Şuşanın dağları başı dumanlı...

 

1

 

Artıq 1982-ci ilin Şuşadakı o qarlı-boranlı 14 yanvar günü haqqında çox yazılıb, o zaman çəkilmiş kadrlar televiziya ilə çox göstərilib, ancaq deyilmişləri təkrarlamağı xoşlamasam da, bu yazını başlamaq istəyəndə həmin günü xatırladım və aradan keçən bu 39 ildən sonra da o soyuq günün hərarəti (!) özü ilə doğma Şuşa ab-havasını gətirdi. Bu ab-hava, bu Şuşa aurası, Şuşa koloriti ilin fəsillərindən asılı deyil, Şuşanın soyuğu da, istisi də, elə bil ki, ancaq bu şəhərə mənsubdur və hər bir insanın öz xarakteri, öz xasiyyəti olduğu kimi, Şuşanın da soyuğu və istisi, qarı və yağışı ilə birlikdə öz havası var, onun hiss-həyəcanı da, sevinci və kədəri də, zarafatı və qayğısı da özününküdir.

Mən arxivimdə axtarıb tapdığım qeydlərə baxanda, elə bil, monitora baxırdım - Şuşanı da, Bakıdan Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasiminə gəlmiş yazıçıların, bəstəkarların, rəssamların, alimlərin artıq rəhmətə getmiş bir çoxunu da o monitorda canlı görürdüm.

Həmin 14 yanvar günü Şuşada, Cıdır düzündə Heydər Əliyev başda olmaqla Respublika rəhbərliyinin iştirakı ilə məqbərənin açılış mərasimi keçiriləcəkdi və mən 13-də Xankəndinə (o zaman hələ tarixi adı bərpa olunmamış Stepanakert idi) gəldim. Elə həmin gün də, fürsət tapıb, oradakı Pedaqoji İnstitutun prorektoru, rəhmətlik Nəcəf Quliyevlə birlikdə, Yazıçılar İttifaqında mənimlə bir yerdə işləyən sürücü dostum Balağanın maşınında Şuşaya baş çəkdik və qışın oğlan çağında Şuşada bir gün çıxmışdı ki, elə bil, qış çaşıb, gözəl bir yaz günü olmuşdu.

Şuşanın günəşi bir gündə beş dəfə çıxıb, beş dəfə də bata bilər və 14-də Şuşada hər tərəfi elə bir qar basmışdı, durmadan elə bir qar yağırdı ki, maşınlar Cıdır düzünə qalxa bilmədi və hamı maşından enib, yoxuşu piyada qalxmağa başladı. Qarlı bir çovğun idi və təsəvvür edin ki, o çovğunda qalın qara bata-bata elə bil ki, dağa dırmaşan o adamların içində heç kim yorulmadı, heç kim yarı yolda dayanmadı, təngnəfəs olmadı - bu da Şuşa möcüzələrindən biri idi.

Burasını da deyim ki, Heydər Əliyev iti addımlarla irəlidə gedirdi və onun sürəti elə bil, hamını səfərbər edirdi. Yaşlı adamlar var idi (hər halda o zaman mənim üçün çox yaşlıydılar), Süleyman Rüstəm, Mirzə İbrahimov, maestro Niyazi, Qəmər Almaszadə, Lətif Kərimov, Şəmsi Bədəlbəyli (Fərhad da yanında), Akademiyanın prezidenti Həsən Abdullayev, başqaları və elə bil ki, yaşlı, yaşını, hansısa xəstəliyi olan xəstəliyini yadından çıxardıb, o çovğuna meydan oxuyurdu.

O vaxtkı tələsik qeydlərimdən bəzi hissələri olduğu kimi bu yazıya köçürmək istəyirəm:

"Mən Süleyman Rüstəmlə yanaşı qalxırdım, Mirzə İbrahimov isə bizdən iki-üç addım irəlidə gedirdi. Mən Süleyman Rüstəmin qolundan tutmaq istəyəndə:

- Yox, özüm gedəcəyəm, - dedi və həmişəki kimi tamlı bir şövq ilə pıçıldadı: - Mirzəni görürsən necə büzüşüb? İstəyirəm gedim ona kömək edim.

Elə o saat da irəlidən Mirzə müəllimin bir balaca da rişxəndli səsi gəldi:

- Süleyman, sən özündən muğayat ol!..

Doğrusu, mən mat qaldım ki, belə bir çovğunda Mirzə müəllim Süleyman Rüstəmin pıçıltısını necə eşitdi?

Süleyman Rüstəm bu dəfə ağzını az qala qulağıma dirəyib:

- Alə, gördün necə eşitdi? - dedi. - Qazdan ayıqdı!..

Yenə irəlidən Mirzə müəllimin eləcə rişxəndli səsi gəldi:

- Süleyman, nə desən, eşidəcəyəm!..".

Bu cümləni də o vaxt yazmışam:

"Qəmər Almaszadə elə yüngül addımlarla addımlayırdı ki, elə bil, səhnədədir, hansı gözəl bir baletdə isə öz partiyasını ifa edir".

Qeydlərdə belə bir müşahidəm də var:

"Boris Gevorkov (o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin birinci katibi idi) Heydər Əliyevin yanında gedirdi, gah o tərəfə, gah bu tərəfə vurnuxurdu, elə kənardan da hiss edirdim ki, hər vasitə ilə Heydər Əliyevin diqqətini cəlb etmək, ona nəsə bir xidmət göstərmək istəyir. Ancaq o çovğun, Cıdır düzünün o yoxuşu, o ab-hava hiss olunurdu ki, Heydər Əliyevə ləzzət edir və elə bil Gevorkovu heç görmür".

Nəhayət ki, gəlib Cıdır düzünə çıxdıq və qar get-gedə elə bərkiyirdi ki, nəinki Şuşa dağları, üzbəüzdəki Topxana meşəsi görünmürdü, heç üç-dörd addımlıqdakı adamı da tanımaq olmurdu. Cıdır düzünə yığışmış insanların yalnız qaraltısı görünürdü, alqışları, hənirtisi eşidilirdi və Cıdır düzü elə bil, o 14 yanvar günü tamaşaçılarla dolu nəhəng bir açıq teatr idi. Kişili-qadınlı, uşaqlı-qocalı Şuşa camaatı bizdən əvvəl gəlib, bura toplaşmışdı və o çovğunun təsir edə bilmədiyi gözəl və isti (!) bir aura Cıdır düzünün başının üstünü almışdı. Mən bu sözləri yazıram və elə bil, bu qədər illərdən sonra o aura gəlib mənim yazı mizimin üstünə qonub - bunun özü də bir Şuşa möcüzəsidir.

Mirzə İbrahimov nitq söylədi, Süleyman Rüstəm, Nəriman Həsənzadə, yerli şairlər M.P.Vaqif haqqında söz dedi, şeirlərini oxudular, Bakıdan gəlmiş Samvel Qriqoryan təmiz Azərbaycan dilində Vaqifin şeirlərini, sonra da tərcümə etdiyi bu şeirləri erməni dilində oxudu və Lütfiyar İmanov Cahangir Cahangirovun Vaqifin sözlərinə yazdığı məşhur "Durnalar" mahnısını ürəkdən gələn elə bir ehtirasla, elə bir təbli enerji ilə oxudu ki, indinin özündə də mən fikirləşirəm ki, Cıdır düzündəki o ifa - rəhmətlik Lütfiyarın ən gözəl ifası idi.

Məqbərənin açılışından sonra, yadıma gəlir, Poeziya evinin də açılışı oldu və orada bizə ayaqüstü qaynar samovar çayı verdilər ki, içib qızışaq - o samovar çayı da mənim həyatımda içdiyim ən gözəl və unudulmaz samovar çaylarından biri, bəlkə də, birincisi idi. Elə orada da Heydər Əliyev dedi ki, burada hər il Vaqif Poeziya günləri keçirmək və bunu ənənəyə çevirmək yaxşı olar.

Yeri düşmüşkən, bu yerdə yenə kiçik bir haşiyə çıxmaq istəyirəm:

2000-ci il iyunun 25-i idi və axşam Bakıda gözlənilmədən bərk külək əsməyə başladı. Həmin gün Heydər Əliyev mənim "Ah, Paris, Paris" pyesimin tamaşasına baxmaq üçün Akademik Milli Dram Teatrına gəldi və mən onu qarşılayanda maşından düşüb, əli ilə saçlarını küləkdən qoruya-qoruya:

- Küləyi görürsən də!.. - dedi, sonra da: - Şuşa yadındadı? - soruşdu.

Mən:

- Əlbəttə, - dedim.

Heydər Əliyevin yaddaşı fenomenal bir yaddaş idi və mən dəfələrlə bunun şahidi olmuşam. Uzun illər boyu yayda da, qışda da Azərbaycanın şəhərlərinə, rayonlarına, kəndlərinə, Allah bilir nə qədər səfər etmiş Heydər Əliyevin bu qədər illərdən sanra Bakının həmin küləkli axşamında Şuşadakı o qarlı-boranlı 14 yanvar gününü dəqiqliyi ilə yada saldı və mən bu "dəqiqliyi" ona görə xüsusi yazıram ki, dediyim kimi, Şuşaya böyük bir heyət getmişdi, Heydər Əliyev də o heyətdəki adamları adbaad xatırlayırdı.

Ancaq biz yenə Şuşaya qayıdaq.

Elə həmin 1982-ci ilin 29 iyulundakı ikinci Şuşa səfəri o qış səfərinin davamı idi və bu dəfə də Heydər Əliyev başda olmaqla böyük bir heyət Vaqif Poeziya günlərini keçirmək üçün Şuşaya gəlmişdi. Şuşa camaatı yenə Cıdır düzünə yığışmışdı, ancaq bu dəfə günəş 14 yanvardakı qar çovğununun hayıfını alırdı və elə bil, kəklikotu ətrini Cıdır düzünə bu dərəcədə yayan da onun şöləsi idi. Cıdır düzündən başı dumanlı Şuşa dağları, hətta uzaqdakı Kirs də, yamyaşıl Topxana meşəsi də, Üçmıxın altındakı Ağzıyastı kaha da aydın görünürdü və bütün bu mənzərə də elə bil, o böyük poeziya bayramının təbii və möhtəşəm dekorasiyası idi.

Bakıdan gəlmiş, eləcə də yerli şairlər şeirlərini oxudu, çıxışlar oldu, Vaqif Cəbrayılzadə ilə Eldar Nəsib - o zaman ikisi də cavan və seçilən şairlər idi - Molla Pənahla Molla Vəli Vidadinin məşhur deyişməsini söylədilər, bir sözlə, o gün Cıdır düzündə Şuşanın tarixinə, mədəniyyətinə, şuxluğuna layiq bir poeziya bayramı keçirildi. Ordan birbaşa Natəvan bağına gəldik və Heydər Əliyev Natəvan abidəsinin (heykəltəraş Həyat Abdullayeva) açılış lentini kəsdi.

Amalya Pənahova ilə Əlabbas Qədirov İlyas Əfəndiyevin "Xurşid Banu Natəvan" əsərindən bir səhnə göstərdilər və rəhmətlik Amalya Natəvanı elə bir həvəslə, şövqlə ifa etdi ki, elə bil Natəvan özü də o gözəl abidənin açılış mərasimində iştirak edirdi. Sonra böyük Bülbülün ev-muzeyinə getdik, Şuşanın küçələriylə də xeyli gəzişdik və bilmirəm, çox adamlar, çox hadisələr görmüş o Şuşa küçələri haçansa o qədər izdihamın şahidi olmuşdu, ya yox?

Həmin gün Şuşada "Koroğlu"nun uvertürası səsləndi, Arif Babayev gözəl bir "Qarabağ şikəstəsi" oxudu, Ədalət sazını çaldı, rəhmətlik Qəndab Quliyeva "Şuşanın dağları"nı elə yüksək bir koloritlə ifa etdi ki, indinin özündə də mənim fikrimdə o ifanın təsiri keçib getməyib. Bir ifanı isə xüsusi qeyd etmək istəyirəm və bu barədə qeydlərimdə yazmışam:

"Qurgen (söhbət Xankəndidə yaşayan erməni şairi Qurgen Qabrielyandan gedir) yarısı erməni, yarısı da təmiz Azərbaycan dilində Sayat Novadan bir mahnı oxudu. Bu Qurgen hərdən Yazıçılar İttifaqına gəlir, Samvellə də möhkəm intriqadadı (Samvel Qriqoryan o zaman Bakıda erməni dilində nəşr olunan ədəbiyyat jurnalı "Qrakan Azerbayjan" jurnalının redaktoru idi). Doğrusu, mən onu özünü gözə soxan, yaltaq bir adam bilirdim, ancaq Sayat Novanı azərbaycanca ürəkdən oxudu. Axırda da erməni-azərbaycanlı qardaşlığından danışdı, axırda da gur səsiylə bağırdı: "Yaşasın Azərbaycan xalqı!".

Mən 1982-ci ildəki bu iki Şuşa səfəri barədə nə üçün bu qədər ətraflı yazıram?

Çünki Şuşa dağlarının başını bürümüş o gözəl dumana baxa-baxa həzz aldığımız o çağlarda kimin ağlına gələ bilərdi ki, Şuşanın özünün başının üstünü qapqara bir duman bürüyüb və bizim də bundan xəbərimiz yoxdur?

Kimin ağlına gələrdi ki, cəmi altı-yeddi ildən sonra Şuşanın başına necə bəlalar gələcək? Kim düşünə bilərdi ki, irqçi erməni separatistləri, eləcə də Ermənistandan onlara köməyə gəlmiş qatillər Şuşa əhalisinin 195 nəfərini öldürəcək, 165 nəfərini yaralayacaq, 150 nəfərini əlil edəcək, 552 körpə yetim qalacaq, 58 nəfəri girov götürüləcək, 20000 insan qaçqın düşəcək, hətta Üzeyir bəyin, Natəvanın, Bülbülün heykəlləri də güllələnəcək? Heç kim.

Natəvanın güllələnən heykəli açılışını keçirdiyimiz həmin abidə idi.

Mən o uzaq 82-ci ildə qeydlərimi yazanda heç ağlıma gələrdi ki, Natəvanın abidəsinin açılış mərasimində Sayat Novanı o cür oxuyan, gur səsi ilə "Yaşasın Azərbaycan xalqı!" bağıran Qurgen Qabrielyan altı-yeddi ildən sonra ən qatı və qəzəbli Dağlıq Qarabağ separatçılarından biri olacaq?

O vaxt yazmışam ki, o, ürəkdən oxuyurdu, ancaq mənim xəbərim olmayıb ki, onun ürəyi həmin anlarda tamam başqa bir mənəvi məkanda imiş, "Yaşasın Azərbaycan xalqı!" - deyərkən, onun ürəyi tamam başqa bir əxlaqla döyünürmüş.

Ancaq bu barədə bir az sonra.

 

2

 

Bir müddət bundan əvvəl istedadlı jurnalistimiz Rəşad Nəsirovun "Azərbaycan milli mətbuatının inkişafında şuşalı ziyalıların rolu (1875-1935)" kitabına (Bakı, Mütərcim, 2018) yazdığım ön sözdə də xüsusi qeyd edirdim ki, Şuşa mühitini təsvir etmək xüsusi bacarıq, səriştə və zövq tələb edir və yalnız ona görə yox ki, olduqca zəngin və rəngarəngdir - bu öz yerində, həm də ona görə ki, bu mühitdə Şuşa camaatının hiss-həyəcanının, dünyabaxışının, yumorunun ifadəsi olan məxsusi bir kolorit var, necə ki, Şəkinin, yaxud Naxçıvanın, Lənkəranın və başqa yur yerlərimizin hərəsinin öz məxsusi koloriti var. Rəşadın kitabının yaxşı cəhətlərindən biri də onda idi ki, o, dəqiq tarixi faktlar və hadisələrlə bərabər, məhz həmin Şuşa koloritini də duya, hiss edə bilmiş və bunu göstərməyi bacarmışdı.

Aydın məsələdir ki, mühit öz-özünə yaranmır, mühiti insanlar yaradır və biz bu insanları Haqverdiyevin hekayələrində, Nəcəf bəyin pyeslərində, Üzeyir bəyin komediyalarında, Çəmənzəminlinin, İlyas Əfəndiyevin əsərlərində görmüşük, tanımışıq. Bu mühiti, bu koloriti Fikrət Əmirovun, Sultan Hacıbəyovun, Niyazinin simfoniyalarında, Xan və Seyid Şuşinskilərin, Bülbülün və şuşalı xanəndə Məcidin oğlu Rəşid Behbudovun ifalarında hiss etmişik və Cıdır düzünə qaranlıq düşəndə hərdən adama elə gəlir, elə bil, birdən-birə Niyazinin idarəsi ilə "Koroğlu"nun uvertürası səslənir.

Bunları yazarkən, bir epizod yadıma düşdü.

İlyas Əfəndiyev Bülbülün ifasını çox bəyənirdi, xətrini də istəyirdi və onların arasında qarşılıqlı səmimi və mehriban bir münasibət var idi. 1950-ci illərin sonu, yay vaxtı idi və biz Şuşadaydıq. Gözəl, günəşli bir gündə radio ilə Bülbülün lent yazıları verilirdi, təsnifləri oxuyurdu və İlyas Əfəndiyev Bülbülə qulaq asa-asa:

- Qəribədir... - dedi. - Həmişəki Bülbüldü, yüz dəfə qulaq asdığımız təsniflərdi, amma Şuşada bunlar elə bil, başqa cürə səslənir. Elə bil, sənə deyir ki, evdə niyə oturmusan, dur, çıx şəhərə, get Cıdır düzünə, Mehdi bağına get, o havanı çək sinənə, yaxşı şeylər barədə fikirləş...

Yeri düşmüşkən deyim ki, vaxtilə mən İlyas Əfəndiyevin dayısı, yəni onun anası və mənim nənəm Bilqeyis xanımın böyük qardaşı, görkəmli teatr xadimi Cəlil bəy Bağdadbəyovun Respublika Ədəbiyyat və İncəsənət arxivində saxlanan xatirələrini nəşr üçün çapa hazırladım və o kitabda (Cəlil bəy Bağdadbəyov. Xatirələr və etnoqrafik qeydlər, Bakı, "Qapp-Poliqraf", 2002.) Cəlil bəyin bilavasitə gördüyü, təmasda olduğu, dinlədiyi, oxuduğu100-dən çox (!) Şuşa xanəndələri, şairləri, aşıqları, toy lotuları, təlxəkləri, instrumental ifaçıları haqqında çox maraqlı və yığcam oçerklər, məlumatlar, Şuşa toylarından tutmuş adət-ənənələrəcən qiymətli etnoqrafik qeydlər var. Ən başlıcası isə Cəlil bəy 1987-ci ildə Şuşada doğulub, boya-başa çatandan sonra, Peterburqda, Moskvada təhsil almışdı, Bakıda yaşayırdı, ancaq mənim tanıdığım bütün şuşalılar kimi, Şuşa koloriti onun canına hopmuşdu və xatirələrini də o cür bir hissiyatla yazmışdı.

Mən artıq neçənci dəfədir ki, bu yazıda "Şuşa koloriti" ifadəsini işlədirəm, ancaq doğrusunu deyim ki, bunun ifadənin məğzini sözlə ifadə etməyə çətinlik çəkirəm və məşhur, məşhur olduğu qədər də sadə və dəqiq bir deyim yadıma düşür: "Musiqini sözlə duymaq olmaz, onu gərək hiss edəsən".

Baxın, cəmi yeddi not var və bu yeddi notla əsrlər boyu böyük simfoniyalardan, opera və baletlərdən tutmuş, mahnılaracan minlərlə, milyonlarla əsərlər yaranıb və yaranır. Notu bilən musiqiçilər həmin notlardakı musiqini ifa edirlər və o notları tanımayan bizlər isə həmin musiqini hiss edirik - hiss etməsək onu nə sevə bilərik, nə də yadda saxlayarıq, tanıyarıq. Notu bilməyən virtuoz ifaçılar (el sənətkarları) da, ifa etdiklərini hiss etməsələr necə çala, necə oxuya, oynaya ("filan hava sümüyümə düşür" deyimini xatırlayaq) bilərlər? Musiqidən uzaq birisi iş görə-görə dodaqaltı nəyi isə zümzümə edirsə, bunu da ona hissiyatı diktə edir. Burası da çox mühüm cəhətdir ki, notu bilən həmin musiqiçinin özü də o musiqini hiss etməyəcəksə, notları qurucasına ifaya köçürəcəksə, bu da robot ifası olacaq, sözlə işləyən istedadsız şairin, nasirin yazdıqları kimi, onun da ifasının heç bir emosional təsiri olmayacaq.

Kolorit də belədir, onu gərək görəsən, hiss edəsən və Şuşa koloritini də hiss etmək üçün, heç olmasa bir dəfə Şuşaya gəlmək lazımdır, onsuz da bir dəfə gələndən sonra Şuşaya tez-tez gəlmək istəyəcəksən.

Mən Şuşada ilk dəfə nə vaxt olmuşam?

İndi bunu fikirləşəndə yadıma gələn odur ki, hələ məktəbə getmirdim və yay günlərinin birində - mən o günü həmişə böyük bir səbirsizlik və həyəcanla gözləyirdim - axşam qatara minib, səhər Horadiz stansiyasında düşürdük. O stansiyada Faytonçu Həbib kişinin səsi indiyəcən qulağımdadır:

- İlyas, xoş gəlmisən!..

Nənəm Bilqeyis xanım 1913-cü ildə Həbib kişinin faytonunda gəlin getmişdi və Həbib kişinin faytonu Füzulidə (o vaxtkı Karyagində) yeganə fayton idi ki, hələ də Horadiz stansiyasına gəlib-gedirdi. Mənə elə gəlirdi ki, Həbib kişi o faytonu ilə Füzulidən yox, hansısa bir nağıllar aləmindən gəlir və ümumiyyətlə, Şuşa səfərlərimiz mənim üçün elə nağıllar aləminə getmək idi.

Ancaq biz Həbib kişinin faytonuna sığışmırdıq və mən çox istəsəm də o faytona yox, bizi qarşılamağa gələn qohumlarla maşına - o qəhvəyi cod kətanla örtülmüş "Villis" maşını da gözümün qabağındadır - minib, əvvəlcə İlyas Əfəndiyevin əmisi Zəkara kişigilin yaşadığı Molla Məhərrəmli kəndinə (rəhmətlik Şamama Həsənovanın bütün SSRİ-də məşhur olan "1 May" kolxozu) gedib, onlarda çay içirdik, sonra da Füzuliyə gedirdik, iki-üç gün də Füzulidə qalıb, səfalı Molla Nəsrəddin yolu ilə Şuşaya qalxırdıq.

Bu fayton xatirəsini tamamlamaq üçün onu da deyim ki, mənim çox arzuladığıma görə, İlyas Əfəndiyevlə birlikdə iki dəfə maşınla yox, Həbib kişinin o faytonunda yola çıxmışıq: bir dəfə Füzulidən Gorazıllı kəndindəki qohumlarla görüşmək üçün, bir dəfə də İlyas Əfəndiyev vaxtilə Füzuli orta məktəbində ona dərs demiş, sonralar qocalıb nəyə görəsə Tuğa köçmüş rus dili müəlliməsi ilə (təəssüf ki, o yaşlı rus qadınının adını xatırlamıram) görüşmək, necə yaşadığını bilmək istəyirdi, bunun üçün Tuğa getmişdik.

 

3

 

Müharibədən sonrakı dövrdə Azərbaycan Yazıçılar İttifaqının Şuşada məşhur "Yazıçılar Evi" deyilən bir yaradıcılıq evi var idi və yay aylarında yazıçılar (bəzən də başqa sənət adamları) həm işləmək, həm də istirahət etmək üçün ailələri ilə birlikdə ora gəlirdilər (hətta olurdu ki, yüksək vəzifə sahiblərindən də kiminsə ailəsi gəlib, orda istirahət edirdi). Şuşalı Ələsgərovların bu üçmərtəbəli böyük mülkü, barlı-bağatlı böyük həyəti şəhərin hündür və səfalı bir yerində yerləşirdi və elə bil, o hava, o mənzərə, o Şuşa aurası yaradıcı adamın qolundan tutub, onu yazı mizinin arxasına aparırdı.

İlyas Əfəndiyev, Fikrət Əmirov, Süleyman Rəhimov, Balaş Azəroğlu və Mədinə Gülgün, Cəfər Xəndan, Hidayət Əfəndiyev, Cahanbaxış, Qasım Qasımzadə, Bayram Bayramov, Məsud Əlioğlu, Əliağa Kürçaylı, Əlfi Qasımov 1950-ci illərdə, 60-ın əvvəllərində ailələri ilə birlikdə yay aylarını çox zaman həmin "Yazıçılar Evi"ndə keçirirdilər, Mirzə İbrahimov da Ali Sovetin sədri işlədiyi vaxtlar, bəzən bir neçə günlüyə tək gəlirdi.

Bir nəfəri də ayrıca yada salmaq istədiyim üçün, yenə haşiyə çıxmaq istəyirəm.

1955-56-cı illərdə - o zaman mən 6-cı-7-ci siniflərdə oxuyurdum - Xudadat bəy Əzizbəyov da qızının ailəsi ilə birlikdə "Yazıçılar Evi"ndə istirahət edirdi və indi, bu sətirləri yazarkən, mən fikirləşirəm ki, hündürboylu, şümşad görkəmli, səliqə ilə geyinən, istirahətdə olduğuna baxmayaraq, qalstuk taxan bu yaraşıqlı adam o zaman XIX əsrin sonu, XX əsrin əvvəllərindəki Şuşa və ümumiyyətlə, Azərbaycan mütəfəkkir-maarifçilərinin, ziyalılığının həyatda qalmış (sinfi mübarizəni, 37-ni yaşamış) barmaqla sayılan nümayəndələrindən biri idi. Xudadat bəy şuşalı idi, Şuşa real məktəbini bitirmişdi, Şuşada məşhur "Rəşidiyyə" məktəbini yaratmış və özü də həmin məktəbdə dərs demişdi, sovetləşmədən sonra isə Bakıya getmişdi və orada yaşayırdı. Rus, alman, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi və onun tərcüməsində Cek Londonun, Taqorun əsərləri, eləcə də rus dilinə tərcümə etdiyi "Mehman" (Süleyman Rəhimov) povesti Şuşa Dövlət Kitabxanasının fondunda varıydı. Az danışan adam idi, ancaq hərdən İlyas Əfəndiyevlə, Fikrət Əmirovla söhbət edirdi və yadımdadır, bir dəfə hələ nisbətən cavan olan Firudin Şuşinski də həmişəki kimi, İlyas Əfəndiyevlə görüşməyə gələndə belə bir söhbətin üstünə çıxdı. Atam:

- Firudin, eşidirsən, bunları yaz... - dedi.

Firudin Şuşinski də əsl Şuşa koloritli bir insan idi və bilmirəm, onun arxivində belə bir yazı var, ya yox?

O da yaxşı yadımdadır ki, bir dəfə Fikrət Əmirov:

- Xudadat bəy, - dedi. - Şuşadakı eviniz durur?

Xudadat bəy gülümsəyib, o zaman mənimçün bir az qəribə görünən bir cavab verdi:

- Bizim evimiz deyil... - dedi və söhbəti dəyişdi.

İndi fikirləşirəm ki, bu "bizim evimiz deyil" sözləri ziyalı bir Şuşa bəyinin içindəki çox ağrıların, çox acıların ifadəsi olub.

Orasını da deyim ki, Xudadat bəy çox qiymətli bir "Azərbaycanca-rusca lüğət" hazırlayıb və adı ara xətlə çərçivəyə alındığı üçün, belə görünür ki, vəfatından sonra nəşr olunmuş o lüğət (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1965" indiyə qədər mənim yazı mizimin üstündəki lüğətlərin arasındadır.

Azərbaycanda yalnız sənətin yox, ictimai fikrin inkişafında da Şuşa mütəfəkkirlərinin, siyasi və ictimai xadimlərin rolu böyük olub, ancaq yalnız həmin mütəfəkkirləri, xadimləri, ziyalıları yox, sadə peşələri ilə də məşhur şuşalılar vardı ki, onları unutmaq mümkün deyil.

Qəssab Abış yadıma düşür.

Ət almaq lazım olanda Bilqeyis nənəm bazara özü gedirdi və hərdən mən də onunla gedirdim. Bazarın girəcəyində bir nalbənd dükanı var idi və o nalbəndin (heyif ki, onun da adını unutmuşam) odda qıpqırmızı qızarmış dəmiri ağır çəkiciylə döyəcləyə-döyəcləyə nal düzəltməyinə, eləcə də bazardakı alış-verişə baxmağa çox həvəsim var idi. Nənəm ət almaq istəyəndə qəssab Abış salaməleykümdən sonra:

- Bilqeyis xanım, - deyirdi. - Nə bişirəcəksən?

Nənəm:

- Yarpaq dolması, - deyirdi.

Qəssab Abış soruşurdu:

- Neçə nəfərlik?

Nənəm:

- Abış, altı-yeddi nəfərlik olsun, - deyirdi.

Qəssab Abış uzun və ülgüc kimi iti bıçağının yüngül bir zərbəsi ilə qabağındakı qarmaqlardan asılmış təzə ətlərin birindən bir parça dolmalıq (məhz dolmalıq!) kəsib, əvvəlcə nazik bir kağıza bükürdü, sonra tərəziyə qoyurdu və o ətdən bir az götürməyə, ya da əlavə etməyə ehtiyac yox idi, çünki müştəri arxayın idi: nəlik və nə qədər istəyibsə, Qəssab Abış o cür və o qədər də ət verib.

Biz Şuşaya gələndə qohum-əqrəbanın, dostların evində, ya da Şuşanın girəcəyindəki "İstirahət evi"ndə yox, dediyim kimi, "Yazıçılar Evi"ndə qalırdıq və Arsen adlı bir erməni oranın həm komendantı, həm də gözətçisi idi, əynində həmişə nimdaş erməni libası olan qoca anasıyla, arvadı, rus qadını Yeva, oğulları Arkadi ilə bir yerdə elə orda da qalırdı. Yevanın əvvəlki rus ərindən Vova adlı göygöz, sarışın (tipik rus balası!) bir oğlu da var idi və Arsen onu oğulluğa götürmüşdü, bir yerdə yaşayırdılar. O zaman Yazıçılar İttifaqı Ədəbiyyat Fondunun direktoru, yəni Arsenin bilavasitə müdiri erməni Nerses Brutens adlı keçmiş KQB işçisi idi və o da Bakı xəstəxanalarının hansısa birindəsə psixiatr həkim işləyən oğlu Karenlə birlikdə guya vəziyyətlə tanış olmaq üçün hərdən bir-iki günlük gəlib orda qalırdı.

Xeyli sonralar məlum oldu ki, həmin psixiatr Karen Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsində (yəni əslində, SSRİ-nin ən ali rəhbərliyində) Beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavinidir və "perestroyka" vaxtı da Mixail Qorbaçovun köməkçisi işlədi. Dağlıq Qarabağda erməni irqçi separatizminin baş qaldırmasında, sovet rəhbərliyinin, şəxsən Mixail Qorbaçovun dolayısı ilə həmin separatçılığı dəstəkləməsində Karen Brutensin hansı rolu olub-olmayıb - bunu dəqiqliyi ilə indi ancaq Allah bilir və bu yazını yazanda mən internetə baxıb gördüm ki, o, yəni Karen Nersesoviç Brutens 92 il yaşayaraq, 2017-ci ildə ölüb. Başqa bir səciyyəvi faktı isə qeyd edim ki, 1980-ci illərin sonlarında irqçi erməni separatizmi baş qaldıran vaxt eşitdim ki, Arsenin həmin rus oğulluğu Vova atalığının erməni familyası ilə o separatçılığın ən qatı üzvlərindən, mitinq rəhbərlərindən biridir.

Ancaq yenə söhbətimizdən uzaqlaşmayaq. Yuxarıda adını çəkdiyim "İstirahət evi" axşamlar Şuşanın gəzməli gur yerlərindən biri idi və oranın daimi müdiri də hamının hörmət etdiyi Əhəd müəllimiydi. O "İstirahət evi" bütün SSRİ-də tanınmış bir yer idi və yay ayları Rusiyadan tutmuş, Orta Asiya respublikalarınacan ora çox adam istirahətə gəlirdi. Axşamlar usta akardionçu Tapdığın ağappaq akardionunun səsi Şuşanın aşağı başına yayılırdı və "İstirahət evi"nin böyük meydançasında tans başlayırdı. İlk gənclik çağlarımda mənim də Tapdığın o akardionunun sədaları altında tans edənlərin arasında olmağım, indi ən gözəl və bir az da yumorlu Şuşa xatirələrimdən biridir.

Bu da, yəqin maraqlı bir cəhətdir ki, mən Şuşada olanda "Yazıçılar Evi"ndə istrahətə gəlmiş uşaqlardan, yeniyetmələrdən çox, şuşalı uşaqlarla, yeniyetmələrlə dostluq edirdim və bu sözləri yaza-yaza o dostlarımla Cıdır düzündəki Qırxpilləkənlə az qala alpinistlər kimi Daşaltı çayına enməyimiz, 13-14 yaşıında olsa da, Şuşa meşələrindən odun qırıb gətirib satan, böyük ailələri üçün pul qazanan Əbülfətlə tez-tez kol-kosun içində böyürtkan yığmağa getməyimizi (Şuşa böyürkanının dadı tamam başqa idi!), futbol oynayanda 1 nömrəli qapıçımız İmranın pişik kimi atılıb penalları tutmasını, kasıb bir qadın olan keçmiş bəy qızı (Mehdi bəyin qızı) və bizim qohumumuz Mina xalagilin həyətində onun oğlu Allahverdi ilə birlikdə ocaq kənarında oturub Mina xalanın sacda qovurduğu sütül noxudu ləzzətlə yeməyimizi, Zarıslıdan köçüb gələn, qonşuluqda yaşayan və mənim də dostum olan İnqilabın evdə bişirdikləri isti təndir çörəklərini "Yazıçılar Evi"nə gətirib satmasını, hansı bir həvəslə axşamlar Şuşa yay kinoteatrında filmlərə baxmağımızı xatırlayıram. O da xatirəmdədi ki, Əbülfətgili "Yazıçılar Evi"nin həyətinin aşağı darvazası ilə üzbəüz quru böyürtkan çəpərli evdə yaşayırdılar və onların məşhur bir qoçu vardı, çəpərdən atılıb məhəlləyə çıxanda heç kim o həndəvərdən keçə bilmirdi, kimi görürdüsə, üstünə qaçıb, kəllə vururdu.

Ən yaxın dostum isə musiqi məktəbində oxuyan Tahir idi və tez-tez onların Ağadədəli məhəlləsindəki evlərinə gedirdim. "Fed" fotoaparatımız var idi - Cıdır düzü də, elə bil, maqnit kimi o fotoaparatı özünə çəkirdi - Tahirlə Cıdır düzünə gedib fotolar çəkirdik və onların ikimərtəbəli binanın birinci mərtəbəsindəki evlərində qapı-pəncərəni bağlayıb, Tahirin böyük qardaşı Tariyelin köməkliyi ilə qaranlıqda plyonkaların neqativini çıxarırdıq, o evin qapısı ağzındakı aralıqda oturub, söhbətləşə-söhbətləşə bacıları Saranın kəklik otuyla dəmləyib gətirdiyi çaydan içirdik, rəhmətlik anaları Südabə xalanın bişirdiyi gözəl nemətlərdən yeyirdik. Sonralar Tahir Əzimov konservatoriyanı bitirib, uzun illər Sumqayıt musiqi məktəbində tar dərsi dedi, onun oğlu Anar bu gün istedadlı və bacarıqlı maliyyəçilərdən biridir, Tariyel Əzimov Dövlət Neft və Kimya Universitetinin dosenti oldu, dekan işlədi, geoloq Sara da, yəqin indi xeyli yaşlaşıb - "vaxt atlı, biz piyada" deyiblər - ancaq tamam əminəm ki, onlar Bakıda da, Sumqayıtda da həmişə Şuşa ab-havası ilə yaşayıblar, 30 illik Şuşasızlıq da daima onlarla birlikdə olub və bu gün isə, əlbəttə, Şuşa sevinci ilə yaşayırlar.

Azərbaycan teatrları tez-tez Şuşada qastrol tamaşaları verirdilər və bu tamaşalar bizim üçün bir teatr bayramına çevrilirdi. Şuşa camaatı teatraldır və hələ XIX əsrin ortalarından - 1840-50-ci illərdən başlayaraq Şuşa ziyalıları tamaşalar hazırlayırdılar, imperiya teatrları qastrollara gəlirdi və 1943-cü ildə isə Şuşada Üzeyir Hacıbəyov adına Dövlət Musiqili Dram Teatrı yaradılmışdı. Ancaq baxın, müharibənin ağır bir vaxtında yaradılmış bu teatr uğurlar əldə edə-edə inkişaf edir və altı ildən sonra, 1949-cu ildə birdən-birə ləğv olunur, əvəzində isə Xankəndidə Maksim Qorki adına Dövlət Erməni Dram Teatrı yaradılır. Bu - sovet "xalqlar dostluğu" şüarçılığının açıq-aşkar birtərəfli ifadəsi idi və nə yaxşı ki, bizim Dövlət teatrlarımız, dediyim kimi, tez-tez Şuşaya gəlirdilər.

Uşaqlıq çağlarımın heç vaxt unutmayacağım ləzzətli bir xatirəsi yadıma düşür. 1950-ci illərin lap əvvəllərində yay vaxtı idi, bizim Akademik Dram Teatrımız Şuşaya qastrola gəlmişdi və axşam İlyas Əfəndiyevin "Bahar suları" pyesinin tamaşasını göstərirdilər. Uğur rolunu rəhmətlik Süleyman Tağızadə ifa edirdi və zal da həmişəki kimi dolu idi. Tamaşada belə bir mizan vardı ki, Uğur yarıuzanmış halda yerə dirsəklənir və tamaşa zamanı Süleyman Tağızadə o cür uzananda ayaqqabısının biri ayağından çıxıb, səhnənin kənarında yerə düşdü. Birdən yer tapmadığı üçün ayaq üstə dayanmış elə mən yaşda gombul bir oğlan - səhv etmirəmsə, adı Vaqif idi - qaça-qaça gəlib Süleyman Tağızadənin ayaqqabısı düşmüş corablı ayağını qıdıqladı və hamımızı gülmək tutdu, sonra hamı əl çalmağa başladı, heç bir qanqaraçılığı da olmadı, aktyorların da kefi pozulmadı, əksinə, rollarını, elə bil, daha artıq bir şövqlə ifa etdilər, böyük də uğur qazandılar, çünki tamaşaçılar da, aktyorlar da Şuşa aurasının altında idilər, Şuşa aurasının altında olanda isə qanıqaralıq mümkün deyildi.

O çağlar mən çoxlu kitab oxuyurdum, sonrakı onilliklərdə də xeyli kitab oxumuşam və aydın məsələdir, onların hamısı yadımda qalmayıb, ancaq Şuşadakı o "Yazıçılar Evi"ndə, qoz, qara meşə gilası, meşə şabalıdı, gavalı ağacları olan o böyük həyətin hansısa bir küncündə hansı kitabları oxumuşamsa, hamısı təfərrüatı ilə yadımdadır, elə bil, Şuşa ab-havası o kitabları həmişəlik olaraq mənim fikrimə hopdurub - bu da mənimçün bir Şuşa möcüzəsidir. Uşaqlığımın, yeniyetməliyimin "Şahzadə və dilənçi", "Robinzon Kruzo", "Başsız atlı", "Hacı Murad", "Ovod", "Spartak" kimi sevimli kitabları yadıma düşəndə, o saat Şuşanı, o "Yazıçılar Evi"ni, o böyük həyəti, oradakı insanları xatırlayıram.

Əziz oxucu! Görürəm ki, mən uşaqlığımın, yeniyetməliyimin, ilk gənclik çağlarımın Şuşası haqqında yazdıqca yazacağam, fikir məni uzaqlara, uzaq olduqca da yaxınlaşan xatirələrə aparacaq və bu, artıq bir məqalənin yox, bir kitabın həcmi olacaq, ona görə də bu söhbəti uzatmıram.

Sağlıq olsun.

 

4

 

1991-ci ilin sonları, ya 92-nin əvvəlləri idi, hər halda Şuşa tarixinin qapqara 8 may günündən bir neçə ay əvvəl biz, yəni mən, Əkrəm Əylisli və Anar birlikdə camaatla görüşmək, imkanımız daxilində nəsə etmək üçün Ağdamdan helikopterlə Şuşaya uçduq. Bu mənim Şuşaya son səfərim idi və Şuşa artıq həmənki Şuşa deyildi - həmin binalar idi, həmin küçələr, həmin Cıdır düzü idi, ancaq Şuşa əvvəlki Şuşa deyildi. Bakıdakı hərc-mərcliyə görə güvənc yerinin olmaması, əlacsız bir vəziyyət yaratması, elə bil ki, Şuşa aurasını qırıq-qırıq sındırmışdı və o sınıqlıq nəinki Şuşa camaatının sifətindəki şuxluğu aparmışdı, Şuşanın küçələrinə, binalarına da, Cıdır düzünə də hopmuşdu.     

Bu yazını yazarkən fikirləşirəm ki, sənət adamları üçün əslində, Şuşa böyük bir yaradıcılıq evi idi və biz hər dəfə Şuşaya gedəndə, elə bil ki, yaradıcılıq ezamiyyətinə gedirdik - Şuşa ruh verirdi, əsərlərimiz yazılırdı və bu əsərlər ədəbiyyatımızın, musiqimizin, rəngkarlığımızın inkişafında mühüm rol oynayırdı. Bütün tədqiqatlarımızda, publisistikamızda, xatirələrimizdə Şuşa geniş mənada (sənətin bütün sahələrində) Azərbaycan mədəniyyətinin, ilk növbədə də, xanəndəlikdən tutmuş, estrada ifaçılığınacan, "Koroğlu"dan və "Qız qalası"ndan, "Sevil"dən və "Min bir gecə"dən tutmuş, simfonik muğamlara və "Sənsiz", "Sevgili canan" kimi dahiyanə romanslaracan Azərbaycan musiqisinin inkişafında müstəsna yeri və rolu olan məkan kimi təqdim olunurdu ki, bu da, əlbəttə, həqiqətin ifadəsidir. Eyni zamanda mühüm siyasi hadisələr, maarif və mədəniyyət sahəsində əldə edilən nailiyyətlər, şəhər mədəniyyətinin inkişafında və yayılmasındakı prisipial uğurlar baxımından da Şuşa Azərbaycan tarixinin zəngin məkanlarından biridir və bu sözləri təsdiqləmək üçün adlar çəkməyə, faktlar sadalamağa, elə bilirəm ki, ehtiyac yoxdur.

Ancaq bu məkanı, bu ruh verən Şuşanı biz məhz Azərbaycanın mədəni mərkəzi, məhz Azərbaycan xalqının mənəviyyatının bir parçası olduğunu dünya ictimaiyyətinə çatdıra bilmişdikmi? Yox.

Şuşanın özünü, Cıdır düzündən, İsa bulağından, Səkili bulaqdan, Şəmilin bulağından, Daşaltından, Turşsudan tutmuş, Topxana və Kirs meşələrinəcən bütün bu gözəllikləri, oranın havası, suyu ilə bərabər təbiətin bəxş etdiyi bir cənnət-məkan kimi vəsf edirdik, igidlərimizin Qarabağ atlarının belində Cıdır düzündə çapmaqlarını qürurla qələmə alırdıq və bu da təbii bir cəhətdir, həqiqətdir, ancaq məsələ burasındadır ki, bütün bunları özümüz yazıb, özümüz oxuyurduq, özümüz deyib, özümüz həzz alırdıq - yalnız bu qədər.

Biz ikili standartlar dünyasında Şuşa və ümumiyyətlə, Dağlıq Qarabağla bağlı törədilə biləcək aqressiyanı, fəlakəti hiss etməmişdik, "xalqlar dostluğu" haqqındakı sovet şüarçılığı bizim vətəndaşlıq qayələrimizi mürgüyə vermişdi.

Şuşa azad olunandan sonra Fərhad Bədəlbəyli Polad Bülbüloğluyla birlikdə Şuşaya getmişdi və Fərhad deyir ki, orada diz çöküb dedim:

- Şuşa, bizi bağışla!

Bu etirafı mən bizim hər birimizin daxili ittihamının ifadəsi kimi qəbul edirəm.

Bu, ədalətli bir ittihamdır və nə yaxşı ki, bu gün biz Şuşanın gələcəyi barədə düşünəndə özümüzün özümüzə verdiyimiz bu ittihamdan yayınmırıq, çünki Şuşa yalnız gözəl havada dincəlmək, gözəl məclislər qurmaq, gözəl təbiəti vəsf etmək məkanı deyil, Şuşa böyük milli-mənəvi məkandır.

Bunu da etiraf etmək istəyirəm ki, mən Şuşanın azad olunacağını görəcəyimə inanmırdım, bu mənim içimdə bir yara idi, çünki bu otuz illik erməni işğalının təcrübəsi göstərdi ki, dünyanı ikili standartlar idarə edir və İlham Əliyev həm Prezident, həm də Ali Baş Komandan kimi məhz bu ikili standartlar dünyasında ortaya son dərəcə ciddi və son dərəcə də cəsarətli iradə qoydu.

Bu iradə nəticəsində Azərbaycan əsgəri Şuşanı və adlarını bir-bir yazacağam: Cəbrayılı, Füzulini, Qubadlını, Zəngilanı, Hadrutu, Laçını, Ağdamı, Kəlbəcəri işğaldan azad etdi.

Şuşanı sevən, Şuşaya bağlı olan və bu yazıda adını çəkdiyim (və çəkmədiyim) insanların çoxu rəhmətə gedib və mən çox da təəssüf edirəm ki, onlar Şuşanın, qalan torpaqlarımızın azad olunmasını görmədildir.

Çox heyif.

Bu gün Şuşa dağlarının başındakı duman yenə su kimi aydınlıq gətirən dumandır.

Bu gün Şuşa yenə öz aurasının altındadır.

 

7 mart 2021

 

Bakı

 

ELÇİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 20 mart.- S.2-4.