Varislər
“Onun bütün
yaradıcılığı avtobioqrafikdir” "
"Varislər"in
bugünkü qonağı milli nəsrimizin ustadlarından
biri, Əməkdar incəsənət xadimi, Xalq
yazıçısı, kinodramaturq, bir-birindən maraqlı nəsr
nümunələrinin müəllifi, ədəbiyyatımıza
postmodern yazı üslubu bəxş etmiş İsa
Muğannanın varisi - nəvə İsa Ağazadə və
digər ailə üzvləridir.
"Ruhani" havasının
havasında böyüyən adam
1928-ci ilin iyununda Qazax qəzasında,
Ağstafa rayonunun Muğanlı kəndində Mustafa
Hüseynovun ailəsində gəlmişdi dünyaya. Uşaqlığı,
yeniyetməliyi ağır müharibə illərinə təsadüf
etmişdi. Bütün kənd uşaqları kimi sadə, saf
bir həyat sürürdü, amma ruhunda baş qaldıran
qasırğalar, yuxusuna haram qatan ilham bəzən onu
yaşıdlarından fərqləndirirdi. Xəyalı
"Ruhani" havasına kökləndikcə nə vaxtsa
yazacağı sətirlər gözləri önündə
canlanır, dil açıb onunla danışırdı. O,
ruhunun sirli səsini hələ o illərdə eşitməyə
başlamışdı. Bu səs bəzən onu narahat edir, bəzən
könül dünyasına qəribə rahatlıq qataraq,
söz-söz, sətir-sətir ağ kağızlara köçürdü.
Ruhundakı səs də hələ onun özü kimi yeniyetmə,
körpə idi və bir gün o da İsa Hüseynovla bir yerdə
böyüyəcək, özü "ÜN"ə
çevriləcək, İsa Hüseynov isə böyük
İsa Muğanna olacaqdı.
Onun "ÜN"ünə
dodaq büzənlər də tapıldı,
yazdıqlarını birmənalı qəbul etməyənlər
də oldu, amma nə yazdısa, canı ilə, qanı ilə
yazdı. Yazdıqca
dünyası "Məhşər" yerinə
döndü, amma yazdığı hər şey sətir-sətir
"İdeal"laşdı. Onun yazdıqlarını
oxucu sevdi, özünü isə biz sevdik - onu tanıyanlar, qələminə,
şəxsiyyətinə, böyüklüyünə sitayiş
edənlər sevdi.
Qapını üzümə
ustad yazıçının yeganə qızı Sevinc
Muğanna açır. Qapıdan
içəri girən kimi sevimli babasının adaşı
İsanın mehriban siması, nəvə Səmanın
iddialı və bir qədər qaşqabaqlı
baxışları ilə qarşılaşıram. Bu evin divarlarına unudulmaz İsa Muğannanın nəfəsi
toxunub, o bu evdə gecələr səhərə qədər
öz "ÜN"ü ilə
pıçıldaşıb və bu evdə
yazıb-yaradıb.
Sevinc xanımla belə qərara gəlmişik
ki, söhbətdə əsasən nəvələr
iştirak etsin.
İsa Hüseynov və İsa
Muğanna...
- İsa Muğanna
ocağında, "Varislər" layihəsində
görüşürük. Mən
sualları verəcəyəm, amma kimin
danışacağını özünüz müəyyənləşdirin.
Əlbəttə, ailə içində də fərqli
yanaşmalar ola bilər. Gəlin ondan
başlayaq: İsa Hüseynov və İsa Muğanna... bu iki fərqli
imza kimə məxsus idi?
İsa
Ağazadə: - Məncə, də İsa Hüseynovla İsa
Muğanna arasında fərq var. Gəlin əvvəl ondan
başlayaq: bu fərq nə vaxt yarandı? Ötən
əsrin 80-ci illərində, İsa Hüseynovun kimematoqrafiya
komitəsində işlədiyi vaxtlar balaca kabineti vardı.
O ərəfədə "Yanar ürək" romanı
üzərində yenidən işləyirdi və daha sonra bu
roman "İdeal" adı ilə tam fərqli formatda təqdim
olundu. Həmin vaxtlarda babam ÜN eşitməyə
başladı. O, bunu heç kəsdən gizlətmirdi
və müsahibələrində də deyirdi. Yəni
babam ÜNü ilk dəfə "İdeal" romanı
üzərində işlədiyi vaxt eşitməyə
başladı. ÜN özünü EySar
kimi tədqim edərək demişdi, mənim adım təhrif
olunub. Siz məni İsa peyğəmbər
kimi tanıyırsınız, xristian dünyasında isə
İsa Məsih kimi tanınıram. ÜN
ona demişdi ki, dünyanın tarixi, dinin tarixi
bütünlüklə təhrif olunub və bundan sonra sən
mənim dediklərimi yazmalısan. Baxın,
İsa Hüseynov məhz o ÜNdən sonra İsa Muğanna
oldu və beləliklə, yazı üslubu, ədəbiyyata
yanaşması, mövzu seçimi və mesajları tamamilə
dəyişdi. İsa Muğanna olduqdan
sonra İsa Hüseynov olduğu dövrlərdə
yazdığı əsərlərə yenidən
qayıtdı.
Təhrif olunmuş həqiqətlər...
- Onun bu dəyişməsi həm cəmiyyətdə,
həm də ədəbiyyat cameəsində birmənalı
qarşılanmadı. Müəyyən mənada İsa
Hüseynov öz köhnə oxucularını itirdi, İsa
Muğanna isə özünə yeni oxucular qazandı. Hətta çox ciddi adamlar belə onun ÜN
eşitmək fikirlərinə ironiya ilə
yanaşırdılar. Ən yaxın adamları da onun
ağlını itirdiyini deyirdilər, o isə öz
ÜNü ilə baş-başa qalmaqdan zövq alırdı.
İsa Muğanna özündə cəsarət tapdı...
- Yeniyetmə
vaxtı məni "niyə babamı dahi
adlandırırlar?" sualı çox
düşündürürdü. Doğrudur, mən
onun müəyyən yazılarını oxumuşdum, amma
yaş... çoxunu dərk eləmirdim. Ümumiyyətlə,
İsa Muğanna kimi yazıçıları dərk etmək
üçün mütləq müəyyən qədər məlumatlı
olmalısan, həyat təcrübən olmalıdır. Amma bir qədər böyüyəndən, təcrübə
qazanandan sonra həmin yazıları yenə oxudum, hətta elə
yazıları vardı ki, onları qavramaqdan ötrü bir
neçə dəfə qayıtmalı olurdum.
- Bir əlavə edim. O, İsa
Hüseynov olduğu vaxtlar nə yazmışdısa, su kimi
içilirdi. Milli kolorit, rəngli obrazlar, insan problemi, ailə
münasibətləri, müharibə, dərd... bunlar o qədər
sadə və ustalıqla verilirdi ki, mətndən ayrıla
bilmirdin, amma İsa Muğanna dövrü mətnlərinin
yükü dəyişdi. İlk baxışdan
həmin obrazlar, həmin dərd, həmin problemlər olsa da,
artıq yanaşma və təqdimetmə formatı fərqli və
ağır idi.
-
Doğrudur. Mən bütün
varlığımla o yazıları dərk etməyə
çalışdım və ürəyimin dərinliyində
onun yazdığı mətnlərin hamısına
inanıram. O ki qaldı o mətnləri oxucunun qəbul
eləməsinə, bu artıq başqa və həm də
çətin məsələdir. Tutaq ki, bir
oxucu kimi qarşıma çıxan və
aydınlaşdırmaq istəyidim bir çox suallar qaldı.
Onun ÜNünə inanıram
Çünki o suallar məni narahat etməyə
başlayanda artıq babam həyatda yox idi. İndi təəssüf
edirəm, niyə onun sağlığında, uşaq olanda,
yeniyetmə olanda həmin sualları ona verməyə dərrakəm
yetərli qədər olmayıb. Əlbəttə,
bayaq dediyim yaş faktoru var, amma axı o mənim babam idi, mən
ondan çox şey öyrənə, çox şey
soruşa bilərdim.
- Bu evin divarları ÜN eşitməyə
alışıqdır. Sənə bir təklif
edim. Yuxu fəlsəfəsinin ən
güclü araşdırıcısı mənim
üçün Freyddir. O özünün
"Psixoanalizə giriş" əsərində yazır ki,
"insan yuxuda şüuraltı olaraq onu narahat edən
suallara cavab axtarır. Sən o sualları bir yerə
yaz və mütləq onları tez-tez xatırla. Səni əmin edirəm, ya baban özü yuxuna
girib onlara cavab verəcək, ya da nəsə bir işarə
ilə sən o suallara cavab tapacaqsan. Freyd də
təxminən belə deyir.
-
Maraqlıdır. Mütləq təklifinizi
sınayacağam. Tez-tez onun məzarını
ziyarət edirəm, başdaşının yanında
dayanıb danışıram. Dəfələrlə
olub, demişəm, ay baba, elə şeylər yazmısan ki,
ortaya xeyli sual çıxıb, mən də, müəyyən
qədər oxucular da o suallara cavab gözləyirlər.
Mən babamla bu cür danışıram və
gözləyirəm ki, ondan mütləq cavab gələcək,
amma təəssüf ki, susqunluq davam edir. Babam
sağlığında həmişə təəssüflə
deyirdi ki, oxucuların sayı da, keyfiyyəti də azalıb.
Bəzən fikirlərimi yaxın adamlarla
bölüşmək istədim. Ümumiyyətlə,
həmişə dünyanın yaranışı, tarixi ilə
bağlı fikir mübadiləsi aparmağı sevmişəm.
Babamın əsərlərində bu mövzularla bağlı
müəyyən cavablar tapmışam, amma həmin
adamları babamın bəhs etdiyi elmlə - SafAğ elmi ilə
tanış etmək istəyəndə
onların qəribə baxışları ilə
qarşılaşmışam. Mən onları
buna inandıra bilməmişəm, amma əminəm, mənim
tanıdığımı, qucağında
böyüdüyüm İsa Muğanna özü
inanmadığı bir elmə başqalarını heç
vaxt inandırmaq istəməzdi.
İnsanların qəribə
baxışları...
- Sən insanların o cür
baxışlarını adi qəbul elə, çünki hər
kəs riyaziyyatı, yaxud tarixi mükəmməl bilə bilməz.
Bütün elmlərdə fəlsəfə var, bütün
elmlərin öz fəlsəfəsi var... SafAğ
elmi də öz fəlsəfəsini İsa Muğannada təzahür
edib. Bəlkə də bu, yüz il
sonra həs kəs üçün sirri açılacaq bir
elmdir, buna görə qəti narahat olma. Yusif Səmədoğlu
"Qətl günü" romanında deyir ki, "inanan
inansın, inanmayan inanmasın".
Əgər oxucu əlinə
aldığı mətni əvvəldən sona qədər
oxuyursa, demək, müəllif öz istəyinə
çatıb. İsa Muğanna oxunur və
bu faktı danmaq olmaz.
O, niyə bir neçə ay sonra Tibb
İnstitutunda təhsilini yarıda saxlayıb kəndə
qayıtdı? Kənd uşağı
paytaxtı sevmədi?
- İnstituta qəbul olunmazdan əvvəl babamın
Niyazi dayısı ona həkim olmağını məsləhət
bilmişdi. Yəqin, elə bu təklifin təsiri ilə sənədlərini
tibb institutuna verib qəbul olunmuşdu. Məncə,
elə lap əvvəldən bu addımı atmaqla səhv
etdiyini anlayıb, çünki onun ruhu bütünlüklə
ədəbiyyatda idi. Tibb institutunda oxuyarkən
anatomiya dərsində bir hadisə baş vermişdi, həmin
hadisə onun tibbi atmasına əsas səbəb olub. Formalin məhlulunda saxlanılan meyitlərin üzərində
təcrübə aparırmışlar. Müəllim
müharibə illərində cərrahlıq etmiş biri
olub, babamın növbəsi çatanda müəllim ona
çirkli, təmizlənməmiş alətləri verərək,
meyiti yarmağını tələb edib, babam çox
vasvası adam idi, səliqəni, təmizliyi
sevən idi, elə çirkli alətlərlə işləmək
onu iyrəndirmişdi.
Tibb institutunu atmağının səbəbi
Məncə,
elə o an qərarını verib ki, tibb
onluq deyil. Təəssüflər olsun ki, o vaxt
da, elə indinin özündə də bəzən insanlar
valideynlərin diktəsi ilə müəyyən sahəni
seçməyə məcbur olurlar və bu, əksər
vaxtlarda uğursuzluqla nəticələnir.
- Əlbəttə, məsləhət
vermək olar, amma diktə eləmək qəti olmaz. Məncə, zamanı gələndə sən də
öz övladına gələcəklə bağlı məsləhətlər
verəcəksən... Sizdə necədir, Sevinc xanım diktə
edir?
- Yox, bizim
ailədə belə şey yoxdur.
Səma
Ağazadə: - Yox, bizdə hər şey istəklə olur.
Babam özünü tibb sahəsində qərib hiss edib,
özünü tapa bilməyib və əlbəttə ki,
özünü tapa biləcəyi yerə can atıb. Yaşından asılı olmayaraq insan hər
addımını öz istəyi və ağlı ilə atmalıdır.
Ola bilər haradasa səhv etsin, amma insan səhv
edə-edə formalaşır. Çünki
özü üçün seçdiyi gələcəyi o
insan özü yaşayacaq.
- Universitetin Filologiya fakültəsinə
daxil oldu, sonra M.Qorki adına Ədəbiyyat
İnstitutunda təhsilini davam etdirdi. Buna nə
ehtiyac vardı? Bakı Dövlət
Universiteti də onun ürəyincə deyildi?
- Hə,
bu da maraqlı hadisədir. Babam Tibb
İnstitutunu yarıda saxlayıb kəndə qayıdır,
sonra universitetin Filologiya fakültəsinə qəbul olunur.
Dördüncü kursda oxuyanda atası Mustafa kişi
M.Hüseynlə görüşür, razılıqla onu
M.Qorki adına Ədəbiyyat İnstitutuna göndərirlər.
Mustafa kişi aparır babamı Moskvaya. İnstitutun rəhbərliyi ilə
görüşür, babamı elə kabinetdəcə imtahan
edirlər. Babam rektora - "Mən bir
neçə ay istəmədən tibb institutunda çox əzab
çəkərək oxumuşam, amma sizə söz verirəm,
əgər məni ədəbiyyat institutuna qəbul etsəniz,
əla oxuyacağam" -deyir. Babam olur ədəbiyyat
institutunun tələbəsi.
Mehdi Hüseynin mənəvi oğlu
Xalq yazıçısı Mehdi Hüseyn babama mənəvi
atalıq edib, həyatında onun böyük rolu olub. İsa
Hüseynov ədəbiyyata gəldiyi ilk dövrlərdə tənqidlərə
məruz qalırdı, həmin dövrdə babamı
müdafiə edənlərin başında M.Hüseyn dururdu.
Mustafa kişi kənd adamı idi. M.Hüseynlə görüşüb demişdi ki, mənim
7 övladım var, İsa onların böyüyüdür, səninsə
övladın yoxdur, mən İsanı sənə verirəm,
gör ondan bir şey çıxara bilirsənmi.
- Mənim üçün çox
maraqlıdır, kənd uşağı İsa Hüseynov
birdən-birə Moskva mühitinə necə alışa
bilir? Rus dilini bilmədən necə oxuyur?
Üstəlik, sonra rusdilli "Literaturnıy
Azerbaydjan" jurnalında çalışır.
Sevinc
Muğanna: - Bu suala mən cavab verəcəyəm. "Məhşər" romanının yazı
prosesi, rus dilinə tərcümə prosesi gözlərimin
qabağında olub. Qreta Qəhrəmanyan
tərcümə etmişdi romanı. Tərcüməçi
həftənin iki günü gəlirdi bizə, atam mətbəxdə
işləyərdi. Oturardılar saatlarla mətbəxdə.
Demək olar, atam hər sözü, hər fikri
özü bir-bir tapıb deyirdi, məsləhətləşirdilər.
Yəni atam öz üzərində çalışan adam idi. Çox asanlıqla
öyrənmişdi rus dilini, çünki
qarşısında məqsəd qoymuşdu, əla
oxuyacağına söz vermişdi. O, sözünü
tutan adam idi. Rus dilini sərbəst
bilirdi və istəsəydi özü birbaşa rusca yaza bilərdi.
Məni sazla susdurdular
- İsa Muğanna bir-birindən
maraqlı və təzadlı əsərlər qoyub getdi. Mənə elə gəlir ki, nə yazmasından
asılı olmayaraq, "İdeal" onun tale
romanıydı. Mən onun povestlərini sevərək
oxumuşam, "Məhşər"i, "Nizami"ni, "Cəhənnəm"i və digərlərini
oxumuşam, yəni yaradıcılığının demək
olar, bütün mərhələləri ilə
tanışam, amma "İdeal" mənim üçün
başqadır. "İdeal" ciddi ədəbiyyat
hadisəsidir. O, dəfələrlə
"İdeal"a qayıtdı. Niyə? Qılınc Qurban kimdir? Səməd
kimdir? Əmi kimdir? Çax-çux
Xalıq kimdir? Haradan gəlirdi bu obrazlar?
- Onun
bütün yaradıcılığı avtobioqrafikdir, amma
soruşanda çox vaxt sükutla keçirdi üstündən.
Oxucular bu obrazlarda öz bildikləri,
tanıdıqları birini görürdülər və
atamın da istəyi elə bu idi. Onun
obrazları arasında tanıdıqlarım da var,
qohumlarımızdan da var, amma ad çəkə bilmərəm.
Məsələn, Çax-çux Xalıqın kim olduğunu bilirəm. İsfəndiyar
kişinin obrazı İsa Muğannanın özüdür.
Səməd Əmirlidə hardasa atamdan
kiçik əmimi görürdüm.
- Qazax mahalında saz bütdür. İsa əmi də saz çalırdı və onun
doğma qara sazı indi də sizin divardan asılıb.
Bəs şeir necə, şeir yazırdı?
- Hə,
onun şeirləri "Azərbaycan" jurnalında, başqa
qəzetlərdə çap olunurdu. Yazırdı, amma az yazırdı şeir. Ədəbiyyata
nəsrlə gəlmişdi, nəsr onun döyüş
meydanı idi, bu meydanda öz obrazılarının sərkərdəsi
idi atam. Şeirdə tapa bilmirdi
özünü.
Səma
Ağazadə: - Mən də şeirdə tapa bilmirəm
özümü. Esselər yazıram, kiçik hekayələr
yazıram, bir povest də yazmışam, özü də
deyim ki, mən də babam kimi ÜN eşidərək
yazıram, amma şeir, sanki ruhuma yad gəlir bir az. Gələcəkdə
necə olacaq, deyə bilmərəm. Sazdan
danışdınız. Onun çaldığı
"Ruhani"nin səsi hələ də
qulaqlarımdadır. Sizə sazla bağlı
bir hadisə danışım. Zəlimxan
baba (Z.Yaqub) bir dəfə bizə gəlmişdi, 2-3
yaşım vardı. Çox dəcəl
və şıltaq uşaq idim. Mahnı
oxuya-oxuya öz dünyamda oynayar, söhbətlərinə
mane olurdum, amma bu həm də xoş gəlirdi onlara. Anam məni otaqdan çıxarmaq istəyəndə
Zəlimxan baba qoymadı. Sazı əlinə
alıb saz havasında mənə bədahətən ithaf
etdiyi şeiri oxudu və mən - balaca Səma heç nə
anlamadan sazın sehrinə qapılıb, sona qədər dinlədim.
Saz susandan sonra mən onun sehrindən
çıxa bilmədim, divanda sakitcə oturub onlara baxdım,
onlar da yarıda qalan söhbətlərini davam etdirdilər.
"26-lar"ın puluna alınan ev
- Sevinc
Muğanna: Yay başlayan kimi Ağstafaya gedirdik. "26-lar" filminin qonorarı ilə Ağstafadakı
evimizi almışdı. Atam Bakıdan
çıxanda məni təlimatlandırırdı, deyirdi
heç vaxt kənddəki tay-tuşlarından fərqlənməyə
çalışma. Onlarla görüş,
üz-gözləri kirli olsa da öpməyə çəkinmə,
sonra gedib əl-üzünü yuyarsan, bir qabdan yemək yesələr,
sən də bir tikə çörək batır at
ağzına, amma elə davran ki, onların könlü
qırılmasın, nəsə ayrı-seckilik hiss etməsinlər.
Çünki özü elə idi. Sadə, sevgi dolu biri.
- Nizami, Nəsimi və Nərimanov...
İsa əmi bu üç ədəbiyyat
dahisinin həyatından yazıb. Niyə
onlar? Bu yazılar sifariş idi, yoxsa
ÜNün diktəsi?
- Diktə
barədə heç nə deyə bilmərəm, amma bu
imzaların üçü də onun ruhuna doğma idi. N.Nərimanovla
onun İsa əmisi (atama onun adını qoyublar) dost olub. Atam Nərimanov haqqında "Ulduzlar
sönmür" ssenarisini dövlət sifarişi ilə
yazıb. "26-lar"ın da ssenarisi
sifarişlə olub, təəssüf edirəm ki, bu filmlər
unudulur yavaş-yavaş, amma ikisi də bizim tariximizdir. "Ulduzlar sönmür" filminin çox yerini
senzura kəsmişdi, sonra müstəqillik illərində
atam həmin kəsilən yerləri öz səsi ilə filmə
əlavə etdi. Qeyri-adi aura vardı o əlavədən
sonra filmdə.
- Ailə içində onun əsərləri
arasında seçim edərkən sıralanmada hansı
romanı öndə gedir sizin üçün?
Sevinc
Muğanna: - Seçim eləmək çətindir.
Səma:
- Mənim üçün "İdeal" öndə gedir.
İsa: -
"İdeal".
- Sevinc xanım,
"İdeal"ın yazı prosesi yadınıza gəlirmi?
"Evdə kabus içində
yaşayırdıq"
- "Yanar ürək" yazılanda balaca olmuşam,
amma "İdeal" yazılanda hər şey xatirimdədir. Evdə, sanki
kabus içində yaşayırdıq. İlk
dəfə ÜN eşitməsi, ilk dəfə
anasının ruhunu görməsi həmin ərəfədə
idi. Açıq deyim də, birmənalı
şəkildə ruhi sarsıntı keçirirdi. İndi də Səma
yazanda eyni hissləri keçirirəm, sanki tarix təkrar
olunur, dəhşətə gəlirəm. "İdeal" İsa Muğannanın gələcək
dünyasının xəyallarıdır, amma o, həmin xəyalları
gerçək olaraq yaşayırdı.
- İsa Hüseynovla Həsən
Seyidbəylinin birgə işi - "Nəsimi" milli
kinematoqrafiyanın şah əsəridir. Hansı xatirələr
qalmışdı İsa əminin yaddaşında? Mənim haqqında eşitdiyim H.Seyidbəyli ancaq
doğru bildiyi ilə razılaşıb. Bəs İsa əmi
necə, o filmin çəkilişlərində hansısa
"doğrunu" qurban verməyə məcbur olubmu?
- Yox,
onlar bir-birlərinə inanırdılar. Alınırdı
işləri. Həsən əmi yüksək
intellekt sahibi idi, tarixi də gözəl bilirdi. O filmin
çəkilişləri zamanı uşaq olmuşam, sonradan
atamdan eşitdiyim xatirələrim var. Bir də atamın
çəkilişdən - Özbəkistandan
qayıtdığı günü xatırlayıram, evə az qala bu masa boyda özbək yemişi gətirmişdi.
Sonradan deyirdi ki, edam səhnəsi heç
cür alınmırmış. İsti də
bir yandan. Əsəbilik, gərginlik... Yerdən bir mismar
tapıb verib Rasim Balayevə, deyib bunu əlində sıx, o
ağrını verə biləsən, sonra o səhnə
alınıb.
- İsa Muğanna
sizinçün necə ata, övladlarınız
üçün necə baba idi?
Atamın sağlığında
başqa Sevinc idim
Sevinc
Muğanna: - Hər kəsin valideyni ona əvəzolunmazdır.
Qızlar üçün xüsusilə ata daha
doğmadır, sevimlidir. Qız uşağı öz gələcək
ağ atlı oğlanını həmişə
atası ilə müqayisə edir. O mənim qibləgahım
idi. Mən onu sadəcə anamın həyat
yoldaşı kimi görmürdüm, o mənim sirli planetimin
tək və ideal sakini idi. Ərköyün
idim, bu uşaqlar mənə baxanda çox
şükürlüdürlər, amma atam mənim nazımla
oynayırdı. Həm bir az gec
tapmışdılar məni ondan idi, həm də o elə ata
idi də... Həyatda yeganə çəkindiyim adam anam olub. Oxlov da qırıb üstümdə,
danlayıb da... Atamın
sağlığında başqa Sevinc idim, onu itirəndən
sonra dünyaya başqa Sevinc gəldi.
İsa: -
Biz onunla dost idik. O mənim tanıdığım ən təmiz,
ən işıqlı insanlardan biri idi. Nə vaxtsa
çığır-bağır saldığını
xatırlamıram, çox səbirli adam
idi. Mənim üçün ən xoşbəxt
anlar nənəmlə anamın alış-verişə
getdiyi vaxtlar başlayırdı. Babamla
baş-başa qalırdıq. Ev əsl
döyüş meydanına çevrilirdi. Yaşıdım kimi mənimlə oynayırdı,
qaçırdıq, yıxılırdı yerə, güləşirdik,
gülürdük... bir sözlə, evin bütün səliqə-sahmanı
olurdu heç. Nənəmgili qayıdanda
ona deyirdilər ki, sən də uşaq ağlındasan,
baxıb, altdan-altdan göz vururdu mənə. Onun
yanında kim xətrimə dəyə bilərdi
ki... Bu evdə tennis oynayırdıq, badminton
oynayırdıq... Mənim üçün
dünyanın ən rahat yeri onun yatağında,
böyrünə sığınmaq, onu qucaqlamaq idi.
Səma:
- Nənə də doğma idi, əlbəttə, hər
nazımı çəkirdi, amma baba ilə dost idik. Nənəm
babamdan iki il sonra dəyişdi
dünyasını və o iki ildə bir söz deyirdi: "Məni
bağışlayın, İsadan sonra çox yaşaya bilmərəm".
Mən ona görə ədəbiyyatı sevdim,
mənim üçün ədəbiyyat İsa
Muğannadır. Bizim öz
nağıllarımız vardı, bu gün mən hələ
də babamın nağıllarının qəhrəmanıyam,
o nağıllardan çıxıb real həyata
qarışmaq istəmirəm. Çünki real həyat
o nağıllar dünyasından çox qaranlıqdır,
soyuqdur... Babam kimi mistik dünyada səyahət etməyi sevirəm...
Bir sözlə, bəzən mənə elə gəlir ki,
babamın ruhuyam...
- Bu evin daimi qonaqları kim olub? Ana nə bişirirdi, nə söhbətlər
gedirdi evdə?
O, qazaxpərəst idi
Sevinc
Muğanna: - Çox adam gəlirdi evə.
İntiqam Qasımzadə evimizin əziz
qonağı idi. Zəlimxan Yaqub. Anam
qazaxlıların məşhur qurutlu xəngəlindən
bişirirdi... saz-söz, şeir, ədəbiyyat məclisi
qurulurdu. Nizami Cəfərov atamın ən
çox dəyər verdiyi adamlardan biriydi. Və onu da
deyim də, atam yerlipərəst idi, daha çox bizim
zonanın adamları ilə oturub-dururdu, dana
bilmərəm, canında qazaxpərəstlik var idi.
- Eşitdiyimə görə, İsa
əminin ulu öndərlə yaxın münasibəti olub.
-
Münasibətləri var idi və bu münasibət "Nəsimi"
filmindən sonra başlamışdı. Heydər Əliyev
çox diqqətli adam idi, hər dəfə
atamın yubileyində ona zəng vururdu,
danışırdı, təbrik edirdi, problemlərini
soruşurdu. Atam da çox istəyirdi ulu
öndəri, həm bir şəxsiyyət kimi, həm də
rəhbər kimi. Çox səmimi
söhbət edirdilər. Atama sən deyə müraciət
edirdi: "İsa, de görüm, ürəyin nə istəyir?!". Atam isə
həmişə: "Heydər Əliyeviç, mənə
sizin sağlığınızdan başqa heç nə
lazım deyil", - cavab verirdi. Yəni atam istəsəydi,
onun hər şeyi olardı, amma onda İsa Muğanna
olmazdı, özü də bunu yaxşı bilirdi.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.16-17.