məcburam. Bir də qoca qarılarsayağı - ay bala, o telefonu kənara qoy, şüalanırsan, çıx bir az hava al... - deməmək üçün belə ağıllı-ağıllı danışmalı oluruq... Hər nə isə, belə çıxır ki, təbiət hər zaman qalibdir. "Təbiət" sözü bəlkə elə "dünya" ilə də əvəz edilə bilər... Amma biz elə "təbiət" deyək, bir az da təbii alınsın.
Deyir, Tolstoya yazı bəyəndirmək çətin iş imiş. Öz istedadının fərqində olan, mətnini səksən səkkiz dəfə köçürməkdən, düzəltməkdən, yenə-yenə yazmaqdan usanmayan adam heç kimi yaxına buraxmaz da... Dağdan, dərədən, çaydan, sudan danışıb hamını tərifləmək, bununla da xal qazanmaq tənbəllərin, təmənnalıların işidi. Nədisə, İvan Sergeyeviç Turgenevin mətnlərinə çatanda Tolstoyun əli-qolu yanına düşürmüş. Elə belə də deyirdi - "o, təbiətdən yazanda əl-qolum yanıma düşür". Məsələ sadəcə peyzaj yaratmaqda, dağın ucalığını, çayın şırıltısını, çiçəklərin qoxusunu, yazın yaşılını və qışın bəyazını sözlərə çevirməkdə deyil. İnsanın bütün bunlar içərisində necə görünməsini və yetişməsini anlatmaqdadır. Həm də bir qayda olaraq XIX əsr rus nəsrinin əsas məkanı şəhər, daha çox da Peterburq idi. Amma Turgenev aktual problemləri, qabardılması vacib məsələləri təbiətə doğru aparmaqla, çağdaş və bəlkə kirlənməkdə olan (bitibmi bu proses?!) insanı saf və ibtidai gözəllik içərisində təsvir etməklə tamam başqa bir mənzərə yaratdı. Eyni zamanda dövrün diktəsi, hadisələrin dinamikasının kəllə-çarxda olması da başqa dərddir.
Beləliklə, XIX əsrin 60-cı illəri son dərəcə mürəkkəb bir dövrdür. Bir tərəfdən İmperator II Aleksandrın taxta çıxması ilə başlanan "mülayimləşmə", dekabristlərin sürgündən azad olması, təhkimçilik hüququnun ləğvi, hərbi, təhsil və idarəçilik sahəsindəki reformalar, digər tərəfdən də ictimai həyatda baş verənlərin sənətdə əksi, yaxud da əksinə: Sənətin hakimiyyətə və sosial-ictimai problemlərin həllinə təsiri. Misal üçün, rus tənqidi əmindir ki, Turgenevin "Ovçunun xatirələri" silsiləsi təhkimçilik hüququnun ləğvini sürətləndirən əsərdir. Saltıkov-Şedrinin sözləri ilə desək, "bu əsər xalq və onun ehtiyaclarını ədəbiyyatın obyektinə çevirdi, bu ideyanın təməlini qoydu". O zaman Puşkinin "Sovremennik"ini Nekrasov və Panayev redaktə edirdi, yazıçıdan hər mənada boşluğu doldurmaq üçün maraqlı mətnlər istəmişdilər və "Ovçunun xatirələri" silsiləsi işıq üzü görən kimi müəllifə də, dərgiyə də böyük uğur, şöhrət gətirmişdi. Di gəl ki, dövr o qədər sürətlidi, münasibətlər də, yanaşmalar da, ideyalar da tez sıradan çıxır. Elə Turgenevin də "Sovremennik"lə əməkdaşlığı, dostluğu ideyalar ucbatından, daha dəqiq desəm, Dobrolyubovun onun "Ərəfə" ("Nakanune") romanı haqda yazdığı və dərgidə işıq üzü görən məqaləsinə görə pozuldu. Bolqar İnsarovun və onun qadını Yelenanın mübarizəsini tamamilə yanlış yozan Dobrolyubov Turgenevi köhnəliyi qamçılayan "yeni qəhrəman" yaradıcısı kimi təqdim edirdi. Səhv anlaşılmaqdan qəzəblənən İvan Sergeyeviçin dərgi ilə əməkdaşlığı bitdi və yazıçı bu "yeni insan" mövzusunda gerçək düşüncələrini, qənaətlərini qələmə almağı lazım bildi; bəlkə bir az da parodiya etmək, "təzə-təzə" deyən adamlarla məzələnmək, kimlərisə cəzalandırmaq üçün...
Lakin bu yeni insan köhnəsi ilə üz-üzə, qarşı-qarşıya qoyulmasa, maraqsız olardı. Ona görə Turgenev ən uğurlu həll tapdı bu yolda, yeni nəsildən olan oğulu öz atası ilə qarşılaşdırdı. Yəni bir tərəfdə qohumluq, doğmalıq, o biri tərəfdə düşüncələrin, həyata baxışın, zəmanənin fərqi. Ad da bu qədər sadə, hətta hədsiz açıq, birbaşa: "Atalar və oğullar". Əslində, dərinə gedəndə, bu gündən baxanda heç ideya da qəliz deyil. "Atalar oğullar problemi" ifadəsi daha şablonlaşıb, böyüklərlə barışmayan, köhnəliyi dağıtmaq istəyən yeni nəsil çətin ki, kimisə təəccübləndirsin... Elə isə Turgenevin bu əsərini klassikaya çevirən və aktuallığını şərtləndirən nədir?!
"Atalar və oğullar" 1962-ci ildə işıq üzü görüb, lakin buna qədər Turgenev "Hamlet və Don Kixot" məruzəsində bir növ elə yazacağı əsərin ideyasını bəyan etmişdi. Hər cümləsi düşündürücü olan bu məruzədə müəllif hər şeyə inanan, hisslərin təntənəsini dünyanın qələbəsi hesab edən Don Kixotla skeptik və bədbin Hamleti üz-üzə qoyur və əslində, müasir Hamletin yaranmasının vacibliyini göstərir. Avropa ədəbiyyatına dərindən bələd olan İvan Sergeyeviç elə bu düşüncələri və qeyri-adi yazı tərzi ilə çağdaş fransız yazıçılarına təsir edirdi. 60-cı illərdə Parisə köçən yazıçı Flober, Mopassan, Zolya, Hüqo kimi sənətkarlarla dostlaşır və onlar üçün sadəcə bir kəşf olur. Bu mənada Gi De Mopassanın yazıçının ölümündən sonra yazdığı sözlər, nekroloqunda xüsusi qeyd etdiyi məqamlar xeyli maraqlıdı:
"Özünün möhtəşəm müşahidəçilik qabiliyyətinə görə Turgenev rus inqilabının yetişməsini onun baş qaldırmasından çox-çox öncə hiss etmişdi. Ağılların bu yeni halını o özünün məşhur əsəri olan "Atalar və oğullar"da əks etdirib. Və həyəcanlı xalq kütləsi içərisində aşkar etdiyi bu yeni sektantları o "nihilist" adlandırıb; sanki bir naturalistin naməlum canlı orqanizmi kəşf edəndən sonra ona ad verməsi kimi...
Bu roman ətrafında böyük səs-küy qopdu. Bəziləri zarafata salır, digərləri etiraz edirdilər...".
Mopassanın dediyi kimi, birmənalı qarşılanmayan əsər yüz illərin bu tayında da çoxyönlü təhlillərə yol açır. Əsərin elə başlanğıcındaca çox şey aydındı... Universiteti yeni bitirmiş Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birgə atası Nikolay Petroviçin malikanəsinə gəlir. Burda Nikolayın qardaşı Pavel Petroviç də yaşayır və cavanların gəlişindən heç də məmnun deyil. Əsərin baş qəhrəmanı, tibb tələbəsi Bazarovun nihilistliyi elə ilk görüşdən aydındı və yüksək ideyalarla, böyük mənəvi, hətta poetik düşüncələrlə yaşayan qardaşlardan ötrü onun həyata baxışı, davranışı yolverilməzdir. Bazarov dostu Arkadiyə müəllimlik edir, "qocaların" -Kirsanovların liberal ideyalarını məsxərəyə qoyur. Həmçinin ən adi və kiçik detallarla hər iki nəslin düşüncə fərqini göstərmiş olur.
"- Biz indi gərək bir-birimizdən möhkəm yapışaq, bir-birimizi lap yaxşıca tanıyaq, düz demirəmmi?
- Əlbəttə, - Arkadi cavab verdi - Amma bu gün nə gözəl gündür!
- Canım-ciyərim, bu, sənin gəlişin üçündür. Bəli, baharın ən gözəl vaxtıdır. Düzü, mən Puşkinin dediyinə şərikəm, "Yevgeni Onegin"dən bu yer yadındadırmı?
Bahar, ey məhəbbət
dəmi, ey bahar
Mənə
qəm gətirir gəlişin sənin...
Nə qədər...
Bazarov
tarantasdan səsləndi:
- Arkadi, mənə
kibrit göndər, çubuğu yandırmağa bir şeyim
yoxdur.
Nikolay Petroviç
susdu...".
Əsərin elə ilk səhifələrində, hələ
malikanəyə yoldaca verilmiş bu dialoq
yazıçının əsas ideyasına işarə edir. Oğlunun gəlişindən
fərəhlənən ata şeir, sənət, bahar
ovqatındadı, gənclər üçünsə bu,
maraqsızdı, hətta gülməlidi. Və
Turgenevin mənə görə ən böyük uğuru hər
iki nəsli yanaşı göstərməsidir. O təbiət
və gözəlliklər ataları da dövrələyib,
oğulları da. Amma məsələn, Nikolay
Petroviç 23 yaşlı gənc xanımından, balaca
oğlundan da qaçıb təkliyə çəkiləndə
havanın yumşaqlığından zövq alır, gəncliyini,
ilk sevgisini yada salır, Bazarov isə böcək toplayır,
qurbağaları yarır. Dərinə gedəndə
axı o böcəklər də, qurbağalar da təbiətin
içərisindədi və yeni gələn nəsil
baharı yox, onları düşünmək istəyirsə,
daha dəqiq söyləsək, bunların vasitəsilə
öyrənmək arzusundadırsa, mübarizə, mübahisə
yersiz olur... Ona görə də Pavel Petroviçlə
Bazarovun uzun və gərgin mübahisəsindən sonra Nikolay
Petroviç qardaşına etiraf edir və müəllif
bununla mövcud problemin sonsuza qədər gedəcəyinə
eyham vurur:
"Qardaş,
bilirsənmi yadıma nə düşdü... Bir dəfə
mən rəhmətlik anamızla mübahisə edirdim, o
çığır-bağır salıb, mən deyəni
eşitmək istəmirdi... Axırda ona dedim ki, siz mən deyəni
başa düşə bilməzsiniz, çünki bir-birindən
fərqli iki ayrı nəslin adamlarıyıq... Bu sözlərdən o yaman incidi, mən də fikirləşdim
ki, görəsən, nə edim?! Həb
acıdır, amma udmaq lazımdır. Budur, indi də
növbə bizə çatmışdır, bizim varislərimiz
deyə bilərlər ki, siz bizim nəsildən deyilsiz, bu həbi
udun...".
Və
Pavel Petroviçin qardaşına cavabında ən həlledici
məqam: "əminəm ki, bəlkə bir qədər
köhnəlmiş dil ilə danışsaq da, onlar qədər
özünə güvənən olmasaq da, hər halda bu
xırdaca cənablardan qat-qat haqlıyıq...".
Əslində isə kimin haqlı, kimin haqsız
olduğunu ayırd etmək çətindi. Qəribə bir paralel gəlir
ağlıma... Füzulini bəyənməyib
ittiham edən Mirzə Fətəli haqlıdırmı?!
Axı Füzulisiz poeziya, fikir tariximiz nə qədər
kasıb olar... Amma Mirzə Fətəli də haqlıdı
axı, çünki artıq incəbelli gözəllərdən
yox, savadsızlığın, nadanlığın fəsadlarından
danışmaq zamanı idi... Beləliklə, nəsillərarası
mübahisə, münaqişədə kimin haqlı, kimin
günahkar olmasını qəti şəkildə demək
doğru olmaz. Sadəcə, tarixin və zamanın
göstərdiyi bir reallıq var ki, dünya özü
ayrıca bir varlıqdı, canlı orqanizmdir və onun gedişatına
təsir etmək istəyən, onun gərdişini dəyişməyə
çalışanların sonunda bir fəlakət, faciə
mütləq var. Bilmirəm, bəlkə elə bu dəyişikliklər
üçün qurbanlar lazımdı ki, onlar da Bazarovlar ya da
Mayakovskilər olur... Rus şairi Vladimir
Mayakovskini Bazarovla yanaşı qoymağım təsadüf
deyil. Axı elə həmin "nihilizm" bir az dəyişib, böyüyüb, inkişaf
edib "futurizmə" çevrilmişdi... Bu
cərəyanın da ən görkəmli nümayəndəsi
Mayakovski idi. Hətta dahi Meyerhold "Atalar və
oğullar"a quruluş verməyi düşünəndə
Mayakovskini Bazarov rolunda sınamaq istəyirmiş...
Bir sözlə, Turgenevin yaradıcı təxəyyülünün
məhsulu olan Bazarov, yaxud da zamanın yetişdirdiyi
böyük şair Mayakovskinin taleyi onu göstərir ki, insan
hisslərinə, təbiətə qarşı
çıxırsa, sonu yaxşı olmur. Bir tərəfdən
sevgini, qadın-kişi münasibətlərini "bir stəkan
su" ideyası ilə qəbul etmək, yəni su içməklə
sevişməyi eyni dərəcədə gündəlik
iş kimi yozmaq, o biri yandan qısqanmaq, eşq əzabı
çəkmək və ən gözəl məhəbbət
poemaları yazmaq... Nə baş verir? Bir fərdin
içindəki dartışma, müharibə... Sonu nədi? İntihar...
Elə
Bazarov da yaxşı kimyaçını şairdən
üstün bilsə də, gözəl, gənc və zərif
Feniçkanın yanından biganə ötə bilmir, ilk
zamanlar Arkadinin hisslərini lağa qoysa da, sonralar Odinstsovaya
aşiq olur. Ondan qaçsa da, əməliyyatların
birində səhvən əlini kəsir, qanı zəhərlənir.
Ölümün yaxında olduğunu hiss edəndə
atasından Odintsovanı çağırtmağı
xahiş edir, görüşdən bir neçə gün
sonra isə Bazarov ölür... Və Turgenev sonda ot basmış, qoyunlar-quzular mələşən
qəbiristanı təsvir etməklə təbiətin qalib
olduğunu göstərir. Oxucusunu isə təzadlar,
tərəddüdlər içində buraxır. Lakin mətndən qalan təəssürat gerçək
sənətin, hətta yazıçının
qarşısına qoyduğu, öncədən
düşündüyü ideyaların fövqündə
dayandığına inandırır insanı.
Bir də
ki, sənət ətrafında mübahisələrin,
yozumların, şərhlərin müxtəlifliyi elə
yüksək ədəbi nümunələrinin yaranması
üçün faydalıdı... Turgenevi "nihilizmi" təbliğ
etdiyinə görə tərifləyənlər də
vardı, bu ideyaları bəyənməyənlər də...
Elə həmin kütlə Nikolay Leskovu "antinihilist"
damğası ilə çıxdaş etmişdi və bu
günə qədər ruslar onu qiymətini almamış
yazıçı sayırlar... Bu barədə gələn dəfə!
PƏRVİN
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.25.